Super User

Super User

Çərşənbə axşamı, 14 Mart 2023 11:45

Serdar Ortaç yenidən Bakıya gəlir

Aprelin 1-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Serdar Ortaç konsert proqramı ilə çıxış edəcək.

 

Öz ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.

Qeyd edək ki, sənət aləminə 1994-cü ildə "Aşk için" albomu ilə daxil olan müğənni sevilən “Karabiberim” mahnısı ilə debüt edərək, uzun müddət gündəmdə qalıb. Serdar Ortaç bu uğuru ilə Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı çıxış edən kişi sənətçi”, 2006-cı ildə "Gitme" mahnısına görə “İlin klipi”, 2007-ci ildə Mü-Yap Musiqi Mükafatlarında "Mesafe" adlı albomu ilə “İlin ən çox satılan albomu” və 2009-cu ildə isə "Dansöz" mahnısı ilə “Ən yaxşı kişi sənətçisi” mükafatlarına layiq görülüb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür. 

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, “Sağlığında qiymət verin insanlara” sətirləri dillər əzbəri olan Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb. 

 

Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Xalq şairinin həyatı, ictimai və ədəbi fəaliyyəti haqqında geniş məlumat verilib. Burada Cabir Novruzun uzun illər müxtəlif aparıcı mətbuat orqanlarında redaktor, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışması, 1995-ci ildə Azərbaycanın Milli Məclisinə deputatı seçilməsi haqqında məlumat verilib. Şairin ədəbi yaradıcılığına geniş yer verilən virtual sərgidə onun şeirlərindən nümunələr, sözlərinə bəstələnən musiqi əsərləri yer alıb. Materialda, həmçinin görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Cabir Novruzun təltif olunduğu mükafatlar haqqında da məlumatlar əks olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Cabir Novruzun həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu “Vətən əbədi qoruqdur”, “Bir dünyam var”, “Mənim muğamatım”, “Özünü qoru xalqım”, “Seçilmiş əsərləri” və digər kitabların biblioqrafik təsviri verilib. Xalq şairi Cabir Novruzun foto və videogörüntülərinin yer aldığı materialda şairin “Sağlığında qiymət verin insanlara” şeiri öz ifasında təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 16:00

Kim Qardaşyan – ermənilərin milli qürur rəmzi

“Çərşənbə axşamı qiraəti” rubrikasında növbəti görüşdə xoş gördük.  “Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

 

                

16-CI PROSES

 KİM KARDAŞYAN

 

Növbəti səhər açıldı, növbəti gün insanlar yuxudan duran kimi Baş Meydana axışmağa başladılar. Aylarla davam edən böyük proses yekunlaşmaq üzrəydi, son iki nəfər qalmışdı. Dünəndən anons etmişdilər ki, bu gün mühakimə edilən şəxs cinayətkar yazardır. Hamı da sənəti ilə fəaliyyəti kəskin təzad təşkil etdiyi üçün bu şəxsi canlı olaraq lənətləməyə səbirsizlənirdi. Amma növbəti şəkildən örpək salınanda qorxulu kişi obrazı əvəzinə gülümsər bir qadın obrazı göründü. Yerbəyerdən bu simanı tanıyıb “Aaaaaa, Kim Kardaşyan!” deyə səslənənlər də oldu, bəziləri “Bu ki yazar deyil, bu pornoaktrisadır”, “Tanıdım, “Ulduzlarla rəqs” realiti-şousunda iştirakçı olub” , - deyə Divanı qurulanı daha yaxından tanıdıqlarını da isbatladılar.

Hamı prosesin açılışını gözlədi ki məsələ tam aydınlaşsın, nəhayət, hakimlər səhnədə öz yerlərini tutdular, Baş Hakim müəmma pərdəsini aradan götürdü:

-Əziz Divan əhli, əziz tamaşaçılar, bu gün biz Andronik Ozanyandan sonra ən qatı canı hesab etdiyimiz bir şəxsi – yazar ola-ola insanları qan tökməyə, baş kəsməyə çağıran bir manyakı ittiham edəsi idik, sabah da sıradakı yeganə xanımı. Amma həmin xanım Divan heyətinə müraciət edərək öz prosesinin ertələnməsini xahiş etdi, buna səbəb kimi əsəblərinin tam tarıma çəkildiyini və daha bir gün gözləməsinin mümkünsüzlüyünü göstərdi. Hakimlər məşvərət edib belə qərara gəldik ki, bu mühakimə olunan şəxsin qadın olması nəzərə alınsın və xahişi təmin edilsin. Beləliklə,  prosesin növbəti – sonuncudan əvvəlinci günü mühakimə edilən şəxsi – Amerika aktrisası, realiti-şou ulduzu, fotomodel  Kim Kardaşyanın müttəhimlər kürsüsünə gətirilməsinin təmin olunmasını xahiş edirəm.

İnsan kütləsi mühafizəçilərin əhatəsində səhnəyə qaldırılan açıq-saçıq geyimli, bədən əzaları qabarıb çıxmış qadını görcək uğultu qopardı, bəziləri bu tanış simaya nifrətlə baxsalar belə, bəziləri hətta rəğbətlə, hətta sevgiylə tamaşa etdilər.

Qadın gəlib müttəhimlər kürsüsündə əyləşdi, o, kürsüdə əyləşəndə Baş Hakim yarızarafat, yarıgerçək sözlər söyləyib publikanı əyləndirdi:

-Əsas dünyadan gəlmiş 39 yaşlı Kim 3 gün sonra Los-Ancelesdə “Teen Choice Awards” mükafatlandırma mərasimində iştirak edəcəyini, bir həftə sonra Milanda defiledə çıxış edəcəyini, daha 10 gün sonra Bollivudda “Səhranın çiçəyi” filmində çəkilişlərə başlayacağını iddia edir, xəyalən həmin  mərasimlərdədir, arxayındır ki, gedib iştirak edəcək, fərqinə varmır ki, Axirət dünyasının Divanından hələ heç kəs cəzalandırılmadan qurtulmayıb.

Kim özünü yelləyərək yerindən səsləndi:

-Bir şeyi unutdunuz, möhtərəm hakim, XXL dərgisinin üz qabığı üçün fotosessiyam var, gələn ayın əvvəli Londonda olmalıyam.

Tamaşaçılar gülüşdülər, Baş Hakim də gülümsəyərək nitqinə davam etdi:

-Bəli, Kim Əsas dünyaya qayıtmağa, gördüyünüz kimi çox iddialıdır.

Kim yenidən yerindən replika atdı:

-Mənim milyonlarla İnstagram və YouTube izləyicilərim yeni post və süjet gözləyirlər, əmindilər ki, bu post və süjet pozitiv olacaq.

Zalda yenə gülüşmə və alqış sədaları eşidildi.

Baş Hakim zalda sakitlik yaranandan sonra Kim Kardaşyana müraciət etdi:

-Xanım Kim Qardaşyan, millətlərarası münasibətlərdə və əxlaqa zidd məsələlərdə ittihamla gəlib Divana çıxmısınız, proses necə olacaq, nələr baş verəcək, necə yekunlaşacaq, düzü mən də bilmirəm, yəni öncəki günlərdə öncədən hansı hökmü çıxaracağıma təqsirləndirilənin dosyesi ilə tanış olan kimi qərar vermişdim. Amma indi, düzü, bir az tərəddüdüm var. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizə bir sual verim. 2009-cu ildə “Qeyri-real blokbaster” filmində yaratdığınız qadın roluna görə “Ən pis qadın rolu” kateqoriyasında “Qızıl moruq” mukafatına layıq görülmüsünüz. Bu bir təsadüfdür, yoxsa priyomdur?

Kim gülümsəyərək cavab verdi:

-Uzun müddət “Oskar”la olmasa da, barı “Qızıl moruq”la mükafatlandırılmamı xəyal edirdim. Görəndə ki, jürilər inadla mənə mükafat vermək istəmirlər, bir erməni priyomu edərək “Qeyri-real blokbaster” filmində çox bərbad bir rol yaratdım. Liza rolu o qədər iyrənc oynanıldı ki, münsiflərdə əsl ikrah oyatdı. O qədər iyrənc ki, “ən pis rol” nominasiyasını mənə verməyə məcbur oldular.

Baş Meydanı gülüş, qəhqəhə sədaları başına götürdü. Neçə gün idi ancaq pis mətləblərdən, ölüm-itimdən, amansız cinayətlərdən qulağı cingildəyən meydanın üzərindəki mənfi aura da sanki çəkilməkdəydi.

