Super User
Kamana can verən sənətkar
Xalq artisti Habil Əliyevin doğum gününə sözardı
Yola saldığımız istirahət günlərinə düşən əlamətdar hadisələr sırasında Xalq artisti, kamanın ən mahir ifaçısı Habil Əliyevin doğum günü də dayanır - onun 96-cı ildönümüdür. “Ədəbiyyat və incəsənət” portalı da bu doğum gününə toxunmaqdan vaz keçə bilməz.
Böyük yumor hissi olan bu baməzə insan daim ətrafdakıları güldürər, zarafatdan qalmazdı. Amma onun yumorları adi gülüş doğurmurdu, düşündürürdü, satiraya bərabər olurdu.
Bu, filmin jurnalı. Filmin özü isə, şübhəsiz, onun ifasıdır.
Habil Əliyevin həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, tarixə Azərbaycanın ecazkar musiqi aləti olan kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi düşüb.
Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.
Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.
Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.
Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.
Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.
O, Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab edib, Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi olub. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.
Bu ustad sənətkarın əməyi də layiqincə qiymətləndirilib. Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.
Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Bir yandan boşalır, bir yandan dolur
ŞƏHİDİN OĞLU DÜNYAYA GƏLDİ
“Ədəbiyyat və incəsənət” portalı Səbinə Yusifin yazısını təqdim edir.
Toyundan 20 gün sonra Şəhid olan Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı Azər Məmmədovun oğlu dünyaya gəlib. Adını Azay qoyublar!
Azər Məmmədov 2022-ci il sentyabr 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdu. Allah rəhmət eləsin. O, Qazax rayonunun Kəmərli kəndindəndir.
Azərin ata-anasını, həyat yoldaşını, doğmalarını Azayın dünyaya gəlməsi münasibətilə ürəkdən təbrik edirik. Gözü dolusu görəsiniz. Azay Atasının adına layiq oğul olsun!
Dünya belədir, bir yandan boşalır, bir yandan dolur!
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Gülnarə Xəlilova mükafatlandırılıb
Mədəniyyət Nazirliyinin Bakı şəhər Baş Mədəniyyət idarəsinin təşkilatı dəstəyi və "Emedia Group" media təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mükafata layıq görülənlər arasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, məşhur modelyer-dizayner Gülnarə Xəlilova da var.
Foto Vüqar İmanovundur.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
105 yaşın mübarək, Respublikam!
Təbii ki, günün baş mövzusu Respublika günümüzdür. 105 il öncə Rus və fars imperialistlərinin ikiyə parçalayıb sahibləndikləri Azərbaycanımızın şimal hissəsində Məhəmməd Əmin Rəsulzadə başda olmaqla vətən təəssübkeşləri bir müstəqil dövlət qurdular. Bugünkü dövlətimiz bax o qurucu babalarımızın dövlətinin hüquqi varisidir.
“Ədəbiyyat və incəsənət” portalının daimi yazarı Elman Eldaroğlunun növbəti doğum günü təbriki Azərbaycan Xalq Cumhuriyyətinin 105 illiyinədir.
Sənin necə şipşirin, nə qədər dopdoğma olduğunu Səndən uzaqda- günbatanda yaşayanda daha dərindən hiss etdim. Axı babalarım yüz illər boyu qoynunda qərar tutub, ömür sürüblər. Aclıq, fəlakət, müharibə, hətta xəyanətlə üzləşsələr də, heç biri Səni tərk edib, rahatlığı yad ölkələrdə axtarmayıblar. Haraya getsələr, harada olsalar belə sonda yenə də sənə dönüblər, Vətən!..
Demirəm ki, Səndən gözəli yoxdur, dünyanın ən gözəl ölkəsisən. Əsla! Hər kəsə özününkü şirindir, sən də mənim şirinimsən, Sən mənim üçün bütün gözəllərdən də gözəlsən...
