Super User

Super User

Cümə axşamı, 09 Mart 2023 17:00

Xahiş etdilər ki, onlardan pul istəməsinlər…

“Xatirə və xəta” filmi Kann festivalına gedir 

 

Rejissor Cəlaləddin Qasımovun “Xatirə və Xəta” bədii filmi barədə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizə çox söz açmışıq. Filmin kifayət qədər beynəlxalq uğur qazandığından xəbərdarsınız. İndi isə filmin sorağı birbaşa Avropanın ən nüfuzlu kinofestivalından - Kanndan gəlir. 

 

Kann festivalında “Xatirə və Xəta” bədii filmi digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən və son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir, yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə geniş kütləni maarifləndirmək məqsəd ilə çəkilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımovun məlumatına görə, “Kann” Festivalının prezidenti Ayris Knoblox  “Xəta və xatirə” bədii filminin sinopsisini oxuduqdan sonra festivalda mübarizəyə qoşulmaq üçün lazım olan ödəniş rüsumundan filmi azad edib.

Rejissor deyir: “Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq, - müxtəlif festivallara salınmışıq və Beynəlxalq Festivallarda 190-dən çox müxtəlif mükafatlar almışıq. Biz kommersiya məqsəd ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlərimiz 17 platformaya yerləşdirilib. “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş məlumatlar yazılıb. Beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”.


“Xatirə və Xəta” ekran əsərinin Kann festivalında Qeydiyyat kodu: 23LM1239-dur. 

Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissor Amil İskəndərov montaj Elnur Tarverdiyevə məxsusdur.

76-cı Beynəlxalq Kann Kinofestivalı çayın 16-dan 27-dək davam edəcək. Festivalın ilk dəfədir ki, prezidenti qadındır - Ayris Knobloxdir. Jürinin sədri Vensan Lindondur.

Uğurlar, Azərbaycan filmi!

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Bölgə teatrları peşəkar milli teatrın yaranmasının 150 illiyinə necə hazırlaşırlar?

 

Bu il ölkəmizdə peşəkar milli teatrın yaranmasının 150 ili tamam olur. Oxucularımızdan gələn suallar arasında  “Bölgə teatrları peşəkar milli teatrın yaranmasının 150 illiyinə necə hazırlaşırlar” sualı da yer alır. “Ədəbiyyat və incəsənət” portalı Sual-cavab rubrikasında bu suala cavab təqdim edəcək.

 

Ölkə başçısının müvafiq Sərəncamı ilə bu il Azərbaycanda peşəkar milli teatrın yaranmasının 150 illiyi təntənə ilə qeyd ediləcək. Yubiley ilində paytaxtda fəaliyyət göstərən teatrlar repertuatlarını zənginləşdirir, çoxlu premyeralar hazırlayır, tədbirlər keçirirlər. Xüsusən Milli Dram Teatrı, Musiqili Teatr bu sahədə nümunə göstərirlər. Paytaxt teatrlarının yibiley sürprizləri barədə sizləri məlumatlandırmışıq. Onlarla yanaşı, bölgələrdəki sənət ocaqları da yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Bölgə  teatrlarının 2023-cü il üçün repertuar plan-proqramları deməyə əsas verir ki, yubiley ili zəngin keçəcək. 

 

Gəncə Dövlət Dram və Kukla Teatrları

 

Gəncə Dövlət Dram Teatrının illik repertuarı xeyli zəngindir. 

Gəncə Dövlət Kukla Teatrı da bölgədəki azyaşlılar üçün maraqlı repertuar tərtib etməyə çalışıb. İl ərzində K.Çukovskinin “Milçək vizilçək”, A.Əlizadənin “Bostanda əhvalat”, Ş.Perronun “Qırmızıpapaq” tamaşaları hazırlanacaq. “Bostanda əhvalat” tamaşasının məşqlərinə artıq başlanılıb. Tamaşaya teatrın baş rejissoru Şamil Məmmədli quruluş verir.

