Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Biz buna inanırıq. 

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.

...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Biz buna inanırıq. 

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.

...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 11:45

Heydər Əliyev və Vurğun Ocağı

Səməd Vurğunun Ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir və "Heydər Əliyev və Vurğun Ocağı" adlı sərginin açılışı olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə  Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov,  "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov açaraq Ulu Öndər Heydər Əliyevin Səməd Vurğun yaradıcılığına və Səməd Vurğun irsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Muzeyin əməkdaşı Xanım Şadlinski Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın Heydər Əliyevlə bağlı yazdığı xatirələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədbir iştirakçılarına Səməd Vurğunun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda Vurğunun məzarını ziyarət etməsi, Səməd Vurğunun Ev Muzeyini ziyarət etməsi, ailə üzvləri ilə görüşməsi,  qızı Aybəniz Vəkilovanın bələdçiliyi ilə Səməd Vurğun Ev Muzeyində görülən işlərlə tanış olması haqqında videoçarx təqdim olunub.

Daha sonra mədəniyyət və incəsənət nümayəndələri musiqili konsert proqramı ilə çıxış ediblər. Tədbirin sonunda qonaqlar Heydər Əliyevin Səməd Vurğunla bağlı xatirə şəkillərindən hazırlanmış fotostendlərlə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

FRANSA KİNOSUNUN NÖVBƏTİ UĞURU

 

 

Qələbə trayektoriyası: "Qızıl palma budağı”nı alan filmin aktyorları və rejissoru layihə üzərində necə işləmələri barədə Euronews-a danışıblar. “Ədəbiyyat və incəsənət” portalının tərcüməçisi efirə növbətçilik edərək bu maraqlı məlumatı sizlər üçün hazırlayıb.

 

Juli Dyukurno "Titan" filminə görə "Qızıl Palma budağı " aldıqdan iki il sonra, 2023-cü ildə Kann kinofestivalının baş mükafatı yenidəfransırejissoruna verildi. Bu dəfə qadın rejissora - Castin Trieuya.

Castin Trieunun "Çöküş anatomiyası" üç dildə bir cütlüyün həyatının ən qaranlıq məqamlarını tədqiq edir, cütlüyün qadın obrazını alman aktrisası Sandra Hüller canlandırır. Və bu qadın qətldə ittiham edillr.

 

CASTİN TRİEU

Rejissor Castin Trieu söyləyir: "Əvvəldən dil bizim üçün çox vacib bir nəsnə idi və həqiqətən lap əvvəldən layihənin mərkəzində idi. Və mütləq həqiqətdir ki, birlikdə belə bir təcrübə əldə etmək çox xoş idi".

 

SANDRA HÜLLER

Sandra Hüller – milliyyətcə alman olan aktrisa isə söyləyir: "Bir nəfərin qərar verib başqalarına nə edəcəyini söyləməyindənsə, birlikdə işləmək həmişə yaxşıdır. Rejissorun qadın olması mənimçün xüsusən önəmli idi. O, hər kəslə məsələləri müzakirə edir və kollegial olaraq düzgün həll yolu tapmağa çalışırdı. Və bu da gördüyümüz işi o qədər dolğun,  şən və fərəhli edirdi ki."

 

Filmin adından da göründüyü kimi, “Çöküş anatomiyası" bir insanın fatal olaraq çöküşünün, ölümcül düşməsinin təsadüfi olub olmadığını öyrənmək üçün təhlil edir. Məhkəmə isə həqiqətin həmişə aşkarda olmadığını göstərəcəkdir.

 

FREDERİK PONSAR

Frederik Ponsar – Еuronews”un şərhçisi isə söyləyir: "Film yalnız bir neçə favoritlərdən biri olsa da, münsiflər heyəti bu xüsusi lenti qalib seçdi və gənc fransız rejissoru çox dərin Avropa filminə görə mükafatlandırdı. Aktiv siyasi mövqe tutaraq Castin Trieu müəllif filmi ideyasını bacarıqla müdafiə edir." 