Yüz illərlə yadelli xəqanların oylaq yeri olmusan. Səni yeniltməyə çox sərkərdələr səy göstərib, baş sındırıblar. Səni əziblər, Səni məhv etməyə çalışıblar, amma hər zaman yaşamısan…
Nəhayət 1918-ci ildə Məmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıb, respublika səviyyəsinədək yüksəldə biliblər. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası!..
Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına müxtəlif ögey sözlər əlavə olunsa da, Respublika olaraq yüz beş ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə belə Sən olmusan, mövcudsan, varsan...
Azərbaycan! Mənim doğma məmləkətim! Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim ölkə! Yaxşı bilirəm, Səni unutmaq, danmaq mümkün deyil…
Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin rəngarəng bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə qürurluyam, necə şadam...
105 yaşın mübarək, Respublikam!
“Yaşa, yaşa, çox yaşa Azərbaycan!”
“Ədəbiyyat və incəsənət”
(28.05.2023)
Mədəniyyət naziri Adil Kərimli Xaçmazda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu mayın 26-da Xaçmaz şəhərində gerçəkləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda, həmçinin mədəniyyət nazirinin müavini Səadət Yusifova, aparat rəhbəri Xanlar Ağalarov və struktur bölmələrin rəhbərləri də iştirak ediblər.
Xaçmaz Şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda əsasən Xaçmaz, Quba və Qusar rayonlarından, eləcə də digər bölgələrdən sakinlər iştirak ediblər.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbər və nümayəndələrinin də iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Həmçinin yerlərdə mədəni fəaliyyətlə bağlı təkliflər səsləndirilib.
Sakinləri ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)
Elmira Axundova: “Yaman yorulmuşam. Sadəcə yaşamaq - səyahət etmək, gözəl kitab oxumaq, gözəl filmlərə baxmaq istəyirəm…”
BU GÜN XALQ YAZIÇISI ELMİRA AXUNDOVANIN 70 YAŞI TAMAM OLUR
Bu gün Xalq Yazıçısı, ədəbiyyat tariximizə Heydər Əliyev barədə ən yaxşı sənədli prozanı bəxş etmiş Elmira Axundovanın doğum günüdür. Ötən gün ölkə prezidentinin sərəncamı ilə Elmira xanım 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Elmira Hüseyn qızı Axundova 1953-cü ilin 26 mayında Rusiyada, Moskvaaltı Ramensk rayonunda anadan olub. 2018-ci ildə Xalq Yazıçısı adını alıb, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünasdır, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədidir. Milli Məclisin 2005, 2010 və 2015-ci illərdə deputatı olub, 2020-23-cü illərdə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyıb.
Bir neçə gün öncə Azərbaycan Prezidentinin sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıldı. Bu, təbii ki, Ukraynada davam edən Rusiyanın işğalçı müharibəsi səbəbindən idi, təbii ki, müharibənin od-alovu içində həssas qəlbli, zərif qadın hansısa missiyanı yerinə yetirməsi absurd olardı.
Portalımız bu gün Elmira xanımdan bundan sonra hansı vəzifə, imtiyaz gözlədiyi barədə bilgi alıb. Elmira xanım söyləyib: “Mən heç bir post, inanın səmimiyyətə, istəmirəm. Yaman yorulmuşam. Sadəcə yaşamaq istəyirəm - səyahət etmək, gözəl kitab oxumaq, gözəl filmlərə baxmaq istəyirəm. Post isə istəmirəm, daha bəsdir!”
