Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəlik ofisi və Karoli Qaspar Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi nümayiş etdirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən TDT-nin Nümayəndəlik ofisinin rəhbəri Janos Hovari, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Xurşidbanu Natəvanın sonuncu Qarabağ xanının qızı, şairə, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində oynadığı mühüm roldan söz açıblar. 1960-cı ildə Natəvanın Bakıdakı abidəsinin və 1982-ci ildə onun Şuşadakı büstünün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açıldığı qeyd edilib. Eyni zamanda, böyük şairənin Ermənistanın işğalı zamanı güllələnmiş büstünün 2020-ci ildə Şuşanın azad olunmasından sonra öz yerinə qaytarıldığı və şəhərin yenidən dirçəlməsinin simvoluna çevrildiyi diqqətə çatdırılıb. 2022-ci ildə 190 illiyi dövlət səviyyəsində qeyd edilən Natəvanın Ağdamda erməni işğalı zamanı dağıdılmış qəbirüstü abidəsinin yenidən hazırlanaraq Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə açıldığı bildirilib.

Çıxışların ardından “Şuşanın tək incisi” filmi qonaqlara təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hazırlanan filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. Xurşidbanu Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.

Filmdən sonra Türkdilli dövlətlərin gənclərindən ibarət ansambl öz xalqlarına məxsus olan milli mahnıları, o cümlədən Azərbaycan mahnılarını ifa ediblər.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan diplomatik nümayəndəliklərinin rəhbərləri, diplomatik korpus və TDT-nin Nümayəndəlik ofisinin təmsilçiləri, elmi-akademik dairələrin və KİV nümayəndələri, Azərbaycan diasporasının üzvləri və türkdilli dövlətlərdən tələbələr iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.