Super User
“Bir şair, bir şeir”də Nail Zeyniyev və “Bahar demişəm”
Nail Zeyniyev, “Ədəbiyyat və İncəsənət”
Bu gün yenidən görüşümüzün ünvanı dəyişir və biz, “Bir şair, bir şeir” rubrikasında görüşürük. “Mən bahar demişəm səni tanıyandan bəri hər şeyin adına” misraları ilə başlayan bir şeirlə qarşınızdayam. Bahar nədir? Hərarət, işıq, sevgi, ülfət, yüksək əhval-ruhiyyə... Siz də yaxşı bildiyiniz hər şeyə “bahar” deməyə cəsarət duyursunuzmu?
Mən bahar demişəm
səni tanıyandan bəri hər şeyin adına,
Bahar demişəm Bakının dörd fəslinə, sahilin inadına.
İçərişəhərin o lal, qaranlıq küçələrinə,
Durnaların gəlişinə, qaranquşların gedişinə,
Bələkdəki körpənin ilk gülüşünə –
Bahar demişəm.
Yarpaqların payızda titrəyərək solmağına da,
Arabir sənsizlikdən gözlərimin dolmağına da...
Mən heç qorxmamışam, çəkinməmişəm
Sənin qanlı bıçaqla köksümü yarmağına da,
Vallah, ona da bahar demişəm.
Sevmişəm, misralara sığınmışam,
Yaralanmışam,
Qaralanmışam...
Aralanmışam özümdən, həm də sözümdən,
Ruhumun paramparça olmasına da bahar demişəm.
İndi martın ayazı qapımı döyəndə belə,
Adını pıçıldayıram şaxtalı küləklərə.
Sən mənim ən doğma məğlubiyyətim,
Ən şirin ağrımsan.
Səninlə gələn hər fırtınaya, hər tufana,
Ömrümü beləcə talan eləməyinə
Bahar demişəm mən...
Çünki səndən gələn hər kədərdə bir həyat var idi;
Sən varsan deyə,
Hətta ölümün özünə belə...
Bahar demişəm.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Azərbaycan balet sənətində ilk addım- Qəmər Almaszadə
Aygün Bayramlı, “Ədəbiyyat və İncəsənət”
Hələ 1930-cu illərdə Şərq məkanında bir qızın baletlə məşğul olması imkansız görünsə də, bu dövrdə bütün sərhədləri aşaraq balet sənətinin izi ilə getməkdə iddialı olan bir qızcığaz var idi. Bu cəsarətli arzu ailəsinin və cəmiyyətin kəskin münasibətini bilsə də, getdikcə daha da böyüyürdü. Axı sənət sevgisi həyatda heç nə ilə müqayisə oluna bilmir. Balet geyimi, səhnə, sərbəstlik bu qədər rədd olunduğu, pisləndiyi bir zamanda bütün bunlara məhəl qoymadan yalnız sənətin izinə düşən və Azərbaycan mədəniyyət tarixində ilk qadın balerina kimi tanınan Qəmər Almaszadə yetişdi.
Məlumdur ki, o dövrdə hələ balet məktəbi yox idi, yalnız balet studiyası fəaliyyət göstərirdi. Balaca Qəmər evdən xərclik üçün aldığı pulları toplayaraq bu studiyada dərs almağa sərf edirdi. Burada olan müəllimlər bu istedadlı qızın yüksək qabiliyyətini görərək onun dərslərə davam etməsi üçün şərait yaradırlar. Beləcə, balet sənətinə gedən yol məhz buradan başlanır.
Əlbəttə ki, Qəmər xanım təhsilini davam etdirmək üçün sonralar ardıcıl şəkildə bu sənətin dərinliklərinə qədər öyrənir. Moskva məktəbi Qəmər xanım üçün klassik Avropa balet texnikasını Azərbaycana gətirmək baxımından əvəzsiz başlanğıc olur. Beləliklə, dünya məktəbinin istiqamətləri yerli ənənə ilə vəhdət təşkil edir.
Bununla da Qəmər xanım təkcə ifaçı kimi deyil, həm də Azərbaycanda Xoreoqrafiya məktəbinin qurucularından birinə çevrilir. Məhz bu günkü Xoreoqrafiya məktəbi Qəmər Almaszadənin mirasıdır. Bəlkə də o bilirdi ki, bir gün studiyada başlayan sənət yolu, özünün təməlini qoyduğu balet məktəbində davam edəcək.
Prima balerina dövrünün ən məşhur balet tamaşalarında əsas rolların ifaçısı olmuş və bu tamaşalarda öz peşəkar ifası, texnikası ilə bənzərsiz iz qoymuşdur. Lakin səhnə təkcə istedadla kifayətlənmir. O, eyni zamanda ciddi intizam, məsuliyyət, səbr və əzm tələb edir. Bu zərif sənətin sərt, ağrılı tərəfləri də var axı. Buna baxmayaraq, o, bütün çətinliklərin öhdəsindən məharətlə gəlir.
Qəmər xanım təkcə rəqs etmədi, həm də gələcək addımlara yol açdı. O, tarixdə mübariz Azərbaycan qadınının portretini yaratdı. Zərif görünüşü, lakin polad iradəsi ilə ilklərdən oldu. Qəmər xanım sənət fədaisi kimi bu sənətin təməl daşına çevrildi. Elə buna görə də tarix onu unutmadı.
Həqiqətən də həyat belədir – bəzən bilmədiyimiz bir yerdən işıq doğur. O işıq özü parlamaqla yanaşı, ətrafını da nura boyayır. Qəmər xanım həmin işıq idi. Bəzən bir insan yaranır və varlığı, əməyi, sevgisi, cəsarəti ilə olduğu məkanın istiqamətini dəyişir, taleyini yazır. Qəmər xanım da bütöv bir balet tarixinin istiqamətini dəyişdi, taleyini uğurla yazdı.
Bu gün yenə pərdələr açılır, pərdələr bağlanır, Qəmər Almaszadə adı heç zaman səhnədən enmir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Məsumiyyət Muzeyi
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən insan sevdiyini deyil, onunla yaşadığı ilk titrəyişi qoruyur. Sonra həmin titrəyişə əsir olur.
Hər siqaret kötüyünü sanki bir xatirə deyil, bir sübut kimi saxlayırdı. Bu an həqiqətən yaşandı, demək üçün. Çünki qorxurdu. Əgər sübutlar olmazsa, hiss də yox olacaqdı. O, bu hissi itirmək istəmirdi. Qadını yox… Hissi.
Sevgi iki insan arasında başlayan, zamanla bir-birinə bağlanaraq kök salan bir duyğudur. Amma bəzən insan qarşısındakı insana yox, onun özündə yaratdığı duyğuya aşiq olur. Kemalın Füsuna qarşı hiss etdiyi titrəyiş də belə başlamışdı. Hər ikisinin sevgi adlandırdığı bu duyğu zamanla başqa şeyə dönüşdü. Sevgi kimi görünən bir bağlılığa. İlk başda unudulmaz bir xoşbəxtlik kimi görünən hər şey zamanla acı gerçəkləri göstərən çıxılmaz yola dönüşdü. Artıq sevgi içində acını da bəsləyirdi. Bu sevgi gerçəklər qarşısında aciz qalmışdı. Hər ikisinin fərqli təbəqəyə mənsub olması, itirmək qorxusunun gətirdiyi yalanlar, baş qaldıran qısqanclıqlar bu sevgini parçalamış, göz yaşına, inada, hirsə çevirmişdi.
