Ədəbiyyatımız üçün olduqca əhəmiyyətli bir layihəyə imza atan “Xalq Bank” həm də digər qurumlar üçün bir örnək olduğunu da sübut edir. Bankın “Xalq Əmanəti” layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilib. Şairin “Seçilmiş əsərləri” kitabı Bakıda “Xalq Bank”ın əsas binasında geniş ictimaiyyətə təqdim olunub.
Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə xanım Billuri İkinci Dünya müharibəsi illərində, sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb.
Lakin 1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilir, Sovet qoşunları Cənubi Azərbaycandan çıxarılır, milli qüvvələrin 25 min nəfərdən artıq nümayəndəsi güllələnir, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqiblər üzündən mühacirət etməli olur. Onların sırasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardı.
Artıq Bakıda olarkən 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. 1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-də Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirir. Təhsili dövründə, “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, Filologiya Elmləri Namizədi alimlik dərəcəsini alır.
Bunlarla bərabər 1952-1954-cü illərdə Hökumə Billuri “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.
Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.
“Mənim arzum” (“Uşaqgəncnəşr”, 1949), “Ölməz qəhrəman” (“Azərnəşr”, 1950), “Həyat yollarında” (“Azərnəşr”, 1951), “Mübarizə illərində” (“Azərnəşr”, 1954), “Şeirlər”, (“Uşaqgəncnəşr”, 1954), “Şairin yadigarı” (“Azərnəşr”, 1957), “Səhər günəşi” (“Azərnəşr”, 1964), “Səndən uzaqlarda” (“Azərnəşr”, 1961), “İstərəm”, “Şeirlər” (“Azərnəşr”, 1966), “Necə unudum” (“Gənclik”, 1974), “Çinar gözləyir məni” (“Azərnəşr”, 1976), “Apar məni o yerlərə” (“Yazıçı”, 1981), “Bir də bahar gəlsə” (“Yazıçı”, 1984), “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1986), “Dünya belə dünyadır” (“Yazıçı”, 1989), “Nə qəribə dünya imiş” (“Azərbaycan”, 1997), “Seçilmiş əsərləri” (“Şərq-Qərb”, 2005) şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (“Elm”, 1972) və “Məhəmmədhüseyn Şəhriyar” (“Elm”, 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitablaşaraq Moskvada nəşr edilib.
Hökumə Billuri həm də tərcüməçi fəaliyyəti ilə məşğul olub. Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)