Super User

Super User

Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti olub. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop-musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib. 

 

Dünyaşöhrətli müğənni Adrian Sinanın ifası alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Dünən aktyor Hüseyn Ərəblinskinin anım günüydü

 

Sovetlər dövründən Sumqayıt Dram Teatrının Hüseyn Ərəblinskinin adına olması bu adın bizim zehnimizdə qalmaaına xidmət edirdi. Və təbii ki, adı ilk dəfə eşitcək, hər kəs onun kimliyiylə, teatrla nə dərəcədə bağlılığıyla maraqlanırdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin martın 5-i anım günü idi.

1881-ci ildə Bakı şəhərində doğulan Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada alıb. Gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı məhz Həbib bəy olub. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.

1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır. Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.

Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski öz xatirələrində yazırdı:

“Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.

Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləkinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir”.

Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello obrazları Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.

Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü ilə müxtəlif fikirlər səslənsə də, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.

Ölümündən 104 il ötməsinə baxmayaraq, görkəmli sənətkar hər zaman böyük hörmət və ehtiramla xatırlanır.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Bazar ertəsi, 06 Mart 2023 12:00

Ceyhun Mirzəyev və Elçin Həmidov

Şənbə və bazar günlərində iki tanınmış aktyorun dünyadan köçmələrinin ildönümü idi. “Ədəbiyyat və incəsənət” xəbər verir ki, onlardan biri “Ögey ana” və “Fəryad”la, digəri “Bakılı oğlanlar” ŞHK klubu ilə adlarını mədəniyyət tarixinə yazıblar. 

 

Ceyhun Mirzəyev

Onun vəfatından 30 il ötməsinə baxmayaraq yaratdığı bənzərsiz rollar bu gün də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. 

Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı. 

“Ögey ana” filmindən sonra sənətdə Ceyhuna “yaşıl işıq” yanır, “Əsl dost”, “Matteo falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı”, “Qanlı zəmi” və “Lətifə” də daxil olmaqla ümumilikdə 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak etmək ona qismət olmayıb. O, “Fəryad” filmini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döyün, yalandan görüntü yaratmayın.

Tanınmış aktyor 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

Elçin Həmidov 

Elçin Qəzənfər oğlu Həmidov 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.

Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsində Ali təhsil alıb.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.

“Olmadı elə, oldu belə”də “Gülüstan”, “Boşanaq, evlənərik”də “İkram”, “Qarğa məndə qoz var”da “Zərzibonskaya”, “Qızıl gül”də “Azay”, “Beş manatlıq gəlin”də “Nadir”, “O olmasın, bu olsun”da “Rza bəy”, “Talelər qovuşanda”da “Totuş”, “Ər və arvad”da “Kəblə Qubad” rolları ilə tamaşaçıların ürəyini fəth edib.

Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi. İlhamə Quliyevanı necə parodiya etməsi yadınızda olar yəqin. 

Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin “Planet Parni iz Baku” şən və hazırcavablar klubunun əsas simalarından biri idi.

Elçin bu teatrda gözəl obrazlar yaradıb.  O cümlədən “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında “Yaiçnitsa”dır.

2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Hər ikisinin ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Bazar ertəsi, 06 Mart 2023 11:30

“Simic.” – Zaur Ərmuğanın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Zaur Ərmuğanın “Simic” hekayəsi ilə tanışlıqdır.