Kemalın sevgisi artıq obsesə çevrilmişdi. O, Füsunla yaşadıqlarını keçmişə həbs edərək orada qalmağı seçdi. İndini itirdi. Füsuna sahib çıxmaq əvəzinə onun toxunduğu əşyalara tutundu və bu hissin yox olmasını istəmədiyi üçün bir muzey yaratdı. Zaman keçdikcə Füsun dəyişsə də, Kemal bunu görmədi. Görmək istəmədi. Çünki o, Füsunu heç vaxt real insan kimi görməmişdi. Onun üçün önəmli olan sadəcə o xatirəni, duyğunu qoruyub saxlamaq idi. Qarşısındakının arzuları, duyğuları onun üçün heç zaman maraqlı olmadı. Füsunun arzuladığı isə sevilməklə yanaşı, azad olmaq idi. Kemal isə buna əngəl oldu. Bunu sonda başa düşən Füsun, kimsənin ona sahib çıxmayacağını bildiyi üçün ölümü seçdi.
Bu sevgi iki nəfərlik deyildi. Onun içində valideynlərin yarımçıq qalmış həyatları, arzuları da vardı.
Filmin sonunda səslənən bu cümlə isə hər şeyi alt-üst edir: “Hər kəs bilsin, çox xoşbəxt bir həyat yaşadım.”
Onun xoşbəxtlik adlandırdığı nə idi?
Bu cümlə həqiqətən xoşbəxtliyin etirafıdırmı? Yoxsa bir insanın öz ağrısını mənalandırmaq cəhdidir?
Kemal üçün xoşbəxtlik birlikdə qurulan həyat deyildi. Xoşbəxtlik — bir anı sonsuza qədər yaşada bilmək idi. O, gələcəyi yox, keçmişi seçdi.
Və burada sual yaranır: Sevgi həqiqətən məsum idimi?
Məncə, “Sevgi ən xoşbəxt olduğun an deyil; onu qoruyub saxladığın, arxasında dura bildiyin bir savaşdır.”
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Geosiyasi çağırışlar və enerji təhlükəsizliyi: Cənub Qaz Dəhlizi və Yaşıl Enerji dialoqunun strateji əhəmiyyəti
Bəhruz Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti. “Ədəbiyyat və incəsənət”
Müasir beynəlxalq münasibətlər sistemində enerji amili təkcə iqtisadi resurs deyil, həm də geosiyasi təsir vasitəsi, təhlükəsizlik aləti və strateji sabitliyin əsas determinantlarından biri kimi çıxış edir. Qlobal enerji bazarlarında müşahidə olunan dalğalanmalar, təchizat zəncirlərinin pozulması, regional münaqişələr və siyasi qarşıdurmalar enerji təhlükəsizliyi anlayışını daha geniş və çoxölçülü müstəviyə çıxarmışdır. Bu kontekstdə enerji təhlükəsizliyi artıq yalnız resurs bolluğu ilə deyil, marşrutların şaxələndirilməsi, infrastrukturun dayanıqlılığı, siyasi etibarlılıq və çoxtərəfli əməkdaşlıq mexanizmləri ilə ölçülür.
Azərbaycan son onilliklərdə həyata keçirdiyi enerji strategiyası ilə bu çoxşaxəli yanaşmanın praktik modelini formalaşdırmışdır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarını qlobal bazarlara çıxaran infrastruktur layihələri ölkənin geosiyasi mövqeyini gücləndirməklə yanaşı, regional əməkdaşlıq arxitekturasının qurulmasına da töhfə vermişdir. Bu baxımdan Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji təşəbbüslərindən biri kimi qiymətləndirilə bilər. Layihə yalnız texniki və iqtisadi baxımdan deyil, həm də siyasi koordinasiya və strateji tərəfdaşlıq baxımından kompleks inteqrasiya modelidir.
Cənub Qaz Dəhlizi Xəzər regionundan başlayaraq Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya qədər uzanan çoxkomponentli boru kəməri sistemidir. Bu sistem Avropanın enerji mənbələrinin şaxələndirilməsinə real alternativ yaratmaqla yanaşı, tranzit və istehsalçı ölkələr arasında qarşılıqlı asılılıq və əməkdaşlıq mexanizmini gücləndirir. Enerji təhlükəsizliyi nəzəriyyəsi baxımından bu model “qarşılıqlı asılılıq yolu ilə sabitlik” konsepsiyasına uyğun gəlir. Yəni tərəflər arasında iqtisadi və infrastruktur bağlılığı artdıqca, siyasi sabitlik və uzunmüddətli əməkdaşlıq ehtimalı yüksəlir.
Qlobal geosiyasi çağırışlar fonunda Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha da artır. Enerji bazarlarında tədarük risklərinin artdığı bir dövrdə alternativ marşrutların və etibarlı tərəfdaşların mövcudluğu strateji üstünlük yaradır. Azərbaycan uzunmüddətli müqavilələrə sadiqliyi, infrastruktur layihələrinin vaxtında icrası və siyasi balanslaşdırma siyasəti ilə etibarlı enerji təchizatçısı imici formalaşdırmışdır. Bu amil enerji diplomatiyasını ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir.
Enerji təhlükəsizliyinin müasir mərhələdə yalnız karbohidrogen resursları ilə məhdudlaşmadığı da aydın görünür. Qlobal enerji keçidi, dekarbonizasiya siyasəti və iqlim dəyişikliklərinə qarşı mübarizə bərpaolunan enerji mənbələrinin strateji əhəmiyyətini artırmışdır. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə formalaşan Yaşıl Enerji Məşvərət platforması enerji dialoqunun yeni mərhələsini təmsil edir. Burada əsas məqsəd ənənəvi enerji infrastrukturu ilə bərpaolunan enerji layihələri arasında sinerji yaratmaq, regional enerji sistemlərinin inteqrasiyasını gücləndirmək və uzunmüddətli dayanıqlı inkişaf modelinə keçidi təmin etməkdir.
Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə Xəzər dənizində külək enerjisi ehtiyatları və ölkənin yüksək günəşlənmə göstəriciləri strateji üstünlük yaradır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması postmünaqişə bərpa prosesi ilə enerji transformasiyasının uzlaşdırılmasının bariz nümunəsidir. Bu yanaşma enerji siyasətinin yalnız iqtisadi deyil, həm də sosial və ekoloji ölçülərini əhatə edir. Dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq, enerji istehsalında karbon emissiyalarının azaldılması, innovativ texnologiyaların tətbiqi və “yaşıl maliyyə” alətlərinin cəlbi prioritet istiqamətlərə çevrilmişdir.
