Super User
Hümbət Həsənoğlunun aforizmləri
“Ədəbiyyat və incəsənət” portalına statusman Hümbət Həsənoğlu yeni
aforizmlərini təqdim edib. Buyurun, tanış olun:
1)“Boş şeydir” dediklərimizin çoxu sonradan “dolu” çıxır.
2)Xoşbəxtlik sözləri yalnız iki addan ibarət olan romandır.
3)Həyat həndəsə deyil, iki nöqtə arasındakı ən qısa məsafə düz xətt olmaya da bilər.
4)İnsana hamı kimi olduğunu yadına salan ən yaxşı yer növbədir.
5)Bekarçılıq bədbəxtliyin giriş qapısıdır.
6)Bağrına basıb öldürmək insanların qədim adətidir.
7)Keçmişi xatırladığın zamanlara “indinin” vaxtını sərf etdiyini unutma.
8)Xarakter paltarlı bədən kimidir, paltarı göstərməyiniz adətən kifayət etməlidir.
9)Kasıb olmaq qəbahət deyil, ucuz olmaq qəbahətdir.
10)Pulun varsa, fəsillərin ardıcıllığını özün müəyyənləşdirə bilirsən.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Nizami Gəncəviyə həsr olunmuş tamaşa Özbəkistan səhnəsində
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təcəssüm etdirən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistan Respublikasının ən qədim şəhərlərindən olan Səmərqəndin Vilayət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhram Safoyev, baletmeysteri Mədinəxan Erqaşeva, rejissor assistenti Anabibi Mardiyevadır.
Tamaşada əsasən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin və Müslüm Maqomayevin musiqi əsərlərindən istifadə olunub.
Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Ümumilikdə səhnə sərindən (Əlişir Nəvai – Fərid Rəsulov, Afət – Gözəl Qurbanova, Memar Əcəmi – Özbəkistanın Əməkdar artisti Bəhram Rəhimov, Qızıl Arslan –İsgəndər Sultanov, Dərbənd əmiri Bəybars – Özbəkistanın Əməkdar artisti Solican Xakimov, Gəncə əmiri Fəxrəddin – Hayat Həmidov, Nüşabə –Gülüstan Cabbarova, İsgəndər Rumi – Azad Qurbanov, Şirin – Çəraz Mardanova, Xosrov – Curabek Yarkulov, Sultan Səncər - Abdulaziz Toştemirov, Qarı - Özbəkistanın Əməkdar artisti Zuxra Turğunbayeva, Leyli – Farangiz Narbayeva, Məcnun – Xurşid Baratov, İsgəndər (Nizami Gəncəvinin şagirdi) – Turdımurad Xudayberdiyev, Müzəffəri – Əlican Həsənov) 35 nəfərlik bir heyət iştirak edir.
Səmərqənd Vilayəti Musiqili Drama Teatrının səhnəsində təmir işlərinin tamamlanma müddəti növbəti aya qədər uzadıldığına görə tamaşaya martın 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilin. Daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak ediblər.
Nizami Gəncəvi dühasını təcəssüm etdirən bu maraqlı səhnə əsərinin özbək tamaşaçıları üçün böyük töhfə olduğunu dilə gətirən mütəxəssislər müəllifə və yaradıcı heyətə minnətdarlıq bildirib, bu uğurlu sənət nümunəsi üçün onları təbrik ediblər.
Tamaşanın premyerasının martın 11-12-də keçiriləcəyi gözlənilir. Səhnə sərinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində də nümayişi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
“Əsgərə güllədən oxumazlar, gözələ güldən...” – Aygün Bağırlı Akif Səməd yaradıcılığı barədə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tribuna rubrikasıdır,Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı mərhum şairimiz Akif Səməd yaradıcılığından bəhs edəcək.
TRİBUNA
Aygün BAĞIRLI
“ŞAİRDƏN ADAMA QUL OLMAZ AXI”
Akif Səməd özü seçmə şeirlərindən ibarət kitablarının birində şeirlərinin mövzu və janrı haqqında yazır: “Bütün mövzuların sərhədləri şərtidir. Ən saf sevgi şeiri elə Şuşa şeiridir. Təbiət şeiri də məhəbbət mehidir. Əsgərə güllədən oxumazlar, gözələ güldən...
Janr üzrə də çinləmədim: qoşmalar, gəraylılar, divanilər... məncə, qoşmanın qoşma, gəraylının gəraylı olduğunu saz bilər, siz bilərsiniz”. Amma Akif Səmədin özünün janr və mövzu baxımından təsnif etmədiyi şeirlərində bir ana xətt, bir hakim mövzu mövcuddur – ağrı mövzusu. Bu ağrı nədən qaynaqlanırdı, səbəbi nə idi? Əgər bir səbəbi müstəqilliyini yeni əldə etmiş Azərbaycanın keçid dövrünə xas ictimai-siyasi, sosial çətinlikləri, xüsusilə Qarabağ nisgili, Təbriz və Savalan ayrılığı, dövrün poeziyasında dəb olan kədər və ölüm mövzusuna meyillilik idisə, bir səbəb də şairin narahat daxili aləmi, bir nigaran ovqata sahib olması idi. Onun şair obrazını bu qədər kədərli və ələmli edən, eyni zamanda cavan ikən müdrikləşdirən, şeirlərinə bədbinlik və nisgil yükləyən dərdlərinin çoxluğudur.
Dərdlərimiz qatar-qatar,
Fil çəkəmməz, dəvə yatar,
Nə əl yetər, nə ün çatar,
Tanrının yeri ucada.
Akif Səməd üçün şair olmaq şeir yazmaq deyil, şair olmaq “ölüb dirilməkdir”, “ürəyi oymaqdır”, “günləri saymaqdır”.
Öz dərdimi bölürəm,
Öz dərdimə gülürəm.
“Araz” – deyib, ölürəm,
Qardaş, mən şeir yazmıram.
Akif Səmədin lirik “mən”i dərdlərinə güləcək qədər böyükdür, özünə şair deməyəcək qədər təvazökardır. O, dərdlərindən şikayət etmir, tikanı güldən, dərdi dərmanından gözəl hesab edir. Bu artıq şeirdə sufi mərtəbəsidir, şairliyin dərviş cilvəsidir. Ölümü dərdinə dərman bilən şairin maddi olanı heç saymasıdır.
Yaşamaq gor əzabıdır,
Ölüm, qurtar gordan məni.
...Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədir.
Şairin sırf təbiət, yaxud sevgi və vətənpərvərlik mövzusunda yazılmış şeirini tapmaq çətindir. O, hansısa təbiət hadisəsindən danışanda da ona fəlsəfi-psixoloji anlam yükləyir. Vətənin hər daşı, çiçəyi, çeşməsi nəinki onun üçün dəyərlidir, əzizdir, həm də müqəddəsdir, sirlidir. Yovşan ətrinin izi onu tarixə, türkün keçmişinə aparıb çıxara bilir.
Şair özü şeirlərini janr və mövzu baxımından təsnif etməsə də, şeirlərinin özündə poetik dünyasının çərçivələrini, haradan yola çıxdığını, sözünün haradan, hansı qaynaqlardan şirə çəkdiyini açıqlayır:
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan
İzimə yol gedirəm.
Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə.
Nəsimi, Yunus Əmrə
Sözümə yol gedirəm.
Daşda bitən kolmuşam,
Öz-özümü yormuşam.
Özümdən yol almışam,
Özümə yol gedirəm.
Yaxud:
Quşdum, dimdiyimdə təzə dən gəlləm,
Füzuli istəyən sözə tən gəlləm,
Gedib bu dünyaya təzədən gəlləm,
Onun açığına,
Sənin xətrinə.
Göründüyü kimi, “özümə yol gedirəm” – deyən şair bu yolun başında Yunis Əmrənin, Nəsiminin, Füzulinin dayandığını bəyan edir. Uzun yol keçən, XX əsr Azərbaycan poeziyasında öz ozan-aşıq-şair obrazını yaradan Akif Səməd dahi sələflərinin yaradıcılığından hikməti, müdrikliyi, ali kədəri, sözə ehtiramı əxz etmişdir. Onun üçün sözün dəyəri böyükdür.
Akif Səmədin yaradıcılığında folklordan, xalq ədəbiyyatından gələn ifadə və ibarələr, bədii təsvir vasitələri onun şeirlərinə məna dərinliyi, xüsusi lirizm və poetiklik, bəzən də yumor hissi yükləyirdi. “Korun-korun tüstülədim”, “göy kösöyü yelpikləyən küləklər”, “Ərzurumun gədiyi”, “isinməz oduna”, “aç qapını, ört qapını”, “od olmasa, tüstü çıxmaz” kimi xalq deyimləri şairin yaradıcılığına bir rəng qatırdı. O, folklor elementlərindən yaradıcı şəkildə istifadə edir, onları öz mətninin içində əridərək yeni funksionallıq aşılayırdı. Həm ümumtürk və Azərbaycan folkloruna, həm klassik şərq şeirinə yaxşı bələd olan şairin əsərlərində bəzən ozan və sufi şair obrazı da görünür. “Bəlli və sirr olanlar”, “qırxıncı qapı”, “yetmiş yeddinci qat”, “Mən məni harda itirdim?” kimi ifadələr şairin poetik leksikonuna məhz sufi ədəbiyyatından gəlirdi.
