Super User

Super User

Cümə axşamı, 01 İyun 2023 10:15

Vandalizm bu dəfə Sabirabadda!

Tarixi abidədə aparılan icazəsiz təmir-bərpa işlərinin qarşısı alınıb

 

Son günlər tarixi abidələrə edilən müsaxilələr intensivləşib. Növbəti xəbər Sabirabad rayonundandır. 

Sabirabadın Qurban Namazəliyev küçəsində yerləşən 4952 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir-bərpa işlərinin aparıldığı aşkar edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan Regional idarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman aşkar olunan təmir-bərpa işləri dərhal dayandırılıb.

Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Mayın 30-da "Miss & Mister Azerbaijan - 2023" Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqənin kişi qalibi adını görkəmli Azərbaycan şairi, sevgi şeirləri dillər əzbəri olan Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli qazanıb.

 

Məlum edək ki, gənc, istedadlı Cavidan Kəsəmənli aktyordur. O, həm də Vətən Müharibəsi iştirakçısı, Müharibə Veteranıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Cümə axşamı, 01 İyun 2023 09:30

Halal çempionatda halal uğur!

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri beynəlxalq çempionatda uğurla çıxış ediblər

 

 

Milli Kulinariya Mərkəzindən gedəndən sonra ölkənin tanınmış kulinarı Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Assosiasiyası yaradaraq mətbəximizin təbliği işini davam etdirir. Və budur, assosiaaiyanın üzvlərindən ibarət milli kulinariya komandamız Tatarıstanda keçirilən Dünya Halal Çempionatında uğurla çıxış edib. Çempionatda iştirak edən 15 komanda öz milli mətbəxlərini nümayiş etdirib. Çempionat çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Azərbaycan-Qarabağ Milli Mətbəx Günləri təşkil olunub. Milli mətbəx günlərinə görə Azərbaycan Milli Kulinariya Komandası qızıl medallarla mükafatlandırılıb (7 komanda üzvü – 7 qızıl medal).

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ötən gün Bakıda çempionatın yekunlarına dair mətbuat konfransında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. 

Sözçü bildirib ki, çempionatda kulinarlarımız Azərbaycan mətbəxindən müxtəlif xörəklər, salatlar və şirniyyatlar hazırlayaraq təqdim ediblər. Həmçinin Milli Mətbəx günlərində canlı milli musiqi və rəqslər ifa olunub. Eyni zamanda milli geyimlərimiz nümayış edilib. 

Tahir Əmiraslanov deyib ki, tədbirdə iştirak edənlərə “Qarabağ mətbəx inciləri” kitabı hədiyyə olunub: 

“Xüsusən vurğulamaq istərdim ki, ölkəmiz tədbirdə həm WICS prezidenti kimi, həm beynəlxalq münsiflərin sədri qismində, həm də təşkilatçı kimi təmsil olunub. Çempionatda Kazan şəhərinin komandası birinci kubok və qızıl medal, Azərbaycan isə ikinci kubok və gümüş medal qazanıb. Milli komandamızın kapitanı əfsanəvi usta aşpaz Ziya Şahbazov idi. Komanda üzrə və fərdi yarışlardan komandamız 13 qızıl, 12 gümüş və 1 bürünc medal qazanıb”. 

Tədbirdə çıxış edən digər natiqlər çempionatın milli mətbəximizin tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda Beynəlxalq Halal Çempionatında iştirak etmiş kulinarlarımıza diplomlar təqdim olunub.

Tahir Əmiraslanovun çıxışından seçmələr növbəti buraxılışlarda diqqətinizə çatdırılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Milli Xalça Muzeyində bu günə həsr olunmuş festival keçiriləcək

 

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Həmin gün azyaşlı uşaqlara hədiyyələr, yeni libaslar alınır, onları gəzməyə, əyləncə yerlərinə aparırlar. Mövzuya keçməzdən əvvəl əməkdaşımız Kənan valideyinlərə xatırlatma edir ki, böyük uşaqlar da gərək bu gün diqqətdən kənarda qalmasın. Onların hədiyyəyə ehtiyacları olmaya bilər, amma ildə bir dəfə bu bayram günündə onlarla səmimi danışmağa, onları dərk etməyə çalışsanız əla olar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əlamətdar gün münasibətilə Azərbaycan Milli Xalça Muzeyi uşaqlara gözəl bir hədiyyə hazırlayıb. Belə ki, muzeyin uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada həmçinin muzeyin Uşaq Birliyi və Uşaq Musiqili Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq. 

Tədbirdə Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində “Geyim dizaynı” ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi də nümayiş olunacaq.

Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatacaq.

Maraqlı, rəngarəng proqramı olan festivalda müxtəlif ustad dərsləri, diskoteka təşkil olunacaq, həmçinin uşaqlara çəmənlikdə piknik edərək proqramı izləmək imkanı yaradılacaq.

Daha bundan başqa nə istəyirsiniz? İndi qalır sadəcə valideyinlərin işaqları festivala aparmaları!

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalına tanınmış jurnalist Aida Eyvazlının vasitəsilə Yakutiya Yazıçılar İttifaqının sədri, Saxa Yakutiya Republikasının xalq şairi Natalya Xarlampyeva “YAKUTİYANIN REPRESSİYAYA UĞRAYAN YAZIÇILARI” yazısını təqdim edib. Yazını dilimizə Aida Eyvazlı çevirib. Yazını oxucularımıza təqdim edirik.

 

Mən  uzaq Yakutiyadan bizim türk qan qohumlarımızı salamlayıram. Bizim yazımız, taleyimiz, bəxtimiz və ədəbiyyatımız, başımıza gətirilən bədbəxt hadisələr də eynidir, bir-birinə bənzəyir. Bu gün – 31 mayda Qazaxıstanda Siyasi  Repressiya qurbanları anılır. Digər türk xalqları da ayrıca belə bir gün keçirsələr yaxşı olar. Repressiya olunanların hər birinin xatirəsi bizim üçün əzizdir.

Mən bu gün sizə yakut ədəbiyyatının baniləri olan üç  klassik yakut yazıçısı haqqında danışmaq istəyirəm. Onların çox ağır taleləri olub. Çar Rus İmperiyasının dövründə  belə hesab edilirdi ki, yazılı  yakut ədəbiyyatı 125 il bundan əvvəl yaranıb. Biz də 2025-ci ildə ədəbiyyatımızın 125 ilini qeyd edəcəyik. Bu tarix bizə hələ sabiq sovet dövründən diqtə edilib, hələ ki, onu belə qeyd etməliyik. Lakin hər bir xalqın şifahi, xalq yaradıcılığı, folkloru, mifləri və əfsanələri vardır.  Bizim  Saxa xalqının isə bütün bu mədəni dəyərləri daha da zənginləşdirən OLONXO kimi qəhrəmanlıq dastanı vardır. Dünya dastanlarının mahir bilicisi Vladimir Derjavin bizim Olonxonu - “Yenilməz Nyurgün Batır “ dastanını ilk dəfə rus dilinə çevirib. Bu dastanı  Gilqamış dastanına bərabər tutub.  Həqiqətən də  məna etibarı ilə bizim Olonxo çox möhtəşəmdir. Burada dünyanın yaranışı, xeyirin göylərdə dövran etməsi,  ədalət və haqq, azadlıq uğrunda  mübarizə aparan qəhrəmanların mədhi və onların  dünyaya əmin-amanlıq gətirməsi haqqında danışılır... Ona görə də, əgər söhbət  Saxa xalqının yaradıcılıq tarixindən, ədəbiyyatından gedirsə, o zaman bu, 125 ilə sığmayan bir salnamədir.

