Super User

Super User

Çərşənbə axşamı, 07 Mart 2023 13:00

Varlı-hallı qadın niyə ərinə xəyanət etsin ki?

Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”.

 

“Ədəbiyyat və incəsənət”in oxucularına ədəbiyyatşünas Sərvanə Dağtumas bu dəfə türk dünyasının dahi yazıçısı, qırğız Çingiz Aytmatovun yaradıcılığı barədə danışacaq. Məlumat verək ki, Sovet epoxasında Çingiz Aytmatov bir nömrəli yazıçı hesab edilib.

 

Giriş.

Qırğız yazıçısı sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir, əsərin ruhundan  şəffaflıq axır, oxucunun, sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.

Cəmilənin həbs olunmuş xəyalları.

Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi, xarakterində kobudluq hiss olunurdu, ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik, itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini, xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər. Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.

Cəmilə-Sadıq “məhəbbəti”.

Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı. Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı.  Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi,  onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu,  həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi.  Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.

Sadıqın gecikmiş “məhəbbəti”.

Qadının və kişinin xoşbəxtliyi nədə idi? Cəmilə və Sadıq xoşbəxt idimi? Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.

Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi? Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır.  “Sevgi ilə qarın doymur”  deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün. 

Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi? Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o, yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı.  Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi, amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə.  Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu,  gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.

Sadiq Cəmiləni sevirdi mi? Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi. Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o, təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.

 Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdimi?  Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir.  Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu.  O ac da olsa, susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi, yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.

Cəmilə daha tez gedə bilərdi, amma...

Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır.  Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.

Fırtınalı eşq dastanı.

Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi, yetimliyin və həyatın hər sərt üzünü görmüşdü.  Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu.  Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz,  qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu.  Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi.  Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin, dağların, torpağın, quşların, bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi, onu sanki bütün təbiət-çaylar, yarpaqlar, dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.

Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislərmi oyatdı? Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra  iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi”, nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.

Cəmilə stereotipləri aşa bildimi?

Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı, sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa, bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.

Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadımı? Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.

Sevgi üçbucağı.

Daniyar Cəmiləni sevirdi, bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur.

Qadın nə istəyir?

Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Cəmilə də mühafizə edə bilmədi, çünki qılıncı yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc Verdi. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu. İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir.  Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.

Gəlin-qayınana münasibətləri.

Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir...Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi... Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi,  onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.

Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdimi? Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi,  gəlin özü ilə hesablaşardı.  Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir. 

Geri dönüş oldumu?

Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada  olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.

Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər? Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır. Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.

Seyidin mükəmməl rəsm əsəri.

 Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.

Əsərin ideyası.

Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.

Əsəri oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır.  Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.

Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.

Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

Çərşənbə axşamı, 07 Mart 2023 12:45

6,5 milyard manat!

44 günlük qələbə 30 illik torpaq həsrətinə son qoydu. Azərbaycan məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. Bəs bugünədək hansı həcmdə işlər görülüb, nələr gündəmdədir? 

“Ədəbiyyat və incəsənət” ekspertlərin fikrini nəzərinizə çatdırır. 

Millət vəkili Vüqar Bayramov:

-30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistan hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Ermənistan revanşist meyillər ilə regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Lakin Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzalamaqla yeni səhifəni açmaqdır. Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə ötən il 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6,5 milyard manat yönəldilib. 2022-2026-cı illərdə isə işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulmasına 19,2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsi başlayacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar.

Millət vəkili Rauf Əliyev:

Bilirsiniz ki, Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır. Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb.
Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün külli miqdarda vəsait nəzərdə tutulub. 

Əlbəttə ki, bu ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 12:30

Təxəllüsünün mənası- “Əkilməmiş sahə…”

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlu bu dəfə yazıçı, BSU Yaradıcılıq Fakültəsinin dekanı Mübariz Örən  barədə səmimi bir yazı yazıb. Oxuyun. 

 

Deyir ki,-  “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində... O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir də var yazıçının özünün ədəbiyyatda bir fiqur kimi yeri. Bu, daha mürəkkəb məsələdi və burada təkcə mətnyaratma prosesi ilə iş bitmir. Gərək ədəbiyyatın əhatə etdiyi bütün o müstəvidə – hətta müstəvilərdə – cərəyan edən, daima qaynamaqda olan proseslərdə iştirak edəsən, "qazanın içində qaynayasan”. Bu yerdə mövqeyimdən razı olmaya bilərəm. Bunun da, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Birincisi odur ki, məşğul olduğum sahə – fəaliyyət sahəm ədəbiyyatla daban-dabana zidd sahədi; nəinki ortaq sərhədi, heç ortaq nöqtəsi də yoxdu. İkincisi ədəbiyyat Olimpizim "allahları”, "yarımallahları” öz mövqelərindən elə bərk yapışıblar ki, "Qar tanrısı” da gəlsə xeyri yoxdu. Adamı nəinki Olimpin özünə, heç ətəklərinə də buraxmazlar…”

 

Yazıçınin məişətdə hansı işlə məşğul olması önəmli deyil. O qədər ədəbiyyatla daban-dabana zid işlərdə çalışan yazıçılar olub ki. Önəmli olanı odur ki, istedadlısan. İstedad isə qum kimidir, onu nə qədər ovcunda gizlətsən də yol tapıb axacaq. Bunun qarşısını heç “Qar tanrısı” da ala bilməz...

 

Uşaqlıq illəri ağır keçib. Əzizlərini itirə-itirə böyüyüb. Zəmanənin ağırlığını, yaşamağın nə qədər çətin olduğunu yaşaya-yaşaya dərk edib. Təfəkkürü qat-qat dərinləşdikcə, qarış-qarış yüksələ bilib...

 

Şirin suda kürü qoyan dəniz balıqlarına bənzəyir. Nə vaxtsa həmin kürülərin balığa çevrilib, dənizə qovuşacağı ümidi, onu heç vaxt tərk etmir. Axı yaxşı bilir ki, dəniz üçün doğulanlar çaylarda yaşaya bilməz...