Çox odlara bir qurulu binəyəm,
Gələn oxa tuş dayanan sinəyəm,
Füzuliyəm, Vidadiyəm, ya nəyəm,
Hardan tapdım dürlü-dürlü odları –
deməklə şair, dərdli sələflərini də yad edir, ağrı və iztirabların ona sanki həmin söz ustadlarından yadigar qaldığını xatırladırdı.
“Şuşaya gedə bilmirəm” şeiri müəllifin Qarabağ acısını, torpaq itkisini, Vətən həsrətini ifadə edən ən yaxşı əsəridir. Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm – deyib səssiz fəryad edən şair “Şuşasız evim ev deyil” – deyirdi.
Türk olmaq günahmı oldu?
Günahkar Segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.
Şair bu böyüklükdə dərdi çəkənin, ağrılara dözənin özünün, yoxsa divin olduğunu sual edir. Türkün kimliyinin tarixə görk, dözümünün möhkəm, səbrinin bol olduğunu söyləsə də, sonda “Şuşaya gedə bilmirəm” – deməklə şeirə qüssə dolu nöqtə qoyur.
“Kəlbəcər qayıtsın” şeiri də şairin Qarabağ mövzusunda yazdığı şeirdir. “Kəlbəcər qayıtsın” – deyənlərə “Kəlbəcər hara qayıtsın, Kəlbəcərə biz qayıdaq”- deyərək sinələrdə köz sönməmiş, ruhumuz köləyə, qula çevrilməmiş, qaraçıya dönməmiş, şorana öyrəşməmiş bacardıqca yurd yerinə tez qayıtmağı vacib sayırdı.
Akif Səmədin nəfsi tox olan poetik “mən”i mövqe, vəzifə, yüksəlmək üçün dava edənlərdən, bir-birinə tor quranlardan uzaq dururdu. Hətta yüksəlmək üçün xəyanət edən “dostlar”ı anlamır, belələrinin sayəsində həyatdan inciyirdi.
Kənddən arzularının arxasınca “könlü havalı” gələn bir çox söz adamları kimi, Akif Səməd də əsərlərində şəhərlə kəndi müqayisə edirdi. Səməd Vurğunun “Of... bu şəhər bir bəla, Ruha zəhərli bir su...” misralarını epiqraf seçən şair divarları qara, adamları boz, gəlmə ağacları il boyu yaşıl, saxta çiçəkləri qoxusuz, çilçıraqların əlindən səmasında ayı, ulduzu görünməyən şəhərdən şikayət edir, kənddə hər quşun yuvası olduğu halda, burada insanların yuvasızlığını ürək ağrısı ilə vurğulayır, özünü, “havalı könlü”nü hər işi ütülü, əndazəli şəhərə yaraşdırmadığını, baş götürüb yurd yerinə – İncəliyə getmək istəyini də gizlətmirdi. Şairin bir şeirində kənddə bir gözəlin arzusu, “bir qom bənövşə”nin ümidi olan bulud su olub hopmağa torpaq tapa bilmir. “Tanıdım o buludu” – deyən şair, əslində, buludun simasında özünü təsvir edir və mələklərin şəhərə gətirdiyi o buludu küləklərin heç vaxt kəndə apara bilməyəcəyinə təəssüflənir. Şəhərdə qəlbi gözdən oxuyanların yoxluğundan şikayətlənən şair bir vaxtlar otlu cığırlardan dəmir yollara boylandığı üçün özünü qınayır.
Burda oxudullar quşu qəfəsdə,
Sənin bu yerlərdə nə ölümün var?
Burda ki satılır bənövşə qomla,
Sənin bu yerlərdə nə ölümün var?
Bütün yaradıcılığı boyu İncəli şairin əsərlərində gözünü yolda qoyduğu, həsrətiylə yaşadığı, ayrılığı nisgilə çevrilən bir yurd yerinin obrazı kimi görünür. Onun üçün hansısa kürsülərə layiq görülməmək faciə deyildi, şair üçün qorxulu olan doğma İncəlinin onu unutması, bir gün xatırlamaması olardı.
Akif Səməd “40 yaşın qıfılbəndi”, “40 yaşın qoşması”, “Ömrün bayatısı”, “45 yaşın şeiri” kimi avtobioqrafik şeirlərində, bir çox əsərlərində olduğu kimi, öz poetik dünyasını təqdim edir. “40 yaşın qoşması”nda sirlər gözəl, gizlinlər gözəl, qonşu bağındakı alma gözəl, “gedə bilmədiyim o yerlər gözəl” – deyib görmədiklərinin sehrli və sirli olduğunu düşünürsə, sonuncu şeirlərindən olan “45 yaşın şeiri”ndə hələ çox şeyi – quruyub adam gözləyən dar ağacını, göy vələsi, dağdağanı, dağ başında “qara xaçı” təzə gördüyünü yazır.
Şairdən adama qul olmaz axı, – deyən şair sözdən başqa, haqdan başqa heç nəyə, heç kimə qul olmadı. Dərd var – bayatı dedirdər, dərd var – söz eləmək olmur. Bayatı dedirdən dərd miqyasca böyük olandır, əslində. Amma bundan böyük dərd də var ki, şair susur onun qarşısında, əlində qələm, qarşısında kağız olsa da, ondan söz etmir. Başqa bir şeirində yazır: "Dərd deyərəm, dilə gəlməz, sözlük deyil". Akif Səmədin sözə gəlməyən dərdlərinin çoxluğu idi şeirlərinə sirrqarışıq kədər çökdürən.
Müəllifin dünya haqqında şeirləri də çoxdur. Şeirlərinin birində dünyanın hər üzünü yaşadığını, sandığın da, sirrin də onun olduğunu söyləyir. Amma şair dünyanın nə qədər acı üzünü görsə də, ondan şikayət etmir. Sanki dünya özü bu ərki vermir şairə. Hər yerdə yerini bilən lirik “mən” – atan deyil, anan deyil, dünya sənin nəyindi ki? – məşhur sualı ilə, mənəvi toxluq və zənginliklə dünyanın onun üçün yad olduğunu qəbul edir. “Kasıbı yorğun, yolçusu fağır, bəyi atlı” olan dünyaya söz deməyə lüzum görmür. Amma bir şeirində, əslində, dünyanın da özünün kim olduğunu, aşiqlərin mərtəbəsində dəyərinin qədərini gözəl bildiyini yazır:
Qəlbində baş əyir ulu sevgiyə,
Baxma ki, özünü əyməz bu dünya.
Məcnunun gözündə, özü də bilir,
Leylinin telinə dəyməz bu dünya.
... Çox da ki, şimşəklər haqqa şığıdı,
Bu qanlar, qadalar haqq yaraşığıdı,
Akifə oxşayıb, haqq aşığıdı,
Ulu sevgiləri söyməz bu dünya.
Sevgi Akif Səməd üçün dəyərli mövzudur. Çox az – bir neçə şeirində konkret bu mövzudan yazsa da, ümumi yaradıcılığında sevgi şair üçün müqəddəs və ülvi duyğudur. "Sevgidə Tanrı var, Tanrıda mən varam" – deyən, Sevgilisi işıq olan, qaranlığa uduzarmı? – yazan şair üçün eşq Tanrının, işığın özü deməkdir. Bu mövqe əsrin əvvəlində, – Mənim Tanrım gözəllikdir, sevgidir – deyən Hüseyn Cavid fəlsəfəsinin əsrin sonunda başqa cilvədə qarşımıza çıxmasıdır. Sevməkdi günahım, vallah, büsbütün "Siz məni elə bu günaha bükün" – deyib özünün bu müqəddəs günaha bükülməyini vəsiyyət edir şair.
“Hər kəsə qismətmi düyməsi yanmaq?”, “Qardaş, ölüm nəmənədi?”, “Dünya sənin nəyindi ki?”, “Gəlməyəsən, neyniyəsən?”, “Sənin bu yerlərdə nə ölümün var?”, “Gördüyün hansı Süleyman?” – kimi bədii suallar Akif Səməd poeziyasına fəlsəfi dərinlik və məna yükləməklə yanaşı, eyni zamanda leksikonunu zənginləşdirmiş, ifadə tərzinə və üslubuna xalq şeirinə xas şirinlik gətirmişdir. “Akif Səmədin şeirləri öz dilinin saflığı, heyrətamiz təmizliyi ilə də seçilir. Xalqdan gələn təbii yumor, idiomatik ifadələr, atalar sözləri və məsəllər, inanclar və hər şeydən əvvəl klassik aşıq şeirinin solmayan, saralmayan bədii təsvir vasitələrinin yeni məzmunla qaynayıb-qovuşması onun şeirlərində duru çeşmədir. Əgər belə demək mümkünsə, burada ozan şeiri mədəniyyətini və estetikasını bütünlüklə izləmək olar”.
Arzularına əlinin çatmadığını, öz durna qatarına, istəklərinə həmişə gecikdiyini, əyri işlərdə əli olmadığından zəmanə adamlarının onu heç saydıqlarını şair şikayət etmədən, bədbinliyə qapılmadan, həm dərdin, həm ölümün üzünə gülümsəyə-gülümsəyə, “şahanə dərvişlik”lə oxucusuna ərz edirdi.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Opera studiyasında “Primanın irsi” filmi nümayiş etdiriləcək
Bu gün Bakı Musiqi Akademiyasının Opera studiyasında “Primanın irsi” sənədli filminin ilk nümayişi olacaq.