Bu gün mən sizə  yakut ədəbiyyatının 3 klassiki haqqında  danışmaq istəyirəm.  1900-cü ildə Aleksey Kulakovskiy Eksekülya “Bayanayın alqışı” adlı poema yazdı.  Kulakovskinin adının mənası qartal deməkdir. Bayanay tayqanın ruhudur, o ovçuları qoruyur və uğur gətirir. Buna görə də Bayanay ruhunu daima sakiləşdirməli və alqışlamalısan.  Kulakovskiy də bu məqsədlə “Bayanayın alqışı” poemasını qələmə almışdı.

Kulakovsikinin ali təhsili yox idi, lakin ana dilimiz üçün onun xidmətləri heç bir ölçüyə gəlməz. O, universitetlər bitirən alim və akademiklərdən da çox iş görüb. O, xalqımız üçün  təkcə mötəbər ədəbiyyat yaratmaqla kifayətlənməyib, eyni zamanda bizim folklorumuzu, adət-ənənəmizi araşdırıb və elmi məqalələr yazıb. Onun yazdığı əsərlər bu gün də öz aktuallığını itiməyib. Lakin bununla belə onun yaratdığı əsərlərin içərisində “Şamanın yuxusu”nu xüsuisi ilə qeyd etmək lazımdır.  Bu əsəri oxuyanda görürsən ki, yazıçı illər əvvəl başlayacaq  qloballaşmanı və bu prosesin  azsaylı xalqların  həyatına gətirəcəyi fəlakətləri yazıb. Aleksey Yeliseyeviç  özündən sonra “Yakut ziyalılarının məktubu” adlı çox böyük fəlsəfi əhəmiyyəti olan  əsər qoyub gedib. Həmin 1912-ci illərdə siyasi sistem rus dilində yazmağı tələb edirdi. Bu əsəri rus dilində yazmaqla xalqın taleyini həll eləyən rus məmurlarının onu eşitməsini istəyirdi. Bu əsərində o  xalqın inkişafının müstəvisini, onun Rus imperiyasında yerini göstərmək istəyir. Əsərdə göstərilən bir çox məqamlar bu gün də bizim xalqı narahat edir.

Aleksey Yeliseyeviçin ardınca isə Anempodist Safronov - Alampa gəlir.  Alampa ən incə ruhlu şeirlər yazan lirik şairdir, demək olar ki, yakut lirik ədəbiyyatının banisidir. Əgər Kulakovski “Şamanın yuxusu” poemasında olduğu kimi  sosial, siyasi, elmi mövzuları qələmə alırdısa, Alampa insan qəlbinin ən mübhəm və incə çırpıntılarını, duyğularını, insanın bu dünyada mövcudluğunu, sevgi və məhəbbəti canlı və obrazlı şəkildə yazırdı. Onun hər bir sətri bu gün də bizi həyəcanlandırır, duyğulandırır.  Yakutiyanın Yazıçılar Birliyi Anempodist Safronov-Alampanın əsərlərindən ibarət ədəbi  irsini əbədiləşdirmək üçün bu gün də yorulmadan çalışır. Ötən il, biz Alampanın  bir şeirini dünyanın 33 dilinə çevrrərək,  bir şeirindən  ibarət nəfis hədiyyəlik  kitabını  çap etdik. Alampanın özündən sonra nəslini davam etdirəcək heç kimi qalmayıb. Lakin biz, Yakutiyanın Yazıçılar Birliyi onu Yakut poeziyasının atası hesab edirik.

Ədəbiyyatımızın üçüncü klassiki isə  prozaik, dramaturq Nikolay Denisoviç Neustroyevdir.  Onun ömür yolu uzun olmayıb, çox cavan ikən dünyasını dəyişib. Onun yazdığı dram əsərləri bu gün də bizim teatr səhnələrimizi bəzəyir, onun yazdığı əsərlərə filmlər çəkilir. Onun əsərləri hər gün özünə yeni oxucular cəlb edir.

Bəs gəlin  görək bu üç klassikin taleyi necə oldu? 1946-cı ildən etibarən bu üç yazıçıya qarşı  burjuaziya milliyyətçiliyi ittihamı ilə kampaniya başladı. Stalin rejimi belə hesab edirdi ki, bu üç yazıçı varlıları tərənnüm edir və mülkədarların ideologiyasını cəmiyyətə daşıyırlar. Əslində, Alampa və Neustroyev kimi Kulakovskiy də sovet rejimini qəbul etmişdi, bu sistemin qayda-qanunlarına tabe olub, sistem üçün işləyirdi. Son məqəmda onların bu xidmətləri nəzərə alınmadı, onları milliyyətçilikdə günahlandırdılar. Kulakovskiy və Neustroyev  repressiyanın məngənəsindən qaça bilsələr də, onlara qarşı edilən haqsızlığa dözməyib, bu dünyandan tez köçdülər. Alampa isə... 1928-ci ildə milli təşkilat yaratmaq maddəsi ilə ittiham olunaraq, xüsusi  təhlükəli siyasi və ağır cinayətkar kimi Sibirin Solovetsk adalarındakı “Solovka” məcburi əmək düşərgəsinə göndərildi. O, Yakutskda Yemelyan Yaroslavskiyə cəza müəssisəsinin dəyişdirilməsi barədə  məktubla müraciət etdi. Yaroslavski özü ziyalı kimi siyasi baxışlarına görə sürgündə olsa da,  hakimiyyət dairələrində fikirlərinə hörmətlə yanaşılırdı. Yaroslavskinin təqdimatına əsasən Alampanı Solovkadan Arxangelskə, sonra isə İrkutska sürgün etdilər. Cəzasını çəkib  vətəninə qayıtdıqdan qısa bir müddət sonra, Alampa da repressiya düşərgəsində çəkdiyi ağır zillətlərin nəticəsində çox yaşaya bilmədi,  1935-ci ildə dünyadan köçdü.