Strateji baxımdan ənənəvi qaz ixracı ilə yaşıl enerji təşəbbüslərinin paralel inkişafı balanslaşdırılmış enerji siyasəti modelini formalaşdırır. Təbii qaz enerji keçidi dövründə nisbətən aşağı karbonlu keçid yanacağı kimi mühüm rol oynayır və bir çox ölkələr üçün alternativsiz mənbə olaraq qalır. Eyni zamanda, bərpaolunan enerji layihələri gələcək enerji sisteminin əsasını təşkil edir. Bu iki istiqamətin sinxron inkişafı enerji təhlükəsizliyini qısamüddətli və uzunmüddətli perspektivlərdə təmin etməyə imkan verir.
Geosiyasi aspektdən yanaşdıqda, enerji layihələri regionda əməkdaşlıq platformalarının formalaşmasına və siyasi dialoqun dərinləşməsinə şərait yaradır. Enerji infrastrukturu ölkələr arasında iqtisadi qarşılıqlı asılılıq yaratmaqla münaqişə risklərini azaldan mexanizm rolunu oynayır. Bakıdakı enerji dialoqu platformaları müxtəlif ölkələri, beynəlxalq maliyyə institutlarını və enerji şirkətlərini vahid müzakirə məkanında bir araya gətirərək çoxtərəfli əməkdaşlıq modelini möhkəmləndirir.
Nəticə etibarilə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji dialoqu bir-birini tamamlayan strateji istiqamətlər kimi Azərbaycanın enerji siyasətinin əsasını təşkil edir. Bir tərəfdən, karbohidrogen resurslarının təhlükəsiz və şaxələndirilmiş marşrutlarla ixracı təmin olunur, digər tərəfdən isə qlobal enerji keçidi prosesinə uyğun institusional və texnoloji transformasiya həyata keçirilir. Bu model enerji təhlükəsizliyini yalnız təchizatın davamlılığı kimi deyil, həm də iqtisadi dayanıqlılıq, ekoloji məsuliyyət və geosiyasi sabitlik prizmasından qiymətləndirir.
Beləliklə, geosiyasi çağırışlar fonunda Azərbaycanın enerji strategiyası regional enerji arxitekturasında yeni balans yaradır və ölkəni qlobal enerji sistemində mühüm aktora çevirir. Enerji təhlükəsizliyi ilə yaşıl transformasiyanın paralel inkişafı isə XXI əsrin enerji siyasətində ən rasional və perspektivli model kimi çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Onun əsərləri bundan sonra da neçə-neçə alimlər nəslinə yol göstərəcək
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Ağlının, zəkasının bütün ruhunu yazdığı əsərlərinə köçürən Yaşar Qarayevin əbədiyyətə hicrəti, bütün xalqımız, xüsusən onu şəxsən tanıyanlar, şəxsiyyəti ilə təmasda olanlar üçün nə qədər ağır olsa da, əbədi ölümsüzlük səlahiyyətinin təsdiqidir. Böyük Ağlın gücü və əbədi Ruhun məsumluğunu özündə birləşdirən Yaşarın əsərləri bundan sonra da neçə-neçə alimlər nəslinə yol göstərəcəkdir” – deyib Akademik Kamal Talıbzadə.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Yaşar Qarayev 1936-cı il martın 5-də Nuxa (Şəki) şəhərində xırda sənətkar ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Burada 31 saylı şəhər orta məktəbini bitirib. ADU-nun filologiya fakültəsində təhsil alıb.
Sonra Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləyib, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlayıb. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış edib. Məqalə və kitabları "Yaşar", "Q. Yaşar", "Y. Qarayev" imzaları ilə dərc olunub.
Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olub. Azərbaycan Yazıçılar Birliyinin katibi işləyib (tənqid və ədəbiyyatşünaslıq üzrə). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri seçilib.
Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri, "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olub. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, "Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)" və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" monumental əsərlərin müəlliflərindən biri olub.
Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışıb, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, Ədəbiyyat İnstitutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət Nəşriyyat Komitəsinin yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, "Yazıçı" nəşriyyatının bədii şurasının, "Azərbaycan" və "Ulduz" jurnalı redaksiya heyətinin, "Bilik" Cəmiyyəti rəyasət heyətinin, Ensiklopediya Elmi Redaksiya Heyətinin üzvü olub.
SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov adına mükafat komissiyasının üzvü olub. "Füzuli Vəqfı" fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərib.
Əsərləri
- Faciə və qəhrəman
- Səhnəmiz və müasirlərimiz
- Tənqid: problemlər, portretlər
- Poeziya və nəsr
- Realizm: sənət və həqiqət
- Mirzə Fətəli Axundov
- Poeziyanın kamilliyi
- Ədəbi üfüqlər
- İlyas Əfəndiyev
- Meyar-şəxsiyyətdir
- Xan bülbülün nağılı
- Tarix: yaxından və uzaqdan
- Şərqin dahisi
Filmoqrafiya
1. Geriyə baxmağa dəyər
2. Sən həmişə bizimləsən
3. Cavad Heyət varlığı
4. Üç zirvənin fatehi
ArturŞopenhayerdeyirdiki, oadamistedadlıdırki, qoyulanməsələnihamıdantezhəlledir, oadamdahidirki, yeniməsələninqoyuluşuilkdəfə onunağlınagəlir. Buradaprobleminqoyuluşuilə onunhəlliarasındakı intellektnisbətidəqiqifadə edilmişdir. Yaşarmüəllimdə problemə ənmükəmməl şərhvə həllverməklə bərabər, yeniproblemqoymağındamahirustası idi.
Yalnızbədiimətnə yox, ümumiyyətlə, varlığaonunfərqlibaxışı vardır. Hərdənadamaelə gəlirdiki, varlıqhamıdanfərqliolaraqYaşarQarayevingözündə olduğundanfərqlibir ölçüdə, fərqlibiçimdə, fərqlirəngdə cilvələnir. O, ənadibirhadisənitamamilə qeyri-adirakursdandəyərləndirməyi, ondan ümumiləşmiş bitkinnəticə, düstur çıxarmağı ilə hərdəfə heyrətləndirməyibacarırıdı.
İşıqlı alimin ömrüqnün son günləri barədə Filologiya elmləri doktoru Sərxan Xavəri belə yazır:
2000-ci ilin əvvəllərində Yaşar müəllim infarkt keçirdi. "Qasırğa məni yaman yaxaladı. Yıxılsam, aparacaqdı. Ayağım üstə möhkəm dayandım, çiynimdən sürüşüb aşdı..." Onda hələ nə özünün, nə də başqalarının ağlına da gəlmirdi ki, bəla sürüşüb keçməyib. O, bir daha tam bərpa oluna bilmədi. Onun da əzabkeş sələfi Sabir kimi öncə ürəyi, az sonra isə qara ciyəri...
