Super User
“Maraqlı söhbətlər”də Bakının unudulmaz "Elman dayısı"
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Qarşıdan 8 mart gəlir. Mən həmişə qadınlara böyük hörmət və ehtiram bəsləyən, təmsil olunduğu sahədə qadınlarla xoş ünsiyyəti ilə seçilən bir şəxs barədə danışmaq istəyirəm. Bakının unudulmaz "Elman dayısı" barədə.
Fevral ayı Azərbaycanın mədəni mühiti, xüsusilə kitabdavranlar üçün kədərli bir xatirəni özündə daşıyır. 2019-cu ilin 13 fevralında ömrünü vərəqlər və sətirlər arasında tamamlayan, Bakının ən məşhur kitabçısı Elman müəllim dünyasını dəyişdi. O, sadəcə bir satıcı deyil, şəhərin intellektual yaddaşının canlı bir parçası idi.
İzdihamlı mağazalardan İçərişəhərin sakitliyinə
Elman müəllimin ömür yolu Azərbaycanın kitab mədəniyyətinin qızıl dövrü ilə sıx bağlıdır. SSRİ illərində Bakının ən böyük kitab mağazasının müdiri işləyən Elman dayının xatirələri o dövrün oxu mədəniyyətindən xəbər verirdi:
Mağazada o qədər böyük izdiham olurdu ki, müdir hər səhər qapıları polis müşayiəti ilə açmalı olurdu.
Onun mağazasından çemodanlarla kitab alanlar arasında dünya şöhrətli şahmatçı Qarri Kasparov kimi simalar var idi.
Son illərində İçərişəhərin dar küçələrindəki kiçik, amma ruhu olan mağazasında fəaliyyət göstərən Elman müəllim, oraya gələn hər kəs üçün bir müsahib idi. O mağazanın özünəməxsus kağız qoxusu, Elman dayının sakit danışığı və ayaqlarını sürüyərək rəflər arasında gəzişməsi onu tanıyanların yaddaşına əbədi həkk olunub.
"Onun mağazası sadəcə ticarət obyekti deyil, bir mədəniyyət ocağı idi. Hətta mağazasını kafeyə çevirmək istəyənlərin təzyiqlərinə rəğmən, o, son nəfəsinə qədər kitablara sadiq qaldı."
Elman müəllim cəmiyyətə səssiz, lakin dərindən xidmət edən fədakar insanlardan idi. Onu biz məhz indi, martın 7-si günü xatırladıq, amma gəlin onu hər ilin fevral ayında xatırlayaq, bu xatırlama onun işıqlı xatirəsini gələcək nəsillərə ötürmək hər bir kitabsevərin mənəvi borcudur.
Ruhun şad olsun, Bakının böyük Kitabçısı!
Sənin yaddaşlarda qalmağın, kitaba olan sevginin yaşaması deməkdir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)
SOS: Gənc jurnalistə qarşı rəqəmsal hücum – kibercinayətkarların yeni hədəfi tələbələrdir
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Son günlər sosial şəbəkələrdə baş verən bir hadisə Azərbaycan cəmiyyətini ciddi şəkildə düşündürməlidir. Belə ki, Bakı Dövlət Universiteti-nin Hüquq fakültəsinin tələbələri bir neçə gün əvvəl şantaj və təhqir kampaniyasının qurbanına çevrilib. Məlumata əsasən, həmin fakültəyə qəbul ola bilməyən 25-26 yaşlı bir şəxs süni intellekt texnologiyalarından istifadə edərək tələbələrin şəkillərini montaj edib, onları təhqiramiz formada sosial şəbəkələrdə yaymağa başlayıb.
Bu artıq sadəcə bir “internet zarafatı” deyil. Bu, açıq şəkildə kibercinayət, şantaj və psixoloji terrordur. Gənclərin şəxsi həyatı ilə oynamaq, onların nüfuzuna zərbə vurmaq və sosial şəbəkələrdə linç mühiti yaratmaq cəmiyyət üçün ciddi təhlükədir.
Məlumata görə, həmin şəxs saxlanılıb. Lakin məsələ bununla bitməyib. Görünən odur ki, bu çirkin kampaniya tək bir nəfərin işi deyilmiş.
Qeyd edək ki, onun davamçıları müxtəlif saxta hesablarla eyni üsulu davam etdirir və artıq hədəf dairəsini genişləndirərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə qarşı da oxşar təzyiq üsullarına əl atırlar.
Ən narahatedici məqam isə budur ki, texnologiyanın inkişafı ilə yanaşı insanlıq dəyərləri geriyə gedir. Süni intellekt elmi inkişaf üçün yaradılıb, lakin bəzi xəstə təfəkkürlü insanlar onu gənclərin şərəf və ləyaqətini tapdalamaq üçün alətə çevirirlər. Bu isə artıq təkcə hüquqi məsələ deyil, bu, cəmiyyətin mənəvi deqradasiyasıdır.
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Dilşad Məmmədəliyevaya müraciət etdik. O, baş verənlərlə bağlı Ədəbiyyat və İncəsənət portalına açıqlamasında belə deyib:
“Mən jurnalist və publikatram. Mən də bu mövzu ilə bağlı danışıb paylaşmaq istəyirdim. Lakin kibercinayətkarın saxlanıldığı xəbəri yayılandan sonra düşündüm ki, məsələ artıq həllini tapıb və buna görə paylaşım etmədim. Ancaq sonradan tələbələrin yenidən şantaj olunduğunu gördükdə mövzuya laqeyd qala bilmədim və şəxsi hesabımda bu barədə fikirlərimi paylaşdım. Hiss edirdim ki, onlar belə bir şey edəcəklər. Hazırda bu işi davam edənlər isə özü kimi olan dostlarıdır. Səhifələri spam etsək də müxtəlif adlarda nə qədər hesablar açırlar. Bu həqiqətən də psixoloji təzyiqdir. Kibercinayətkarlığın qurbanı olanların yanında olub onları müdafiə edərkən öz başımda çatladı məsələ”.
Bu sözlər əslində problemin miqyasını açıq şəkildə göstərir. Bir qrup insan sosial şəbəkələrdə gizlənərək gənclərə qarşı rəqəmsal zorakılıq həyata keçirir. Onlar anonimlikdən istifadə edib insanların həyatını kabusa çevirirlər.
Sual isə açıq qalır: Bir nəfər saxlanıldısa, niyə bu çirkin kampaniya hələ də davam edir? Süni intellekt texnologiyasından istifadə edərək insanları təhqir etmək və şantaj etmək yalnız bir nəfərin məsuliyyəti deyil. Bu, təşkilatlanmış kibertəzyiq şəbəkəsinə çevrilirsə, artıq daha ciddi tədbirlər görülməlidir.
Çünki bu gün hədəf tələbələrdir. Sabah isə eyni üsul istənilən insanın həyatını məhv etmək üçün istifadə oluna bilər.
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)
Qəfildən ürəyini tutub küçədə yıxılır...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
2005-ci il fevralın 5-də bir qadın işdən evə gedərkən qəfildən ürəyini tutub küçədə yıxılır. Küçədəki insanlar onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmur.
Bu, aktrisa Xuraman Hacıyeva idi. O, beləcə, 59 yaşında vəfat edir...
