Super User

Super User

   

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.

 

8-ci paylaşım

 

 

(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)

 

                                               

Gecə saatlarında kimsə duymasın deyə sakitcə pillələrdən 9 mərtəbəli binadan yuxarı qalxıb binanın çardağına çıxdı. Gecə saatları idi. Amma ayın işığı binanın üstü və ətrafını işıqlandırmışdı. Soyuq-mülayim külək əsirdi. O, binanın tin hissəsinə yaxınlaşıb yavaşca dəmirdən qurulmuş su çəninin üzərinə qalxdı. Qaranlıq, amma göz vuran ulduzlarla dolu olan səmaya baxaraq ötən illərini, nakam sevgisini və həyatda üzləşdiyi dözülməz acılıqları düşünüb həyata əlvida söylədi. Özünü hündürmərtəbəli binadan yerə atmaq istəyən zaman qəfildən sağ tərəfdən mülayim və ürəkoxşayan bir səs eşitdi.

- Oğlum səbirli ol! Bu, son deyil!

Fateh diksinib dərhal səs gələn səmtə tərəf döndükdə arxada sağ tərəfdə balaca xalça üzərində səmimiyyət və təvazökarlıqla əyləşmiş bir qoca kişini gördü. Ay işığı onun üzünə düşdükcə çöhrəsi ay parçası kimi işıldayırdı. Fateh çox fikirli və kədərli olduğundan ətrafa yaxşı baxmamış və onu qaranlıqda sezə bilməmişdi...

- Adın nədir?

- Fateh.

- Fateh! Çox gözəl adın var. Sən fəth edən, qalib olan bir oğulsan. Amma bu hərəkətin fatehliyə heç yaraşmır! Sanki zəif və məğlub kimi görünürsən oğlum...

- Əmi! Axı siz mənim nə çəkdiyimi heç bilmirsiz...

- Mən də insanam bala. Mən də bu həyatda nakamlıq, vəfasızlıq, çətinlik və acılıqlar görmüşəm. Amma heç bir zaman zəiflik etmədim və təslim olmadım.

Fateh bir az dayanıb sanki sarsılmış kimi fikirə getdi. Qoca kişidən eşitdiyi sözlər onu bir anlıq intihar fikirindən çəkindirmişdi. Çənin üzərindən aşağı enib qoca kişiyə yaxınlaşdı, onun yanında əyləşdi.

- Əmi siz kimsiz, burada nə işlə məşğulsuz?

- Adım Qorquddur. Mənə Qorqud Elturan deyirlər. Gözətçiyəm. Bu həyatın acılıqlarından ürəyim sıxıldığı üçün bura gələrək açıq səma altında Tanrı ilə danışıb dua edirdim ki, birdən sən gəldin. Bilsəydin, açıq səma altında Tanrı ilə danışmağın insan üçün nə qədər mənəvi həzzi var. Bilirsənmi, oğlum insan açıq səma altında dayanıb göylər və kainatın əzəmətini seyr etdikdə, özünün və eləcə də üzləşdiyi problemlərin nə qədər kiçik və cılız olduğunu anlayır.

Fateh olanları, həyatında üzləşdiyi nakamlığı qocaya danışdıqda qoca üzünü ona tutub dedi:

- Bala, bax indi sən özünü yerə atsan, bu həyatdan zəif və məğlub olaraq gedəcəksən. Ardınca hər kəs bir söz danışacaq. Bu həyata bircə dəfə gəlirik. Onu doğru yaşamalıyıq. Nəsə uğursuzluq varsa səbəbi daha çox biz özümüzük. Əgər müqəssir özünsə, səhvini axtarıb tap və onu ağıllı-məntiqli şəkildə aradan qaldır. Bax əsil fatehlik budur!

Yox əgər üzləşdiyin çətinlikdə səbəbkar sən özün deyilsənsə, o zaman səbirli və təmkinli olmağa çalış. Zaman özü belə hallarda ən gözəl məlhəmin olacaq.

Kimsə sənə və həqiqi sevginə sayğısızlıq edidsə, unut getsin! Demək ki, o şəxs sənin sevginə layiq deyilmiş. Zorla sevgi olmaz axı.

