Super User

Super User

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiya hazırlanır. Buna uyğun olaraq yeni forma və yeni struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməlidir və ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə məlumat verib. İttifaqın üzvləri bəstəkarlıq sahəsində problemlər və perspektivlərlə bağlı fikirlərini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

 

Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm”.

Rüstəm İbrahimbəyovun qəlblərdə daim yaşayacağını söyləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: “Rüstəm İbrahimbəyov dünyaşöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.

Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: "Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.

Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: "Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik".

Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

Martın 10-da Azərbaycan kulinarlarına “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bu qələbə münasibətilə Milli Kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb.

O, Azərbaycanın qastronomiya ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu bildirərək Agentliyin bu sahənin inkişafına daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Chong Heng Ho, komandanın kapitanı Sərxan Məmmədov, Baş aşpaz Nicat Babayev, Baş qənnadçı Gülnar Rəsulova və gənc qənnadçı Zinyət Axundova, gənc aşpazlar Emil Zeynalzadə, Abdulla Abdullayev və Leyla Vəliyevanı fəxri fərmanla təltif edib. “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal gənc aşpaz”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə Azərbaycan Milli Kulinariya komandasına İtaliyanın Rimini şəhərində keçirilən müsabiqədə qələbə qazandıran menyular milli təamlarımızın dünya standartlarına uyğunlaşdırılması nəticəsində hazırlanıb.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək dörd bürünc medal qazanıb. 

Tədbirin sonunda azərbaycanlı aşpazları Avropada qələbə qazandıran menyunun dequstasiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

Bu günün - 10 mart Milli Teatr Gününün, Azərbaycan peşəkar milli teatrının 150 yaşının tamam olmasının şərəfinə Mədəniyyət Nazirliyi silsilə tədbirlər hazırlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.

Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək. Bir sözlə, bu gün Azərbaycanın televiziya məkanında əsl teatr rüzgarı əsəcək.

1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə  əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib.

Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin rəhbərliyi ilə qeyd edilib. Teatrımızın 100 illik yubileyində dərin məzmunlu nitq söyləyən Ulu öndər milli teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövründə bu istiqamətdə mühüm qərarlar qəbul olunub, teatr xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilib.

Teatr sənətinə diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, teatr xalqımızın mədəni sərvətidir və onun qorunması, inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

Təqvimimizdə 10 Mart günü Milli Teatr Günü kimi qeyd edilib. Hər ilin bu gününü ölkənin teatr ictimaiyyəti təntənə ilə keçirir. Amma bu dəfə bir başqa büsat var. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.

“Ədəbiyyat və incəsənət” portalı qədim və zəngin yol keçən Azərbaycan teatrının tarixinə bir rakurs edir. 

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirildi. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Danılmazdır ki, Azərbaycan teatrı bu gün tam dövlət qayğısı ilə əhatələnib. 

“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Qayıdaq Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramına. Bu proqram öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.

Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Regionlarda teatrlarımızın inkişafı, xalq teatrlarının yaranmasını da bu yüksəliş siyahısına daxil etsək məsələ tam aydınlaşar. 

İnanırıq ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır. Biz bütün teatr cameəsini təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Cümə, 10 Mart 2023 12:14

Heydər Əliyev və teatr

 

Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.

“Ədəbiyyat və incəsənət” portalı builki Heydər Əliyev ilində ümummilli liderin Azərbaycan teatrına göstərdiyi diqqət və qayğıya nəzər salır.

Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmasının teatrımızın 150 illiyi ilə üst-üstə düşməsi də rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir.

Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Onun premyeralara getməsi, prədə arxasında sənətçilərlə görüşməsi, ünsiyyət qurması əsla yaddan çıxmaz.

Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Rəsm qalereyası: Rafael Əsədov, “Mənzərə”

Günün fotosu: İsrail diktatura əleyhinə!

 

İsraildə Benyamin Netanyahu hökümətinin tətbiq etmək istədiyi məhkəmə islahatlarına qarşı kütləvi hərəkat başlayıb. İnsanlar bu islahatı diktatura ərəfəsi hesab edirlər.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası sabah - martın 11-də nümayiş ediləcək.

 

Səhnə əsəri dramaturq Ə.Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər. 

Qeyd edək ki, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı çox bəyənilən “Sevgi romanlarından parçalar” rubrikasında sizlərə Varisin “Qırmızı ləçəklər” romanından bir seçməni təqdim edir. 

 

 

Əlbəttə, yüzlərlə tədqiqat var ki, sevənin halını xəstəlik halı ilə uzlaşdırır, ümumən sevgiyə düçar olmağı xəstəlik növü adlandırır. Amma mən həmişə "sevgi" sözünün "xəstəlik" sözü ilə müqayisəsindən çəkinmişəm, hətta diksinmişəm.

Xəstəlik — müalicəsinə çalışdığın, ondan qopmaq istədiyin anormal haldır. Sevgi isə daha şiddətlə mübtəla olmağı arzuladığın bir həzdir, bir gözəllikdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.