Baş Hakim sakitlik yaranan kimi prosesi açıq elan etdi:

-Beləliklə prosesə başlayırıq. Diktorlardan xahiş edirik, müttəhimin, yox, dilim qatlandı belə məlahətli xanıma müttəhim deyərkən, təqsirləndirilən Kim Kardaşyanın tərcümeyi-halı səsləndirilsin.

Diktor xanım əlindəki qırmızı məxməri qovluqla səhnəyə çıxıb qovluğun içindəki kağızı oxumağa başladı:

-Kimberli Noel Kardaşyan, 1980-ci ilin 21 oktyabrında ABŞ-da, Los-Ancelesdə anadan olub, Amerika realiti-şou ulduzu, aktrisa, dizayner, fotomodeldir, həm də, porno industriyada ad çıxarıb, porno-filmlərə çəkilib. İki dəfə ərdə olub boşanıb, hazırda yaşadığı  Saam Uest – onun 3-cü həyat yoldaşıdır. Atası məşhur vəkil olub, milliyyətcə erməni Robert Kardaşyan. Anası amerikalı Kriss Djenner isə tusovka, karnaval və ballarda iştirak edən məlahətli xanım kimi ad çıxarıb. Krisin milliyyəti şotland və hollandla da qarışıqqdır. Kim özü haqda belə deyir: Mən yarı erməniyəm, digər yarım isə holland və şotlanddır. Kim uşaqkən əmək fəaliyyətinə başlayıb, cazibədar olduğuna görə musiqili reklam roliklərinə çəkilmişdir. Bacıları ilə birlikdə “Kardaşyan ailəsi” realiti-şousu yaradıb böyük pullar qazanmağa başlayıblar, 2010-cu ildə bu xanım 6 milyon dollar qazanaraq realiti-şoudan ən çox qazanan aktrisa tituluna layiq görülmüşdür. Qızıl moruq mükafatı barədə artıq burda söylənildi, təkrar etməyəcəyik, onu söyləyək ki, Kim bədən nümayişinə 2007-ci ildə start verib. O, çılpaq halda Playboy jurnalının üz qabığını bəzəyib. Kimin biznes fəaliyyətindən onu qeyd edək ki, bacıları Kortni və Xloi ilə D-A-S-N butiklər şəbəkəsini açıb, dizaynlı çantalar, zərgər məmulatları, ayaqqabı və qadın şlyapaları, dəbli qadın aksessuarları satmaqla məşğuldurlar. Kim və bacılarının daha bir qazanc yeri etnik stildə Bebe paltarları istehsalıdır. Bu paltarların əsas dəb xətti açıq-saçıqlığı, seksuallığıdır. Kim həm də “Kim Qardaşyan” ətirlərinin istehsalçısıdır. O bir çox plastik əməliyyatlar keçirib, hətta sinə və taz hissəsinin  böyüdülməsi əməliyyatı dünyada ilk dəfə onun adı ilə bağlanır. Kimin mum fiquru Nyu-Yorkdakı Madam Tyüsso muzeyinə qoyulub. O, mahnı oxumaqla da özünü sınayıb. O, avtobioqrafik əsər yazaraq öz gözəlliyinin sirrini də insanlarla bölüşüb. Bu xanım çox nüfuzludur, hətta Amerika prezidenti Donald Trampla görüşüb həbsdə olan 63 yaşlı narkotik alverçisinin azadlığa buraxılmasına nail olub. Kimin dörd övladı var.

Diktor əlindəki kağızın arxa hissəsinə boylandı, yazı bitmişdi. Odur ki, Baş Hakimin “Bəs ittiham?” sualı cavabsız qaldı. Bu suala onun qocaman həmkarı cavab verdi:

-Möhtərəm Baş hakim, möhtərəm tamaşaçılar. Kim Kardaşyanın ittiham aktını indicə səsləndirəcəyəm, amma Kim Kardaşyana bir sualım var. Madam Kardaşyan, siz ermənicə kifayət qədər bilirsiniz, soyadınız nə anlam daşıyır? Erməni dilində “kardaş” nə deməkdir?

Kim Kardaşyan gözlərini döydü, bu vaxt hakim gülümsünərək söylədi:

-Bax türkcə bilsəydiniz, onda xəbəriniz olardı ki, “kardaş” türk sözüdür, ailədəki oğlan övladına deyilir. Heç də yaxşı iş görmürsünüz, möhtərəm madam Kardaşyan. Hər şeylərini – torpaqlarını, musiqilərini, mətbəxlərini, soyadlarını belə mənimsəyib, üstəlik türklərə dava açırsınız.

Hakim tamaşaçıların gurultulu alqışları altında nitqini yekunlaşdırdı:

-Əziz proses izləyiciləri, xahiş edirəm diqqətlə qulaq asasınız. Əvvəla, onu deyək ki, Kim qədim dövrlərdən üzü bəri ən böyük cəzaya məruz qalmış əxlaqsızlıqda ittiham olunur.

Yerdən narazılıq sədaları eşidildi, Kim özü yerindən replika atdı ki, porno industriyada çəkilmək niyə əxlaqsızlıq olsun ki?

Hakim davam etdi:

-Kim Kardaşyan 2006-cı ildə seks-skandalla ad çıxardı, o, ev pornosu sahəsində Peris Hiltonu ötüb keçdi, boyfrendi Rey Ceem ilə yataq macəralarını gizli çəkib internet hüdudlarında yayılmasını təmin etdi. Bununla da məşhurlaşdı. Hazırda bu xanımın ən müxtəlif porno saytlarda, əsasən də Pornhub.com saytında porno görüntülərinə milyonlarla insan tamaşa edir. Bu görüntülərdə ənənəvi klassik seks belə yoxdur, qeyri-ənənəvi iyrəncliklər yer alıb. Dünyanın hər bir guşəsində milyonlarla yeniyetmə bu biabırçılıqlara tamaşa edib pozulurlar, mənəvi zərbə alırlar. Onun ikinci cəzalandırılması zərurəti: Bu şəxs qazandığı pulların 10 faizini rəsmən xeyriyyəşiliyə sərf edir, bu xeyriyyəçilik isə buna daha çox lüzum duyulan kimsəziz uşaqlara, xəstələrə, yoxsullara aid deyil, erməni lobbiçiliyinin maliyyələşdirilməsinə, erməni millətçiliyinin təşəkkül tapmasına xidmət edir. 2015-ci ilin 8 aprelində Erməni genosidinin 100 illiyi deyilən saxta tarix günündə bu xanım tarixi vətəni sayılan Ermənistana getməklə dünyanın diqqətini bu saxta tarixə cəlb etmişdir. Üstəlik, lap bu günlərdə - iyul ayının 14-də erməni ordusu Azərbaycanın Tovuz bölgəsinə hücum edərkən sosial şəbəkə hesablarında aqressora tərəf durmuş, işğalçıya haqq qazandırmışdır. Hər postuna 5 milyon insan baxmış, münaqişənin kökünə bələd olmayan həmin insanlar öz torpaqlarını qoruyan azərbaycanlıları günahkar, təcavüzkarı isə haqq yolçusu saymışlar.

Kim Kardaşyan yerindən dik atıldı:

-Mənim bütün fəaliyyətim qanunla tənzimlənir, hər şey hüquqi müstəvidədir, qanundan kənar heç bir şey etmirəm. Məni nədə günahlandırırsınız ki? Vətənpərvərəm? Kim vətənini sevməz ki? Vətənimi müdafiə etdiyimə görə məni bəlkə həbs edəsiniz? Bu ki tam absurddur. Tam məntiqsizlikdir. O ki qaldı ittihamın ikinci tərəfinə, seksə, seks – cinayət deyil, seks gözəllikdir. Möhtərəm hakimlər, bəlkə siz bunun dadını bilmirsiniz, mən məmnuniyyətlə bunu sizə dadızdıraram.

Baş Meydanı qəhqəhə sədaları başına götürdü, Baş hakimlə gənc hakimin də dodaqları qaçdı. Amma yaşlı hakim bərk əsəbi halda səsini qaldırdı:

-Lazım deyil öz əxlaqsızlığınıza bizi də sürükləyəsiniz.

Kim yenə söz altında qalmadı, dedi, cənab hakim, siz qocasınız, yəqin impotentsiniz, amma digər iki hakim gəncdirlər, onların adından danışmayın, onlar, çox güman mənimlə yataq bölüşdürməyi istəyərlər.