 

Deyib gülməyi xoşlayır. Yumor hissi yüksək səviyyədədir. Dostluq etməyi bacarır. Ehtiyacı olan hər kəsə əl uzatmağa çalışır. Çətinliyi olanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Tək qalanda sanki özünü tapir. Ünsiyyətdə tərbiyəli və nəzakətlidir. Zəngin fantaziyası, düşüncə tərzi ilhamına xüsusi təkan verir. Yaradıcılığına söz ola bilməz. Ərsəyə gətirdiyi əsərlər ciddi ədəbiyyat nümunələridir. Azərbaycanın ən yaxşı yazarlarından biridir. Əlahəzrət Zaman nə vaxtsa layiq olduğu dəyəri verəcək. Bunu eşidəndə təəccüblənməsin…

 

Mütaliəsi çox güclüdür. Hadisələri müşahidə etmək qabiliyyəti isə yüksək səviyyədədir. Satqınlığı, böhtanı bağışlaya bilmir. Dostluqda sədaqət, onun üçün ən önəmli anlamdır…

 

Bəli, Mübariz Örən gözəl insan olduğu kimi çağdaş Azərbaycan ədəbiyyatına gözəllik gətirən yazıçılardan da biridir. Təxəllüsünün mənası- “əkilməmiş sahə” deməkdir. Yəni xam torpaq. Necə deyərlər, qoy bu sahədə “SÖZ” əkib, ərsəyə gətirdiyi məhsul ona “Nobel” qazandırsın!..

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Azərbaycan Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı seçilib.

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, proqramın geniş ictimaiyyətə tanıdılması məqsədilə martın 6-da Almaniyanın Berlin şəhərində mətbuat konfransı keçirilib. 

Mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson, Dayanıqlı Qonaqpərvərlik Alyansının baş icraçı direktoru Qlen Mandjuk və Proqramın hotel tərəfdaşı olan “Radisson” Hotel Qrupunun dayanıqlılıq üzrə vitse-prezidenti İnge Huybrexts iştirak ediblər. 

Proqramın əsas məqsədi dayanıqlı turizmin təbliğ edilməsi məqsədilə hotellərdə qlobal olaraq qəbul edilmiş bir sıra meyarların tətbiq edilməsinə nail olmaqdır.

Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə istehlak olunan məhsulların yenidən istifadəsi, təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) kimi 3 sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.

Konfransda çıxış edən Florian Zenqstşmid bu proqramın Azərbaycanın dayanıqlı turizm inkişafı strategiyasına mühüm əlavə olduğunu qeyd edib.

O bildirib ki, bu proqrama qoşulmaq təkcə özümüzə və ziyarətçilərə qarşı deyil, həm də Azərbaycan kimi inkişaf etməkdə olan digər destinasiyalara qarşı məsuliyyət deməkdir.

Azərbaycanda proqramın tətbiq edilməsinin birbaşa Azərbaycan Hotel Assosiasiyasının məşğul olacağını bildirən Baş icraçı direktor, həmçinin ölkənin ümumi dayanıqlılıq strategiyası haqqında məlumat verib. 

Slou Fud səyahət proqramı, quş müşahidəçiliyi, Basqalda həyata keçirilən restavrasiya işləri haqqında mətbuat konfransı iştirakçılarına məlumat verilib və bu layihələrin yerli icmaların rifahının yaxşılaşdırılması, fauna və floranın mühafizəsi, kiçik bizneslərə dəstək və digər məsələlərdə rolu vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Müsahib rubrikasıdır, müsahibəni aparan Şəfa Vəlidir. Müsahibsə Mirzə Fətəli Axundzadənin Şəkidəki ev-muzeyinin baş fond mühafizi Sevda Rəhimovadır.8 mart bayramı öncəsi layihəmizdə xanımlardan bəhs etməyimiz təbiidir.

 

 

MÜSAHİB

 

 

         Sentyabr sarısında havalanan bir yarpaq misalı yerini-yurdunu qəribsəyir şair ömrü. Və bu ömürdən keçənlər yadımıza nağıllardakı “ən yüyrək nədir?” sualını salır. “Şəkinin payızı  gözəl olur...”-demişdi şair Hədiyyə Şəfaqət. İl boyu mamırı əksilməyən divarlara düşən gün işığı sarı olmur Şəki payızında; rəngsiz olur. Amma... O mamırlı divarların hamısı adamı yaşadığı “indi”nin əlindən çəkib alır, illərin, əsrlərin başı üstündən yelləyir, yelləyir, bir hovurda uşaqlıqda oxuduğu hansısa kitabın ucu qatlanmış, saralmış, kövrəlmiş vərəqlərinin arasına atır...

         2021-ci ilin payızında Bəxtiyar Vahabzadənin əlyazmalarının arasında tapmışdım özümü. Bu dəfə isə Mirzə Fətəli Axundzadənin qələmdanına baxmağa tələsdim.

         Uşaqkən elə bilirdim ki, Axundzadəni tanımayan adam yoxdur. Böyüdükcə, cild-cild kitablarla daha çox dərdləşdikcə təəssüflə bir şeyin dərkinə vardım: Axundzadə irsi, şəxsiyyəti hələ də tam olaraq araşdırılmamış qalıb. “Araşdırmaq kimin borcudur?” sualını dəfələrlə öz-özümə vermişəm, amma bir dəfə də olsun cəsarətlə, ucadan: “Mənim!”-deyə bilməmişəm....Və bəlkə də, heç vaxt deyə bilməyəcəyəm. “Çünki” ilə başlayan cümlələri “n” qədər quraram, imkanlarımı, imkansızlıqlarımı ömür tərəzisində təkrar-təkrar çəkə bilərəm, sonda yenə əliboş qalacağıma olan əminliyimə yeniləcəyəm.