Bunlar azmış kimi,  daha sonra yazıçılarımızın əsərləri repressiyaya uğradı. 1952-ci ildə Yakutiya Vilayət Partiya Komitəsi katibi Semyon Zaxaroviç Borisov tərəfindən Kulakovskinin,  Alampanın və Neustroyevin əsərlərinə tamamilə qadağa qoyulması haqqında qərar qəbul edildi. Bu qərara əsasən məktəblərdə, texnikumlarda, ali təhsil ocaqlarında  bu yazıçıların  həyatı və əsərlərinin öyrənilməsinə qadağa qoyuldu. Kulakovskinin bir oğlu qalmışdı. Onun oğlu Reas Alekseyeviçin övladlarının təhsil aldığı məktəbdə, kitabxanalarda onların gözü qarşısında babaları Kulakovskinin əsərləri götürülərək tonqallarda yandırılırdı...  İllər keçəndən sonra Kulakovskinin nəvələri bu xatirələrini danışanda, təbii ki, müasir dövrün  insanları bu acı xatirələri ürək ağrısı ilə dinləyirdilər.

Bu görkəmli yazıçıların əsərlərinin  yığışdırılması, adlarının çəkilməsinə qadağa qoyulması təbii ki, saxa xalqı, yakut ədəbiyyatı, yakut ziyalıları üçün ağır zərbə idi.  Bu, gənc yakut ədəbiyyatının kökünə vurulan baltaya bənzəyirdi. Lakin sən demə bu hələ başlanğıc imiş...

1937-ci ildə  Saxa xalqının  böyük oğlu, respublikanın rəhbəri, istedadlı yazıçı, şair və siyasi xadim Platon Alekseyeviç Oyunski Moskvada həbs olunaraq, əvvəlcə  İrkutska, sonra isə Yakutskdakı həbsxanaya gətirilmişdi. O, dahi bir insan, parlaq rəhbər idi. İstintaqçılar onu Sovet İttifaqının əleyhinə olaraq, Yaponiya kəşfiyyat idarəsinə işləməkdə etirafa məcbur etdirmək istəsələr də, Oyunski onların bu ittihamını rədd edirdi. Görmədiyi bir işi necə etiraf edə bilərdi ki?  O bolşevik idi, o sovet hakimiyyətinə inanırdı, Sovet hakimiyyətinin qurduğu respublikanın rəhbəri idi, əsərlərində daima qırmızı inqilabı mədh edirdi... Yakutsk həbsxanasında işgəncələrə tab gətirməyən Platon Alekseyeviç məhkəməyə qədər dözə bilmədi... 1939-cu ildə ölüm xəbəri yayılan Platon Oyunskinin harada güllələndiyini bu gün də kimsə bilmir. Əfsuslar olsun ki, bu gün də Platon Oyunskinin məzarı yoxdur. Onun təmiz adı 1957-ci ildə reablitasiya olundu. 

O gündən edibarən adları repressiya siyahısından çıxarılan yazıçılarımızın əsərləri də reablitasiya olunmağa  başladı. Onların adlarının xalqa qaytarılması üçün çox ağır və şərəfli işlər görüldü, əsərləri yenidən çap olunmağa başladı. Bu gün mən bu adların xalqa qaytarılmasında əməyi keçən, ədalətin bərqərar olmasında mübarizə aparan klassiklərimiz haqqında da danışmaq istəyirəm.  Onlardan biri professor Georgiy Prokopyeviç Başarin idi.  O hələ 1946-cı ildə “Üç yakut realist-marrifçisi” adlı  əsər yazmışdı. 1952-ci ildə o partiya  orqanlarının maneələrinə məruz qaldı və pariya sistemindən çıxarıldı, elmi adlarından məhrum edildi, həbs olunmamaq üçün Moskvaya qaçaraq gizləndi. Başarin bizim klassiklərimizin təmiz adlarının bərpa edilməsi üçün çox fədakarlıq edibdir. Axır ki, onun həqiqəti qalib gəldi.  Bu 1962-ci ildə baş verdi, həmin gün  vilayət partiya komitəsinin bürosunda  üç yakut klassikinin xalqı üçün işlədiyi və heç bir burjua millətçisi olmadıqları haqqında qərar qəbul edildi.

Yakutiyanın xalq yazıçısı  Semyon Petroviç Danilov da  klassiklərimizin ədəbi irslərinin tapılması və toplanması, çap edilməsi, oxuculara çatdırılması  üçün  çox böyük əmək sərf edib. Məhz onun əməyi sayəsində  o klassiklərin  əsərləri  çap olunaraq yenidən məktəblərdə, ali təhsil ocaqlarında öyrənilməyə başlandı. Beləliklə, bizim klassiklərimiz yenidən xalqa qaytarıldı. Bu yolda çalışanların hamısının xatirəsi bizim üçün əzizdir. 2020-ci ildə  Rusiyanın “Molodaya qvardiya”  nəşriyyatında  “Tanınmış insanların həyatı” seriyası ilə Semyon Danilovun həyatından bəhs edən  kitabım işıq üzü gördü.

Mən onu deyə bilərəm ki,  repressiyalar yazıçıların reablitasiyasından sonra da bitmədi... Elə insanlar var ki, rejimin ağır əzablarını bütün həyatları boyu, yaradıcılıqları boyu hiss etdilər, onların həyatları, yaradıcılıqları məhv oldu... Onların arasında şair Arbita, prozaik Dalan da var idi. Yazıçı Dmitriy Dıdayevin əsərlərinə isə 1970-ci illərdən sonra qadağa qoyuldu. Onu qeyd edim ki, biz yazıçıların qələmini hər zaman nəzarətdə saxladılar, buna baxmayaraq, bizə əziz olan adları  reablitasiya etməyə müvəffəq olub, xalqa qaytara bildik. Bunun yakut xalqı üçün böyük əhəmiyyəti vardır.

Mən 2019-cu ildə Bakıda qonaq idim. Burada qonaq olduğum zamanı ilk görmək istədiyim  I Türkoloji Qurultayın keçirldiyi ünvan oldu. Mən bu binanın, o divarların içərisində olmaq istəyirdim. 1926-cı ildə qurultayda iştirak edən bizim nümayəndə heyətimizin rəhbəri Kulakovski idi. O, yarı yolda xəstələnərək, Moskvada qalmalı olmuşdu. Yazıçılar Alampa və Kyündyə  və Vilayət Komitəsinin üzvü İsidor Baraxov qurultayın işində iştirak etmişdilər. Onların  addımladığı həmin pilləkənlərlə qalxmaq, onların açdıqları qapıdan keçmək, onların oturduqları iclas salonunda olmaq mənim üçün böyük mənəvi zövq idi. Bu mənim ömrümün ən xoşbəxt anları idi.