Baş Meydanı yenidən qəhqəhə sədaları bürüdü. Baş Hakim də uğunub getdi, öncə onun özünün, ardınca da tamaşaçıların sakitləşməsi üçün xeyli vaxt lazım gəldi. Nəhayət, Baş Hakim mikrofonunu işə saldı:

-Əziz tamaşaçılar, nə qədər etsək də bizim bugünkü prosesimiz bir şou xarakteri aldı, ciddilikdən tam uzaq oldu. Bəlkə  Kim Kardaşyan xanıma Divan bu gün cəza kəsməsə yaxşıdır?

Tamaşaçılar uğuldadılar.

Baş Hakim tamaşaçılar dayanan kimi  üzünü Kim Kardaşyana tutdu:

-Xanım Kardaşyan, məşhur bir olay var, burada da təkrarlandı, siz 2006-cı ildə seks-skandalla ad çıxardınız, ev pornosu biznesi sahəsində Peris Hiltonu belə  ötüb keçdiniz, boyfrendiniz Rey Ceem ilə yataq macəralarınız gizli, onun xəbəri olmadan çəkilib internetin hüdudlarını fəth etdi. Peris bundan şok yaşadı, uzun müddət özünə gələ bilmədi. Sizsə alovlu bəyanatlar verərək sizin yataq səhnənizi paylaşan porno saytları tənqid etdiniz. İndi iş işdən keçəndən sonra sizdən səmimi cavab almaq istəyirəm. Doğrudandamı sizin Perislə seksinizin videoya çəkilməsindən xəbəriniz yox idi? Doğrudanmı bu sizə bəd bir sürpriz oldu? Yoxsa bu da bir erməni priyomuydu?

Kim gülümsədi:

-Əlbəttə ki, erməni priyomuydu. Mən buna həftələrlə hazırlaşmışdım. Düzdür, Rey bundan itirdi, amma mən sonrakı porno aktrisalıq yolumda böyük bir təkan əldə etmiş oldum.

Baş Meydanı yenə uğultu səsləri bürüdü. Baş Hakim yanlarında oturan hakimlərlə xırda bir məşvərət elədi, yaşlı hakimin ara-sıra görünən qəzəbli mimikasının fonunda o özü və gənc hakim gülümsər mimikalarını heç cür yiğişdira bilmirdilər. Tamaşaçılar Kim tərəfə replikalar, suallar yağdırırdılar, o isə heç bir kompleks nümayiş etdirmədən hamını cavablandırmağa çalışırdı.

Nəhayət Baş Hakim prosesi davam etdirdi:

-Əziz Divan üzvləri, çox əziz tamaşaçılar. Erməni xalqını qorxudan 10 səbəbi xatirlayın, günlər öncə proses başlayanda bunları sizə səsləndirmişdik. Bunlardan biri nə idi?  İlahə Anaid kultu. İş ondadır ki, ermənilər xristianlığın qəbuluna qədər İlahə Anaidə səcdə edirdilər, bunu isə Qədim dövr tarixi fahişəlik sanır, İlahə Anaidi fahişəlik rəmzi hesab edir.

Erməni vəkillər və müdafiəçilər bir ağızdan “Biz etiraz edirik” deyə çığırışdılarsa da, onlara məhəl qoyan olmadı. Baş Hakim nitqini kəsmədi:

-Anaid məbədlərində əsl fahişəliyin tüğyan etdiyini qədim kitabələr iddia edir. Erməni qızlar əcnəbi kişilərə bədənlərini satırmış, daha çox bədən satanlar məbəddə yüksək rütbələr alırmış. Ermənilər utanc gətirən bu faktı indi danır, İlahə Anaidi fahişəlik rəmzi deyil, Məhsuldarlıq rəmzi kimi qələmə verməyə çalışırlar. Pornoulduz Kim Kardaşyana isə səcdə gətirir, onu milli sərvətləri hesab edirlər. Qoy Kim Kardaşyan cəza almasın, Əsas dünyaya qayıtsın, öz zərif cüssəsi ilə ermənilərin Anaid kultunu davam etdirməsini dünyaya sübut etməkdə davam eləsin!!!

Bu dəfə tamaşaçılardan gülüş sədaları əvəzinə ani heyranlıq reaksiyası gəldi, ardınca da onlar Baş Hakimin reallığı ən doğru əks etdirən qərarını ayaq üstündə hey alqışladılar.

Kim Kardaşyan bilinmirdi qalib, yoxsa məğlub ədasındaydı, oradakı fanatlarına avtoqraf verə-verə görünməz oldu, tamaşaçılar yavaş-yavaş dağılışmağa başladılar. Beləcə axırıncıdan əvvəlinci proses də bitmiş oldu. Səhərisi gün hamının intizarla gözləyəcəyi proses olacaqdı. Tamaşaçılardan müttəhimin adı gizlin saxlanılsa da, çoxuna bu ad artıq sızmışdı: Zori Balayan!

Özlüyümdə onu da deyim ki, mən müəllif olaraq hətta ən qatı manyakın, seriya qətllərinin müəlliflərinin tökdükləri qana Balayan qədər susamasının indiyədək şahidi olmamışam.

 

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

 

Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar? “Ədəbiyyat və incəsənət” portalı verilən suala yeniyetmə psixoloqu Nəzrin Həşimzadənin cavabını təqdim edir.

 

 

 

* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.

 

* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.

 

* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə  mütləq şəkildə individual yanaşılmalıdır.

 

* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.

 

Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?

 

* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.

 

* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onların sizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun. Zülmkar olmayın.

 

* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.

 

* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.

 

* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, "bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm". Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axdarın.

 

Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar. Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.

 

Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(14.03.2023)

 

 

 

 

Çərşənbə axşamı, 14 Mart 2023 14:00

Dərviş Təbrizlidən “Soruş”

“Ədəbiyyat və incəsənət” portalında “Güney ədəbiyyat poeziyasından poetik seçmələr” rubrikasında Dərviş Təbrizli həftəsi davam edir. Bu gün şairin “Soruş” qəzəli təqdim olunacaq.

 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

SORUŞ

 

Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,

Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.

 

İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,

Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.

 

Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,

Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.

 

Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,

İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.

 

Sən gedən gündən məni görcək pıçıldar qonşular,

Halımı pıç-pıçların içrə qulaqlardan soruş.

 

Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,

Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.

 

Eşqi biz döndərmişik indi ögeylik eşqinə,

Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.

 

Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,

Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.

 

Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,

Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 13:00

Adamı belə əsəbiləşdirərlər!

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Bəsti Cəfərovadır.

 

BƏSTİ CƏFƏROVA

(1959)

***

Mədəniyyət və İncəsənət Universitetində təzə işlədiyim  vaxtlar idi. Mənim kursumda oxuyan tələbələrdən biri yaxınlaşıb:

– Bəsti xanım, eşitdiyimə görə Tofiq İsgəndərovun quruluş verdiyi…

– Adil İsgəndərovun, – sözünü kəsib, düzəliş elədim.

– Hə, hə… Adil Kazımovun…

– Adil İsgəndərovun…

– Hə də, Adil İsgəndərovun quruluş verdiyi və Səməd Rüstəmin…

– Offf, Səməd Vurğunun…

– Üzr istəyirəm, Səməd Rahimin…

– Vurğunun!

– Vurğunun-Vurğunun… Adil İsgəndərovun quruluş verdiyi və Səməd Vurğunun “Kral Lir” tamaşasında…

– “Vaqif” tamaşasında…

– “Vaqif” tamaşasında siz Molla Vəli Vaqifin… arvadını oynamısız…

– Sizin imtahanınız nə vaxtdır?

– Üç gündən sonra. Yəqin ki, mən əla qiymət alacağam.

– Niyə ki? Hər şeyi qarışdırdığın üçün?  O boyda sənətkarların adını düz deyə bilmədiyin üçün?

– Yox, sizi əsəbiləşdirə bildiyim üçün.

– Başa düşmədim. Buna görə adama əla yazırlar?

– Tapşırığı özünüz vermişdiz ki… müəllimi əsəbiləşdirmək, – tələbə gülərək dedi. Mən bunu bacardım…

 

“Ədəbiyyat və incəsənət”

 (14.03.2023)

 

Çərşənbə axşamı, 14 Mart 2023 12:30

Əlizadə Nurinin sevinci axşam gələcək…

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi müəllifi Əlizadə Nuri bu dəfə sizlərə “Sevinc axşam gələcəkdi” şeirini təqdim edir. 