 

 

NƏSR

 

 

Zaur ƏRMUĞAN

 

 

SİMİC

 

 

Zaur Ərmuğan 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-cı ildən dövrü mətbuatda çap olunur. Bir sıra qəzet və jurnallarda, almanax, antologiya və məcmuələrdə, internet saytlarında, elektron dərgilərdə, ədəbi portallarda şeir, hekayə və bir çox publisistik yazıları ilə çıxışlar edir. "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabının müəllifidir. Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif olunub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 

      Bizim tərəflərdə Çopur Mürvəti tanımayan yoxdur. Mən də onu tanıyırdım. Tanıyırdım bir kənd adamı kimi, tanıyırdım bir ağsaqqal kimi. Tanıyırdım elə Çopur kimi. Daha onun bu qədər simic olduğunu ağlıma belə gətirə bilməzdim. Çoxdanın söhbətidir. Danışım, qulaq asın: "Onda uşaq idim. Olardım haradasa doqquz-on yaşlarında. Bağımızda tut ağacı yox idi. Məhəlləmizdə isə ən yaxşı tut Çopur Mürvətin həyətində olardı. Baş barmaq yoğunluğunda qapqara tut deyirəm sənə, dadı bal. Bir gün bizə qonaq gələn bibim oğlu ilə istədik ki, çıxaq məhəlləyə. Elə də etdik. Bir az gəzib-dolandıq, yadımıza tut düşdü. Bibioğlum məndən bir-iki yaş kiçik olardı. Onlar şəhərdə yaşadığı üçün hər il yayda kəndə qonaq gələrdilər. Bəlkə, bir aya kimi qohum-əqrəba evində qonaq qalardılar. Bir həftə bizdə, üç-dörd gün əmimgildə, bir başqasında beş gün, o birisində də nə qədər lazımdırsa, qalıb ayı başa vurardılar. İndi isə bibim oğlunu tuta qonaq etmək istəyirdim. Bunun üçün qürrələnirdim də. Deyəndə ki Mürvət dayıgilin  bağına gedirik, bibioğlu çox sevindi. Həyətə girəndə Çopuru evin qabağındakı köhnə işıq dirəyinə qoyulmuş nərdivanın yuxarı pillələri üzərində gördük. Əllərinə əlcək geyinmişdi, uzun bir məftili kəlbətinlə elektrik naqilinə bərkidirdi. Bizi görcək əlini işdən ayırdı, şişkin gözləri ilə məni də, bibim oğlunu da təpədən-dırnağa süzməyə başladı. Sonra çənəsini qaldırıb bir gözünü əydi, qaşları tərpəndi, yəni ki, nə lazımdır? Salamlaşıb, utana-utana gəlişimizin məqsədini söylədik. Pul kimi qızarmışdım:

          – Tut yemək olar?

          Kişi o dəqiqə ciddiləşdi.

          – Tut? Nə tut?

          Lap çaşıb qaldıq. Bir-birimizə baxıb, sonra ikimiz də eyni anda kişiyə sarı boylandıq. Özümdə güc tapıb dedim:

           – Yetişib e...

          Çopurun sifəti indi başqa cür dəyişdi. Çopurların sayı üzündə artdı elə bil. Sifətini turşutdu. Qəribə nəzərlərlə üzünü bir tut ağacına, bir də bizə tutdu. Başını bir böyrü üstə döndərib dedi:

          – Yox, ay bala, tut hələ yetişməyib. Yetişəndə xəbər göndərərəm. Aşağıdan baxanda elə görünür, nərdivandan mən baxıram,  heç ağacda tut-zad görmürəm. Sizi günün şüası aldadır, bala, gözünüzün qabağı qaranlıq çalır, ona görə yerdən baxanda tut qara görünür.

          Bir söz demədik. Mən təəccüblə üzümü yana tutub bibioğluya baxanda gördüm ki, o da mənim kimi  mat-məəttəl qalıb. Pərt oldum. İkimiz də suyu süzülə-süzülə qapıdan çölə çıxdıq. Həyətimizə girəndə evin yan tərəfindəki kölgəlikdə köhnə kilimin üstündə bardaş qurub yun didən anamın qəfil sualı elə bil mənə od vurdu:

          – Tut yeyə bildiniz, bala?

          Tuta gedəcəyimizi bibioğlum demişdi anama, özümüzə yox, arvada lap yazığım gəldi. Dedim:

          – Hə, yedik! Qarnımıza sancı düşənəcən!