O gündən bu günə, 1926-cı ildən bəri biz türk xalqları hər zaman bir-birimizin yanında olmağa cəhd etmişik, talelərimizin  ümumi problemlərinin haradan qaynaqlandığını yaxşı bilmişik.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

 

 

 

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının yenicə yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

 

Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb. Həmçinin araşdırmaçının İstanbulda yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağrıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.

Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.

Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilib. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılıb, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılıb.

Müəllif kitaba yazdığı “Ön söz”də tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirir: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət heç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qeyri-adi sənət örnəkləri bəxş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.

Müəllifin qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır. 

Monoqrafiyanın mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)


Ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar.

AzərTAC xəbər verir ki, qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Bildirilib ki, İçərişəhərdə yerləşən dünya əhəmiyyətli abidələrin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

“Ədəbiyyat və incəsənət”
(31.05.2023)

 

Olduqca gözəl bir məkanda - ecazkar royalın və dahi rəssam Səttar Bəhlulzadənin tablosunun müşayiəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” romanının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Aydın Hüseynov, Etibar Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Xalq yazıçısı Çingiz Abdullayev, AYB katibi Səlim Babullaoğlu, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçiyev, diplomatik korpusların nümayəndələri, televiziya və xəbər portallarının rəhbərləri, Xalq artistləri, Xalq rəssamları, hüquq müdafiəçiləri, digər  ictimai və mədəniyyət xadimləri, alim və yazıçılar iştirak ediblər.

Əvvəlcə görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin ifasında “Alagöz” və “Qərənfil” mahnıları səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə, Azərbaycan Xalq Cümhuriyyətinə, qardaş Türkiyədə keçirilən seçkilərə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbirin aparıcısı Əməkdar jurnalist Qulu Məhərrəmli çıxışında Adəm İsmayıl Bakuvinin ötən il təqdimatı olan “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı haqqında xatırlatma verib.  Deyib ki, “Paris üçbucağı” adlanan roman müəllifin sayca ikinci genişhəcmli əsəridir. Müəllifin ilk kitabının çox uğurlu olduğunu xatırladan aparıcı bu gün təqdim olunan əsərin də oxucular arasında böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

AYB-nin katibi Səlim Babullaoğlu müəllifin ilk kitabından söz açaraq deyib ki, “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ixtisar olunmuş formada ümumtəhsil müəssisələrində tədris edilməlidir.

Deputat Etibar Əliyev söyləyib ki, kitab təqdimatları, əsərlərin yazılması cəmiyyətdə bu istiqamətdə aparılan ən böyük təbliğatlardan biridir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Paris üçbucağı” ilə hələ kitab formasında çap olunmazdan əvvəl tanış olduğunu vurğulayıb. Əsərdə yer alan mövzunun, tarixi faktların və hadisələrin mükəmməl şəkildə təsvir olunduğunu söyləyən çıxışçı kitabın böyük maraq doğuracağına əminliyini ifadə edib.

Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev deyib ki, “Paris üçbucağı” romanı xalqımız və ölkəmiz adına böyük bir uğurdur. Onun sözlərinə görə, əsər Azərbaycanın nə qədər multikultural və tolerant olduğunu, eləcə də milli-mənəvi dəyərlərinə sahib çıxdığını dünyaya çatdırmış olacaq.

Tədbirdə çıxış edən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis kitaba maraq göstərən cəmiyyətlərin hər zaman üstün olduğunu bildirib. Varis “Paris üçbucağı” romanını oxuduğunu deyib və hər kəsi bu əsərlə tanış olmağa çağırıb.

Xeyriyyəçi Fərhad Ağayev Adəm İsmayılı təbrik edib. O, müəllifin əsərlərini böyük maraqla oxuduğunu deyərək yazıçıya uğurlar arzulayıb.

Çıxış edən Adəm İsmayıl Bakuvi təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Müəllif deyib ki, iş adamlarının fəlsəfi düşüncəsi də tamam fərqli olur. O, qələmə aldığı “Paris üçbucağı” romanı barədə tədbir iştirakçılarına məlumat verib. Müəllifin sözlərinə görə, kitabda ən böyük qələbə sevgidir. Çünki sevən insan özündə Allahı tapır və Allahı tapan şəxs də haqdır:

“İsa Peyğəmbərin ölünü diriltməyi, Məhəmməd Peyğəmbərin sözü ilə dünyanı fəth etməsi - bunlar hamısı sevgi ilə ərsəyə gəlib. Ona görə də düşünürəm ki, sevgi həmişə qalib olub və olacaq”.

Sonra müəllifin oxucular üçün kitabın imza mərasimi keçirilib.

Qeyd edək ki, tarixi faktlarla zəngin əsərdə Ermənistan-Azərbaycan münaqişəsi geosiyasi maraqlar kontekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Suzannanın ülvi, saf məhəbbətlərini özündə daşıyan melodramdır. Süzannanın milliyyyətcə erməni olan nənəsi ilə Ülvinin milliyyətcə yəhüdi olan nənələri isə romanda Xeyir və Şərin təmsilçiləri kimi görünürlər. 

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

24-cü dərc

 

-Tərimi sil!

Cəllad həkim qanlı əlindəki şprisi kənara qoyub asissentinə tərəf çöndü. Asissent cəld bu məqsədlə kəsilərək bir neçə qat qatlanmış tibbi tənziflərdən birini pinsetlə götürüb ona yaxınlaşdı. Alnından üzünə axan tər damcılarını siləndən sonra tənzifi bir kənara atıb yerinə qayıtdı.

Hər ikisi həyəcanlı idi. Əməliyyata başlmazdan az sonra cihazlar hələ bir müddət də sağ qalması onlara lazım olan kişinin ürək döyüntüsünün çox zəiflədiyini göstərməyə başlamışdı. Əgər pasiyent lazım olan daxili orqanları çıxarılmazdan əvvəl ölərsə, artıq bu orqanlar heç nəyə yaramaz, onu sifarişçiyə vermək olmazdı. Bu halda isə sifariş tam yerinə yetirilməməklə aralarındakı müqavilənin şərtləri pozular, böyük cərimə ödəməli olardılar. Məhz məsələnin tibbi tərəfinə onlar cavabdehlik daşıdıqlarından bu cərimənin onların belinə vurulacağını gözəl başa düşürdülər. Üstəlik də, belə işlərdə çox vacib olan dırnaqarası reputasiyalarına xələl gələrdi. Qarşı tərəfin etibarını itirərlərsə, növbəti sifariş gəlməyə də bilərdi və günahkar birbaşa onlar olacaqdılar. Bu isə nə qədər itirilmiş pullar demək idi. Sivri burunlu bunu onlara bağışlamazdı.

Ancaq kifayət qədər həkimlik təcrübəsi olan cərrah bu vəziyyətdən çıxmağı bacarmış, xüsusi inyeksiyalarla nəbzin əvvəlki ritminə qayıtmasına nail ola bilmişdi.