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə “ oğul” dedi

Heç biri anam olmadı.

 

O dağı axsaq çıxardım,

Qaranlıqdan ağ çıxardım…

Bu gecədən sağ çıxardım-

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi…

… Sevinc axşam gələcəkdi-

Gözlədim, axşam olmadı…

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 12:00

“Zeqris Mentos” – Vəfa Mürsəlqızının hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Dərgidə kitabdır, Vəfa Mürsəlqızının prozası ilə tanışlıqdır.

 

 

 

DƏRGİDƏ KİTAB

 

 

Vəfa MÜRSƏLQIZI

 

 

ZEGRİS  MENTOS

 

Sakit iyul gecəsi idi. Havadan iydə ağaclarının iliyə işləyən qoxusu gəlirdi. Şər çoxdan qarışmışdı və hətta gecəyarısına az qalırdı. Buna baxmayaraq, hava işıqlı idi. Adətən, belə gecələrə aydınlıq gecələr deyirlər. Açıq - maviyə çalan gecənin qucağında evlərin aydınca görünən silueti insanı sakitləşdirir, yaxınlıqda adamlar yaşadığından xəbər verirdi. Bakının bu səmtindəki xüsusi evlərdə imkanlı ailələr, adlı-sanlı tanınmış şəxslər yaşayırdı. Yaraşıqlı, irili-xırdalı, səliqə ilə tikilmiş evlər onların içində yaşayanların firavanlığından xəbər verirdi. O uça-uça bir pəncərədən o birinə qonur, maraqla içəridəki adamları seyr edirdi. Bu evlərin bir çoxunun sakinləri hələlik şəhərdəki bina evlərində yaşayırdılar. Bağ mövsümü başlayanda buralara, isti qum və təmiz dəniz qoynuna qaçırdılar. Hələlik isə yəqin ki, sakinlərin çoxu məzuniyyətə çıxmamışdı. Evlərin əksəriyyəti boş idi, səliqəli pərdələri bərk-bərk çəkilmişdi. Bu pərdələrin arxasındakı həyatdan kimsənin xəbəri yox idi. İnsanlar bəzən həyatlarını ömür boyu  belə pərdəli yaşayırlar. Bu pərdələr isə o qədər qalın olur ki, onları çox zaman açmaq olmur. Bir anlıq özü haqda düşündü…

…Zegris menestho fəsiləsinə aid kəpənək. Status. Zaqafqaziya endemikidir. Yayıldığı yer. Naxçıvan  və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər yayılan zonaları. Yaşadığı yer. Dağ kserofitləri ilə örtülü dərə və yamaclar. Sayı. Sabit, azsaylı növdür.

Fikrə getdi. Ay aman, alimlər onu azsaylı növün nümayəndəsi sayırdılar. Əslində isə o, bir dənə idi. Yəni doğrudan da, Zegris menestho növündən idi, amma bu növdən olan yeganə kəpənək idi ki, gecələr də, gündüzlər də oyaq olurdu. Həm də bu cinsdən olan başqa kəpənəklərin ömrü çox qısa olduğu halda, onun ömrü başqalarından uzundur. Bunu dünyaya gəlişinin ikinci günü kəşf etmişdi. Əslində, birinci günün sonu yaxınlaşdıqca ürəyi əsə-əsə ölümünü gözləməyə başladı. Gün bitdi, gecənin qaranlığında başını itirmiş halda uçurdu. İçində sevinc, kədər və darıxmaq vardı. Düşündü ki, bax insanlar, əslində, xoşbəxtdirlər, çünki öz yaşıdları ilə, demək olar ki, eyni zamanda dünyanı tərk edirlər. O isə artıq dünən tanıdığı kəpənəkləri görmürdü ətrafında. Deməli, bir nəsli ötürmüşdü.

Gecənin maviliyi hopmuş qanadlarını çırpdı. Bir pəncərənin önündən keçəndə yarıqapalı pərdələrin arxasında tərpəniş və kölgələr hiss etdi. Yavaşca yaxınlaşıb pərdənin kənarına qondu. Pərdənin kənarı kifayət qədər açıq idi. İçərini rahatca görürdü. Otağın  səliqəli, zövqlu və müasir görnüşü vardı. Amma heç bir şey onunla müqayisə oluna bilməzdi. Tən ortada, qalın, qarışıq rəngli xalının üstündə mavi geyimli bir qadın dayanmışdı. Qadının şərq qravürlərini xatırladan oval çöhrəsi, düz burnu, qaranquş qanadı kimi gərilmiş, uzun qaşları vardı. Qap-qara, uzun, iri qıvrımlı gur saçları şəlalə kimi kürəyinə və sinəsinə dağılmışdı. Uzun, zərif boynu çini sürahıya bənzəyirdi. Bütün incə, uzun boyunu mavi tül paltar bürümüşdü. Tül, əslində, sanki heç bir yerindən iynə və  sapla bənd olunmamışdı. Qadının vücudunun zərifliyi tülün zərifliyindən geri qalmırdı. O rəqs edirdi. Nəsə baletə bənzər, həzin, qeyri - adi lirik bir melodiya altında fırlanırdı. Qarşısındakı güzgüdə özünə tamaşa edirdi. Bədəni də, mavi tül də bir-biri ilə həmahəng şəkildə titrəyirdi. Bu anda qadın zərif bir kəpənəyi xatırladırdı. İkinci kölgə yaxınlaşdı. Cavan, yaraşıqlı bir kişi zərif tül topasına bürünmüş gözəl kəpənəyi qucaqladı. O yavaşca pərdənin arxasında gizləndi. Bu gözəl çütlüyün məhrəm dəqiqələrini nəzərləri ilə faş etmək istəmədi.

                   

***

 

Şəbnəm  yuxudan duranda saat doqquz idi. Fəhmin,  yəqin ki, bu vaxta artıq işə çatmış olardı. Həmişə arzulayırdı ki, səhər durub ərini işə yola salsın, amma hər dəfə də yatıb qalırdı. Fəhmin qıymırdı onu oyatmağa. Özü çaydan, qəhvədən içib gedirdi. Tənbəl-tənbəl gərnəşdi, mələfənin sərin tərəfinə fırlandı. Durub duşa girsəydi, gümrahlaşacaqdı, yuxusu da qaçacaqdı. Amma dərd də elə bu yataqdan durmaq dərdi idi. Şəbnəm aktrisaydı. Özü də az-çox tanınan aktrisalardan. Onu bəxti gətirmiş insanlar qəbilindən saymaq olardı. Düzdü, ata-anası uzaqda yaşayırdı, beş ildi evil olmalarına rəğmən, hələ ana ola bilməmişdi. Amma belə, ümumi planda hər şey qaydasında idi. Fəhminlə ən yaxın rəfiqəsinin doğum günündə tanış olmuşdular. Ərə gedəndə Şəbnəmin iyirmi beş yaşı vardı, yəni uşaq sayılmazdı. Fəhmin də iyirmi doqquzu bitirib keçmişdi otuzuna. Tez dil tapdılar, tez sevdilər, tez nişanlandılar, tez də evləndilər. Hər şey nəsə çox rahat gedirdi, arabir Şəbnəm bu rahatlıqdan qorxurdu da. Hardansa oxumuşdu ki, insan həyatındakı xoşbəxt günlərin bədəlini mütləq əzabla, göz yaşıyla, ayrılıqla ödəməlidir. Ya əvvəl, ya da sonra. Fəhminlə o qədər xoşbəxt, o qədər rahat idi ki, uşağının olmaması belə onun bəxtəvərliyinə kölgə sala bilmirdi. Həyatı başa düşəndən sonsuz qadınların əzabları haqda eşitmişdi. Filimlərdə körpə paltarlarına həsrətlə baxan qadın obrazlarına, sonsuzdan uşaqlarını qoruyan zalım ana personajlarına tez-tez rast gəlsə də, heç zaman özünü o vəziyyətdə, o qəhrəmanların yerində hiss edə bilmirdi. Nə olsun axı, uşağı olmur, olmur da. Cavandır, sağlamdır, əla karyerası var. İmkanlı, onu sevən əri, rahat həyatı var. İnanırdı ki, mütləq uşağı da olacaq, lap olmasa da, gedib bir uşaq götürüb saxlayar. Əsas odur ki, Fəhmin bu beş ildə bircə dəfə də ona uşaq barədə güldən ağır söz deməmişdi. Durub duş qəbul etdi, geyinib-kecindi, işə yollandı. Qapıdan çıxanda adəti üzrə evə nəzər yetirsə də, yataq otağının açıq qapısından görünən abajuru söndürmədiyinin fərqinə varmadı. Abajurun altındakı zərif məxluqu da görmədi…

         …Ekologiyası – Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda – iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir. Tırtılları iyun-iyul aylarında şüvəran bitkisi yarpaqları ilə qidalanır.