Azərbaycan Respublikasının xalq artisti Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib.
1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb.
Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.
Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb. GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (9 oktyabr 1999) fəxri adlarına layiq görülüb.
Xalq artisti Xuraman Hacıyeva barədə mediada zaman-zaman maraqlı faktları təqdim edilib:
Atası hüquqşünas, anası isə evdar qadın olub. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutub. Ailəsi aktrisa olmasına razı olmayıb. Kino ilə yanaşı teatr aktrisası olan Xuraman Hacıyeva səhnədə öz rolunu təbii ifa etməkdən çəkinməyib.
Aktyor dostu Tariyel Qasımovla bir-birlərinə qarşı isti münasibətləri olur. Tariyel Qasımov müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir:
Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”.
Heç nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Çünki ailədə söz-söhbət olur, küskünlük yaranır. Bu inciklik istər istəməz Xuramanda səhnədə özünü biruzə verəcəkdi və əvvəlki kimi təbii ifalar alınmayacaqdı.
Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.
Deyilənə görə gözəl və cəlbedici aktrisa olduğu üçün teatrdakı bütün baş rollar ona verilirdi. Bu isə onun qadın həmkarlarının qıcığına, ona qarşı paxıllıq etmələrinə səbəb olub. Bu səbəbdən də aktrisa heç vaxt qadınlarla dost olmayıb. Onun dostlarının böyük əksəriyyəti güclü cinsin nümayəndələri olub.
Film çəkilişlərindən və səhnə qrimindən başqa aktrisa heç vaxt makiyaj etməyib, təbii gözəlliyə üstünlük verib. Aktrisa Gəncədə yaşayarkən bir nəfərlə vətəndaş nikahında olub. Onun bu nikahdan bir qız övladı dünyaya gəlib. Aktrisa qızını təkbaşına böyüdüb.
Xuraman Hacıyevanın ən sevimli məşğuliyyətlərindən biri krossvord həll etməkmiş. Yaxşı xörək bişirməyi, paltar tikib, məclis qurmağı bacarıb. Nə qədər pozitiv insan olsa da, həyatındakı çətinliklər onu qaraqabaq və qəmgin adama çevirib.
Aktrisa Məsumə Babayeva müsahibələrinin birində deyir:
“Tamaşalarda çox rol alırdı. Digər aktrisalar da onu çox qısqanırdılar. Çalışırdılar ki, bir yolla Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmazdı. Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada olanda da Xalq artisti adını aldı.
Səhnədə olanda bir üzü gülürdü, biri ağlayırdı. Evdəki problemlərini rollarına yansıtmazdı. Yeganə qadın aktrisa idi ki, tamaşaçı üçün bir üzü gülürdü biri dərdindən ağlayırdı. Bu ağlayan üzünü də ancaq biz aktrisalar, yaxınları görə bilirdik”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub
"Ulduz" jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Martın 6-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarla görüş keçirilib. Tədbir gənclərin müasir Azərbaycan ədəbiyyatına marağını artırmaq və ədiblə canlı ünsiyyət imkanı yaratmaq məqsədi daşıyırdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, Azərbaycan Universitetinin kafedra müdiri Gülnar Rzayeva, dosent Xəyalə Cəfərova, "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Taleh Mansur və Dayandur Sevgin, tərcüməçi Nərgiz Məhərrəmzadənin iştirak etdiyi tədbirdə tələbələr Anar müəllimə onun yaradıcılığı, müasir ədəbi proses və Azərbaycan Yazıçılar Birliyi ilə bağlı müxtəlif suallar ünvanladılar.
Tədbirin sonunda ədib tələbələrə imzalı kitablarını hədiyyə edib, xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)
Bu gün Xalq Rəssamı Salam Salamzadənin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İkinci Dünya müharibəsi illərində rəssam daha çox müharibə qəhrəmanlarının portretlərini çəkib. Bundan əlavə, 1940-cı ildə Xalq rəssamı Salam Salamzadə rəssam Sadiq Şərifzadə ilə birgə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin layihəsi üçün “Azərbaycan ədəbiyyatşünaslarının panteonu” adlı monumental panno hazılayıb. Müharibədən sonra yenidən yaradıcılıq məharətini genişləndirmək məqsədilə ölkənin cənub rayonlarına xüsusən Astara və Lənkərana ezamiyyətlərə yollanıb.
Salamzadənin incəsənət xadimlərinin portretləri, əmək adamlarının iş prosesində təsvir olunan surətləri olduqca inandırıcı, obrazların xarakterik və psixoloji xüsusiyyətlərini təcəssüm etdirən, daxili aləmlərini açan, həmçinin sənaye mənzərələri və təbiət lövhələrində lirik bədii təfərrüatları özündə əks etdirən bədii elementlərlə zəngindir.
Bu gün onun doğum günü, anadan olmasının 118-ci ildönümüdür.
Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olub. Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərib. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda almağa nail olub.
Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edib. Salam Salamzadə daha sonra 1931-1932-ci illərdə aktyor və kinorejissor Rza Təhmasib, rəssam Rüstəm Mustafayev və gələcək həyat yoldaşı Qəmər Nəcəfzadə ilə birlikdə Moskva Dövlət Pedaqoji Universitetində pedaqoji təhsil alıb
Hələ tələbə ikən "Şərq qadını", "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyir və illüstrasiyalar çəkib. Universiteti bitirdikdən sonra o, xalq şairi Əliqulu Qəmküsarın qızı, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Nəcəfzadə ilə ailə həyatı qurub, cütlüyün 2 qız övladı dünyaya gəlib.
1929-cu ildə Salam Salamzadə Azərbaycan rayonlarına səfərlər etmiş və bir müddət Gəncə və Lənkəranda qalaraq burada yaradıcılıqla məşğul olub. Həmin dövrdə “Sap sexi” (1930), “MTS-in açılışı” (1932) “Gəncə toxuculuq fabrikində”, “Komsomolçular iş vaxtı” (1930), “Konserv fabrikində” kimi yaradıclılğının ilkin dövrünə xas tematik tablolar yaradıb.
Rəssamın müharibədən sonrakı dövrdə yaratdığı portret qalereyası rəngarəngliyi ilə seçilirdi. Həmin rəsmlər arasında rəssamın həyat yoldaşı və ilk azərbaycanlı kinorejissor Qəmər Salamzadənin portreti də var idi. Salamzadə süjetli tablo və mənzərə janrında yaratmış olduğu əsərlərində bəzən sintez üsulu ilə iki janrın xüsusiyyətlərini bir tabloda birləşdirərək əks etdirib.
Rəssamın portret əsərlərinə "Maniyə Kərimovanın portreti" (1938), "Üzeyir Hacıbəyovun portreti" (1941), "Xalq artisti Sidqi Ruhullanın portreti" (1944), "Röyal arxasında" (1955), "Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadənin portreti" (1957), "Gilənarla qızın portreti" (1957), "Nəriman Nərimanovun portreti" (1958), "Qız bababöykü çiçəyi ilə" (1962), "Gənc kolxozçu qızın portreti" (1964), "Kəndli qız" (1972) və başqalarını göstərmək olar.