          Evin o biri tərəfinə keçəndə anamın arxamızca dediyi sözləri axırıncı kəlməsinə kimi eşitdim:

          – Bıy! Ay bala, elə yeməzlər axı! Qarınağrısına düşəndə yaxşı olacaq?

          Biz bir-birimizə baxıb gülüşdük. Elə bilirəm, üstündən neçə vaxt keçməsinə baxmayaraq, bu əhvalat bibim oğlunun da yadından çıxmaz." Qoy bunu da deyim: "Bir dəfə yenə uşaqlarla birlikdə Çopur Mürvətin bağındaydıq: üst-üstə qalaqlanmış odunları daşımaqda ona kömək edirdik. Dedik, əlimizə bulaşmayacaq ki, gedək, kişiyə kömək edək, yaşlı adamdır. Ürəyindən oldu. İşimizi qurtarıb geri dönürdük ki, Çopur əlini aşağıya əyilmiş budaqlara atıb qara şanıdan bir gilə dərdi, dilinin üstünə qoydu. Ağzımız sulandı. Salxımlar elə şirələnmişdi ki, üzüm talvarındakı arı pətəklərini gözlərimizlə gördük. Kişinin giləni ağzına aparmağıyla üz-gözünü turşutmağı bir oldu. Bir gözünü bic-bic qıyıb o birisini elə bərəltdi. Sonra dərindən udqunub dedi:

          – Turşdu ee...

          Axı biz ondan üzüm istəmirdik.

          İndi taleyin işinə bax. Sən demə, gün gələcəkmiş, Çopur Mürvətin evi, o həyət-baca mənə qismət olacaqmış. Çopur öləndən sonra kənddə qalmaq istəməyən oğlu Bədəl evi satışa qoymuşdu. Mənə də ev lazım idi, təzə evlənmişdim, odur ki, gərək ev tapaydım. Qabaqlar kənddə oğul-uşaq çox olardı ailələrdə. Bizdə də məndən başqa, səkkiz uşaq vardı: üç bacım, beş qardaşım. Evin böyük övladı mən idim, balaca birmərtəbəli evimiz vardı, böyründə də aşxana. Bizim tərəflərdə adətdir, aşxananın üzü gərək evə sarı düşsün. Bura elə yerdir ki, bişir-düşür burda, yır-yığış elə burda, bir də axşam düşəndə yatmağa qalx evə. Bacı-qardaşlarımdan boyu uzanan da var idi, əl-ayaq altında qalıb dolaşan da. Dedim, daha evlənmişəm, indi ki mənim də ailəm var,  gərək başıma bir çarə qılam. Nə edim, nə etməyim? Onda gördüm ki, Çopurun oğlu ev satır. Pul əldə edib, aldım evi. İndi burda yaşayıram. Çox şeyləri dəyişmişəm, evə, həyət-bacaya yeni görkəm vermişəm. Uşaq vaxtı bax bu qapının ağzından keçəndə Çopur Mürvətin insafdan, mürvətdən əsər-əlaməti olmayan simicliyi gəlib durardı gözlərimin qabağında. Acığım gələrdi bu qapıdan. Ürəyimdə deyərdim: "Simic qapısı!" Bu yeri alandan sonra elə birinci qapını təzələdim. Bu qapının da simicliyi Çopurla bir getdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, martın 8-də təqdim olunacaq balet uzun illərdir Opera və Balet Teatrının repertuarındadır. 

 

Tamaşaçılar bu səhnə əsərini hər dəfə fərqli ifalarda görürlər. Bu dəfə səhnə əsərində əsas rolları Rusiyanın Mariinski Teatrının aparıcı solistləri Nadejda Batoyeva və Flipp Styopin ifa edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Bazar ertəsi, 06 Mart 2023 11:00

Rusiyasız Cənubi Qafqaza doğru

Bu yolda başa çatmış və gözlənilən reallıqlar

 

Şübhəsiz, Rusiyanın Ukraynada apardığı işğaqlçı müharibə bu ölkəni bitirəcək, onun bir çox regionlara təsir rıçaqı əlindən çıxacaq. O cümlədən də Cənubi Qafqaza.

