
Super User
PA – 5-6 il qabağı görən şəxsiyyət
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.
Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.
1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.
Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.
Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.
Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski, redaktoru Möhsün Qədiroğlu) və müvəffəqiyyətlə nümayiş olunub.
Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000 qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.
Kitabımızın mövzusunun daha yaxşı əhatələnməsi üçün Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.
Sabahdan isə sizə 3 xatirə barədə söz açaçağam.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Sənə ulduzlardan bir ev qurardım” şeiri ilə
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim -
-deyir şair. Necə səmimi sevgi etirafıdır.
Xoş mütaliələr!
Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.
Küllə oynamaqdan xoşun gəlirsə
Daşı da yandırıb kül eyləyərdim...
Ömür azaldıqca, arzular artır,
Mən sənə qədərəm... yoxdu ki ardım.
Sənə ulduzlardan bir ev qurardım-
Ayı pəncərəndə tül eyləyərdim.
Ayrılıq düyünmüş,- yar, aça bilsən,
Bu yol yol gedirmiş harasa, bilsən...
Sənin əllərinə yaraşa bilsə,
Dünyanı bir dəstə gül eyləyərdim...
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Ağacın hüznü - PRİTÇA
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Gölün sahilində bir ağac vardı. O, həmişə qarşı sahildəki sıx meşəliyə baxırdı. Günəş şüalarıyla bəzənən, yağışla yuyunan tünd yaşıl meşəlik ağaca ting olduğu vaxtları xatırladırdı.
Bir gün balıqçılardan biri qayığını ağacın kölgəliyinə çəkdi. Ağac qayığa “xoş gəldin” demək istədi. Budaqlarını aşağı əydi. Budaqları qayığa yaxınlaşdıqca gövdəsini hüzn sardı, kökləri gizildədi...
Həmişə keçmişə baxan ağac taxta qayıqda öz gələcəyini görmüşdü...
(2019)
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
ƏN MƏŞHUR FİLMLƏRİMİZ - “Əhməd haradadır”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
“Həyatda məcburi heç nə yoxdur” deyirik. Lakin keçmiş məntiq və düşüncələrə nəzər saldıqda insanların, xüsusən də gənclərin istəmədiyi şeylərə, xüsusilə də istəmədiyi biri ilə evlənməyə məcbur edildiyini görürük. Günümüzdə bu cür hadisələr cüzi də olsa azalmasına rəğmən, hələ də bu məntiq və düşüncə tərziylə davam etməkdədir.
1963-cü ildə çəkilən “Əhməd haradadır” filmi də məhz iki gəncin fikri olmadan alınan evlilik qərarı ilə bağlıdır. Filmin rejissoru Adil İsgəndərovdur. Xoşbəxtliyini istəsə belə, valideynin öz övladının fikrini soruşmadan hərəkət etməsi istənilməyən nəticələrə gətirib çıxarır. Övlad ailədən, evindən ayrı düşür, ya da bu məcburi evliliyin sonu boşanma ilə sona çatır.
İşin gülməli qismi isə bir-birini görmədən evlənmək istəməyən Əhməd və Leyla Bakıda təsadüfən qarşılaşır və xoşbəxt ailə olaraq həyatlarına davam edirlər. Kimisə istəmədiyi bir şeyə meyli olmadığı istiqamətə məcburən itələməyin, yönəltməyin fəsadları hər zaman ağır olub və olmağa da davam edəcək. Valideyn xeyir-duası hər birimiz üçün önəmli olsa belə, hər kəs qarşısındakının müstəqil Azərbaycan gənci olduğunu bilməli və nəyi düzgün, nəyi səhv etdiyini anlayacaq yaşdadır.
Gəlin bir-birimizlə qəlb qırmadan aradakı pərdəni götürmədən anlaşaq. Nə də olsa, bu həyat bu gün küsülü qalsaq belə, sabah barışmağa fürsət tapa bilməyəcəyimiz qədər qısadır.
“Ədəbiyyat və İncəsət”
(26.01.2025)
Qədim türklərdə “oruc” kəlməsi və orucluq mərasimi - ARAŞDIRMA
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Qurani-Kərim”də oruc və onun qəti hökm olaraq bəyan edildiyi ayədə buyurulur: “Ey iman gətirənlər!Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalıolasınız!” (Bəqərə, 183). Qəti hökm olaraq bəyan edilən bu prosesin adının, yəni farsça “oruc” kəlməsinin qədim türk dilində qarşılığının olduğunu bilirdinizmi? Bəs İslamdan öncə türklərdə “oruç”luğun olduğunu necə?