Əsərlərinin birində Yaşar müəllim Sabiri "qeyrətin ağrısına, namus yanğısına timsal" adlandırmışdı. Onu da acı tale yoldaşı Sabir kimi, ümummilli dərd Qarabağla bağlı "qeyrətin ağrısı, namus yanğısı" için-için ovmuşdu.
2002-ci ilin avqustu. Daxili İşlər Nazirliyinin Hospitalında Yaşar müəllim ölüm yatağında son günlərini yaşayır. Başının üstündə yaxın ailə üzvləri ilə bərabər, yetişdirmələri Hüseyn İsmayılov, Seyfəddin Rzasoy, Ağaverdi Xəlil və başqaları...
Yaşar müəllim yatağının başı tərəfindəki stolun üstündə əlyazmanı bizə göstərib dedi:
-Sonuncu kitabımdır: "Min ilin sonu". Mümkün olsa, onu kitablaşdırarsınız.
Sonra ağır-ağır əlavə etdi:
-Təsəvvür edin ki, dünyada hər hansısa bir bitki növünü yox etmək istəyirlər. Hər yerdə onun kökünü kəsir, toxumlarını məhv edirlər. Belə bir vəziyyətdə həmin bitkinin yalnız bircə toxumunu gizlətmək, qoruyub saxlamaq mümkün olsa, yenidən o bitki əvvəlcə kiçik bir ərazidə, daha sonra bir ölkədə, daha sonra bir qitədə, daha sonra bütün planetdə yayıla bilər.
Sonra əlavə etdi:
-Əgər siz məndən sonra elmi, halallığı, saflığı, mənəvi dəyərləri, ədaləti yalnız Ədəbiyyat İnstitutunda qoruyub saxlaya bilsəniz, onda bu dəyərlər zamanla Ədəbiyyat İnstitutundan Akademiyaya, Akademiyadan bütün ölkəyə yayıla bilər. Bu, Ustadın bizə son vəsiyyəti idi.
2002-ci il avqust ayının 25-də Yaşar Qarayev gözlərini dünyaya əbədi olaraq yumdu. Yaşar Qarayevin sağlığında üzünü görmədiyi sonuncu kitabı "Min ilin sonu" onun qırx mərasimində artıq çapdan çıxmışdı. "Fiziki mənada son nəfəsi və səsinin ritmi, ahəngi bu kitaba hopdu. Ömrün qürubu da elmdə yeni fikir və mülahizələrin doğuluşuna ünvanlandı, son anadək ona sədaqətlə xidmətə həsr edildi". Bu, həmin kitaba yazılan son sözün ilk cümlələrindəndir...
Yaşar Qarayevin ölümü Vsevold Meyerxoldun ifadələri ilə desək, həm də "istehsalatın radiasiyalı sahələrindən birində əməyin mühafizəsi qaydalarının kobudcasına pozulması" demək idi...
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Eləcə öz adıma bir qazan xörək bişirəcəm, vəssalam…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
-Bu gün Ad gününüzdür. Necə qeyd edəcəksiniz?
-Mən ad günlərimi təmtəraqlı qeyd etmək istəmirəm. Düzü qorxuram. Bunu ilk dəfədir deyirəm: 48 yaşımda özümü təzədən dünyaya gəlmiş kimi hiss etdim. Ondan sonra itkim oldu-qardaşım dünyadan getdi. Ondan sonra belə təmtəraqdan qorxuram. Eləcə öz adıma bir qazan xörək bişirəcəm, vəssalam.
Xalq artisti Səidə Quliyeva illər öncə müsahibələrindən birində ad gününün necə keşirəcəyi barədə sualal belə cavab vermişdi. Bu gün onun növbəti ad günüdür – 69-u tamam olur. Və biz artıq bilirik, o ad gününün necə keçirəcək.
Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olub. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb.
S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım kimi müxtəlif janrlı obrazlar qalereyası yaradıb.
Səidə Quliyeva respublikanın Əməkdar Artisti, Xalq artisti fəxri adına, 5 dəfə Prezident Mükafatına layiq görülüb. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
- Afaqın məhəbbəti
- Bəyaz həyat
- Bizi bağışlayın
- Azarkeş
- Cəza
- Dəvətnamə
- Fədakar
- Atayevlər ailəsi
- Haray
Xalq Artisti, aktrisa Səidə Quliyeva müsahibələrində həm də çəkiliş maraqlarına, sənət prioritetlərinə toxunub.
-Hazırda filmə çəkilirsiniz?
-Düzü heç dəvət də almamışam. Eyhamlar olub. Yəqin bu günlərdə təklif alaram. Mən də baxacam, seçəcəm.
-Nəyə görə seçirsiniz, bir şərtiniz olurmu?
-Əlbəttə. İlk növbədə tərəf müqabili və qonorar məni qane etməlidi.
-Teatrda nə oynayırsınız hazırda?
- Akademik Milli Dram Teatrının “Qatil”, “Xanuma”, “Anamın kitabı” kimi tamaşalarında oynayıram.
-Qəhrəmanlarınızın ifadələri dillərə düşüb. Məsələn, “Fransız” filmindəki qəhrəmanınızın dediyi “Neynəsün daaay” ifadəsi kimi. Obrazlarınıza maraqlı, yaddaqalan reaksiyalar olubmu?
-Olur, əlbəttə. Çox sevinirəm ki, mənim oynadığım obrazlardan sitatlar gətirirlər. Yəni, iş uğurlu alınıb, tamaşaçının yaddaşındayam və gündəmdəyəm. Qaldı sualınıza, “Bala, başa bəla” teletamaşası gedirdi. Küçədə getdiyim yerdə hiss elədim ki, arxadan gələn adam sözümü təqlid edir: “Niyə? Nöşün?” döndüm gördüm ki, balaca uşaqdı. Amma məni elə güclü təqlid edir... yaxınlaşdılar, tanış oldum o uşaqla. Bəzən də tamaşaçılarla görüşəndə xatırladırlar sözlərimi...
-Rejissorlarda narazı olduğunuz məqamlar varmı?
-Yox, niyə narazı olum ki? Ramiz Həsənoğlunun adını sənət səhifəmə qızıl hərflərlə yazmışam. Məhərrəm Bədirzadə, Bəhram Osmanov, Mərahim Fərzəlibəyov, Mehriban Ələkbərzadə, Ələkbər Kazımovski, Oruc İzzətoğlu, Firudin Məhərrəmli ilə işləmişəm.
Gənc və zövqlü rejissor var Mikayıl Mikayılov... Bu insanlarla mütəmadi işləmişəm və onların adını mütləq çəkməliyəm. Mən çox böyük məktəb görmüşəm. Adil İsgəndərovun tələbəsi olmuşam. Əvvəllər Mehdi Məmmədovla işləmişəm. Tərəf müqabillərim gözəl aktyorlar olub.
