Super User

Super User

Açıq portfel rubrikaaında növbəti statistika: Yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri tərəfindən 920,8 milyon manatlıq xidmət göstərilib. Onun da 77 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12,1 faiz çoxdur.

Xidmətlərdən əldə edilən gəlirin 38,5 faizi və ya 354,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəlik ofisi və Karoli Qaspar Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi nümayiş etdirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən TDT-nin Nümayəndəlik ofisinin rəhbəri Janos Hovari, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Xurşidbanu Natəvanın sonuncu Qarabağ xanının qızı, şairə, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində oynadığı mühüm roldan söz açıblar. 1960-cı ildə Natəvanın Bakıdakı abidəsinin və 1982-ci ildə onun Şuşadakı büstünün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açıldığı qeyd edilib. Eyni zamanda, böyük şairənin Ermənistanın işğalı zamanı güllələnmiş büstünün 2020-ci ildə Şuşanın azad olunmasından sonra öz yerinə qaytarıldığı və şəhərin yenidən dirçəlməsinin simvoluna çevrildiyi diqqətə çatdırılıb. 2022-ci ildə 190 illiyi dövlət səviyyəsində qeyd edilən Natəvanın Ağdamda erməni işğalı zamanı dağıdılmış qəbirüstü abidəsinin yenidən hazırlanaraq Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə açıldığı bildirilib.

Çıxışların ardından “Şuşanın tək incisi” filmi qonaqlara təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hazırlanan filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. Xurşidbanu Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.

Filmdən sonra Türkdilli dövlətlərin gənclərindən ibarət ansambl öz xalqlarına məxsus olan milli mahnıları, o cümlədən Azərbaycan mahnılarını ifa ediblər.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan diplomatik nümayəndəliklərinin rəhbərləri, diplomatik korpus və TDT-nin Nümayəndəlik ofisinin təmsilçiləri, elmi-akademik dairələrin və KİV nümayəndələri, Azərbaycan diasporasının üzvləri və türkdilli dövlətlərdən tələbələr iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən bu gün - 2023-cü ilin 26 may tarixində saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 2) əsasən Xaçmaz, Quba, Qusar rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 19 may 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazılıblar. 

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu dəfə Əlizadə Nuri sizlərə “Allah, bu nə oynamaqdır” adlı şeirini təqdim edəcək. 

 

 

Allah, bu nə oynamaqdı?..

 

Aşığa bax, gözü göynən,

Barmağı saznan oynayır.

Üstünü çırpan bir uşaq

Oturub toznan oynayır…

 

Bu zəhərdi, ya eşq camı?

Çıx qarşıla o edamı…

Boğulmaqdan qorxur hamı-

Hamı dayaznan oynayır.

 

Ömürdü bu, ya səfərdi?

Darıxdım ki… çağır dərdi.

O nəğmə nə bəxtəvərdi-

Bir  gözəl qıznan oynayır.

 

Bu yol bitdi…dayan, adam,

Sənin deyil o yan, adam.

Dünyayla oynayan adam

Elə bil köznən oynayır…

 

Hanı ölüm- hara haqdı?

Mən axsağam, yol axsaqdı?

Allah, bu nə oynamaqdı-

Göz yaşı göznən oynayır?!..

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib. 

Nazirliyin məlumatına görə, qastrol səfərləri çərçivəsində Salyan Dövlət Kukla Teatrının kollektivi bu gün - mayın 26-da Qax Dövlət Kukla Teatrında Rəvan Tohidoğlunun “Bir də etmərəm” tamaşasını nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondunun yeni loqosu təsdiqlənmişdir. Loqoda tünd göy rəngdə səmaya uçuş alan kitab təsviri və Azərbaycan Ədəbiyyat Fondu yazısı yer alır. 

 

Azərbaycan Ədəbiyyat Fondunun Baş  direktoru Varisin portalımıza verdiyi məlumata görə, yeni loqo seçiminə 50-yə yaxın variant təqdim edilmişdir, ən yaxşı iş olaraq seçilən loqonun müəllifi tərtibatçı-rəssam Rafael Qasımovdur. 

Xatırladaq ki, Azərbaycan Ədəbiyyat Fondu ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstək olan, ədəbiyyat festivallarının və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən bir qurumdur.

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisi işə başlayacaq.

İyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.

Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

NƏHAYƏT Kİ, ŞƏRTLƏR AÇIQLANIB

 

Bəli, şərtlər açıqlanıb. İndi hər bir otel sahibi hansı şərtlər altında ulduz ala biləcəyini dəqiq biləcək. Dövlət Turizm Agentliyinin Kollegiyasının sədri Fuad Nağıyev “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nı təsdiq edib. 

 

Dövlət Turizm Agentliyi məlumat verir ki, təsdiqlənmiş meyarlarda ümumi müddəalar, mehmanxanaların ulduz təsnifatı, ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası detallı şəkildə əksini tapıb.

Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:

Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.

Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.

Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və obyekt sertifikatlaşdırılmalıdır.

