
Super User
Bu gün Onun günüdür - ONUN, HEYDƏR ƏLİYEVİN
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyev mayın 10-da, Naxçıvanda – Nuhun çıxdığı torpaqda dünyaya gəldi. Gəlişi mənsub olduğu millətin, məmləkətin haqq səsinə döndü.
O, dünyaya gələndə Şərqin ilk Demokratik Cümhuriyyəti Qızıl Ordunun “Qırmızı Terroru”na 3 ildir ki, qurban getmişdi. “Bir kərə yüksələn Bayraq, bir daha enməz!” nidası ilə tarix yaradan, yoxdan bir dövlət qurub Bayraq yapan liderlərin əksəriyyəti ölümün, mühacirətin ağuşuna atılmışdı. Tanrı onu dünyaya ən qüdrətli Türklərdən, tərcümeyi-halı ilə tarix yaradan liderlərdən biri kimi dünyaya gətirmişdi. Milli dövlətçilik tariximizdə Nəriman Nərimanov talesizliyindən, Əziz Əliyev əyilməzliyindən sonra, Ulu Öndər Heydər Əliyev yeni bir qəhrəmanlıq dastanı yazacaq, birliyin-bütövlüyün rəmzinə dönüb, “Dövlət qalan, qalan hər şey yalan!” nidası ilə tarix yaradacaqdı.
Osman Qazinin Osmanlı İmperatorluğunu qurduğu ərəfədə Şeyx Ədəbalı iki tarixi kəlam işlətmişdi: “Dərdi qədər böyük adam” və “İstanbulu fəth edən komutan, nə mutlu komutan!” Ulu Öndər Heydər Əliyev Səfəvilər hökmdarı Şah İsmayıl Xətaidən, Nadir şah Əfşardan, Ağa Məhəmməd Şah Qacardan, Fətəli şah Qacarın daha doğrusu Qacarlar dövlətinin vəliəhdi Abbas Mirzə Qacardan, “Nərimanovçuluq” məfkurəsini Azərbaycançılıq məfkurəsinə çevirən Nəriman Nərimanovdan, İkinci Dünya Müharibəsində Stalin, Molotov, Jukov, Rokassovski kimi mümkün olmayanları dağlar diyarı Dağıstanda, Dəmirqapı Dərbənddə gerçəyə çevirən Əziz Əliyevdən sonra tək və yeganə liderimiz idi ki, çiynində zər paqonlar daşısa da, General rütbəsi ilə təhlükəsizlik orqanlarına rəhbərlik etsə də, bir milli liderə xas xüsusiyyətlərlə “Mümkün olmayanları mümkünə çevirdi”. Siyasi hakimiyyətinin birinci mərhələsində 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirdi. Milli Ordu quruculuğu siyasəti yürütməklə, Ana dilini dövlət dili elan etməklə kifayətlənmədi, Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün əmr və fərmanlar imzaladı. Azərbaycanı qüdrətli kənd təsərrüfatı və sənaye ölkəsinə, elm, təhsil, mədəniyyət mərkəzinə çevirdi. Siyasi fəaliyyətinin Moskva dövründə isə, təkcə Azərbaycanın deyil MDB məkanına daxil olan respublikaların əsas qurucularından biri kimi tarix yaratdı. Baykal-Amor magistralı ilə əfsanəyə dönən Ulu Öndər Heydər Əliyev, Türküstan, Yaxın və Orta Şərq siyasəti ilə bir Türk, müsəlman kimi dünyaya sübut etdi. Nazarbayevin, Kunanbayevin müdafiəsi ilə Kolbinlərin üstünə yeriməklə cəsarətin, ləyaqətin nümunəsinə döndü.
1985-ci ilin Qorbaçov perestroykası, erməni daşnaklarının dəyirmanına su tökən Mərkəzi Komitənin Dağlıq Qarabağ və Azərbaycan məsələlərinə, 20 Yanvar dəhşətlərinə, ölümü gözə alaraq etiraz edən Ulu Öndər Heydər Əliyev Ümummili Liderə çevrildi.