Qoca kişi sözlərinə belə davam etdi:

"Dediklərindən belə anladım ki, sən uzun illər görmədiyin bir qızı görən kimi ona sevgini və evlənməyi təklif etmisən. Halbuki bir az səbirli olmalı, onu ətraflı araşdırıb-tanımalı idin. Yalnız tam əmin olduqdan sonra addım atmalı və təklifini ona deməli idin. Hər halda şükür et ki, evlənməzdən öncə məsələ beləcə bitib. Sən bütün bunları bilmədən o xanımla evlənəndən sonra sənə qarşı xəyanətləri üzə çıxsaydı, nələr çəkərdin və nə edərdin? Heç bunu düşünmüsənmi? Bunu düşün və bil ki, Tanrı səninlədir.

Həm də ki, o daşıdığın canı sən yaratmamısan ki, indi də ona qıyasan. Bu can da, bu cisim də, bu həyat da Ulu Tanrının sənə bəxş etdiyi bir əmanətdir.

Sən bir xanımın vəfasızlığından təngə gəlib Ulu Yaradanın sənə əmanət etdiyi bu can əmanətinə qarşı vəfasızlıq etməklə (intiharla) problemi həll etməyə çalışırsanmı? Bala! Vəfasızlıq qarşısında böyük vəfasızlıqla, xəyanət qarşısında böyük xəyanətkarlıqla problem həll olarmı?"

Fateh müdrik qocanın bu sözlərindən təsirlənib ürəkdən ağlamağa başladı. Başını qaldırıb göyə və göydə parlayan aya və ulduzlara baxıb ürəkdən ah çəkdi. Qoca kişi əlini onun çiyininə qoyub təsəlli verdi və ağlamağın bəzən insan qəlbinə səfa və hüzur gətirdiyini söylədi...

Fateh bundan sonra özünə gəlib yanlış qərar verdiyini anladı, müdrik qocanın əlini öpüb evə döndü... Amma bundan sonra o qocanı nə qədər axtarsa da, heç vaxt onu tapa bilmədi. Hətta, bir neçə dəfə gecə çağı yaşadığı binanın çardağına qalxıb onu axtarsa belə heç vaxt o müdrik qocanı görə bilmədi...

 

Aylar, illər ötdü. Fateh iş yerində çalışan bir xanımla ailə həyatı qurdu və bu evlilikdən onların bir qız övladı da, dünyaya gəldi. Bu evlilik Fatehin ikinci ailə həyatı olsa da, ümumi baxımdan uğurlu ailə həyatı sayılırdı. Əslində Fateh ilk məhəbbətə inanır və insanın yalnız ilk məhəbbəti ilə xoşbəxt ola biləcəyini düşünürdü. Amma bəzən insanın özündən asılı olmayan amil və ya amillər nəticəsində ilk məhəbbəti nakam qalır və beləliklə də, ayrısı ilə evlənmək məcburiyyətində qalır. Fateh hal-hazırda həmin durumda idi.

Hər şeyə rəğmən öz həyatını yaşayır, ixtisasına uyğun olaraq heykəltaraşlıqla məşğul idi. Bu müddət ərzində ölkə daxili və xaricində bir neçə möhtəşəm sərgisi təşkil olunmuşdu. Hətta, yaşadığı mənzilinin bir guşəsində özünə kiçik heykəltaraşlıq emalatxanası da qurmuş, ara-sıra orada çalışırdı.

Bir neçə ildən sonra Fateh öyrəndi ki, Fidan çalışdığı şirkətdə işçi yoldaşı ilə ailə həyatı qurub. Amma avtomobil qəzasında iki ayağını itirmiş ikinci ərini və həmin ərindən dünyaya gəlmiş övladını tərk etməyə qərar verib. Bir müddət tək yaşadığına, stres və narahatçılarlara qapıldığına görə ağır xəstəliyə düşüb.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Çərşənbə, 29 Yanvar 2025 15:07

Salamməlikdən Zəngəzura - SİYASİ ŞTRİXLƏR

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Nə zaman Zəngəzur adı, Zəngəzur dəhlizi ifadəsi işlənirsə, biz naxçıvanlılar olaraq ürəyimiz dağa dönür. Qəlbimiz yerində durmur, uçunur. Axı ora bizim əzəli və əbədi yurd yerimizdir. Axı Günəş həmişə Zəngəzurdan boylanaraq Naxçıvanı salamlayıb. 

Biz ki qızıl torpaqların sahibi, isti ürəkli, əliaçıq, qonaqpərvər insanlarıq. Bununla da bitmir bizim xoşbəxtliyimiz. Biz Zəngəzurdan gələcək ilk qatarı salamlayan, xan Arazın sahilində övlad böyüdən, təsərrüfat salan, Vətən sərhədlərinə keşik çəkənləriyik. 

