İki gündə 20-dən artıq tədbir! - Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür Featured

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Biz buna inanırıq. 

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.

...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.