Süjetli tablo və məzərə əsərlərindən "Rüstəmin Əfrasiyabla döyüşü" (1934), "Günəş altında" (1958), "Sovxoz çölləri" (1959), "Suya gedən qadınlar" (1968), "Çay plantasiyası" (1970), "Rəfiqələr" (1970), "Qürub çağı" (1973), "Toya gedənlər" (1974), "Astara subtropik sovxozu" (1976), "Rezervuarlar" (1976), "Lənkəran çaybecərənləri" (1977) və digərlərini qeyd etmək olar.
1960-cı illərdən başlayaraq bir çox xarici ölkələrə səfərlər edən Salamzadə öz təəssüratları əsasında mənzərə və portret janrında əsərlər çəkib. Rəssamın xarici ölkələrə yaradıcılıq ezamiyyət və səfər nəticəsində yaratmış olduğu tablolar onun yaradıcılığının ayrıca bir istiqamətini təşkil edir. Onun xaricə ilk səfərlərindən biri 1958-ci ildə Çexoslovakiyaya olub.
Salamzadə ölkəni gəzib, onun tarixi, zəngin mədəni irsi və müasir həyatı ilə yaxından tanış olub, təəssüratları əsasında silsilə əsərlər yaradıb. Amma onun bədii fəaliyyətinin ayrıca xətti ərəb ölkələrinə səfərlərindən sonra formalaşıb. Rəssam ərəb ölkəllərində uzunmüddətli yaradıcılıq ezamiyyətində olub. 1970-1980-ci illər onun intensiv bədii fəaliyyəti və yetkin sənət dövrü olması ilə səciyyələnir.
O, yarım ilə yaxın ərəb ölkələrində yaşamış, Misir, İraq, Suriya, Livan və başqa ərəb ölkələrində gördüyü, müşahidə etdiyi hal və hadisələri rəssam təxəyyülündən keçirərək, diqqəti cəlb edən rəngkarlıq əsərləri yaratmışdı. Rəssamın yaradıcılığının 10 ilə yaxın dövrü ərzində ərsəyə gətirdiyi müxtəlif janrlı əsərlər "Ərəb ölkələri silsiləsi"ni (1961-1970) təşkil edir. O dövrün əsərlərinə “Asvan yüksək bəndi”, “Qahirə silsiləsi” və başqaları da daxildir.
Sənətşünas, AMEA-nın müxbir üzvü Kərim Kərimov bu haqda bildirib:
"Ərəb ölkələrində çox rəssam olmuş, lakin heç kəsə S.Salamzadə qədər ərəblərin həyatı ilə yaxından tanış olmaq, geniş müşahidələr aparmaq, hadisələrin mahiyyətini duymaq və gələcək əsərləri üçün bu qədər material toplamaq nəsib olmamışdı".
Salamzadə 1930-cu ildən sərgilərdə iştirak edib. Onun əsərləri dünyanın bir sıra ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilib. Bundan başqa, onun mühüm sərgiləri arasında 1949 və 1951-ci illərdə Moskvada keçirilən "Ümumiittifaq İncəsənət Sərgisi"lərini göstərmək olar. S.Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub.
1987-ci ildə Salamzadə “Liviyada” adlı əsərlərindən ibarət fərdi sərgi keçirib. Onun əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və s. muzeylərdə saxlanılır. Salamzadənin əsərləri Polşa, Almaniya, Rumıniya, Macarıstan, Fransa, İspaniya, Avstriya, İtaliya, Livan, Suriya, Misir, Tunis, Venesuela, Türkiyə, İran və İraq kimi ölkələrin sərgilərində nümayiş etdirilir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Şərəf nişanı" ordeni
- "Xalqlar Dostluğu" ordeni
Salam Salamzadə 1997-ci il mayın 12-də Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)
“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir*
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramına qeydiyyat davam edir.
Əsas məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqi və tələbələrin startap ekosisteminə inteqrasiyasının təmin edilməsidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində gənclərin innovativ ideyalarının inkişafına əlverişli şərait yaradılır, onların ixtiraçılıq və startap fəaliyyətinə istiqamətləndirilməsi prioritet kimi müəyyən olunur. Proqram iştirakçılara ideyaların sistemli şəkildə formalaşdırılması, biznes modelinin qurulması, bazar araşdırması aparılması, məhsulun inkişafı və effektiv təqdimat bacarıqlarının əldə edilməsi üçün geniş imkanlar təqdim edir.
V “TUSİ” inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir. Təlimlər praktiki yanaşma üzərində qurulub və iştirakçıların real startap ideyaları üzərində işləməsinə, innovasiya ekosisteminə daha effektiv inteqrasiya olunmasına şərait yaradır.
Proqramda iştirak etmək istəyən şəxslər https://gub.icenter.az/home linkinə daxil olaraq müraciət formasını doldura bilərlər. Qeydiyyat üçün son tarix 12 aprel 2026-cı ildir.
İnnovativ ideyaya sahib olan və onu real layihəyə çevirmək istəyən bütün tələbələr proqramda iştirak etməyə dəvət olunur.
2021-ci ildən bu günədək layihə çərçivəsində 18 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub. Universitetlərdə hazırlanmış 130-dan çox mentora təlimlər keçirilib. 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Bunlardan 45 startap komandası seçilərək “Demo Day” tədbirlərində layihələrini investor və ekspertlərə təqdim ediblər.
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində formalaşmış startaplardan 4-ü ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb edib.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
AMEA: milli zəka mərkəzi
Füzuli Qurbanov,
fəlsəfə elmləri doktoru. “Ədəbiyyat və incəsənət”
Elmin inkişaf strategiyası
Azərbaycanda elmin inkişaf strategiyasını Prezident İlham Əliyev müəyyən etmişdir. Strategiya ölkənin 2030-cu ilə qədər dəqiq müəyyən edilmiş sosial-iqtisadi inkişaf kursuna uyğundur. Ümumi halda Azərbaycan elmi qüdrətli dövlət və yüksək rifah cəmiyyəti formalaşdırılmasına töhfələrini verməlidir. Bu çərçivədə Azərbaycan elmi dövlətçiliyə, müstəqilliyə və cəmiyyətin yüksək rifaha nail olmasına intellektual fayda verməlidir. Bu kimi məqsədlərə çatmağın təməl fəlsəfəsi belədir: intellekt milli sərvətə çevrilməlidir!
İntellektin milli sərvətə çevrilməsi kifayət qədər geniş məna anlamına malikdir. Prezident İlham Əliyev bütövlükdə ölkənin intellektual potensialının dövlətin, ölkənin və cəmiyyətin inkişafına xidmət etməsi zərurəti barədə geniş və dəqiq danışmışdır. Bu əsasda dövlət başçısı çox müxtəlif nitq və çıxışlarında Azərbaycan elmi qarşısında duran vəzifələr haqqında aydın, dolğun və dəqiq fikirlər ifadə etmişdir.
Təbii ki, Azərbaycanın elm və təhsilə aid hər bir təşkilatı Prezident İlham Əliyevin müəyyən etdiyi kurs üzrə fəaliyyət göstərməli və dövlət başçısının qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində özünün fəaliyyət proqramını hazırlamalıdır.