Asissenti həyəcandan onun alnını basmış tər damcılarını sildikdən sonra yenidən skalpelini işə saldı. Nəzərdə tutulmayan on beş artıq dəqiqə itirmişdilər…

 

* * *

-Kamil müəllim çoxdan işləyir bu ərazidə?

-Hə, əmin ola bilərsiniz, ərazini beş barmağı kimi bilir. Həm də axı özü bu rayonun işıq idarəsində şöbə rəisi olub.

-Maraqlıdır, bəs niyə çıxarıblar?

-Çıxarmayıblar, öz xahişi ilə çıxıb.

-Belə də olur ki? -bayaqdan susan Layiqə də söhbətə qatıldı.

Dəmirlinin sözlərindən belə məlum oldu ki, Kamil müəllim həqiqətən də öz işini çox gözəl bilən, üstəlik də düzgün, prinsipial bir adamdır. Bu ərazinin işıq idarəsində rəhbər vəzifədə işləyəndə yüksək vəzifəli bir şəxsin bacısı oğlunu onun şöbəsinə işə düzəldirlər. Hər şey də bundan sonra başlayır. Bacıoğlunun nə işdən anlayışı olur, nə də ki, bir şey öyrənmək istəyir. Bu azmış kimi tez-tez də intizamı pozub işə gecikir və ya işdən yayınır. Həmişə özünə və işçilərinə qarşı tələbkar olmağa öyrəşmiş, belə şeyləri qəbul edə bilməyən Kamil müəllim bir müddət səbr edib danışmır. Hətta bacıoğlu rəhmətə getmiş yaxın qohumunun cümə axşamı mərasimində iştirak etmək üçün həftənin bazar ertəsi günü icazə istəyəndə də susub heç nə demir.

Kulminasiya nöqtəsi isə, bacıoğludan hesabatı nə vaxt verəcəyini soruşarkən onun -“Mən bu yaşadək heç kimə hesabat verməmişəm” -deməsi olur. Zavallının söhbətin rüblük hesabatdan getməsi barədə belə anlayışı yox imiş. Elə həmin gün Kamil müəllim işdən çıxması barədə ərizəsini yazaraq hər şeyə tüpürmüş, ona dəyər verən rəhbərliyin uzun-uzadı təkidlərindən sonra həmin idarədə qalıb sahə rəisi kimi işləməyə davam etmiş, bu ərazi ona təhkim olunmuşdu.

Dəmirlinin zəngindən on altı dəqiqə keçmişdi. İşıqları bayaq bizim gəldiyimiz yolda görünən taksi yoldakı çalaları birtəhər dəf edərək yanımızda dayandı.

Maşından düşən Kamil müəllim Dəmirli ilə görüşüb bizə başı ilə salam verdi.

-Nə olub Orxan, sizə nə köməyim dəyə bilər?

-Bunu sizə Bəxtiyar müəllim deyəcək.

Orxanın işarəsi ilə Bəxtiyarın məhz mən olduğumu başa düşən Kamil müəllim sual dolu baxışlarla mənə baxdı.

-Kamil müəllim, Orxanın sözlərindən belə məlum olur ki, bu ərazidə xeyli vaxtdır işləyirsiniz. Zəhmət olmasa deyin, dayandığımız yerdən təxminən beş yüz metr, bəlkə də daha böyük radiusda, ümumiyyətlə bu ərazidə işıq məsrəfi gah çox artan, gah da qəpik-quruşa enən bir mənzil, yaxud da obyekt tanıyırsınızmı?

Kamil müəllim cəmi bir neçə saniyə fikirləşdi.

-Bəli, belə bir ünvan var. Həyət evidir. Deyə bilmərəm ki, belə hal mütəmadi olaraq təkrarlanıb. Ancaq konkret ünvanda bu cür hal bir neçə dəfə müşahidə olunub. Dediyim ünvanda elə olub ki, aylarla işıq pulu bir-iki manatla, bəzən hətta qəpiklə ölçülüb, amma birdən də elə olub ki, bir ayda yüz əlli-iki yüz manat arasında dəyişib.

-Belə halı neçə dəfə müşahidə etmisiniz?

-Dəqiq xatırlamıram, iki dəfə olar. Bəlkə də üç. Yox, dəqiq xatırladım, belə hal üç dəfə olub həmin ünvanda. Mən rəhbərliyə bu barədə məlumat da vermişəm, ancaq dedilər ki, nə vaxt nə qədər elektrik cərəyanından istifadə etməsi abonentin şəxsi işidir, yetər ki, pulunu vaxtı-vaxtında ödəyir. Ödənişində isə doğrudan da heç vaxt gecikmə olmayıb.

-Bu hal hansı fəsillərdə baş verib?

-Dəqiq olmasa da, deyə bilərəm ki, əvvəl kiçik, təxminən bir ay, sonra isə üç-dörd ay fasilə ilə məsrəf artıb və yenə də köhnə vəziyyətinə qayıdıb. Deməli həm yaya, həm də qışa, bir sözlə istənilən fəsilə təsadüf edə bilərdi. Ancaq yenə də deyirəm, ödənişlərdə gecikmə olmadığından həmin abonentə hər hansı iradımız olmayıb.

-Əlbəttə olmayacaq, -dodaqaltı dedim. -Axmaq deyildilər ki, pulu ödəməyib diqqəti cəlb etsinlər.

-Bağışlayın, nə isə dediniz?

-Xeyr, Kamil müəllim, sizinlə deyildim. İndi isə mümkünsə, həmin evin yerini bizə göstərə bilərsinizmi?

-Ev çox yaxındadır. Baxın, bu yol gedib sağa dönür və sonra dalana dirənir. Dalanın sağ tərəfi bu arxanızdakı çöllükdür, solda isə evlər. Dalanın sonundan bu tərəfə olan ikinci həyət dediyim ünvandır. Bu tərəfdən isə üçüncü həyət düşür. Hündür hasarı, dəmir darvazası və alaqapısı var. Buradan ora təxminən yüz əlli metr məsafə olar.

-Ev sahibinin adını və ya soyadını xatırlamırsınız, təsadüfən?

-Məsələ bundadır ki, evin əvvəlki sahibi Ərəstun Şeydayev idi. Türkmənistandan idi əsli. Onunla tez-tez rastlaşırdım, hal-əhval tuturduq. Təxminən bir il, ya bir qədər çox müddət əvvəl isə bu evi satdı. İndiki sahibinin soyadı İmanovdur. Adını xatırlamıram.

Əlbəttə İsmiyev olmayacaqdı ki. Əgər ev təxminən bir il əvvəl İmanov soyadlı biri tərəfindən alınıbsa, ancaq onu heç kim görməyibsə, belə çıxır ki, bizim bu Babaxan hələ saxta sənədlər də düzəltdirib başqa soyadla bu evi alıb? Belədirsə, mən bu Babaxanı lazımınca dəyərləndirməmişəm.