Tədbir Azərbaycanın birinci balerinası Qəmər Almaszadənin anadan olmasının ildönümünə və Azərbaycan Milli Teatrının 100 illiyinə həsr olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Samir Səmədovdur.
Sənədli film ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığı, onun ən istedadlı yetirmələri, Azərbaycan baletinin əfsanəvi primalarından bəhs edir. Tamaşaçılar ilk dəfə Almaszadənin yetirmələri – təkrarolunmaz balerinaların iştirakı ilə müxtəlif illərə aid unikal kadrları görəcəklər.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
“Azərbaycanın görkəmli şəxsiyyətləri: Vilayət Quliyev”adlı biblioqrafiya nəşr edilib
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib.
Təqdim edilən biblioqrafiyada 1969-2022-ci illəri əhatə edən zəngin material toplanıb. Vəsaitdə “Vilayət Quliyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında” bölmələri, siyasətçinin elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, həmçinin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Kitabxana gəncliyi narkotiklərdən uzaq durmağa çağırır
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Müasir gəncliyi narkotik vasitələrə meyillilikdən qoruyaq" adlı müzakirə təşkil edilib.
Kitabxananın məlumatına görə, kitabxana direktoru Aslan Cəfərov müasir gəncliyin Azərbaycanın sabahı, gələcəyi olduğunu, eləcə də dövlətin, millətin, xalqın gələcəyinin sağlam və etibarlı gənclikdən asılı olduğunu bildirib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin narkomanlığa, həmçinin narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan etməsindən və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, eyni zamanda narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar təşkil edilən mədəni-kütləvi tədbirlərdən, sosial aksiyalardan və onların müstəsna əhəmiyyətindən danışıb. Müasir gəncliyi pis vərdişlərdən, narkotik vasitələrdən istifadədən çəkinməyə, sağlam həyat tərzinə, elmə, maarifə meyil etməyə çağırıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğunu söyləyib. O, gənc nəslin sağlam ruhda tərbiyəsinin dövlətin və cəmiyyətin əsas vəzifəsi olduğunu bildirərək, Respublika Gənclər Kitabxanasında bu mövzuda həyata keçirilən tədbirlər, layihələr, hazırlanan materiallar, eləcə də kitabxananın fondunda narkomaniya və onun faciəvi nəticələri mövzusunda qələmə alınan bədii ədəbiyyat nümunələri haqqında geniş məlumat verib.
Tədbirdə iştirak edən tələbələr narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və digər mövzularda çıxış ediblər. Narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi, ailə və çevrənin məsələyə məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular da müzakirə edilib.
Tədbirin sonunda kitabxanada açılan “Narkomaniya-dövrün bəlası” adlı ənənəvi kitab sərgisinə baxış keçirilib.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
“Qozbelin son duası” –Bahəddin Salmanın hekayəsi
SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Bahəddin Salman
Bahəddin Bahadur oğlu Salman 1988-ci ilin 11 noyabrında Bakıda doğulub. Ali təhsillidir. İxtisası Teatr rejissorluğudur. Dövri mətbuatda – “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı,” Kaspi” qəzeti, “Kaspi”, “Manera.az”,”AYB.az” saytlarında, “Ədəbiyyat və İncəsənət” portalında hekayələri çap olunub.
OZBELİN SON DUASI
hekayə
Aynadakı əksim mənə ötkəm, qətiyyətli adam kimi görünürdü. Qorxu deyilən bir şeyi, elə bil, unutmuşdum. Həyatın dolanbac yollarının addımlarımı nə vaxtsa zəiflədəcəyi vecimə də deyildi. Uşaqlıqdan bəri daim mənəvi gücümü tükədən qış fəslinin yağışa bulaşmış həyasız tufanı, havanın tutqun rəngi ilk dəfəydi ki, məni yora bilmirdi. Barmaqlarımın arasında bıçaq kimi fırlatdığım məktubu burnuma yaxın tutub dərindən qoxladım və sonra, - "İnsan özü üçün lazım olan hər şeyi öz gücünə etməlidir!" - deyə inamla pıçıldadım. Bu sözlərdən gücüm bir az da artdı. İxtsasca vəkiliydim və dövlət qulluğuna verdiyim imtahanın nəticəsinə əsasən işlə təmin olunmuşdum. Zərfin içindəki bu xəbər o qədər dəyərliydi ki, ömrüm boyu nifrət etdiyim eybəcər burnumun məktuba uğursuzluq qatacağını düşünüb, onları bir-birindən tez araladım. Axşamdan hazırladığım çemodanımı da götürüb, evdəkilərin xoş dualarıyla Bakı qatarına mindim və yola düzəldim. Yol boyu işimlə, onun mənə bəxş edəcəyi imkanlarla bağlı saysız-hesabsız xəyallar qururdum. Peşəmi o qədər çox sevirdim ki, hansısa kənar qüvvənin xoş ovqatımı poza biləcəyinə inanmırdım. Məsələn, biri elə uzundraz, yekəpər, sızanaqlı üzü, seyrək saqqalı, sarı bığı və səliqəsiz geyim-keçimi olan oğlan - yol yoldaşım. Üstündən artıq illər keçib, amma hər dəfə toyuq əti yeyəndə o oğlanı xatırlayıram. İlahi, siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, qatar bir-birinə söykənmiş dağların arasından keçdikcə tutqun səmanın rəngini bir anlığa dəyişərək içəri düşən günəş işığı onun soyutma toyuq tikələrini qurdalayan kobud əllərini, çirkli dırnaqlarını, üzündəki sızanaqları necə göstərirdi! Bütün bunlar azmış kimi, bu heyvərə qarnını doyurandan sonra adamı hövsələdən çıxaran murdar hərəkətlərə başladı: öncə yeməyini yarımçıq kəsib, baş barmaqlarını sümürdü; sonra əlllərini dizlərinə sürtüb, üzünü pəncərəyə tutdu və dərindən ah çəkdi; lap axırda da çənəsindəki sızanağı qəfildən qurdalamağa girişdi. Barmaqları çənəsində qurdalandıqca o gah gözlərini yumur, gah da əcayib səslər çıxarırdı. Fikrimcə, yol yoldaşım ya məni adam yerinə qoymurdu, ya da utanmaq hissindən məhrumuydu. Bu, həyasızlığın, nəzakətsizliyin son həddiydi! Daha bundan o yanası yoxuydu!
Yol boyu bir kəlmə də söhbət etmədik. Belə kobud rəftara görə, yəqin, ikimiz də günahkarıydıq. Qatar Bakı vağzalına çatanda dişlərini sümürərək çemodanını eşələyən yol yoldaşımı kupenin qapısı ağzında iki-üç saniyə süzüb, sağollaşmadan çıxdım. Taksiyə oturanda artıq onu unutmuşdum, amma kəndli oğlan hədsiz iyrənc hərəkətləriylə ömrüm boyu unuda bilməyəcəyim portretini yaddaşıma həkk eləyə bilmişdi. Kaş biləsiz, cavanlığımın buxarlanıb havaya sovrulduğu sonrakı illərdə mən nə qədər iyrənc simalar gördüm! Odur ki, o heyvərəyə "sağ ol" demədiyim üçün indiyəcən peşmançılıq çəkirəm.
***
Tələbə yoldaşlarımdan savayı Bakıda tanışlarım yoxuydu. Taksi sürcüsünün köməyilə bir müddət kirayə qalacağım, əzazil kədərin lövbər saldığı o evi tapdım. Paytaxtın ən ucqar rayonlarından birində yerləşən ikiotaqlı mənzilə ayaq basanda “Cəhənnəm, bu gecə qalım, səhər normal bir ev tapıb burdan əkilərəm” deyə düşünürdüm. Köhnə tikili olan dörddəhlizli, üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən bu evdə mən gələnə qədər səkkiz nəfər artıq yaşamaq uğrunda qətiyyətlə mübarizə aparırdı. Mən doqquzuncu oldum. Çünki yekəxanalıqla donquldansam da, ertəsi gün cibimə uyğun gələn normal ev tapa bilmədim.
Kirayə qaldığım mənzili bütün incəliklərinəcən xatırlayıram. Darısqal otaqlardan dəhlizə, ordan da mətbəxə qədər üzlüyü çat vermiş tavanın hər tərəfindən kiçik, ağ qırıntılar qopub adamın üst-başına, ayağının altına düşürdi. Bəzən tavanda firavan yaşayan hörümçəklərin ən asta tərpənişi belə onları yerindən qoparmağa bəs eləyirdi. Az qala bir-birinə pərçimlənmiş otaqlar göy, ya da ağ başlıqlı, sovetdənqalma dəmir çarpayılarla doldurulmuşdu. Cır-cır cırıldayan bu çarpayılara qarşı nifrətim hər gün bir az da güclənirdi. Hətta mürgüləyən adamların dərindən nəfəs alması belə onların uzunmüddətli cırıltı çıxarmasına yetərliydi. Bu çarpayılara uzandınmı, vəssəlam, gərək tərpənməyəydin, yoxsa bütün gecəni onların vay-şivəninə qulaq asmalıydın.