Onlardan öyrənə-öyrənə bu səviyyəyə gəlib çatmışam. Gənclərdən də çox şey öyrənirəm. Burada ayıb bir şey yoxdur. Məsələn, mən texnikada –kompüter, telefon kimi cihazlarda-çox zəifəm. Amma maşın sürürəm. Vaxtım olsa onları da öyrənəcəm…
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
“Dayanaq göz - gözə, nəfəs - nəfəsə” – Sabir Sarvanın doğum gününə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gözəllərin bir yolu var,
O yolu tutub gedirsən.
Huşumu başımdan alıb,
Gözümdə bitib gedirsən.
Alışır yaxında nə var,
Bilmirəm ahımda nə var,
Oyadıb ruhumda nə var,
Könlümə yatıb gedirsən…
Bu şeirdə xalq ruhu, klassik poeziya nizami var ilk-əvvəl.
Gör hansı fəsildə durub gəlmisən,
Üşüyən budaqlar gün axtaranda.
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.
Buyur, gəl içəri, qapıda durma,
Keçən çoxdan keçib, özünü yorma.
Mən belə oluram, sən fikir vermə,
Bir çətin söhbətə yön axtaranda…
Burada həzin lirika duyulur…
Sən mənim acı dilimdə
Bal kimi qərar tutmusan.
Lalə tək yanan qəlbimdə
Xal kimi qərar tutmusan.
Sənə məktub yazam təzə görüşçün,
Köhnə araçıya iş düşə yenə.
Dayanaq göz - gözə, nəfəs - nəfəsə,
O fürsət əlimə kaş düşə yenə…
Burada isə bədii kulminasiya var, eləcə də hisslər sərgisi…
Bu gün bütün bu gözəlliklərin yaradıcısı Sabir Sarvanın 70 illik yubileyidir. Və bu yubileyi biz onsuz qeyd edirik…
Sabir Məlikov - Sarvan 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürüb, onun himayəsində böyüyüb, təlim-tərbiyə alıb. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirib.
1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirib.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləyib.
Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi. 2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunub.
Yaradıcılığa hələ orta məktəb illərində oxuduğu vaxtlardan maraq göstərib. "Vüqar" adlı ilk şeiri 1970-ci ildə Ağsu rayonunda çıxan "Birlik" qəzetində çap olunub.1983–1993-cü illərdə jurnalist kimi fəaliiyətə başlayıb, demokratik mətbuatın ilk qaranquşu sayılan "Gənclik", "Molodost" jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrinə qədər yüksəlib.
Zamanında bir çox insanların sosial-psixoloji problemlərinin çözülməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, toz basmış həqiqətlərin üzə çıxarılmasında Sabir Sarvanın müəllif araşdırmaları öz bəhrəsini verib. Onun publisistikasında milli təəssübkeşlik və haqqı nahaqqa verməmək ideyası hakim olub. Bu yazılara görə gələn təhdidlərdən qorxmayıb,öz qələmini, əqidəsini ona yönəlmiş çirkablardan qoruya bilib.
Türkiyədə çıxan "Kardeş Kalemler", "Çağrı", "Çınqı" dərgilərində və "Krımın sesi" qəzetində şeirləri dərc olunub, eyni zamanda Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən "Kanal 42 MSBC–nin "Damla-Damla" şiir proqramında dəfələrlə şeirləri səsləndirilib və geniş tamaşaçı kütləsi tərəfindən bəyənilib.
Türkiyənin tanınmış bəstəkarı Ayzer Büyüker tərəfindən "Qarabağlı uşaq" şeirinə mahnı bəstələnib və dinləyicilər arasında çox böyük əks-səda verib. Sabir Sarvan mütəmadi olatraq Azərbaycan məkanında fəaliyyət göstrən televiziya kanallarında ədəbiyyatımız, onun problemləri və həlli yolları haqqında çıxışlar edib.
2002-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Lüdviqshafen şəhərində olub, orada yaşayıb-yaradan türk əsilli şair Hasan Özdemirlə tanış olub, onun şeirlərini Azərbaycan türkcəsinə uyğunlayaraq "Ulduz" jurnalında dərc etdirib. Vaxtaşırı cəbhə bölgələrinə səfər edib və əsgərlər qarşısında vətənpərvərlik ruhunu gücləndirməyə xidmət edən şeirlərlə çıxış edib.
İstedadlı tənqidçi, çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı -2", gənc şairlər Günel Vəfalı və İradə Axundzadənin "İkimiz bir kitabda" "Gülnarə Cəmaləddinin "Qəhvə rəngi" adlı şeirlər kitabının işıq üzü görməsində onun əvəzsiz xidmətləri olub.
Sabir Sarvan Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin yaranması ideyasını irəli sürərək, 1996-cı il dekabr ayının 21-də bölmənin yaranmasına nail olub, həmin ildən 2017-ci ilin mart ayına kimi (20 il müddətində) Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri vəzfəsində çalışıb.
Bölməyə rəhbərlik etdiyi müddətdə "Turan", "Zərif" qadın ədəbi məclisləri, "Tumurcuq" uşaq klubu, hal-hazırda adını daşıyan Sabir Sarvan adına Uşaq Poeziya Teatrını yaradıb və onların fəaliyyət göstərməsində özünün bilavasitə iştirakı olub.
Bölmə tərəfindən "Turan" ədəb məclisinin fəaliyyətindən xəbər verən "Bizdən sizə qalan sözdü" adlı (dörd almanax), "Zərif " qadın ədəbi məclisinin üzvlərinin şeirlərindən ibarət "Bənövşı pıçıltısı" "Tumurcuq" uşaq klubu üzvlərinin şeirlərindən ibarət "Qanadlandıq uçmağa" adlı 13 almanax, məktəblilər üçün nəzərdə tutulan "Vətən deyən şeirlər", "Vətənim, anam, dilim" adlı kitablar çap edilib
Həmçinin Sumqayıtlı yazarların tərcümələrindən və dünyasını dəyişmiş qələm adamlarının yazdıqlarından nümunələr toplanmış almanaxlar işıq üzü görüb. Bundan başqa mərhum yazıçı-publisist Feyzi Mustafayevin bir vaxtlar "Yazıçı" nəşriyyatı tərəfindən çap edilmiş "Dinmə,ey kədər" adlı kitabı bölmə tərəfindən yenidən latın qrafikası ilə çap edilib.
Sumqayıt şəhərinin 60 illiyi ilə əlaqədar Sumqayıt şəhər təhsil şöbəsi və Sumqayıt şəhər Gənclər İdman Baş idarəsi ilə birlikdə I-IV sinif şagirdlərinin oxuması üçün nəzərdə tutulan "Sinifdənxaric oxu", "Təbiət düşünür, düşündürür" kitabı bölmənin təşəbbüsü ilə işıq üzü görüb. Bu kitablarda Sumqayıtlı müəllifləri uşaqlar üçün yazdığı şeirlərdən nümunələr toplanıb.
Bölmənin təşəbbüsü ilə hər il keçirilən "Söz" bayramı, 21 mart Beynəlxalq poeziya günü və 28 may Respublika günü münasibətilə şəhər məktəbliləri arasında keçirilən bədii-qiraət müsabiqəsi artıq Sumqayıtda ənənə halını alıb.