 

         ...Böyük mütəfəkkirin Şəkidə yerləşən ev muzeyinin həyətindəki büstünə baxa-baxa bu pessimist düşüncələrə qapılıram. 

– Xoş gəlmisiniz!

         Səsə geri çevrilirəm. Yenə həmin xanımdı-muzeyə ilk dəfə gələndə məni qarşılayan, bu muzeyi mənə sevdirən, Axundzadəyə olan ehtiramı gözlərindən oxunan baş fond mühafizi Sevda Rəhimova.

– Xoş gördük!  Yenə güzgüyə baxmağa gəlmişəm.

– İstəyirsiniz, birinci ekspozisiya zalına baş çəkin.

– Aha...

         Tələskənliyim üçün utanıram. Ürəyimdə isə Sevda xanımın muzeyin mistik ab-havasını pozmamaq üçün gələn qonaqların ziyarətini nizamlamasını təqdir edirəm.

         İçəri keçirik. Gözlərimi qapıdan sola-ədibin yazı masasına çevirirəm. Baxışlarım qələmdana kilidlənir. Ramiz Həsənoğlunun rejissorluğu ilə çəkilmiş “Sübhün səfiri” (2012) filmi düşür yadıma.  Axundzadənin öz əsərlərinin obrazlarını necə tanımasını,  indi oxuyanda bizi gülümsədən hadisələrə şahid olduqca içində göynəyə dönən qocaman təəssüfünü xatırlayıram.

– Buyurun, əyləşin, – deyir Sevda xanım.

         Çəkinğənliklə baxıram və yazı masasının yanındakı stulda otururam. “Görəsən, bu stulda – ədibin sağ tərəfində qızı Nisə xanım əyləşirmiş, yoxsa oğlu Rəşid bəy?” – deyə bir sual keçir ağlımdan. Amma Sevda xanıma başqa sual verirəm:

– Muzey nə vaxtdan fəaliyyət göstərir?

–1940-cı ildən. Azərbaycanda ilk ev muzeyidir.

– Görəsən, təşəbbüskarı kim olub?

–Təşəbbüskarının kim olmağı barədə heç bir məlumat verə bilməyəcəyəm, təəssüf ki. Mirzə Fətəli Axundzadənin anadan olduğu ev 1800-cü ildə tikilib. Şərq üslubunda olan ev tikildiyi dövrdə necəydisə, elə də qalıb. Sonradan evə heç bir əlavə edilməyib. Bu ekspozisiya zalı isə 2012-ci ildə-ədibin 200 illik yubileyi ərəfəsində tikilərək istifadəyə verilib.

– Bu yazı masası Tiflisdən gəlib?

–Yox, bu evdə olub. 1940-cı ilədək qohum-əqrəba tərəfindən qorunub. Sonra ev muzey kimi fəaliyyətə başlayıb. İndi burda da (ekspozisiya zalını nəzərdə tutur), evdə də olan əşyaların çoxu elə evin öz əşyalarıdır. Qohumlar qoruyub saxlayıblar.

– Sədaqətli qohumlar imiş.

– O vaxt insanlar indiki kimi deyildi. Maddiyyat güdmürdülər. Evin muzey olmasında da, əşyaların olduğu kimi təhvil verilməsində də əsas məqsəd dahinin gələcək nəsillər tərəfindən tanınması olub. Məsələn, sizin sevdiyiniz bu qələmdan, bu mürəkkəbqabı... Təsəvvür edəndə ki Mirzə məhz bu masada, bu qələm-mürəkkəblə yazıb öz maarifçi fikirlərini, adamda qəribə hisslər oyanır. Həm fəxr edirsən, həm də bu əşyaları qorumağa, gəcələk nəsillərə tanıtdırmağa borclu olduğunu dərk edirsən.

– Sonradan əlavə edilən eksponatlar varmı?

– Təbii ki... 600-ə yaxın eksponat var muzeydə. Bir qismi burda sərgilənir, bir qismi evdədi. Fond otağında olanları da var. Vaxtaşırı eksponatları dəyişirik ki, tez-tez gələn ziyarətçilər hər dəfə fərqli şeylər görə bilsin. Ekpsonatlar sırasında eləsi var ki, sonradan bizə hədiyyə olunub.

– Axundzadənin istifadə etdiyi əşyalardandır o hədiyyələr?

– Yox. Amma onun doğulduğu, böyüdüyü dövrə aid əşyalardı. Məsələn, tutaq ki, mən gedirəm anamgilə, orda qədimi bir güzgü görürəm. Hansı ki, müasir dövrdə onlar “köhnəlmiş” sayılır. Mənimçünsə həmin əşya tarixin bir parçasıdır. Tez götürüb gətirirəm, eksponatlar siyahısına əlavə edirəm. Eləcə də muzeyimizin direktoru Ulduz xanım, digər işçilər... Bəlkə də, bizim muzey işçisi olmağımız tarixi məna kəsb edən əşyalara fərqli yanaşmağımıza səbəb olur. Amma əminliklə deyə bilərəm ki, hədiyyə olunan, sonradan əlavə edilən eksponatların sayı çox deyil.

– Ədibin öz kitabxanasından olan kitablardan varmı burda?

– Yox... Onun mütaliə siyahısını bilmək mənə də maraqlı olardı.

         Sevda xanımın çöhrəsinə kədərli bir təbəssüm çökür. Yenə yadıma düşür Axundzadə irsinin dərininə enə bilən qəvvasların, demək olar ki, yox dərəcəsində olması... Təəssüfümüz də, kədərimiz də, içimizdə özümüzü günahlandırmağımız da eyni ölçüdədir Sevda xanımla...

– Sonradan özünün nəşr olunan kitablarından gətirilib bir az.  Kitabxanasından heç nə yoxdur. Əlyazmaları da yoxdur, sadəcə, yazılarının bəzilərinin fotosurəti var.