-Bəs heç onunla rastlaşmısınızmı?

-Adətən aylıq bildirişi sayğacın qutusunun içərisinə qoyuruq. Abonentlər də oradan götürüb ödənişlərini edirlər. Amma bir dəfə görmüşəm. Bəstə boylu, kök bir kişidir.

-Daha sizin vaxtınızı almayaq, əziyyət verdik.

-Bu nə sözdür, dəyməz, -deyən Kamil müəllim sağollaşıb bayaq gəldiyi yolla piyada əsas yola tərəf uzaqlaşdı. Taksiyə verdiyi pulu isə, -Polisə kömək etmək borcumuzudr, -deyərək götürməkdən imtina etdi.

-Hə, Dəmirli. Həmin həyət və sahibi haqqında nə deyə bilərsən?

Məndən çox cavan olduğunu nəzərə alaraq, həm də sıxılmasın deyə, Orxana bayaqdan sən deyə müraciət edirdim.

-Həyətin sahibi Cövdət İmanov uzun müddətdir ki, ata-baba yurdu olan Şamaxıda yaşayır. Əslində mən onu heç vaxt görməmişəm. Bu məlumatı da sorgu əsasında Mərkəzi Məlumat Bazasından əldə etmişəm ki, ərazimdə evi olan birinin kim olduğunu bilim. Ancaq bir il əvvəl həmin həyətdə təmir işləri gedəndə bir neçə dəfə baş çəkdim. Yaxın dostu olan birinə həvalə etmişdi işləri. Onunla danışdım, dörd usta işləyirdi orada. Həyətdə hovuz da tikdilər.

-Dörd usta… Danışdığınız adam da bəstə boylu kök biri idi elədirmi?

-Bəli..

Dəmirli bundan artıq heç nə deyə bilmədi. Artıq gənc leytenant necə bir səhv buraxdığını başa düşməyə başlamışdı.

-Onun adını soruşmadınızmı?

-Xeyr, burada müvəqqəti biri olduğunu, təmir işləri bitəndən sonra çıxıb gedəcəyini nəzərə alıb çox sual vermədim. Həm də, Bəxtiyar müəllim, vallah mənə nə deyirsiniz deyin, o insan heç cinayətkara oxşamır axı. Olduqca gülərüz, mehriban bir adamdır. Sonralar da, həqiqətən çox az-az gəlib gedib. Fikirləşirdim ki, əmanət evə baş çəkməyə gəlir.

-Bununla belə, yaşayış olmayan evdə aybaay kommunal xidmətlərə görə ödənişlər həyata keçirilib. Özü də gecikmə olmadan. Bu barədə danışarıq. İndi vaxtımız yoxdur, Orxan. Tələsməliyik. Artıq həmin adamın axtardığımız Babaxan olduğuna heç bir şübhə qalmadı. Bütün əlamətlər uyğun gəlir. Vaxt itirmədən o evə girməliyik. Hamı məni dinləsin. İndi birlikdə dalana gedirik. Evin hasarı və darvazasının çox hündür olduğunu dedi Kamil müəllim. Orxan da bunu təsdiqləyir. Əlbəttə biz bu hasardan aşmağın bir yolunu tapa bilərik. Ancaq biz xüsusi təyinatlılar deyilik. Rastlaşdığımız cinayətkar dəstə olduqca təhlükəlidir və hasarın o biri tərəfində bizi nə gözlədiyini bilmədiyimiz üçün bunu etməyəcəyik. Ona görə də, evə çatmamış biz qaranlıqda gizlənirik, Layiqə isə qapını döyüb evin keçmiş sahibi olan Ərəstun Şeydayevi soruşur, onun qohumu olduğunu və Türkmənistandan gəldiyini deyir, təbii ki, guya evin satılmasndan xəbərsiz kimi. Babaxan hətta əlaqələri varsa belə, çətin ki, Ərəstun Şeydayevin bütün qohumlarını tanımış ola. Özü də Türkmənistanda yaşayan qohumlarını. İstənilən halda Ərəstunun artıq burada yaşamadığı cavabını alan Layiqə gediləcək yeri olmadığını bildirib israrla qapını açmağı tələb edir. Qapını döyənin qadın olduğunu, üstəlik də çıxıb getmədiyini görəndə çox güman ki, Babaxan, yaxud da həyətdə olan hər hansı dəstə üzvü, böyük ehtimalla heç nədən şübhələnmədən, həm də onun səs-küyünü kiminsə eşidəcəyindən ehtiyatlanaraq qapını açacaq ki, Ərəstunun çoxdan bu evi satdığını bir daha izah etməyə çalışsın. Bundan istifadə edən Layiqə bir bəhanə ilə özünü həyətə təpib oradakı vəziyyətə qiymət verəcək və əgər qapıya çıxan kimliyindən asılı olmadan həyətdə təkdirsə, sonra nə etmək lazım olduğunu özü bilir. Yox əgər tək deyilsə, onda heç olmasa harada gecələyə biləcəyini soruşub həmin adamı söhbətə tutur və yenidən küçə qapısına tərəf gətirir. Onda artıq biz qapının içəridən bağlanmasına imkan vermədən işə qarışırıq.

Qapını açandan sonra qarşısında dayanmış qısa ətəkli, gözəl bir qızı görən istənilən kişi sayıqlığı bir qədər də itirəcəkdi. Biz Nərminin saxlanıldığı konkret məkanın axtarışında idik. Bu məkanın həyət evi, binanın mənzili, yaxud imarət olacağını bilmirdim. Ancaq təyinatından asılı olmayaraq, istənilən məkanın giriş qapısı olur. Kişilərin girə bilmədiyi bir məkana qadınların çox asanlıqla qapıdan daxil olduqlarını sizə demişdim. Layiqəyə “gecə kəpənəyi” geyimində olmasını tapşıranda artıq belə bir ehtimalın yarana biləcəyini istisna etmirdim. “Gecə kəpənəyi” situasiyaya uyğun geyimin adı idi. Bu halda geyimin maksimum açıq-saçıq olması şərt idi. İndi bu təsdiq olunmuş həqiqəti bir daha əməldə yoxlayacaqdım və uğurlu olacağına inamım böyük idi. Çətin ki, Layiqə kimi gözəl bir qızın qarşısında hansısa qapı tab gətirəydi. Qoy lap qatı cinayətkarların gizləndikləri məkanın qapısı olsun. Ən azından, o cinayətkarlar da kişi cinsindən idilər. O ki, qaldı riskə, risk bizim işimizdə həmişə olub və olacaq. Təkcə konkret situasiyada faizi dəyişir.