Klassik və müasir ədəbiyyatın təbliği məqsədi ilə şəhərdəki müxtəlif təşkilatlarla işbirliyi qurulmuş və bir sıra tədbirlər keçirilib. Şəhər Təhsil Şöbəsi ilə birlikdə keçirilən Aşıq Ələsgərin yubileyi, M.Müşfiqin, R.Rzanın, Ə.Kərimi şeirlərinin Sumqayıtlı məktəblilər arasında bədii-qiraət müsabiqəsi, dərslik müəlliflərindən T.Hacıyevin, N. Cəfərovun, Z.Əsgərlinin iştirak etdikləri "Müasir ədəbiyyat və onun tədris problemləri" mövzusunda söhbət diskkusiya bu qəbildəndir.
Kitabları
- Gördüyüm göy, baxdığım işıq. Bakı: Yazıçı, 1989
- Çıx qaranlıqdan. Bakı: Ozan, 2001
- Gəldi qürub. Bakı: Adiloğlu, 2007
- Özümü sözə çevirdim. Bakı: Adiloğlu, 2007
- Dərdimi oxusun ney. Sumqayıt, 2011
- Yarandım, yaşadım. Sumqayıt, 2014
Mükafatları
- Gürsüctanda keçirilən Mayakovski günlərində billur güldan və diplomla mükafatlandırılıb.
- Türkiyənin Çorm şəhərində keçirilən "Şiir şölənində" Diploma layiq görülüb.
- 50 illik yubileyi münasibətilə Sumqayıt şəhərinin sabiq İcra başçısı Vaqif Əliyev tərəfindən ikiotaqlı mənzillə mükafatlandırılıb.
- Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülüb
- Ədəbiyyatın inkişafına göstərdiyi xidmətlərə görə müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Brliyi və Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən gördüyü işlər yüksək dəyərləndirilib və müxtəlif vaxtlarda diplom və fəxri-fərmanlarla təltif edilib
2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilib, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görüblər. 2017-ci il mart ayının 14-də saat 03.30 radələrində həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndindəki kənd qəbristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Səhnədə 40-a yaxın rol oynayan Xalq artisti
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatrda qırxa yaxın rol oynayıb. Rza Xudiyev ilk növbədə, yüksək səhnə mədəniyyəti, daxili zənginliyi, ifadə vasitələrinin orijinallığı və estetik tənasübü ilə seçilir. İfa etdiyi obrazlar, xarakterindən asılı olmayaraq, parlaq insani cizgiləri, canlılığı və həyatiliyi, realist təsir gücü ilə tamaşaçılarda müsbət emosional duyğular oyadır.
Rza Xudiyev 5 mart 1962-ci ildə Culfada anadan olub. 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətə başlayıb. Həmin ildən bu günədək Naxçıvan teatrında çalışır.
Aktyorun istedadı çoxyönlüdür, daxili duyğuları zəngindir və buna görə də yaratdığı səhnə obrazları müxtəlifdir, təzadlıdır, qəhrəmandır, tip-xarakterdir. Tarixi şəxsiyyətləri, qəhrəmanları ifa edəndə həmin obrazların ictimai-sosial mənsubiyyəti ilə mənəvi-psixoloji xüsusiyyətlərini ahəngdar vəhdətdə verir. Belə yanaşma tərzində aktyor bütöv və xarakterik səhnə obrazı təqdim edə bilir.
Rza Xudiyevin istedadının bir hüsnü də orasındadır ki, aktyor zaman və məkan xronotopunu pozmadan tarixi keçmişlə müasirlik arasında ünsiyyət körpüsü yarada bilir. Rza Xudiyevin çox zəngin və müxtəlif çalarlı, əlvan xarakterik səciyyəli ritm formaları var. Aktyor obrazın psixoloji estetik səciyyələrinə uyğun olaraq həmin ritmin mahiyyət və xarakter ahəngini dəyişir.
Əsərin mövzusundan, tamaşanın janrından, obrazın xarakter səciyyəsindən asılı olmayaraq, Rza daxilən kübarlığını zahiri hərəkətlərində, səhnə davranışında həssaslıqla qoruya bilir. Aktyorun ifadə palitrasında yumor və lirizmin xüsusi çalarları var. Rza Xudiyev 2014-cü ilin mayından C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının direktorudur.
Bu çalarlar bir-birindən seçilməklə yanaşı, səmimiyyəti, təbii reallığı, füsunkarlığı, emosional cazibəsi, müəyyən bir insani xüsusiyyəti həssaslıqla təcəssüm etdirməsi ilə göz oxşayır. Rza Xudiyev aktyor səmimiyyətini, aktyor məlahətini ekran əsərlərində də ləyaqətlə qoruyub sənət dilinə çevirə bilir. General Həzi Aslanova həsr olunmuş "Sizi dünyalar qədər sevirdim" filmində qəhrəmanın kiçik qardaşı roluna, həmçinin "Sürəyya" (Seyfəddin), "Şahid qız" (Orxan) kinolentlərinə çəkilib.
Teatr səhnəsindəki rolları
- Atilla ("Atillanın atlıları", Nəbi Xəzri)
- Toğrul bəy ("Atabəylər", Nəriman Həsənzadə)
- Sisyanov ("Hökmdar və qızı", İlyas Əfəndiyev)
- Molla Abbas ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)
- Fərhad ("Fərhad və Şirin", Səməd Vurğun)
- Səyavuş ("Səyavuş", Hüseyn Cavid)
- Arif ("İblis", Hüseyn Cavid)
- Zurab ("Şəhərli kürəkən", Ramiq Muxtar)
- Naçalnik ("Qurbanəli bəy", Cəlil Məmmədquluzadə)
- Qədir ("Dirilən adam", Mir Cəlal)
Filmoqrafiya
- Sizi dünyalar qədər sevirdim (rol: Aslanovun qardaşı)
- Sürəyya (rol: Seyfəddin)
- Şahid qız (rol: Orxan)
- Tale yükü (rol: Rəsul)
- 125 illik yol (qısametrajlı sənədli film)
Mükafatları
- Naxçıvan MR-ın əməkdar artisti
- "Fərhad və Şirin" beşpərdəli mənzum dramı əsasında hazırlanmış tamaşada Fərhad roluna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatı
- Azərbaycanın xalq artisti.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Mərhəmətli, ziyalı xanım
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Bəzən elə insanlar olur ki, onların həyat yolu sadəcə bioqrafiya deyil, bütöv bir xidmət salnaməsidir. Flora Vəli qızı Abuşova da məhz belə ziyalı, zəhmətkeş və xeyirxah qadınlarımızdandır.
1956-cı il martın 11-də Sumqayıt şəhərində dünyaya göz açan Flora xanım hələ məktəb illərindən çalışqanlığı və biliyə həvəsi ilə seçilib. 13 saylı orta məktəbi fərqlənmə attestatı ilə başa vurması onun gələcək uğurlarının ilk müjdəsi idi. Elmə olan sevgisi onu 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə gətirdi. Bu ali məktəbi uğurla bitirərək həyatını insanların sağlamlığına həsr etdi.