AMEA məhz həmin təməl üzərində yeniləşmə kursunu dəqiq müəyyən etmiş, özünün strateji inkişaf strategiyasını konseptual səviyyədə hazırlamışdır. Təşkilatın 2026-cı il 25 fevralda keçirilmiş Ümumi yığıncağında müzakirə edilən məsələlərə bu kontekstdə yanaşmaq doğru olardı.
AMEA-nın fəaliyyət fəlsəfəsi
Burada həmin məsələ üzərində qısa dayanmaq lazım gəlir. AMEA elmi fəaliyyətini tam olaraq Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursu əsasında qurmuşdur. Burada başlıca prinsip Azərbaycan elmini həm yaradıcılıq, həm də institusional olaraq ölkə rəhbərinin müəyyən etdiyi kursa uyğun inkişaf etdirməkdən ibarətdir.
Bu məqsədə çatmaq üçün AMEA rəhbərliyi ümumi yeniləşmə kursunu hazırlamışdır. Onun tərkibində elmi təşkilatda fəaliyyətin 7 prioritet istiqaməti müəyyənləşdirilmişdir. Həmin prioritet istiqamətlərin reallaşdırılmasının ümumi konseptual mexanizmləri “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi” adlı sənəddə öz ifadəsini tapmışdır.
Həm prioritet istiqamətlər, həm də inkişaf konsepsiyası və yol xəritəsi haqqında KİV-də informasiyalar verilmişdir. Burada 2026-cı il fevralın 25-də keçirilmiş ümumi yığıncaqda müzakirəyə çıxarılan məsələlər fonunda prioritetlərin bir sıra ümumi xarakterik cəhətləri üzərində dayanaq.
Prioritetlərin fəlsəfəsi
Onları qısa olaraq aşağıdakı kimi ifadə etmək olar: 1-ci, AMEA-nı azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarını işləyib hazırlamaq üzərində Azərbaycanşünaslığın mərkəzinə çevirmək; 2-ci, Türk dünyası üzrə tədqiqatları genişləndirmək və bu istiqamətdə uyğun elmi və fəaliyyət proqramları hazırlamaq; 3-cü, rəqəmsallıq, süni intellekt və kibertəhlükəsizliklə bağlı məsələlərin humanitar və ictimai elmlərdə tədqiqini Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursuna tam uyğun şəkildə sistemli təşkil etmək, onun nəzəri və praktiki aspektlərinin vəhdətinə nail olmaq; 4-cü, geniş mənada dünya elminə inteqrasiyanı məqsədyönlü şəkildə təşkil etmək; 5-ci, “Gənc Akademiya” layihəsini həyata keçirmək; 6-cı, Akademiyada doktorantura təhsilini Qərb modelinə uyğunlaşdırmaq; 7-ci, AMEA-da idarəetmə strukturlarını yeniləşdirmək.
Bu istiqamətlərin ümumi fəlsəfi ruhu nədən ibarətdir? Onları vahid semantik “məkana gətirsək”, aşağıdakı mənzərəni görürük: AMEA hər şeydən öncə azərbaycançılıq əsasında azərbaycanşünaslığın elm kimi inkişafına nail olmaq əzmindədir. Bunun üçün ilk olaraq daxili yaradıcılıq və idarəetmə potensialını ən müasir tələblərə uyğun yeniləşdirməkdə qərarlıdır. Onun konkret reallaşma mexanizmlərini də müəyyən etmişdir: yaradıcılıqda - kollektiv yaradıcı komandaların formalaşdırılmaq; institusional təşkilatlanmada – Rəyasət Heyəti və elmi-tədqiqat institutlarında idarəetmə mahiyyətli və yaradıcı xarakterli yenidən strukturlaşma aparmaq. Bu iki altistiqamətin vəhdətində AMEA-nı prinsipial olaraq yeni yaradıcılıq və idarəetmə müstəvisinə çıxarmaq.
Belə bir mürəkkəb, çətin, lakin dövlətçiliyə, Azərbaycana xidmət baxımından çox güclü və səmərəli olan məqsədə nail olmaq üçün AMEA nüfuzlu və reytinqli elmi jurnallarla, elmi mərkəzlərlə, dünyanın müxtəlif ölkələrinin elmi təşkilatları, ayrıca türk dövlətlərinin elmi təşkilatları ilə əlaqələri dinamik inkişaf etdirir.
Bu istiqamətdə təşkilatın rəhbərliyi gecə-gündüz çalışır, böyük enerji sərf edir, zəhmət çəkir. Eyni zamanda, “Gənclər Akademiyası” və “Elektron Akademiya” yaratmaqla həm gənclərin elmi fəaliyyətini stimullaşdırmağa çalışır, həm də ən müasir informasiya texnologiyaları əsasında dünya elminə inteqrasiyaya konkret məzmun verir.
AMEA-nın 25 fevral iclası (qısa yazırıq) prioritet istiqamətlərin növbəti dəfə aktuallaşdırılması və gündəmə gətirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Bu tezisin təsdiqi iclasda edilən məruzələrin məzmunundan tam aydın görünür - bura azərbaycançılıq, Azərbaycanşünaslıq, dünya elminə inteqrasiya və ayrıca türk dövlətlərinin elmi təşkilatları ilə əməkdaşlığın inkişafı (bu istiqamət cəmi iki gün sonra I Türkoloji Qurultaya həsr olunmuş beynəlxalq konfransda öz möhtəşəm ifadəsini tapdı), rəqəmsallıq, yeni informasiya texnologiyalarının tətbiqinin sosial və humanitar aspektləri, kibertəhlükəsizliklə mübarizə, Azərbaycan tibb və biologiya elmlərinin nailiyyətləri, AMEA-nın tədqiqat institutlarının fəaliyyətlərinin elmmetrik təhlili üzrə fikirlərin səsləndirilməsi daxildir.
3 sual
Vurğulanan faktların və 25 fevral iclasının fonunda meydana gələn bir neçə suala baxaq.
Birinci sual: görəsən, nəyə görə AMEA-nı götürdüyü yeniləşmə kursuna, müəyyən etdiyi prioritet istiqamətlərə, onları reallaşdırmaq üçün seçdiyi fəaliyyət modelinə görə tənqid etmirlər? Bununla bağlı şəxsən mən heç bir elmi tənqidi nümunəyə rast gəlməmişəm. Sanki AMEA elə hədəf kimi seçilmişdir ki, fəaliyyətini təhlil etmədən aşağılansın, sağlam tənqidi sərhədi keçməklə akademiklik, “AMEA-lılıq” təhqir olunsun və bu zaman milli əxlaqi normalar belə nəzərə alınmasın. Sizcə, bu nifrətin və qəbuledilməzliyin səbəbi nədir?
Əslində, bu cür qərəzli davranış modeli daha dərində olan, lakin açıq deyilməyən faktorlara bağlı ola bilər.
Birincisi, kimlərsə AMEA-nın Azərbaycan elminin dövlətçiliyə xidmət etmək xəttini qəbul etmirlər. Onlar elmin, ümumiyyətlə, dövlətçiliyə deyil, absurd və alturist dəyərlərsizliyə xidmət etməsini arzulayırlar ki, Azərbaycan cəmiyyətinin özünütəşkiletmə qabiliyyəti zamanın tələblərindən geri qalsın və bu dövlət güclənməsin.