 

Foto: “Castin Trieu və komandası” - Daniel Kole, müəllif hüquqları / Copyright 2023 the AP.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

 

 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər Azərbaycan aşıq ədəbiyyatının əbədiyyət qolu sayılan ustad Aşıq Ələsgər adına çəkdiyi zəhmətlərə görə “Dədə Ələsgər Ocağı" İctimai Birliyi tərəfindən təsis edilən "Aşıq Ələsgər" medalı ilə təltif olunub. 

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Adilə Nəzər təltif sevincini media ilə bölüşüb: “Məhz doğum günümdə belə bir təltif həm çox xoş oldu, həm də məsuliyyətimi artırdı. Layiq görənlərə təşəkkür edirəm! Bu özəl gündə tədbiri təşkil edən və iştirakı ilə gözəlləşdirən dostlara təşəkkür edirəm! Nə yaxşı ki varsınız!”

Xatırladaq ki, Adilə Nəzərin Aşıq Ələsgər yaradıcılığı barədə məqalələri o cümlədən portalımızda da dərc edilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə məşhur sosioloq, kouç, ərəb əsilli Nassim Talebin «Qara qu quşu» nəzəriyyəsi ilə tanış olacağıq.

 

 

Təbii ki, insanın uğur qazana bilməsi üçün onun ətrafında baş verən prosesləri düzgün dərk etməsi, cəmiyyəti və onun qanunlarını doğru-dürüst bilməsi, təbiət və onda baş verən proseslərdən bu və ya digər şəkildə bəhrələnməsi üçün məlumatlı olması da vacibdir.

Əvvəlki söhbətlərdə Nassim Talebin «Qara qu quşu» kitabına xüsusi olaraq toxunmuşdum və oxucularıma vəd vermişdim ki, bu kitab haqqında xüsusi danışmağa zərurət yarandığı üçün haqqında ayrıca danışacağam.

Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq?

Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Həyatda baş verən və dağıdıcı təsir göstərən nəsnələri «Qara qu quşu» adlandıran müəllif hər bir kəsə xitabən söyləyir ki, əyləşdiyi kreslodan durmadan hər kəs qara qu quşunun rolunu dərk edə bilər. Bunun üçün çox sadə bir çalışma lazımdır: Öz şəxsi həyatınızı götürün. Doğulduğunuz gündən bəri ən əlamətdar hadisələri sadalayın, sonra onları perspektivdə gördüyünüzlə, xəyal etdiyinizlə müqayisə edin. Hansılar cədvəl üzrə olub? Həyatınızda peşə seçiminiz, sevdiyinizlə unsiyyətiniz, doğma yerlərdən köçməyiniz, qarşılaşdığınız satqınlıq və xəyanətlər, qəfil varlanmalar və müflisləşmələr... Tez-tezmi bu hadisələr plan üzrə baş verib?

Demək, «Qara qu quşu»nun mahiyyəti onun gözlənilməz gəlməsi, haqqında bilgilərinizin olmamasındadır.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, ilk 5-lik:

 - Anomaliyaları öncədən söyləyə bilmək tarixin gedişini öncədən söyləməyə səbəb olur;

- Metaforalar və əhvalatlar ideyalardan qat-qat güclüdür. Çünki onları oxumaq çox xoş olur, asan yadda qalırlar.

 - Biz büdcə defisiti və neftin yaxın 30 illik müddətdə qiymətini proqnozlaşdırırıq, bununla belə, bu qiymətlərin növbəti yayda necə olacağını bilmirik.

 - Özlərini ekspert adlandıran bəzi peşəkarlar, əslində peşəkar deyillər. Onların fəaliyyət siyahısına baxsaq, görərik ki, onlar bu sahədə hansısa küçədən keçən insandan elə də çox anlayışlı deyillər, fərqləri təkcə mövzu barədə yaxşı danışmalarındadır, bir də bizim beyinlərimizi riyazi modellərlə doldurmalarındadır. Onların hamısı həm də qalstuk taxırlar.

 - Problem bizim şüurumuzun strukturundadır: biz qaydaları yox, yalnız faktları əxz edə bilirik.