Moskvadan dönüşü, siyasi fəaliyyətinin Naxçıvan dövrü ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Bayrağını Dövlət rəmzinə çevirməklə kifayətlənmədi, “Ümid körpüsü”nü qurmaqla Qars bəyannaməsindən Şuşa bəyannaməsinə yol saldı. 1993-cü il iyunun 14-də Naxçıvandan Bakıya tarixi dönüşü, böyük qayıdışı ilə “Qurtuluşun Dastanı”nı yaratdı. Qardaş qırğınına, Vətəndaş müharibəsinə son qoyan Ulu Öndər “Atəşkəs müqaviləsi”ni imzalamaqla, mənsub olduğu millətin genefondunu qorudu. “Əsrin müqaviləsi” ilə ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirdi. Düz 10 il siyasi hakimiyyətinin növbəti mərhələsində Müasir Azərbaycanın Memarı kimi tarix yaratdı!
Ulu Öndər Vətən, xalq, millət, məmləkət qarşısında heç bir tarixi xidməti göstərməsəydi təkcə Müzəffər Ali Baş Komandan, Sərkərdə-Xaqan Prezident cənab İlham Əliyevin atası kimi dünyaya gəlsəydi belə, 30 illik intizardan, 300 illik nisgildən sonra Xudafərin körpüsündə Bayrağa dönən millət, onu sonsuz sayğı, ehtiramla yad edəcəkdi.
Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iki tarixi kəlamı var: “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!” “Heydər Əliyevin varlığı Azərbaycan Xalqı üçün Tanrının tale payıdır!” Ulu Öndər Heydər Əliyev Mete, Atilla, Məlik şah, Osman Qazi, Əmir Teymur, Sultan Bəyazid, Sultan Səlim, Sultan Süleyman, Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi həyatda yerini və rolunu tarix müəyyən edən Liderlərimizdəndir. Onun varlığı təkcə Azərbaycan xalqı üçün deyil, Türk dünyası, Yaxın və Orta Şərq üçün mükafatdı. Çünki, onun adı gələndə harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir Türk, müsəlman, Azərbaycanlı qürur duyur. O, özü də qürur duyurdu. Azərbaycanlı, Türk və Müsəlman olmasıyla. O, bu dünyaya mənsub olduğu milləti, məmləkəti xilas etmək üçün gələnlərdən idi. Bütün fəaliyyəti Birliyə, Bütövlüyə xidmətə həsr olundu. Gedişi də elə idi. On minlərlə insan, onu torpaq müqəddəsliyinə qovuşdurmaq üçün Fəxri Xiyabana sonsuz sevgi, məhəbbətlə yollandı. Hər gün ziyarətinə yollandığı kimi. Bu gün Onun dünyaya gəldiyi, daha doğrusu mələklərin qanadında yer üzünə endiyi gündü. Bu gün həm də bizim günümüzdür. Onun və Varisinin iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən Millətin!
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)
Xalq şairi Fikrət Qocanın 90 illiyi qeyd ediləcək – PREZİDENT SƏRƏNCAM İMZALAYIB
Azərbaycanın Xalq Şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən Sərəncamı diqqətinizə çatdırır:
Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xətini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərini nəzərə alaraq, Xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2025-ci il
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)
Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək
Azərbaycan Respublikasının bir qrupincəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcəkdir, bu barədə ötən günAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən Sərəncamı diqqətinizə çatdırır:
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002 ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev Mətləb Fətəli oğlu
Abdullayeva Xurşud Lütvəli qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağasiyev Tural Aydın oğlu
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Ağayeva Aygül Asəf qızı
Allahverdiyeva Naibə Siyavuş qızı
Amanova Almaz Hüseyn
Aşurov Mustafa Əhməd oğlu
Atakişiyev Firdovsi Nurəddin oğlu