– Hamısı Tiflisdədir?

– Heç orda olmamışam. Amma bilirəm ki, ordakı eksponatların sayı burdakından azdır. Burda evin özü də eksponatdır.

– Tiflisdəki eksponatlarla burdakıları, belə deyək, dəyiş-düyüş edə bilərsiniz? Ki, oraya getməyə imkanı olmayanlar ədibin əşyaları ilə tanış olmaq imkanı tapsın. Eləcə də ordakılar burda olanları görə bilsinlər.

– Bu, maraqlı təklifdi, amma mümkün olub-olmayacağı zamana bağlıdır. Mən özüm Əlyazmalar İnstitutunda ezamiyyətdə olmuşam. Yeni, muzeyə əlavə olunası, daha doğrusu, bizdə olmayan heç nə tapmamışam.

– Kaş muzeyin təşəbbüskarı haqqında da azacıq məlumat əldə edə bilək...

– Kaş... Düşünürəm ki, bir Axundzadəsevər olub, yəqin. Bəlkə də, qohum-əqrəbadan kimsə olub. Evin sovet dönəmindən qorunmasının özü böyük işdi. Əslində, bura ilk ekspozisiya zalı deyil. İlk zal sovet vaxtı tikilib. Çox primitiv formada idi. Yayda isti, qışda soyuq olurdu. Üstü dəmirdən, yan divarları şüşədən idi. İşçilər üçün ayrıca otaq yox idi. Bir Axundzadəsevər insan var: Səbuhi müəllim. Bir gün muzeyə baş çəkməyə gəlmişdi, zalın get-gedə daha da bərbad hala düşdüyünü gördü. Lazımi yerlərə müraciətlər ünvanladı, diqqət çəkdi. Beləcə, 2012-ci ildə prezidentin sərəncamı ilə bu yeni zal tikildi. Əslində, ilkin fikirlərdə eksponat sayılan evin də ekspozisiya zalının içində olması nəzərdə tutulurdu. Beləcə, ev yağışdan qorunmalıydı. Amma o fikir elə fikir olaraq da qaldı. Yenə şükür, indi işçilər üçün ayrıca otaq da var. Hərçənd, bəzi ziyarətçilər müasir zalın qədimi ab-havaya malik evə yaraşmadığını dilə gətirirlər. Amma zal necə olmalıdır bəs? Bu qədər eksponat o balaca evə sığmır axı. Burda elə rəsmlər, elə əşyalar var ki, evin zirzəmisindən çıxarmışıq, təmizləmişik, gətirib zala qoymuşuq.

– Axund Hacı Ələsgərin evi harda olub, görəsən?

– Dəqiq deyə bilmərəm. Amma əvvəllər burda-məhlənin bir az  aşağısında köhnə ev vardı. Ehtimala görə, Axund Hacı Ələsgərin evi olub. Axundzadənin uzaq qohumu olan Zemfira xanım deyirdi ki, ora mənim nənəmgilin evi olub.

– Necə qohumluğu çatır Zemfira xanımın ədibə?

– Desəm ki, bunu da dəqiq deyə bilməyəcəyəm, yəqin, məni günahlandırmazsınız.  Bilirsiniz, bəzən insan nələrisə özü danışır və sən anlayırsan ki, o, səndən heç bir sual gözləmir. Ona görə də Zemfira xanımın öz danışdıqları ilə kifayətlənirəm. Amma hər halda burdakı evin Axund Hacı Ələsgərə məxsus olması ehtimal edilirsə və Zemfira xanımın nənəsi bu evin sakini olubsa, qohumluğa şübhə etmək olmaz. Hətta bir söz deyim, “Sübhün səfiri” filmində həmin evin bir divarı kadra düşüb. Üstəlik, həmin evin sökülməsi üçün məhz Zemfira xanımdan rəsmi icazə alınıb.

– Zemfira xanım Şəkidə yaşayır?

– Yox, Bakıda yaşayır. Çox nəcib, nəzakətli və ziyalı xanımdır. Hər il gəlir muzeyə. Bir dəfə bir söz dedi, heç unuda bilmirəm. Dedi: “Hansı il mən muzeyə gəlmədimsə, bilin ki, artıq bu dünyada yoxam...” Biz onun yolunu hər il səbirsizliklə gözləyirik.

– Tanrı ömür versin! Soyuna-kökünə vəfalı olmaq da bir xüsusilikdir...

– Hə...

         İkimizin də baxışları yol çəkir... İkimiz də dünənimizə olan vəfa borcumuzu xatırlayırıq, vəfalı olub-olmamağımız barədə özümüzü sorğu-sual edirik... Və yenə cavabsızdır suallarımız...

– Axundzadənin nəslinin davamçıları da belə vəfalı olaydı kaş... – İnsanın daim günahkarı kənarda axtarması instinktinə yenilməyim üçün mənə lazım olan  cəmi bir neçə an imiş...

        Gəlin. – Sevda xanım ayağa qalxıb qarşıdakı divara yaxınlaşır.

         Tələsik özümü onun yanına çatdırıram.

– Baxın, bu şəkildəki ədibin qızı Nisə xanımın nəticəsidir. Adı Pərirux Parsinecatdır. 1982-ci ildə ədibin 170 illiyi keçiriləndə Pərirux xanım öz həyat yoldaşıyla gəlibmiş. Baxın, şəkil də evin qarşısında çəkilib.

– İndi harda yaşayır Pərirux xanım?

– O vaxt Yaponiyada, Tokioda yaşayırmış. Əri universitetdə professor imiş. Həmin vaxt, yəni 1982-ci ildə Pərirux xanımın Parsi adında 11 yaşlı oğlu varmış. Hazırda həmin oğlan hardadır, nə işlə məşğuldur, bilmirik. Bu yaxınlarda diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov növbəti dəfə muzeyin qonağı oldu. Şəkli görən kimi dedi: “Bu xanımı o vaxt mən axtarıb tapmışdım, Yaponiyadan dəvət etmişdim”. Sonradan əlaqələr itib... Heç kimi də qınamaq olmur; hamının öz həyat qayğıları, öz ömür naxışları var.