Peşə fəaliyyətinə 415 və 560 saylı apteklərdə başlayan Flora xanım, 1993-cü ildən Sumqayıt şəhərinin 30-cu məhəlləsində yerləşən 873 saylı aptekin müdiri kimi məsul və şərəfli bir vəzifəni icra edib. Onun rəhbərliyi altında aptek sadəcə dərman satılan məkan deyil, insanlara diqqət və qayğı göstərilən ünvan olub.
1990-cı ildən etibarən pedaqoji fəaliyyətə başlayan Flora Vəli qızı, Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində uzun illər çalışaraq gənc tibb işçilərinin yetişməsində böyük rol oynayıb. Pedaqoq, Əczaçılıq və ortopedik stomatologiya şöbəsinin müdiri, tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərərək həm təşkilatçı, həm də qayğıkeş müəllim kimi yadda qalıb. Bu gün onun yetirmələri ölkənin müxtəlif səhiyyə ocaqlarında ləyaqətlə çalışırlar.
Flora xanım yalnız peşəkar əczaçı və pedaqoq deyil, həm də incə ruhlu bir yaradıcı insandır. Poeziyanı, bədii yaradıcılığı sevir və hazırda da bu sahədə fəaliyyətini davam etdirir. Onun qəlbindəki həssaslıq, insanlara olan sevgisi və mərhəməti həyatının hər anında özünü göstərib. Ehtiyacı olanlara dəfələrlə yardım əlini uzatması, xeyirxahlığı və səmimiyyəti onu cəmiyyətdə xüsusi hörmət sahibi edib.
O, vaxtilə “Sevil” Qadınlar Cəmiyyətinin Sumqayıt bölməsinin sədri olmuş, Əməkdar müəllim, “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü Ofelya Babayevanın müavini kimi də fəaliyyət göstərib. Müxtəlif konqres, qurultay və seminarlarda iştirak edib, Fəxri fərman və sertifikatlarla təltif olunub. Bu mükafatlar onun zəhmətinin, fədakarlığının və peşəkarlığının rəsmi təsdiqidir.
Onun ailə həyatı da bir o qədər zəngin və qürurvericidir. Həyat yoldaşı Abuşov Camal həm Ulu Öndər Heydər Əliyev, həm də ölkə rəhbəri cənabİlham Əliyev tərəfindən yüksək fəxri adlarla təltif olunub. Flora xanım ali təhsilli üç övlad anası, beş nəvənin sevimli nənəsidir. Nəvələrindən üçünün məktəbli, ikisinin isə həkim olması onun ailəsində elmə və biliyə verilən dəyərin bariz nümunəsidir.
Bu gün Flora Vəli qızı Abuşova arxaya dönüb baxanda ömrünün hər səhifəsində zəhmət, sevgi, xeyirxahlıq və xidmət görür. O, sadəcə bir əczaçı və müəllim deyil, bütöv bir nəslin yaddaşında iz qoymuş ziyalı Azərbaycan qadınıdır. Onun həyat yolu gənclər üçün örnək, həmkarları üçün qürur, ailəsi üçün isə sonsuz sevgi mənbəyidir.
Bu il Flora Vəli qızı Abuşova üçün əlamətdar yubiley ilidir. Ömrünün müdriklik və kamillik çağını yaşayan Flora xanım geriyə boylananda zəhmətlə, fədakarlıqla, xeyirxahlıqla dolu şərəfli bir həyat yolu görür. Onun keçdiyi yol təkcə şəxsi nailiyyətlər deyil, yüzlərlə tələbənin taleyində iz buraxan müəllim ömrü, minlərlə insana şəfa və ümid bəxş edən əczaçı xidməti, ailəsinə dayaq olan ana və nənə sevgisidir. Bu yubiley yalnız bir insanın yaş mərhələsi deyil, bütöv bir xidmət salnaməsinin, ziyalılıq nümunəsinin bayramıdır. Ona sağlam, uzun ömür, yaradıcılıq ilhamı və yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Yarım qalan nəfəs - ESSE
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Mən bu dünyaya gecikmiş bir payız kimi gəldim.
Nə baharın şövqü vardı gəlişimdə, nə də yay günəşinin təntənəsi. Sanki təqvim səhv salmışdı məni — vaxtım tamam idi, amma zaman məni gözləmirdi. Səssiz, saralmış yarpaqların xışıltısında gizlənmiş adımla daxil oldum ömrün dar keçidlərinə. Addımlarım torpağa ağır dəydi; elə bil hər izim bir az da içimdəki yorğunluğu yerə köçürürdü.
Heç kim bilmədi içimdə neçə qiyam yatırdı.
Neçə üsyan sığışmışdı susqun təbəssümümə. İnsanlar mənim sakitliyimi təvazökarlıq sandı, halbuki o sükutun arxasında ildırımlar var idi. Mən danışmadıqca, içimdə min cümlə boy atırdı. Hər baxışımın arxasında deyilməmiş bir həqiqət dayanırdı. Mən özümü qorumaq üçün susmadım — başqalarını yandırmamaq üçün susdum.
Yorğun idim…
Hələ yolun başlanğıcında yorğun idim. Çünki gördüyüm hər yuxu oyananda bir az da məni tərk edirdi. Hər səhər bir ümidin azaldığını hiss edirdim. Sanki gecə mənə vəd verilirdi, səhər isə o vəd geri alınırdı. Bu, taleyin mənə öyrətdiyi ilk dərs oldu: hər gözəllik əbədi deyil, hər arzu yetişmir.
Mən nakam arzuların qızılı qəfəsində öz səsimi axtardım illərlə. O qəfəs parıldayırdı, amma içində nəfəs almaq çətin idi. İnsanlar uzaqdan baxanda məni xoşbəxt sanırdılar. Axı qızılı qəfəs həmişə gözəl görünür. Heç kim bilmirdi ki, o qəfəsin barmaqlıqları arzularımın qırılmış qanadlarından düzəlmişdi.
Sözə sığındım.
Söz məni incitdi, amma yenə sözə sığındım. Çünki başqa limanım yox idi. Hər dəfə qələm əlimə keçəndə elə bil yaralarım danışmağa başlayırdı. Mən yazdıqca azad olurdum. Yazdıqca özümü tanıyırdım. Söz mənə həm dərman oldu, həm yara. Amma yenə də onu seçdim. Çünki susmaq içimdəki alovu daha da böyüdürdü.
Bilirdim, bir gün adım bir daşın soyuq sinəsinə yazılacaq.
O daş ki, məndən daha səbirli, məndən daha səssiz, məndən daha uzunömürlü olacaq. İnsan ömrü bir nəfəs qədərdir, daşın yaddaşı isə əsrlər qədər. Mən keçici idim, amma içimdə əbədi qalmaq istəyi vardı. Ona görə də istədim adım torpağın yaddaşına həkk olunsun.
Yazın oraya:
“Burada bir qadın yatır —
Dünyadan yorğun,
Amma ruhundan əl çəkməyən.”