Babayev Allahverən Hacı oğlu
Babayeva İnarə Əhməd qızı
Bayramov Səyyad Məmiş oğlu
Bəxtiyarov Rəşad Bəhram oğlu
Cəfərov Samir Qadir oğlu
Dadaşov Ceyhun Arif oğlu
Eyvazov Anar Əli oğlu
Eyyubov Musa Eyyub oğlu
Əhmədli Bəhruz Vaqif oğlu
Əhmədov Çingiz Əli Əşrəf oğlu
Əhmədov Elşad Eldar oğlu
Əkbərov Mir Qabil Qafil oğlu
Ələkbərzadə Mehriban Zaur qızı
Əliyev Fərid Fərhad oğlu
Əliyev Samir Asəf oğlu
Əliyeva Arzu Qurban qızı
Əliyeva Münəvvər Sabir qızı
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Ülviyyə Fərhad qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əmirbəyova Rita Cəmil qızı
Əsədov İlham Əsəd oğlu
Əsgərov Əsgər Əkbər oğlu
Ferştandt Anton Sergeyeviç
Gözəlova İradə Vaqif qızı
Hacıyev Əli Yusif oğlu
Hacıyeva Natavan Nizami qızı
Hacıyeva Sevil İnşalla qızı
Heybətov Anar Mithət oğlu
Həsənov Kərim Abbas oğlu
Həsənov Zaman Hüseyn oğlu
Həsənova İlahə Bayraməli qızı
Həsənzadə Tuncay Ayaz oğlu
Hüseynli Anar Vaqif oğlu
Hüseynli Rauf Eyyub oğlu
Hüseynli Yeganə Tofiq qızı
Hüseynov Şövqi Ərəstun oğlu
Hüseynov Fizuli İsmət oğlu
Hüseynova Kəmalə Müzəffər qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Səmədzadə Nadir oğlu
Xəlilzadə Rüfət Eldar oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimova Şəhla İbrahim qızı
İbrahimova Nigar Rəfael qızı
İmanov Vaxtanq Yaşar oğlu
İmanova Ləman Fuad qızı
İskəndərova Sənubər Sabir qızı
İsmayılova Gülnaz Əmir qızı
Kazımov Nicat Mirəziz oğlu
Kərimduxt Rövşən Ramazan oğlu
Kərimova Leyla Əli qızı
Kərimova Nərgiz Faiq qızı
Kuxmazova Yulizana Şəfiyevna
Qaraxanov Yalçın Ənvər oğlu
Qarayev Elnar Cəfər oğlu
Qasımov Amid Fizuli oğlu
Qasımov Sahil Ələkbər oğlu
Qədiyev Seymur Ağaddin oğlu
Qəhrəmanov Abbas Əhməd oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Qulamov Samir Ceyhun oğlu
Quliyev Cəmil Elşad oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyev Kamran Yusif oğlu
Quliyeva Qızılgül Polad qızı
Quliyeva Şəlalə Şahvələt qızı
Quliyeva Yaqut Abbasqulu qızı
Quliyeva Zümrüd Vaqif qızı
Qurbanov Cahangir Qafar oğlu
Qurbanov Rövşən Oktay oğlu
Qurbanova Gülzar Qurban qızı
Qurbanova Pərvanə Yaqub qızı
Mehdiyev Məmməd Müşfiq oğlu
Mehdiyev Oqtay Nüsrət oğlu
Mehdiyev Rasəf Varaşil oğlu
Mehmandarov Mustafa Adil oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmmədli Şamil Kamil oğlu
Məmmədov Anar Ramiz oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Emil Əfrasiyab oğlu
Məmmədov Xəyyam Əhrar oğlu
Məmmədov Murad Məmməd oğlu
Məmmədova Fəridə Kamal qızı
Məmmədova Lalə Mirzəli qızı
Məmmədova Tamilla Nəzər qızı
Mikayılov Mikayıl Şamil oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəyev Akif Əziz oğlu
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəyev Sucəddin Qiyas oğlu
Mirzəzadə Nicat Qərib oğlu
Muradov Yadigar Məmməd oğlu
Musayeva Şükufə İmran qızı
Mustafayev Mustafa Vaqif oğlu
Mustafayev Arzu Əhməd oğlu
Mürvətova Hüsniyyə Vaqif qızı
Nağıyev Elçin Nağı oğlu
Nəsirli Uğur Asif oğlu
Nəsirova Hicran Fətəli qızı
Ocaqverdiyeva Təranə Fikrət qızı
Oduşev Timur Vladislavoviç
Orucova Naidə Mülük qızı
Osmanov Fuad Tacəddin oğlu
Ömərov Gümrah Rza oğlu
Poladov Əkrəm Nicad oğlu
Rəcəbli Məmməd Qüdrət oğlu
Rəfiyeva Aidə Fazil qızı
Rəhimov Teymur Əsgər oğlu
Rəhimov Valeh İslam oğlu
Rəhmanov Rəhman Tofiq oğlu
Rüstəmov Nurlan İbrahim oğlu
Sadıqov Anar Babalı oğlu
Salahov Əbülfət Yusif oğlu
Salamov İbrahim Salam oğlu
Salmanov Paşa Həmdulla oğlu
Səfiyev Anar Qubat oğlu
Səlimli Mirbala Seyidəsgər oğlu
Səlimov Ruslan Xanbala oğlu