Elmira Axundovanın ədəbiyyatımız tarixindəki yerini, ədəbi xarakterini açan bu xarakteristikaya nəzər yetirək:
“Bir insan, yazıçı öncə özü yazdıqlarına bütün varlığı ilə inanmasa, oxucuları da inandıra bilməz. Amma o inandırır, çünki inandığı şeylərdən yazır, gənc yazıçı Kəramətdən də yazanda, Azərbaycan tarixinin gəlib getmiş ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyevdən də yazanda bunu eyni sevgi, eyni səmimiyyətlə edir. Tarixdə, antik dövrdən başlayaraq bu günə kimi hökmdarlar barədə yüzlərlə, bəlkə də minlərlə əsərlər yazılıb, amma yalnız bunu bədii şəkildə gələcək nəsillərə çatdıra bilən yazıçılar çıxıb zamanın sınağından. Deyərdim ki, Herodotun, Ktesiyin, Strabonun, Plutarxın, Rəşidəddinin və bu qəbildən olan çoxsaylı yazıçıların yazdıqları faktoloji xronikalar deyil, bədii sənət nümunələridir, yəni ədəbiyyatın bir janrıdır. Ya götürək Firdovsinin “Şahnamə”sini, Nizaminin “Xəmsə”sini, bunlar da bir növ qədim hökmdarlar, Keyxosrov, İskəndər, Xosrov Pərviz, Bəhran Gur və başqaları barədə bioqrafiq romanlardır. Hər yazıçı yaradıcılığında öz üslubuna uyğun olaraq bir janr seçir. Akademik İsa Həbibbəyli Elmira Axundovanın yazdığı kitabların janrını sənədli-bioqrafiq-roman-tədqiqat kimi xarakterizə edir. Mən bilən, əvvəllər bizdə belə bir janrda yazanlar olmayıb, yəni Elmira xanım bu janrın pioneridir. Əlbəttə janra ad qoymaq ədəbiyyatşünasların işidir, mənim anlamımda isə yazıçı yazısına başlayanda heç zaman janr barədə düşünməz, janrı yazıçının üslubu və ortaya qoyduğu mətn müəyyən edir. Forma baxımından mən Elmira xanımın “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyasını Çingiz xan xanədanının bioqrafı, daha dəqiq desək səlnaməçisi, bu janrın dünya tarixində ən böyük nümamayəndələrindən olan Fəzlullah Rəşidəddinin “Cəmi ət təvarix” əsəri ilə müqayisə edərdim. Təbrizdə, Elxanilər sarayında yazıb yaratmış Rəşidəddinin əsərini də, İsa müəllimin təbirincə decək “sənətli-bioqrafiq-roman-tədqiqat” adlandırmaq olar, çünki Rəşidəddin öz ölməz əsərində Çingizxanın bioqrafiyası fonunda bütöv bir dönəmin, bütöv bir epoxanın tarixini bədii bir şəkildə ortaya qoyub. Heç bilmirəm nəyə körə Rəşidəddinlə eyni dövrdə, eyni xanədana xidmət eləmiş Nəsirəddin Tusi Azərbaycanda geniş təbliğ olunur, Rəşidəddinə isə ögey bir münasibət var. Hər halda Rəşidəddinin Azərbaycana aidiyyatı Nəsirəddin Tusininkindən heç də az deyil. Amma maraqlıdır ki, Rəşidəddinin ortaya qoyduğu üslub yüz illər keçəndən sonra azərbaycanlı yazıçı Elmira Axundovanın yaradıcılığıda yenidən təcəlla elədi. Nə bilim, bəlkə də burada mənəvi varislikdən başqa bir genetik varislik də var. Hər halda Elmira xanımın əcdadlarının yaşadığı Masallı Təbrizdən o qədər də uzaqda deyil. Nə bilim vallah, hər şeyin doğrusunu bilən yalnız Allahdır. Amma Elmira Axundova da eynən Fəzlullah Rəşidəddin kimi, Heydər Əliyev şəxsiyyətinin fonunda Onun yaşadığı böyük bir dönəmin, böyük bir epoxanın səlnaməsini yaradır.
Hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman”
epopeyası ortaya çıxmamışdan öncə, 2003- cü ildə onun “Həqiqət anı” kitabı çıxmışdı. Elmira xanım Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlayıb. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən olub. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Sonradan Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən bu analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı bu kitabında toplandı. Bu kitab haqqında rəy bildirən insanların əksəriyyəti buradakı materialların obyektivliyini və səmimiyyətini xüsusi vurğuladılar.