– Nəvələr, nəticələr də sürətlə yadlaşır...

– Bəlkə də, həyat bunu məcbur edir...

– Sizin üçün muzeyin ən dəyərli eksponatı hansıdır? Söhbətin yönünü dəyişməyə borclu hiss edirəm özümü...

– Əl ağacı! – Sevda xanım birnəfəsə deyir və əl ağacının qoyulduğu stendə yönəlir: – Baxın, burdadı. O dövrdə əl ağacı, bir növ, xarakter simvolu idi. Məhz buna görə də o dahi insanın əli dəyən əşyaların içində mənə ən dəyərli gələn əl ağacıdır.

– Mənimçünsə...

– Nanə xanımın güzgüsü! – Sevda xanım gülümsəyir: – Mənim siyahımda o güzgü əl ağacından sonra gəlir.

– Bəs gələn ziyarətçilərin ən çox diqqətini çəkən hansı eksponatlardır?

– Qılınc, əl ağacı, kəmər, qələmdan, qrammofon... O qədər adam təəssüflə başını bulayıb ki: “Kaş biləydik ədib bu qrammofonda nəyə qulaq asıb”.  Heyif ki, işləmir qrammofon. Təmir edən usta yoxdur deyə, təmir etdirə bilmirik.

– Bu daş kitabları kim hazırlayıb? – Əlimlə qarşıdakı masaya işarə edirəm.

– Heykəltəraş Məzahir Əliyev. Ədibin daşa həkk olunmuş portretini isə bizə şəkili həkkak İsmayıl Paşayevin nəvəsi hədiyyə edib. Bu örtük də əl işidi, ailəyə aiddir.

– O vaxt necə də səbirli olub insanlar. Saatlarla bir masa örtüyünün üstündə işləyiblər. Bəlkə də, günlərlə...

– Yenə günahı ataq həyatın boynuna. İndi bizim işimizin yarısını texnologiya görür, bir başqa texnologiya isə vaxtımızı alır. – Bunu deyib Sevda xanım təəssüflə başını bulayır.

         Bu dəfə gülümsəmə sırası məndədir. Və düşünürəm: “Gülümsəmələr də insanın öz duyğularının üstünə örtdüyü örtük deyilmi?!”

 

– Bura ədibin əlifba layihəsinə həsr olunmuş guşədi. – Sevda xanım əli ilə divardakı çərçivəli fotosurətləri göstərir: Axundzadə əlifbanı sadələşdirmək üçün 3 layihə hazırlayır. Xatirələrində yazır: “Əlifbada bir nöqtə sözü “olum” və “ölüm” kimi dəyişə bilir”. Elə ona görə də ədib istəyib ki, həmin nöqtələr atılsın, əlifba sadələşsin, sadə insanlar da oxuyub anlaya bilsin. 1863-cü  ildə ədib Türkiyəyə gedir və əlifba layihəsi orda müzakirə olunur. Layihəsi qəbul olunmur. Bu yağlı boya ilə çəkilmiş rəsm  məhz həmin hadisəni əks etdirir. Burdakı yağlı boya ilə çəkilmiş rəsmlərin müəllifi Tofiq Kərimovdur. Ədibin rəsmini isə Əməkdar rəssam Teymur Rzayev 2012-ci ildə muzeyə hədiyyə edib. Xalça-portreti 1982-ci ildə peşə məktəbinin tələbələri toxuyub.

– Miniatür kitabı da var ədibin? Stenddə marağımı çəkən kitabı ovcumun içinə alıram.

– Ən sevdiyim kitabıdır! “Puşkinin ölümünə Şərq poeması”dır.

– Evə keçək?

– Güzgünü görməyə tələsirsiniz? – Sevda xanım mehribanlıqla deyir və əliylə ekspozisiya zalının çıxış qapısını göstərir.

         Sevincək çıxıram qapıdan, düşürəm  pillələri, yüyürürəm və... Və dayanıram böyüklüyünü anlatmaq üçün söz tapmadığım ədibin doğulduğu evin önündə.

– Bu evi Axundzadənin öz atası Məhəmmədtağı tikdirib. O, Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində  kəndxuda olub. Bir gün orda kəndli iğtişaşı baş verir, kəndxuda kənddən uzaqlaşmağa məcbur olur, ticarət məqsədilə Şəkiyə gəlir. Həmin dövrdə karvansara ticarət mərkəzi idi. O vaxt gediş-gəliş indiki kimi asan deyildi. Məhəmmədtağı burda qalmağa məcbur olur. Burda məhlə alır, 1800-cü ildə bu evi tikdirir. Sonra da Axund Hacı Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir. Mirzə Fətəli 1812-ci ildə məhz bu evdə dünyaya göz açıb. Sonra Məhəmmədtağı Nanə xanımla oğlunu götürüb Xamnəyə qayıdır. Amma Nanə xanım ərinin birinci arvadıyla yola gedə bilmir. Məcbur olur, oğlunu da götürüb Şəkiyə qayıdır. Burda da dövrün ziyalılarından sayılan Axund Hacı Ələsgər onlara himayədarlıq edir. Bundan sonra ədibin ömrünə Mirzə Şəfi Vazeh daxil olur. Ona xəttatlıq öyrədən gəncəli ziyalının Mirzə Fətəlinin həyatında böyük rolu olub.

– O məşhur sual-cavab...

– Hə... 1834-cü ildən sonra həyatı Tiflislə bağlıdır ədibin.

– Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli ilə söhbətimizdə belə bir söz demişdi: “Bəxtiyar Vahabzadə Şəkidə qalsaydı, Bəxtiyar Vahabzadə olmazdı”. Bu fikri Axundzadənin Tiflis yaşamına aid etmək mümkündürmü?

– Başqa cür deyərdim: “Balaca Fətəli İranda böyüsəydi, indi dahiliyinə heyran olduğumuz mütəfəkkir, “Tatar Molyeri” olmazdı”. Tiflis isə o vaxt Zaqafqaziyanın mədəni paytaxtı idi. Təbii ki, mühit ədibin şəxsiyyətinə, düşüncələrinə, yaradıcılığına təsir eləmişdi.

– Heyif ki, şəcərəsindən tanıdığımız, bildiyimiz kimsə yoxdur.

– Axund  Hacı Ələsgərin qızı Tubu xanımla evlənən Axundzadənin 13 övladı olur.  Mənbələrə görə, yalnız ikisi-Nisə xanım və Rəşid bəy sağ qalır.

– Bir yerdə oxumuşdum ki, iki qızı sağ qalır: Seyrəbəyim və Nisə xanım. Amma məlumatı doğruluğuna əmin olmaq üçün əlimizdə heç bir istinad nöqtəsi yoxdur.

– Ümidim böyükdür. Çox qısa vaxtda Axundzadə irsindəki kölgəli məqamlar da gün işığına çıxar, ədəbiyyat tariximizin görkəmli nümayəndəsi, dramaturgiyamızın banisi olan bu dahi insan haqqında daha ətraflı məlumat ala bilərik. Hətta doğum günü belə qarışıqdır dahinin. Məsələn, internetdə, bəzi mənbələrdə 12 iyul kimi qeyd olunur. Bizsə hər il iyunun 30-da qeyd edirik. Hansı tarix dəqiqdi? Hansı mənbəyə istinadən dəqiqləşdirə bilərik? Bilinmir...

– Faciəmiz ondadır ki, bizdə araşdırmaçılar da bir-birindən xəbərsiz araşdırır. Tapdıqları mənbələri qarşılaşdırmırlar.

 

         Evə daxil oluruq. Divar dibindəki nimdərlərə, döşəkçələrə,  rəflərdəki mis, çini qablara göz gəzdirirəm. Nanə xanımın güzgüsünə baxıram... Üçüncü dəfədir ki, bu güzgünün önündə dayanıram. Amma özümü bu güzgüdə gördüyüm yadıma gəlmir. İndi özümü görmək ümidiylə başımı daha da irəli əyirəm. Yenə mən yoxam o güzgüdə... Dəmir barmaqlıqlı pəncərənin önündə oturmuş, qarşısına sevdiyim qələmdanı qoymuş kiçik Fətəlini görürəm.

 

– Sevda xanım, bilirsiniz, nəyi bilmək istəyirəm? Yaradıcılıq, xüsusən də şeir elə bir şeydir ki, o, insanın ruhunda var. Necə ola bilər ki, Fətəli burda – bu evdə, bu pəncərədən təbiəti seyr edə-edə heç nə yazmasın?

– Yazmış  olar. Mən də həmişə bunu fikirləşirəm. Amma əlimizdə heç nə yoxdur; nə bir parça kağız qalıb o illərdən, nə də dildə-ağızda hansısa şeiri. Bəlkə də, bu, onun şeirinin qəliz dili ilə bağlıdır. Axı el dilinə daha yaxın olan nümunələr el yaddaşında qalır. Axundzadə isə dövrün ədəbi normalarına uyaraq yazıb.

 

         Kiçik evdəki böyük səyahətim nə qədər çəkir, bilmirəm. Burda zamansızlıq hökm sürür... Evdən çıxıram, bir az daha kənardan baxıram bu evə; çardağa qalxan torpaq pillələrinə, zirzəmisinin taxta qapısına... Birdən pilləkənin yanındakı suvağın ovulduğunu görürəm. Əyilirəm ki, daha diqqətlə baxam.

– Şəki nəmişlik zonadır axı, gur yağışlar vurur evin divarına, suvağı tökülür. – Sevda xanım hayıfslanaraq deyir.

         Evin başına fırlanıram, zirzəmisinə baş çəkməyi də unutmuram. Nə axtarıram burda? Bilmirəm ki...

         Darvazaya çatanda Sevda xanım deyir:

– Əvvəl burda Şəki memarlığına uyğun tağlı darvaza da olub. Sonra sökülüb. Yolun başındakı “Səbuhi” bulağında isə  rəqəm qarışıqlığı var.  Bir tərəfində 1812-ədibin doğum ili yazılıb, digər tərəfində isə bulağın tikilmə tarixi-1982.  Bu rəqəmlərin Axundzadənin doğum  və ölüm tarixi olduğunu düşünənlər də tapılıb.

– Yəni Axundzadə haqqında məlumatsız olan azərbaycanlı var?

– Heyif ki, var... Ölkənin başqa bölgələrindən danışmıram, elə Şəkinin özündə də bu muzeyi tanımayanlar var. Elə olur ki, gələn qonaqlar muzeyi çox çətin tapdıqlarını deyirlər. Halbuki Xan sarayına ən yaxın ev muzeyi buradır. Di gəl, tanıyan, səmtini bilən azdır. Bir tərəfdən düşünürsən ki, hamının öz qayğısı var. Digər tərəfdən isə, qınamaya bilmirəm ki,  bir xalqın həyatında dönüş nöqtəsi yaratmış mütəfəkkir yaddan çıxır. Axı indinin məktəblisi, gənci Axundzadəni tanımasa, gəlib onun doğulduğu evi görməsə, gələcəkdə öz övladına bu dahini necə anladacaq? Ancaq internetdəki natamam məlumatlarla?

         Sualına cavab verə bilmirəm Sevda xanımın. Mən də o natamam məlumatlardan daha artıq nəsə bilmirəm axı... Günahkarcasına boynumu bükür və  sağollaşıram.

