Super User

Super User

Bazar ertəsi, 19 Yanvar 2026 17:11

100-dən çox kitabın müəllifi...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

(Yanvarda doğulanlar silsiləsindən)

 

"Rafiq" adı ərəb mənşəlidir, mənası "yoldaş", "dost", "mülayim", "yumşaq davranan" deməkdir. Adətən Allahın "Ər-Rəfiq" adının bir hissəsi kimi işlədilir. Bu da "yumşaq rəftar edən" mənasını ifadə edir. Bu ad, həmçinin "səxavətli" və "köməkçi" mənasını da verə bilər, bu isə onun dost, yoldaş anlamını gücləndirir...

 

...Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömür boyu həyatdan zövq alan macəraçı insandır. Şiddətli enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Cəsur, qətiyyətli olduğundan bəzən təhlükəyə məruz qalır. Həmişə aktivdir və həmişə ağlında nəsə var. Öz parlaq cazibəsi ilə ətrafındakı insanlara təsir edə və onların arasında söz sahibi ola bilir. Qürurludur və xarici görünüşünə çox diqqət yetirir...

 

Deyir ki:- “Heç bir peşədə gözüm yoxdur. Özümü şair kimi də, ədəbiyyatşünas kimi də, pedaqoq kimi də, naşir kimi də yerimdə hesab edirəm və gördüyüm işlərdən zövq almagı bacarıram. Tələbələrimin sonsuz sevgisini qazana bilməyim mənim ən böyük mükafatımdı…”

 

Bəli, söhbət  şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, filologoya elmləri doktoru, professor, “Əməkdar mədəniyyət işçisi” Rafiq Yusifoğludan gedir. O, 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur...

 

“İşin içində olan adam kimi bilirəm ki, maraqlı uşaq ədəbiyyatı nümunələri indi də var. Günün, zəmanənin tələbinə uyğun əsərlər yaranır da, nəşr də olunur. Lakin bu yazılanlar oxucuya çatırmı? Qabaqlar, konkret desək, bəyənmədiyimiz sovet dövründə ideoloyi tələblərə uyğun əsərlər yazılır, kitablar böyük tirajla nəşr olunur, müəlliflərə yüksək qonorar da verilirdi. Necə deyərlər, yaradıcılıq axtarışları üçün stimul var idi. Bəs indi necədi? Az-çox bu sahədə təmənnasız fəaliyyət göstərən, yazıb-yaradan, gücü ən yaxşı halda öz puluna az tirajla kitab çap etdirməyə çatan adamların əməyini dəyərləndirməyimiz bir yana, hələ utanıb-qızarmadan onları tənqid atəşinə də tuturuq, aşağılayırıq. Olanın, yarananın qədri bilinməyən yerdə hansı inkişafdan söhbət gedə bilər?  Öz uşaqlarına bir nüsxə “Göyərçin” jurnalı almayanlar,  abunə yazdırmayanlar nə haqq ilə uşaq yazıçılarını fəaliyyətsizlikdə ittiham edirlər?”- söyləyir.

 

Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur...

 

...Asan yoldansa çətin yolu seçməyə, insanlarda şəxsiyyətə önəm verir. Öz inancının heyranıdır. Açıq danışmağı xoşlasa da, emosiyalarını gizlətməyə çalışır. İnsanların ona yazığı gəlməsinə nifrət edir. Daxil olduğu istənilən mühitdə insanların diqqətini asanlıqla özünə cəlb edə bilir. Ona görə də məclislərdə diqqət mərkəzinə çevrilir. Kiməsə aid olmağı sevmir, müstəqil və azadfikirlidir...

 

Deyir ki:- “Azadlıq şərti məfhumdu. Mənim “Azadlıq” adlı bir essem var. Orada yazmışam ki, insan ana bətnindən torpağa basdırılana qədər yol getmək zorundadır. İki “zindan” arasında nə azadlıq? İnsan kainatın, cəmiyyətin ayrılmaz bir təkərciyi, vintciyidi. O boyda günəş, yer azad deyilsə, insan necə azad ola bilər? İnsan yalnız düşüncəsində azaddı, o da qismən.”

 

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayıb. 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib. Ümumiyyətlə, Rafiq Yusifoğlu 100-dən çox kitabın müəllifidir...

 

“…Duyğusuz bir insan quru payadı,

Ulu yaradanın önündə əyil.

Bir də ki, ömür-gün Tanrı payıdı,

Qocalmaq hamının qisməti deyil…”- deyən şair özü də qocalığın astanasına gəlib çatıb. Belə ki, yanvarın 2-si Rafiq müəllimin növbəti ad günüydü, bu dəfə 76 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

Sevinc Qərib, “Ədəbiyyat və incəsənət” üçün

 

Sözü, poeziyanı səsə çevirmək, səsdə təqdim etmək də bir sənətdir. Adını qiraət qoyduğumuz, sözü vərəqlərdən qoparıb, gözümüzdən qulağımıza köçürən bu sənət həm də poeziyanın təbliğinə xidmət edir. Ayrılıqda fərd olaraq müəlliflərin, ümumilikdə isə poeziyanın. 

 

İncəsənətin bütün sahələrində olduğu kimi bu sənət növünə də qeyri-peşəkarların müdaxiləsi sənətin gözəlliyini kölgələyir. Buna baxmayaraq, az sayda olsa da şeiri şeir kimi duyan, bədii qiraət sənətini ölməyə qoymayan imzalar, səslər var. Söz mənəvi dinclik tapdığımız, kövrək duyğularla örtünən ruhumuza sığal çəkən nəsnədi. O səbəbdən sözə, poeziyaya həmişə ehtiyacımız var. Məqamından, ovqatından asılı olaraq, könlünü ovundurmaq, daxili təlatümünü yatırtmaq, lap elə dincəlmək üçün məhz şeirə üz tutarıq. Həzinlik arayan ruhumuz o an rahatlığını bir səsdə tapar. Bir şeirin səsdəki ecazı işıq çiləyər ruhumuza...

Müsahibim səsi, qiraəti ilə ruhumuza işıq səpən Ayna Məmmədovadır.

Ayna xanım könlünü sözə verib, şeiri, poeziyanı dərindən duyur. Qiraət sənətini yaşatmağa çalışan az sayda qiraətçilərdəndir.  

 

- Xoş gördük, Ayna xanım!  Əvvəlcədən deyim ki, şeir duyumunuzu və qiraətinizi çox bəyənirəm. Hardandı sizdə bu qədər şeir, poeziya sevgisi? 

 

- Salam. Əvvəlcə sizə təşəkkür edirəm. Məncə bu həvəs, sevgi birdən birə olmayıb. Gözümüzü açandan hansısa səslər qulağımıza layla kimi gəlir. Bir az başa düşəndən sonra kiminsə səsi, özünü dərk etməyə başlayanda öz zümzümən xoşuna gəlir. Sevgi də Tanrının lütfüdür. Səs isə insanın daxili səsidir. Məncə şeirə sevgi də Tanrıdan gəlir, ərmagan kimi verilir. 

 

- Qiraətinizlə həm müəlliflərin, həm dinləyicilərin könlünü oxşayırsınız. Bu bir növ həm də sevinc bəxş etməkdir. O sevinci özünüz də yaşayırsınızmı?

 

- Sevinci nə zaman yasayiram - sair qiraəti dinləyir və boğazı düyünlənir, bəzən kövrəlir...Telefonumda coxlu sayda şairlərin kövrələrək minnətdarlıq etdikləri səslər var. Bu səslər daha təbiidir, səmimidir mənim üçün. Onda özüm də təsirlənirəm...

 

- Səsləndirdiyiniz şeirləri özünüz seçirsiniz, ya müəlliflər müraciət edir? 

 

- Özüm seçdiyim də olur, müraciət edənlər də. Seirdə hansısa söz məni "tutmalıdır". Bəzən sevdiyim bir seiri səsləndirənə qədər "qurban etdiyim seirlər" olur. Həmin şeir isə beynimdə hazırlanır, sonra səsə cevrilir . 