 

 “Ədəbiyyat və incəsənət”

(30.05.2023)

 

 

Sumqayıt şəhərində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, S.Vurğun adına Mərkəzi Kitabxana, N.Gəncəvi adına Kitabxana-Klubun birgə təşkilatçılığı ilə Heydər Əliyev ili layihələri çərçivəsində "Ruhumuzun binəsi" adlı mədəniyyət festivalı  keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival N.Gəncəvi adına Kitabxana-Klubun və Sumqayıt Dövlət Rəsm Qalereyasının Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitab və rəsm sərgisinin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı Heydər Əliyevin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycan mədəniyyəti üçün gördüyü işlərdən danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin 2023-cü ilin Heydər Əliyev ili olduğunu qeyd edərək, Sumqayıtda da yubiley tədbirlərinin böyük coşqu və ruh yüksəkliyi ilə keçirildiyini xüsusi vurğulayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Humanitar və ictimai- siyasi məsələlər üzrə müdir müavini Fərman Kazımov çıxışında bildirib ki, Azərbaycanın milli müstəqilliyinin 70 ildən sonra bərpası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  O, qeyd edib ki, Heydər Əliyev mənsub olduğu xalqa  və millətə dövlət müstəqilliyini qazandıran əvəzsiz liderdir. Onun ədəbiyyatımız və mədəniyyətimiz üçün də  gördüyü işlər danılmazdır.

Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, AzərTAC-ın Sumqayıt üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, S..Vurğun adına Mərkəzi kitabxananın müdiri Natavan Axundzadə, N. Gəncəvi adına Kitabxana-Klubun müdiri Ülviyyə Quliyeva, S. Vurğun adına Mərkəzi Kitabxananın uşaq bölməsinin müdiri Yeganə Hüseynova Heydər Əliyevin Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün isə ümumbəşəri dəyər olduğunu vurğulayıblar, onun Azərbaycanın siyasi həyatındakı xidmətlərindən söz açıblar.

Sumqayıt ədəbi cameəsinin iki ən yüksək adı - Ofelya Babayeva və Əşrəf Veysəlli də festivalda yaxından iştirak ediblər, çıxışları ilə yadda qalıblar.

Rafiq Yusifoğlu, İbrahim İlyaslı, Mənsurə Xələfbəyli, Rəfiqə Şəms, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Əliyar Mərdiyev, Ədalət Əroğlu, Mirzəcan Ağabalayev, Səadət Salmanqızı, Aygün Hacıyeva izləyicilərə öz şeirlərini oxuyublar.

Azərbaycanın Milli qəhrəmanı Polad Həşimov adına 28 saylı məktəbin və Qubadlı rayon Xıdırlı kənd orta məktəbinin şagirdlərinin ifasında Heydər Əliyevə və 28 may Respublika gününə həsr olunan  şeir və mahnılar tədbirə başqa bir ovqat və rəng qatıb.

Sonra  tədbir iştirakçıları S.Vurğun adına Mərkəzi kitabxananın oxucusu Dəniz İsmayılzadənin ifasında Hafiz Ataxanlının ssenarisi əsasında hazırlanan "Xurşidbanu Natəvanın Şuşa düşüncələri bu gün" adlı  monotamaşaya baxıblar. Monotamaşa çox böyük marağa səbəb olub.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu festivalın keçrilməsinə şərait yaratdıqlarına görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 10:30

“Oazis”də “Ağ atlı oğlan”ın “İntizar”ı

GÖRKƏMLİ BƏSTƏKAR FİRƏNGİZ ƏHMƏDOVA ÖMRÜNÜN 76-cı BAHARINI QEYD ETDİ

 

Yola saldığımız istirahət günlərində üzərindən sükutla keçilə bilməyəcək daha bir doğum günü tarixi də oldu. Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadə ömrünün 76-cı baharını qeyd etdi. “Ədəbiyyat və incəsənət”in növbəti yazısı tanınmış bəstəkarımız barədədir. 

 

Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq F.Əlizadənin adı çəkilir. O, yeganə azərbaycanlı bəstəkardır ki, “UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. 

Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan F.Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və sair qeyd etmək olar.

Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz qərb və şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində F.Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan azsaylı  bəstəkarlardandır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San Dieqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və sair.