Axı necə Zəngəzur üçün darıxmayaq. Culfa Lokomotiv Deposunun maşinistləri Elxan Məmmədov və Tahir Abuzərovun qışqıra-qışqıra “Tələsin, tez olun, gecikirik” çağırışları, son qatar və son sərnişinlər də çox darıxıb sənin üçün, Zəngəzur. Ağbənd həsrət qalıb Salamməlik çağırışına. Həsrət qalıb 54 kilometrlik məsafədə torpaq torpağa.

Ölkə başçısının ötən gün nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur haqqında səsləndirdiyi fikirlər ümidlərimizi daha da artırdı, daha da əlimizi, qolumuzu açdı ki, bu haqda yazaq, paylaşaq. Cənab Prezident çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb və bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb. 

Dalana dirənmiş Ermənistan yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının təmin olunması 10 noyabr kapitulyasiyasında açıq-aydın göstərilib. Təəssüf ki, “dəmir yumruğ”u dadmadan durmayan Ermənistan dırnaqarası “sülh kəsişməsi” layihəsini ortaya atır ki, ölkə başçısı İlham Əliyevin təbirincə desək: “Azərbaycansız bu layihənin iki qəpiklik də qiyməti yoxdur”. 

Doğrudan da, bu layihə Azərbaycansız kağız parçasından ibarətdir. Ermənistanın etdiyi bu manipulyasiya nəticəsində Azərbaycanla Naxçıvanın rahat bağlantısının təmin edilməsi gecikir. Və bunun nəticəsində biz iqtisadi cəhətdən əlverişsiz və uzun yoldan istifadə etməli oluruq. 

Artıq vaxt itirmək zamanı deyil. Buna görə də İran İslam Respublikası ilə əldə edilmiş razılaşmaya görə Ermənistanın kənarda qaldığı avtomobil körpüsünün tikintisi bu il yekunlaşaraq istifadəyə veriləcək. 

Ölkə başçısı çıxışında qeyd etdi ki, hazırda birinci körpü Zəngilanda inşa edilir, ikinci körpü isə Naxçıvan Muxtar Respublikasında inşa ediləcək. Beləliklə də, onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq. Ölkə başçısı onu da vurğuladı ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Yəni heç bir gömrük proseduru olmadan. 

Bu tələbdir. Bu, 2020-ci ildə Ermənistana “dəmir yumruğ”u göstərən liderin tələbidir. Bu, tarixi hadisələrin gedişinə müdaxilə edən ədalət çarçısının tələbidir. Bu, zor gücünə bizdən qoparılmış əzəli Zəngəzur torpağının qaytarılması tələbidir. 

Əgər ölkə başçısı bu tələbi əmrə çevirsə, onda yenidən kapituliyasiyaya getməyə nə vaxtınız, nə də gövdənizdə başınız qalacaq, ey başadüşməzlər yığını! 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Coca-Cola şirkəti, Avropada şüşə və banka qablaşdırmasında olan içkilərin yüksək miqdarda xlorat ehtiva etdiyi üçün böyük miqyasda geri çağırılmasını elan edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinad edir. 

Xloratın yüksək konsentrasiyası, uşaqların və ya uzun müddət istifadə edənlərin qalxanvari vəzinə təsir göstərə bilər. Bu içkilər keçən payızda Belçika, Niderland və Lüksemburqda satışa çıxarılmışdı.

Avropa İttifaqında xloratın qida məhsullarında maksimal icazə verilən səviyyəsi haqqında qaydalar mövcuddur. Coca-Cola Europacific Partners-dən olan nümayəndə Euronews Health-ə verdiyi açıqlamada, müstəqil ekspertlərin analizinə görə, "insanlar üçün riskin ehtimalı çox aşağıdır". 

Hal-hazırda şirkət müştərilərdən heç bir şikayət almayıb.

Xlorat uzun müddət istehlak edildikdə zərərlidir, çünki orqanizmdə yodun udulmasını pozur. Həkimlər, birdəfəlik və qısamüddətli təmasların sağlamlığa zərər verməyəcəyini bildirirlər. Bununla belə, şirkət ehtiyat tədbirini görnək qərarına gəlib.

Geri çağırılan içkilərin istehsal kodları 328 GE-dən 338 GE-yə qədərdir. Lazım olan nömrələri bankanın dibində və ya şüşə butulkasının boğazında tapmaq olar.