Evdən həmişə pis qoxular gələr, mətbəx daim çirk içində olardı. Təsəvvür edin ki, iyrəndiyimdən mən bu evdə bir dəfə də yemək yemədim. Evə gəlməzdən öncə şəhərin təmiz kafelərindən birində şam eləyər, sonra yatmaq üçün dəymədüşər çarpayıma tələsərdim. Yox, o, çarpayı deyil, müəllim idi. Hə, hə, gülüb eləməyin, düz eşitdiniz - müəllim! Özü də müəllim deyirəm a sizə, elə-belə yox e, lap belə kefin gələnindən. Elə bir müəllim ki, ən qısa müddətdə ta səhərəcən yalnız bir pozada yatmağı mənə öyrədə bilmişdi. Amma, sən demə, onun şagirdlərinin mən ən pisiymişəm. Sonralar bildim ki, bu sərt, güzəştsiz müəllimin “mənim üstümdə necə yatmaq olar” adlı təhsil proqramını kirayənişinlər arasında ən gec mənimsəyən mənəm. Zavallı kirayənişinlər taleyin hökmünə boyun əyərək üstündə yatdıqları çarpayılara sözsüz itaət edirdilər. Deyəsən, içinin diribaşı yenə də özümüydüm. Məndən başqa burda yaşayanların hamısının həyat gözəlliklərini duymaq baxımından ilhamı çoxdan sönmüşdü. Onlar yaşamır, ölməmək üçün vuruşurdular. Çəkdikləri həyat yükünün ağırlığına dizlərinin tab gətirmədiyi üz-gözlərindən aydın oxunurdu. Bizdən bir mərtəbə aşağıda yaşayan ev sahibi adambaşına üç manat kirayə pulunu aylıq yox, gündəlik alırdı. Haqqında dərin məlumatım olmasa da, mənə elə gəlirdi ki, o ahıl qoca çox tənhadır. Pul məsələsində biz onu incitməz, yatmazdan qabaq qapısını döyüb, kirayə haqqını ödəyər, bununla da öz çarpayımızın bir gecəlik sahibi olardıq. Qocanın həyatdakı yeganə rahatlığı, bəlkə də, bu pulu vaxtı-vaxtında almasıydı. Gündəlik kirayə haqqı çox deyildi, amma kirayənişinlərin bəziləri onu ödəməkdə çətinlik çəkirdi. Onlardan biri zibil qutularından dəmir pivə, şirə qabları yığan qozbel kişi, digəri isə yatanda da, ayıq vaxtı da öz-özünə deyinən xəstəhal yaşlı qadınıydı. Qozbel ilk günlərdən diqqətimi çəkmişdi. Belinin ortasındakı donqar çox böyük olduğundan onun öz boynunu sola-sağa çevirməsi mümkünsüz görünürdü. Yeriyəndə təngnəfəs olduğundan ağzı daim açıla qalar, dişsiz olduğu görünərdi. Bir də görürdün ki, gecənin bir aləmi yan-yörədəkilərə məhəl qoymadan uca səslə Allaha dua edir. Onun dualarının müddəti, vaxtı, səsinin tonu, tembri hər gün bir cür olurdu. Kirayənişin həyatımın ikinci gecəsiydi. Nə evə, nə onun içindəki ab-havaya, nə də çarpayımın zəhlətökən cırıltısına öyrəşə biləcəyimə hələ inanmırdım. Nə qədər eləsəm də, gözümə yuxu getmir, bezgin, yorğun adamların qulaqbatırıcı xorultuları da yatmağıma bir yandan mane olurdu.
Hə, bunu deməyi unutmuşdum, evin qapısı daim açıq olurdu. Qəfildən bir mərtəbə aşağıda yaşayan ev sahibinin mənzilinin açıldığını və bir neçə saniyə sonra qulaqbatırıcı səslə çırpılaraq örtüldüyünü eşitdim. Ardınca pilləkənlərə döyəclənən dəmir səsləri bütün dəhlizi başına aldı. Səs anbaan yaxınlaşırdı. Bir dəqiqə keçməmişdi ki, əsəblərimi yerindən oynadan bu kobud səsi elə bil kimsə var gücüylə dəhlizin döşəməsinə çırpdı. Özümdən asılı olmadan çarpayıda qəzəblə dikəldim! Lənət şeytana, indi də çarpayının həyasız şivəni baş qaldırmışdı! Hələki kimliyi bilinməyən birisi it ləhləməsini xatırladan təngnəfəslik içində, axsaq addımlarla mətbəxə gedirdi. Mən bunu onun addımlarının tonu və yönündən bilmişdim.
Şüşə stəkana süzülən və hərisliklə içilən su şırıltısı qəzəbimi son həddə çatdırdı! Bu evdə qalanların hamısını guya tanıyırmış kimi mədəniyyətsiz adamın kimliyini bilmək üçün cəld otaqdakı çarpayılara göz gəzdirdim. Önümdəki çarpayı boş olsa da, mənə narahatlıq verən adamın yan otaqdakı dörd nəfərdən biri olması fikrindəydim. Əsəbimi bir təhər cilovlayıb, yerimə uzandım - pusquya çəkilmişdim. Qəribədir, görəsən, mən onda niyə belə elədim? Əgər adamın kim olduğunu öyrənmək istəyirdimsə, mətbəxə keçib, hər şeyə aydınlıq gətirə, ya da alov püskürən şikayətimi son kəlməsinəcən onun üzünə deyə bilməzdimmi? İndi o anı yada salanda özümü qəzəblənib çarpayıya uzanan, sus-pus oturan qorxağa bənzədirəm.
Az sonra dəhlizi bürüyən səs-küylə bərabər o adam da mən yatan otağa girdi. Özümü yuxulu göstərib, böyrü üstə çevrildim ki, içəri girənin kim olduğunu görə bilim. Ünvansız qəzəbimin ünvanı indi düz gözümün qabağındaydı. Mətbəxdən düşən işıq nə qədər zəif olsa da, onun üzünün bütün cizgilərini göstərirdi. Birinci gecə evə çox gec gəldiyimdən və bu vaxt hamı yatdığından ona diqqət yetirməmişdim. Səhər saat 10-da mən işə gedəndə isə evdə artıq heç kim yoxuydu. Çünki kirayənişinlər arasında ən gec mənim işim başlayırdı. Qısa boylu, ağlı-qaralı saçları boynunun dalına tökülən, az qala dodaqlarını görünməz edən sıx saqqallı, açıq alınlı, indicə ağlayacaqmış kimi sulu, iri gözlü və öz sahibini çox sevimli göstərən xırda burunlu bu adam həqiqətən də it kimi ləhləyirdi. O, içi dəmir qablarla dolu ağ torbanı çarpayısının altına birtəhər soxandan sonra çəkmələrini çıxarmağa başladı. Torbanın içindəkilərin dəmir qablar olduğunu mən tam dəqiqliyi ilə sonrakı dəqiqələrdə başa düşdüm. Bilirəm, inanmağınız gəlməyəcək, amma zərrə qədər də şişirdib eləmirəm, onun çəkmələrini çıxarması ən az on-on beş dəqiqə çəkdi. Zavallı kişi bilmirdi ki, nəfəsini dərsin, yoxsa çəkmələrinin düyün düşmüş bağını açsın. Elə bil, bir udumluq havanı da hardansa, kimdənsə oğurlayırdı. Düyün çəkmənin yuxarısında olsa da, o aşağını dartışdırır, dırnaqlarıyla didişdirirdi. Yalnız gözləri zəif görən adam özünü bu cür çətinə sala bilərdi. Axırı zülümlə də olsa, çəkmələrini çıxara bildi və yerinə uzanıb, böyrü üstə çevrildi.
İndi biz üz-üzəydik. O, üzünə su vuracaqmış kimi əllərini ovuclayıb, sifətinə yaxınlaşdırdı. Bu hərəkətin nə demək olması ilk öncə məni düşündürmədi. Sonrakı dəqiqələrdə bildim ki, sən demə, qoca dua etməyə hazırlaşırmış. Zavallı bir qocanın daxili sarsıntılarından doğan dualarına qulaq asacağımdan xəbərsiz, başıma çəkdiyim yorğanın arasından onu izləyirdim. Xırıltılı səslə dua edən kişinin gözlərində qəribə bir məmunluq vardı:
-Allahım, sənə hədsiz minnətdaram. Doğrudan da, sən mənim dualarımdan xoşhal olursan. Bu gün məndən ötrü zibil qutularına qoyduğun, küçələrə səpdiyin ruzinin hamısını yığdım. Sən məni bu gün də ac qoymadın. Çox sağ ol ki, topladığım dəmir qabları baha qiymətə satacağım yeri mənə deyən o cavan oğlanı qabağıma çıxardın. Şükür olsun, şükür olsun sənə!!! Yalvarıram, yarəbbim, keçmiş günahlarımı bağışla. Mən səni çox istəyirəm! Mən nə edirəmsə, səni başımın üstündə görürəm. Yalvarıram məni tək qoyma. Hərəkətsizlik adamın axırıdır. Hərəkət etmək üçün mənə güc ver, İlahi! Mənim qəddar adamlardan mərhəmət umacaq qədər zəifləməyimə imkan vermə. Məni şirin kətəyə, avtobus puluna, ev puluna görə heç kimə möhtac qoyma.