 

-Təəssüflə qeyd edim ki, çoxu qiraətin sənət olduğunu anlamır, ya qəbul etmir. Düşünürlər ki, fonda yanğılı musiqi, bir az kədərli səs qiraət üçün yetərlidir. Sizdə əksini hiss edirəm. Peşəkarlıq duyulur qiraətinizdən. Hansısa məktəb keçmisiniz? 

 

- Hec bir məktəb kecməmişəm. Amma cox qiraətciləri dinləyirəm. Özüm üçün nələrsə götürürəm. Bəzən bir sözün tələffüzü dinləyicidə ikrah da yarada bilər, sevgi də...

Əslində qiraət psixoloji məsələdi. Necə hiss edirəmsə, elə də səsləndirirəm. Məncə ürəkdən, səmimi qiraət sevilən olur.

 

- Bu bacarığı özünüzdə nə zaman hiss etdiniz və ya ruhunuzu şeir dilində dilləndirməyə nə vaxtdan ehtiyac duydunuz?

 

- Tələbəlik illərindən az- az səsləndirirdim. Sonra 7 il əvvəl ilk dəfə Baba Vəziroğlunun "Cix qatar yoluna" seirini səsləndirdim. O vaxtdan şeir qatarında gedirəm uzaq yolu. Hələ çatmamışam... 

 

- Məncə qiraətçi ən az şair qədər ruh halında olmalıdır. Siz necə düşünürsüz? 

 

 

- Bu birmənalı belədir... 

 

- Səsləndirməkdən imtina etdiyiniz şeir və ya şeirlər olubmu və hansı səbəbdən? 

 

-Bəli, olub! Zəif şeirlər olub, yaxud ürəyimə yatmayıb. 

 

- Siz həm də təhsil sahəsində çalışırsınız. Məlumat bölmənizdə iş fəaliyyətinizin bütünlükdə təhsillə bağlı olduğunun şahidi oldum. Sevərək yönəldiyiniz sahədir təhsil? 

 

- Təhsil sevdiyim sahədi. Uşaqlarla işləmək zövq verir. Bu qarmaqarışıq dünyada uşaqlar ən saf, məsum varlıqlardır.

Onlar həm də yaşam stimulu verir. Dünyada gözəl şeylər olmasa, yaşamaq çətin olar.

 

- Həm müəllim, həm məsul vəzifə daşıyıcısı olaraq çiyninizə böyük yük düşür. İş prosesində və ya işin sonunda müəyyən dərəcədə yorğunluq olması təbiidir. Bu halda poeziya köməyinizə gəlirmi, yorğunluğunuzu qiraətlə çıxara bilirsinizmi? 

 

- Əlbəttə poeziya, qiraət ruhumun dincəldiyi yerdi. Bu mənə enerji verir, stimulyator rolunu oynayır. Poeziya müalicəvi yox, amma sakitləşdirici dərmandı. Poeziya yaşaya bilmədiklərimizi yaşamaq üçündu. Qiraət isə bir terapiyadı. Hətta hərdən ağlıma gəlir ki, bir "Səsterapiya" mərkəzi də açmaq olar.

 

- Acınacaqlı haldır ki, bu gün "şairlərin" sayı artdığı kimi, "qiraətçilərin" də sayı artır. Əslində qiraəti sənət kimi dərk edən, yaşadan barmaqla sayıla biləcək qədər az imzalar, səslər var. Sizcə o qondarma çoxluq bu sənətin inkişafına mane olurmu? 

 

- Düz vurğuladıniz.Təssuflə qeyd edim ki, onların da dinləyicisi olur. Amma qiraət "bəsit musiqi dili" kimi olmamalıdı. Bu zövqü korlamaqdan başqa bir şey deyil. Amma Mirzə Ələkbər Sabirin dediyi kimi: 

Calxalandıqca, bulandıqca zaman nehrə kimi, 

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Bir şey də var ki, qondarma qiraətcilər peşəkarlığın daha da qabarıq görünməsinə də şərait yaradır, peşəkarlığın dəyərini aydın göstərir. Yəni, zaman hər şeyi yerinə qoyur ...

Sular durulur, dibindəki daşlar gorunur- Bəxtiyar Vahabzadə demişkən... 

 

- Nə vaxtsa səsləndirdiyiniz şeirləri bir yerə toplamaq, disk şəklində təqdim etmək fikriniz varmı? 

 

- Bəli, belə bir fikrim var. Bu bir neçə il ərzində məncə məhsuldar çalışmışam. Amma o qədər səsləndirmək istədiyim şeirlər var ki... Şeir var ki, mütləq Səsə çevrilməlidir. Şeir var ki, Səs üçün doğulur. Onları öldürmək olmaz... Söz səsə çevriləndə söz olur!

 

- Mən söhbətimizdən məmnun qaldım. Ümid edirəm ki, sizin də könlünüz azacıq da olsa rahatlıq tapdı. Sağ olun ki, söhbətdaşım oldunuz, bölüşdünüz... 

 

- Siz də var olun, Sevinc xanım! 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında sizə Aysel Fikrətin “Uçan xalça” hekayəsi təqdim edilir.

 

Doqquz yaşım olardı məktəbdən evə həmişə ürəyimdə bir ümidlə qaçırdım. Bəlkə bir qonaq gələr.

Evin ən kiçik uşağı olmaq içimdə daima darıxan birinin olduğunu yadıma salırdı. Pillələri dörd-dörd çıxırdım. Bir otaqlı evimizdə çox əşya olmazdı. Atam müəllim, anamsa evdar qadın idi. Anam həmişə mətbəxdə zümzümə edir, nəsə hazırlardı. Anam üçün əsas odur ki, axşamlar üçümüz də onun qurduğu süfrədə oturaq.bu ki gözəldi. Atamın gəlişi bayram olurdu. Amma yemək yedikdən sonra anam ev işi, atam yazı masasının başına  keçirdi, mən isə bomboş otaqda qırıq qollu gəlinciyimlə tək qalırdım.

Bir az özümdən nağıllar uydurub yatırdım.

İndi bilmirəm bu uşaqlıq illərinə gözəl demək olarmı, ya yox baxır ömür yollarında başına nə gəlir.

Yalnız bu boz və eyni zamanda ürəyimin ümidli və işıqlı vaxtlarından sizə kiçik bir əhvalat danışmaq istəyirəm.

Uşaqlıqdan uçan xalçaya inanırdım. Bizim bir köhnə xalçamız var idi. Onun üstündə oturub gözlərimi möhkəm yumurdum. Sanki buludlar ayaqlarımın altında əriyirdi, özümü dünyanı aşıb duyğulardan uzaqda hiss edirdim. Bunu yalnız mən bacarırdım.

Bir gün yenə dərsdən evə gəldim. Soyuq, bumbuz otağıma girəndə birdən-birə gözlərimə inanmadım. Otaq boyu dünyanın bütün rənglərini özündə birləşdirən xalça vardı. Yox, bu xalça deyildi sehrli rənglərin şöləsi idi. bütün otağımı tutmuşdu. Gün işığı otağa düşdüyündən rənglər divarlarda bərq vururdu. Nəfəsimə sığmayan xoşbəxtlik hissi məni bürümüşdü. Yan otaqdan anamın nəfəsini duyurdum, amma bu möcüzənin bitməyini istəmirdim.

Xəyallardan ayrılmaq istəmirdim. Otaqdan qaçıb anamı möhkəm qucaqladım. “Çox sağ ol” deməyi bilmirdim onda, amma anamın mənim özümə də deməyə qıymadığım sevgimi duyması məni uçururdu. Ürəyim sinəmə sığmırdı. Bir az keçdi, otağa dönəndə anam yerdən xalçanı yığırdı. Onu iri bir bağlama halına gətirib qucağına götürüb otaqdan çıxdı.

Sonra küçə qapısını açıb getdi. Bir müddət sonra qayıtdı, mətbəxə keçdi. Bütün bu vaxtı dəhlizdə kandarda oturub olanları sakitcə izləyirdim.

Uçan xalçalara inanmışdım onda. Mütləq bir xilaskar xalça məni arzularımın qanadında harasa çox uzaqlarda, yalnız gözəlliklərin olduğu bir dünyaya çəkib aparacaqdı.