Əvvəlcə, “oruc” sözü haqqında. Bəli, “oruc” sözünün qədim türk dilində “baçaq” adlı qarşılığı olub. Əski uyğur sözü hesab olunur. Mənbələrdə bəzən bu sözün “baçak”, “baçağ” və s. kimi yazılması hallarına da təsadüf edilir.
XI əsrdə yaşamış M.Kaşğarlının məşhur “Divani-lüğat-it-türk” əsərində (I cild, Bakı-“Ozan”-2006. səh:410) bu barədə yazılıb ki, “Baçak xristianların orucu”dur. Bizcə, M.Kaşğarlı bu ifadə ilə xristianlığı qəbul etmiş türk əsilli uyğurları nəzərdə tutmuşdur.
Alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloq V.V.Radlov isə bu kəlmənin, ümumiyyətlə, hər hansı bir dindən asılı olmayaraq, orucu bildirdiyini qeyd edir və fikrini “Manixeylərin (manixey dininə tapınan uyğur türklərinin–I.V.) “Tövbə duası” kitabından gətirdiyi sitatla əsaslandırır.
Burada haşiyə çıxaraq və ehtiyacı nəzərə alaraq manixeylik barədə çox qısa məlumat verməyi məqsədəuyğun hesab edirik. Manixeylik Mani adlanan şəxs tərəfindən III əsrdə Sasani İranında yaranmağa və təbliğ olunmağa başlamışdır. Sonrakı dövrlərdə Çinə qədər bir sıra türk əsilli xalqlar arasında da yayılmışdır. VIII əsrdə Uyğur xaqanlığının rəsmi dövlət dini olmuşdur. M.D.Qıpçaq “Türk əlifbaları (soqd, manixey əlifbası və passe-pa yazısı)” kitabında (Bakı, “MBM nəşriyyatı”-2012. səh:14-16) yazır ki, manixeylik (müsəlman teologiyasında zındıqlıq adlanır) bir neçə dünyagörüşün sintezi nəticəsində meydana çıxmış ziddiyyətli bir inam, dünyagörüşüdür. Burada buddizmin, xristianlığın və atəşpərəstliyin doktrinaları və ehkamları bir-birinə qarışmışdır…Manixeyliyin təbliğinin qadağan olunması barədə son fərman XIV əsrdə Çində verildi və manixeylik tarixin arxivinə atıldı”.
AMEA-nın müxbir üzvü Ə. Quliyev də “Qədim uyğur türklərinin onomastikası” adlı monoqrafiyasında göstərir ki, baçaq xristian və manixeylərdə “oruc tutmaq”, “pəhriz saxlamaq” mənasını bildirir” (səh:50).
Filologiya elmləri doktoru, professor. N. Xudiyev isə “Qədim türk yazılı abidələrinin dili” (Bakı, “Elm və təhsil”, 2015, səh:469) əsərində bu barədə yazır ki, “Baçağ (baçak, paçağ) orucluq”…kiçik baçağ - kiçik orucluq; uluğ baçağ - böyük orucluq; baçağ baçamak - oruc tutmak; baçağ olurmak - pəhriz saxlamaq, oruc tutmaq” deməkdir.
Filologiya elmləri doktoru, professor Ə.Rəcəblinin “Qədim türk yazılı abidələri” kitabının (Bakı, “Elm və təhsil”-2010. səh: 236) IV cildində “baçaq” sözü “oruc”, kitabın lüğət hissəsində (səh:300) isə “bacamaq” sözü oruc tutmaq kimi tərcümə edilir. H.Hadinin “Türkcə Etimoloji Sözlük L-Z” kitabının 381-ci səhifəsində də “baçaq” “oruc” sözünün mənalarından biri kimi şərh olunur. Mehmet Akyılın “Divanü Lügati't- Türk'te Mastar ve Sıfat-Fiil Yapan Ekler, Değişik İşlevleri ve Geçirdikleri Değişimler” (Yakın Doğu Üniversitesi fənn və sosyal Bilimler Enstitusu. Yüksək lisans tezi. Türk dili ve edebiyatı Bölümü. Lefkoşa-2021. səh:16.) əsərində də “baçaq” “dini oruc” adlandırılır.
