ELDAR MANSUROV DİMİTRİS KONTOPULOSA QALİB GƏLDİ
Bildiyiniz kimi, 11 il idi ki, “Esena Mono” (“Bayatılar”) mahnısının müəllifliyi ilə bağlı beynəlxaq qalmaqal səngimək bilmirdi. Mahnının Eldar Mansurova məxsus olmasını danan yunanlar nəhayət ki, təslim oldular.
Yunanıstanda “Esena Mono” mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 il davam etmiş məhkəmə işi yekunlaşdı. Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə “Esena Mono” vasitəsilə Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun “Bayatılar” mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıdı. Bu barədə media ilə sevincini bölüşən Eldar Mansurov nəhayət ki, dərindən nəfəs aldığını etiraf edib.
Gəlin tarixə rakurs edək. “Ədəbiyyat
Və incəsənət” portalı xəbər verir ki, Eldar Mansurov “Bayatılar” mahnısının musiqisini 1988-ci ildə bəstələyib və həmin musiqi əsəri üzərində bütün şəxsi və iqtisadi müəlliflik hüquqlarına malik yeganə şəxsdir.
“Bayatılar” ilk dəfə 1989-cu ildə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın ifasında audiovisual formatda lentə alınıb və həmin lent yazısının Azərbaycan Televiziyasının efirində kütləvi nümayiş zamanı kütləvi ifa edilib. 1990-cı ildə Brilliant Dadaşovanın ifasında “Bayatılar” “Melodiya” şirkəti tərəfindən vala yazılaraq geniş tirajla yayılıb. Yəqin o mahnı xatirinizdədir, zamanlnda çox populyar olub. Mahnıya söz olan bayatə nümunələrimiz isə əsil incidir:
Ürəyimdə ayaz var
Nə qış gedib, nə yaz var
Oyatma bənövşəni
Kol dibində ayaz var
Kədərliyi axmayaydı
Göz yaşım axmayaydı
Yad baxmağı bir yana
Yar yada baxmayaydı
Ürəyimdə ayaz var
Nə qış gedib, nə yaz var
Oyatma bənövşəni
Kol dibində ayaz var
2008-ci ildə Eldar Mansurov musiqisi yunan bəstəkara aid olduğu iddia edilən və “Bayatılar”ın musiqisini təkrarlayan “Esena Mono” mahnısı barədə məlumat əldə edib.
Eldar Mansurov “Esena Mono”nun musiqisinin “Bayatılar”ın musiqisinin surəti olduğu və bu səbəbdən plagiat olduğunu, onun müəlliflik hüquqlarını pozduğunu “Esena Mono”nun müəllifi kimi qeyd edilən yunan bəstəkar Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən “Sony Music Entertainment Hellas AE” şirkətinə məhkəməyəqədər pretenziya qaydasında bildirib və bu səbəbdən onlardan dərhal “Esena Mono”nun qanunsuz yayılmasını və “Bayatılar”dan digər şəkildə qanunsuz istifadəni dayandırmağı tələb edib. Pretenziyaya cavab olaraq Kontopulos bu məlumatın doğru olmadığını və “Esena Mono”nun musiqisinin orijinal olduğunu və onun tərəfindən bəstələndiyini bildirib.
2011-ci ildə, hüquqi hazırlıqlardan sonra Eldar Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə cavabdehlər Dimitris Kontopulos və “Sony Music Entertainment Hellas AE” şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət edib.
Həmin iddia ilə bağlı iş qeyd etdiyimiz kimi, 11 il davam edib. Bu müddət ərzində işə Yunanıstanın hər 3 məhkəmə instansiyasında baxılıb. 2018-ci ildə birinci instansiya məhkəməsi Eldar Mansurovun iddiasını təmin edərək, onun müəlliflik hüququnun pozulması faktını tanıyıb və hər iki cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini qət edib. Cavabdehlər qərardan Afina Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib, lakin 2020-ci ildə apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəstəkləyərək, Eldar Mansurovun hüquqlarının pozulmasını tanıyıb. Bundan sonra “Sony Music Entertainment Hellas AE” şirkəti apellyasiya məhkəməsinin qərarını tanıyıb və icra edib, cavabdeh Dimitris Kontopulos isə Yunanıstan Ali Məhkəməsinə kassasiya şikayəti verib. Nəhayət, Yunanınsan Ali Məhkəməsi də 2022-ci ildə məhkəmə baxışı zamanı şifahi qaydada bəyan etdiyi və 2023-cü ildə tərəflərə yazılı şəkildə təqdim etdiyi qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və cavabdeh Kontopulosun şikayətini tamamilə rədd edib.
Yunanıstan Ali Məhkəməsi qərarında qeyd edilib ki, “Esena Mono” “Bayatılar”ın adaptasiya şəklində yenidən işlənməsini, bütövlükdə “Bayatılar”ın orijinal kompozisiyasının tərkib hissəsini, “Bayatılar”ın melodik məzmununun cüzi dəyişdirilməsini (yenidən qurulmasını) təşkil edir; “Esena Mono”nun musiqisinin “Bayatılar”ın musiqisi ilə oxşarlığı 50 faizdən çox təşkil etmişdir.
Qeyd olunanlara görə, “Esena Mono” əsəri Mansurovun “Bayatılar” musiqisi üzərində olan müstəsna və özgəninkiləşdirilməz şəxsi müəlliflik hüquqlarını pozub, habelə “Esena Mono”nun Mansurovun razılığı olmadan yayılması onun müstəsna hüquqlarını pozmaqla yanaşı, onu öz əqli mülkiyyəti ilə bağlı iqtisadi hüquqlarını həyata keçirmək imkanından da məhrum edib.
Bu səbəbdən Yunanıstan Ali Məhkəməsi Kontopulosun bundan sonra “Esena Mono” adlı musiqi əsərinin və ya “Bayatılar”ın musiqisinin hər hansı bir hissəsindən yaxud onun dəyişdirilməsindən ibarət hər hansı digər əsərin bəstəkarı kimi çıxış etməyi qadağan edib.
Hazırkı mübahisə ilə bağlı Eldar Mansurovun maraqlarını Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Yunanıstanın “HP&P Dr. Helen G.Papaconstantinou & Partners” hüquq firması (vəkillər Kardiopulis, Qusios və Kurkutas) və professor Maykl Parossis təmsil etmişlər.
Təbii ki, türklərə əsla dost münasibəti bəsləməyən yunanların öz evlərində öz yunanlarının deyil, azərbaycanlının xeyrinə qərar çıxarmaları təqdirəlayiqdir.
Şəkildə: Eldar Mansurovu çox görmüsüz, busa heç görmədiyiniz rəqibdir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)