İndi buradan baxınca, o çağlara boylananda anamın özgə evi üçün yuyub təmizlədiyi xalçanın heç zaman uça bilməməsi məni daha incitmirdi.

Qayıdım həmin günə. O gün axşam da yemək yemədim. Həyətə qaçdım. Var gücümlə qaçıb hamıdan uzaqlaşmaq istədim. Elə bilirdim ki, mənim indi bildiyim acı həqiqəti həyətimizdə bütün uşaqlar bilir.

Dərk edib anlayanda ki, anam qonşu evi üçün xalça yuyur, ev təmizləyir, həyətə düşüb uşaqlara tərəf qaçmadım. Tək-tənha ağacların ardında gizləndim. Uzaqdan işdən gələn atamı görəndə tutuldum. İlk dəfə idi onu görüb üstünə qaçıb sarılmaq istəmədim. Bu gün o, hər dəfəsindən daha yorğun, daha beli bükülmüş görünürdü.

Məhəlləmizdəki uşaqların mənim üstümdə baxışlarına kinim bir az da böyüyürdü.

Mən sonralar bütün bu ağrıları dəyişə bildim. Yalnız həmin gün ilk dəfə olaraq mən böyüdüyümü hiss etmişdim. İnsan xəyallarını itirə-itirə yaşa dolurmuş.

Mən həmin gün xalçaların uçmadığına əmin oldum. Böyüdüm.

Bəs sən nə zaman böyüdün?

Mənə öz hekayəni danış…

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər şey məktəbli ikən başladı. Təsadüfən o, fransız rəssamı Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış oldu. Və onda rəssamlığa müdhiş bir sevgi oyandı. Rəssamlıq məktəbində təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşdü. 1949–1954-cü illərdə Leninqradda yaşadı, Dövlət Ermitajında fəhlə kimi çalışdı. Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaq, rəsmlərin əhatəsində olmaq idi...

 

"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.

Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller almışdı…"

Bu, Lyubov Mircavadovanın, ünlü rəssamın xanımının xatirələridir.

 

Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlib. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırıb.

Burada 1 il çalışdıqdansonraişə gecikdiyi üçün 6 aymüddətində həbsedilib(o vaxt belə amansız cəzalar var idi)və Bayılhəbsxanasınagöndərilib.

1941-1949-cuillərdə MircavadovBakıdarəssamlıqməktəbində ilkrəsmtəhsilinialıb. Qeyd etdiyim kimi, 1949-cuildə təhsilinintamamladıqdansonrahəyatının Leninqrad dönəmi olub, 5 il Ermitajda çalışıb.  Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edib və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanıb. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və bədii birliyin əsasını qoyan Pyotr Petroviç Konçalovski olub.

Qeyd etdiyim kimi, Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı olub. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar olub.

Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə deyib:

"Mircavadov əsərlərində şeytanı dramatikləşdirmiş, onu güclü və bənzərsiz miqyasda təsvir edib. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib.  Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb.

O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb edib. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."

1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirilib. Növbəti sərgi isə Moskvada baş tutub. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunan fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.

1992-ci ildə o Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Kamal Talıbzadənin ədəbiyyatşünaslıq fəaliyyəti məhz milli-bədii və ədəbi-filoloji ənənəyə sədaqətin sabitliyi ilə seçilir. Məhz ona görədir ki, onun ən yaxşı tədqiqatları ədəbiyyat elmimizin milli problemləri sayılan və onun tarixində miqyaslı elmi şəkildə ilk dəfə irəli sürülən mövzulara həsr edilmiş əsərlərdir, xalqın fikir mədəniyyəti və onun tarixi barədə təsəvvürü zənginləşdirmiş olur" - Yaşar Qarayev

 

İdeoloji, basqıçı sosialist rejimində yaşamasına rəğmən  klassik bir ədəbiyyatşünas ömrü yaşayan, ömrünü xalqının ədəbi, mənəvi xəzinəsinin araşdırılmasına və çağdaş bədii təfəkkürünün təhlilinə həsr edən Kamal Talıbzadənin anım günüdür.

KamalTalıbzadə1923-cü il 14 avqustdaBakı şəhərində anadanolub. İlktəhsiliniburadaalanK.Talıbzadə sonralarAzərbaycanDövlətUniversitetininfilologiyafakültəsinibitiribvə 1945-ciildənetibarənAzərbaycanEA-nınNizamiadına Ədəbiyyat İnstitutundaelmifəaliyyətə başlayıb. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olub.

 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olub, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləyib.

 BDU-da, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs deyib. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Kamal Talıbzadə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, sədri olub.

1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olub.

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olub, Kamal Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının redaksiya heyətində fəaliyyət göstərib.

 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərib. 1972-ci ildə professor seçilib. İlk mətbuu əsəri - Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevə həsr etdiyi oçerki 1944-cü ildə "Azərbaycanın şanlı oğulları" kitabında çap olunub.

 

Əsərləri

1. Azərbaycan sovet ədəbiyyatı sülh və demokratika uğrunda

2. Abbas Səhhət

3. Qorki və Azərbaycan

4. XX əsr Azərbaycan tənqidi

5. Tənqidimiz haqqında qeydlər

6. M. Qorki haqqında məqalələr məcmuəsi

7. Ədəbi irs və varislər

8. Vətəndaş şair (Abbas Səhətin anadan olmasının 100 illiyi münasibətilə)

9. Sənətkarın şəxsiyyəti

10. Şaiqanə yad et (xatirələr, məqalələr, bədii əsərlər)

11. Azərbaycan ədəbi tənqidinin tarixi

 

1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilib. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilib.

 

 1985-ci illərdə "Bilik Cəmiyyəti", mükafatına layiq görülüb. 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunub.

 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın "Əmək veteranı" medalları ilə təltif edilib.  "Qabaqcıl maarif xadimi" fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya "Qızıl Qələm" mükafatını və "Kamaliyyə" diplomunu təqdim edib.

Alim 19 yanvar 2006-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Meyxanasevərlərin də öz kanonları var. Onlar üçün liderlər, əfsanələr sırasında Ağasəlim Çildağ və Nizami Rəmzi olaraq 2 ad daha çox səslənir.Bu gün Nizami Rəmzi barədə danışacağıq, onun anım günüdür bu gün.

 

"Nizami Rəmzi reformator kimi meyxananın məzmununu, bədii obrazlarını daha da zənginləşdirib, insanları, cəmiyyəti düşündürən, sosial problemləri əhatə edən mövzularla rövnəqləndirib" – belə deyib Xalq artisti Ağaxan Abdullayev.

Sevilən meyxana ustadı, şair-qəzəlxan, “Meyxana” folklor ansamblının yaradıcısı, ilk musiqili meyxananın təməlçisi Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil alıb. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub.

O, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlayıb. Sürücü işləməsinə baxmayaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olan meyxanaçı Ağasəlim ilə meyxana deyib. 1967-ci ildə Ticarət texnikumunu bitirib.

Nizami Rəmzinin yaradıcılığında əsasən Azərbaycan ədəbiyyatı, Bakı, Qarabağ müharibəsi, sevgi və siyasi-ictimai məsələlərə toxunub. Onun yaradıcılığına Əliağa Vahid, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq və Süleyman Rüstəmin yaradıcılığı təsir edib.

O, 1988-ci ildə "Meyxana" folklor ansamblını yaradıb. 1989-cu ildə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib.

Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olub. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirib, ilk dəfə də qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa edib

Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə alıb, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxuyub və bununla da caz-meyxana janrının təməlini qoyub.

O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

Bazar ertəsi, 19 Yanvar 2026 09:03

Xiyabandan gələn səs

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Bəzən bir səs olur — nə qışqırıqdır, nə də pıçıltı.

O səs zamanın içindən gəlir, daşların, torpağın, qanla yoğrulmuş yaddaşın altından süzülür.