Zənn edirik ki, göstərdiyimiz mənbələr və sitatlar fikrimizi sübut etmək üçün kifayətdir. Beləliklə, tədqiqatçıların araşdırmaları farsça “oruç” sözünün qədim türk dillərində qarşılığının (“baçaq”) olduğuna şübhə yeri qoymur.
Bəs, görəsən, türklərdə İslamdan öncə də baçaq-pəhriz-orucluq olubmu? Axı, söz varsa, onun daşıdığı məfhumun və prosesin olması ehtimalı da var.
Bəli, qədim türklərdə “baçaq” (oruc) tutmaq olub. Bunu rus tarixçi və etnoloqu L.Qumilyovun dünya tarixində türklərin keçmişi, kökü haqda ən yaxşı araşdırma işlərindən hesab olunan məşhur “Qədim türklər” əsərindəki (Bakı-Gənclik-1993. səh:313) “Manixeylərin (bu dinə tapınan uyğur türklərinin–I.V.) qanunu pəhriz saxlama günlərini nəzərdə tutur, bu qanuna görə hətta yağ və süd belə yemək qadağandır…” cümləsi də sübut edir.
Uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu V-VI əsrlərə aid olan “Xuastuanift”in (tövbə və ya peşimanlıq duasının) bir hissəsinin tərcüməsindən də qədim türklərdə oruç tutmaq adətinin olduğunu görürük. Həmin hissədə deyilir: “…ildə bir dəfə yeddi ibadət adəti var idi, bir ay…oruc tutmaq gərək idi. Yenə mərasim yerində ibadət edib oruc tutaraq ağılla, səmimi qəlbdən tanrı bürhanlarından bir ildəki günahlarımızı bağışlamalarını diləmək gərək idi. Ey tanrım, ibadət başa çatınca otura bilmədiksə, bir aydaki orucu yaxşıca, təmiz tuta bilmədiksə, günahlarımızın bağışlanmasnı diləməyə getmədiksə, nə qədər çatışmazlıq oldusa, indi ey tanrım günahlardan azad olaraq yalvarırıq: günahlarımızı bağışla!” (N.Cəfərovun “Türk xalqları ədəbiyyatı. I cild (Bakı, “Çaşıoğlu mətbəəsi”-2006. səh:185). Burdakı “hər ay…oruç tutmaq gərək idi” sözləri heç bir mübahisəyə yer qoymur. Deməli, hələ İslamdan əvvəl türklər Göy Tanrıya təqvalı olmaq üçün “baçağ olurmaq”, yəni pəhriz saxlamaq, oruç tutmaq varmış. Belə çıxır ki, türklərin oruç tutması tək İslam dini ilə bağlı deyil, bunun tarixi daha qədimlərə uzanıb gedir. Yəqin ki, “Bəqərə” surəsində 183-cü ayədəki “Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi…” ifadəsi də buna işarədir.
Türkoloq B.Tuncay “Azərbaycan imperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə yeni konseptual yanaşma” adlı əsərində “baçaq” sözünün “oruc” mənasında olduğunu təsdiq etməklə yanaşı yazır ki, “…qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o cümlədən İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür… Bundan başqa qədim türk dilində digər dinlərdə, o cümlədən İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir… Bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Məsələn, din xadimi - tenqirkən, ibadətgah - tenqirlik, qurban - yağışlıq, ibadət - tapıq, sitayiş - tapınmaq, müqəddəs - ıduq, oruc - baçaq, şəriət - törü və ya törə, ruh - qut, günah - yazuq, həmd - alqış, axirət - mengü ajun, mələk - yumışçı, qeyb - örtüklük, ehsan - basan, iblis-yekkə və sairə. (səh:91-92). Bu deyilənlər türkoloq, publisist, ssenarist B.Tuncayın "Əməkdar mədəniyyət işçisi", Prezident təqaüdçüsü və Özbəkistan Turan Elmlər Akademiyasının akademiki Y.Oğuzla birgə yazdıqları “Türkün gizli tarixi” əsərində də təkrar təsdiq olunur.