Parametrlər üzrə ayrıca təsnifatı təbii ki, otellər agentlildən əldə edə biləcəklər. 

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Cümə, 26 May 2023 10:00

Yusif Eyvazovdan daha bir ilk

Bəzi təyinatlar öz bəhrəsini dərhal verir. Müasir dövrə uyğun novatorluq, kreativlik, ən əsası isə sürətlə və dəblə ayaqlaşma. 

İnqilabi çevrilişi Xalq artisti Yusif Eyvazov da etməsə kim edər axı? Mədəniyyət naziri Adil Kərimli Yusif Eyvazovu Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına direktor təyin edəndə hamı duydu ki, bu Avropa meyilli, kübar tenor teatrda köhnə heç nə saxlamayacaq. Belə də oldu.

 

“Ədəbiyyat və incəsənət” portalının diqqətini tək yeniləşmiş repertuar, işin keyfiyyət dəyişikliyi cəlb etmir. Budur, inanılmaz bir addım. Yusif Eyvazovun təşəbbüsü ilə bir neçə gündür ki, tanınmış  italyan opera müğənnisi, lirik tenor Federiko Lonjin teatrda ustad dərsləri keçir. Federiko Lonjin teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər də aparır. Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırır.

Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək. Teatra daha məşhur opera ulduzlarının gəlişi də istisna deyil.

Sadəcə, möhtəşəm!

 

Şəkildə: Yusif Eyvazov daim axtarışdadır.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2923)

UNESCO İcraiyyə Şurasının qərarı ilə Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daha 64 sənəd və irs nümunəsi daxil edilib. Beləliklə, siyahıya alınan kolleksiyaların sayı 494-ə çatıb. 

 

AzərTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, reyestrə daxil edilən yeni nümunələr arasında Azərbaycan və türk tarixinə aid irs əsərləri və sənədlər də var. Onların arasında “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”, Qacarlar hakimiyyəti dövründə beynəlxalq münasibətlərə dair sənədlər, Şeyx Səfiəddin Ərdəbili türbəsinin kitabları, türkmən, qırğız və özbək xalqlarının əlyazma və qədim irs yadigarları da var. 

Yeni qərarla bağlı fikirlərini ifadə edən UNESCO-nun baş direktoru Odri Azulay deyib: “Sənədli irs bəşəriyyətin ümumi yaddaşıdır. Yazılı və səsli irs nümunələri tədqiqat məqsədləri üçün qorunmalı və mümkün qədər çox insanla paylaşılmalıdır. Bu sənədlər bizim kollektiv tariximizin tərkib hissəsidir”. 

UNESCO tərəfindən 1992-ci ildən həyata keçirilən “Dünya yaddaşı” proqramının əsas məqsədi kağız üzərində, audiovizual, rəqəmsal və ya hər hansı digər formada mühüm və böyük dəyərə malik sənədlər və ya sənədlər kolleksiyalarının geri qaytarıla bilməyən itkisinin qarşısını almaqdır. Təşkilata üzv ölkələr arasında 2017-ci ildə yaranmış fikir ayrılığı səbəbindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə sənədlərin daxil edilməsi prosesi dayandırılmışdı və bu il mayın 24-də UNESCO İcraiyyə Şurasının qərarı ilə altı il davam edən fasilədən sonra reyestrə 64 sənəd salınıb. Bunu alqışlayan təşkilatın baş direktoru Odri Azulay qeyd edib ki, üzv ölkələr bu prosesə böyük maraq göstərib. Belə ki, 56 ölkə və təşkilatın bu yeni əlavələri ilə indi reyestrdə dünyanın bütün regionlarından 494 sənədli irs kolleksiyası var. Daşdan sellüloidə, perqamentdən metal disklərə qədər müxtəlif formalarda saxlanılan bu ümumbəşəri dəyərə malik simvolik irs nümunələri indi gələcək nəsillər üçün qorunur.

UNESCO bildirir ki, sənədli irs nümunələri bütün dünyada təhlükə altındadır. Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf etməkdə olan ölkələrdə sənədli arxivlər bərbad vəziyyətdədir. Daşqınlar və yanğınlar illər ərzində minlərlə kağız qeydləri məhv edib, audiovizual materiallar yoxa çıxıb. Maqnit lentləri zaman keçdikcə pisləşir və onları oynada bilən cihazlar sıradan çıxır. Bu materialları qorumaq və rəqəmsallaşdırmaq üçün kollektiv səylərə ehtiyac duyulur, əks halda, onlar həmişəlik itirilə bilər. UNESCO bu məqsədlə Afrika ölkələrində kitabxanalara, arxivlərə və muzeylərə dəstək verir.

Son üç onillikdə UNESCO 94 ölkədə “Dünya yaddaşı” proqramı çərçivəsində milli komitələr yaradıb. Təşkilat ötən ilin əvvəlindən sənədli irsin inventarlaşdırılması, qorunması və hamı üçün əlçatan olmasını təmin etmək üçün 40-a yaxın ölkəyə kömək edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.