Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə məşhur sosioloq, kouç, ərəb əsilli Nassim Talebin «Qara qu quşu» nəzəriyyəsi ilə tanış olacağıq.
Təbii ki, insanın uğur qazana bilməsi üçün onun ətrafında baş verən prosesləri düzgün dərk etməsi, cəmiyyəti və onun qanunlarını doğru-dürüst bilməsi, təbiət və onda baş verən proseslərdən bu və ya digər şəkildə bəhrələnməsi üçün məlumatlı olması da vacibdir.
Əvvəlki söhbətlərdə Nassim Talebin «Qara qu quşu» kitabına xüsusi olaraq toxunmuşdum və oxucularıma vəd vermişdim ki, bu kitab haqqında xüsusi danışmağa zərurət yarandığı üçün haqqında ayrıca danışacağam.
Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq?
Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Həyatda baş verən və dağıdıcı təsir göstərən nəsnələri «Qara qu quşu» adlandıran müəllif hər bir kəsə xitabən söyləyir ki, əyləşdiyi kreslodan durmadan hər kəs qara qu quşunun rolunu dərk edə bilər. Bunun üçün çox sadə bir çalışma lazımdır: Öz şəxsi həyatınızı götürün. Doğulduğunuz gündən bəri ən əlamətdar hadisələri sadalayın, sonra onları perspektivdə gördüyünüzlə, xəyal etdiyinizlə müqayisə edin. Hansılar cədvəl üzrə olub? Həyatınızda peşə seçiminiz, sevdiyinizlə unsiyyətiniz, doğma yerlərdən köçməyiniz, qarşılaşdığınız satqınlıq və xəyanətlər, qəfil varlanmalar və müflisləşmələr... Tez-tezmi bu hadisələr plan üzrə baş verib?
Demək, «Qara qu quşu»nun mahiyyəti onun gözlənilməz gəlməsi, haqqında bilgilərinizin olmamasındadır.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, ilk 5-lik:
- Anomaliyaları öncədən söyləyə bilmək tarixin gedişini öncədən söyləməyə səbəb olur;
- Metaforalar və əhvalatlar ideyalardan qat-qat güclüdür. Çünki onları oxumaq çox xoş olur, asan yadda qalırlar.
- Biz büdcə defisiti və neftin yaxın 30 illik müddətdə qiymətini proqnozlaşdırırıq, bununla belə, bu qiymətlərin növbəti yayda necə olacağını bilmirik.
- Özlərini ekspert adlandıran bəzi peşəkarlar, əslində peşəkar deyillər. Onların fəaliyyət siyahısına baxsaq, görərik ki, onlar bu sahədə hansısa küçədən keçən insandan elə də çox anlayışlı deyillər, fərqləri təkcə mövzu barədə yaxşı danışmalarındadır, bir də bizim beyinlərimizi riyazi modellərlə doldurmalarındadır. Onların hamısı həm də qalstuk taxırlar.
- Problem bizim şüurumuzun strukturundadır: biz qaydaları yox, yalnız faktları əxz edə bilirik.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)