Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub Featured

Xəbər verildiyi kimi, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə səfərdədir. Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xanım Emma Nikolsonun budəfəki səfəri də iki ölkə arasında təkcə ticari-iqtisadi münasibətləri deyil, eyni zamanda humanitar sahədə əməkdaşlığın geniş spektrini əhatə edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb, o cümlədən Britaniya Şurasının (British Council) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihə və proqramların əhəmiyyəti qeyd olunub. 

 

Görüşdə Azərbaycanın mədəni irsinin qorunması və dünyaya təqdim edilməsində Böyük Britaniya ilə mədəni əməkdaşlığın əməhəmiyyəti qeyd edilərək, gələcəkdə musiqi, film sənayesi, muzey, heykəltaraşlıq, ədəbiyyat sahələrində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır. 

 

Söhbət zamanı işğaldan azad olunmuş torpaqlarda dağıdılmış mədəni infrastrukturun, eləcə də heykəltaraşlıq nümunələrinin bərpası ilə bağlı ekspertlərin cəlb edilməsi, yeni metodikaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.

 

Qeyd edək ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 2016-cı ildən bu yana Azərbaycana dəfələrlə səfər edib və bu səfərlər zamanı ikitərəfli mədəni əlaqələrə diqqət ayrılıb, Emma Nikolson Bakıdakı aparıcı mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub. Həmçinin xanım Emma Nikolsonun 2020-ci ilin Vətən müharibəsindən sonra ölkəmizə səfərləri əsnasında işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət, otuz ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən xalqımızın mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktları, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə aparılan geniş quruculuq işləri nəzərə çatdırılıb. 2022-ci ildə Emma Nikolson Milli İncəsənət Muzeyinin “Mədəniyyətimizin incisi Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” sərgilərini ziyarət edib. Bu günlərdə, 2023-cü il mayın 25-də isə Böyük Britaniyanın Baş nazirinin nümayəndəsi Londondakı dünyaca məşhur Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan incəsənəti gecəsində iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.