Günah edirəmsə, Allah günahımı bağışlasın. Hərdən mənə elə gəlir ki, deyəsən axı, İslam dini Göy Tenqri dininin zəminləri üzərində formalaşıb. Bu fikri söyləməyimizin əsas səbəbləri son illərdə Məhəmməd Peyğəmbərin türk Peyğəmbərləri soyundan olması, XIII əsrdə yaşamış görkəmli tarixçi Ravəndinin “O (Peyğəmbər), qıyıqgözlü bir türk idi” yazması, M.K.Atatürkün “Əgər araşdırsanız, Peyğəmbərimizin Türk olduğunu sübut edə bilərsiz” söyləməsi (Əlavə bax: M.Qəmərli: “Qaynaqlardan gələn soraqlar” kitabı), M.Peyğəmbərin türkləri və onların qəhrəmanlıqlarını yüksək qiymətləndirməsi, türk dilini öyrənməyi tövsiyə etməsi, özünün də bu dili kamil bilməsi kimi məlumatlar və onun ortada dolaşan “İslamı türklər qoruyacaq” kimi söyləntiləridir.
Bütün bunlar həm bir zamanlar ulu əcdadlarımızın etiqad etdiyi Göy Tanrı dininin öz terminologiyasına malik mükəmməl bir din olduğunu, hələ İslamdan əvvəl ondakı əksər dini terminlərin türkcəmizdə təmiz qarşılığının olmasını sübut etməklə yanaşı, həm də uzaq keçmişdən bəri müqəddəs türk dilimizin Quran dili olan ərəb dili ilə “atbaşı getməsindən” (M.Kaşğari) xəbər verir. Bu, isə qururvericidir.
Ana dili ulularımızın bizlərə əmanətidir. Qədim, zəngin, ecazkar, türklər demişkən, gözəlim dilimizi sevək, yad təsirlərdən qoruyaq, bu dildə danışdığımıza görə fəxr edək. Unutmayaq ki, dilini bilməyən anasını da tanımaz. “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır” (H.Əliyev).
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
“Bəzən bir döyüşü uduzmaqla bütün müharibəni udmaq üçün yeni bir yol tapırsan” – DONALD TRAMP
“Ədəbiyyat və incəsənət” ABŞ-ın yeni-köhnə prezidenti Donald Trampın maraqlı fikirlərini- aforizmlərini Yadigar Cəfərlinin təqdimatında sizlərə çatdırır.
Bütün dünyanın nəzərlərinin ABŞ-ın yeni Prezidenti Donald Trampa dikildiyi bu günlərdə, gəlin, onun aforizmlərindən bir neçəsini yada salaq.
Bilirsiniz ki, Tramp məşhur iş adamı kimi müxtəlif kitabların müəllifidir. Bu aforizmlərin müəyyən qismi onun kitablarından, ayrı-ayrı motivasiya çıxışlarından seçilib.
Şair də yaxşı deyib:
"Baxıram Trampın kitablarına,
Dəstədən geridə qalmamaq üçün"
1. Bəzən ən yaxşı sərmayələriniz etmədiyiniz sərmayələrdir.
2. Qalibi məğlubdan fərqləndirən əsas cəhət insanın taleyin hər gərdişinə necə reaksiya verməsidir.
3. Düşünməyə davam edirsinizsə, böyük düşünün.
4. Bir az fərqli, əsəbi, yaxud cəsarətlisinizsə, ya da mübahisəli işlərlə məşğulsunuzsa, media mütləq haqqınızda yazacaq.
5. Azacıq sızıntı bir gəmini batıra bilər.
6. Cəsarət qorxunun yoxluğu deyil, qorxuya rəğmən təsirli bir şəkildə hərəkət etmək bacarığıdır.
7. Unutma, qeyri-real hədəflər yoxdur, qeyri-real müddətlər var.
8. Tənqid olunmayan yeganə insanın risk götürməyən insan olduğunu fərq edəndə tənqidi qəbul etmək daha asan gəlir.
9. Mən sadəcə ən yaxşılarla çalışıram.
10. Əsl liderlər komandanın uğuru üçün məsuliyyəti üzərlərinə götürür və uğursuzluq zamanı da bunun məsuliyyətinin onlara düşdüyünü anlayırlar.