 

Naxçıvan Dövlət Dram Teatrı

 

Bu il 140 yaşını qeyd edəcək Naxçıvan Dövlət Dram Teatrında A.Babayevin “Xilaskar” (quruluşçu rejissor Xalq artisti Kamran Quliyev), M.F.Axundzadənin “Lənkəran xanının vəzirinin sərgüzəşti” (quruluşçu rejissor Həcərxanım Məmmədova) tamaşalarının məşqləri gedir. Tamaşalar may ayında təqdim olunacaq. Həmçinin türkiyəli dramaturq Ü.Görgülünün “Cibimizdəki dəlilik” (quruluşçu rejissor Səməd Canbaxşiyev) tamaşasının da məşqləri aparılır və tamaşanın bu ay təhvil verilməsi planlaşdırılır. İl ərzində sənət ocağında Elçinin “Şekspir”, J.B.Molyerin “Skapenin kələkləri” tamaşalarının da hazırlanması nəzərdə tutulub.

 

Naxçıvan Dövlət Kukla Teatrı

 

Naxçıvan Dövlət Kukla Teatrında B.İsgəndərlinin “Yalanlara inanmayaq”, V.Haqverdiyevin “Qarınqulu ayı balası”, “Sehrli planşet”, C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərləri əsasında tamaşalar hazırlanacaq.

 

 Lənkəran Dövlət Dram Teatrı

 

Bu il Lənkəran Dövlət Dram Teatrında da repertuar planına uyğun olaraq dörd yeni tamaşa hazırlanacaq. Onlardan birinin məşq prosesi gedir. Teatrın baş rejissoru Anar Babalı yazıçı K.Məmmədovanın narkomaniyanın fəsadlarından bəhs edən “Yaşayan ölü” pyesinin məşqlərinə başlayıb. Yeni səhnə əsərini bu ay tamaşaçıların mühakiməsinə vermək nəzərdə tutulub. Cari ildə teatrın səhnəsində həmçinin İ.İmanın “Big in Japan”, V.Şekspirin “Kral Lir”, J.P.Sartrın “Bağlı qapı arxasında” pyesləri, həmçinin plandankənar bir neçə uşaq əsəri tamaşaya qoyulacaq.

 

Ağdam Dövlət Dram Teatrı 

 

Ağdam Dövlət Dram Teatrı hər yaşdan olan tamaşaçılarını nəzərə almaqla plan tərtib edib. Azərbaycan xalq nağılı əsasında uşaqlar üçün hazırlanacaq “Göyçək Fatma” (rejissor E.Hümbətov) bu qəbildəndir. Türkiyəli dramaturq T.Cücenoğlunun “Matruşka” (rejissor K.Həsənov), Ə.Əmirlinin “Hasarın o üzü” (rejissor S.Əhmədov) və T.Məmmədin “Tor” (rejissor K.Həsənov) əsərləri də teatrın səhnəsinə çıxacaq. Hazırda teatrda plandankənar olaraq iki tamaşanın – K.Yusifoğlunun “Ölüm qatarı” və H.Cavidin “İblisin intiqamı”nın məşqləri gedir və nümunələr may ayına teatrsevərlərə təqdim olunacaq.

 

Qazax Dövlət Dram Teatrı 

 

Qazax Dövlət Dram Teatrı da bu ili tamaşaçıları üçün fərqli repertuar seçməyə çalışıb. Daha çox vətənpərvərlik mövzulu nümunələrə üstünlük verən sənət ocağında S.Mrojekin “Mühacirlər”, A.Murovdağlının “Türkün alın yazısı” (Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunur), A.İdrisoğlunun “İnan mənə” və İ.Fəhminin “Son reportaj” kimi bədii nümunələri özlərinin yeni səhnə yozumlarını tapacaq.

 

Mingəçevir Dövlət Dram Teatrı

 

Mingəçevir Dövlət Dram Teatrının 2023-cü il repertuar planı da zəngindir. “Göyçək Fatma” nağılı bu teatrda da səhnəyə qoyulur. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə A.Soltanın “Ata” əsərinə quruluş veriləcək. A.Həsənoğlunun “Ceyhunun zaman maşını” və M.F.Axundzadənin “Hacı Qara” əsərləri əsasında eyniadlı tamaşalar da builki plana daxildir.

Plandankənar tamaşalar olaraq Ə.Əmirlinin “Varlı qadın”, İ.Soltanın “Keçəlin kələyi”, türk xalq nağılı əsasında “Üç ayı balası”, Azərbaycan xalq nağılı əsasında “Cırtdan” kukla tamaşası və E.Məhərrəmlinin “Yaddaş, təqvim və kukla” kimi səhnə nümunələri üzərində də ilkin məşqlər gedir. Aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə teatrdaxili monotamaşa (fərdi performans) festivalı da təşkil ediləcək.

