Super User

Super User

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Amma uğurun antonimi olan uğursuzluğu da nəzərdən qaçırmırıq.

Yer Kürəsində milyardlarla insan var, hər bir insan üçün də ailə – iş yeri – cəmiyyət üçbucağında bir yer müəyyənləşdirilib. Amma bəzən elə olur, kimsə öz yerini tapa bilmir. İnsanlığın faciəsi bax budur, öz yerini tapa bilməməkdir. Uğursuz, sənə xoşbəxtlik gətirməyən ailə (ailəli olmayanlar üçün sevgi münasibətləri), fayda verə bilmədiyin və bəhrəsini ala bilmədiyin iş (işsizlik, təhsil ala bilməmək də həmçinin), səni qəbul etməyən cəmiyyət – əsas uğursuzluq üçlüyü budur. Bəzi uğursuzlar bu üçlüyün hər hansı birində qərarlaşır, belələrini gəlin şərti olaraq nisbi uğursuz adlandıraq (NU). Belələri həyatda böyük əksəriyyətdir, elə əhatəmizdə hər 10 nəfərdən ən azı 3-4-ü nisbi uğursuzluqdan əziyyət çəkir. Bu tip insanlar bədbin olsalar da, onlarda bu bədbinlikdən tezliklə qopacaqlarına inam böyük olur. Onlar bir sahədəki uğursuzluğu digər sahələrdəki qənaətbəxşliklə neytrallaşdıra bilirlər haradasa. NU kateqoriyasının özündə bir müvəqqətilik, ötərilik, keçərilik kəsb etməsi bu insanlarda mübarizlik əzmini tam yox edə bilmir, onlar sabahkı günün işıqlı olacağına inanır, bu inamla yaşayır, çabalar göstərirlər. NU-ların motivasiyaya böyük ehtiyacı olur, çünki bu tip insanlar xırdaca bir təkanla öz uğursuzluqlarını dəf edə bilirlər. Öncədən qeyd edək ki, həyatda özlərini uğursuz sayanların böyük bir qismi yeniyetməlik və gənclik illərində uğursuz sevgiyə məruz qalanlar olur, bir də ki, ali təhsil almaq arzusuna yetişə bilməyənlər. (Hər iki mövzuya kitabımızda ayrıca toxunacağıq).

Üçbucağın birdən birə iki bucağında düzgün yerləşə bilməyənlər artıq tam uğursuzdurlar, bunları elə bu cür də adlandıraq (TU). Belələri xeyli azdır, NU-lardan sayca xeyli az olduqları kimi, problemlərinin xarakterinə görə də onlardan xeyli fərqli görünürlər. TU artıq həyatdan ikitərəfli zərbə almış insan olduğu üçün onun bədbinlik dərəcəsi də hədsiz yüksək, hətta ayrı-ayrı hallarda depressiyaya düşmək səviyyəsində olur.

TU-lar get-gedə özlərinə qapanır, ətrafdan təcrid olunurlar, mübarizədən yorulur və yayınmağa başlayırlar. TU-ların həyat tənəzzülü get-gedə sağlamlıqlarına zərbə vurur, özünə inamsızlıq müəyyən əsəb xəstəlikləri ilə müşayiət olunaraq çox ağır fəsadlar törədə biləcək kombinə yaradır. Sonucda intihara cəhdədək uzanan bu yoldan pasienti geri döndərmək çox çətin, əksərən qeyri-mümkün görünür. Odur ki, vacib məqamda – narazılıq hələ rüşeym halında olarkən TU-ların üzərində işləmək, onları «hər şeyin düzələcəyinə» inandırıb buna kökləmək olduqca vacibdir.

Ailə-iş-cəmiyyət uğursuzluğu üçbucağının hər üç küncündə qərarlaşan insan tipləri çox azdırlar, belələrini mütləq uğursuzlar adlandıraq (MU). Belələri haqqında ilk baxışda yalnız bunu söyləmək olar: «Tanrının üz döndərdiyi adamlar».