Bu hal üçün lazım olan, uzaq yol gələn birinin əlində olması vacib sayılan yol çantasını da Orxan tezliklə tapıb gətirdi. Çantaya haradansa boş qutular da tapıb doldurmuşdu. Yol kənarına kiminsə tikinti üçün yığdığı kərpiclərdən birini də çantaya qoymasını tapşırdım Orxana. Kifayət qədər iri, ağzına qədər dolu olan çanta belə yüngül ola bilməzdi. İndi hər şey yerini aldı.

Evə girməyin ilkin planı hazır idi. Sonrası içəri girəndə məlum olacaqdı. Mən də, yanımdakı polis zabitləri də içəri keçəndən sonra ilk iki saniyədə vəziyyətə qiymət verib ona uyğun addım atacaqdıq. Bu məsələdə uşaqlara özüm qədər inanırdım. Polis əməkdaşlarına keçirilən xüsusi hazırlıq kurslarında heç kimə güzəşt olunmurdu. Əgər uşaqlar tabel silahı gəzdirmək hüququ ilə xidmətə buraxılmışdılarsa, deməli olduqca çətin olan kursu müsbət nəticələrlə başa vurmuşdular və istənilən ekstremal vəziyyətə hazır idilər.

Hər şeyi əvvəlcədən hesablamaq mümkün deyil. Ancaq Layiqə üçün yarana biləcək təhlükənin dərəcəsini də maksimum hesablamışdım. Əvvəla Türkmənistandan gəlib həqiqətən də bu evin sahibi olmuş qohumunu axtardığına görə bir xanıma heç kim güllə atmayacaqdı. Sonrası da ki, bu qız on üç il idmanın əlbəyaxa döyüş növü olan karate ilə məşğul olmuşdu. Üstəlik, qaz tapançası əl çantasında idi və təhlükə anında nə etmək lazım olduğunu gözəl bilirdi. Bayaq dediyim kimi, belə vəziyyətlər üçün xüsusi hazırlıq keçmiş silahlı üç nəfər də onu sığortalayacaqdı. Layiqədən arxayın idim.

-Rəşad, maşının qapılarını bağla, diqqəti cəlb etməməkçün piyada gedəcəyik. Son dərəcə ehtiyatlı olun. Mobil telefonlarınızın səsini alın.

Dalanın başlanğıcına qədər təxminən səksən metr məsafə olardı. Asta, səssiz addımlarla dalana tərəf istiqamətləndik. Yol çantasını hələlik Rəşad götürmüşdü. Heç kim danışmırdı. Təxminən qırx metrdən sonra yolun kənarında iki zibil qutusu, ondan bir qədər aralıda isə təyinatı bilinməyən, ucqar kəndlərdəki toyuq damına bənzəyən alçaq, üstünə paslı dəmir lövhələr vurulmuş bir tikili var idi. Tikili çox kiçik idi və cəmi bir pəncərəsi vardı. Ancaq nədənsə, tikilinin damından odun sobasının borusu çıxırdı. Görəsən bu kiçik daxma hansı məqsədlə qızdırılır?

Tikilidən sonra yolun kənarında sıra ilə beş minik avtomobili dayanmışdı. Maşınlar arxası dalana, üzü biz gəldiymiz istiqamətə durmuşdu. Yəqin həyətləri kiçik olan avtomobil sahibləri gecələr maşınlarını küçədə qoyurlar.

Yolun əks tərəfindəki evlərin hamısında işıqlar sönmüşdü. Təkcə bizdən xeyli irəlidə, dalandakı evlərdən sıraca birinci olanının küçə qapısının üstündə asılmış zəif elektrik lampası yanırdı ki, bu işıq elə o qapını işıqlandırmağa ancaq bəs edirdi. Görünür, buradakı sakinlər işığa qənaət etməyə üstünlük verirdilər. Yolun sağ tərəfi də boş çöllük olduğundan, hər yan qaranlığa qərq olmuşdu.

Zibilliyin yanından keçib daxmanın tuşuna çatdıq. Daxma ilə dayandığımız yolun arasında beş-altı metr məsafə olardı.

-Bu nə daxmadır, Orxan?

-Burada evi-eşiyi olmayan bir fağır kişi məskunlaşıb. Gündüzlər camaatın verdiyindən yeyir, gecələr isə onların maşınlarına baxır ki, bir ziyanlıq yetirən olmasın. Düzdür, bir az spirtli içkiyə meyillidir. Ancaq heç kəslə işi yoxdur deyə, mənim də yazığım gəlir, dəymirəm ona. Yəqin harasa çıxıb, yoxsa məni görən kimi yaxınlaşardı. Aha, elədir ki var, diqqətlə baxın, daxmanın qapısına da qıfıl asılıb.

“Evi-eşiyi olmayan, spirtli içkiyə meyilli kişi…Hmm…”

 -Yaxşı, gedək, -dedim, doğrudan da qaranlıqda diqqətlə baxanda daxmanın qapısında iri bir asma qıfılın olduğu görünürdü.

Orxan buralara bələd olduğu üçün irəlidə gedirdi. Ardınca Rəşad, sonra Layiqə addımlayırdı. Maşınlarla aramızda beş-altı addım olardı. Üç-dörd addım gedəndən sonra çönüb bir daha daxmaya baxdım. Daxmada heç bir həyat əlaməti müşahidə olunmurdu. İki addım da atdım. Nə isə məni narahat edirdi. Amma başa düşə bilmirdim nə. Hər halda nəsə düz gəlmirdi. Birinci maşına çatdıq. Yenə heç kim danışmırdı. Artıq uşaqlar birinci maşının yanından keçib sıradakı ikinci maşına çatmışdılar. Mənsə qəsdən bir qədər ləngidiyimdən hələ birinci maşının yanında idim. Birdən, zülmətə bürünmüş küçədə qarşımdakı maşının ön şüşəsinə zəif bir işıq düşüb yox oldu. Gecənin qaranlığında, bizdən başqa heç kəsin olmadığı küçədə bu işıq haradan düşə bilərdi? Cəld geriyə çevrilib daxmanın pəncərəsinə baxdım. Pəncərədə də işığa bənzər bir kölgə oynayıb tez də yoxa çıxdı. Orxanın sözləri yadıma düşdü, “yəqin harasa çıxıb, yoxsa məni görən kimi yaxınlaşardı…” Şübhə yox idi. Daxmada kimsə var idi və biz görməsək də, o bizi görür və bütün danışdıqlarımızı eşidirmiş. İşıq isə mobil telefon aparatının ekranından düşən işıq idi. Geciksəm hər şey məhv ola bilərdi. Sürətlə yerimdən sıçrayıb bir anda daxmaya qədər olan məsafəni qət etdim. Daxmaya çatanda qapısına elə bir təpik vurdum ki, qapı rəzəsi ilə bir yerdə qopub yerə düşdü. Cəld içəri atılıb oradakı adamın əlindəki telefon aparatını vurub yerə saldım. Adamın qolunu burub fəndə saldıqdan sonra tez yerdəki telefon aparatını götürüb baxdım. Özümü çatdıra bilmişdim. Nömrə ekrana çıxarılsa da, telefondan zəng getməmişdi.

