“Artım” layihə məkanında gənc rəssamların qrup sərgisi keçiriləcək Featured

YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanı Azərbaycanın gənc rəssamlarının qrup sərgisinin təşkilinə hazırlaşır. İyunun 1-nə nəzərdə tutulan sərgidə rəssamlar Ağaəli Sədirli və Nailə Allahverdiyeva yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallının əsərləri sərgilənəcək. 

 

YARAT Müasir İncəsənət Mərkəzinin məlumatına görə, “Guilty Pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi sentyabrın 3-dək ziyarətçilər üçün açıq qalacaq. Sərginin iş rejimi çərşənbə axşamı – bazar günü saat 12:00 – dan 20:00-dək olacaq. 

 

Sərginin leytmotivi bu cür izah edilir: 

“Guilty Pleasure” – sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi – “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.

Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır. “Guilty Pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya, zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü "məqbul və ya arzuolunan" kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir.”

 

Deyilənlərə onu əlavə edək ki, “Guilty Pleasure” sərgisinin başlıca məqsədi estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, "pop" mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək və qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən və oynaq olmağa sövq etməkdir.

Xeyirli və uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.