İkincisi, azərbaycançılığın aparıcı olduğu Azərbaycanşünaslığın cəmiyyətin mənəvi, əxlaqi, mədəni və bütövlükdə ekzistensial qatlarına nüfuz etməsinə maneçilik törətmək sevdasına düşənlər ola bilər. Bunun bir adı var: azərbaycanlılığa, Azərbaycan xalqının mənəvi və intellektual dəyərlərinə xəyanət.
Üçüncüsü, Azərbaycanın Türk dünyasının bir parçası olduğu, “bizim ailəmizin türk dünyası” olduğunu içdən qəbul etməmək. Bu şübhəni yaradan məqamlar ondan ibarətdir ki, “tənqidçilər” bir dəfə də olsun Azərbaycanın Türk dünyası ailəsinə məxsusluğunu akademik tədqiqatçıların lazımi səviyyədə tədqiq etmədiklərinə dair tutarlı arqument və ya araşdırma ortaya qoymamışlar.
Bu barədə kəlmə belə kəsmirlər (və ya kəsmək istəmirlər). Bu isə AMEA-da çalışanlar üçün “boz və süni tənqid mühiti” yaradır. Ona görə ki, bizlərin obyektiv, elmi, əsaslı, konkret ideya hədəfli tənqidlərə ehtiyacımız çoxdur.
Nəticə: Birbaşa və ya dolayısı ilə AMEA kollektivi ilğımlı (miraj), arqumentsiz, qondarma, antiəxlaqi, antimilli, antidövlətçi, şər-böhtan mahiyyətli saxta “tənqidi” proseslə üz-üzə qalır. Bu, nimdaş pencəkli minlərlə AMEA əməkdaşlarını nəinki incidir, həm də ruhuna zərər verir. Onlar bir-birinə sual edirlər: “bizlər çox az maaşla elmimiz üçün vicdan və məsuliyyətlə çalışırıq (qüsurlarımız da vardır), amma bunu ölkə Prezidentindən başqa qiymətləndirən və görən yoxdu”. Və o görmək istəməyənlər, əcəba kimlərdir, hansı dairələrə və hansı məzhəblərə qulluq edirlər?
İkinci sual: Bəlkə, kimlər üçünsə Azərbaycanşünaslıq və türk ailəsinə mənsubluq ciddi dərdə çevrilmişdir? AMEA I Türkoloji Qurultaya həsr edilmiş möhtəşəm beynəlxalq tədbiri keçirəndə biri “türk sözlərini Azərbaycan mediasında qadağan edək” kimi absurd “təkliflə” çıxış etdi, paparissilikdə çox fəal olan KİV qismi isə konfransın işi ilə bağlı ümumi sözlərdən başqa bir izah vermədi.
Təsadüfdürmü? Deyildir. Burada ya laqeydlik və gözügötürməzlik, ya da ümumiyyətlə, elmi mahiyyətli ciddi təhlil etmək intellektinə sahib olmamaq halı vardır. İkinciyə inanmaq çətindir, çünki Azərbaycanda kifayət qədər rasional intellektual potensiala malik jurnalistlər, ekspertlər, analitiklər mövcuddurlar. Məsələn, baxın, Çindən başlayır, Yaxın Şərqdən çıxırlar. Və arada anti-Türkiyə ovqatlarını da nümayiş etdirirlər. Bəzi KİV orqanları isə, ümumiyyətlə, hətta xırda məsələlərdə belə türk dövlətləri haqqında iftira yazırlar (bu hal Türkiyə mediasında daha çoxdur).
Nəticə: Bu, faktiki olaraq, Azərbaycan Prezidentinin apardığı siyasətə sözdə dəstək verib, reallıqda isə onun əsas xəttinə qarşı çıxmaqdır. AMEA da bu aspektdə hədəfə çevrilir, çünki bu elmi təşkilat dövlət başçısının həyata keçirdiyi strateji kursuna tam dəstəyini rəsmi olaraq hazırladığı sənədlərdə bəyan etmişdir və praktikada onun həyata keçirilməsinə xidmət edən xətt yeridir.
Üçüncü sual: Nəyə görə, AMEA-nın “tənqidi” mediada aparılır, ölkənin elmi mühitində aparılmır? Yəni bu proses klassik anlamda “filankəsi vurmaq” kimi şəxsi məqsədə xidmət edirsə, bir vəziyyətdir. Yox, əgər məsələ, ümumiyyətlə, AMEA-nı seçdiyi yeniləşmə kursundan sapdırmaqdırsa, başqa situasiyadır. Hər iki variantın ölkə mediasını monitorinq edən və bir sıra rəsmi qurumlar tərəfindən araşdırılmasına ehtiyac yaranmamışdırmı?
Nəticə: AMEA kollektivinin öz haqlı və zəhmətli işini ictimaiyyətə daha geniş miqyasda və intensivlikdə obyektiv çatdırması zamanı çoxdan yetişmişdir. Bəziləri bizlərə sanki “əyri danışın, amma düz oturun” davranış kodunu yeritməyin izinə düşmüşlər. Onlar qədim Azərbaycan misalı olan “əyri oturaq, düz danışaq” əxlaqını təhrif edirlər.
“Alimlər elə oturdu”, “alimlər belə qalxdı”, “alimlər yatdı”, “alimlər belə baxdı”, “akademikin başına çətir tutdular” kimi ibarələr həmin saxtalaşdırma məqsədlərindən xəbər verir.
Ziyalı həmrəyliyi
Bunlara qarşı ilk növbədə alimlərin özləri durmalıdırlar. Harada və hansı təşkilatda işləməsindən asılı olmayaraq dəyərli Azərbaycan ziyalıları elmiliyi, alimliyi qorumalıdırlar. Obrazlı desək, Azərbaycan dövlətçiliyinə xidmət kontekstində alim həmrəyliyinə ciddi ehtiyac vardır. Bu bağlılıqda da Azərbaycanda ənənəvi olan alimlik və elmiliyin mənəvi-əxlaqi “qatı”na istənilən hücumu dəf etməliyik.
Ümumiyyətlə, ziyalılar dövlətçiliyi qorumağın əsas sütunlarından biri kimi, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun davamlı, qətiyyətli, konkret müsbət nəticəverici reallaşması üçün həmrəylik nümunəsi göstərməlidirlər. Bəlkə də bu işi davamlı, peşəkarcasına və konkret nəticə verən proses səviyyəsinə yüksəltmək üçün birgə fəaliyyət proqramı hazırlamaq zamanıdır. Elə bir fəaliyyət proqramı ki, orada yalnız və yalnız Prezident İlham Əliyevin ziyalılar qarşısında qoyduğu vəzifələri, verdiyi tapşırıqları yerinə yetirmək yer alsın!
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
“Sevgi şeirləri yazıram hələ” – Əşrəf Veysəllinin 88-inə
Əşrəf Veysəlli – Sumqayıtda bu adı böyükdən kiçiyə hamı uca tutur. Əməkdar mədəniyyət işçisi, yeniyetməlik illərindən şeir yazan ustad şair Əşrəf Veysəllinin bu gün - 6 mart tarixində ad günüdür.