Anidən baxışlarını ayaqlarına tərəf yönəltdi:
- Allahım, nə olar, ona da güc ver, yalvarıram. Amin! Amin!! Amin!!! - deyib gözlərini yumdu. Elə bildim ki, qoca yuxuya gedib, amma o, beş-altı saniyə sonra gözlərini açıb, təkrar dua etdi:
- Şükür olsun, şükür olsun, şükür olsun ki, sən bu gün o maşının məni vurmasına imkan vermədin. Çox sağ ol, Rəbbim! – dedi və gözlərini təkrar yumdu.
Bir neçə saniyə sonra gözlərini açıb, əllərini təkrar birləşdirdi. Elə bil, yatdığı yerdə kimsə onu silkələyirdi ki, "Dur, yaddan çıxardığın bir-iki məsələ barədə Allaha şükr elə" və o da itaətlə gözlərini açır, əllərini birləşdirib, yarımçıq qalan duasını tamamlamağa çalışırdı:
-Şükür olsun, şükür olsun ki, Rəbbim, məni soyuqdəymədən, qızdırmadan qoruyursan. Yoxsa, mən neyləyərəm?! Mənə kim baxar?! Həqiqətən də, məni sən yaratmısan. Gücümün haracan çatdığını da hamıdan yaxşı sən bilirsən. Allahım, çox sağ ol, şükr olsun - dedi və əllərini sinəsinə sıxıb, gözlərini yumub axır ki, yuxuya getdi.
Özümdən aslı deyildi, qocanın səmimi dualarından sərməst olmuşdum. Onun şükranlıq dolu dualarının ahənginə qapılıb, axır ki, mən yuxuya getdim.
***
Çalışdığım məhkəmədə yeni olsam da, ertəsi gün bir neçə möhürlənmiş sənədin Gəncə şəhər məhkəməsinə çatdırılmasıyla bağlı tapşırıq aldım. Mənə bəslənən ümid, güvən əhvalımı xeyli yüksəltmişdi. İstəyirdim ki, mənimlə qürur duysunlar.
Dəstəyi götürüb, evimizə sevincək zəng vurdum. Telefona atam cavab verdi. Xırda uğurum barəsində hər şeyi ona birnəfəsə danışdım. Bəlkə də, kişi bu xəbərə bərk sevinmişdi. Amma tövlənin qapısını açıq qoyan qardaşımın baçısoyuqluğu üzündən kişinin anama bağıraraq dediyi "Görmürsən, inək daraşıb ot tayasına?!” sözündən başqa heç nə eşitmədim. Yox, adamın başının üstündə Allah var, axırda “Böyük uğurdur, amma pıs vaxtda zəng eləmisən, sonra danışarıq” da dedi. Amma daldan-dala deyilən bu sözlər pərtliyimi aradan qaldıra bilmədi. "Yəqin o qədər də böyük uğur deyil” deyə düşünüb, üz-gözümdə zəhrimar evə yollandım. Günortaydı, evdə heç kəs yoxuydu. Ən xoşladığım qara rəngli kostyumumu geyindim. Bu an tavandan qopan qırıntı qara pencəyimi ağ günə çıxarmaq üçün ilk həmləsini elədi. Olan olmuşdu, təmizləsəydim də, ürəyimə yatmayacaqdı. İşdəki böyük uğurdan sonra elə bil, pis gözə gəlmiş, qara zolağa düşmüşdüm, qanqaraldıcı olaylar bir-birini dabanqırma əvəz eləyirdi. Seçimim azıydı. Qara kostyumu dəyişməyib, ev sahibinin yanına tələsdim. Olmayacağım iki günün pulunu artıqlamasıyla ödəyib, boş qalan çarpayıma heç kimi buraxmaması, əşyalarımdan göz-qulaq olmasıyla bağlı xahiş edəndən sonra yola düşdüm.
Geri qayıdanda kefim köküydü. Karyerama müsbət təsir göstərəcək adamlarla tanış olmuşdum. Məni savadım və dərin mədəniyyətimə görə xeyli tərifləmişdilər. Başlanğıc üçün bu, böyük uğuruydu.
***
Bakıya çatanda səhər saat təxminən altının yarısıydı. Evə bir az qalmış ayaqla getmək istədiyimdən yol haqqını ödəyib, taksidən düşdüm. Hava çox sakitiydi. Məhəllələrin arasıyla addımlayırdım. Sakitlikdən ayağım altında qalan qum zərrələrinin xışıltısı eşidilirdi.
Hələ göyüzünü demirəm... Səmada bircə bulud parçası belə yoxuydu. Ətrafa səpələnmiş ulduzların ayın nuruyla birləşməsinə baxanda mənə elə gəlirdi ki, onlar Allahın danışdığı hansısa nağıldan məst olublar...
Yerdəki kölgəmə baxa-baxa gedirdim ki, səssizliyin qəfildən pozulduğunu eşidib, ixtiyarsız səs gələn tərəfə çevrildim. Qaranlıq da olsa, beşmərtəbəli binaların ortasındakı mağazanın qabağında gördüyüm iki nəfərdən biri mənə tanış gəldi. Hə, hə, özüdür ki, var, o ikigünlük işgüzarlığımla bağlı unutduğum qoca qozbeliydi. İkincini - yaşlı qadını isə tanımırdım. Aramızda xeyli məsafə olsa da, sakitlik olduğundan qadının qəribə hərəkətlərindən vahimələnirdim. Məni görməsinlər deyə onları yaxından izləyə biləcəyim binalardan birinin dəhlizinə qısıldım. Yaxşı mövqe tutmuşdum. Mağazanın qapısı üstündə yanan böyük lampanın işığı onları rahatca görməyimə kömək edirdi. Ayağındakı qaloşları, gen, qara donu, qısa, boz gödəkçəsi, belinə doladığı sarı şərfi, qulaqlarını, saçlarını gizlədən qara papağı və yeri süpürən Qozbelə – "O uşağı da süpür, bax, bax, o alçaq gör necə gizlənib, onu da süpür, süpür, süpür! - deyə tez-tez əcayib göstərişlər verməsi qadının nəsə qeyri-adiliyindən xəbər verirdi. Bütün bunların nə demək olduğunu qətiyyən anlamırdım. Vahimədən düşüncəm keyimişdi. Qozbel yeri ağır-ağır süpürdükcə qadın barmaqlarını ağzına yaxın tutub, tez-tez süpürgəyə tərəf gedir, sonra təkrar geriyə çəkilir, - "Ha, ha, ha, ha, bax gör, necə gizləniblər, onları da süpür, onları da süpür" - deyə gülür, dalınca da – "Ay, ay, ay, onu yavaş süpür! Gör, necə qorxur, uşaqdır hə o ?!" - deyə ağlamsınırdı. Təngənəfəs olmuş Qozbeldən cavab gəlmədiyini görən qadın yumruqlarıyla onun belinin donqarına həyasızcasına zərbələr endirib -"Sən nə tərbiyəsiz adamsan?! Axı, niyə cavab vermirsən ?! Cavab ver də!!!" - deyə qəzəblənirdi.
Qadının hərəkətlərinə məhəl qoymadan öz işinə davam edən qocanın üzünü görə bilmirdim. Qozbeli yaxşıca əzişdirən qadın sakitcə mağazanın qapısı ağzına çəkildi, barmaqlarını bir-birinə keçirdi, indiyəcən eşitmədiyim hansısa mahnını zümzümə edərək şıltaq qızlar kimi özünü sağa-sola yelləməyə başladı.
Birdən nəsə oldu, qadın zümzüməni qəfildən kəsib, yaxınlıqdakı zibil qutusuna tərəf döndü, əlini qutuya soxdu və ordan ağzı bağlı şüşə qab çıxardı. O, qabın qapağını açmağa nə qədər çalışsa da bacarmır, ağız-burnunu əyib, əcayib səslər çıxarırdı. Bu vaxt Qozbelin ona tərəf çevrildiyini gördüm. Kişi əlindəki süpürgəni səliqəylə səkiyə söykəyib ağır addımlarla qadına yaxınlaşdı, heç nə demədən qabı ondan alıb qapağını asanlıqla açdı, sonra qabı qadına qaytarıb öz süpürgəsinə sarı yönəldi.
Qadın qabı başına çəkdi... Hərisliklə izlədiyim adamları gecənin sehrli sükutuyla və Allahla baş-başa qoyub ordan uzaqlaşdım. İşə getməyimə hələ dörd saat vardı. Kirayənişinlər əsnəyə-əsnəyə işə tələsirdilər. Fikrimdə bəzi suallar baş qaldırmışdı. Görəsən, Qozbel nəyə görə yer süpürürdü? Yoxsa, o, süpürgəçilik eləyir? Bəlkə, süpürgəçi qadındır, Qozbel sadəcə ona kömək eləyir? Qadının “O uşağı da süpür. Qorxur, hə? Bax, o alçaq necə gizlənib” sözləri onun xəstə şüurunun məhsuluydumu? Qozbel nəyə görə qadına, onun hərəkətlərinə qarşı sözsüz itaət göstərirdi? Qadının zərbələrindən onun beli ağrımırdımı? Qozbellərin belinə bərk toxunanda, görəsən, onlara ağrı verir?