         Dramaturgiyamızın, ədəbi tənqidimizin banisi olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər”in siyahısına daxil edilən Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pərakəndə məlumatlardan biri də budur: “Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları ilə döyüşdə həlak olmasından sonra onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur”.

         Xan sarayının divarı boyunca üzü Yuxarıbaşa qalxa-qalxa düşünürəm ki, görəsən, nə vaxtsa ev muzeyində ədib haqqında bildiklərimizin istinad nöqtəsi-mükəmməl  bir araşdırma mövcud olacaqmı?

 

P.s. “İnternet əsri”nə güvənib sosial şəbəkədə Axundzadənin kötücəsi Parsi Parsinecatın axtarışına çıxdım. Bir sosial hesab tapdım, qısa mesaj yazdım və 2 həftə cavab gözlədim. Cavab gəlmədi... Tapdığım Hafiz Əhmədovun 2019-cu ildə Parsidən aldığı bir müsahibə oldu ki, orda da kötücənin öz ulu babası haqqında dediyi ən ağır çəkili sözlər bunlar idi: “Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən  və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim”.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

 

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə daha bir elitar incəsənət nümunəsi tamaşaçıların ixtiyarına veriləcək. Martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq. 

 

Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.

Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.

Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq. 

Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.

 

«Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 5-ci qayda.

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

Əvvəlki qaydalar bunlar idi:

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

6-cı qayda ”Hər şey barədə əvvəlcədən razılaşın” olacaq.

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa Xalidə Əliməmmədovanın 50 illik yubileyi "Göyçək Fatma” tamaşası ilə qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki,  tamaşadan əvvəl çıxış edənlər aktrisanın iştirak etdiyi tamaşalardakı obrazları haqqında danışıb və ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və Fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Daha sonra tamaşa nümayiş etdirilib. Azyaşlıların böyük sevgisini qazanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rəssamı Mustafa Mustafayevdir.

Tamaşada rolları Xalq artisti Nübar Novruzova, Əməkdar artist Güvşər Şərifova, aktyorlar Zemfira Əbdülsəmədova, Xalidə Əliməmmədova, Asya Atakişiyeva, Ədalət Əbdülsəmədov, Anar Seyfullayev, Sevinc Əziz, İradə Rəşidova, Xaliq Bəkir, Yusif Dadaşov və Mələk Bəxtiyarlı canlandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 11:00

Yerlə göy arasında qərarlaşmaq olarmı?

İncəsənət bütün suallara cavab axtarıb tapmaq gücündədir. Bəşəri suallardan biri də yerlə göyün sərhədinin hardan keçməsidir. Bu suala öz fotolarında tanınmış fotoqraf, güneyli soydaşımız Reza Deqatı daim cavab axtarıb tapmırmı? Onun ən qaynar nöqtələrdən çəkilmiş fotolarında biz insan hənirtisini, səsini, nəfəsini duymuruqmu? 

“Ədəbiyyat və incəsənət” portalı olaraq Reza Deqatinin sərgilərini həmişə gözləyir, izləməyə çalışırıq. Və budur, martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq. Deyəcəksiniz, bunun Reza Deqatiya nə dəxli? Tələsməyin. 

 

Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və… Bəli, İev Kruminanın tərəfdaşı dünyaşöhrətli fotoqraf Reza Deqati olacaq, onların əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.

Latviya səfirliyi rəssam İeva Kruminanı necə xarakterizə edir? 

 

İEVA

Məlumata görə, xanım İeva Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır. 

Reza Deqatiyə isə özümüz tərif verək. 

 

REZA DEQATİ

Reza kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

 

İndi bu iki sənətkar fotoqraf islam mədəniyyətini, sufiliyi təbliğ edəcəklər. İnanılmaz bir tamaş olacağına əminik. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar sizin müzakirənizə növbəti nəşri qoyur: Maykl Hartın “Tarixdəki 100 Ən Nüfuzlu Şəxslərin Sıralaması” kitabını. 1978-ci ildə işıq üzü görən kitab hələ də mağaza rəflərindən düşmür, çoxunun stolüstü kitabıdır. Gəlin kitabdakı sıralanmaya nəzər yetirək: 

 