Kitaba ön söz yazmış Vaqif Səmədoğlu da onun yaradıcılığının bu aspektini xüsusi qeyd edir və bildirir ki: “Həqiqər anı” kitabının əsas qəhrəmanı şübbhəsis ki, Epoxadır”. Elmira Axundovanı Azərbaycan publisistikasının ən nüfuzlu, ən istedadlı nümayəndələrindən biri olduğunu xüsusi qeyd edən böyük Ustad, fransızlar demiş, metr Vaqif Səmədoğlu, onun “Həqiqət anı”nda toplanmış, prezident Heydər Əliyevin fəaliyyətini əks etdirən və Azərbaycan və Rusiyada dərc edilən yazılarını yalançı pafosdan, yaltaq ibarələrdən uzaq əsərlər kimi dəyərləndirir. Vaqif Səmədoğluna yaxşı bələd olanlar bilirlər ki, o, həyatı boyu heç kim barədə yalançı bir cümlə də yazmayıb, çünki istedadlı yazı barədə onun öz baxış bucağı vardı. Böyük Ustad mənim “Torqovu peyzajı” kitabıma da ön söz yazıb və bu aspektdən baxanda Elmira xanımla aramızda bir doğmalıqda var – hər ikimiz Vaqif Səmədoğlunun barəsində söz yazdığı nadir adamlardanıq və mən yəqin bilirəm ki, Vaqif Səmədoğlu Elmira xanımın yazılarındakı sevginini və səmimiliyi görməsəydi, duymasaydı onlar barədə söz deməzdi. Amma Elmira Axundova sevgi və səmimiyyətini mətnə hopdurmağı bacaran yaradıcılardandır. Bu sevgi və səmimiyyət sonradan çoxcildlik bir epopeya ortaya çıxardı və cəmiyyət də bu əsərləri sevdi, çünki kiminsə sevgisini qazanmaqüçün öncə gərək özün sevməyi bacarasan. Əlbəttə, Heydər Əliyev kimi qlobal bir şəxsiyyət barədə sənədli-bioqrafiq-roman-tədqiqat əsəri yazmaq üçün yalnız sevgi və səmimiyyət yetərli olmaz, bu iş həm də böyük istedad, ustalıq və zəhmət tələb edir. Bu prosesdə gərək yüzlərlə arxiv materialları ilə işləyəsən, müxtəlif ölkələrdə Heydər Əliyevi tanıyan saysız hesabsız insanla görüşəsən, sonra toplanan materialları saf-çarük edəsən və bundan sonra yazmağa başlayasan. Bütün bunlar böyük zəhmət, ustalıq və istedad tələb edir. Zənnimcə, Elmira xanım bu işin öhdəsindən ləyaqətlə gəlib. Tanınmış yazıçı Natiq Rəsulzadənin qeyd etdiyi kimi,
“Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zəngin olmayan bir dənə də olsun məqam, bir dənə də “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri mümkündür, dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestseller, bütün dövrlərin ən yaxşı bestselleri kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır”.
Sözün düzü, cəsarətlə demək olar ki, Elmira xanım yalnız dövlət başçılarımızın bioqrafı deyil, deyərdim ki, müstəqil Azərbaycan dövlətçiliyinin hələ ki, ilk səlnaməçisidir. Onun son kitablarından olan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..."də etiraf etdiyinə görə, bu səlnamələri yaratmaq istəyinin kökü məhz mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı olsun.
Zaman göstərdi ki, Elmira Axundova Onun arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaqla yalnız həmin vaxta qədər yazılanları, arxiv materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbətlər elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət olacaq altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını ortaya qoydu. Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminliklə demək olar ki, onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək”. Sitat Elxan Zal Qaraxandan götürülüb.
Gəlin sidqi ürəkdən Elmira xanımı yubileyi münasibətilə təbrik edək, ona daim zirvədə qalmağı arzulayaq.
Yüz yaşasın!
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)
“Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb”- Mədəniyyət Nazirliyi
Hazırda bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb.