20 Yanvar məhz belə bir səsdir. Şəhidlər Xiyabanından gələn səs…

 

1990-cı ilin 20 yanvar gecəsi Bakı yalnız bir şəhər deyildi. Bakı o gecə millətin vicdanı idi. Tankların palçıq kimi küçələrə axdığı, silahsız insanların güllə qarşısında sinəsini sipər etdiyi bir gecə… Sovet imperiyasının çökməkdə olan qüruru Azərbaycan xalqının oyanmış iradəsi ilə toqquşdu. Bu toqquşma qanla yazıldı, amma qorxu ilə deyil.

O gecə küçələrdə yalnız insanlar öldürülmədi. O gecə qulluq psixologiyası, susqunluq, itaət qorxusu da güllələndi.

Tankların səsi Bakını oyatdı, amma xalq artıq ayıq idi. Qadın, kişi, gənc, yaşlı — hamı eyni sualı verirdi: “Bu torpaq bizimdirsə, niyə bu güllələr bizə tuşlanır?” Cavab gecikmədi. Cavab şəhid qanı ilə verildi.

20 Yanvar faciədir, bəli. Amma o, yalnız faciə deyil — şərəf tarixidir. Çünki o gecə Azərbaycan xalqı ölümün üzünə dik baxdı və geri çəkilmədi. Silahsız əllər tankların qarşısında dayandı. Qaranlıq gecədə xalq öz yolunu tapdı — istiqlal yolunu.

Şəhidlər Xiyabanı bu gün sadəcə bir məkan deyil. Orası bir məktəbdir. Vətən dərsi keçirilən bir məktəb. Orada daşlar danışır, səssizlik hayqırır. Hər məzar bir ömürlük cümlədir:

“Mən öldüm ki, sən boynubükük yaşamayasan.”

Bu gün Xiyabana qalxan hər kəs təkcə gül qoymur. O, yaddaşını təzələyir. Tarix qarşısında hesabat verir. Öz-özünə söz verir ki, bu torpaq bir daha unutqanlıq ucbatından qan görməsin.

20 Yanvarın dərsi sadədir, amma ağırdır:

Azadlıq ucuz başa gəlmir.

Müstəqillik kağız üzərində yazılmır — qanla, canla, əzabla yazılır.

Bu gün azad Bakının küçələrində addımlayırıqsa, bu, 1990-cı ilin qaranlıq gecəsində işıq yandıranların sayəsindədir. Bu gün bayrağımız dalğalanırsa, bu dalğanın içində 20 Yanvar şəhidlərinin nəfəsi var.

Xiyabandan gələn səs bizə hər il eyni şeyi xatırladır:

Unutma.

Susma.

Boyun əymə.

Çünki unutqan xalq yenidən yaralanar.

Amma yaddaşlı xalq heç vaxt diz çökməz.

Ruhunuz şad olsun, 20 Yanvar şəhidləri.

Siz ölmədiniz — Azərbaycanı oyatdınız.

Xiyaban susmur.

20 Yanvar təkcə keçmiş deyil.

O, hər dəfə biganə qalanda bizi silkələyən bir xəbərdarlıqdır.

O, hər dəfə azadlığı adi bir sözə çevirəndə qarşımıza dikilən şəhid baxışıdır.

Şəhidlər Xiyabanı susmur.

Oradan gələn səs deyir:

Azadlığı qorumaq onu qazanmaqdan daha çətindir.

Vətəni sevmək təkcə bayram günlərində yox, məsuliyyət anlarında ölçülür.

Bu xalq bir gecədə imperiyanın qarşısında əyilmədi.

Deməli, bu xalq heç vaxt kölə doğulmayıb.

Sadəcə bəzən xatırladılmağa ehtiyacı var.

20 Yanvar bizə bir həqiqəti əbədi yazdı:

Qanla yuyulan yol geriyə dönmür.

Bu səsi unutmayaq.

Bu səsi boğmayaq.

Bu səsi gələcək nəsillərə ötürək.

Çünki Xiyabandan gələn səs susarsa,

tarix danışar —

və tarix susanları bağışlamaz.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Bazar ertəsi, 19 Yanvar 2026 14:28

Nə üçün klassiklər darıxdırıcıdır?

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Klassik ədəbiyyatın müasir oxucu, xüsusilə gənc nəsil tərəfindən "darıxdırıcı" kimi qəbul edilməsi ədəbiyyat təhsilinin ən ciddi problemlərindən biridir. Nizami, Tolstoy, Şekspir, Dostoyevski kimi nəhəng sənətkarların əsərləri niyə bu qədər çətinliklə oxunur?

 

İlk və ən açıq problem dil fərqidir. Klassik əsərlər öz dövrünün dili ilə yazılıb və bu dil müasir danışıq dilindən əhəmiyyətli dərəcədə fərqlənir.

Nizaminin "Xəmsə"si ərəb-fars leksikası ilə zəngindir, sintaktik strukturlar mürəkkəbdir, metaforik dil çoxqatlıdır. XII əsr Azərbaycan dilini bilməyən müasir oxucu üçün bu əsərləri orijinalda oxumaq demək olar ki, mümkün deyil. Hətta müasir dildə edilmiş izahlar və tərcümələr də oxucunu tam məna ilə tanış etmir. Rus klassikləri də oxşar problemlə üzləşir. Puşkin, Lermontov dilində arxaik sözlər, köhnə qrammatik konstruksiyalar, XIX əsrə xas ifadələr var. Müasir gənc üçün bu, əlavə əqli səy tələb edir və oxu prosesini ləngidir. Klassik ədəbiyyatın təsvir üslubu müasir oxu vərdişlərinə uyğun gəlmir. XIX əsr romanları ətraflı təbiət təsvirləri, uzun daxili monoloqlar, fəlsəfi müzakirələrlə doludur. Tolstoy-un "Müharibə və sülh" romanında onlarla səhifə yalnız təbiət mənzərəsinə həsr olunub.

Müasir oxucu isə dinamik süjet, qısa səhnələr, sürətli hadisə inkişafı gözləyir. Rəqəmsal mədəniyyət insanın qavrayış sürətini dəyişib. TikTok, Instagram Reels, Twitter - bunlar qısa, sıx, dinamik məzmun formalarıdır. Bu şəraitdə klassik romanların "yavaş" ritmi yorucu görünür. Klassik əsərlər öz dövrünün məhsuludur və o dövrün sosial münasibətlərini, adət-ənənələrini, dəyərlər sistemini əks etdirir. Müasir oxucu bu konteksti bilmədiyi üçün əsərin çox təbəqəsini qaçırır. Dostoyevski-nin "Cinayət və cəza" romanında XIX əsr Petersburg cəmiyyətinin sosial strukturu, Nizami-nin "Leyli və Məcnun"unda orta əsr sevgi anlayışı, Şekspir-in dramlarında Renessans dövrü siyasi münasibətləri bunları anlamaq üçün müəyyən tarixi və mədəni biliklər lazımdır.

Oxucu bu biliklərdən məhrum olduqda, əsərin motivasiya strukturunu, personajların davranış səbəblərini, konfliktlərin mahiyyətini tam başa düşmür. Nəticədə əsər maraqsız görünür.

Klassiklərin "darıxdırıcı" reputasiyası əksər hallarda məktəb təhsili ilə bağlıdır. Əsərləri məcburi şəkildə, test imtahanına hazırlaşmaq məqsədilə oxumaq, onları zövq əvəzinə öhdəliyə çevirir.

Ədəbiyyat dərslərində klassik əsərlərin təhlili çox vaxt formalist xarakter daşıyır. "Obrazlar sistemi", "ideya-məzmun", "kompozisiya xüsusiyyətləri" - bu terminoloji aparatı mənimsəmək gərək, amma əsərdən həzz almaq gərək deyil.

"Müəllif nə demək istəyib?" - bu sual nəsillər boyu gəncləri klassiklərdən uzaqlaşdırıb. Çünki oxucu sadəcə hekayəni izləyib, emosional reaksiya verib, amma tələb olunur ki, müəllifin "gizli məqsədini" tapıb, onu müəyyən şablona salsın. Klassik əsərlərin çoxu psixoloji cəhətdən mürəkkəbdir. Personajların daxili dünyası, motivasiya strukturları, emosional dinamikası dərindən təhlil olunur. Bu, diqqətli, yavaş oxu tələb edir.

