Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu mayın 26-da Xaçmaz şəhərində gerçəkləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda, həmçinin mədəniyyət nazirinin müavini Səadət Yusifova, aparat rəhbəri Xanlar Ağalarov və struktur bölmələrin rəhbərləri də iştirak ediblər.
Xaçmaz Şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda əsasən Xaçmaz, Quba və Qusar rayonlarından, eləcə də digər bölgələrdən sakinlər iştirak ediblər.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbər və nümayəndələrinin də iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Həmçinin yerlərdə mədəni fəaliyyətlə bağlı təkliflər səsləndirilib.
Sakinləri ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
“Ədəbiyyat və incəsənət”
(26.05.2023)