O, 1938-ci ilin mart ayının 6-da Füzulidə dünyaya gəlib.
Biz bütün oxucularımız adından ona can sağlığı arzu edirik və yeni-yeni şeirlərini gözləyirik. O, ömrünün bu müdrik vaxtında da çoxlu şeirlər yazır. Və ictimai həyatda da fəal iştirak eləyir.
“Ədəbiyyat və incəsənət” portalının oxucularına şairin şeirlərindən seçmələri təqdim edirik.
SEVGİ ŞEİRLƏRİ YAZIRAM HƏLƏ
Bir cüt göz boylanar gözlər içindən,
Qırx ilin həsrəti sızlar içimdə.
Onun bənzərini qızlar içində
Görcək, ünvanımı azıram hələ,
Sevgi şeirləri yazıram hələ.
Gah havaya həsrət, gah suya həsrət
Neylərdim o zərif duyğuya həsrət?..
Qan sızan gözlərim yuxuya həsrət
Məni sevənlərə, mən sevənlərə
Sevgi şeirləri yazıram hələ.
Söz ki məhəbbətə, eşqə söykənər
Dönər ev tikənə, işıq çəkənə.
Sevgi tükənəndə ömür tükənər,
Odur ki, qəlbimlə verib əl-ələ,
Sevgi şeirləri yazıram hələ.
Neçə ölümlərdən keçdim, ölmədim,
Ölmədi dərdimdən heç kim, ölmədi.
Özüm öləndə də eşqim ölmədi,
Onun hər cövrünə hazıram hələ,
Sevgi şeirləri yazıram hələ.
Dalımca danışıb söyməsin heç kəs,
Düz olan işimi əyməsin heç kəs.
Bu yaşda xətrimə dəyməsin heç kəs,
Getsin öz işinin dalınca hərə,
Sevgi şeirləri yazıram hələ.
Eşqim düşürməsin atından məni,
Yansam, ayırmasın odundan məni.
Əzrail çıxartsın yadından məni,
Lap belə fələin özü də gələ
Sevgi şeirləri yazıram hələ.
ÖZÜMDƏ BİR ŞAİR ÖLDÜRMÜŞƏM MƏN
Ömrümün yazını soldurmuşam mən,
Könlümün gülləri solmayıb hələ.
Özümdə bir şair öldürmüşəm mən,
O şair anadan olmayıb hələ.
MƏN NİYƏ YAZIRAM BU YAZILARI
Əridə-əridə odlu qəlbimi,
Dünya öz işində qalacaqdısa,
Kainat milyon il əvvəlki kimi,
Köhnə havaları çalacaqdısa,
Mən niyə yazıram bu yazıları?
Tanrının yanında üzüm yoxdusa,
Dünyada heç nədə gözüm yoxdusa,
Haçandır dilimi bir söz göynədir,
Onu da deməyə lüzum yoxdursa,
Mən niyə yazıram bu yazıları?
Bir də görürsən ki, gün dağdan aşıb,
Dərdin əllərinə saçın dolaşıb..
Çoxu çıxarıbdır ürəyi yaddan,
Çoxunun çörəyə qarışıb başı,
Mən niyə yazıram bu yazıları?
Uzağı bir sözü yazanacandı,
Əl sözə isinib qızanacandı..
Çətini beşikdən məzaracandı,
Məzardan bu yana gəliş yoxdusa,
Məzardan o yana gediş yoxdusa,
Məzardan o yanda bir iş yoxdusa,
Mən niyə yazıram bu yazıları?
Mən kimə yazıram bu yazıları?
UTANIR
Budanıbdır insanlığın ağacı,
Sındırılmış budağından utanır.
Dünənlərdə itib qalıb dünəni,
Bu günündən, sabahından utanır.
Bu ağacın yarpaqları incədir,
Bu yamacın çiçəkləri qönçədir.
Bu görünən dağlar ki var, külçədir
Viran qalmış yatağından utanır.
Əsrimizin əsəbləri nə gərgin,
Bu ağrıdan hamımıza yetər ki...
Hara baxsan qaçqın, köçkün, didərgin..,
Söndürülmüş ocağından utanır.
Haqq yoludur Kəbəmizin yolları,
Haqlılar da, haqsızlar da yoldadır.
Öz nəfsinin, tamahının qulları
Həccə gedən günahından utanır.
Gedən gəlmir, gələn getmək istəmir,
Sözqananlar söz eşitmək istəmir.
Üzlü qonaq durub getmək istəmir,
Ev sahibi qonağından utanır.
Könüllərdə yurd salıbsa xəyanət,
Şəriətə, təriqətə nə hacət?!
Məclislərdən qaçaq düşən mərifət
Endirilmiş bayrağından utanır.
Yazdıqlarım söz öncəsi, söz ardı...
Bacarsaydım hamısını pozardım...
Əvəzində bircə kəlmə yazardım,
Əlim elin qınağından utanır.
Biz oyunçu, həyatsa bir səhnədir,
Bu quruluş bu mizanda köhnədir.
Dünya bizim anamızdır, ya nədir
Öz yarımçıq uşağından utanır.
Mərd yaxası namərdlərin əlində,
Vüsal qalıb həsrətlərin əlində.
Naçar bəndə bu dərdlərin əlində
Naçar qalmış Allahından utanır.
VAXT QATİLLƏRİ
Hər gün neçə-neçə qayğı gətirər,
Fikirlər qurd kimi daraşar bizə.
Bizsə vaxt qatili, zaman qatili,
Cani də desələr yaraşar bizə.
Yaşayıb, yaradıb ömür sürməyi,
Nəğmə zənn eyləyib, nağıl biliblər.
Müdrik ağsaqqallar vaxt öldürməyi
Adam öldürməkdən ağır biliblər.
Heyif!-Ömrümüzü bir qədəh kimi
Qaldırıb başına, içən günlərə.
Şərab stolunda, nərd arxasında,
Məmur qəbulunda keçən günlərə.
Neyləyək?-biz haram qata bilmərik
Tənbəl ayaqların yerişinə də.
Çox vədə vaxt tapıb gedə bilmərik
Doğma insanların görüşünə də.
Növ-növ oyunlarla baş qatarıq biz,
Çox vaxt uduzarıq-bəxtimiz olmaz.
Vaxtı öldürməyə vaxt taparıq biz,
Vaxtı yaşatmağa vaxtımız olmaz.
OLMAZ
“ Gözdən yaş çıxarmı ürək yanmasa”
M.Müşfiq
“Gözdən yaş çıxarmı ürək yanmasa...”
Hər gözüyaşlıda mərhəmət olmaz.
İncimə tez küsüb, tez barışandan,
Soyuqqanlılarda məhəbbət olmaz.
Yanmaya-yanmaya kül olanların,
Arzusu, qayəsi pul olanların,
Bir də öz nəfsinə qul olanların
İşində etibar, sədaqət olmaz.
Əyilmək əzəldən ruhuma yaddır,
Yaxşı ki bu yükdən könlüm azaddır.
Fərasət özü də bir istedaddır,
Ancaq istedadda fərasət olmaz.
Yaltaq lap qocalıb qarı da olsa,
Ağardar dişini harada olsa.