Bu barədə AzərTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Verilən açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur. ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
Xatırladaq ki, kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)
Sabah “Paris üçbucağı” İncəsənət Muzeyində təqdim olunacaq
Sabah paytaxtın İncəsənət Muzeyində yazıçı Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” romanının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində ölkənin tanınmış ziyalıları, söz adamları iştirak edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu həmin o romandır ki, Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon onun barəsində Tvitterdə xoş sözlər yazmışdı: “Yağışlı bazar günü üçün çox uyğundur”.
Qeyd edək ki, sözügedən roman Parisə ezamiyyətə gedən azərbaycanlı oğlanla orda ilk baxışdan vurulduğu fransız qızın sevgisindən bəhs edir, bu sevgiyə qızın milliiəyətcə erməni olan nənəsinin qurduğu maneələr sonda uçurulub dağıdılır.
Roman “Azərkitab” Yayınlarında işıq üzü görmüşdür.
Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.
İdarəetmə üzrə Beynəlxalq simpozium və konfranslarda dəfələrlə moderator kimi iştirakçı olub.
2021-ci ildə “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə ədəbiyyatda debüt edib. Müəllifin bəşər tarixində ən qatı cinayətkar hesab etdiyi 17 erməninin utopik məhkəməsindən bəhs edən bu əsəri ciddi rezonans doğurub.
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)
Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.O, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, bu gün E.Axundovanın 70 yaşı tamam olur. O, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)
Şərif Ağayar: “Ən azı yazılarımı qulağı mazol edən deyim tərzindən xilas etməyə çalışıram”
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlu bu dəfə yazıçı Şərif Ağayarın portretini cızıb. Buyurun, tanış olun!
Deyir ki;- “Bizim məhəllədə bir qarovulçu var. Oturduğu köşkün bir küncünə balaca bir elan yazıb: “Burda maşın saxlamaq olmaz”. Amma bir manat alıb park xidməti göstərir. Bir dəfə özünə dedim ki, hərə bir yalanla başını dolandırır, sən də bu küçücük yalanla evinə bir loxma çörək aparırsan. Bəli, cəmiyyət belədir. Ədəbiyyatın da əsas funksiyası cəmiyyətin balacalı-böyüklü bu yalanların içində məhv olub getməsini ən azı bir az ertələmək, yubatmaqdır. Başqa heç nə. Ruhumun özünə əziyyət verib danışması lazım deyil. Çünki mən onu mətnlərimdə yetərincə danışdırıram. Saxta və yalan yazmıram…”
XXI əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biridir. Məzmunlu adamdır, maraqlı nəsr nümunələri yarada bilib. Ölkədə xeyli oxucuları var, heyranları tərəfindən sevilir. Ola bilsin ki, sevməyənləri də tapılsın, belələri olsa-olsa həmkarları arasında olar, qısqanclıqdandır. Yazdığı şeirlər zaman-zaman oxucu və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib. Hekayə və romanları isə ona yeni nəsil yazarlar arasında özünəməxsus yer qazandıra bilib...
Haqqında söhbət açdığım yazıçı Şərif Ağayar 1 yanvar 1976-cı ildə dağlar qoynunda- Laçın rayonunun Ağbulaq kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənddə aldıqdan sonra, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialını fərqlənmə diplomu ilə bitirərək ali təhsilə yiyələnib. İndiyədək müəllimlikdən tutmuş müxtəlif vəzifələrdə çalışıb. Xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Çoxsaylı məqalə, şeir, oçerk, hekayə, povest və romanların müəllifidir. 2020-ci ildə "Arzulalardan sonrakı şəhər" romanı Fransanın "Kəpəz" nəşriyyatı tərəfindən fransız dilində çap olunub...