11. Bəzən bir döyüşü uduzmaqla bütün müharibəni udmaq üçün yeni bir yol tapırsan.
12. Pul oyun zamanı hesabı tuta bilmək üçün vasitə rolunu oynaması xaricində mənim üçün heç vaxt böyük motivasiya mənbəyi olmayıb. Əsas həyəcan oyunu oynamaqdadır.
13. Dünyada ehtirassız heç bir böyük iş bacarılmayıb.
14. İşiniz və markanız insanlara nəyi üstün tutduğunuzu, eyni zamanda onları (insanları) üstün tutduğunuzu göstərməlidir.
15. Sonunda, nə qədər çox şeyi öhdənizə götürmənizə deyil, nələri bacardığınıza baxırlar.
16. Qalibliyin bir hissəsi də çıxıb getməli olduğunuz vaxtı dəqiq bilməkdir. Bəzən vaz keçib, daha məhsuldar olacağınız başqa bir işin qulpundan yapışmalısınız.
17. Əgər işlə zövqü balanslaşdırmaq istəyirsinizsə, onları balanslaşdırmağı dayandırın, əvəzinə işinizi daha zövqlü edin.
18. Mənim hekayəmin bitməyə yaxın olduğunu düşünən hər kəs böyük bir yanlışlıq içindədir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Gülüş klubunda Çinə uçan deputat
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Cənab, deyə bilərsinizmi, niyə dağ kəndlərində insanlar uzunömürlülüklə fərqlənirlər? Bu sizin səhiyyə idarəsinin hər hansı tədbiri iləmi bağlıdır?
-Əlbəttə. Oralar çox yüksəkdir deyə bizim həkimlər gedib ora çıxa bilmirlər.
2.
Qorxu filmi üçün süjet.
XXI əsr.
Bir kişinin peysərinə xuliqanlar özü hiss etmədən ştrix-kod yapışdırırlar. Kişi kafeyə daxil olur. Orada konserv qablarını açmaqla məşğul olan süni intellekt - robot-qapaqaçan səhv olaraq onun başını burub qoparır.
3.
Hər bir kəs öz vicdanının sutyenoru ola bilər.
4.
Bəlli millət vəkilimiz bir dəfə Çinə uçur. Qəfildən ürəyi bulanmağa başlayır. Təyyarəni onun səsi bürüyür. Ay öldüm, ay ürəyim bulandı, ay kömək edin.
Bu vaxt onun yanında əyləşmiş şəxs yardım üçün söyləyir:
-Siz yuxarıdakı düyməni basın.
Bəlli millət vəkilimiz soruşur:
-Düyməni bassam nə olacaq ki?
-Necə nə olacaq, stüardessanın işığı yanacaq.
Millət vəkili qışqırır:
-Siz məni dolamısız? Mən burda ölürəm, bu mənə deyir, stüardessa üçün işıq yandır. Özü yandıra bilmir öz işığını?
5.
Erməni radiosundan soruşurlar:
Yaşlı uxajor gənc sevgilisinin tələblərini ödəyə bilməyəndə nə etsin?
Cavab:
-Ona ər tapsın.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi
İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
6-cı paylaşım
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Fidan bir az müqavimət göstərsə də Fateh onun mobil telefonunu əlindən aldı. Əlindən telefonu alınan kimi üz gizgiləri birdən-birə dəyişməyə başladı. Çünki Fatehin orada nələr görəcəyini sanki yenicə anlamışdı. Fateh telefonu açıb mesaj bölməsi və eləcə də, sosial şəbəkə hesabına daxil oldu. Amma həmin bölməyə daxil olanda uzun illər boyu bütün varlığı ilə sevib qəlbində bəslədiyi, həm də, son iki ay ərzində dəfələrlə ona olan sevgisini etiraf etmiş bir xanımın öz sevgisində səmimi olmadığına, əslində isə Fatehi öz xəyanətinə qurban verdiyinə tam əmin oldu.
Fidan Fatehen xaricdə olduğu müddət ərzində tam başqa bir oğlanla mesajlaşır, danışır və görüşürmüş. Bu da onun telefonuna iki dəfə ayrı vaxtda Fatehin yanında olarkən zəng edən və özünün söylədiyinə görə, guya internetdə yenicə və təsadüfən tanış olduğu oğlandan tamamilə fərqli bir şəxs idi. Orada sevgi etirafından tutmuş hər şeyə (xəyanət mesajları, fotolar və s.) qədər hər bir sübut var idi...
