Əlizadə Nuri: - Nəyim var ki… Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün cəlilabadlı ustad şair Əlizadə Nurinin “Nəyim var ki” şeiri ilə tanış olacaqsınız. 

 

 

Gəldim tüyünə-tüyünə,

Getdim deyinə-deyinə...

Abırımın ətəyinə

düyüləsi nəyim var ki?!

 

Güzar belə, gündəm belə,

Qoy dolanım gendən, belə.

Çox demişəm, indən belə

deyiləsi nəyim var ki?! 

 

Çox işləri korlamışam,

Boş-boşuna gurlamışam.

Eləcə baş girləmişəm,

Öyüləsi nəyim var ki?!

 

Ancaq eşqim dönük deyil, 

Ömrüm kiməsə yük deyil.

Günahlarım böyük deyil,

Söyüləsi nəyim var ki?!

 

Perikən ruh göydə talan,

Quruca cismimdi qalan.

Sən Allah məndən aralan,

Döyüləsi nəyim var ki?!

 

Döz gəl, həyanım, döz- gəl,

Sən əyilmə, əymə, düz gəl.

Qəddi-qamətimnən özgə

əyiləsi nəyim var ki?!

 

İncəyurdun inlər daha,

Kim nə desə dinlər daha.

Toxumluqdu günlər daha,

Üyünəsi nəyim var ki?!

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.