Le Monde qəzetinin məlumatına görə, xlorat qida və içkilərə suyun təmizlənməsi zamanı istifadə olunan dezinfeksiyaedici vasitələrdən daxil olur. Keçən il Coca-Cola, Avstriyada milyonlarla plastik şüşəni geri çağırmışdı, çünki içkilərdə metal hissəciklərinin olması ehtimalı var idi.

 

Foto: J. Puskar/AP Photo

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

TÜRK MƏDƏNİYYƏTİ və İRSİ FONDU ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk xalqarı mədəniyyətinin təbliği layihəsində Türkiyə təmsilçimiz Enver Aykol məşhur Türkiyə yazıçısı İskəndər Paladan müsahibə götürüb.

 

İskəndər Pala ilə “Eşq hekayəsi” haqqında - MÜSAHİBƏ

 

SUAL:

Romanda Kaligra pirinin Bahşı’ya dediyi “Sən Leyla’ya təlipsən, Mevla’ya yollar, yollar var...” ifadəsi bizə Bahşı’nındaha ilk mərtəbəni keçə bilmədiyini göstərir. GünümüzdəLeyla’nı bilmədən Mevla’ya təlip olan çox insan var. Romanınızı oxuduqdan sonra ağlıma belə bir sual gəldi: Leylasını tapa bilməmiş, sevgini heç dadmamış biri həqiqətən Mevla’ya çatabilərmi? Mevla’ya gedən yollar Leylaların körpüsündənmi keçir?

 

İskəndər PALA: 

-Təsbitinizdə tamamilə haqlısınız. Təəssüf ki, günümüzdəki səthi anlayış Leyla’nı ya əhəmiyyətsiz hesab edir, ya da onu ucuz bir əmtəə kimi görür. Sevgi sözünün mənası artıq o qədim əzəməti ilə yaşamır. Mövlana həzrətləri deyir ki, “Sevgi şəfadır, sevgi gücdür, sevgi dəyişimin möhürüdür!” Yerdəki hər şey - çörəkotundan günəşə qədər - sevgi ilə yoğrulmuş, sevgi ilə var olmuş, sevgi ilə hərəkət etmişdir. Kainatda hər şey sevgi ilə yaradılmış, sevgi hamuru könüllərə mayalanmışdır. Sevgi unudulanda insanlar əzab çəkməyə başladı, pisliklər və zorakılıqlar baş qaldırdı. Bu gün dünya sevginin şəfasına, gücünə möhtacdır. Şikayət etdiyimiz dünyanın dəyişməsi üçün yeganə resept sevgidir. İşlər sevgi ilə görülərsə, düyünlər sevgi ilə bağlanarsa, insanlar sevgi ilə görər, baxar, eşidər və irəliləyərsə, bəşəriyyət qurtuluşa yönələcəkdir. İnsan içindəki sevgini itirdiyi üçün dünyada körpələr ölür, günahsızlar həyatını itirir, zalımların zülmü artır.

 

SABAH SAAT 12.00-DA QAÇIRMAYIN!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

23-24 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak məqsədilə İslamabad şəhərinə səfər edib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, tədbirdə Komissiyanın həmsədrləri -  Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Vüqar Mustafayev, Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətinin üzvləri, digər rəsmi şəxslər də iştirak ediblər.

 

Komissiyanın yekunu olaraq imzalanmış Protokolda “ASAN xidmət” təcrübəsinin Pakistan tərəfi ilə paylaşılması üzrə bənd öz əksini tapıb.

 

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Pakistanın dövlət xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə görüşüb

 

Görüşlər zamanı "ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Müvafiq istiqamətlər üzrə Pakistanın aidiyyatı qurumları arasında əməkdaşlığın həyata keçirilməsinə dair razılığa gəlinib.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Güclü xarakterli, sarsılmaz iradəli, məsuliyyətli, zabitəli, özgüvəni yüksək adamdır. Bu xüsusiyyətləri onun xarici görünüşündə də öz əksini tapıb. Digər insanlarla bir az məsafəli davransa da, əslində içi sevgi ilə doludur. Liderlik qabiliyyəti var, məqsədi hər zaman qalib gəlməkdir. Özünə xas sistem yaradıb. Tətbiq etdiyi qaydalardan xaricə çıxmır...

 

1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurub. Əsgəri xidmətdən sonra bir müddət Culfada sovxozda işləyib. Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub və oranı fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi vəzifələrində çalışıb. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində işləyib. Siyasi partiyalardan birinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır...