Səmədov Şükür Hacıbala oğlu
Süleymanov Süleyman İman oğlu
Süleymanova Elmira Süleyman qızı
Şahbazova Esmiralda Məmmədəli qızı
Şıxaliyev Elşən Telman oğlu
Şıxəliyev Ramin Tofiq oğlu
Şirinov Aslan Adil oğlu
Tağızadə Mahir Tahir oğlu
Terequlov Zaur Rəşid oğlu
Topalaşvili Naili Varnelovna
Vəliyeva Leyli Fətulla qızı
Vəliyeva Nigar Natiq qızı
Yusifova Təranə Əbülfəz qızı
Zaliyeva Mehriban Əskəralı qızı
Zeynalov Azər Zeynalabdın oğlu
Zəki Mehriban Mürvət qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 may tarixli 117 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (I kitab), maddə 542) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2025-ci il
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək
Azərbaycan Respublikasının bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcəkdir, bu barədə ötən günAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən Sərəncamı diqqətinizə çatdırır:
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Axundov Elçin Əbdül oğlu
Amənzadə Raihə Barxudar qızı
Fərəcov Sərdar Fərəculla oğlu
Göyüşov Nəsib Cümşüd oğlu
Məmmədov Sabir Novruz oğlu
Rövşən Ramiz Məmmədəli oğlu
Yaqubova Ella İsmayıl qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2025-ci il
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
"SÖZÜN GÜCÜ" – bu dəfə Nüsrət Kəsəmənliyə həsr edilmişdi
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Sözün gücü" layihəsi çərçivəsində Filarmoniyanın Urban Mərkəzində öz şeirləri ilə qəlbləri fəth edən şair Nüsrət Kəsəmənlinin 80 illiyinə həsr olunmuş qiraət gecəsi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə qiraətçilər Əməkdar mədəniyyət işçisi, şair, publisist Bəxtiyar Muradov, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin “Getmək istəyirsən bəhanəsiz get”, “Dəli bir ağlamaq keçir könlümdən”, “Biri var idi, biri yox idi”, “Oğru olmaq istəyirəm”, “Etiraf”, “Dünən toyun idi”, “Müəllim”, “Yoxdursa”, “Bir gün görəcəksən”, “Bir sevda ağlayır”, “Sevənlər deməyəydi” və “Nələr gördüm bu dünyada” şeirlərini səsləndiriblər.
Həqiqətən də Nüsrət Kəsəmənli poeziyası poetizmin, lirikanın zirvəsidir, bunu inkar etmək mümkün deyil.
OĞRU OLMAQ İSTƏYİRƏM
Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!
Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib
Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, sədr Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb. Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətə çatdırıb.
Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” sənədli filmindən bir hissə və “Heydər Əliyev və diaspor quruculuğu” adlı videoçarx nümayiş olunub.
Xalq rəssamı Ömər Eldarovun tələbəsi, heykəltəraş, kinorejissor Namiq Hüseynov “Heydər Əliyev: milli-mənəvi dəyərlərin hamisi” mövzusunda çıxış edib. Ulu Öndərin yalnız siyasi lider deyil, həm də xalqın mədəniyyətini, ənənələrini və dəyərlərini qorumağa və inkişaf etdirməyə çalışan bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. Heykəltəraş dahi lider Heydər Əliyevin büstünü komitəyə hədiyyə edib.
Daha sonra Komitənin gənc əməkdaşları, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri Mariya Atanasova-Hüseynova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərini qeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağını söyləyiblər.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Ulu Öndərin anadan olmasının 102 illiyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə hazırlanıb.
Virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Belə ki materialda Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan 80-dən çox kitabın tam mətni təqdim edilir. Virtual kitab sərgisi vasitəsilə oxucular kitabxananın elektron kitabxanasında açıq istifadədə təqdim edilən “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”, “Zamana sığmayan lider”, “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”, “Heydər Əliyev və ədəbi irsimiz”, “Qarabağ Zəfərinin tarixi kökləri və Heydər Əliyev”, “Heydər Əliyev və Azərbaycan elmi” kimi kimi kitablar ilə tanış ola bilərlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxanada təşkil edilən “Ulu Öndər Heydər Əliyev” adlı ənənəvi kitab sərgisində Ümummilli Liderin mənalı ömür yolunu, zəngin, çoxşaxəli fəaliyyətini əks etdirən, kitabxananın fondunda saxlanılan və əsasən son illərdə nəşr edilən kitablar sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
“ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “Ulu Öndərin Yolu ilə” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş müsabiqə Dövlət Agentliyi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə tərafdaşlığı çərçivəsində baş tutub.
Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov, şagirdlər, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.
Layihənin məqsədi Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, uşaqlarda vətənpərvərlik hisslərinin, milli kimliyə bağlılığın və liderlik bacarıqlarının gücləndirilməsidir. Müsabiqə 5–11-ci sinif şagirdləri arasında keçirilib. Mərasimdə qaliblərə diplom və sertifikatlar, eyni zamanda xatirə hədiyyələri təqdim olunub. Həmçinin şagirdlər “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Sənin 80 yaşına – AÇIQ MƏKTUB
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Mən səni itirəndə 17 yaşım var idi. Bəlkə də o vaxta qədər səni özümə o qədər də doğma hiss etməmişdim. Bəlkə də sən mənim üçün sadəcə ailəmizin başçısı idin – böyük süfrələrin başında oturan, hər zaman ağsaqqal kimi görünən bir fiqur. Mən səni qoca çinar ağacına bənzədirdim – kökləri dərin, budaqları geniş, zamanın şahidi.
İllər keçdikcə mən uşaqlıqdan yeniyetməliyə, sən isə ahıllığa doğru addımlayırdın. Amma hər şeyin dəyişdiyi bir dövr oldu – karantin illəri. O zamana qədər heç bir şey bizi bu qədər yaxın etməmişdi. Səninlə keçirdiyim o günlər, aramızda qurulan baba-nəvə bağı, mənim üçün həyatımın ən doğma xatirələrinə çevrildi. Səni itirmək qorxusu artıq içimdə yuva qurmuşdu. Gündən-günə zəifləyirdin, xəstəlik səni get-gedə daha da taqətsiz edirdi. Mən isə sənin ətrafında dolanır, sənə güc verməyə çalışırdım.
Bax o günlər – şəkillərə birlikdə baxıb hər dəfə ilk dəfə görürmüş kimi təəccüblənməyim, eyni xatirəni dəfələrlə danışsan da hər dəfə gülümsəməyim, əlində daş olduğunu bildiyin halda dominoda sənə “uduzmağım”, gecə azanından sübh azanına qədər sənin rahat yatmağın üçün gözləməyim, nənədən gizli yediyimiz yeməklər, mənə düzgün insan olmağı öyrətmək üçün sənin bitməz çabaların… bunlar mənim yaddaşıma silinməz izlərlə həkk olundu.
O zamanlar mən inadkar, öz bildiyini oxuyan bir körpə fidan, sən isə illərin yükünü daşıyan, mənə kölgə verən qoca çinar idin. Sən körpələşdikcə, mən böyüməyə məcbur oldum. Ölüm qorxusu içimi didsə də, sənə heç vaxt hiss etdirmədim.
Və bir gün səni itirdim. 17 yaşına yeni qədəm qoymuş mən, səni əbədi olaraq itirdim. O gündən bəri çox şey dəyişdi, çox insan gəldi, çoxu da getdi. Amma sənin yerin heç dolmadı. Mən hər dəfə canım yandıqda, sənin yoxluğuna ağladım.
Bu gün yaşasaydın, düz 80 yaşın olacaqdı.Ümid edirəm, hardasa açıq səmalardan məni izləyirsən və qürur duyursan.