 

***

 

Abajurun işığında qanadlarının divara düşmüş kölgəsi elə böyük görünürdü ki. Bir xeyli özünə tamaşa edib ğörünüşündən həzz aldı. Düşündü ki, görəsən, kölgədəki kimi böyük olsaydı, nolardı? Amma bir nəticəyə gələ bilmədi. Axşam yarımqaranlıq otaqda, abajurun mavi işığında rəqs edən qadın elə çox xoşuna gəlmişdi ki... Kaş o qadın onun kimi kəpənək olaydı. O zaman qadını sevə bilərdi. İnsanların sevgisi çox əcaib görünürdü ona. Bu sevgilərdə mütləq təmənna olur, məhdudiyyət olur, şərt olur, bəlkə olur. Amma kəpənəklərin sevgisi qısa, şimşək kimi ani və güclüdür. Onlara sevişmək  üçün nə ev, nə yataq, nə pul lazım idi. Ax, kaş o qadın mavi, gözəl bir kəpənək olaydı.

Şəbnəmin bu gün teatrda məşqi vardı. Kinoya çəkilməyi  teatrda oynamaqdan daha çox sevirdi. Bəlkə də, teatra gələnlərin azlığı xoşuna gəlmirdi. Həm də nədənsə səhnədə özünü naqolay hiss edirdi. Zalda təkəmseyrək oturan adamlar, elə-belə maraq xatirinə gəlmiş cavanlar ona heç vaxt xoş gəlmirdi. O bu sənətə qədəm qoyduğu vaxtdan teatrları belə görmüşdü. Düzdür, vaxt vardı ki, bu səhnədə oynamağı böyük bir səadət  hesab edirdi, amma insan arzuları heç zaman yerində durmur. Bir məqama çatan insan ondan yüksəyinə ucalan kimi öncəki gözündə adiləşir. Kinoya dəvət alanda qorxmuşdu ki, alınmaz. Amma sonra elə bir uğura imza atmışdı ki, uzun müddət hamı ondan danışmışdı. "Hörümçək toru" filmində baş rolu oynamışdı. Həmin filmdən sonra çox rejissorlar onunla işləmək istədilər. Kinoda həm də yaxşı pul vardı. Gün-gündən şöhrət dəlisinə çevrilirdi. Amma insafən, oynadığı rolları çox təbii və gözəl oynayırdı.

Əlvan çətirini açıb səkinin o tərəfinə keçdi. Bir-iki addım atmışdı ki, kiminsə onu izlədiyini hiss etdi. Küçədə, metroda maraq dolu baxışlarla tez-tez qarşılaşırdı. Ona görə də narahat olmadı. Amma adını eşidəndə dayanıb səs gələn tərəfə boylandı. Səkidə yaraşıqlı, cavan bir oğlan dayanmışdı. Oğlan təxminən Fəhmin yaşda olardı. Əynində cins şalvar, ağ, qısaqol kətan köynək var idi. Sarışın, bir az cod və dalğalı saçları sola daranmışdı. Açıq – qəhvəyi gözlərini gün qamaşdırdığından tez-tez qıyırdı. Qız diqqətlə baxıb oğlanı tanımadığına əmin olandan sonra soruşdu:

– Mənimləsiniz? Biz tanışıq?

– Şəbnəm xanım, əlbəttə, sizinləyəm. Minnət qoymaq kimi çıxmasın, düz iki saat otuz yeddi dəqiqədir ki, sizi gözləyirəm.

Oğlanın səsi də, əlləri də titrəyirdi. Həyəcan keçirdiyi bütün vücudundan bəlli idi.

Şəbnəm öz gözəlliyindən xəbərdar olan qadınlar qismindən sayılırdı. Viktor Hüqonun Kozetta haqda dediyi kimi, qadın öz gözəlliyini anladığı an daha da füsunkar olur, fəqət gözəlliyindən bixəbərliyinin cazibəsini itirir. Bu yaşına qədər həyatında çox heyranlara rast gəlmişdi.

Oğlanın həyəcanını gördükcə Şəbnəmi gic gülmək tuturdu.

– Siz niyə məni gözləyirdiniz ki?

– Heç, elə-belə. Yox ey, yəni mən sizin fanatınızam, pərəstişkarınızam. Yəni necə istəyirsiniz, eləcə də başa düşün. Sizin bütün tamasalarınıza gəlirəm. Arxadaca oturub sizi, daha doğrusu, oynadığınız rolları izləyirəm. Son filminizə baxıb – burda oğlan, deyəsən, tərəddüd elədi – ağlamışam hətta. Siz çox gözəl aktrisasınız. Oynadığınız rollar o qədər təbii və füsunkardır ki. Mən söz tapmıram Bu gülləri götürün də, səhərdən əlimdə qalıb.

Oğlan yaylığı ilə alnında puçurlanmış tər damlalarını sildi. Nitqini bitirib qəribə farağat vəziyyəti aldı. Səbnəm bu vaxta qədər heyranları ilə çox rastlaşmışdı. Amma bu qədər qəribə və maraqlı adam ilk dəfə idi rastına çıxırdı. Gül dəstəsini məmnuniyyətlə götürdü.

– İcazə versəydiniz, sizi evə qədər ötürərdim.

– Yox, evə qədər  ehtiyac yoxdur. Mən metro ilə gedəcəyəm. Əgər yolunuz metroya tərəfdirsə, o zaman metroya qədər mənə yoldaşlıq edə bilərsiniz. Amma bir şərtlə.

– Nə şərt?  Nə şərt olsa,  qəbuldur.

– O zaman adınızı deyin, mənim məchül fanatım.

– Hə, çox üzr istəyirəm, bir daha tanış olaq, Şəbnəm xanım, mənim adım Əlidir.

Əli adı kimi sadə və təvazökar görünürdü. Şəbnəm yol boyu oğlanın bitib- tükənməyən təəssüratlarını maraqla dinləyirdi. Qəribə görünsə də, bu oğlan onun hər bir tamaşasını ən kiçik ayrıntıları ilə yadda saxlamışdı. Həmin tamaşa zamanı baş verən bütün detalları elə maraqla danışırdı ki, qadın daxili bir qürur hissi keçirirdi,  həm də təəccüblənirdi. Metroya çatanda əl görüşüb sağollaşdılar.

– Sizə yazmaq olar?

– Harda?

– Sosial şəbəkədə. Mən çoxdandır ki, sizin profilinizi izləyirəm. Maraqlı məlumatlar olur, tamaşalarınızdan, filimlərinizdən parçalar da olur.

– Əlbəttə olar. Buyurun, nə zaman istəsəniz, yaza bilərsiniz.

Evə girəndə bircə arzusu vardı – əynindəki bütün paltarları  çıxarıb qapının kandarına tökmək və duşa girmək. Son günlərdə hava yaman isti keçirdi. Başdan-başa kaşı ilə döşənmiş hamama girib özünü ilıq su şırnağının altına verdi. Günün istisi, rütubəti, görüşləri, ayrılıqları, sevincləri, xəbislikləri suya qarışıb ayaqlarının altına tökülürdü. Hamamdan çıxanda ev artıq sərinləmişdi. İçəri girən kimi kondisioneri qoşmuşdu. Ərinə zəng vurdu, amma çox zaman olduğu kimi, Fəhminin nömrəsinə zəng çatmırdı. Keçib uzandı, gözlərini yumdu. Günortakı heyranı haqda düşünməyə başladı. Beləcə də yuxu apardı onu. Oyananda axşam düşmüşdü. Çox yatmışdı. Son vaxtlar nəsə belə gündüzlər yatmağa adət eləmişdi deyə, gecələr yaxşı yata bilmirdi. Fəhmin zəng vurmamışdı. Özü zəng vurdu. Əri gecdən-gec telefona cavab verdi:

– Yat, məni gözləmə, bu gün mal boşaldırıq. İşim çoxdur.

