“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin şeir seçmələrinin təqdimatı davam edir. Bu həftə növbədə Qəmər Sözayın şeirləridir. Bu gün o, “Səndən uzaqlar” deyir.
ŞEİR VAXTI
Qəmər SÖZAY
SƏNDƏN UZAQLAR
Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.
Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.
Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki de, səni unudum necə...
Toz basmış pəncərə şüşələrimdən
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)