BU GÜN XALQ YAZIÇISI ELMİRA AXUNDOVANIN 70 YAŞI TAMAM OLUR
Bu gün Xalq Yazıçısı, ədəbiyyat tariximizə Heydər Əliyev barədə ən yaxşı sənədli prozanı bəxş etmiş Elmira Axundovanın doğum günüdür. Ötən gün ölkə prezidentinin sərəncamı ilə Elmira xanım 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Elmira Hüseyn qızı Axundova 1953-cü ilin 26 mayında Rusiyada, Moskvaaltı Ramensk rayonunda anadan olub. 2018-ci ildə Xalq Yazıçısı adını alıb, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünasdır, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədidir. Milli Məclisin 2005, 2010 və 2015-ci illərdə deputatı olub, 2020-23-cü illərdə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyıb.
Bir neçə gün öncə Azərbaycan Prezidentinin sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıldı. Bu, təbii ki, Ukraynada davam edən Rusiyanın işğalçı müharibəsi səbəbindən idi, təbii ki, müharibənin od-alovu içində həssas qəlbli, zərif qadın hansısa missiyanı yerinə yetirməsi absurd olardı.
Portalımız bu gün Elmira xanımdan bundan sonra hansı vəzifə, imtiyaz gözlədiyi barədə bilgi alıb. Elmira xanım söyləyib: “Mən heç bir post, inanın səmimiyyətə, istəmirəm. Yaman yorulmuşam. Sadəcə yaşamaq istəyirəm - səyahət etmək, gözəl kitab oxumaq, gözəl filmlərə baxmaq istəyirəm. Post isə istəmirəm, daha bəsdir!”
Elmira Axundovanın ədəbiyyatımız tarixindəki yerini, ədəbi xarakterini açan bu xarakteristikaya nəzər yetirək:
“Bir insan, yazıçı öncə özü yazdıqlarına bütün varlığı ilə inanmasa, oxucuları da inandıra bilməz. Amma o inandırır, çünki inandığı şeylərdən yazır, gənc yazıçı Kəramətdən də yazanda, Azərbaycan tarixinin gəlib getmiş ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyevdən də yazanda bunu eyni sevgi, eyni səmimiyyətlə edir. Tarixdə, antik dövrdən başlayaraq bu günə kimi hökmdarlar barədə yüzlərlə, bəlkə də minlərlə əsərlər yazılıb, amma yalnız bunu bədii şəkildə gələcək nəsillərə çatdıra bilən yazıçılar çıxıb zamanın sınağından. Deyərdim ki, Herodotun, Ktesiyin, Strabonun, Plutarxın, Rəşidəddinin və bu qəbildən olan çoxsaylı yazıçıların yazdıqları faktoloji xronikalar deyil, bədii sənət nümunələridir, yəni ədəbiyyatın bir janrıdır. Ya götürək Firdovsinin “Şahnamə”sini, Nizaminin “Xəmsə”sini, bunlar da bir növ qədim hökmdarlar, Keyxosrov, İskəndər, Xosrov Pərviz, Bəhran Gur və başqaları barədə bioqrafiq romanlardır. Hər yazıçı yaradıcılığında öz üslubuna uyğun olaraq bir janr seçir. Akademik İsa Həbibbəyli Elmira Axundovanın yazdığı kitabların janrını sənədli-bioqrafiq-roman-tədqiqat kimi xarakterizə edir. Mən bilən, əvvəllər bizdə belə bir janrda yazanlar olmayıb, yəni Elmira xanım bu janrın pioneridir. Əlbəttə janra ad qoymaq ədəbiyyatşünasların işidir, mənim anlamımda isə yazıçı yazısına başlayanda heç zaman janr barədə düşünməz, janrı yazıçının üslubu və ortaya qoyduğu mətn müəyyən edir. Forma baxımından mən Elmira xanımın “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyasını Çingiz xan xanədanının bioqrafı, daha dəqiq desək səlnaməçisi, bu janrın dünya tarixində ən böyük nümamayəndələrindən olan Fəzlullah Rəşidəddinin “Cəmi ət təvarix” əsəri ilə müqayisə edərdim. Təbrizdə, Elxanilər sarayında yazıb yaratmış Rəşidəddinin əsərini də, İsa müəllimin təbirincə decək “sənətli-bioqrafiq-roman-tədqiqat” adlandırmaq olar, çünki Rəşidəddin öz ölməz əsərində Çingizxanın bioqrafiyası fonunda bütöv bir dönəmin, bütöv bir epoxanın tarixini bədii bir şəkildə ortaya qoyub. Heç bilmirəm nəyə körə Rəşidəddinlə eyni dövrdə, eyni xanədana xidmət eləmiş Nəsirəddin Tusi Azərbaycanda geniş təbliğ olunur, Rəşidəddinə isə ögey bir münasibət var. Hər halda Rəşidəddinin Azərbaycana aidiyyatı Nəsirəddin Tusininkindən heç də az deyil. Amma maraqlıdır ki, Rəşidəddinin ortaya qoyduğu üslub yüz illər keçəndən sonra azərbaycanlı yazıçı Elmira Axundovanın yaradıcılığıda yenidən təcəlla elədi. Nə bilim, bəlkə də burada mənəvi varislikdən başqa bir genetik varislik də var. Hər halda Elmira xanımın əcdadlarının yaşadığı Masallı Təbrizdən o qədər də uzaqda deyil. Nə bilim vallah, hər şeyin doğrusunu bilən yalnız Allahdır. Amma Elmira Axundova da eynən Fəzlullah Rəşidəddin kimi, Heydər Əliyev şəxsiyyətinin fonunda Onun yaşadığı böyük bir dönəmin, böyük bir epoxanın səlnaməsini yaradır.
Hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman”
epopeyası ortaya çıxmamışdan öncə, 2003- cü ildə onun “Həqiqət anı” kitabı çıxmışdı. Elmira xanım Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlayıb. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən olub. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Sonradan Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən bu analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı bu kitabında toplandı. Bu kitab haqqında rəy bildirən insanların əksəriyyəti buradakı materialların obyektivliyini və səmimiyyətini xüsusi vurğuladılar.
Kitaba ön söz yazmış Vaqif Səmədoğlu da onun yaradıcılığının bu aspektini xüsusi qeyd edir və bildirir ki: “Həqiqər anı” kitabının əsas qəhrəmanı şübbhəsis ki, Epoxadır”. Elmira Axundovanı Azərbaycan publisistikasının ən nüfuzlu, ən istedadlı nümayəndələrindən biri olduğunu xüsusi qeyd edən böyük Ustad, fransızlar demiş, metr Vaqif Səmədoğlu, onun “Həqiqət anı”nda toplanmış, prezident Heydər Əliyevin fəaliyyətini əks etdirən və Azərbaycan və Rusiyada dərc edilən yazılarını yalançı pafosdan, yaltaq ibarələrdən uzaq əsərlər kimi dəyərləndirir. Vaqif Səmədoğluna yaxşı bələd olanlar bilirlər ki, o, həyatı boyu heç kim barədə yalançı bir cümlə də yazmayıb, çünki istedadlı yazı barədə onun öz baxış bucağı vardı. Böyük Ustad mənim “Torqovu peyzajı” kitabıma da ön söz yazıb və bu aspektdən baxanda Elmira xanımla aramızda bir doğmalıqda var – hər ikimiz Vaqif Səmədoğlunun barəsində söz yazdığı nadir adamlardanıq və mən yəqin bilirəm ki, Vaqif Səmədoğlu Elmira xanımın yazılarındakı sevginini və səmimiliyi görməsəydi, duymasaydı onlar barədə söz deməzdi. Amma Elmira Axundova sevgi və səmimiyyətini mətnə hopdurmağı bacaran yaradıcılardandır. Bu sevgi və səmimiyyət sonradan çoxcildlik bir epopeya ortaya çıxardı və cəmiyyət də bu əsərləri sevdi, çünki kiminsə sevgisini qazanmaqüçün öncə gərək özün sevməyi bacarasan. Əlbəttə, Heydər Əliyev kimi qlobal bir şəxsiyyət barədə sənədli-bioqrafiq-roman-tədqiqat əsəri yazmaq üçün yalnız sevgi və səmimiyyət yetərli olmaz, bu iş həm də böyük istedad, ustalıq və zəhmət tələb edir. Bu prosesdə gərək yüzlərlə arxiv materialları ilə işləyəsən, müxtəlif ölkələrdə Heydər Əliyevi tanıyan saysız hesabsız insanla görüşəsən, sonra toplanan materialları saf-çarük edəsən və bundan sonra yazmağa başlayasan. Bütün bunlar böyük zəhmət, ustalıq və istedad tələb edir. Zənnimcə, Elmira xanım bu işin öhdəsindən ləyaqətlə gəlib. Tanınmış yazıçı Natiq Rəsulzadənin qeyd etdiyi kimi,
“Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zəngin olmayan bir dənə də olsun məqam, bir dənə də “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri mümkündür, dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestseller, bütün dövrlərin ən yaxşı bestselleri kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır”.
Sözün düzü, cəsarətlə demək olar ki, Elmira xanım yalnız dövlət başçılarımızın bioqrafı deyil, deyərdim ki, müstəqil Azərbaycan dövlətçiliyinin hələ ki, ilk səlnaməçisidir. Onun son kitablarından olan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..."də etiraf etdiyinə görə, bu səlnamələri yaratmaq istəyinin kökü məhz mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı olsun.
Zaman göstərdi ki, Elmira Axundova Onun arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaqla yalnız həmin vaxta qədər yazılanları, arxiv materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbətlər elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət olacaq altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını ortaya qoydu. Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminliklə demək olar ki, onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək”. Sitat Elxan Zal Qaraxandan götürülüb.
Gəlin sidqi ürəkdən Elmira xanımı yubileyi münasibətilə təbrik edək, ona daim zirvədə qalmağı arzulayaq.
Yüz yaşasın!
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)