Bax belə! Ömründə ilk dəfə bir körpəsi olmasını ürəkdən arzuladı. İndi birlikdə yatağa uzamardılar. Körpəsinin sarışın... Niyə məhz sarışn? Əşi, nə fərqi var ey, axır ki, saçlarını qoxulaya-qoxulaya yuxuya gedərdi. İçinə ibtidai bir qorxu doldu. Birdən heç zaman ana ola bilməsə? Onda necə? Onda, görəsən, kimin üçün yaşayar? Əri onu boşayarmı?

Səhər gözlərini açanda ilk gördüyü şey Fəhminin qıvrım, qara saçları oldu. Əri gecə gəlib, yerinə girib yatmışdı. Havanı iylədi, havadan yüngül şərab qoxusu gəlirdi. Qalxıb yuyundu, telefonu açdı. Bu gün ad günü idi. Nəsə ad günlərini çox sevirdi. Özünə qarşı diqqəti, hədiyyələri və sairə təmtarağı xoşlayırdı. Əri də oyandı. Səhər süfrəsində bir kəlmə də olsun danışmadılar. Fəhmin qayğılı idi. Gözlədi ki, indi onu təbrik edəcək. Nəsə deyəcək. Amma görünür, Fəhmin onun ad gününü unutmuşdu. Balaca uşaq kimi son çarəyə əl atdı:

– Bu gün ayın neçəsidir?

– İyirmi altısı. Necə məyər?

– Heç, elə-belə soruşdum. İşə gedirsən? Axşama nə planın var?

– İş çoxdur, Şəbnəm, planım-zadım yoxdur. Elə ofisdə olacam, gecə də ola bilsin ki, gec gələcəm.

Qapı Fəhminin ardınca örtülənə qədər hələ də ümid edirdi ki, ərinin yadına düşəcək. Ya da sadəcə, qəsdən özünü bilməməzliyə vurub. Amma qapı örtüldü. Və ümid də söndü. Sonra fikrə getdi. Eh, dünyada minlərlə qadın var ki, normal həyat şəraiti yoxdur yaşamaq üçün. Güya elə hamının əri ad gününü, bayramları qeyd edir? Telefonu açanda çaşdı, ona tanımadığı bir nömrədən ismarış gəlmişdi. “Şəbnəm xanım, sənət günəşi hər zaman başınız üstə parlasın. Doğum gününüz mübarək! Hörmətlə: Əli” Mat qaldı. Əli onun nömrəsi və ad gününün tarixini hardan bilirdi?.. Səhifəsinə baxdı, səhifənin tam ortasında böyük bir buket vardı. Ad gününü təbrik eləmişdi Əli. Məktubu da vardı. Salam, Şəbnəm, necəsən? Xoş gördük. Sənə dostluq göndərirəm. Əgər mümkünsə, qəbul et.

         Sonrakı günlər hadisələr daha sürətlə inkişaf etməyə başladı. Əli bahar yağışı kimi, payız leysanı kimi, şimşək kimi, nə bilim ey hansısa bir təbiət hadisəsi və ya təbii fəlakət kimi Şəbnəmin həyatına daxil olmuşdu. Aşırı dərəcədə qayğıkeş, hərdən lap zəhlətökən dərəcədə diqqətcil idi. Teatra gül gətirirdi, sosial şəbəkədə səhifəsində  çiçək şəkilləri  paylaşırdı. Tez-tez yazırdı. Şəbnəm artıq Əlidən yorulmağa başlamışdı. Hiss etdiklərindən, yəni bu yorğunluqdan utanırdı. Hər səhər Əli ona uzun-uzadı məktublar yazırdı. Bu məktublar bəzən giley-güzarla, Əlinin şəxsi problemləri ilə dolu, bəzən isə xoş ovqatlı olurdu. Arabir şeir də göndərirdi. Şəbnəm vaxt tapıb cavab yazmayanda oğlan küsür, uzun-uzadı gileylənirdi. Qadın nədənsə bu qeyri-adi fanatının ürəyini sındırmağa qıymırdı. Əlinin təkidi ilə bir neçə dəfə çay evində birlikdə çay da içmişdilər.

Sakit bir payız səhəri idi. Şəbnəm teatra tez gəlmişdi. Bir-iki saat oturub çıxdı, yolun sağ tərəfinə keçib taksi dayanacağına tərəf istiqamət götürdü. Arxadan yeyin-yeyin gələn adamın ona çatıb astaca “Sabahın xeyir” deməsindən  diksindi. Əli idi.

– Şəbnəm, olar səni bir yerə dəvət edim?

– Salam, necəsən, Əli? Hara dəvət edəcəksən ki? Maraqlıdır, sənin ideyaların bitib-tükənmir.

– Karuselə.

– Hara? Deyəsən, uşaqlığın yadına düşüb.

– Nolar, gedək də. Çoxdandır karuselə minmirəm.

– Yox, Əli, getmirəm. Evə gedəcəm. Bu axşam Fəhmin tez gələcək evə. Yemək bişirməliyəm.

– Nolar, gedək də. Qayıdanbaş nəsə alarıq. Məsələn, qril alarıq, hazır dolma alarıq.

– İstəmirəm, Əli. Hazır yemək də almağı sevmirəm.

Şəbnəm artıq hövsələdən çıxırdı. Əlinin tez-tez yazması, onunla belə əcaib görüşlər təşkil eləməyə meylliliyi qızı əsəbiləşdirirdi.

– Əli, uşaq deyilik axı. Belə tez-tez görüşməyimizə də lüzum yoxdur. Dostuq, anlayıram səni, mənim sənətimi sevirsən, özümə hörmət edirsən. Minnətdaram bunlara görə, amma mənim axı səninlə karuselə minən yaşım deyil. Səni anlayıram, subay adamsan, macəra həvəsindəsən. Amma daha gənc, subay bir xanımla əylənə bilərsən.

– Nə əylənmək, Şəbnəm, sən nə danışırsan?

Əlinin gözləri dolmuşdu. Civə kimi oynaşan bəbəkləri gah yerə, gah da qadının üzünə, dodaqlarına, saçlarına tuşlanırdı. İki damla yaş yanaqlarından üzü- aşağı süzüldü.

– Sən məni niyə yanlış anladın? Hə, niyə? Mən məyər səninlə əylənmək istəyirəm? Mən, mən ifadə edə bilmirəm.

Şəbnəm yumşaldı. Əlini incitmək istəməmişdi. Əyləncə sözünü də elə-belə sözgəlişi demişdi. Yəni sətiraltı mənada yox, elə birbaşa mənasında.

– Əli, mən əyləncə dedikdə, həqiqətən də, əylənməyi nəzərdə tutdum. Yəni demək istəyirəm ki, səninlə belə yerlərə getmək üçün həvəsim yoxdur. Daha həvəsli birini tap. İncimək lazım deyil.

– Bilirəm, sən bunu qəsdən edirsən. Məndən bilə-bilə uzaqlaşmaq istəyirsən.

– Niyə? Bu hardan çıxdı? Yox, inan ki, belə deyil. Niyə uzaqlaşıram ki, biz dostuq, tez-tez danışırıq, yazışırıq.

– Elə bilirsən mən hiss etmirəm? O sənə qarşı biganədir. O səni sevmir. Mən isə... Şəbnəm, mən ölümə də gedərəm sənə görə.

Qadın qızardı. Əslində, Əlinin düşüncələrindən bixəbərdir, desəydi, yalan olardı. Elə ilk gündən bu qəribə oğlanda özünə qarşı nəsə bir meyil duymuşdu, amma buna əhəmiyyət verməməyə, görməzdən gəlməyə çalışırdı.

– Yetər! Əli, biz bir-birimizin şəxsi həyatına bu qədər qarışacaq qədər yaxın deyilik.

– Yox, sən qəsdən belə edirsən, çünki sən də məni mən səni sevdiyim kimi sevirsən.

– Nə gicləyirsən sən? Sənin başın xarab olub? Mən evli adamam, ərimi də sevirəm. İndi sənə iki dəfə salam verdim deyə, səni sevmiş oluram?

Şəbnəm arxasına baxmadan özünü taksiyə atdı. Taksinin qapısını ona nəsə deməyə hazırlaşan Əlinin düz burnunun qabağında çırpıb evin ünvanını dedi.

Səhər yuxudan duranda Fəhmin əsəbi və sözlü adama oxşayırdı.

– Nolub?

– Sən de. Sən de nolub. Bu nə məktubdur? Gecə yatmışdın, telefonuna gələn mesajı mən açdım.