MU sonucda ya psixi pozğunluq həddinə gedib çıxır, ya da intihar edir, amma dəstəyə (istər maddi olsun, istər mənəvi, fərq etməz) hədsiz ehtiyac duyan bu insanların da motivasiyaya daim ehtiyacları olur. Ailə üzvü, dost, qohum, qonşu, tanış, tanımadığı birisi – insan zəncirinin hər bir halqası MU-ya düşdüyü dərin quyudan çıxmağa kömək göstərməklə, əl uzatmaqla onun həyat nağılının erkən bitirməsinə mane ola bilər. Amma əksər halda MU bu uzanan əlləri görə bilmir, ətrafın biganəliyinin qurbanı olur.

Və ən nəhayət, təsnifatımızda 4-cü tip uğursuzlar da yer alır ki, bunların uğursuzluq səbəbi ailə-iş-cəmiyyət üçbucağından kənarda dayanır. Problemləri hər hansı sağalmaz xəstəlikdən, əlillikdən, yaxud xoşagəlməz adət və vərdişdən, yaxud yaxın bir adamın vəfatından və bu qəbildən olan digər nəsnələrdən qaynaqlanan bu sayaq həyatdan küskünlər isə təsnifatımızda xüsusi uğursuzlar (XU) kimi yer alacaqlar. Belələri də ətrafımızda çoxdurlar, bizim qayğı və nəvazişimizə, təsəllimizə ehtiyacı olan bu tip insanlarla hər gün görüşür, ünsiyyətdə oluruq. Sadəcə, düşünməyimiz gərəkdir ki, belələrinə xırdaca bir diqqət göstərməyimiz, onlarla həmdərd olduğumuzu nümayiş etdirməyimiz çox vacibdir.

Beləliklə, biz uğursuzluqlarla üzləşib həyatdan inciyən və küsənlərin 4 tipini müəyyənləşdirdik.

Kitab boyunca burada sadaladığımız uğursuzluq səbəblərinin hər biri üzərində ayrıca dayanacaq və bu səbəbləri aradan götürmə yollarından geniş bəhs edəcəyik.

Hər xəstəliyin öz dərmanı, hər qıfılın öz açarı olduğu kimi hər problemin də öz həlli var, unutmayaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

 

                                           

 

 

 

 

 

VI “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunan eyniadlı müsabiqənin yekun sərgisinin vaxtı açıqlanıb. Sərgi sabah - mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısında təşkil ediləcək.

 

Xətai Sənət Mərkəzinin yaydığı məlumata görə, sərgi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədilə keçirilən festival çərçivəsində təşkil olunacaq. “Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssisindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənib. Qaliblərə hər yaş qrupu üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması nəzərdə tutulur. 

Xatırladaq ki, müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sabah - mayın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi təşkil olunacaq.

 

Gecə Rasim Balayevin 75 illiyinə həsr olunur.

Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində rol alıb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sabah İlqar Fəhminin çox gözlənilən “Balaca kişilər” tamaşasının premyerasıdır

 

Elə premyeralar var ki, onları səbirsizliklə gözləyirsən. Günləri ipə düzürsən sanki. 

44 günlük zəfər müharibəsindən sonra müharibə mövzusu mədəniyyətimizdə yuxarı başa keçib. Amma ortaya qələbəyə layiq iş qoymaq çox az halda mümkün olur. Növbəti söhbətimiz bir teatr premyerası barədədir. Bu premyeranı məhz layiqli iş adlandırmağa köklənmiş “Ədəbiyyat və incəsənət” portalının əməkdaşlarının hazırladıqları yazını təqdim edirik. 

 

Sabah və birigün - mayın 27-28-də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının premyerası keçiriləcək. Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir.

“Ədəbiyyat və incəsənət” portalı bu tamaşaya baxmağı xüsusən məsləhət bilir. Niyə? Çünki İlqar Fəhminin “Balaca kişilər” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalib elan olunub. Onlarla iş arasında fərqlənib qalib olan nəsnə təbii ki, üstündür və diqqətçəkəndir. 

 

uluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.

 

İndi də gəlin rejissor Nicat Kazımovun tamaşa barədə fikirlərinə diqqət edək:

“İlqar Fəhminin “Balaca kişilər” poemasını 44 günlük müharibə dönəmində “Mədəniyyət” kanalında səsləndirdim və çox böyük marağa səbəb oldu. Azərbaycan müharibədə böyük zəfər qazanandan sonra İlqarla bu mövzu ətrafında bir neçə dəfə söhbətimiz oldu və belə qərara gəldik ki, həmin poemanın qəhrəmanları olan balaca kişilər dediyimiz azyaşlı uşaqlar pyesin qəhrəmanlarına çevrilsinlər.