Dostoyevski-nin qəhrəmanlarının daxili monoloqları, Prustun "İtirilmiş zamanın axtarışında" yaddaş və şüur axını texnikası, Coys-un "Uliss"ində şüur axını - bunlar insan psixologiyasının ən dərin təbəqələrini əks etdirir, amma bunu qavramaq üçün oxucu hazır olmalıdır. Müasir gənc, sürətli məlumat istehlakına öyrəşmiş, bu tip ləng, düşündürücü, psixoloji dərin mətnlərdə çətinlik çəkir.

Klassik romanların əksəriyyəti həcm etibarilə böyükdür. "Müharibə və sülh" 1200 səhifə, "Qaramazov qardaşları" 800 səhifə, "İdiot" 600 səhifə. Müasir gənc üçün bu həcmlər başlı-başına qorxuducudur.

Hal-hazırda populyar olan romanlar adətən 250-400 səhifədir. Oxucu bir-iki həftəyə bitirə bilir, nəticə görür, motivasiya saxlanır. Klassik nəhəng romanlar isә aylarla oxu tələb edir və bu, motivasiyanı azaldır.

Xarici klassikləri tərcümədə oxuyuruq və tərcümənin keyfiyyəti oxu təcrübəsinə birbaşa təsir edir. Köhnə, qeyri-peşəkar, leksik cəhətdən köhnəlmiş tərcümələr əsərin qavranılmasını çətinləşdirir.

Şekspir-in sovet dövründə edilmiş tərcümələri indiki gəncin dili ilə uyğun gəlmir. Yeni, müasir dildə, dinamik tərcümələr isə əsərə marağı artırır. Təəssüf ki, belə tərcümələr hələ kifayət qədər deyil.

Müasir ədəbiyyat və media məhsulları oxucuya rahat istehlak təcrübəsi təqdim edir. Netflix serialları sürətli süjetlə, qısa epizodlarla, dinamik hadisələrlə diqqəti saxlayır. Bestseller romanlar sadə dillə, aydın süjetlə, müasir mövzularla yazılır. Klassiklər bu fonunda çətin, yavaş, əlçatmaz görünür. Oxucu səy göstərməli, konsentrasiya etməli, düşünməlidir. Müasir istehlak mədəniyyəti isə asan, sürətli, rahat təcrübə vəd edir. Məktəbdə klassikləri funksional məqsədlə oxuyurlar - imtahan, test, attestasiya. Estetik zövq, şəxsi maraq, emosional təcrübə ikinci planda qalır. Bu, klassiklərə münasibəti pozur.

Oxucu "oxumalıyam" hissi ilə yanaşanda, əsər öhdəliyə çevrilir. Zövqlə, könüllü şəkildə oxuyanda isə eyni əsər tamam fərqli qavranılır.

Problem klassiklərdə deyil, onların təqdim edilməsi və təhsil sistemində yerləşdirilməsindədir. Yaxşı müasir tərcümələr, maraqlı şərh və təqdimat, müasir adaptasiyalar, film və tamaşa versiyaları klassikləri yenidən canlı edə bilər. Məsələn, "Romeo və Cülyetta"nın müasir film versiyası gəncləri orijinal əsərə yönəldir. Nizami haqqında keyfiyyətli sənədli film, podcast seriyası marağı artıra bilər. Klassiklərin qrafik roman formatında təqdimi də effektiv üsuldur. Klassiklər özlüyündə darıxdırıcı deyil. Onlar darıxdırıcı görünür, çünki müasir oxucuya düzgün təqdim edilmir, təhsil sistemində səhv metodlarla tədris olunur, dil və mədəni bariyerlər aradan qaldırılmır.

Klassik ədəbiyyat bəşəriyyətin mədəni irsinin zirvəsidir və hər nəsil onu yenidən kəşf etməlidir. Amma bu kəşf məcburi deyil, könüllü olmalıdır. Klassikləri sevdirmək üçün onları əlçatan, başa düşülən, emosional cəhətdən yaxın etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur”, - deyə Anar Ələkbərov bildirib.

Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.

Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.

O vurğulayıb ki, bu möhtəşəm bina və onun memarlığı sərgi üçün ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır. Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir.

Kerol Förmen qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər su mövzusuna həsr olunub.

“Su insana həyat verir, qidalandırır, təmizləyir və dəyişdirir. Silsilədə suyun çoxşaxəli təbiəti, eləcə də insanın bu vacib ünsürlə qurduğu mürəkkəb münasibətlər müxtəlif bədii yozumlarla təqdim olunub. Xüsusi məna daşıyan əsərlərimdən biri üzgüçü qadın obrazıdır. Bu əsəri həyatımın ən çətin dönəmlərindən birində yaratmışam. Bu obraz mənim üçün yenidən ayağa qalxmağın və dözümlülüyün simvoludur”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Suda yenidən doğulanlar” sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir.

Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir.

Müəllifin “Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunub.

Kerol Förmen güclü realist təsirə malik heykəllər yaratmaqla məşhurdur, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır.

Bakıda təqdim olunan “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir.

Kerol Förmenin əsərləri indiyədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue” və “Central Park”, Nyu-Orleanda “Poydras Corridor”, Parisdə isə “Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Bazar ertəsi, 19 Yanvar 2026 15:42

Elvin Bakiroğlunun “Novruz sayıqlamaları”

 

Sərvanə Dağtumas, ədəbiyyatşünas. “Ədəbiyyat və incəsənət” üçün

 

Mədəni kodların dekonstruksiyası: Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində postfolklor və folklorun emosional qatları

 

Məqalədə müasir ədəbiyyatımızın gənc nümayəndəsi hesab olunan şair Elvin Bakiroğlunun  “Novruz sayıqlamaları” şeiri çağdaş poeziyamızda fərdi şüurun milli bayram motivləri ilə toqquşması kontekstində təhlil edilir, Novruz bayramı ritualları ənənəvi simvollardan dekonstruktiv şəkildə ayrılır, fərdi, psixoloji və fəlsəfi təcrübənin daşıyıcısına çevrilir.

 

“Novruz sayıqlamaları” şeirində Novruz bayramı yalnız bir təqvim bayramı deyil, eyni zamanda iztirabların, xatirələrin və hisslərin “bayramıdır”. Bugünə qədər gənc şairin yaradıcılığı akademik səviyyədə tədqiq olunmadığı üçün tədqiqata ciddi ehtiyac var. Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində “sayıqlama” anlayışı lirik qəhrəmanın daxili dünyasının xaotik və qeyri-sabit ruhani vəziyyətini ifadə edən əsas konseptual açardır. Bayramın yaratdığı atmosferlə lirik qəhrəmanın psixoloji durumu kontrastdır. Bayram ritualları daxili tənhalığın, fərdi itkilərin simvolu, ağrıların və əzabların fəslidir. “Sayıqlama” ifadəsi şeirdə çoxqatlı simvol kimi çıxış edir, həm psixoloji vəziyyət, həm də poetik dilin quruluşudur. Bu şeir çağdaş poeziyamız üçün yenilikdir. Müasir ədəbiyyatımızda folklor yeni şərtlər daxilində formalaşır və bu ədəbi proses postfolklor adlanır. Belə ki folklor ənənəvi kontekstdən uzaqlaşaraq, yenidən qurulur, fərdiləşdirilir. Nəticədə folklorşünaslıq elminə başqa pəncərə açılır. “Novruz sayıqlamaları” şeirində klassik motivlər dekonstruksiyaya uğrayır. Burada subyektiv təcrübə ön plandadır, insan varlığının dialektikası araşdırılır, təsəvvürümüzdəki Novruz bayramı motivi “dağılır”, bayram anlayışı iztirab, tənhalıq, nakam sevgi və daxili boşluqla assosiasiya olunur, lirik qəhrəmanın hissləri, sarsıntıları təsirli dillə ifadə olunur. Şeirdə folklor elementləri olduğu kimi təkrarlanmır, subyektiv psixoloji təcrübəyə uyğunlaşdırılır, kollektiv yaddaşdan fərdi yaddaşa doğru transformasiya edilir, kollektiv yaddaşa duyğusal kodlar yüklənir. Folklor arxaik yaddaş olmaqla bərabər şəxsi itkinin və mətnin semantik qatlarının formalaşmasında canlı və yaradıcı mənbə rolunu oynayır. (folklorun poetik transformasiyası)  Məqalədə əsas diqqət Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində mədəni kodların və bayram rituallarının dekonstruksiyası, postfolklor və folklorun emosional qatlarının tədqiqinə yönəlib. 