 

Salyan Dövlət Kukla Teatrı

 

Salyan Dövlət Kukla Teatrında isə A.Babayevin “Kəloğlanın sərgüzəştləri”, İ.Coşqunun “Tülkü həccə gedir”, L.Ustinovun “Xilaskar qurbağa” və Ə.Hüseynovun “Xoşbəxtlik quşu” əsərlərinə quruluş veriləcək. Mövzu rəngarəngliyinə çalışan salyanlı kuklaçılar tamaşaçıların say və yaş fərqini daha da artırmaq üçün tədbir-tamaşa təşəbbüslərini də irəli sürür.

 

Qax Dövlət Kukla Teatrı

 

Qax Dövlət Kukla Teatrında da paralel məşqlər davam edir. Hazırda O.Abdullayevin “Sehrli torba” (rejissor Rahib Məmmədov) və “Tülkü və quyruq” (rejissor Yusif Abdurahmanov) pyesləri üzərində məşqlər gedir. İl ərzində bu səhnədə artıq dünya klassikasına çevrilmiş A.Lindqrenin “Uzuncorab Pippi” (rejissor Rahib Məmmədov) və yerli müəllif Ə.Əhmədovanın “Necə boz ayı, aldı ev payı” (rejissor Yusif Abdurahmanov) əsərləri də səhnələşdiriləcək.

 

Şəki Dövlət Dram Teatrı

 

Şəki Dövlət Dram Teatrında il ərzində səhnə həlli veriləcək tamaşaların bir neçəsinin məşqinə başlanılıb. Türkiyəli yazar T.Orbayın (tərcümə Dilsuz Mustafayev) “21:15 qatarı” pyesi əsasında eyniadlı tamaşaya rejissor Elvin Nuri quruluş verir. Nümunə Azərbaycan Teatr Xadimləri İttifaqının 3-5 mart tarixlərində keçirəcəyi “Türk tamaşaları festivalı”nda nümayiş olunacaq. Həmçinin braziliyalı müəllif G.Fiqeyredonun “Ezop” pyesinin məşqlərinə (rejissor Mirbala Səlimli) başlanılıb.

M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” əsərinin yeni quruluşda (rejissor Orxan Həmidli) tamaşası isə Azərbaycan peşəkar teatrın yaranmasının 150 illik yubileyinə həsr olunacaq. Həmçinin B.Brextin “Kuraj ana və uşaqları” pyesi də teatrda yeni səhnə həyatını (rejissor Mirbala Səlimli) yaşayacaq.

 

Qusar Dövlət Ləzgi Dram Teatrı

 

Qusar Dövlət Ləzgi Dram Teatrının da cari il üçün fəaliyyət planı çoxşaxəlidir. M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (rejissor Əliyar Əliyev) və yerli müəllif İ.Şamxalovun “Pərixanım” adlı məişət mövzulu əsəri (rejissor Bağır Əhmədov) səhnəyə qoyulacaq. İ.Əfəndiyevin “Qarabağnamə”si (rejissor Əliyar Əliyev) də mövsümün sonunadək təqdim olunacaq. Qusarlı teatr təmsilçiləri son zamanlar əsərləri bir neçə bölgə teatrında qoyulan X.Əliyevin yaradıcılığına da müraciət edərək onun “Qonşular” (rejissor Bağır Əhmədov) pyesini hazırlayacaq.

 

Şəkildə: Gəncə Dram Teatrı

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Cümə axşamı, 09 Mart 2023 15:30

Bayram günü xoş sürpriz

Bakı Aeroportunda qadın sərnişinlər çiçəklərlə qarşılandı

 

Dünən növbəti dəfə qadınlar bayramını qeyd elədik. Bəzi kişilər deyinsə, “soyulduq” desələr də həyat yoldaşına, sevgilisinə, anasına, bacısına, qızına, iş, yaxud tələbə yoldaşlarına ürəklə hədiyyə alan kişilər əksəriyyət təşkil etdi. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşının diqqətini isə Bakı aeroportunda rastlaşılan bir hadisə cəlb etdi. 

 

Ölkəmizə gələn qadın sərnişinlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda nərgiz çiçəkləriylə qarşılanırdılar. Təşəbbüsün Dövlət Gömrük Komitəsindən gəldiyini öyrəndik. Ölkəmizə təşrif buyuran əcnəbi qadınlar bu xoş sürprizdən çox məmnun olur, çiçək təqdim edənlərə minnətdarlıq bildirirdilər. Xüsusən Qazaxıstandan təşrif buyurmuş iki qadın sevinclərini izhar etməyə söz tapa bilmirdilər. 