Uzun müzakirələrdən sonra İlqar çox maraqlı əsər yazdı. Dərsini oxumayan, bütün günü telefonla oynayan, təhsilə laqeyd, müqəddəs məhfumların onlar üçün mövcud olmadığını düşündüyümüz, bir sözlə, xor gördüyümüz uşaqlar bizə böyük qalibiyyət gətirdi. Bu əsər məhz həmin uşaqlar haqdadır.

Əsərin tamaşaya hazırlanması təsdiqlənəndən sonra işə başladıq. Əslində tamaşanı daha əvvəl təhvil verməli idik, sadəcə bildiyiniz kimi teatrımızda “KOD adı V.X.A” adlı tamaşanın məşqləri gedirdi, iki tamaşanın məşqləri toqquşurdu və bəzi aktyorların hər iki tamaşada oynamasını da nəzərə alaraq proses uzandı.

Tamaşada əsasən teatrın ən gənc aktyorları iştirak edirlər. Bununla yanaşı yaşlı, nisbətən orta nəslin də nümayəndələri var. Tamaşada yeganə erməni obrazını Şövqü Hüseynov canlandırır.

Məxsusi tamaşa üçün bir neçə yeni musiqi yazılıb. Amma əsasən Azərbaycan xalq musiqilərindən istifadə olunub, təbii ki, tamaşaçılar həmin musiqiləri yeni aranjimanda eşidəcəklər. Dostum, qardaşım Mirələm Mirələmova təşəkkür edirəm ki, mahnıların bir neçəsini ifa etməyi öz üzərinə götürdü.

Tamaşanın çətin tərəfi odur ki, üzərimizdə böyük məsuliyyət hiss var. Biz hamımız həmin döyüşlərin şahidiyik, qəhrəmanları tanıyırıq. Və burda hansısa yan tərəfə qaçmaq ehtimalı çox böyük idi. Amma min şükür ki, tamaşa təhvil verildi və Bədii Şura tərəfindən yekdilliklə, böyük uğurla qarşılandı. İnanıram ki, premyera uğurlu  olacaq.

Və bir şeyi də qeyd edim. Qələbədən bir neçə ay sonra ilk dəfə Şuşaya gedəndə, səhv etmirəmsə, Füzuli ərazisində kənd xarabalıqlarını gördüm. Amma orda diqqətimi çəkən bir məqam var idi: bütün xarab evlərin içərisindən ağaclar boylanmışdı və dam örtüyü kimi evi örtmüşdü. Bu görüntü mənə çox təsir etdi. Sanki təbiət, Allah bizi damsız qoymaq istəməyib. Hər bir evin içindən bir ağac böyüyüb dama çevrilib.

O ideyanı bu tamaşada reallaşdırdıq. Xarabalıqlar və xarabalığın içində bir ağac və ağacın kökləri... Çünki tamaşada müasir qəhrəmanlar deyil, həm də tarixi personajlar var. Dədə-babalarımız olan Şah İsmayıl, İbrahimxəlil xan, Cavad xan, Hüseynqulu xanın da ruhları uşaqlarla birlikdədir.

İnandırıram ki, mənim üçün “Hamlet”i hazırlamaq daha rahat olardı, nəinki bu əsəri. Bu əsərin məsuliyyəti həddindən artıqdır. Ona görə onun yaxşı formada araya-ərsəyə gəlməsi üçün çox enerji sərf etdik. Yeri gəlmişkən, teatrımızın rəhbərliyinə təşəkkür edirəm. Çünki biz “Balaca kişilər”i sponsorsuz, dövlət sifarişi olmadan, yalnız teatrın öz hesabına hazırlamışıq”.

 

Məncə, tamaşanı izləmək üçün sizlərdə kifayət qədər maraq oyandı. Onda haydı, bilet almağa! 

 

Şəkillərdə: Tamaşanın məşq prosesindən fotolar.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Rəsm qalereyası: Helqa Stentsel (Britaniya), sürrealist portretlər silsiləsi

Cümə, 26 May 2023 14:30

Sevənin gözü niyə kor olur?