Evində dünyanın varı da olsa,
Onda mərdlik olmaz, ləyaqət olmaz.
Xainin hər işi, sözü kölgəli,
Kölgəsi kölgəli, özü kölgəli.
Yaxşı ki, olmadıq gözü kölgəli,
Gözükölgəlidə cəsarət olmaz.
Birinin var-dövlət başından aşar,
Biri yoxsul yaşar, ancaq mərd yaşar.
Varını güdənlər tez arsızlaşar,
Arını güdənlər xəcalət olmaz..
Elə ki xamladı tamahın atı,
Bir də görəcəksən səni saymadı.
Əllər ki qızılla, pulla oynadı
İnan ki onlarda ədalət olmaz.
Əzəldən qardaşdır xeyir də, şər də,
İnsan ucalar da, insan düşər də..
Dost dostu gəzməsə xeyirdə, şərdə,
Unsiyyət olsa da, ülviyyət olmaz.
Bəzəkli yalanlar taxta çıxandan,
Onəlli tutmuşuq baxta çıxandan.
Cahildir dostluğa saxta çıxanlar,
Cahillər olmasa cəhalət olmaz.
Nə qədər “çorlara” biz “can” demişik.
Canımız çıxsa da plan demişik.
Evdə uşağa da yalan demişik,
Heç yerdə bu boyda ətalət olmaz.
Nurlu bir arzudur hər ot, hər çiçək,
Yaşar babaların odlu ruhutək.
Hər kim nə istəsə, götürüb versək,
Bizdən gələcəyə əmanət olmaz.
Köçür ürəyinə məcnun çölləri,
Dillənsin qəlbinin kaman telləri.
Bil ki, oxşamasa Vətən yelləri,
Gözdə də nur olmaz, təravət olmaz.
Mən hara, dostluqdan bezikmək hara?
Yenə də birinci yetişdim kara.
İnsan düşməlidir çovğuna, qara,
Dara düşməyəndə dəyanət olmaz.
Şaxtada bərkiyib, odda bişməsək,
Kor olluq-düşməni dostdan seçməsək.
Lazımsa, uğrunda candan keçməsək,
Torpaq Vətən olmaz, məmləkət olmaz.
Bir qaşıq qanından qorxursansa sən,
Get uzaqda dolan, gəz vətənindən.
Diz ki güc almadı öz vətənindən
Dizdə də güc olmaz, mətanət olmaz.
Kimin ki insanlıq siması yoxdur,
Ona dünyanı ver-mənası yoxdur.
Harda ki ağsaqqal duası yoxdur,
Orda xeyir olmaz, bərəkət olmaz.
Ülvi duyğularım-ayna təbimdir,
Körpə sözlərimə layla-təbimdir.
Köksümə baş qoyan leyla-təbimdir,
Təbsiz bir ürəkdə hərarət olmaz.
Saldı saçlarıma dəni həsrətin,
İnsafı olmurmuş yəni həsrətin?!
Elə əsir aldı məni həsrətin,
Ay gülüm, heç belə əsarət olmaz.
Bir Leyli baxışlı hey oğrun-oğrun,
Məndən xəbər alır:
Hardadır Məcnun?-
Eşqə qurban getməz hər adı Məcnun,
Hər adı Kərəmdə kəramət olmaz.
Yatıb qalmaq idi qorxudan məni,
Sağ ol ki, ayıltdın yuxudan məni.
İndi öz dərdimdir oxudan məni,
Dərdsiz oxuyanda məlahət olmaz.
Hər kəs öz verdiyi sözə düz olsa,
O, əyriyə-əyri, düzə- düz olsa,
Tənqid haqlı olsa, cəza düz olsa,
Bəlkə yer üzündə cinayət olmaz.
Saldın qəribliyə sözümü mənim,
Necə çıxacaqsan üzümə mənim.
Əl atdın qəlbimə, gözümə mənim,
Ay “qonşu”, belə də ədavət olmaz.
Bir tülkü maskası taxıb yenə sən,
Təzədən yanıma dönə bilərsən.
Ancaq maskasız da tülkü lələsən,
Sənin dostluğuna zəmanət olmaz.
Araya ayrılıq sədləri çəkdin,
Yəqin mən ölsəm də gəlməyəcəkdin.
Ayağım altından torpağı çəkdin,
Daha bundan ağır fəlakət olmaz.
Vətən torpağının sərtinə qurban,
Sevincinə qurban, dərdinə qurban.
Olum düşmənimin mərdinə qurban,
Yalançı dostlarda səxavət olmaz.
Həyatda min çətin imtahan olar,
Gah günəş parlayar, gah tufan olar.
Ürək sevgi olar, həyəcan olar,
Ürək duyğu olar, ürək ət olmaz.
Ay Əşrəf, tələsmə bir zaman gələr,
Dostuna kəm baxan gözə qan gələr...
İnsana xəyanət insandan gələr,
Başqa canlılarda xəyanət olmaz.
BU ÜTÜK ADAMLAR, SÜRTÜK ADAMLAR
Bostandan inciyən, bağdan inciyən,
Bardan yarımayan “kitab” bağlayır.
Taledən inciyən, baxtdan inciyən,
Yardan yarımayan “kitab” bağlayır.
Yerinə düşmürsə, düşür yerə söz,
Yersiz söz-yel vurmuş yelin kimidir.
Yerinə düşməyən hər bakirə söz
Evdən acıq etmiş gəlin kimidir.
Vərəqlər tutular söz yağışına,
Hər sözün öz yükü, öz çəkisi var.
Daş o vaxt düşür ki, şeirin başına
Sözü olmayanlar şeir yazırlar...
Neçə ev dağıdıb, kümələr yıxıb,
Görənlər danışır “səxavət” indən.
Bu arsız nə üzlə efirə çıxıb,
Dərs verir ailə səadətindən.?..
Düşüb qapı-qapı “kitab” paylayır,
Sırtıqlıq qonubdur həya yerinə.
Zalımın üzündə su da qalmayıb,
Hopub üzdəniraq şeirlərinə.
“Üstü bəzək...” olan kitabları var,
Hələ birini də yazıb gəlibdir.
Onun bu yerlərdə nə azarı var,
Yoxsa buralara azıb gəlibdir?!
Yolları, izləri əzbər öyrənər,
Yazar yaddaşına azdığı yeri.
Qorxuram: bakirə qızlar öyrənə
Üzü üzlər görmüş, bu gözə girən
Sürtük adamların yazdığı şeiri,
Sırtıq adamların yazdığı şeiri.
GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ
Göydən üç alma düşdü,
Üçü də qırmızıdır.
Alma deyil, göylərin
Al paltarlı qızıdır.
Göydən üç alma düşdü,
Üçü də bağ alması.
Gör gedib harda bitib
Qubanın ağ alması...
Göylərin bağ-bağçası
Almalarla doluymuş.
Göydə alma nə gəzir,
Göydən düşən doluymuş..
DƏNİZ VƏ KÖRPƏLƏR
Günəş qızıl bayrağıdır səhərin,
Günəş doğdu, qaranlıqlar söküldü.
Budur, uşaq bağçaları
şəhərin
Yaxasından mirvaritək açılıb,
Ləpələrin bağçasına töküldü.
