105 yaşın mübarək, Respublikam! Featured

Təbii ki, günün baş mövzusu Respublika günümüzdür. 105 il öncə Rus və fars imperialistlərinin ikiyə parçalayıb sahibləndikləri Azərbaycanımızın şimal hissəsində Məhəmməd Əmin Rəsulzadə başda olmaqla vətən təəssübkeşləri bir müstəqil dövlət qurdular. Bugünkü dövlətimiz bax o qurucu babalarımızın dövlətinin hüquqi varisidir.

“Ədəbiyyat və incəsənət” portalının daimi  yazarı Elman Eldaroğlunun növbəti doğum günü təbriki Azərbaycan Xalq Cumhuriyyətinin 105 illiyinədir. 

 

 

Sənin necə şipşirin, nə qədər dopdoğma olduğunu Səndən uzaqda- günbatanda yaşayanda daha dərindən hiss etdim. Axı babalarım yüz illər boyu qoynunda qərar tutub, ömür sürüblər. Aclıq, fəlakət, müharibə, hətta xəyanətlə üzləşsələr də, heç biri Səni tərk edib, rahatlığı yad ölkələrdə axtarmayıblar. Haraya getsələr, harada olsalar belə sonda yenə də sənə dönüblər, Vətən!.. 

Demirəm ki, Səndən gözəli yoxdur, dünyanın ən gözəl ölkəsisən. Əsla! Hər kəsə özününkü  şirindir, sən də mənim şirinimsən, Sən mənim üçün bütün gözəllərdən də gözəlsən...

Yüz illərlə yadelli xəqanların oylaq yeri olmusan. Səni yeniltməyə çox sərkərdələr səy göstərib, baş sındırıblar. Səni əziblər, Səni məhv etməyə çalışıblar, amma hər zaman yaşamısan…

Nəhayət 1918-ci ildə Məmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıb, respublika səviyyəsinədək yüksəldə biliblər. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası!..

Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına müxtəlif ögey sözlər əlavə olunsa da, Respublika olaraq yüz beş ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə belə Sən olmusan, mövcudsan, varsan...

Azərbaycan! Mənim doğma məmləkətim! Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim ölkə! Yaxşı bilirəm, Səni unutmaq, danmaq mümkün deyil…

Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin rəngarəng bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə qürurluyam, necə şadam...

105 yaşın mübarək, Respublikam! 

“Yaşa, yaşa, çox yaşa Azərbaycan!”

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.