Dürüst, humanist, vicdanlı və mərddir. Cəsarətlidir- sözünə sahib çıxmağı bacarır. Yüksək mədəniyyətə malik, əxlaqlı insandır. Kifayət qədər təmkinlidir. Uzaqgörəndir və analitik təfəkkürə sahibdir...

Milli maraqları daim hər şeydən üstün tutan, dövlətçiliyin hər şeyin fövqündə olduğunu öz fəaliyyəti ilə təsdiq edən siyasətçilərdəndir. Milli Məclisdə maraqlı, orijinal çıxışları ilə seçilən millət vəkillərindən biri də odur. Zarafat deyil, böyük bir məktəb keçib- Milli Azadlıq Hərəkatının od-alovunda bişib. Siyasi səriştəsi, dünyagörüşü ilə yanaşı, həm də şəxsi keyfiyyətləri ilə də dünənin, bu günün və eləcə də sabahın siyasət adamları üçün nümunə ola biləcək bir ictimai-siyasi xadimdir...

Bəzən millətin vəkili olmaq mərtəbəsinə qalxmaq üçün, deputat olmağa və üçrəngli döş nişanını yaxada gəzdirməyə ehtiyac qalmır. Necə ki, bir çoxları haqq etmədikləri mandatı və döş nişanlarını gəzdirirlər, amma o, hətta deputat olmasa belə təkcə seçicilərinin deyil, bütövlükdə millətin vəkili adını daşımağa layiq insanlardandır. Onu xalqın rifahı həmişə narahat edir...

Deyir ki: “ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanları mənfi psixoloji durumda qoyuruq. İş yeirlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq. Bəziləri deyir ki, hökuməti əvəllər tənqid edənlər indi onu tərifləyirlər? Bəli, hökumətin hansısa addımlarını müsbət hesab edəndə tərifləmişəm və hansısa addımlarını mənfi hesab edəndə isə tənqid də etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Unutmaq lazım deyil ki, hamının gözü parlamentdədir, danışanda diqqətli olmaq lazımdır...”.

Əlbəttə, onun müxalifət partiyasının lideri kimi hakimiyyətə münasibətdə kəskin mövqedə dayanmaması siyasi dünyagörüşü bəsit olan kəsimlərdə anlaşılmaya bilər. Amma o, ucuz pafosçuluqdan, yersiz müştəbehlikdən uzaq adam olduğu üçün mövcud siyasi reallıqlar çərçivəsində məmləkətə, onun siyasi palitrasına harmoniya gətirmək istəyinə köklənmiş bir siyasi mübarizə yolu seçib. Bu baxımdan, müxalif düşərgədəki yalançı radikallardan fərqli olaraq, o dosta da, rəqibə də, tərəfdaşa da səmimi yanşaması ilə seçilir...

Üzərinə düşən məsuliyyətin fərqindədir və nə qədər ağır olsa da məsuliyyətdən qaçmır. Adət ənənələrə olduqca bağlı insandır. Fərqli və ilk olan məsələlərə adətən soyuq yanaşır. Məntiqsiz olan hər şeydə son dərəcə həssasdır. Bu xüsusiyyəti hadisələri və qarşısındakı insanları daha aydın anlamasına imkan verir. Necə deyərlər, zamanı idarə etməyi olduqca yaxşı bacarır. Əzmli olmaq onun üçün olduqca önəmlidir... 

Bəli, mən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev haqqında danışıram. Ötən bu illər ərzində o, daim mediaya, jurnalistlərə açıq siyasətçilərdən olub, mediaya və media mənsublarına tolerant münasibət sərgiləyib, heç zaman qələm əhli ilə qarşıdurmaya, məhkəmə çəkişmələrinə getməyib. O, peşəkar siyasətçi kimi fəaliyyətində hər zaman özünəməxsusluğu ilə seçilib, fərqlənib, heç kimi təqlid etməyib. Həmişə öz yolu, öz yanaşması olub. Hər zaman da fəaliyyətində, eləcə də çıxışlarında seçicisinin, bütövlükdə Azərbaycan dövlətinin maraq və mənafelərindən çıxış edib...

Bu gün - yanvarın 29-u 60 yaşı tamam olur. Yubileyi münasibətilə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə "Ədəbiyyat və incəsənət" portalının birgə təqdim etdikləri Görkəmli türklər layihəsində Çingiz xan, Sultan II Mehmetdən sonra bu gün sizlər Şah İsmayıl Xətai barədə bilgilərlə tanış olacaqsınız.