Bu suallar içində nə vaxt yuxuya getməyimdən xəbərim olmadı. Yuxudan oyanıb işə tələsəndə beynimdə yalnız bir fikir dolaşırdı - bütün bu suallara cavabı Qozbelin Allaha dualarında tapa bilərəm...
***
O gün axşam evə həmişəkindən iki saat tez getməyi qərarlaşdırmışdım. Saat on birin yarısı olardı. Evdə təkcə mətbəxin işığı yanırdı. Ayaqqabılarımı çıxarıb səliqəylə dəhlizin bir kənarına qoydum. İlk addımda ayağım altında nəyinsə xışıltısını eşitdim. Yenə tavandan döşəməyə "qar" yağmışdı. Otağa keçməyə hazırlaşırdım ki, mətbəxdən gələn səsləri eşitdim. Bu, qadın səsiydi, özü də görünüşü və danışığının qəribəliyi ilə məni vahimələndirən həmin qadının səsini xatırladırdı.
Dəqiqləşdirmək üçün qulağımı səs gələn tərəfə şəklədim. Hə, düz tapmışdım, özüydü ki vardı, həmin qadının səsiydi. Bu əcayib səsi lap yaxından, axşam vaxtı, yaşadığın evin mətbəxindən eşitmək necə də vahiməliydi! Qadın öz-özünə nəsə danışır, arada astadan gülür, sonra yenə danışır, ağlamsınırdı.
Qozbelin evdə olub-olmadığını bilmək üçün barmaqlarımın ucunda dəhlizdən keçib onun çarpayısına tərəf boylandım. Otaq qaranlıq olduğundan heç nə görə bilmirdim. Əslində, dəhlizin işığını yandıra bilərdim. Amma qadının mətbəxdən çıxıb mənə tərəf cumacağını, onun qorxunc sifətiylə üz-üzə qalacağımı düşünür və buna ürək eləmirdim.
Anidən içimdə bir istək baş qaldırdı - ayaqlarımı var gücümlə döşəməyə çırpıram, əşyalarımı da götürüb bu evdən uzaqlaşıram!
"Axı, mənim bu xarabada nə ölümüm var? Adını belə bilmədiyim bir adama qarşı iki günün içində yaranan bu maraq mənə çoxmu lazımdır? Bir də ki, mən bura geridəqalmış adamların həyatını araşdırmağa gəlməmişəm, axı!" - deyə qorxu hissimi yalançı bəraətlər içində gizləməyə çalışırdım.
Hər nəsə! Kişiyə yox, uşağa yaraşan qorxumu son nəfəsinə qədər boğub öldürmək istəsəm də mətbəxə çatanda onun hələ də ölmədiyini hiss edirdim. Lənət şeytana, Qozbelin yanında gördüyüm qadınla üz-üzə durmuşdum. İlahi, xırda qara gözləri anbaan dəhşət saçan bu qadının baxışları necə də nifrətəlayiq idi! Təkcə elə nazik üst dodağı bəs eləyirdi ki, adamı özündən çıxarsın. Kaş, o danışanda üst dodağının necə eybəcər şəklə düşdüyünü öz gözlərinizlə görəydiniz! Hələ indiyəcən məndə ikrah hissi doğuran ikinci belə dodaq görməmişəm.
Qadın qabağında donub qalmış gəncin qorxuya düşdüyünü anlayırdı. Məntiqsiz, rabitəsiz sözləri, əlindəki toyuq pəncələri, tez-tez gah mənə, gah da qazın üstündəki qazana tərəf çevrilməsi adamı lap çaş-baş salırdı. Deyirdin ki, ya qorxutmaq istəyir, ya da qaynar suyla dolu qazanı bu dəqiqə adamın başına keçirəcək. Nə qədər çalışsam da, onun dediklərindən heç nə anlaya bilmirdim.
O, birdən bir neçə toyuq pəncəsini bir-birinin dalınca kobud şəkildə qaynar qazana atmağa başladı. Hələ də anlamıram ki, o, toyuq pəncələrini, özü də kirli dırnaqları üstündə necə yeyə bilirdi?
Sonrakı günlərdə bazarda toyuq pəncəsinin su qiymətinə olduğunu öyrəndim. Bu dəri və nazik sümük yığınına qadın yəqin ki, qəpik-quruş ödəyir, ya da kimsə bunları ona sədəqə verirdi.
Baxanda adamın bağır-övkəsini ağzına gətirən dırnaqlı toyuq pəncələrini suya atandan sonra qadın daha anlaşıqlı danışmağa başlamışdı:
-Kül onun başına! Axı, dedim, tut əlimdən, səni dağa qaldırım. Sözümə baxmadı, özü çıxdı, axırı da yıxılıb öldü. Görmürsən, elə dirənib ki, mənimdir, mənimdir! Ay sarsaq, axı, bu qəbrə görə pul vermək lazımdır. Sarsağın biri sarsaq gedib girib qəbrə ki, öləndə orda basdırsınlar. Gəl, indi iki-üç manata görə qəbirdə gizlən ki, öləndə pulun çıxmasın. Ay camaat, görün bu sarsağın ağlı var?
O bütün bu cəfəngiyyatı düz gözlərimin içinə baxaraq danışırdı. Kənardan izləyən olsa, güman eləyərdi ki, arvad dərdini mənə danışır. İndi onun bütün mənasız sözlərinin mənası mənə aydın olmuşdu - bu qadın dəli idi! Hə, hə, dəli idi, özü də lap əməlli-başlısından! Mən onun uzun-uzadı sərsəmləmələrini də, Qozbelin dualarını da unudub çarpayıma uzanmaq, yatmaq istəyirdim. Bu, yəqin ki, qadına qarşı duyduğum qorxunun zəifləməsindən irəli gəlirdi. O isə qazın sağ tərəfindəki taxta şkafa söykənib danışmağındaydı.
Mən başımı gah qaldırıb, gah da endirməklə qadının dediklərini təsdiq etməyə başladım və göstərdiyim bu anlayışdan onun necə xoşhal olduğunu dərhal hiss elədim. Guya dedikləri mənə çox maraqlıydı. Ayaqları laxlayan taxta oturacaqlardan birini çəkib oturdum və qollarımı sinəmdə çarpazlayıb, onu dinləməyə davam elədim. İnanın, qətiyyən onu ələ salmaq fikrim yoxuydu. Amma özüm də bilmirdim ki, niyə belə eləyirəm.
Qadın indi sözlərin yerini dəyişməklə eyni fikri dayanmadan təkrar edirdi:
-Sığal çəkib cırmaqlayır. Cırmaqlayıb sığal çəkir. Çəkir sığal cırmaqlayır.
Eyni sözlərin təkrarından təngə gəlmişdim. İmkan tapıb gözlərimi ondan ayırdım və buğlanan qazana baxdım. Tavandan qopan qırıntılar qazanın içinə düşmüşdü. Bu dəfə diqqətim özüm də bilmədən tavana yönəldi. Sən demə, dəli qadının yeməyindən məndən başqa da xoşlanmayan varmış. Tavanda yuva qurmuş hörümçək öz nazik ayaqlarıyla qırıntıları qazana tullayandan sonra bir göz qırpımında yoxa çıxdı. Həşəratın bu dəqiqliyi əhvalımı yüksəltdi.
...Qadın öz işindəydi - pörşələnmiş pəncələri boşqaba düzüb həvəslə danışırdı. Onun arxası mənə tərəfiydi. Bu imkan verdi ki, hörümçək kimi mən də bir anda onun gözündən itim. Artıq çarpayıma uzanmışdım, amma o, gözəgörünməz həmsöhbətiylə hələ də danışırdı... Yaxşı xatırlayıram ki, o gün hava çox soyuğuydu. Külək pəncərənin çərçivəsi arasından fit çala-çala evin ayağından başına dolanırdı. Tərslikdən buxar qızdırıcıları da işləmirdi. Bir sözlə, xəstələnmək üçün evdə hər cür şərait varıydı. Çox üşüdüyümdən özümü yorğanın altında bərk-bərk basdırdım. Belə soyuq havada Qozbelin harda qalması, xəstə canıyla buz kəsmiş evdə necə qızışacağı barədə düşünürdüm. Bu fikirlər içində yuxuya getdim...
Qozbelin dəmir qablarla dolu torbanı döşəməyə tullaması məni yuxudan oyatdı. Yorğanı azca aralayıb, onun hərərkətini izləməyə başladım. Keçən dəfəki kimi təngnəfəs halda çəkmələrini çıxarmağa indi də xeyli vaxtı getdi. Sifətindəki qəzəb qarışıq bezginlik göstəriridi ki, iki gün öncəki xöşbəxtliyindən əsər-əlamət qalmayıb. Deyəsən, o da bərk üşüyürdü. Qalın gödəkçəsini, dizləri qaranlıqda belə parıldayan qara cins şalvarını, torba papağını çıxarmadan böyrü üstə uzanıb, yorğanı üstünə çəkdi. Dünənki kimi əllərini yenə də birləşdirdi. Hər iki otaqdan eşidilən xorultu onun təntik, xırıltılı nəfəsiylə müqayisədə daha incə səslənirdi.
