Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirib.
“Ədəbiyyat və incəsənət” portalı DİM-ə istinadən xəbər verir ki, imtahan müddəti direktor və direktor müavinlərinin işə qəbulu imtahanında 3 saat, müəllimlərin işə qəbulu imtahanında isə 2 saat olub.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunub. Hər düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar ümumi nəticəyə təsir göstərməyib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd (86 nəfər direktor, direktor müavini, 1048 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahanda 7 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil) namizəd də iştirak edib. Bu namizədlərin rahat şəkildə imtahan verməsi üçün zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.
İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)