 

Təqdim edir: Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan tarixində ən qüdrətli hökmdarlardan biri, şübhəsiz ki, Şah İsmayıl Xətaidir. O, yalnız Azərbaycanın deyil, ümumən Yaxın Şərqin siyasi xəritəsini dəyişdirən liderlərdən biri olmuşdur.

 

Şah İsmayıl 1501-ci ildə Səfəvi dövlətini quraraq onu güclü bir imperiyaya çevirdi. Cəmi 14 yaşında taxta çıxaraq öz siyasi və hərbi zəkası ilə nəhəng bir ərazini birləşdirə bildi. Dövlətin paytaxtını Təbriz elan edən Şah İsmayıl Azərbaycanın dilini (Azərbaycan türkcəsini) dövlət dili olaraq təsdiqlədi və türklərin tarixi və mədəniyyətində böyük iz buraxdı.

 

1. Hərbi güc: Şah İsmayıl gənc yaşlarından hərbi istedadını nümayiş etdirmiş və Şərur döyüşündə Ağqoyunlu hökmdarını məğlub etmişdir. Daha sonra o, İraq, İran, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərini öz hakimiyyəti altına alaraq imperiyasını genişləndirmişdir.

 

2. İdeoloji güc: Şah İsmayıl şiəlik məzhəbini Səfəvi dövlətinin rəsmi ideologiyası elan etdi. Bu, Səfəvi imperiyasını Osmanlı ilə ideoloji mübarizədə fərqləndirən əsas amillərdən biri idi.

 

3. Mədəniyyət və dil: Şah İsmayıl, “Xətai” təxəllüsü ilə yazdığı şeirlərdə xalq dilini - Azərbaycan türkcəsini əsas götürdü. Bu, Azərbaycan ədəbiyyatının və dilinin inkişafına böyük təsir göstərdi. Onun şeirləri xalq arasında böyük sevgi ilə qarşılanmış və dini-fəlsəfi motivlərlə zənginləşmişdir.

 

4. Beynəlxalq nüfuz: Şah İsmayılın hakimiyyəti dövründə Səfəvi dövləti Osmanlı, Mərkəzi Asiya və Avropa ölkələri tərəfindən tanınır və onlarla diplomatik əlaqələr qurulurdu.

Osmanlı Sultanı I Səlim ilə qarşılaşdığı Çaldıran döyüşü Şah İsmayılın siyasi karyerasında mühüm dönüş nöqtəsi oldu. Bu döyüşdə Səfəvilər məğlubiyyətə uğrasa da, Səfəvi dövləti dağıdılmadı və bölgədəki təsirini qorudu. Çaldıran döyüşü Şah İsmayılın hərbi gücünü zəiflədə bilsə də, onun siyasi və mədəni nüfuzuna xələl gətirə bilmədi.

 Şah İsmayılın qurduğu Səfəvi dövləti bölgənin siyasi, mədəni və dini strukturunda əsaslı dəyişikliklər etdi. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində qüdrətli bir dövrün başlanğıcı oldu. Şah İsmayıl Xətai həm dövlət qurucusu, həm də Azərbaycan xalqının mənəvi lideri olaraq tarixdə öz əbədi yerini tutmuşdur.

 

 

Şah İsmayıl və İlahi toxunuş

 

Rəvayətə görə, Şah İsmayıl Xətai hələ uşaq ikən qəribə bir yuxu görür. O, özü bir uşaq olsa da, yuxusunda böyük bir orduya başçılıq edir və bütün Şərqi birləşdirir. Bu yuxunu o, oyanan kimi atası Şeyx Heydərin ən yaxın müridinə danışır. Mürid deyir ki, bu yuxu səmavi bir müjdədir – o, Allah tərəfindən seçilmiş bir hökmdar olacaq, yalnız qılıncı ilə deyil, həm də ədaləti və qələmiylə dünyada iz qoyacaq.

 Bir gün İsmayıl 14 yaşına yenicə çatmışdı. O, ətrafına azsaylı müridlərini toplayıb dedi:

– Bizim yolumuz çətin, düşmənlərimiz isə çoxdur. Əgər birləşməsək, bizdən heç nə qalmaz. Mən öz haqqım uğrunda son nəfəsimə qədər döyüşəcəyəm. Amma mənimlə gələnlər qorxusuz olmalıdır!

Bu sözlərdən sonra bir mürid soruşur:

– Ey İsmayıl! Biz sənin haqq yolunda getməyə hazırıq. Amma sən həqiqətən seçilmiş olduğuna inanırsan?