Müasir poeziyamızın görkəmli nümayəndələrindən biri olan şair Elvin Bakiroğlunun poetik dünyası dərin fəlsəfi düşüncələrlə, fərqli duyğuların dinamikası və emosional qatlarla zəngindir. Şairin yaradıcılığı çoxşaxəli düşüncə modelləri və tematik rəngarəngliyi ilə seçilir. O, “Bizim keçmişimiz əl-ələ gəzir”, “İnsan da Vətəndi, demişdim axı”, “Elə sındım, bircə dənə Şüşəm tapılmadı, anam”,  “Gəlib ömrümüzü yeyən adamlar”,  “Sevginamə”,  “Sevginin bir üzü qaradı həmişə”,  “Domino”, (“Oyun daşı kimiyik”)  “Dənizə daş atmayın, Dalğalar yaralanar”,  “Şükür birinci sözə, Şükür şükrün özünə”,  “Sənin üçün tapmışam Ürəyimdə iş yeri”,  “Novruz sayıqlamaları” və s. hisslərlə aşıb daşan şeirlərin müəllifidir. Xatirələri, yaşanmışlıqları yada salmaq, daxili boşluq və tənhalıq hissləri  onun yaradıcılığının əsas xəttini təşkil edir.

Müasir ədəbiyyatımızda bir çox arxetiplərə fərdi, intim, duyğusal və travmatik kodlar yüklənir. Ənənəvi anlamda dirçəliş, təbiətin oyanışı və ruhsal təmizlənmə ilə assosiasiya olunan Novruz bayramı motivləri çağdaş ədəbiyyatımızda fərqli prizmada təqdim olunur. Şair Elvin Bakiroğlu “Novruz sayıqlamaları” şeirində Novruz bayramını fərdi itki, iztirab, ekzistensial boşluq, tənhalıq və ayrılıq kontekstində təqdim edir, bayram anlayışını dekonstruksiyaya uğradır, fərdi yaddaşın poetikasını formalaşdırır və ədəbiyyatda yeni mərhələ yaradır. (postfolklor)

Mədəniyyətimizin əsas fiquru hesab etdiyimiz Novruz bayramı təqvim hadisəsi olmaqla yanaşı, kollektiv yaddaşın, özünüdərkin və mənəvi kimliyin bir hissəsidir. Sovet dövründə Novruz bayramının keçirilməsi ilə bağlı qoyulan qadağalara baxmayaraq, ədəbiyyatşünas, mərkəzi komitənin katibi rəhmətlik Şıxəli Qurbanovun 1960-cı illərdə başlayan mübarizəsi, çoxsaylı cəhdləri və böyük zəhməti nəticəsində maneələr aradan qaldırılır, milli bayramımız “bəraət” alır. “Mərkəzi Komitənin 1-ci katibi Vəli Axundov da Şıxəli Qurbanovu təhlükəli iş gördüyü barədə xəbərdarlıq etdi, amma o, geri çəkilmədi”. [7].

Bugün milli kimliyimiz olan Novruz bayramını xalqımız yaşadır, adət-ənənələrimizi unutmur. Novruz bayramı yalnız bayram deyil, eyni zamanda xalqımızın toplumsal yaddaşının formulu, yenilənmə və sosial birlik bayramıdır. Milli, fəsil və təqvim bayramı kimi təsnif olunan Novruz bayramı struktur etibarilə arxaik ritual hesab edilir. 

Şair Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində Novruz bayramı yarımçıq qalmış sevgi, sağalmayan yara, tənhalıq və milli dəyərlərə şəxsi hisslərin yüklənməsinin simvoludur. Şeir daxili monoloq üzərində qurulub. Şeirin iki qəhrəmanı var: qəhrəmanın daxili “mən”i və onun gözlədiyi insan. Lirik qəhrəman gözünü yolda qayan şəxslə “həmsöhbət olur”, hisslərini öz içində basdırmır, əksinə ifadə edir, nə hisslər keçirdiyini dilə gətirir, ancaq biz qarşı tərəfin səsini eşitmirik. O, kədərlidir, dinləyicisindən cavab gözləmir, özü danışır, keçirdiyi hissləri ürəyində, ruhunda yük olaraq, gəzdirmir, paylaşır, dərdləşir. Şərt deyil ki, qarşı tərəf ona reaksiya versin, onun sadəcə dinlənilməyə ehtiyacı var. Hamı bayram abu-havasındadır, xoşbəxtdir, ondan başqa. (psixoloji dissonans) Qəhrəmanımız xoşbəxt deyil, sevinmir, əksinə keçmişdən, ayrılıqdan danışır, onda çatışmayan, yarımçıq qalmış və tamamlanmağa ehtiyac duyduğu nəsə var. Sanki ruhunda bir yara var, o yara sağlamır, üstü açıq qalıb, həmişə göynəyir, ən çox da o yaraya basanda. Ruhundakı o yara artıq “infeksiya qapıb”, “iltihablaşıb”, qəhrəmanımız “psixoloji infeksiya”ya “yoluxub”. Onun üçün Novruz yenilənmə deyil, köhnəlmiş hisslərin (bəlkə də həmişə təzə) xatırlanması və keçmişdən gətirdiyi yüklərin toplusudur. Onun ətrafındakı insanlar bayram sevincini yaşadıqları halda, o, daxili tənhalığı və iztirabları ilə baş-başadır. Qəhrəman sanki “ekzistensial sancı” çəkir, eləcə də cəmiyyətdən özünü “ekzistensial təcrid” edir.

Novruz bayramı insanın ruhunu yenilədiyi halda, lirik qəhrəmanın ruhu “köhnəlib”, “iltihablaşmış” ruhsal yarası sağalmır. O, əsl sevgini, sevinci təqvimlə deyil, sevgi ilə ölçür, yəni sevgi dolu keçən hər günümüz bayramdır, insanın xoşbəxt olduğu gün elə bayram günüdür. Əsl bayram ildə bir dəfə qeyd olunmur, sevdiyin, yanında özünü xoşbəxt hiss etdiyin şəxslə keçirdiyin və dəyər gördüyün hər gün elə bayramdır. Şeirdə bayram zamanın sərhədlərini aşır, bu ənənənin yaratdığı təəssüratlar dekonstruksiyaya məruz qalaraq, fərdi eksperimentə əsaslanan yeni bir bayram- tənhalığın ayini, “daxili təqvim” anlayışı yaranır. Lirik qəhrəman da bu səbəbdən Novruz bayramını yenilənmə və ümid simvolu kimi görmür, əksinə, öz itkilərini, daxili qaranlığını yaşayır, onun üçün Novruz bayramı yalnız təqvimə görə “bayram”dır. Bayram ritualları əsl mahiyyətini itirir və fərdi tənhalıq təcrübəsinə çevrilir. Lirik qəhrəmanın şüuru sabit deyil, “sayıqlayır”, yaşadığı acı təcrübələr və yarımçıq qalmış hissləri onun nəzərində bayram anlayışını deformasiyaya uğradır. Bəs onun “daxili təqvim”i hansı fəsildədir? O hisslərini kiminlə paylaşır, kimi gözləyir, kimə səslənir? Onu kim intizarda qoyub? Sevgili? Özü? İtirdiyi uşaqlığı?

Novruz bayramı şeirdə sağalmayan yara, travma və daxili boşluğun rəmzidir. Bahar təbiəti çiçəkləndirir, ancaq qəhrəmanın yarasını qanadır. Kəpənək azadlığın və müvəqqəti həyatın rəmzidir. Qaranquş isə müjdəçi deyil, əksinə sükuta qərq olub, yaz fəslinə qarşı laqeyddir. Şeirdə yazın “müştəri” kimi təqdim olunması ironikdir:


Bu bayram keçdi sənsiz,

Keçdi bu bayram belə.

