“Ədəbiyyat və incəsənət” portalı Aysel Xanlarqızı Səfərlinin essesini təqdim edir
Bilirsən?
Səninlə danışmağa ele ehtiyacım vardı ki, bu gecə... Başını yastığa qoyar qoymaz yuxuyla qucaqlaşdın... Aldığın nəfəsinin ritmində susmuşam indi ... Ürək döyüntülərinin səsinin fonunda gecəyə yazıram tənhalığımı.
Özümsə nəfəs almağa belə qorxuram, oyanıb yuxumu niyə böldün deyib hirslənməsin gecə...
Nədənsə bu gecə özümü anlatmaq istəmişdim. Çox çarəsiz olduğumu. Guclə ayaq üstə dayandığımı. Amma danışmağa qorxuram, hirslənərsən, yenə başladı deyərsən .
Uşaq olanda da valideynlərimiz eynisini edərdi bizə. Səbr etməzdilər, danlayıb, məsləhət verib eyni şeyi təkrar etməməyimiz üçün bizə son xəbərdarlığını edərdilər. Bəzən ağrısam da, yaxşı olmasam da yalandan yaxşıyam deyib öz içimdə qovrularaq boyutməyə davam edərdim kicik zədələrimi, travmalarımı.
Rayondakı evimizdə yataq otağımızın pəncərəsi küçəyə baxırdı, gecəyarı küçə itlərinin səs-küyündən qorxub isti yatağımda buza dönərdim, ürəyim ağzımda elə bərk doyunərdi ki, zənn edərdim qopub yerə düşəcək... Cəsarət edib ata-anamın yatağına gedə bilməzdim. Hec vaxt da məni qoynuna almazdılar. Sonra özüm bu qorxuyla baş etməyə çalışdım, oxuduğum kitablardakı diqqətimdə qalanlar köməyimə çatdı, əsər qəhrəmanları kimi güclü olmağa çalışdım, çox uzun zaman sonra bu qorxunu yensəm də, hələ də anidən itlərin hurüşməsini duyanda anlıq da olsa eyni hissləri yaşayıram.
Sovet yeni dağıldıqdan sonra yaşadığım şəhərdə işıqlar da tez - tez sönərdi, mən universitet imtahanlarımı xəfif neft qoxusu verən lampa işığında qazanmışam, bir də böyük mətbəximizdə bir kənarda qurulan odun sobasının içindəki oduncaqların çırtıltısının səsində, sobanın üstündə yorğunsansa dur bir çayımı süz, iç deyən çaydanın fısıltısında...
Gecələr işıqlar anidən sönəndə yuxudan ayılıb hər tərəfi qaranlıq görsəydim böyük qız olmağıma rəğmən qorxub lampanı yandırması üçün anamı çağırardim. O an elə hiss edərdim ki, gözlərim kor olub, ətraf qaranlıqdır .
Hə... Demək istəyirəm ki, mən lap kiciklikdən böyük olmağa çalışmışam, öz ağrılarımı, qorxularımı, travmalarımi kimsə kömək etmədən özbasına həll etməyə alışmışam.
İndi də yaxşı olmayanda qorxudan yaxşıyam dediyim kimi...
Bilirəm ki, yardım etmək yerinə sən də hirslənəcəksən, anam kimi, atam kimi... Əslində haqlısan, mənim bu axmaq kaprizlərimi çəkmək məcburiyyətində deyilsən ki.
Ən çox nə zaman üzülürəm, bilirsən??
Sənə ehtiyacım olduğu o anda qəzəblənmək yerinə bəzən etdiyin kimi, gəl sarıl mənə, ağıllı qızım ol, desən, bir bilsən ağrılarım necə yüngülləşər. Kövrəlirəm, içimdə güvən ağacı yarpaqlaşır, yaşama həvəsi oyanır, havam günəşli olur, əsl yaz havası kimi.
Səninlə bu gün çox şey danışmaq istəmişdim, bəlkə ən mənasız bir xatirəmdən başlayıb ən duyğusal anıma qədər yol gedəcəkdim yaddaşımda. Bəlkə sənə darıxdırıcı olacaqdı, mövzunu bir başqa şeylə dəyişib yat, deyəcəkdin... Bilmirəm ki...
Nəfəsinin yaratdığı yuxu balladası arasında iki dəfə oyanıb, niyə yatmırsan dedin, bir dəfə də səni sevirəm sözünü... Yuxulu nəfəsindən bal kimi axıb töküldü sözlərin... İxtiyarsız kirpiklərim də tutub saxlaya bilmədiyi bir neçə göz yaşlarımı yanaqlarıma damcılatdı. Bir anlıq, nolar, yatma, oyan, sənə ehtiyacım var demək istədim... Küçə itləri məhəlləmizdə hürüşürlər, yenə işıqlar sönüb, neft lampasını gətirən yoxdu, elə bilirəm gözlərim kor olub, ətrafdakı qaranlıqdan qorxuram, demək istədim...
Bu gün əslində nə qədər sənsiz olduğumu da ayrıca demək istədim, nələr, nələr paylaşmaq istədim ...
Bütün dərdlərimlə sənə yükləndiyim üçün mənə acıqlanma. Mən çox - çox uzun illərdir ki, təkliyimi və ağrılarımı paylaşmaqdan məhrumam. Otağımdakı cansız əşyalar belə halıma acıyacaq durumdadır...
May yalqızlığı var gecədə... Sən şirin bir yuxunun qolları arasında bütün bu duyğularımdan xəbərsiz, başqa bir ölkənin saat fərqiylə sabahı qarşılayarkən mən günəşi Allah babanın otağıma gətirdiyi neft lampası kimi qarşılayıb rahat bir nəfəs alacam bəlkə də...
Yəqin ki, mənimçün də yenə sabah açılacaq. Ölüm qoxulu yuxularımı kirpiyimdə yuyub sıxıb yenidən yarım canımla yeni günə başlayacağam. Bir gün əllərimdən tutub məni özünlə apararsansa neft qoxulu lampanı da, odun sobasının külək əsərkən nəfəsimə doldurduğu o acı tüstünü də, qulağımdakı köpək sürüsünün qorxulu səslərini də, qorxub sübhədək yata bilmədiyim o gecələrdə məni ovudacaq kimsəm olmadığını da qoynunda unuda bilərəm...
Nəfəsin çox uzaqlardan qulaqlarıma dolduqca yuxu gözlərimi göynətməyə başlayır...
Hələ də bir ana kimi keşiyini çəkirəm, qəlbimin dərinliklərində oxuduğum layla yastığımı isladır.
Çox gecdir, bir neçə saata səhər açılmalıdır, xəyalına sarılıb yuxulamaga çalışacağam ...
Gecən xeyrə ...
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)