Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür Featured

Milli Xalça Muzeyində bu günə həsr olunmuş festival keçiriləcək

 

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Həmin gün azyaşlı uşaqlara hədiyyələr, yeni libaslar alınır, onları gəzməyə, əyləncə yerlərinə aparırlar. Mövzuya keçməzdən əvvəl əməkdaşımız Kənan valideyinlərə xatırlatma edir ki, böyük uşaqlar da gərək bu gün diqqətdən kənarda qalmasın. Onların hədiyyəyə ehtiyacları olmaya bilər, amma ildə bir dəfə bu bayram günündə onlarla səmimi danışmağa, onları dərk etməyə çalışsanız əla olar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əlamətdar gün münasibətilə Azərbaycan Milli Xalça Muzeyi uşaqlara gözəl bir hədiyyə hazırlayıb. Belə ki, muzeyin uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada həmçinin muzeyin Uşaq Birliyi və Uşaq Musiqili Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq. 

Tədbirdə Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində “Geyim dizaynı” ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi də nümayiş olunacaq.

Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatacaq.

Maraqlı, rəngarəng proqramı olan festivalda müxtəlif ustad dərsləri, diskoteka təşkil olunacaq, həmçinin uşaqlara çəmənlikdə piknik edərək proqramı izləmək imkanı yaradılacaq.

Daha bundan başqa nə istəyirsiniz? İndi qalır sadəcə valideyinlərin işaqları festivala aparmaları!

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.