Gənc İsmayıl susur, sanki düşündüklərinə cavab axtarır. O, müridlərini bir qayaya aparır. Orada dayanıb əllərini səmaya qaldırır və deyir:

– Əgər mən Allahın seçdiyi hökmdaramsa, qoy bu daş indi iki yerə bölünsün!

Müridlər təəccüblə gözləyirlər. İsmayıl əlindəki qılıncı qayaya vurur. Möcüzə baş verir – qaya iki yerə bölünür. Müridlər bu hadisədən sonra onun liderliyinə and içirlər və İsmayılın ətrafında daha çox insan toplanmağa başlayır.

 Başqa bir rəvayətə görə, İsmayılın ordusu Şərur döyüşündən sonra Təbrizə doğru irəliləyərkən qəfildən qarşılarına bir qoca çıxır. Bu qoca onlara təmkinlə baxır və deyir:

– Bu torpaqlara gələn çoxları özlərini hökmdar sandı, lakin yalnız haqq yolunda olan qalib gəldi. Ey İsmayıl, əgər ədalət yolundan ayrılmasan, Təbriz sənindir. Amma unutma, hökmranlıq yalnız qılınc gücünə yox, qəlbin təmizliyinə bağlıdır.

 İsmayıl bu sözlərdən təsirlənərək Təbrizi ələ keçirəndə ilk fərmanını ədalət və din yolunda verdiyini elan edir. O, xalqını birləşdirir, şiə məzhəbini dövlət ideologiyası edir və Azərbaycan dilini yüksəldir.

 Bir müddət sonra Şah İsmayıl xalq arasında “möcüzəli hökmdar” kimi tanınır. Onun haqqında deyirlər ki, harada ədalətsizlik olsa, orada İsmayılın kölgəsi görünür. İnsanlar ona dua edərək deyirlər:

– Allah Şahımızın kölgəsini əskik etməsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

Yanvarın 27–də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Gənc Səfirləri”nin növbəti görüşü həyata keçirilib.

 

Gənc səfirlər bu dəfə Azərbaycan Respublikasının ilk Baş naziri, Fövqəladə və səlahiyyətli səfiri, Tarix elmləri doktoru, professor Həsən Həsənovla bir araya gəliblər.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarına Həsən Həsənovun diplomatik və elmi fəaliyyəti haqda geniş məlumat verib.

Daha sonra Həsən Həsənov “Atropatena dövlətinin yaranması və tarixi sərhədləri" mövzusunda mühazirə ilə çıxış edib. O, mühazirəsində Atropatena dövlətinin qədim tarixi barədə geniş danışaraq, bu dövlətin Azərbaycanın qədim mədəniyyətindəki rolunu vurğulayıb, Qərbi Azərbaycanla bağlılığından bəhs edib. H.Həsənov həmçinin Atropatenanın siyasi təsir sahələrini təhlil edərək, bu irsin günümüzdəki əhəmiyyətini diqqətə çatdırıb. 

Və bunu da bildirib ki, 2038-ci ildə Atropatenanın yaranmasının 2650-ci ildönümür. Bu tək Atropatenanın deyil, dövlətimizin və torpağımızın necə qədim tarixi olduğunun sübutudur.

 

Həsən Həsənovla görüş gənclərin böyük marağına səbəb olub və auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün sonunda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.

Və fürsətdən istifadə edib, Azərbaycanın ən görkəmli dövlət xadimlərimdən olan Həsən Həsənovla yadigar şəkil çəkdirdim. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Erkinbek Serikbay, “Ədəbiyyat və incəsənət” portalının Qazaxıstan təmsilçisi

 

Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin İdarə Heyətinin sədri, professor, doktor Muxittin Şimşekə Qazaxıstan Yazıçılar İttifaqının ən yüksək mükafatı – Beynəlxalq “Alash” ədəbiyyat mükafatı təntənəli şəkildə təqdim edildi.

 

Mükafatı Qazaxıstan Yazıçılar İttifaqının sədri, tanınmış yazıçı Mereke Qulkenov xüsusi mərasimdə təqdim etdi. Bu hadisə qazax və türk ədəbiyyatı ilə mədəniyyəti arasında mövcud olan sıx əlaqələrin və mənəvi bağlılığın inkişafının bariz nümunəsidir. Beynəlxalq “Alash” ədəbiyyat mükafatı ədəbiyyat dünyasında nüfuzlu və xüsusi statusa malik mükafatdır. Bu mükafat qazax ədəbiyyatı və mədəniyyətinə töhfə verən şəxslərə təqdim olunur. Mükafat təkcə ədəbi yaradıcılığı deyil, həm də mənəvi irsi qorumaq və onu nəsildən-nəslə ötürmək istiqamətində göstərilən fəaliyyətləri də qiymətləndirir.