Novruz bahar gətirdi,

Gül açdı yaram belə.

Axışdı kəpənəklər

Yaza müştəri kimi.

Göyərdi səmənilər

Yaramın yeri kimi.

Səndən xəbər də yoxdu,

Gətirməyib qaranquş.

Sənsiz qaranquşun da

Yazdan xəbəri yoxmuş. 

 


Novruz bayramına məxsus adət-ənənələr şeirdə fəlsəfi, psixoloji və subyektiv müstəvidə yenidən qurulur, mədəni kodlar, folklor elementləri dekonstruksiyaya uğrayır, bayram ritualları poetik məkanda ilkin funksiyasından uzaqlaşır, daha çox fərdi təcrübəyə əsaslanır və yenidən məna qazanır. (Jak Derridanın “dekonstruksiya nəzəriyyəsi”) Bayram harmoniyası balanslı deyil, sevincin yerini kədər tutur, bayramın olması xoşbəxt olmaq üçün yetərli deyil, çünki lirik qəhrəman daxilən xoşbəxt deyil. Onun üçün zaman irəliləmir, dəyişən tək şey təqvimdir, rəqəmlərdir, hissləri isə donub, “daxili təqvim”i geridə qalıb. Novruz bayramının rəmzləri ənənəvi kontekstdən çıxarılır, metaforik mənalara çevrilir və fərdin daxili aləmini, ruhi vəziyyətini ifadə edir, milli motivlər, rituallar, adət-ənənələr yenidən kodlaşdırılır. (kulturoloji dekonstruksiya)

“Novruz sayıqlamaları” şeiri çoxqatlıdır, hisslər xaotikdir, bayram ritualları və folklor elementləri yenidən fərqli formada təqdim olunur. Novruz bayramı itki və tənhalıqla paralel şəkildə təqdim olunur. Şeirdə bəhs olunan Novruz bayramı rituallarından biri səmənidir. Səməni yeni həyatın, yaradılışın rəmzi, xoşbəxt taleyin ifadəsidir. Səməni bir növ qadını, reproduktivliyi, su isə kişini, dölləndirməni, nəsil vermə qabiliyyətini simvolizə edir və son çərşənbədə cücərdilir. “Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu”. [5, s.77].

Səməni eyni zamanda ağac kultu ilə bağlıdır, məhsuldarlığı, təbiəti və bərəkəti bitki kontekstində (yaşıllıq) ifadə edir. Şeirdə isə səməni iztirabın, acıların psixosimvolik ifadəsi, əbədi yara və sağalmayan keçmişin izləridir. Burada səməni bioloji yenilənmə deyil, əksinə psixoloji əzabların təkrarıdır.(“Göyərdi səmənilər Yaramın yeri kimi”)

Bayramın əsas rituallarından biri də tonqaldır. Çərşənbə tonqalları köhnə ili yola salma, təmizlənmə, fiziki (“ağırlığım”) və mənəvi ağırlığın (“uğurluğum”) “odda qalanması”, Novruz bayramı tonqalı isə təzələnmə, yeni ili qarşılama funksiyasını daşıyır və bu tonqalın üzərindən tullanmaq olmaz. Tonqal bir növ ruhani əcdadların kosmik aləmə keçidinin arxaik ifadəsidir. “Tonqalın odu həm də şər qüvvələri, şər ruhları - qara divi, şəri, pis nəzəri evdən-ailədən uzaqlaşdırır”. [5, s.119].

 “Novruz sayıqlamaları” şeirində bayram sevincinin arxasında gizlənən əzab “tonqal”la şifrələnir. Tonqal ruhani təmizlənmə, qurbanvermə deyil, əzab və bitməyən həsrətin simvoludur. Tonqal ritualının icrası zamanı ritual qəhrəmanı öz “mən”ini Tanq Tenqriyə qurban verir, bununla da bütövləşir və nəticədə müqəddəsləşir, od mərasimindən keçərək, yetkin fərd kimi formalaşır, şəxsiyyətə çevrilir. Tonqal lirik qəhrəmanın daxilini alovlandıran və sönməyən ağrıların metaforası, (sayıqlamanın poetikası) onun daxili dünyası, depressiv durumu və mənəvi əzablarının ifadəsidir. (ritualın psixososial semiotikası) Tədqiqat zamanı aydın olur ki, bayramın milli ritualı (tonqal) psixoloji simptom səviyyəsinə endirilir.

Kosa ilə keçəl bayramın rəmzlərindən biridir. Kosa qışla yazın birgə rəmzidir, yazı yaradan qışdır, üzü tüksüzdür, inisiasiya ritualından keçərək, (“ölüb-dirilərək”) sakrallaşır, xaosdan kosmosa keçidi ifadə edir. Keçəlin isə başı tüksüzdür, o, qışı təmsil edir, mediatordur, kosaya yol göstərəndir, yəni onun səmavi dünyaya keçidində, spiritual səyahətində vasitəçidir. “Maskalarda qoyun, keçi və ya quzu dərisindən istifadə olunur. Bu da ritualın şamanist və ya totemist mənşəyi haqqında düşünməyə ipucu verir”. [4, s.35].

Kosa və keçəl şeirdə ironik olaraq, təsvir olunub: həyat lirik qəhrəmanı kosa ilə keçəlin ixtiyarına buraxıb, yəni qəhrəmanımız öz taleyi üzərində kontrolunu itirib, onların “əlində qalıb”. 

Novruz adətinə görə, bayram süfrəsinə yeddi növ nemət qoyulur. Yeddi rəqəmi numerologiyada müqəddəs və sakral rəqəm hesab olunur, kainatın birliyini simvollaşdırır. Bayram süfrəsindəki həmin nemətlər yaradılış ideyasını əks etdirir, həmçinin nemətlərin sayı da ritualın mahiyyətinə işarədir. “Yumurta həyat, doğuluş rəmzidir. İndiki halda xəbərin, taleyin doğuluşunu sımvollaşdırır”. [5, s.161].

 “Səkkizinci nemət” ifadəsi şeirdə metaforik çatışmazlıq duyğusu yaradır və fərdi iztirab kollektiv ənənənin tamamlanmasını əngəlləyir. (sayıqlamanın poetikası) Burada lirik qəhrəmanın süfrəsində çatışmayan “səkkizinci nemət” harmoniya və kamilliyin rəmzidir. O, “səkkizinci neməti”-qarşı tərəfi (fikrimizcə, özünü) gözləyir. Bu ritual da semantik transformasiyaya uğrayır. Qəhrəman tamamlanmaq ehtiyacı duyur və onu tamamlayan birini (?) gözləyir:


Bir tonqal qalamısan

İçimdə, gəl görəsən.

Bəlkə özün tullanıb

Xeyir-dua verəsən.

Qalmışam bir kosayla

Bir keçəlin əlində.

İki can arasında,

Bir əcəlin əlində.

Süfrəmdə yeddi nemət

Çatışmır səkkizinci.


