Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri beynəlxalq çempionatda uğurla çıxış ediblər
Milli Kulinariya Mərkəzindən gedəndən sonra ölkənin tanınmış kulinarı Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Assosiasiyası yaradaraq mətbəximizin təbliği işini davam etdirir. Və budur, assosiaaiyanın üzvlərindən ibarət milli kulinariya komandamız Tatarıstanda keçirilən Dünya Halal Çempionatında uğurla çıxış edib. Çempionatda iştirak edən 15 komanda öz milli mətbəxlərini nümayiş etdirib. Çempionat çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Azərbaycan-Qarabağ Milli Mətbəx Günləri təşkil olunub. Milli mətbəx günlərinə görə Azərbaycan Milli Kulinariya Komandası qızıl medallarla mükafatlandırılıb (7 komanda üzvü – 7 qızıl medal).
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ötən gün Bakıda çempionatın yekunlarına dair mətbuat konfransında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.
Sözçü bildirib ki, çempionatda kulinarlarımız Azərbaycan mətbəxindən müxtəlif xörəklər, salatlar və şirniyyatlar hazırlayaraq təqdim ediblər. Həmçinin Milli Mətbəx günlərində canlı milli musiqi və rəqslər ifa olunub. Eyni zamanda milli geyimlərimiz nümayış edilib.
Tahir Əmiraslanov deyib ki, tədbirdə iştirak edənlərə “Qarabağ mətbəx inciləri” kitabı hədiyyə olunub:
“Xüsusən vurğulamaq istərdim ki, ölkəmiz tədbirdə həm WICS prezidenti kimi, həm beynəlxalq münsiflərin sədri qismində, həm də təşkilatçı kimi təmsil olunub. Çempionatda Kazan şəhərinin komandası birinci kubok və qızıl medal, Azərbaycan isə ikinci kubok və gümüş medal qazanıb. Milli komandamızın kapitanı əfsanəvi usta aşpaz Ziya Şahbazov idi. Komanda üzrə və fərdi yarışlardan komandamız 13 qızıl, 12 gümüş və 1 bürünc medal qazanıb”.
Tədbirdə çıxış edən digər natiqlər çempionatın milli mətbəximizin tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda Beynəlxalq Halal Çempionatında iştirak etmiş kulinarlarımıza diplomlar təqdim olunub.
Tahir Əmiraslanovun çıxışından seçmələr növbəti buraxılışlarda diqqətinizə çatdırılacaq.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)