Tahir Mirkişili: “2022-ci ilin dövlət büdcəsinin icrası uğurla həyata keçirilib”

“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini diqqətinizə çatdırır. 

 

2021-ci ildə davam edən qlobal iqtisadi bərpa prosesi 2022-də yavaşlama meyilləri ilə müşahidə olunub. Beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada qlobal artım 3,2 faiz qeydə alınıb. 2021-də isə bu göstərici 5,9 faiz olub. Geosiyasi gərginlik və hərbi münaqişələr qiymət artımına, enerji və ərzaq təhlükəsizliyi problemlərinin qabarmasına səbəb olub. Artan inflyasiya dünyanın bütün ölkələrində əhalinin sosial vəziyyətini ağırlaşdırıb, real gəlirlərin xərcləri qarşılamasında çətinliklər yaradıb. İnflyasiyanın cilovlanması üçün faiz dərəcələrinin artırılması müsbət nəticələr versə də, dünyada iqtisadi fəallığı zəiflədib. Qlobal çətinliklər Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib, lakin ötən il makroiqtisadi sabitliyi qoruyub saxlamaq mümkün oldu. 

 

Tarixdə ilk dəfə olaraq ölkəmizdə ÜDM 100 milyard manatı keçərək 133,8 milyard manat təşkil etdi, illik 4,6 faiz artım nümayiş olundu. 2022-ci ildə Azərbaycan üzərindən keçən tranzit daşımaların həcmi və təbii qazın hasilatı ilə ixracı artdı, yaşıl enerji ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə başlanıldı. Həmçinin yuxarı neft qiymətləri də iqtisadi gəlirlərin artmasına müsbət təsir edib. Bu cür iqtisadi mühit fonunda 2022-ci ilin dövlət büdcəsinin icrası uğurla həyata keçirilib. Dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481,8 milyon manat artıq olmaqla 30 milyard 679,6 milyon manat təşkil edib. Büdcə gəlirlərində artıma səbəb əsasən Dövlət Vergi Xidmətinin xətti ilə təmin olunan vergilərin proqnozdan 3,8 milyard manat çox, Dövlət Gömrük Komitəsi xətti ilə təmin olunan gəlirlərin isə 1 milyard 49,6 milyon manat çox olmasıdır. Qeyri-neft sektorundan daxilolmaların artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləğinin 3,6 milyard manat azaldılmasına imkan yaradıb. 

Dövlət büdcəsinin xərcləri son 10 ildə ilk dəfə olaraq 99,3 faiz icra olunaraq 32 milyard 64,6 milyon manat təşkil edib. Xərclərin 36,1 faizi və ya 11,5 milyard manatı sosial xərclərə sərf olunub. Son ildə bu xərclərin həcmi 4,4 milyard manat artırılıb. Müdafiə və təhlükəsizlik xərcləri 5,6 milyard manat olmaqla xərclərin 17,5 faizini təşkil edib. 2022-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 4,3 milyard manat, sahibkarlara dəstək mexanizmləri çərçivəsində isə 146 milyon manat vəsait xərclənilib. Vətən müharibəsində zərər çəkmiş binaların bərpasına büdcədən 14 milyon manat vəsait sərf olunub. 

Görülən tədbirlər nəticəsində xarici dövlət borcunun həcmi 700 milyon dollar azalıb və ÜDM-in 8,5 faizini təşkil edib. Dövlət büdcəsinin kəsiri proqnozlaşdırılan 3,1 milyard əvəzinə 1 milyard 385 milyon olub. 2022-ci ildə əhalinin nominal gəlirləri 20,5 faiz artıb. Orta illik inflyasiya isə 13,9 faiz qeydə alınıb. İnflyasiya 2022-ci ildə bütün dünyada əsas narahatverici iqtisadi amil kimi yadda qalıb. İnflyasiya ilə mübarizə hökumətin prioritetlərindən biri olub. Bütün bu göstəricilər 2022-ci ilin dövlət büdcəsinin dövlət qarşısında duran hədəflərə nail olunmaqda mühüm maliyyə dəstəyini təmin etdiyini göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.