Novruz bayramının rituallarından biri hesab olunan yumurta döyüşdürmək bayramın yaradılış fəlsəfəsinin ifadəsidir. Bu ritual mifologiyada dünyanın yaradılışının və xaosdan (mifopoetik) kosmosun yaranmasının (kosmogenetik) simvoludur. Yaradılışı təmsil edən yumurta bayramda da eyni funksiyasını yerinə yetirir, öz rolunu qoruyub saxlayır. Lirik qəhrəmanımız  isə bayram ənənəsini “pozur” və yumurtaları məcbur qalıb özü ilə “toqquşdurur”, çünki qarşı tərəf yoxdur, o qədər özünü tənha hiss edir ki, öz tənhalığının içində boğulub qalıb. O, rəngli yumurtalarla özünü cəzalandırır və özünə əziyyət verir. (sayıqlamanın poetikası)

Bayramın digər ritualı hesab olunan papaq atmaq motivi bölüşdürməyin, paylaşmağın və bərəkəti yaymağın rəmzidir. Papaq atmaq eyni zamanda həm oyunu, həm də şadlığı simvolizə edir. Şeirdə isə papaq atmaq ümid və nostalji duyğuların simvoludur.  Lirik qəhrəman gözünü yolda qoyan şəxsin “papaqdan çıxması” arzusu ilə yaşayır. Burada xəyalla ilə gerçəklik arasında sərhəd pozulur, qəhrəman uşaq oyununa bənzər fantaziyanın içində ilişib qalır və reallıqla barışa bilmir. O, reallıqdan qaçır və xəyala sığınır. (sayıqlamanın poetikası) Şeir məntiqin dağılmağa başladığı duyğusal vəziyyəti təsvir edir, şeirin  dili şüur axınına və parçalanmış düşüncə ritminə uyğun yazılıb, mətn məntiqini itirmiş simvollar və absurd, paradoksal təsvirlərlə zəngindir. (“Gözlərinin qarasın Axtarıram aşımda”) Lirik qəhrəman sevginin izini, kölgəsini gündəlik həyatın içində axtarır. Şair lirik qəhrəmanı danışdırır, bayramı "məntiqsiz" saymır, amma bayramın kollektiv sevincinin fərdi əzablar qarşısında mənasızlaşdığını təsvir edir:


 


Sevincimin ürəyi,                                                           

Ürəyimin sevinci.

Gözlərinin qarasın

Axtarıram aşımda.

Rəngli yumurtaları

Qırıram öz başımda.

Ümid varsa, qapıya

Papaq atmaq çox asan.

Elə istəyirəm ki,

Papaqdan sən çıxasan...


 


Görəsən, bayram bir fərd üçün nəyi ifadə edir? Hamı üçün bayram anlayışı sevinclə, xoşbəxtlikləmi assosiasiya olunur? Yoxsa bayram fərdin ruh halı ilə ayaqlaşır? Şair bu suallara birbaşa cavab vermir,  hər misrası ilə bu cavabı bizə hiss etdirir. Lirik qəhrəmanı “sənsizlik” adlı yaz üşüdür, qəlbində “yandırdığı” tonqal belə onu isitmir, qaranquşlar xəbər gətirmir, yumurtanı toqquşduracaq birini tapmır, papaqdan “gözlədiyi şəxs” də çıxmır.  O, qarşı tərəfi (fikrimizcə, özünü) gözləyir və ona sanki öz daxili dünyasından sayıqlayan şüuru ilə səslənir. Bir tərəfdən keçmişdəki “mən”indən qaçır, digər tərəfdən olmaq istədiyi və ya itirdiyi “mən”ini gözləyir, yenidən doğulmaq, özünü tapmaq, tamamlanmaq (spiritualizm) istəyir.

Gənc şair Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində Novruz bayramına və bayramın rituallarına yalnız milli hadisə kimi deyil, həm də şəxsi hisslərin və ruh vəziyyətinin ifadə vasitəsi kimi yanaşılır. Müəllif burada bayram atmosferini deyil, səssizlik və tənhalığını önə çıxarır. Şair folkloru olduğu kimi təqdim etmir, ona öz duyğularını da qatır, şəxsi əzabı kollektiv şüurun fonunda göstərir, folkloru sabit arxaik mənbə kimi deyil, dəyişkən və yaradıcı potensiala malik simvolik sistem kimi təqdim edir. O, Novruz bayramı təsvirlərini subyektiv kontekstə daşıyır, milli, mədəni kodları və folklor motivlərini fərdi təcrübə ilə ifadə edir. Novruz bayramı təqvim bayramı kimi sanki sükunətin içindən boylanır, bayramın gətirdiyi sevinc və yenilənmənin fonunda lirik qəhrəmanın içində sayıqlamalar yaradır. Sayıqlama nizamsız, məntiqsiz, şüurdan kənar düşüncə axını, reallıqla xəyalın qarışdırılmasıdır. Bədii ədəbiyyatda “sayıqlama” anlayışı yalnız xəstəliyin, narahatlığın əlaməti kimi deyil, reallıqdan qopmuş şüurun dili, ruhi dağınıqlığın və şüur axınının poetik forması kimi işlənir. Elvin Bakiroğlu “sayıqlama” anlayışını şeirdə bədii texnika metodu kimi ifadə edib. Müəllif bu metoddan istifadə edərək, lirik qəhrəmanın ağlını deyil, qırılmış könlünü, ruhunu danışdırır. O, qəsdən məntiqi, nizamı pozur, xəyalla reallığı qarışdırır, lirik qəhrəmanın məntiqsiz, xaotik duyğularını və düşüncələrini poetik şəkildə təqdim edir. Sayıqlayan özü deyil, qəhrəmanıdır, özü birbaşa xəyal görmür, amma xəyal səhnəsini canlandırır.

Novruz bayramı adətən yenilənmə və yazın gəlişi ilə assosiasiya olunsa da, bu şeirdə bayramın gətirdiyi kollektiv sevinc fərdi şüurun paradoksal və narahat vəziyyəti ilə toqquşur, ekzistensial ziddiyyət təşkil edir. (toplumsal şüurla fərdi şüur arasındakı konflikt)  Lirik qəhrəman üçün Novruz bayramı baharın deyil, sayıqlamaların, narahatlığın, ruhi çaxnaşmanın və paranoyak düşüncələrin fəslidir. Lirik qəhrəmanın itkiləri, emosional sarsıntıları, iztirabları onu ruhən parçalayır, toplumsal şüurun dikdə etdiyi bayram sevinci onun yaddaşında travmalarla, itkilərlə toqquşur və bu şüurdan kənar vəziyyət “sayıqlama” ilə, illüziyalarla ifadə olunur. “Sayıqlama” halı rasionallıqla irrasionallıq, gerçəkliklə yuxu arasında keçid rolunu oynayır, lirik qəhrəmanın daxilindəki boşluq və tənhalıq hisslərinin təzahürü kimi çıxış edir. Bu hal onun bayram kontekstində yaşadığı ruhi sarsıntılar və emosional qarışıqlığın ifadəsidir. Şeirdə lirik qəhrəman üçün Novruz bayramı nə sevincdir, nə yenilənmə, nə də kollektiv coşqu. Onun üçün bu bayram itki, əzab və tənhalıq bayramıdır. Məntiq və nizam pozulub, lirik qəhrəman sayıqlayır, o danışsa da, nitqi şüurlu deyil, ardıcıl düşünmür, yarımçıq xatırlayır, sanki yuxudadır. Qəhrəmanımız bayram rituallarını digərləri kimi normal qəbul edib yaşamır, mənəvi böhranının ifadə vasitəsinə çevirir. Şeirdə Novruz bayramı sayıqlamaların “xəbərçisidir”.

 

Ədəbiyyat

1.     Bakiroğlu, E. Novruz sayıqlamaları şeiri. Yeniyaz.az - Elə istəyirəm ki... - Günün şeiri 

2.     Bakiroğlu, E. Şeirlər. https://www.kulis.az/xeber/senet/Butun-pncrlr-yumdu-gozunu-colorredElvin-Bakiroglunun-seirlricolor-30648  

3.     Bakiroğlu, E. Yeni şeirlər. https://kulis.az/xeber/edebi-tenqid/Bizim-kecmisimiz-l-l-gzir-colorredElvin-Bakiroglunun-yeni-seirlricolor-36371 

4.     Xəlil, A.S. Türk xalqlarının yaz bayramları və Novruz. Bakı: “Elm və təhsil”, 2013, 150 s.

5.     Qasımova, S.A. Azərbaycanda Novruz ənənə və inancları. Bakı: “Elm və təhsil”, 2018, 188 s.

6.     Mustafayev, Z. Novruz bayramı: tarixi kökləri və ənənələri. NOVRUZ BAYRAMI: TARİXİ KÖKLƏRİ VƏ ƏNƏNƏLƏRİ » Təhsil Junalı 

7.     Tahirqızı, Ü. Şıxəli Qurbanovun pasport aldığı Novruz. https://www.anl.az/down/meqale/xalqcebhesi/2014/mart/358918.htm 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.