Qovuşdular onlar mavi nəğməyə,
Damla-damla sevinc qondu hər üzə,
Qəm karvanı bu yerlərdən üzüldü.
İxtiyarsız bir söz dedim dənizə,
Ləpələr də misra-misra düzüldü,
Körpələr də misra-misra düzüldü.
Gül açmışdı dalğaların saçında,
Qağayılar çığrışırdı, süzürdü.
Günəş zərrin barmaqları ucunda
Gözəl-göyçək balaların boynuna
Mirvarilər muncuğunu düzürdü.
Səma, dəniz, qağayılar, ləpələr
Bir-birinə qarışırdı sinəmdə.
Mənə elə gəlirdi ki,
bu dəmdə
Misra-misra suya düşən körpələr
Qəlbimdəki misralarda üzürdü.
XƏZƏRDƏ QIZLAR ÇİMİR..
Xəzərdə qızlar çimir,
Qızlar nəğmə oxuyur,
Nəğmələr quş qanadlı.
Sahillər bar gətirir
Sevgi adlı, yar adlı.
Xəzərdə qızlar çimir,
Sanki su pəriləri
Qalxıb dalğa atına.
Dənizə bax, dənizə,
Vəfalı aşiq kimi
Sərilib gözəllərin
Ayaqları altına.
Xəzərdə qızlar çimir,
Ağ bir sevinc gizlənib
Zil qara gözlərində;
Məhəbbətin, ilqarın
Sevda dənizlərində
Şirin xəyallar çimir,
Şirin arzular çimir.
Hardasınız, oğlanlar?
Sözü duzlu Xəzərin,
mavi gözlü Xəzərin
bəxtəvər sularında
Göyərçin qızlar çimir...
BİR AZ BU DƏNİZ DƏ MƏNƏ BƏNZƏYƏR
Yenə gəl-gəl deyər mavi dənizim,
Mən də qanadlanıb uçaram yenə.
Gənclik illərimdə sevdiyim qızın
Sanki görüşünə qaçaram yenə.
Sızlar ayağımda daşların ərki,
Uşaqtək sarmaşar yosunlar mənə.
Balıqlar yanıma üzüb gələr ki,
Ürək sözlərini desilnər mənə.
Bir an qayğılardan uzaqlaşaram,
Mənə günəş baxar, mənə ay baxar.
Suya girən kimi uşaqlaşaram,
Göyün ulduzları köksümə axar.
Ona doğmam kimi qaynayar qanım,
Duyğutək çırpınar döşümün altda.
O mavi səmalar-mavi yorğanım,
Ay da bəyaz balınc-başımın altda.
Mənim sevinc payım, səadət payım,
Ləpəsi saçımda dənə bənzəyər.
O qumlu sahilə atılan qayıq,
Ömürdən yaşanmış günə bənzəyər.
Özünü sulara çırpan qağayı,
Bir az bu xislətdə mənə bənzəyər.
Sahildə çırpınan o gümüş balıq,
Vətənə həsrətdə mənə bənzəyər.
Köklənər dünyanın qəmləri üstə,
Bir az bu dəniz də mənə bənzəyər.
Dövləti daşınar, varı talanar,
Sərvəti çapılar-mənə bənzəyər.
Bir gün bu sahilin qumları üstdə
Günbatan tərəfdə gülzarı qalan,
Hər dağın döşündə məzarı qalan,
Əli o dağlara uzalı qalan,
Köksü titrəməyən, nəbzi vurmayan,
Bir qoca tapılar-mənə bənzəyər...
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
Bakının ən gözəl kitab məkanının rəhbəri, gözəl yazıçı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət sonra “Pəncərə”, “Ölkəm”, “Azercell” jurnallarının baş redaktoru olub. 2018-ci ildən isə paytaxtın ən gözəl və ən nüfuzlu kitab mağazasının - Bakı Kitab Mərkəzinin direktorudur...
Deyir ki:- “Bəli, hər bir qələm sahibi ilk növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm adamı heç nədən təsirlənmir, bu hiss ona yaddır. Əlbəttə ki, mən də bütün bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız hansısa əsərdən təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərinin oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər də deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamı hesab edirəm, amma əslində üslubumuz çox fərqlənir. Çalışmışam ki, bu povestdə obrazlar da, üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər sən kiminsə əsərini götürüb mənimsəsən, bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol verməz…”
Əla! Düz tapdınız, bu dəfəki söhbətimin qəhrəmanı yazıçı- publisist Günel Anarqızıdır. O, 1972-ci ildə Bakıda dünyaya gəlib. Ağlı kəsəndən, evdə yüzlərlə kitab görüb. Əvvəlcə onları vərəqləyib şəkillərinə tamaşa etsə də, əlifbanı öyrənəndən sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya böyüyüb, böyüyə-böyüyə də oxuyub…
“Bizim ailə haqsız tənqidlərə çox məruz qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqəti belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun və kimisə tənqid etməyə haqqı çatsın. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin də bir səviyyəsi olmalıdır. Səviyyəsizin, özünün heç bir xidməti olmayan adamın durub nəsə deməyi çox gülməli görünür.”- söyləyir.
Kübar xanımdır. Bu ona daşıdığı gendən bir ərmağandır. Elə düşünməyin ki, qazandığı uğurlarda atasının əməyi var, əsla. Bütün nailiyyətlərə öz istedadı, işgüzarlığı ilə nail olub. Çox mədəni və intizamlıdır. Əgər yazıçılıq istedadı ona atasından ötürülübsə, bu xüsusiyyətləri isə anası, akademik Zemfira Səfərova ona aşılayıb…
Deyir ki:- “Hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürüb. Əslində, Fondun rəhbəri Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür. Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildiriblər. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi. Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri bizim tariximizdir…”
Erkən gəncliyində ailə həyatı qurduğu üçün, ona nənə olmaq sevincini yaşamaq orta yaşlarından nəsib olub. İki qızı, bir neçə nəvəsi var. İşləri nə qədər çox olsa da, övladlarına qulluq etməyi çox sevir…
“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burada rahatlıq tapıram. Yay aylarında bağa köçəndə, əlbəttə, orada da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və buraya hər zaman tələsirəm. Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Evdəkilər narahat olmasınlar deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun keyfini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin ad gününə şah plovu bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da…
Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm.”- söyləyir.
Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər, nənə olsa da hələ ki, gözəlliyini, təravətini itirməyib. Yağlı, qızardılmış yeməkləri xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr və ən əsası da idmanla məşğul olur. Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır…
Bu gün - martın 6-sı Günel xanımın növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək, Günel xanım!
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Məhəmməd Hadi
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhəmməd Hadinin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir...
***
Ey Vətən!.. Səni sevmək deyilmi imanım?..
***
Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət...
Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?
***
Dedim şeytana rəhmət Adəm övladı görən gündən...
***
Edin nuri təməddünlə münəvvər qəlbü vicdanı.
***
Bən idrak etmədim, dünyaya gəlməkdən nədir hikmət,
Yaratmaqda nədir hikmət bizi, sübhanə, bilməm ki?!
***
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin...
***
Məfkurə yolunda tökülən qan hədər olmaz.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)