Kənar ölkəyə gedəndə ilk aldığın təəssürat nə olursa bütün səfər boyu o səni tərk etmir. Odur ki, ölkəmiz barədə xoş təəssüratlar yaradan Gömrük işçilərini alqışlamağa dəyər. 

P.S. Ölkənin nəhəng hipermarketlərindən birində dünən bu danışdığımız əhvalatın tam ziddini gördük. Yaşlı bir qadın aldığı bir kömbə çörəyin fərqinə varmamış, sadə baton əvəzinə ekstra baton götürmüşdü. Və 5 qəpik fərqi ödəyə bilməmişdi deyə, ağbirçəkliyinə, qadınlar bayramı olmasına məhəl aoymadan onu geriyə qayıdıb çörəyi dəyişməyə vadar etmişdilər. 

Bu da bizik, o da bizik. 

 

Şəkildə: Nərgiz hədiyyəsindən xeyli məmnun olan qazax qadınlar. 

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Cümə axşamı, 09 Mart 2023 08:00

Latviya Prezidenti İçərişəhəri gəzib

 

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə başlayıb. Latviya Prezidentinə Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

Gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır. 

Daha sonra Latviya Prezidenti İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olub. Mərkəzin "Dastan" brendi ali qonaqda böyük maraq doğurub. Burada ali qonağa xatirə hədiyyəsi təqdim olunub.

İçərişəhərlə tanışlıq Latviya Prezidenti Egils Levitsdə xoş təəssürat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Cümə axşamı, 09 Mart 2023 16:00

Orxan Sultandan performans

Operanın və modanın vəhdətini görmək istəyənlər çox idi. Onlar gözəllik və zəriflik görməyə tələsirdilər. Ötən gün Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlamışdı. Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim edildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib. 

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak ediblər.

İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa ediblər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. 

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdirilib. Gecə ərzində səhnəyə çıxan  müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim ediblər. 

Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olublar. 

Dünən Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat verilib. 

Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.

Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə ediblər. 

Sərginin daha bir bölməsində isə geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alıb.

Daha geniş: növbəti buraxılışlarımızda.

 

Şəkildə: Orxan Sultan və onun işlərini nümayiş etdirən modellər

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Cümə axşamı, 09 Mart 2023 15:00

“Qəzəl saatı”nda Lilpar Cəmşidqızıdır

“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında bu dəfə sizlərə Sumqayıtda yaşayıb-yaradan Lilpar Cəmşidqızının 2 qəzəlini təqdim edəcəyik.

 

 

 

***

Ey dil, hər aşiqin yenə dərmanı sevgidir,

Hicran görənlərin qəmi, zindanı sevgidir.

 

Leyla çəkib nə qədri əziyyət bu sevgidən,

Səhra gəzənlərin demə loğmanı sevgidir.

 

Dəryadə çoxdu canlı, düşünmür bu aləmi,

Ancaq cahanda aşiqin ümmanı sevgidir.

 

Vardır nə qədri sevgi- məhəbbətlə oynayan,

Həm güldürən, həm öldürən insanı sevgidir.

 

YaRəb, bağışla Sən məni aləmdə bircə yol,

Düz yolda saxlayan həmi şeytanı, sevgidir.

 

Həsrət qəmin verəndə nədən bilmədin, Xuda?

Aləmdə hər bir aşiqə cananı sevgidir.

 

Səntək mənim bu könlümə kimdir de, yol tapan?

Lilparı şair eylədin, ünvanı sevgidir.

 

 

***

 

Bəxti yazan, neyləyim, görmədi hərdən məni,

Bir quru yarpaq kimi saldı nəzərdən məni.

 

Eylədiyim hər nə var, sirri- Xudadən gəlir,

Kaş, soruşaydın, fələk, bircə nəfərdən məni.

 

Əllərimi açmışam, mən dilənim bəxtimi,

Sanki əsən bir külək qovdu şəhərdən məni.

 

Dalğaların qoynuna baş vuracam bir səhər,

Kimsə gəlib sormasın burda Xəzərdən məni.

 

Qüssə çöküb üstümə, gör necə mən qəmliyəm,

Ver sıxılan könlümü, al bu kədərdən məni.