Kimdir bu Əli? Xəbərimiz olmayan işlər var, deyəsən. Cavab ver!

– Fəhmin, Əli mənim fana...

Kəlmələr Şəbnəmin ağzında qaldı. Fəhminin vurduğu şillənin təsirindən səntirləyib yatağa yıxıldı. Fəhmin qapını çırpıb çıxdı. Əri gedəndən sonra qadın xeyli ağladı. Sonra telefonu götürüb Fəhmini cin atına mindirən mesajı oxudu.

“Gözlərimin qarası, əzizim, həyatım, dünən səni incitdiyimi bilirəm. Sən taksiyə minib gedəndən sonra güclə özümə gəldim. İstədim ardınca sizə gəlim, o adama başa salım ki, səni sevirəm. Sən də mənə qarşı biganə deyilsən. Amma cəsarət...”

Mesaj burda yarıda kəsilmişdi. Qadın başını əlləri arasına aldı. Dəhşətə gəldi. Uzanıb gözlərini yumdu. Sadəcə, yatmaq istəyirdi. Hər şeyi unutmaq üçün yatmaq.

Qanadlarını çırpıb astaca ona yaxınlaşdı. Qadın yatırdı, elə sakit və rahat görünürdü ki. Amma qaşları çatılmışdı. Sanki yuxuda da nəsə düşünürdü. Qanadlarının ucunu Şəbnəmin göz yaşları qurumuş, nəm yanaqlıarına toxundurdu. Kaş böyük olaydı, çox böyük. Fəhminə qalib gələcək qədər böyük. Kaş çox sevdiyi bu qadını qorumağı da bacaraydı. Birdən qeyri-adı bir şey hiss etdi. Gözlərindən balaca, lap balaca, bir xaş-xaş dənəsinin dörddə biri boyda göz yaşı süzüldü. Ağlaya bilirmiş, demə. Adamlar kimi o da ağlamağı bacarırmış. Adamlar ağlayanda həmişə düşünürdü ki, görəsən, niyə ağlayır adamlar? İndi başa düşdü, demək, adamlar bütün hallarda öz acizliklərindən ağlayırlarmış. Döyən də, döyülən də, əzən də, əzilən də. Sən demə, acizlik çox ağır, böyük, güclü bir şey imiş. Qanadlarını qadının saçlarına sərib sakitcə uzandı.

Bir ay idi ki, Fəhmin evdən getmişdi. Fəhmin Şəbnəmə yox, dedi-qodulara inanmışdı. Şəbnəmin sosial şəbəkəsin qurcalamış, ordan tapdığı hər şeyi dəlil-sübut kimi arvadının gözünə soxub evi tərk eləmişdi. Şəbnəm inana bilmirdi, bütün bunların onun başına gəlməsi əcaib bir hal idi. Əli də bir tərəfdən onun günün qara eləmişdi. Oğlan mütləq bir yol tapır, ona elani-eşq məktubları, gül dəstələri göndərməkdə davam edirdi. Qəribə burası idi ki, Əli ciddi cəhdlə Şəbnəmə isbat eləməyə çalışırdı ki, qadın da onu sevir. Əli bəzən bunu sübuta yetirmək üçün elə dəridən-qabıqdan çıxırdı ki, qadın onun fərziyyələrinə inanmağa məcbur qalırdı. Arada Şəbnəm özünə sual verirdi. Bəlkə, hardasa Əliyə ümid verib? Bəlkə, bir ümidverici baxış, bir təbəssüm, bir eyham olub aralarında? Az qala başına hava gələcəkdi. Həmişə ona inanan, onu anlayan Fəhmin sanki dəyişilmişdi. Evdən getdiyi gün Fəhminin gözlərində gördüyü ilan soyuqluğunu hər dəfə yadına salanda içinə uşütmə düşürdü. Sonradan təhqir olunmuş qadın qüruru ona Fəhminə təzədən zəng vurmağa icazə verməmişdi. Dərd orasında idi ki, heç kimə günahsız olduğunu sübut edə bilmirdi. Ölüm hökmünü gözləyən məhkuma bənzəyirdi. Beynində içindən çıxa bilməyəcəyi əcaib bir boşluq var idi. Bəlkə, Fəhmin ilə münasibətləri qondarma imiş? Bəlkə, Əlini sevir? İtki insan ömrünün ən faciəvi hadisəsidir. Bu, təzə fikir deyil, bunu illər boyu hamı deyib. Amma eşitmək başqa, dadmaq başqa. İtki zəhər kimidir, onu əvvəlcə görür, qoxulayır, sonra dadırsan. O zaman bütün bədəninə hakim kəsilir. İnsan bu  yaşadığı cəmiyyətin bir parçasıdır, fəqət insan həmin o parçası olduğu cəmiyyətin digər fərdini heç zaman sona qədər anlamır. Ən inkişaf etmiş cəmiyyətlərdə belə insanı son həddə gətirən ictimai qınaq var. Bəzən bunu insanların mədəni səviyyəsi ilə ölçürlər, amma bu, düz deyil. Mədəni səviyyə ancaq qınağın dərəcəsini artırıb-azalda bilər, məzmun və struktur isə olduğu kimi qalır. Bəlkə də, qınaq insanların genindədir, mürəkkəb cihaz kimi kodlaşdırılmış insan içindəkini çıxarıb atmaq gücündə deyil. Çünki insana bu xüsusiyyət özgüvən qazandırır.

         Teatrda da dedi-qodu baş alıb gedirdi. Bu cür məsələlərdə həddən artıq köhnə fikirli müdirləri son günlər Şəbnəmlə yaman sərin-soyuq rəftar eləməyə başlamışdı. Şəbnəm başını itirmişdi. Qadın son günlər tez-tez eyhamlı, sözlü baxışlarla qarşılaşırdı. Lakin ən kiçik ehtimalı belə ağlına gətirmək istəmirdi. Bəlkə də, eşidə biləcəklərindən qorxurdu. Amma...

– Şəbnəm, incimə, amma bir söz deyəcəm sənə. Bilirsən axı səni sox istəyirəm.

Ayaqlarını çarpazlayıb kafedəki dəyirmi, qırmızı masanın arxasında oturmuşdu. Qarşısındakı qəhvə fincanının içinə tamaşa edirmiş kimi başını fincana sallamışdı. Amma əslində, heç nə görmürdü.

– Hə, Aytən, bilirəm, de.

– Son günlər dedi-qodu gəzir sənin haqqında.

– Hə? Bəs sən nə düşünürsən bu barədə, yəni nə danışdıqlarını soruşmayacağam, sadəcə, mənə məsləhətin nədir?

– Şəbnəm, sənin də ixtiyarın var kiminləsə münasibət qurmağa. Yəni uşaq deyilsən ki, ola bilər, biri xoşuna gəlsin. Məgər ailədən kənar hiss, bağlantı yaşayan bir tək sənsən? Mən, sadəcə, deyirəm ki, sən bunu elə edə bilər....

– Kəs səsini! Bircə sualıma cavab ver, sən inanırsan danışılanlara?

– Şəbnəm!

– Səninləyəm, inanırsan?

–.............

Qadın hədəqədən çıxmış gözləri ilə qarşısında oturmuş rəfiqəsini süzdü. Heyif, – dedi, – heyif ki, bu vaxta qədər özümü sizə zərrə qədər tanıda bilməmişəm. Xoş getdin.