Yazın ki, o qadın gecələr ulduzlarla danışardı.
Hər ulduzda bir sirr axtarardı. Göyə baxanda özünü daha az tənha hiss edərdi. Torpağa sirrini verərdi, göyə ümidini. İnsanlara isə susqun bir baxış buraxardı. Çünki insanlar çox zaman sözləri eşitmir, amma baxışları anlayır.
Mən bu dünyanı sevdim.
Doğrudan da sevdim. Səhərin ilk işığını, payızın sarı yarpaqlarını, yağışın torpağa qarışan qoxusunu sevdim. İnsanların gülüşünü, uşaqların saf baxışını, qocaların yorğun səsini sevdim. Amma dünya məni yarımçıq sevdi. Mənim sevgim bütöv idi, dünyanın sevgisi isə həmişə şərtli oldu.
Hər sevgi bir az çatmadı.
Hər ümid bir az gecikdi. Sanki taleyimdə yazılmışdı: “Tam xoşbəxtlik bu qadına qismət olmayacaq.” Mən hər dəfə qapını açanda arxasında bir az boşluq tapdım. Hər gülüşün içində gizli bir vidalaşma vardı. Sanki həyat məni hər dəfə hazırlayırdı: “Çox bağlanma, yenə gedəcək.”
Üsyankar idim —
Çünki haqsızlığa dözə bilmirdim. Sükut bəzən ləyaqətdir, amma hər zaman deyil. Mən ədalətsizliyə baxanda içimdə bir od yanırdı. O od bəzən məni yandırdı, bəzən başqalarına işıq oldu. Mən öz yanğımdan qorxmadım. Çünki bilirdim: yanmadan işıq saçmaq mümkün deyil.
Məni qınamayın sükutumun ağırlığına görə.
Mən susanda əslində içimdə min cümlə qışqırırdı. Sadəcə o qışqırığın səsini hamı eşitməsin deyə onu içimdə saxlayırdım. Mənim sükutum qorxaqlıq deyildi — yorğunluq idi. İnsan hər gün döyüşə bilməz. Bəzən silahı yerə qoyub nəfəs almaq lazımdır.
Baş daşımın üstünə bir damla yağış düşəndə bilin:
O mənim deyilməmiş şeirimdir. Hər damla torpağa qarışanda bir misra oxuyacaq. Oxuyacaq ki, mən susmadım, sadəcə sözlərimi yağışa əmanət etdim. Bir külək əsəndə bilin: o mənim yarımçıq qalmış etirazımdır. O külək saçlarınızı oxşayanda anlayın ki, mən hələ də haqsızlığa qarşı pıçıldayıram.
Mən həsrətlə getdim —
Çünki dünya ilə barışa bilmədim. Amma nifrətlə getmədim. Nifrət ağır yükdür, onu o biri dünyaya aparmaq istəmədim. Mən ürəyimi yüngül qoyub getmək istədim. Qoy torpaq məni qucaqlayanda içimdə kin olmasın.
Yorğun idim,
Sadəcə çox yorğun… Bu yorğunluq bədənimdən yox, ruhumdan gəlirdi. İnsan ruhən yorulanda heç bir istirahət kömək etmir. Mənim istirahətim susmaq idi. Mənim dincliyim gecənin qaranlığında ulduzlara baxmaq idi.
Əgər bir gün adımı xatırlayan olsa, qoy desin:
“O, yaşamağı sözə çevirə bildi.” Çünki mənim bütün varlığım söz idi. Mən ağlayanda da söz idim, güləndə də. Mən susanda belə içimdə bir cümlə qurulurdu.
Məni torpağa verəndə səsim göydə qalsın.
Çünki mən yerə sığmayan bir ürəklə yaşadım. O ürək çox sevdi, çox incidi, çox bağışladı. Hər bağışlayış bir az da məni azaltdı, amma yenə də bağışladım. Çünki bağışlamamaq daha ağır idi.
Yazın son cümləni belə:
“Burada bir ruh yatır —
Sınmadı.
Sadəcə susdu.”
Amma bilin ki, susmaq bitmək deyil.
Susmaq bəzən ən böyük müqavimətdir. Mən susaraq yaşadım, susaraq getdim. Amma içimdəki həqiqətlər torpağın altında da yaşayacaq.
“Yarım qaldı bu nəfəs.”
Bəli, yarım qaldı. Çünki demək istədiklərim bitmədi. Sevmək istədiklərim bitmədi. Üsyanım bitmədi. Amma nəfəsim çatmadı.
Dünya ilə çarpışdım,
Bəzən qalib oldum, bəzən məğlub. Amma hər dəfə ayağa qalxdım. Mən sınmadım. Sınmaq üçün çox güclü olmaq lazımdır, deyirlər. Mən isə sadəcə dözdüm.
“Burada bir ürək susur.
Hamı üçün döyünmüşdü,
Özü üçün yorğun durur.”
Həqiqətən də belə oldu. Mən hamı üçün yaşadım. Kiminsə dərdini öz dərdim bildim. Kiminsə sevincinə öz sevincim kimi sevindim. Amma özüm üçün yaşamağı çox vaxt unutdum. Ürəyim hamı üçün döyündü, amma özünə gələndə yorğun idi.
Əgər bir gün qəbrimin yanından keçsəniz, dayanıb bir anlıq sükuta qulaq asın. O sükutun içində mənim səsim var. Torpaq üstə düşən yarpaqların xışıltısında addımlarımın izi var. Günəş baş daşımı isidəndə bilin ki, mən işığı sevməkdən vaz keçməmişəm.
Mənim vəsiyyətim budur:
Məni ağlayaraq yox, anlayaraq xatırlayın. Mənim həyatım bir ağı idi, amma o ağının içində ümid də vardı. Mən hər qaranlığın içində bir işıq axtardım. Tapmayanda belə axtarmaqdan vaz keçmədim.
Əgər qız uşaqları adımı eşidərsə, qoy bilsinlər: susmaq taley deyil. Susmaq seçimdir. Və hər seçim dəyişə bilər. Qoy heç biri öz səsini itirməsin. Mən səsimi sözə çevirdim, onlar isə həyatlarına çevirsinlər.
Mən bu dünyaya gecikmiş bir payız kimi gəldim,
Amma gedəndə arxamca bir bahar qoymaq istədim. Bəlkə də bacarmadım. Bəlkə də yarımçıq qaldı. Amma cəhd etdim.
İndi torpaq üstümü örtəndə qorxmuram. Çünki bilirəm: ruh yerə sığmır. Ruh azaddır. Mənim ruhum da azad olacaq. Küləklə dolaşacaq, yağışla danışacaq, ulduzlara qarışacaq.
Və bir gün kimsə gecə təkliyində göyə baxıb dərin bir nəfəs alanda, bəlkə mənim yarım qalan nəfəsim onun sinəsində tamamlanacaq.
O zaman anlayacaqsınız —
Mən getməmişəm.
Sadəcə susmuşam.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