“Ümumi götürəndə oxucusuz yazıçı deyiləm. Çox şadam ki, məni oxuyurlar. Həm də maraqla oxuyurlar. Bunun üçün zəhmət çəkirəm. Ən azı yazılarımı köhnə intonasiyadan, qulağı mazol edən deyim tərzindən xilas etməyə çalışıram. Çağdaş formalardan mümkün qədər istifadə edirəm. Bu gün Azərbaycan yazıçıları əsasən iki qismə bölünürlər: istedadlı köhnələr, istedadsız yenilikçilər. İstedadsız adamlar, mətni boş, cümlələri lüt olanlar yeni formalardan asanlıqla istifadə edirlər. İçində xüsusi enerji, güc daşıyan bədii mətnlə müqayisədə söz yığınını istənilən formaya daha rahat salmaq olur. Bu cür hoqqabazlar müəyyən qədər diqqət də çəkirlər, oxunurlar. Amma bu, aldanışdır. Müəllif üçün də, oxucu üçün də. İstedadlı qələm adamları, bədii yükü olan mətn müəllifləri yeniləşməkdə çətinlik çəkirlər. Çünki mətnin məsuliyyətini anlayırlar. İstedadlı yenilik ədəbi hadisədir. Hadisə isə çox az-az hallarda baş verir. Mən çalışıram ki, istedadla mətnimizi yeniliyə qovuşdurum.”- söyləyir.
Kiminsə gözlərində “dikbaş” kimi görünə bilər, amma o, mərd, sözübütöv, məğrur adamdır. Bacardığı qədər haqqı nahaqqın ayağına verməməyə çalışır. Həmişə düz danışmağa, həqiqəti yazmağa səy göstərir. Buna görə ondan inciyib küsən adamlar da tapılır. O isə başqa cür ola bilmir, ola da bilməz. Çünki xarakterində Laçın dağlarının əzəməti, bulaq saflığı kök atıb...
Deyir ki,- “Mən fəlsəfi metodların ədəbi yaradıcılığa yonulmamış, birbaşa müdaxiləsinin əleyhinəyəm. Filosof tamam başqadır, yazıçı tamam başqa. Bir filosof ədəbiyyatı yazıçı kimi nə anlaya, nə izah edə bilər. Ədəbiyyat haqda fikir deyən filosofların çoxu Nabokovun, Lyosanın bir essesinə dəyməz. Ədəbiyyat dünyanın bədii dərki, bədii inikasıdır. Bu, təkcə fikir və ideya yox həm də hiss və yaşantı hadisəsidir. Eyni zamanda ədəbiyyat hər şeydən əvvəl söz sənəti, söz sənətkarlığıdır. Ədəbiyyat öz üzərində heç nəyi qəbul etmir. Nə fəlsəfə, nə din, nə millət-vətən ideologiyası. O, yalnız öz qaydalarına tabedir. Qısa desək, yazmaq üçün fəlsəfədən də, dindən də, vətənpərvərlikdən də öncə yazmaq qabiliyyəti lazımdır. Və mənə görə, alınmış bədii mətn heç vaxt pessimist ola bilməz. Bədii cəhətdən yüksək olan mətn süjetindən, məzmunundan, ideyasından asılı olmayaraq məni sevindirir. Hər şey o mətnin alınması üçün bəhanədir. Məsələn, "Gecəyarısı uşaqları”nı oxuyanda bir anlıq içimdən keçdi: nə yaxşı, Hindistanda bu cür tragikomik hadisələr baş verib, yoxsa belə bir roman yazılmaya bilərdi. Bu mənada heç Kafkanı da pessimist saymıram. Ədəbiyyat hər şeydən əvvəl böyük təsəllidir. Ruhani müvazinətdir. Şərin qarşısında heç vaxt sönməyən işıqdır. Şəxsən mən ədəbiyyatla, kitabla xoşbəxt ola bilirəm…”
Bəli, Şərif Ağayar xoşbəxt yazıçıdır. Çünki dünyanı, kainatı və eləcə də Tanrı fəlsəfəsini dərk edə bilir. Şərif Ağayarı anlamaq üçün sadəcə onun səviyyəsinə ucalmağı bacarmaq lazımdır...
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)