1.Məhəmməd -Peyğəmbər

2. İsaak Nyuton-Fizik, Astronom, Filosof, Riyaziyyatçı, Kimyaçı

3. İsa-Peyğəmbər

4. Budda-Filosof

5. Konfutsi-Filosof

6. Həvari Pavel-Həvari

7. Çay Lun-Alim

8. İohann Qutenberq-İxtiraçı

9. Xristofor Kolumb-Tədqiqatçı, Səyyah

10. Albert Eynşteyn-Fizik

11. Lui Paster-Bioloq, Kimyaçı

12. Qalileo Qaliley-Alim, Fizik, Astronom, Riyaziyyatçı

13. Aristotel-Filosof

14. Evklid-Riyaziyyatçı

15. Musa-Peyğəmbər

16. Çarlz Darvin-Təbiətşünas, Səyyah, Yazıçı

17. Sin Şi Xuandi- İmperator

18. Oktavian Avqust- İmperator

19. Nikolay Kopernik-Astronom, Riyaziyyatçı, İqtisadçı

20. Antuan Loran Lavuazye-Kimyaçı

21. Böyük Konstantin- İmperator

22. Ceyms Vatt-İxtiraçı

23. Maykl Faradey-Fizik, Kimyaçı

24. Ceyms Maksvell-Fizik, Riyaziyyatçı, Mexanik

25. Martin Lüter Kinq-Yazıçı, İlahiyyatçı, Tərcüməçi

26. Corc Vaşinqton-Prezident

27. Karl Marks-Filosof, Yazıçı, Siyasətçi, İqtisadçı

28. Uilber və Orvil Rayt qardaşları-İxtiraçılar

29. Çingiz xan- İmperator

30. Adam Smit-Filosof, İqtisadçı

31. Uilyam Şekspir-Şair, Yazıçı, Dramaturq

32. Con Dalton-Fizik, Kimyaçı

33. Makedoniyalı İsgəndər-İmperator

34. Napoleon Bonapart-İmperator

35. Tomas Edison-İxtiraçı, Sahibkar

36. Antoni van Levenhuk-Təbiətşünas

37. Uilyam Tomas Qrin Morton-Cərrah

38. Qulyelmo Markoni-İxtiraçı, Mühəndis

39. Adolf Hitler-Reyxskansler, Prezident

40. Platon-Filosof

41. Oliver Kromvel-İnqilabçı, 

42. Aleksandr Bell-Alim, İxtiraçı, Mühəndis

43. Aleksandr Fleminq-Bakterioloq

44. Con Lokk-Filosof, Həkim

45. Lüdviq van Bethoven-Bəstəkar

46. Verner Heyzenberq-Fizik

47. Lui Dager-Rəssam, Kimyaçı, İxtiraçı

48. Simon Bolivar-Lider

49. Rene Dekart-Filosof, Astroloq, Yazıçı, Rəssam, Fizik

50. Mikelancelo-Heykəltəraş, Memar, Şair

51. Papa II Urban-Papa

52. Ömər ibn Xəttab-Xəlifə

53. Aşoka-Hökmdar

54. Avqustin Avrelius-İlahiyyatçı, Filosof

55. Uilyam Harvey-Biloq, Həkim, Anatomiyaçı

56. Ernest Rezerford-Fizik

57. Jan Kalvin-İlahiyyatçı, Filosof

58. Qreqor Mendel-Bioloq

59. Maks Plank-Fizim

60. Joşep Lister-Alim, Cərrah

61. Nikolaus Otto-Mühəndis, İxtiraçı

62. Fransisko Pizarro-Səyyah

63. Ernan Kortes- Tədqiqatçı, Səyyah, Qubernator

64. Tomas Cefferson-Prezident, Filosof, Yazıçı, Memar

65. Kastiliyalı I İzabella-Kraliça

66. İosif Stalin-İnqilabçı

67. Yuli Sezar-Lider, Yazıçı

68. I Vilhelm-Kral

69. Ziqmund Freyd-Nevroloq, Filosof

70. Edvard Cenner-Alim, Həkim

71. Vilhelm Rentgen- Fizik

72. İohann Sebastyan Bax- Bəstəkar

73. Lao-tszı- Filosof

74. Volter-Filosof, Şair, Tarixçi, Politoloq

75. İohann Kepler-Astronom, Riyaziyyatçı

76. Enriko Fermi-Fizik

77. Leonard Eyler-Riyaziyyatçı, Fizik, Astronom

78. Jan Jak Russo-Filosof, Yazıçı, Bəstəkar

79. Nikkolo Makiavelli-Filosof, Yazıçı

80. Tomas Maltus-Alim, İqtisadçı

81. Con Kennedi-Prezident

82. Corc Qudvin Pinkus-Tədqiqatçı, Bioloq

83. Mani-Peyğəmbər, Şair, 

84. Vladimir Lenin-İnqilabçı, Publisist

85. Sun Ven-İmperator

86. Vasko da Qama-Tədqiqatçı, Səyyah

87. Böyük Kir-İmperator

88. Böyük Pyotr-İmperator

89. Mao Tszedun-Şair, Yazıçı, Filosof, Müəllim, İnqilabçı

90. Frensis Bekon-Filosof, Yazıçı, Siyasətçi, Astroloq

91. Henri Ford-İxtiraçı, Sənayeçi

92. Men-Tszı-Filosof

93. Zərdüşt-Peyğəmbər, Şair

94. I Elizabet-Kraliça

95. Mixail Qorbaçov-Prezident

96. Menes-Hökmdar

97. Böyük Karl- İmperator

98. Homer-Şair

99. I Yustinian-İmperator

100. Mahavira-Filosof

 

Öncə İslam peyğəmbəri Məhəmmədin xristian və yəhudi peyğəmbərləri İsa və Musadan öndə getməsini dəyərləndirək. Unutmayaq ki, söhbət bir xristian nəşrindən gedir. 

Təbii ki, mübahisə doğuracaq məqamlar da  az deyil. Tarixin ən qəddar imperatorları, diktatorları, on minlərlə insanın qətlinə fərman verənlər də burada təmsil olunublar. Amma onlar həm də dünyanın mizan-tərəzisinə əl qoyublar, gedişatı dəyişiblər. Arxalalarınca milyonlar gedib. Demək, nüfuzludurlar. Elə Qorbaçovu götürək. Statistik azərbaycanlı üçün bu insan Qarabağ müharibəsinə rəvac vermiş cinayətkardır. Amma dünya üçün o, kommunizmin məhvini labüdləşdirən siyasi liderdir.

Mədəniyyət portalı olaraq bizim əsas diqqətimizi çəkən isə, şübhəsiz, siyahıda təmsil olunan mədəniyyət xadimləridir. Yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, filosoflar, heykəltaraşlar… Onlar kifayət qədərdir, demək, mədəniyyətin aparıcı rolu danılmazdır. 

Siyahıda kimlər çatmır? 

Ən azı 4 azərbaycanlı. Qul olmaqdan hökmdar olmağa qədər ucalan, Şərqdə demokratik dəyərlərə istinad edən möhtəşəm bir imperiya qurmiş Atabəy Şəmsəddin Eldəniz. Dahi filosof və şair Nizami Gəncəvi. Dahi astroloq Nəsirəddin Tusi. Dahi alim, qeyri-səlist məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə. 

 

Şəkildə: Məhəmməd peyğəmbər dünya kinematoqrafiyasının müraciət etdiyi əsas tarixi obrazlardandır. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.