Stokholmda Əməkdar incəsənət xadimi, şair, dramaturq Baba Vəziroğlu ilə görüş keçirilib.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilən tədbir, bu ölkədə fəaliyyət göstərən İsveç Azərbaycan Dərnəyi (SAF) diaspor təşkilatı və Stokholm beynəlxalq media qrup tərəfindən təşkil olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən SAF təşkilatının rəhbəri Sevda Dadaşova və Azərbaycanın İsveç Krallığındakı səfirliyinin müşaviri Cavanşir Məmmədov ölkəmizin azadlığı, ərazi bütövlüyü və inkişafı uğrunda apardığı mübarizə, bu mübarizədə əldə olunmuş uğurlar barəsində danışıblar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yeni tarixi və inkişaf yolundakı danılmaz yeri barəsində ətraflı danışan natiqlər Prezident İlham Əliyevin bu siyasətin layiqli davamçısı olduğunu bildiriblər.
Daha sonra görüşdə, şair Baba Vəziroğlunun həyat və yaradıcılığı barədə məlumat verilib.
Ardınca çıxış edən Baba Vəziroğlu Stokholmda olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizin tarixi, qət etdiyi uzun və keşməkeşli yol barədə fikirlərini bölüşüb. “Sən elə bir zirvəsən” şeirini oxuduqdan sonra, yaradıcılığı ilə bağlı fikirlərini bölüşən şair, həm də Heydər Əliyev fenomeninin Azərbaycan tarixindəki yeri barəsində ətraflı danışıb.
Görüş, diaspor nümayəndələri ilə fikir mübadiləsi, konsert proqramı və Stokholmda fəaliyyət göstərən “Qarabağ” rəqs qrupunun çıxışı ilə davam edilib.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)