Nədənsə bir anlığa səssiz qaldı. Mən onun ürəyində dua etdiyini düşünür, nə vaxt dillənəcəyini səbirsizliklə gözləyirdim.
Qozbelin əlləri əsirdi. "Görəsən, o xəstələnib? - deyə öz-özümə sual etdim. Bu vaxt o, əllərini yorğanın altına soxub gözlərini yumdu və xırıldayan səslə duaya başladı:
- İlahi, mən çox yorğunam. Sənə artıq dərəcədə yalvarıram, məni qüvvətləndir. Nədənsə işlər heç düz getmir. Bəlkə, bilmədən səni qəzəbləndirmişəm? Sən mənim tək sirdaşım olduğundan bunu gərək boynuma alam. Bilirəm ki, mənim həyatdan hədsiz qorxum xoşuna gəlmir. Axı, mən neynəyim? Qorxuram da... Yığdığım dəmir qablar neçə gündür ki, əlimdə qalır. İşinə qarışmaq olmasın, amma çox maraqlıdır - məndən nə istəyirsən? İki gün əvvəl qabağıma çıxardığın oğlanın dediyi yerdən bir şey çıxmadı. Hara getdimsə, dəmir qabları o deyən qiymətə alan olmadı. Məni ələ saldılar, dedilər, sən o alıcıları başqa planetdə tapa bilərsən. “Cəhənnəməmə ki” deyib, qabları əvvəllər satdığım adamın yanına getdim, amma o da qiyməti birə-beş aşağı saldı. Əlacsız qalıb, hamısını havayı qiymətə verdim getdi. Məni səhv başa düşmə. Yenə də sağ ol, buna da şükür olsun. Sən qabağıma çoxlu dəmir qablar çıxarır, məni gündə iki dəfə şirin kətəyə qonaq edir, maşın altına düşməkdən qoruyur, gecə bu evdə yatmağıma imkan yaradırsan. Bunlara görə sənə şükür edirəm! Amma elə bil ki, mənə verdiyin birgünlük rahatlığa görə beş gün özünü bağışlaya bilmirsən. Məni sevmədiyinə yavaş-yavaş inanmağa başlayıram. Əslində, bu yükü belimə qoyduğun uşaqlıq vaxtlarımdan sənə güvənməyə bilərdim. Amma həmişə güvənmişəm, hələ də güvənirəm və sənə şükür edirəm. Şükür olsun, Allahım, şükür olsun, şükür olsun sənə!
Qoca duasını bitirib üzünü divara çevirdi. İndi sıra onun təkrar nələrəsə görə şükür etməsindəydi. Mən Qozbelin duasından təsirlənmiş halda onun hər kəlməsini təhlil edir, bunu əlini hər yerdən üzmüş, heç kimə güvəni qalmayan bir adamın Allahla səmimi söhbəti kimi dərk edirdim. Bir neçə dəqiqə keçsə də, ondan səs çıxmadı. Onun Allahdan küsdüyünü yaxşı anlayırdım. Nəsə eləyib, bu adamı Allahla barışdırmaq lazımıydı. Belə qərara gəldim ki, işlədiyim yerdə onun üçün nəsə bir iş tapım. “Bəlkə, iş yoldaşlarıma onun haqqında danışsam, kömək eləyərlər” deyə fikirləşib, ümid və sevinc içində xəyala daldım. Yalnız iş məsələsi düzələndən sonra ona bu haqda məlumat vermək fikrindəydim. Ehtiyac içində çabalayan birini sevindirmək bir yana, bu barədə düşünmək özü artıq adamın ruhunu göyün yeddinci qatına qaldırırdı...
***
Ertəsi gün nahar fasiləsi vaxtı iş yoldaşlarıma Qozbeldən danışdım. Amma gözlədiyimin əksinə olaraq, onun dözülməz həyat tərzi heç kimi mütəəssir etmədi. Hamısı nə vaxtsa qarşılaşdıqları bu cür adamlardan danışıb, nahardan sonra iş başına döndülər. Yaxşı xatırlayıram ki, adamların başqalarının taleyinə qarşı bu cür laqeydliyi məndə onlara qarşı necə bir nifrət oyatmışdı. İllər keçəcək, bu nifrət qığılcımı böyük kin alovuna çevriləcəkdi. Həmin gün həmişə olduğu kimi işdən çıxıb, kafelərdən birində şam elədim. Dənizkənarı bulvarda xeyli gəzib, sıxılan ruhuma azacıq da olsa rahatlıq verəndən sonra evə yollandım. Otağa daxil olanda Qozbel artıq öz çarpayısında xoruldayırdı. Haqqında heç nə bilmədiyim digər otaq yoldaşım da şirin yuxudaydı. Xəstəhal qadının da yeri boş deyildi, lakin o, yorğanın altında pıçıltıyla yenə nəsə danışırdı.
Əl-üzümü yuyub yerimə uzandım. Ev dünənki kimi soyuq idi. Qozbelin tez yatması, dəli qadının susmaq bilməyən pıçıltısı məni dilxor eləmişdi. Əsəblərimi cilovlayıb qadının yorğan altında nə dediyini başa düşməyə çalışırdım. Öncə onun pıçıltıları - "Gər, gər, gər" - kimi eşidilirdi. Əgər xorultu səsləri olmasaydı, onun təkrar-təkrar dediyi sözü dərhal ayırd edərdim. Hansı mənada işlətdiyini bilməsəm də, axır ki onun yorulmadan dediyi sözün - "Gəlir, gəlir, gəlir" - demək olduğunu anladım...
***
Səhər iş yerimə çatanda mühafizəçilərin öz aralarında danışığından belə anladım ki, məhkəmənin qazanxanasına işçi lazımdır. Məsələni dəqiqləşdirmək üçün təsərrüfat müdirinin otağına yaxınlaşdım. Həyəcandan az qalırdı ki, ürəyim dayana. Görəsən, iş baş tutacaqdımı? Özümü illər sonra səfil atasını tapmış və ona gün ağlamaq istəyən yetim cavan kimi hiss edirdim. Qapını döyüb, içəri girdim. Yeni olsam da, müdir məni tanıdı, amma mən onu ilk dəfəydi ki, görürdüm. Dedim ki, guya iş yeriylə çox yaxın dostumun əmisinə görə maraqlanıram. Qozbelin yaşını soruşan müdirə ağlıma gələn ilk rəqəmi dedim- əlli. - Olar - dedi və ani sükutdan sonra əlavə etdi - Əsas odur ki, pensiya yaşını keçməsin. O adamı da götür, sabah gəl yanıma.
Birdən-birə Qozbelin fiziki çatışmazlığı yadıma düşdü və mənə elə gəldi ki, iş baş tutmayacaq, amma bu barədə heç nə demədim. Güclə nəfəs alan ümidimi diriykən basdırmaq ağılsızlıq olardı. İş gününün axırına yaxın məsələnin alınacağıyla bağlı qəribə bir inama qapıldım, əhvalım yaxşılaşmağa başladı.
Gözəl hava vardı. Şad xəbəri yiyəsinə çatdırmaq üçün hələ tələsmək lazım gəlmədiyini düşünüb xeyli piyada gəzdim. Sonra həmişə şam etdiyim kafeyə daxil olub iki şiş tikə kababı əla turş çaxırla nuş elədim və təxminən saat yarım sonra evə yollandım. Məhləyə çatmağa az qalmış qol saatıma baxdım - saat düz on iki tamam idi.
Nədənsə əminiydim ki, Qozbel evdədir. Dəhlizin ağzında dayanmış təcili yardım maşını və etinasızcasına siqaret sümürən sürücünü ötüb, pilləkənlərlə yuxarı qalxdım. Qapı taybatay açığıydı. Hamı bizim otağa toplaşmışdı. Sualedici nəzərlərlə ətrafdakılara baxaraq otağa girdim. Kirayənişinlər Qozbelin başına yığışmışdı. Onu kürəyi üstə çarpayıya uzatmışdılar. Qəribə görünürdü - elə bil, belinin altına paltar yüklü çemodan qoyulmuşdu. Çox çətinliklə nəfəs alırdı. İlahi, onun bu cür sakit nəfəs almasındansa, həmişəki səs-küylü təngnəfəsliyini o anda necə arzulayırdım!
Gözləri açıq şəkildə tavana zillənmişdi. İstər-istəməz yuxarı baxdım - tavanın qopub düşməyə hazır qırıntıları hörümçək toruna ilişib qalmışdı, hörümçəyin özü isə ağır-ağır o baş-bu başa gedib gəlirdi...
Hiss olunurdu ki, Qozbel getdikcə çətin nəfəs alır. Deyingən çarpayı o anlarda nə qədər xoşbəxt görünürdü! Elə bil, öz qoynunda ancaq ölü arzulayırmış. Olduqca iri cüssəsi, girdə sifəti, iri burnu və çal qaşlarıyla diqqətimi çəkən həkim qeyri-adi laqeydliklə soruşdu:
-Xəstənin adı, soyadı nədir?
Hamı bir-birinin üzünə baxır, həkimin verdiyi sadə sualı heç kim cavablandıra bilmirdi.