Fateh mesajların dəqiq tarixi və ehtiva etdiyi yazılara nəzər saldıqda, arada Fidan tərəfindən yazılmış bir neçə mesajın və eləcə də, yollanılan bəzi fotoşəkillərin onun özü tərəfindən silindiyini aydınlaşdırdı. Amma deyəsən Fidan onun xəyanətinə aid olan bütün sübutları silə bilmədiyindən xəbərsiz idi...
Günortadan sonra saat təxminən 3-4 radələri idi. Şəhərin səması buludlu, havası isə sıxıcı gəlirdi. Sanki asiman da Fatehin öz saf məhəbbəti və sevgisində yanıldığından qəm-qüssəyə, kədərə qərq olmuşdu. Sanki günəş o böyük əzəmətinə rəğmən Fatehin pis vəziyyətdə olduğuna tamaşa etmək istəmir, utanaraq buludlar altında gizlənməyə çalışırdı. Fateh bir az fikirə gedib dedi:
- Fidan! Bu mesajlar, bu fotoşəkillər nədir belə? Mən sənə belə işlərə son qoymağını deməmişdimmi?
- Əzizim! Burada pis bir şey yoxdur. O, sadəcə mənim səni uzun fasilədən sonra tapdıqdan öncə tanış olduğum bir adamdır. Onun həyat yoldaşı bir müddət öncə avtomobil qəzasında dünyasını dəyişib. Ara-bir mənimlə zəngləşib danışır və dərdlərini mənimlə bölüşür. Münasib olanda isə bayırda görüşüb söhbət edirik. Mən bununla ona mənəvi dəstək oluram. Başqa heç bir şey yoxdur!
- Bəs o açıq-saçıq sevişmə fotoları nədir? Sən bu iyrənc əməllərinlə də ona mənəvi dəstək olurdunmu? Axı mən sənə belə işlərə görə amansız və hiddətli olduğumu dəfələrlə söyləmişdim! Məni sevdiyinə görə heç kimlə münasibətdə olmamağı səndən ciddi şəkildə tələb etmişdim! Axı sən mənə sevgi etirafı etmişdin! Məni sevirsənsə, mənimlə ailə həyatı qurmağa qərar vermisənsə, kənar şəxslərlə belə münasibət saxlamağın anlamı nədir? Bunun əxlaqsızlıq və xəyanətdən başqa adı varmı?
Fidan susur və nə deyəcəyini bilmirdi...
- Mən xaricdə olduğum müddət ərzində hər gün səninlə əlaqə saxlayırdım. Sən isə məndən əlavə başqa birisi və bəlkə də, başqaları ilə münasibətdə olmusan... Sənə görə sevgi və sədaqətin mənası budurmu?
Fidan susqun halda başını aşağı salmış və Fatehin əsəb və tələbkarlıqla söylədiyi sözləri dinləyirdi. Onun bundan sonra söyləyəcəyi sözlər Fatehi daha da qəzəbləndirdi!
- Əzizim! Axı biz hələ evlənməmişik və bir evdə yaşamırıq! Sadəcə sənə sevgi etirafı etmişəm. Bəlkə heç evlənə bilmədik! Bəlkə sənin məişət problemlərin, münasib iş və mənzil məsələn hələ bu tezliklə həll olunmadı!? Belə olan halda mən həyatımda olan yaxın dostlarımı sənə görə itirməliyəmmi?!
Fateh: Bu nə axmaq sözlərdir? Sənin aləmində sevginin mənası budurmu? Sən məni sözün həqiqi mənasında sevirdinsə heç bir oğlanla və ya sinif yoldaşınla hətta, telefon əlaqəsi saxlamamalı idin! Amma sənin bu müddət ərzində başqası ilə görüşlərin, yaxın münasibətin olub. Əgər bunu etmisənsə deməli məni həqiqi mənada sevməmisən! Demək ki, sevgi sənin üçün boş və mənasız bir şeydir. Sən yalnız əlində ayrı-ayrı oğlanları ehtiyatda saxlamaq, bacardığın qədər onların hər birindən istifadə etməyə çalışmısan. Bu da mənə görə böyük əxlaqsızlıq, bağışlanmaz xəyanətdir...