“Ədəbiyyat və incəsənət”in sizə təqdim edilən bu siyasi şərhi belə deməyə əsas verir ki, Rusiyanın "Kubik-Rubik layihəsi" Kremlin ümid bəslədiyi nəticələri verməyib, rəsmi Bakı bu məkrli oyunu beynəlxalq səviyyədə ifşa edib, hədəfə çıxarıb, Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirtmək hüququnu da legitimləşdirib... Ona görə də, bundan sonra Rusiyanın Azərbaycana kəskin müqavimət göstərib, iki ölkə arasında qarşılıqlı münasibətləri qəlizləşdirməsi ilk növbədə Kremlin geopolitik və geostrateji maraqlarına sarsıdıcı zərbə vura bilər.

 

Heç kəsə sirr deyil ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib. Ermənistan Rusiyanın düşmənlərini - ABŞ və Avropa Birliyini regiona yerləşdirməyə başlayıb. Üstəlik, qeyd etdiyimiz kimi, Cənubi Qafqazda regional orbitr rolu da Rusiyanın əlindən alınmaq üzrədir. İndi geopolitik problemlərin nizamlanması prosesində təşəbbüs ABŞ və Avropa Birliyinin əlinə keçməkdədir. Və belə davam edərsə, Kreml regiona bütün nəzarət mexanizmlərini tədricən itirmiş olacaq.

Təbii ki, belə vəziyyətdə Rusiyanın regionada baş verənlərə daha radikal və sürətli reaksiya göstərməyə çalışacağı da qətiyyən istisna deyil. Ancaq hazırda geopolitik proseslər Kremlin maraqlarına uyğun cərəyan etmir. Əksinə, Rusiya Cənubi Qafqazdan sıxışdırıldığını və regiondan çıxmaq məcburiyyətində qala biləcəyini daha çox hiss etməkdədir. Hər halda, Paşinyan hakimiyyətinin Avropa Birliyi missiyası adı altında Qərb casuslarını Ermənistana yerləşdirməsi Rusiyanın öz ənənəvi regional for-postunu beynəlxalq rəqibləri ilə bölüşdürmək məcburiyyətində qaldığını göstərir. Ancaq Kremlin regional problemləri yalnız bunlarla məhdudlaşmır.

Bəs daha nələr var?

Siyasi içmalçı Elçin Xalidbəyli iddia edir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində də Rusiyanın işləri yaxşı getmir. Kremlin bu bölgə üzərindən qurduğu məkrli planlar da artıq iflasa uğramaq üzrədir. 2025-ci ildə rəsmi Bakının Rusiya sülhməramlı qüvvələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxaracağı artıq qətiyyən şübhə doğurmur. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması istiqamətində artıq daha prinsipial və israrlı mövqe tutmaqdadır.

Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Kremlin böyük ümidlər bəslədiyi "Vardanyan layihəsi" artıq iflasa uğramış kimi görünür. Rusiya kriminal oliqarx Ruben Vardanyanı Azərbaycanın Qarabağ regionuna göndərməklə, eyni vaxtda həm rəsmi Bakıya, həm də Kremlə arxa çevirən Paşinyan hakimiyyətinə ciddi problemlər yaratmaq məqsədi güdürdü. Yəni, Kremlin "təxribat emissarı" Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiya prosesini pozmalıydı. Üstəlik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini də qəlizləşdirməklə yanaşı, Paşinyan hakimiyyətini siyasi alternativ statusunda təhdid etməliydi.