 

Fikrü xəyalım gedir görmədiyim yerlərə,

Leyli təkin çöllərə saldı səhərdən məni.

 

Sözləri mən saf-çürük eyləyirəm hər zaman,

Söylədiyim kəlmələr etdi nələrdən məni.

 

Tanrı verib ömrümü, çün alacaqdır yenə,

Qoyma gedim, ey fələk, saxla səfərdən məni.

 

Təbi veribdir Xuda, yazmağı Lilpar bilir,

Kim tanımır, qoy yazım, görsün əsərdən məni.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

 

 

Yazıçı Xeyrəddin Qocanın satirik “Çox bahadır qiyməti” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır. 

 

 

Çox bahadır qiyməti...

 

(Nəzirə)

 

Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.

Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.

Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:

- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.

Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:

- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.

- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.

- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!

Qızın atası onların sözünü kəsdi:

- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.

Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:

- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.

Aldı qızın anası görək, nə dedi:

- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.

"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.

Çox bahadır qiyməti, biz almırıq, vəssalam".

O gedən getdilər...

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Cümə axşamı, 09 Mart 2023 08:45

Əməkdar artist Yafəs Eyvazov vəfat edib

Tanınmış ud ifaçısı, Əməkdar artist Yafəs Eyvazov ötən gün vəfat edib. Bu barədə sənətçinin bacısı oğlu, Əməkdar artist Rəşad İlyasov özünün Facebook hesabında məlumat verib.

Sənətçi uzun müddət davam edən xəstəlikdən vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilmiş 2023-ci il Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Oxu.az-a istinadən məlumat verir. 

 

Çempionat solo, duet, kiçik qrup, qrup, ansambl və böyük ansambl nominasiyalarında keçirilib. Müsabiqədə Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər.

"Keçirilən çempionatda həm tanış olan kollektivlərin, həm də özlərini göstərməyə qərar verən yenilərin çıxışlarını gördük. Hər nominasiyada ciddi rəqabət olub, lakin Folk Stayl ansambl nominasiyasında üç kollektivin rəqabəti xüsusilə fərqlənib. Hakimlər sona qədər ümumi fikrə gəlməyə çalışdılar və nəhayət, qərar verdilər. Beləliklə, mən “Azad rəqs”  kollektivini, xüsusən onların bədii rəhbəri Rəhim Babayevi qələbə münasibətilə təbrik edirəm. Onlara böyük uğurlar arzulamaq istəyirəm. Həmçinin “Bakı Ritm Qrupu” ansamblını, Rəhman İmanovu  və “Alov” ansamblını Emil Pənahovun rəhbərliyi altında  qalib gəlmələri münasibətilə təbrik edirəm!", - deyə təşkilat komitəsinin sədri Əziz Əzizov bildirib.

Qran-pri qalibi isə  Folklor Stilizasiya nominasiyasında Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin solisti Lamiyə Hacızadə olub.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Cümə axşamı, 09 Mart 2023 14:00

Deyin görək bu adam hansı dildə danışırdı?

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən İlham Əskərovdur.

 

 

İLHAM ƏSKƏROV

(1958-1915)

***

“Susmuş vicdan” serialının çəkilişləri gedirdi, orada mən təhlükəsizlik xidməti generalını oynayırdım. Çəkilişlər Bakıda “Teleqüllə” deyilən ərazidə idi. Hamı yorğun olduğundan işdə bir qədər tələskənlik yaranmışdı. Cavan aktyorlardan biri də ümumiyyətlə rola hazır deyildi. Mən də müəlliflə bir kənarda oturub çay içirdim.

Aktyor tərəf-müqabilinə dedi:

– Aqşin, mən pataloku sənə iki saat vaxt ayıra bilərəm. Gəlsəm də çerez Binəqədi yolu gəlməliyəm, onsuz da uje problem yaranıb…

Bu vaxt müəllif çaydan bir qurtum içib:

– İlham müəllim, bunun ssenarisini kim yazıb görəsən? – xəbər aldı.

 Ətrafa baxıb:

– Mənə dedilər sən yazmısan axı, – cavab verdim

– Yox, bu, mənim yazdığım deyil, bunu yazan məndən yaxşı yazıb…- dedi.

Sonradan həmin epizod bir də əvvəldən axıra qədər çəkildi.

 

 “Ədəbiyyat və incəsənət”

(09.03.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.