Ad günün mübarək!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Əzizə Cəfərzadənin Turanı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- "Mən Əzizə Cəfərzadənin təkcə oğlu yox, həm onun yazılarının ilk oxucusu və həm də tənqidçisi olmuşam. 20-22 yaşlarında idim. Özü deyirdi ki, mənim yazılarımı sən oxumadan çapa verməyəcəm. Mən onun yazılarını oxuyub fikirlərimi deyirdim, yalnız bundan sonra çap etdirirdi. İngiltərədə işləyəndə, bir dəfə gecə reysi ilə qayıtmışdım. Evə gələndə gördüm ki, publisistik janrda yazdığı bir yazını qoyub yazı masama. Oxuyub dedim ki, bu elə bil Əzizə Cəfərzadənin “Aləmdə səsim var”dan qabaqkı qələmidir. Etiraz elədi, dedi, yox, təzə yazmışam. Mən dediyimdən dönmədim: “Ola bilsin, təzə yazmısan, amma bu o dövrün qələmidir”. Müxtəlif arqumentlər sadalayıb məni aldatmaq istədi, alınmadı. Sonra boynumu qucaqlayıb gülə-gülə dedi ki,- “Sağ ol, oğul, ilinə qədər düz dedin. 1967-ci ilin yazısıdı, arxivimdə qalmışdı, çap elətdirməmişdim”.
Bəli, bu gün sizə Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovdan söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Hacıqabul rayonunun Tağılı kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. İxtisasca tətbiqi riyaziyyatçıdır. Hazırda neft sahəsində çalışır. Texniki elmlər üzrə fəlsəfə doktorudur...
"Ümumiyyətlə, tənqidi qəbul edən adam idi. Evdə onu hamı oxuyurdu. Qardaşları da, mən də, digərləri də. Və bizim rəyimizi öyrənmədən heç birini çap etdirmirdi”, - söyləyir.
Dostluqda çox sədaqətlidir. Xeyirxah, qayğıkeş, səbirli adamdır. Qavramaq qabiliyyəti, duyumu çox güclüdür. Ona etibar etmək, güvənmək olar. Əsas arzusu isə öz prinsiplərinə sadiq qalmaqdır...
Deyir ki:- “Həqiqətdə mən Əzizə Cəfərzadənin qardaşının oğluyam. Kiçik yaşlarımdan məni rəsmi şəkildə oğulluğa götürüb. Müharibə dövründə özünün qız övladı olub. O vaxtlar keçmiş “Sovetski” küçəsində yerləşən Pedaqoji məktəb hospital imiş, orada çalışırmış. Qızı körpə olanda, kimsə onu evlərindən hospitala, əmizdirməyə aparanda yolda yıxılıb və necəsə olubsa qızı başından zədə alıb, bir müddət sonra isə vəfat edib. Təxminən iki yaşında. Onun müharibə dövründə qələmə aldığı “Oyan, balacığım!”, daha sonralar yazdığı “Nətavan haqqında hekayələr”, “Cəlalliyyə”, “İşiğa doğrü” və başqa əsərlərində bu faciə öz təsvirini tapıb. Əzizə ana yeganə övladını itirməsinin acısını ömrü boyu daşıyıb. Bu acını nə qədərsə ovutmaq üçün bacım Kəmalə də çox kiçik yaşlarından onun evində yaşayıb. Amma onu övlad kimi rəsmiləşdirməyib. Məni isə rəsmi övladlığa götürüb, ona görə də soyadım Cəfərzadədən yoldaşının soyadına - İbrahimovla dəyişdirilib...”.
Yaxşı zövqu var, gözəllik aşiqidir. İnsanlarla mehriban rəftar edir. Dostlara çətin günlərində dəstək, təsəlli verməyi bacarır. Hisslərindən çox məntiqlə hərəkət etməyi sevən insandır. Risk etməyi xoşlamadığından səhvlərə də yol vermir. Başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımını hesablamağı sevir və hazırladığı planın reallaşmasını səbrlə gözləyir...
“Əslində Aviasiyaya gedəcəkdim, qismət olmadı. Gözümdə problem çıxdı. Amma uşaq vaxtlarımda anamın yazı masasında əyləşib nəsə yazmağına böyük maraqla baxardım. Anam gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırdı. Və mən sadəcə abzasları qaydasına salmaqda ona kömək edərdim. Demək olar ki, onun yazısı üzərində təzədən işləmək söhbəti olmurdu. Ona ilham həmişə səlis cümlələrlə gələrdi. O, artıq beynində redaktə edib o cür də üzə çıxarırdı. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmədi...”, - söyləyir.
…Mayın 9-u haqqında söhbət açdığım, texniki elmlər üzrə fəlsəfə doktoru Turan İbrahimovun ad günüdür, 64 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)