- Burda heç kim otaq yoldaşının adını bilmir? - deyə həkim təkrar, lakin bu dəfə ucadan soruşdu.
Nəhayət ki, ev sahibi dilləndi: - Məndə onun şəxsiyyət vəsiqəsinin surəti var, gətirim, həkim? - Əlbəttə, ağsaqqal, özü də mümkün qədər tez! - deyə həkim narazı ədayla başını yırğaladı. Ev sahibi sənədi gətirmək üçün otaqdan çıxan kimi bayaqdan öz çarpayısının üstündə dinməz-söyləməz oturan qadın qəfildən əllərini dizlərinə çırpıb ayağa qalxdı və cəld Qozbelin yanına gəldi. Hamı, hətta soyuqqanlı həkim də onun bu ani hərəkətindən diksindi. Qadının taxta döşəməyə döyəclənən ayaqları ona qorxunc bir görkəm verirdi. O, əllərini belinə qoyub, başını aşağı elə əydi ki, burnu az qala Qozbelin gözünə girəcəkdi. Sonra yavaş-yavaş qəddini düzəldib, mənə tərəf çevrildi, əllərini çənəsində yumrulayıb asta, lakin hamının eşidəcəyi səslə gözlərimin içinə baxdı və dedi:
- Gəlib, gəlib, gəlib. Demişdim, hə?! Gəlib! Ölümdür, bax! - sonra əliylə Qozbelə işarə edib, sözünə davam etdi:
- Ölüm, ölüm. Ölüm onun bədəninə sığal çəkəndə cırmaqlamağı da unutmur! - qadın bunları deyib, asta addımlarla yenidən öz çarpayısına qayıtdı.
Mən dəhşət içində ona baxırdım. Çarpayısında oturub gözlərini döşəməyə zilləyən, özünü yırğalayan qadın pıçıltılı səslə “ölüm, ölüm, ölüm, ölüm sığal çəkib, cırmaq vurur” deyə eyni sözləri təkrarlayır, çarpayı da özünün həmişəki cırıltısıyla onun bu iztirabını, ağrısını təsdiqləyirdi.
Çaş qalmışdım. Bir gün əvvəl “gəlir, gəlir, gəlir” - deyə pıçıltıyla yorğanın altında boş-boş deyindiyini sandığım qadın ölümün bu evə gələcəyindən, mənim onun nə danışdığını müəyyənləşdirməyə çalışdığımdan, doğrudanmı, xəbərdarıydı?! Məndən savayı bu qadının sözlərinin cəfəngiyyat olmadığını kim anlaya bilərdi?!
Gözümü qadından ayırıb Qozbelə baxdım. Onun hələ də yaşadığını göstərən iki bilgi vardı - xırıltısı və enib qalxan qarnı. Donmuş baxışlarımın o üzündə kəndimizdəki evimizdən iki tin aşağıda yerləşən qəssab dükanı, kəsilən heyvanların qanı axıb qurtarıncaya qədər xırıltı içində enib-qalxan qarınları canlanırdı.
Özümə gələndə xırıltı kəsilmişdi. Qozbelin qarnı artıq enib qalxmırdı...
Ev sahibi axır ki, otağa girdi, eynəyini taxıb, titrək əlində tutduğu şəxsiyyət vəsiqəsini gözünə yaxınlaşdırdı və oxudu: -Hacıyev Ruxbər Məsud oğlu.
Otaqdakıların hamısı kimi mən də Qozbelin əsl adını onun cəsədi önündə öyrəndim.
Az sonra sahə polisləri gəldi. Meyit ekspertiza üçün morqa aparılmalıydı. Mən Qozbelin hörümçək toruna zillənmiş gözünü bağladım və qulaqlarına pıçıldadım:
-Salam. Mənim adım Turqutdur. Yəqin siz indi bütün şükranlıqlarınızı birbaşa Allahın üzünə deyirsiniz. Bəlkə də, Onunla artıq barışmısınız. Mən sizi tanıdığıma çox şadam. İnanıram ki, artıq yaxşısız.
***
Gecə saat üçün yarısıydı. Bir kəlmə belə söhbət edə bilmədiyim Qozbel üçün, onun dualarını dinləmək üçün hədsiz darıxmağa başlamışdım. Hər dəfə yerimdə sağa-sola çevrildikcə onun yoxluğunu göstərən boş çarpayısından ürəyimə ifadəolunmaz bir sıxıntı çökürdü.
Qəribəliyinə şahid olduğum bir adam üçün belə xiffət duymağım, görəsən, nəylə bağlıydı?.. Bu sıxıntıdan çıxmağın bircə yolu vardı.
Çarpayımdan qalxıb əynimi geyindim, əşyalarımı çemodanıma yığıb evdən sakitcə çıxdım. Çöldə bərk tufan başlasa da məhəllənin mərkəzindəki mağazanın işığı hələ də yanırdı. İçəri girib dəmir qabda pivə aldım. Pivədən bir neçə qurtum içib qalanını yerə boşaltdım və boş qabı var gücümlə göyə tolazladım. Külək onu sağa-sola çəkib, asfalta çırpdı. Boş pivə qabı məhəllə boyu yerlə süründükcə Qozbelin səs-küyünü eşidir, onun Allaha indi bu cür dua etdiyini xəyal edirdim. Bu, onun son duasıydı. Mən Qozbeli indinin özünəcən də belə xatırlayıram...
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
“Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin - Uorren Baffetdən 13 Uğur qazanmaq qaydası
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.
Beləliklə 7-ci qayda.
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Əvvəlki qaydalar bunlar idi:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
8-ci qayda “Öz pullarınızdan düzgün istifadə edin” olacaq.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi təşkil olunacaq
Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.
Konsert proqramı Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı və Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi Ibayev, eləcə də digər xanəndələrin ifası ilə davam edəcək. Gecəni tarzən Rüstəm Müslümovun müşayiəti ilə ansambl idarə edəcək.
Qeyd edək ki, Bakının Maştağa kəndində anadan olan Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Filarmoniyanın nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmış və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik etmişdir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səs yazıları AzTv-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar bir çox xanəndələrin repertuarlarına daxil edilib. M.Füzuli, Ə.Vahid, M.Müşviq, S.Rüstəm, B.Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və bir çox digər mahnılar AzTv-nin fondunda görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. O, 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyərək, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Gülcahan Salamova 60 yaşını elə səhnədəcə qeyd etdi
Məşhur bir filmdə sual edilir, Vətən haradan başlayır? Bizsə sual edirik, teatr hardan başlayır? Yox, qarderobdan başlamır. Teatr rejissorun verdiyi və üzərində rolun mətni yazılmış kağız parçasından başlayır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyasının budəfəki nümayişi tam fərqli idi, çünki tamaşa teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunurdu. Şərəflidir, deyilmi, aktrisa yibileyini səhnədə qeyd edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gülcahan Salamova 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərib. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak edib.
G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.
O, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əsas rolları bunlar olub:
1. Qızıl toy (R.Heydər) — Aygün
2. 5 manatlıq gəlin (M.S.Ordubadi) — Naznaz
3. Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə
4. Məsmə xala dayımdır (C.Məmmədov) — Sənubər
5. Milyonçunun dilənçi oğlu (Ş.Qurbanov) — xanım
6. Yeddi məhbusə anası (Ə.Əmirli) — Həcər
7. Şeytanın yubileyi (A.Babayev) — Şamiyə
8. Hələlik (R.Əhmədzadə) — Qənirə
9. Ər və arvad (Ü.Hacıbəyov) — Gülpəri
10. Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə
11. Məhəbbət oyunu (Q.Rəsulov) — Qəmər
12. Qısqanc ürəklər (M.Haqverdiyev) — Zema
13. O olmasın, bu olsun (Ü.Hacıbəyov) — Gülnaz
14. Hicran (ikinci quruluş (1993); S.Rəhman) — Hicran
15. Özümüz bilərik (Ş.Qurbanov) — Lalə
16. Subaylarınızdan görəsiniz (İ.Məlikzadə) — Qəndab
17. Lotoreya (V.Səmədoğlu) — Sona
18. Xanuma (A.Saqarelli) — Kabato
19. Toya bir gün qalmış (Ə.Səmədli) — Toma
Bəşir Teatrında əsas rolları bunlar olub:
1. İtkin ər (Ə.Əmirli) — Bikə
2. Olmadı elə, oldu belə (Ş.Qurbanov)
3. Özümüz bilərik (Ş.Qurbanov)
4. Hələlik (R.Əhmədzadə)
5. Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə
Filmoqrafiyasında 5 film var:
1. Zəncirbənd (film, 1989)
2. Bağdada putyovka var... (film, 2000)
3. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Mərdanın anası)
4. Qayınanamız (serial, 2015)
5. Niyə? (serial, 2018-)
İndi də tamaşaya qayıdaq. Beləliklə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının budəfəki nümayişi teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunub.
Və ötamaşadan əvvəl teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın səhnə fəaliyyətindən danışıb.
Vaxtı ilə bu tamaşanın Naz-nazı olan Gülcahan xanım bu dəfə onu sevənləri Səlbi (Naznazın anası) obrazı ilə qarşılayıb.
Rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda ərsəyə gələn "Beş manatlıq gəlin" tamaşasında Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da eyni səhnəni bölüşürlər.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)