Günlərin sayını itirmişdi. Vaxt onun üçün qaranlıq quyuda keçirdi sanki. Özünü bu qədər aciz, yazıq bilməzdi. Dözümsüzlüyü onu məhv edirdi. Son vaxtlar teatra da getmirdi. Bülletenə çıxmışdı. Daha Fəhminsiz yaşaya bilmirdi. Ərini nə qədər sevdiyini indi aydınca dərk edirdi. Eybi yox, gedib üzür istəyəcək. Etmədiyi xətaya, səhvə görə ərinə yalvarmağa hazır idi. Verdiyi  qərardan yüngülləşdi. Qalxıb geyindi. Gözü güzgüyə sataşanda diksindi, ikicə ayda  çox  dəyişmişdi. Elə bil ki, qocalmışdı. Üzünə su vurdu. Makiyaj eləmək istədi, amma əli gəlmədi. Qapını çırpıb az qala qaça-qaça həyətdən çıxdı. O tələsiklikdə, təbii ki, tələsik ardınca uçan balaca, zərif məxluqu da görmədi. Yol boyu Fəhminə nə deyəcəyi, necə deyəcəyi haqda düşünür, götür-qoy edirdi. Off, bircə çatsaydı, bu axmaq, bu səfeh ayrılığa, həyatına hardansa gəlib soxulmuş ayrılığa son qoya bilsəydi. Həyəcandan ürəyi bulanırdı. Fəhminin iş yerinə bircə tin qalmış dayandı, qeyri- ixtiyari cibindən güzgü çıxardı. Əvvəllər ərini görməyə gedəndə güzgülənməzdi, özünü arxayın, əmin hiss edərdi. Amma indi elə bil ki, yad kişinin görüşünə gedirdi. Həyatda qəribə təsadüflər çox olur, amma beləsi, yəqin ki, çox az adamın başına gələ bilərdi. Ofisə beş-on addım qalmış Fəhmini gördü. Fəhmin şüşə qapıdan çıxıb yeyin-yeyin yolu keçdi. İstədi ərini çağırsın,  amma elə bil nitqi tutulmuşdu. Eləcə sakit-sakit Fəhminin ardınca gedirdi. Qarşı səkidə hündür, yaraşıqlı bir qadın dayanmışdı. Qadının yanında iki-üç yaşlı bir uşaq vardı. Fəhmin yolu keçib mehribancasına əvvəlcə qadını qucaqladı, sonra uşağı ondan aldı. Lap yaxınlaşanda uşağın qırıq-qırıq ata dediyini eşitdi. İçində nəsə qırıldı, yox, yox, qırılmadı, üzüldü. Bu üzülən nə idisə, ona muncuq dənələri kimi çoxlu ümid düzmüşdü və bu ümidlər içinə, yerə, ayaq altına dağıldı. Özü də bilmədi niyə yerə tərəf əyildi, bəlkə də, dağılmış ümidləri yığmaq üçün əyilmişdi. Amma qalxa bilmirdi. Çünki əyilən onun vücudu yox, qüruru, qadınlığı, mənliyi idi. Kəpənək özünü qadının ağırlığının altına verdi. İpək qanadları ilə onu saxlamağa çalışdı.Və alındı. Qadın dikəldi,  sanki doğrudan da, qanad taxıbmış kimi evə tərəf səmt götürdü. Yalnız divana çatanda qanadları qırılmış kimi yıxıldı.

Arxası üstə çarpayısına uzanmışdı. Həqiqət ortada idi, ərinin başqa ailəsi və hətta uşağı da vardı.Yalnız indi ərinin niyə ondan heç zaman uşaq istəməməsinin səbəbini anlayan kimi oldu. O qadını gözləri önünə gətirdi, müqayisə də etdi özünü onunla. Əlbəttə, o, qadından gözəl idi. Amma o qadının elə bir üstünlüyü vardı ki... Uduzmuşdu, hər şeyini uduzmuşdu. Dəhşət içində ev-eşiyə nəzər saldı. Bomboş idi bu böyüklükdə ev. Yalnız indi filmlərdəki uşaq paltarlarını qoxulayan sonsuz qadınları anladı...

Zegris mentos – nadir kəpənək növü. Sayının dəyişmə səbəbləri. Həvəskar kolleksiyaçılar tərəfindən tutulmasının təmin edilməməsidir. Zəruri  qorunma səbəbləri tutulmamasının tənzim edilməsi...

Qadın divana yıxılanda elə bildi qanadları qopub düşəcək. Heç özünü belə güclü bilməzdi. O boyda yolu bu vücudu daşıdığını düşünürdü. İçində dəhşətli bir yorğunluq vardı. Deməli, insanlar belə imiş? İnsanlar yalançı, xəyanətkar, aclaf imiş. Üzünü qanadları ilə öptdü. Nifrət eləyirdi bu dünyaya. Dəhşətə gəldi, cəmi bir aydı yaşayırdı,  amma yorulmuşdu bu dünyadan,  bəs görəsən, adamlar necə yaşayırlar bunca il? Bezmirlər? Usanmırlar? Mavi işıqlı abajurun altına girdi. Gözlərini yumdu və dərin bir yuxuya getdi. Gözlərini açanda səhər açılmışdı. Evdən səs-küy gəlirdi. Kimsə vurnuxur, ora-bura qaçırdı. Pəncərəyə qondu, həyətdə çoxlu maşın və adam vardı. Maşınların içərisində polis maşını, təcili yardım maşını və Fəhminin gilənar rəngli mersedesi də gözə dəyirdi. İçinə titrək bir qorxu doldu. Qanadları titrədi. Yavaşca uçub o biri otağa keçdi. Ətrafındakı səsi, adamları, ağlayan, danışan kəsləri görmür və eşitmirdi. Gözləri bircə divanda uzanmış Şəbnəmdə qalmışdı. Şəbnəmin əynində o gecə geydiyi mavi paltar vardı. Saçları divanın qoltuqlarından şəlalə kimi döşəməyə doğru axmışdı. Cansız bədəni çoxdan qurusa da, üzü əvvəlki kimi gözəl idi. Bənizi kağız kimi ağappaq olmuşdu. Kirpikləri yanaqlarını kölgələmişdi, sanki yatırdı. Fəhmin bir kənarda dayanıb ağlayırdı. Həsrətlə Şəbnəmə tamaşa eləməyə başladı. Dodaqlarına, saçlarına, qapalı gözlərinə uzun-uzadı baxdı. Bir daha görməyəcəyini bilirdi axı. Dərdin şiddətinə dözə bilmirdi. Başa düşürdü ki, daha yaşaya bilməyəcək. Evdə aləm bir- birinə dəymişdi. Ona görə də heç kim balaca, mavi, zərif məxluqun özünü axşamdan bəri yanan abajurun lampasına çırpdığını görmədi.

Şəbnəmin ölümündən iki gün sonra qəzetlərdə  və saytlarda qəribə başlıqlı bir yazı çıxdı: "Gənc aktrisa ailəsindən kənar yaşadığı sevgisinə görə intihar etdi".

Amma kimsə abajurun altında hələ də cansız bədəni ilə yatan aşiq kəpənəyi tapmadı.

                       

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 9-cu qayda.

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

Əvvəlki qaydalar bunlar idi:

Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci yarımqayda: heç vaxt pulunuzu itirməyin. İkinci yarımqayda: heç vaxt birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

10-cu qayda  “Qətiyyətli olun!” olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

 

 

 

 

Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsi Elm və təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsini keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Azərbaycanda təhsil sahəsində həyata keçirilən davamlı islahatlardan söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, xüsusən, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı görülən işlərdən, qəbul edilən dövlət proqramlarından bəhs edib. O, Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə yerinə yetirilən genişmiqyaslı layihələrdən danışıb. 

İctimai dinləmənin müzakirəsinə çıxarılan “Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə hazırlanması və təkmilləşdirilməsi prosesi barədə məlumat verən komitə sədri sənəddə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapdığını deyib.

Qanun layihəsinin 12 fəsil 55 maddədən ibarət olduğunu bildirən Bəxtiyar Əliyev sənədin əsas parametrləri barədə danışıb. Diqqətə çatdırılıb ki, layihədə ali təhsilin əlçatanlığının, keyfiyyətinin, səmərəliliyinin artırılması, həmçinin idarəetmənin, maliyyələşmənin təkmilləşdirilməsi və ali təhsildə beynəlxalq standartların, innovasiyaların tətbiqi, elm və təhsilin vəhdəti kimi məsələlərin hüquqi bazası müəyyən edilir. 

Sonra Elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsinin geniş müzakirələrinin keçirilməsini təqdir edərək, sənədin kifayət qədər əhatəli hazırlandığını bildirib. Qanunun qəbulunun ali təhsil sahəsinin daha da inkişafında həlledici rol oynayacağını deyən nazir ali təhsilin əmək bazarının müasir tələblərinə cavab verməsi, elmi nailiyyətlərə, yeni tələbatlara uyğun proqramların hazırlanması, təhsil səviyyələri və pillələri arasında sistemliliyin təmini, ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi, akkreditasiya kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

İctimai müzakirədə parlamentin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev, Kamilə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, təhsil ekspertləri Asif Cahangirov və Şahlar Əsgərov çıxış edərək ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi, onların maliyyə dayanıqlığının artırılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması, xarici diplomların tanınması kimi bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər, qanun layihəsi ilə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Elm və təhsil naziri Emin Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətirib, səslənən sualları cavablandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.