Bəstəkarın milli-mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

 

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin İdarə Heyətinin katibi, 2007-ci ildən sədri seçilib və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra İdarə Heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" Beynəlxalq Musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin İttifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Dünya şöhrətli bəstəkarımız yaradıcılığının müdrik çağında bu gün də gənclik şövqü ilə uğurlar ənənəsini davam etdirir. Belə ki, 2019-cu ildə Firəngiz xanıma "Aga Khan Music Award" musiqi mükafatı təqdim edilib. Portuqaliyanın paytaxtı Lissabonda baş tutan mükafatlandırma mərasimində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Amin təqdim ediblər.

Qeyd edək ki, 1967-ci ildə yaradılan “Aga Khan Foundation” “Aga Khan Music Award” nominasiyasını yeni təsis edib. Bəstəkarlıq sahəsində verilən mükafatın ilk laureatı Firəngiz Əlizadə olub.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

Yüz yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Ədəbiyyatımız üçün olduqca əhəmiyyətli bir layihəyə imza atan “Xalq Bank” həm də digər qurumlar üçün bir örnək olduğunu da sübut edir. Bankın “Xalq Əmanəti” layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilib. Şairin “Seçilmiş əsərləri” kitabı Bakıda “Xalq Bank”ın əsas binasında geniş ictimaiyyətə təqdim olunub.

 

Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə xanım Billuri İkinci Dünya müharibəsi illərində, sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb. 

Lakin 1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilir, Sovet qoşunları Cənubi Azərbaycandan çıxarılır, milli qüvvələrin 25 min nəfərdən artıq nümayəndəsi güllələnir, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqiblər üzündən mühacirət etməli olur. Onların sırasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardı.

Artıq Bakıda olarkən 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. 1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-də Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirir. Təhsili dövründə, “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, Filologiya Elmləri Namizədi alimlik dərəcəsini alır. 

Bunlarla bərabər 1952-1954-cü illərdə Hökumə Billuri “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.

Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.

“Mənim arzum” (“Uşaqgəncnəşr”, 1949), “Ölməz qəhrəman” (“Azərnəşr”, 1950), “Həyat yollarında” (“Azərnəşr”, 1951), “Mübarizə illərində” (“Azərnəşr”, 1954), “Şeirlər”, (“Uşaqgəncnəşr”, 1954), “Şairin yadigarı” (“Azərnəşr”, 1957), “Səhər günəşi” (“Azərnəşr”, 1964), “Səndən uzaqlarda” (“Azərnəşr”, 1961), “İstərəm”, “Şeirlər” (“Azərnəşr”, 1966), “Necə unudum” (“Gənclik”, 1974), “Çinar gözləyir məni” (“Azərnəşr”, 1976), “Apar məni o yerlərə” (“Yazıçı”, 1981), “Bir də bahar gəlsə” (“Yazıçı”, 1984), “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1986), “Dünya belə dünyadır” (“Yazıçı”, 1989), “Nə qəribə dünya imiş” (“Azərbaycan”, 1997), “Seçilmiş əsərləri” (“Şərq-Qərb”, 2005) şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (“Elm”, 1972) və “Məhəmmədhüseyn Şəhriyar” (“Elm”, 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitablaşaraq Moskvada nəşr edilib.

Hökumə Billuri həm də tərcüməçi fəaliyyəti ilə məşğul olub. Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 10:00

Kamana can verən sənətkar

Xalq artisti Habil Əliyevin doğum gününə sözardı

 

Yola saldığımız istirahət günlərinə düşən əlamətdar hadisələr sırasında Xalq artisti, kamanın ən mahir ifaçısı Habil Əliyevin doğum günü də dayanır - onun 96-cı ildönümüdür. “Ədəbiyyat və incəsənət” portalı da bu doğum gününə toxunmaqdan  vaz keçə bilməz. 

 

Böyük yumor hissi olan bu baməzə insan daim ətrafdakıları güldürər, zarafatdan qalmazdı. Amma onun yumorları adi gülüş doğurmurdu, düşündürürdü, satiraya bərabər olurdu. 

Bu, filmin jurnalı. Filmin özü isə, şübhəsiz, onun ifasıdır. 

Habil Əliyevin həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, tarixə Azərbaycanın ecazkar  musiqi aləti olan kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi düşüb. 

 

Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.

Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

O, Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab edib, Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi olub. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

 

Bu ustad sənətkarın əməyi də layiqincə qiymətləndirilib. Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.