Son hadisələr onu göstərir ki, Kremlin bu məkrli planları real nəticədən sürətlə uzaqlaşır. Belə ki, rəsmi Bakı kriminal erməni oliqarxın Xankəndiyə gəlişindən dərhal sonra R.Vardanyanın Kreml tərəfindən təxribatlar törətmək üçün bölgəyə göndərildiyini bəyan etdi. Eyni zamanda, rəsmi Bakı beynəlxalq platformalarda Kremlin "təxribat emissarı"nın bölgədən dərhal çıxarılmasını tələb etdi. Və bununla da Rusiyanın "Vardanyan layihəsi" ifşa olundu, beynəlxalq hədəfə çevrilmiş oldu.

Elçin Xalidbəyli belə hesab edir ki, Paşinyan hakimiyyəti də Ermənistanda dövlət çevrilişi təhlükəsi yaradan "Vardanyan layihəsi"nə qarşı çıxmaqla, dolayısı ilə rəsmi Bakının mövqeyini dəstəkləyib. Hətta bəzi məlumatlara görə, Ermənstanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olarkən, rəsmi Ankaraya R.Vardanyanın Azərbaycan ərazilərindən tezliklə çıxraılmasına nail olunacağını vəd edib. Bu isə o deməkdir ki, Kremlin geopolitik təxribat layihəsini aktual saxlamaq artıq mümkün deyil.

Bir müddət öncə R.Vardanyanın gizli yollarla Rusiyaya qaçması barədə yayılan məlumatlar da vəziyyətin qəlizləşdiyindən xəbər verirdi. Düzdür, sonradan kriminal erməni oliqarx Rusiyada müəyyən dairələrlə məsləhətləşmələrin ardından yenidən elə eyni gizli metodlarla Xankəndiyə qaytarıldı. Ancaq bu erməni fırıldaqçının Azərbaycan ərazisində uzun müddət duruş gətirə biləcəyi də artıq inandırıcı görünmür.

Məsələ ondadır ki, rəsmi Bakı kriminal erməni oliqarxın Azərbaycan ərazisini tərk etməsinə qədər Qarabağın erməni azlığı ilə hər hansı kontaktın olmayacağını bəyan edib. Üstəlik, onun bölgəyə ayağının dəyməsindən sonra Qarabağın erməni azlığı müəyyən problemlərlə üzləşməyə başlayıb. Kremlin "təxribat emissarı" erməni azlığını öz maraqlarının girovuna çevirib. Və bu səbəbdən də hazırda Qarabağda yaşayan ermənilər arasında R.Vardanyana qarşı narazılıqlar sürətlə artıq.

Digər tərəfdən, R.Vardanyan ucbatından erməni separatçı-terrorçular arasında da ciddi parçalanmalar baş verib. Hətta erməni separatçı-terrorçular rəhbəri Araik Arutyunyan və onun arasında kəskin ziddiyyətlərin, nüfuz savaşının olduğu barədə də məlumatlar mövcuddur. Yəni, R.Vardanyanın Xankəndini tərk etməsində onunla qarşıdurma vəziyyətində olan erməni separatçı-terrorçular da maraqlıdırlar.

Ermənistan mətbuatının verdiyi məlumatlara görə, Paşinyan hakimiyyəti də Araik Arutyunyana birbaşa təzyiqlər göstərməyə başlayıb. Rəsmi İrəvanın əsas tələbi ondan ibarətdir ki, yaxın gələcək üçün Kremlin dəstəyi ilə Ermənistanda hakimiyyəti ələ keçirtmək planları quran R.Vardanyan Qarabağdan çıxarılsın. Hətta son günlər bu istiqamətdə konkret addımların atılmasına yönəlik prosesə start verildiyi də bildirilir.

Bir tərəfdən, R.Vardanyanın yaxın günlərdə "istefa" verəcəyi ilə bağlı məlumatlar yayılır. Eyni zamanda, onun Araik Arutyunyan tərəfindən "istefa"ya göndəriləcəyi də bildirilir. Hətta onu əvəzləyəcək erməni separatçının kimliyi də müəyyənləşib. Yəni, kriminal erməni oliqarxın ətrafında çənbər daralır. Və Rusiyanın onu bölgədə saxlaya biləcəyi artıq o qədər də inandırıcı görünmür.