Beləcə onların arasında acı söhbət hava qaralana yaxın davam etdi. Fateh özünü çox yanılmış və aciz sayırdı. Axı o, sevginin bu qədər puçlaşdığı və həqarət edildiyini Fidan kimi səviyyəli və ziyalı kimi tanıdığı bir xanımdan gözləmirdi. Onun 30 illik saf sevgisi son iki ay ərzində üçüncü dəfə olaraq özü qədər sevdiyi bir xanım tərəfindən böyük həqarətə məruz qalmışdı.
Fidan Fatehin həm qəzəbli, həm də bərk narahat və naümid halda olduğunu gördükdə hansı yanlış hərəkətə və hansı xəyanətə yol verdiyini yavaş-yavaş anlamağa başladı. O, göz yaşları içində üzünü Fatehə tutub dedi:
- "Fateh! Əzizim! Mən səni sevirəm! Məni bağışla! Mən səhv etdim! Məni tərk etmə!"
- Amma bu sənin son iki ay ərzində mənim sevgimə qarşı olan 3-cü əsas sayğısızlığın və həqarətindir. Eyni mövzuda hər dəfə təkrar səhvə yol verdikdən sonra səhv etdiyini bildirir, üzr diləyirsən! İnsan həyatda 1 dəfə səhv edə bilər. Eyni səhvi təkrarlamaq artıq insanın öz yanlışlığı, unutqanlığı və öz seçimi və bəlkə də, yanlış həyat xarakteridir... Bir dəfə mənə sevgi etirafı etdikdən sonra məişət problemlərimi həll etdikdən öncə evi, münasib maaşı və subay olan bir namizəd olduqda ona müsbət cavab verəcəyini bildirdin. Mənə sevgi etirafı etdikdən sonra və mənimlə birgə olduğun zaman yad bir oğlan sənin telefonuna zəng etdi. İndi isə mən burada olmayan zaman başqası ilə danışıb-mesajlaşmış, yaxın münasibətdə olmusan! Sənin mənə olan sevginin mənası bu idimi?
Onlar ayağa qalxıb, yola düzəldilər. Fateh yol boyu heç bir söz danışmır və dərin fikirə getmişdi. Fidan isə tez-tez Fatehin üzünə baxıb onun keçirdiyi narahatlıqları görür və başını aşağı salmışdı.
Fateh əvvəllər Fidanı yaşadığı binaya qədər ötürsə də, bu dəfə onu yalnız marşruta qədər ötürdü. Hava yenicə qaralmışdı. Fidan maşına minməzdən öncə Fatehə baxıb ondan səmimi bir söz gözləyirdi. Lakin Fateh tam başqa bir aləmdə idi. Üzünü Fidana tutub ciddi şəkildə yalnız bu sözü dedi: "Özündən muğayət ol!"
Beləcə 30 il öncə ürəkoxşayan günəşli bir səhərdə təməli qoyulmuş sevgiyə payızın xəzanlı, həm də soyuq və qaranlıq bir axşamında son nöqtə qoyuldu. Bəli, Fatehin Fidana qarşı uzun illər boyu bəslədiyi saf sevgi və məhəbbəti artıq tarixə qovuşmuşdu...
Fateh artıq bu sevgidə yanıldığı dərk edirdi. Axı onun sevgisinə hörmətsizlik edən və az bir müddət ərzində eyni səhvi üç dəfə təkrarlayan, xüsusilə də ona qarşı xəyanətə imza atan birisini necə sevə bilərdi? Buna görə də öz sevgisinə son nöqtəni qoymalı idi...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Azərbaycanın böyük maarifçisi Firidun bəy Köçərli
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ötən gün - yanvarın 26-da Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 162-ci ildönümü tamam oldu.
Firidun bəy Köçərli tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi qalıb.
1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.
İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzunsürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.
Köçərli klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.
Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir.
Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözügötürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.
Bir çox ziyalılarımız kimi Köçərlinin həyatını da Sovet hakimiyyəti bitirdi.
1920-ci ilin mayında kommunistlər Köçərlini və digər "Müsavat” funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır.
Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967-ci, 1972-ci və 2013-cü illərdə çap olunub.
Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Dostluq - insanın öz ruhunu başqasının ruhunda tanımasıdır - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Dostluq insan ruhunun ən incə toxunuşudur, həyatın qəlbinə işləyən, lakin gözə görünməyən bir bağdır. O, sevginin ehtirasından azaddır, lakin onun qədər dərin və təsirlidir. Dostluq, həyatın sükutunda baş verən bir dialoqdur – sözdən kənar bir danışıq, ruhların qarşılaşdığı və bir-birini tanıdığı bir haldır.
Dostluq, insanın dünyada tək olmadığını xatırladan bir təskinlikdir, lakin bu təskinlik zəiflikdən deyil, gücdən doğur.
Ümumiyyətlə insan həyatının əsas prinsipi sadəlikdir və dostluq bu sadəliyin ən saf təzahürüdür. Dostluq iki insan arasında açıq bir güzgüdür; lakin bu güzgü təkcə zahiri əks etdirmir, eyni zamanda, insanın ən gizli tərəflərini işıqlandırır. Dost sənə yalnız kim olduğunu göstərmir, kim ola biləcəyini də xatırladır. O, sənə qüsurlarını gizlətməyə imkan verməz, lakin bu qüsurları anlayış və şəfqətlə qarşılayar. Bu səbəbdən, dostluq, insanın özünü tanımasının və qəbul etməsinin ən gözəl yoludur.
Dostun varlığı həyatın ağırlığını yüngülləşdirir, çünki onun səsi qəlbin ən dərin yorğunluğunu dindirən bir musiqidir. Onun gözləri qaranlıqda itmiş bir uşaqlığın qaytarılmasıdır. Dostluq, bəzən bir baxışda, bəzən bir susqunluqda öz mahiyyətini tapar. Çünki dostluq üçün danışmaq şərt deyil, bir yerdə olmaq, bir anı paylaşmaq kifayətdir.
Dostluq, insan varlığının zərif bir poeziyasıdır. O, həyatın axarında səssizcə boy verən, lakin heç vaxt tükənməyən bir çiçək kimidir. Sevgi bəzən ehtirasla qopar, parçalanar, lakin dostluq öz sakitliyində möhkəm qalar. Onun təbiəti, çayların axışına bənzəyir səthdə sadə, dərinliklərdə isə sirli və qəliz. Dostluq, həqiqi olduğunda, zamanın sərtliyinə tab gətirər. Fırtınalar onu əyə bilər, lakin onu sındıra bilməz.
Bəzən dostluq sınar, həyatın sərt qumları onun incə toxumalarına dolanar. Amma dostluq təmizliyə deyil, anlayışa əsaslanır. O, insanın mükəmməl olmasını gözləmir, əksinə, qüsurları ilə sevməyi bacarır. Dost, insanın öz əksini görməkdən qorxmadığı bir güzgüdür – sən bu güzgüyə baxanda həm özünü, həm də başqasını görürsən. Və bu baxış, səni daha güclü və daha azad edir.
Dostluq, bəzən həyatın ən sakit fəsillərinə bənzəyir – payızın melankoliyası kimi. O, sənə bir itki hissi yaşadanda belə, bu itkini sükutla və ləyaqətlə qəbul etməyi öyrədir. Dostluq nə mükəmməllik axtarır, nə də tam təmizlik. O, həyatın öz çirkləri ilə qəbul edilməsini, lakin bu çirklərin qarşısında qalxmağı tələb edir.
Dostluq, insanın öz ruhunu başqasının ruhunda tanımasıdır. Bu, yalnız sözlərdə deyil, hərəkətlərin, baxışların, hətta susqunluğun içində baş verən bir hadisədir. Dostluq nə vaxt başlayır, nə vaxt dərinləşir, bunu bilmək olmur. Lakin bir gün anlayırsan ki, həyatını onsuz təsəvvür edə bilmirsən. O, sənin üçün təkcə bir münasibət deyil, eyni zamanda bir varlıq halına çevrilir.
Dostluq sadə, lakin dərindir. O, insanı insan edən ən təməl bağdır. Dost, səninlə deyil, sənin içindədir. O, sənin ruhunun bir hissəsidir – həm sənə aid, həm də səndən müstəqildir. Bu bağın sirri, bəlkə də, onun mahiyyətində deyil, onun zamansızlığında və davamlılığındadır. Və bu davamlılıq, insan ruhunun əbədi səyahətinin ən gözəl və ən sakit mənzilidir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)