Uşaqlar özlərini daxmanın qarşısına yetirmişdilər. Adamı qolunu burduğum vəziyyətdə bayıra çıxardım.

-Tanış ol, Orxan, bu sənin fağır dediyin, axtardığımız qızın oğurlanmasında bilavasitə Babaxana kömək edən şəxs, izinə düşdüyümüz cinayətkar dəstənin üzvüdür. Onu möhkəm saxla. Əməliyyat qrupunu çağır. Əl radiostansiyasından, xidməti maşının sayrışan işıqlarından qətiyyən istifadə olunmasın. Bu əbləhi onlara təhvil verəndən sonra ardımızca dalana gəl. Əməliyyat qrupu burada gözləsin. Duyuq salmamaqçün bizim ardımızca dalana səndən başqa heç kəs daxil olmasın. Gördüyün daxmadan taqqıltı səsləri gələrsə əhəmiyyət verməyin.

-Aydındır. Ancaq sonuncunu başa düşə bilmədim.

-Sonra bilərsən. İndi dediklərimi et, Orxan.

Mənim deməyimi gözləmədən Orxan hələ də qolunu burub saxladığım adamın üst-başını yoxladı, şalvarının kəmərinə taxdığı düyməli cib bıçağını götürüb öz cibinə qoydu, sonra bu üfunət iyi verən məxluqu məndən təhvil aldı və zəng etmək üçün telefonunu çıxardı.

Orxana təhvil verəndən sonra adama bir daha diqqətlə baxdım. Şübhə yox idi. Bu Nərmin oğurlanan gün uşaqların gördüyü, dilənçiyə oxşatdıqları həmin adam idi. Qədim Mumba-Yumba qəbiləsinin nümayəndəsinə oxşayan bu adamın üst-başındakı çirkdən onun paltarının əsil rəngi bilinmir, qalın qaşlarının altından olduqca bic baxışları olan gözləri mənə baxırdı. 

Yaxşı ki, bu əclaf zəng etməyə imkan tapmamışdı. Onun hər-hansı şübhəli hal barədə məlumat verməsi məqsədi ilə cinayətkar dəstə tərəfindən bura qoyulduğu aydın idi. Onu sorğulamağa da ehtiyac yox idi. Ya heç nə deməyəcəkdi, ya da ki, yanlış bir məlumat verib onsuz da dəqiqələrlə ölçülən vaxtımızı alacaqdı. Daxmadan çıxardıqdan sonra onu diqqətlə süzmüş, qaranlıq olsa da, sağ əlinin orta barmağındakı, residivistlərin döydürdüyü döyməni görmüşdüm. Döymə, “dəfələrlə həbsxana həyatı yaşamış biri” mənası verirdi. Ona sual verərdimsə, yoldaşlarına vaxt qazandırmaq üçün ya min nağıl danışacaq, ya da ki, susmaqla məni təbdən çıxarmaq istəyəcəkdi ki, bu xoşbəxtliyi ona yaşatmadım. Onsuz da, hər şey aydın idi. Cinayətkarlar yerini müəyyən etdiyimiz evdə idilər. İndi çevik tərpənib qan tökülmədən onları götürmək, əgər hələ sağdırsa Nərmini xilas etmək lazım idi. Onu sorğu-sual etməyəsə, polis əməkdaşlarının çox vaxtı olacaqdı.

-Bir dəqiqə gözləyin, -deyib yenidən daxmaya girdim. Qaranlıq daxmanı cəld nəzərdən keçirib yenidən çölə çıxdım.

-Daha gedək, tələsin uşaqlar, -deyib Rəşad və Layiqə ilə dalana tərəf addımladım. İndi bir nəfər də azalmışdıq.

Səs salmadan, sakit addımlarla, divara qısıla-qısıla dalana girdik. Sağ tərəfi böyürtkən kollarından yaranmış çəpərin ayırdığı çöllük, sol tərəfi isə evlər olan dalanda qapısı üzərində zəif işıq yanan birinci evə çatdıq. Ev zəngin olmasa da, kasıb ev təsiri də bağışlamırdı. Zəif də olsa, işıq zolağına düşməmək üçün yolun sağ tərəfini tutmuşduq. Son dərəcə ehtiyatlı olmalıydıq. Dalanda da kimsə ola bilərdi. Birdən, evin qapısı üzərində əl ilə çəkilmiş kiçik ölçülü bir şəkil diqqətimi çəkdi. Uzaqdan bunun nə olduğu anlaşılmadığından Rəşadla Layiqəyə gözləməyi tapşırıb qayıtdım və işıq düşməyən tərəfdən, divarın dibi ilə qapıya yaxınlaşdım. Qapıdakı şəkil, düzbucaqlı üçbucaq şəkli idi. Üçbucağın tərəflərinin uzunluğu iki santimetrdən çox olmazdı. Şəkil qapının dəstəyindən bir qədər sağ tərəfdə idi və ilk baxışdan hansısa dəcəl uşağın çəkdiyi bir şəkil təəssüratı bağışlayırdı. Bəli, əclaflar hər şeyi nəzərə alıblar…

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(31.05.2023)

 

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.

 

 

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs edəcəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:

- Hamı bilir ki, profilaktikaya terapiyadan çox diqqət yetirilməlidir. Amma az adam profilaktikaya üz tutur.

 - Biz tarix kitabına düşən şəxsiyyətlərin adlarını yalnız nailiyyətləri tarixçilərin diqqətindən kənarda qalan şəxslərin hesabına fəxrlə çəkə bilirik.

 - Əgər siz öz dostunuzun temperamenti, əxlaq prinsipləri və tərbiyəsi barədə təsəvvürünüzün yaranmasını istəyirsinizsə, onu mütləq gündəlik həyatın çəhrayı işığında deyil, istisna vəziyyətlərdə görməlisiniz.

 - Bir əhvalatı təkzib etmək üçün başqa əhvalat lazımdır.

 - İnsan şüuru üç problemdən əziyyət çəkir ki, mən bunları qaranlıq triadası adlandırıram:

a) İnsanlar dünyada baş verən hər bir şeydən agah olduqlarını düşünürlər, hadisələrin onlar duyduqlarından daha mürəkkəb olduğunu anlamırlar;

b) Baş verən hadisələr yalnız keçmiş zamanda qalanda onlara qiymət verilə bilər kimi retrospektiv yanlışlığa yol verirlər;

c) Alimlərin zərərli təlimlərinə əsaslanıb hər hansı faktın əhəmiyyətini şişirdirlər.

 

 “Ədəbiyyat və incəsənət”

(31.05.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.