Unudulmaz sevgi romanlarından parçalar

 

“Sevən sevdiyinin fiziki görünüşünə, daxili aləminə, xasiyyətinə o qədər valeh olur ki, mövcud qüsurları sadəcə görmək istəmir. Bunu psixoloqlar "Çəhrayı eynək effekti" adlandırırlar. "Çəhrayı eynək" yalnız gözəllikləri, müsbət keyfiyyətləri göstərməyə qadirdir, mənfiliklər, eybəcərliklər heç cür onun görmə əhatəsinə düşə bilmir. 

Hətta sevən sevdiyinin qarşılıqlı sevgisinə tuş gəlsə belə, açıq-aşkar hislərin birtərəfli olduğunu görəndə belə özünü aldadır, sevdiyinin münasibətinə "sevmir" kimi yox, "xasiyyəti belədir, bir az soyuqdur, sevgisini izhar etməkdə çətinlik çəkir" şəklində izah verməklə özünü ovudur. Özünü aldaltmaq, özünə yalan satmaq — bunlar da sevginin xarakterik xüsusiyyətləridir.

"Çəhrayı eynəyi" yaxşılıq etmək naminə dartıb sevənin gözündən çıxarmaq lazımdırmı? Bax bu, bütün zamanların ən mübahisə doğuran məsələsidir. Çünki sual oluna bilər ki, sənin yaxşılığına yaxşılıq etmək istədiyinin çoxmu ehtiyacı var?

 

“Qırmızı ləçəklər”, Varis

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Cümə, 26 May 2023 19:00

Sabah Rafet El Romanın konsertidir

Azərbaycanda ən çox sevilən Türkiyə müğənnisi kimdir? Ən çox Bakıda konsert verən bəs? Cavab birdir: Rafet El Roman!

 

Sabah - mayın 27-də Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.

Həddindən artıq çoxsaylı istəkləri nəzərə alaraq türk pop musiqisinin məşhur ifaçısı Rafet el Roman yenidən öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

Konsertdə ünlü müğənni “Gönül yarası", "Bana sen lazımsın", "Senden sonra" və digər hitləri ilə könülləri fəth edən Rafet el Roman bir neçə tam yeni mahnısını da səsləndirəcək.

Bəs azərbaycanlıları daha çox maraqlandıran, soydaşımız Ezo ilə oxunan “Kalbine sürgün” mahnısı necə, səsləndiriləcəkmi?

“Ədəbiyyat və incəsənət”in təşkilatçılardan aldığı məlumata görə bəli, səsləndiriləcək. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub.

“Report”un Şuşaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.

 

“Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb", - deyə K.Quliyev qeyd edib.

 

Şuşada görülən işlər barəsində danışan K.Quliyev bildirib ki, hazırda Şuşada təhsil ocağının, xəstəxananın və poçt binasının tikintisi davam edir:

 

“Bu poçt binası "ASAN" və "DOST" xidmətlərini özündə birləşdirəcək. Bütün bu layihələrin icrası bu ilin sonuna yekunlaşacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sabah - mayın 27-də Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Candan Erçetinin konserti olacaq.

 

Fərqli, özünəməxsus ifa tərzi ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla ilk dəfə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Bu gün - mayın 26-da Beynəlxalq Muğam Mərkəzində cazmen, gitara ifaçısı Ələsgər Abbasovun yaradıcılıq gecəsi təşkil olunacaq. 

 

Gecədə Xalq artistləri Salman Qəmbərov, Cəmil Əmirov, Əməkdar artist Tofiq Cabbarov, tanınmış ifaçılar Ahmet Özkulalı (Türkiyə, zərb alətləri), Şəmsi Tağızadənin (nəfəs alətləri) və caz ustalarının çıxışları nəzərdə tutulub. 

Qeyd edək ki, Ələsgər Abbasov Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyası) simli alətlər fakültəsinin məzunudur. Hazırda Türkiyədə fəaliyyət göstərir. Vaxtilə “Abşeron” və Vaqif Mustafazadənin “Muğam” qrupunda çalışan musiqiçi daha sonrakı dövrdə Rafiq Babayevin idarə etdiyi Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada Orkestrinin və “Cəngi” qrupunun (1991) üzvü olub. Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi ansamblda çalışıb. Bir çox yerli və beynəlxalq caz festivalların iştirakçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.