Təbii ki, Kremlin "təxribat emissarı" özünün ətrafında baş verənlərə hələlik müqavimət göstərməyə çalışır. O, ciddi əngəllərlə üzləşdiyini etiraf etsə də, "istefa" verməyəcəyini bildirib. Hətta "istefa" versə belə, Qarabağı tərk etməyərək, proseslərdə iştirakını davam etdirəcəyini vurğulayıb. Bu isə o deməkdir ki, Kremlin "təxribat emissarı"nın erməni separatçı-terrorçular tərəfindən küncə sıxışdırılması barədə məlumatlar həqiqətə uyğundur. Və bu maliyyə-iqtisadi fırıldaqçının müqavimət müddəti də böyük ehtimalla Kremlin verəcəyi qərara bağlıdır.

Belə anlaşılır ki, Kremlin "təxribat emissarı" üçün yolun sonu artıq görünməyə başlayıb. İndi kriminal erməni oliqarx istənilən halda, Azərbaycan ərazilərini tərk etmək məcburiyyətindədir. Əks halda, rəsmi Bakının onu və digər erməni separatçı-terrorçuları həbs etmək üçün hərbi əməliyyat keçirə biləcəyi qətiyyən istisna deyil. Rusiyanın isə indiki situasiyada Azərbaycanla açıq qarşıdurmaya risk edəcəyi də inandırıcı deyil. Hər halda, hazırda Rusiaynın Azərbaycana daha çox ehtiyacı var. Və üstəlik, Kremlin son vaxtlar Azərbaycanın Qarabağ bölgəsində mövqelərini itirməyə başladığı da inkaredilməz reallıqdır.

Göründüyü kimi, Rusiyanın "Kubik-Rubik layihəsi" Kremlin ümid bəslədiyi nəticələri vermədi. Rəsmi Bakı bu məkrli oyunu beynəlxalq səviyyədə ifşa etdi və hədəfə çıxartdı. İndi Azərbaycan "Kubik-Rubik layihəsi"nin sıradan çıxarılması məqsədilə antiterror əməliyyatı keçirtmək hüququnu da legitimləşdirib. Və rəsmi Bakının Xankəndi əməliyyatını artıq son mərhələyə keçirmək üzrə olduğu bir situasiyada Rusiyanın Azərbaycana müqavimət göstərib, qarşılıqlı münasibətləri qəlizləşdirməsi Kremlin maraqlarına daha ciddi problemlər yarada bilər.

Azərbaycanın bu müstəvidə vəziyyəti dedikcə perspektivli görünür. Bir nömrəli məsələ olan Qarabağ probleminin qəti qələbəylə sonuclanması da mümkün görünür.

Bir sözlə, yaşayarıq, görərik.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

 

 

Bazar ertəsi, 06 Mart 2023 10:45

Maslenitsa bizim Dillər Universitetində

Baharın nəfəsi gündən-günə daha yaxından hiss olunmaqdadır. Azərbaycan Dillər Universitetində həftəsonu bahar bayramı keçirildi. Amma hələ Novruz yox, Maslenitsa bayramı. Maslenitsa slavyan xalqlarının qədim bayramlarındandır, “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə də keçirilir. Pasxadan təxminən ay yarım öncə qeyd edilən “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dillər Universitetində düzənlənən tədbir Tədbirin təşkilatçısı universitetin Rusiyaşünaslıq Mərkəzi idi. 

Tədbir öncə Rusiyadan xüsusi olaraq gələn nümayəndə heyətini qəbul edən ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamladı, onları universitetdə görməkdən məmnun olduğunu bildirdi və hər birini bu qədim bayram münasibətilə səmimi qəlbdən təbrik etdi. 

Kamal Abdulla qeyd etdi ki, qonaqların Maslenitsa bayramını onlarla bərabər, məhz Azərbaycan Dillər Universitetində keçirmələrindən dolayı çox şaddır. 

Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Nikolayevna ADU-ya təşrif buyurduqlarına  görə rusiyalı qonaqlara öz təşəkkürünü bildirdi. 

Görüş zamanı Azərbaycan və Rusiya əlaqələrinin əhəmiyyətindən danışıldı, mədəni-humanitar sahədə əlaqələrin möhkəmlənməsinə təsir edən belə tədbirlərin keçirilməsinin vacibliyi xüsusi vurğulandı. 

Sankt-Peterburq Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, elmi-mədəni əlaqələrin qurulması və perspektiv vəd edən görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu, iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə kömək etmiş olacaq.

Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Pyotr Sergeyiviç, səfirliyin birinci katibi Pavel Mixayiloviç, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov görüşlə bağlı fikirlərini bölüşdülər.

Bir sıra maraqlı görüşlər, tədbirlər, mühazirələr gün boyu davam etdi. Bu tədbirlərdə Rusiyadan gələn intellektual camiənin üzvləri, yazıçılar, elm xadimləri çıxışlar etdilər. 

Tədbirdə ADU-nun tələbələrinin ifasında rus dilində mahnılar da oxundu. 

Daha sonra Heydər Əliyev lektoriyasında etnoqrafiya mövzusuna həsr olunan mühazirə oxundu, ADU-nun idman zalında yarış keçirildi, tələbələr üçün əl işinə aid master-klass təşkil olundu. 

Bu kimi görüşlər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir, yeni elmi-mədəni mübadilənin aparılması üçün addımlar atılır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Bazar ertəsi, 06 Mart 2023 10:30

Məşhur Tom Sayzmor daha yoxdur

Uik-endin ən üzücü xəbərlərindən biri Amerikanın məşhur aktyoru Tom Sayzmorun xəstəxanada vəfat etməsi xəbəri oldu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı BBC.com vasitəsi ilə xəbər tutub. 

 

Beyin damarlarının anevrizmi diaqnozu qoyulan 61 yaşlı aktyor reanimasiyada dünyasını dəyişib. Sənətçi ötən ay evində halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, 61 yaşlı aktyor "Sıravi Rayanı xilas etmək", "Döyüş" və "Qara Şahin Doun” filmlərində canlandırdığı obrazlarla tanınırdı. Xüsusən, “Sıravi Rayan” aktyora böyük şöhrət gətirmişdi. 

Mərhumun qardaşı Pol Sayzmor Tomun ölüm xəbərini yayanda ürək ağrısı ilə bunları söyləyib:

-O çox istedadlıydı, bizi sevirdi, iti zəkası, gözəl əhvalatdanışma qabiliyyəti ilə bizi sonsuz əylındirirdi. 

Bəli, dünya kinosu növbəti itki verdi.

 

Şəkillərdə: Aktyorun son fotosu; o, “Sıravi Rayanı xilas etmək” filmində. 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Ölkəmizə Rusiya mədəniyyət xadimlərinin gəlişi son günlər xeyli intensivləşib. Musiqiçilər, teatr xadimləri və rəssamların ardınca, indi də ədəbiyyat xadimləri təşrif buyurublar. 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakıya təşrif buyurmuş Sankt-Peterburq yazıçıları ilə görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş Sankt-Peterburq xarici əlaqələr komitəsinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin və Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq Mərkəzi”nin dəstəyi ilə reallaşan “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi çərçivəsində təşkil olunub. 

Görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Sankt-Peterburqun xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov çıxış ediblər. 

Peterburqlu yazıçı və şairlər Yevgeni Lukin ilə Vladimir Şemşuçenko qonaqlara öz yaradıcılıqları barədə söhbət açıb, planlarını bölüşüb, əsərlərindən parçalar səsləndiriblər.

Xatırladaq ki, slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 4-cü qayda.

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

Əvvəlki qaydalar bunlar idi:

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

 

 

5-ci qayda “Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız”  olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.