Professor, doktor, Muxittin Şimşekə bu mükafat onun qazax-türk mədəni əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki əməyi və Xoca Əhməd Yəsəvi Universitetində təhsil və elmin inkişafına verdiyi böyük töhfələrə görə təqdim edilmişdir. O, universitetin mənəvi-mədəniyyət mərkəzi kimi rolunun artırılmasında mühüm işlər görmüşdür.

Professor, doktor, Muxittin Şimşek təhsil və mədəniyyət sahəsində tanınmış şəxsiyyətlərdəndir. O, beynəlxalq səviyyədə qazax-türk təhsilinin inkişafına töhfə verməklə yanaşı, iki xalq arasında ədəbi və mənəvi əlaqələrin dərinləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görmüşdür. Onun rəhbərliyi altında Xoca Əhməd Yəsəvi adına Universitet bir çox beynəlxalq təşəbbüslərə rəhbərlik etmiş, elmi-tədqiqat layihələrini həyata keçirmişdir. Bununla yanaşı, professor Şimşek qazax xalqının mədəni irsinin təbliği, qazax ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması və türk dünyasında ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrlə seçilir. Onun rəhbərliyi ilə qazax və türk xalqlarının ədəbiyyatını birləşdirən unikal layihələr həyata keçirilmişdir.

Mükafatın təqdimetmə mərasimi ədəbiyyatsevərlər üçün xüsusi hadisə olmuşdur. Mereke Qulkenov mükafatı təqdim edərək, professor Şimşekin qazax mədəniyyəti və ədəbiyyatının inkişafındakı əməklərini yüksək qiymətləndirmişdir. O, çıxışında qazax-türk əlaqələrinin möhkəmləndirilməsində Şimşekin rolunu vurğulamış və bu mükafatın yalnız bir şəxsə deyil, bütöv bir millətin mənəvi birliyini ifadə edən bir simvol olaraq millətə aidliyini qeyd etmişdir.

Beynəlxalq “Alash” ədəbiyyat mükafatının təqdim edilməsi mədəniyyət və ədəbiyyat sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühüm bir addımdır. Bu mükafat qazax ədəbiyyatı ilə türk mədəniyyəti arasındakı qarşılıqlı təsiri yeni səviyyəyə qaldırır və ümumi mənəvi irsə olan hörməti nümayiş etdirir. Professor, doktor, Muxittin Şimşekə təqdim olunan bu mükafat onun hər iki xalq arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi böyük töhfənin bir göstəricisidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Elza Seyidcahan Azərbaycanın ən fərqli və yaradıcı sənətkarlarından biridir. Onun yaradıcılığı - ənənəvi musiqini müasir üslubda təqdim etməsi və sənətə olan qeyri-adi yanaşması ilə seçilir. O, yalnız bir müğənni deyil, həm də bəstəkardır. (Düzdür, hələ şairliyi də var.)

 

 Elza Seyidcahanın yaradıcılığında duyulan emosional dərinlik və səmimiyyət onun sənətkar kimi unikallığını vurğulayır.

Xüsusilə "Yalvarıram" adlı mahnısı onun musiqi aləmindəki istedadını gözlər önünə sərir. Bu mahnıda Elza Seyidcahan, həm güclü vokal qabiliyyətini, həm də emosional təsir yaratmaq bacarığını nümayiş etdirir. Mahnının melodiyası, onun səsinin gücü ilə birləşərək dinləyiciyə dərin mənəvi təsir göstərir. Sözlərdəki yalvarış və insanın daxilindəki çarəsizliyi ifadə edən hisslər, hər bir dinləyicini mahnının mənasına daha çox bağlayır.

“Yalvarıram” bir tərəfdən sevgi, itki və ümidin melodik ifadəsidirsə, digər tərəfdən dinləyicini öz həyatına dair düşünməyə vadar edən fəlsəfi bir əsərdir. Bu mahnı müəllifinin daxili dünyasını və musiqi duyumunun nə qədər zəngin olduğunu göstərir. Elza Seyidcahan bəzən fərqli çıxışları və yaradıcılığı ilə insanlar arasında müzakirə obyektinə çevrilir. Bəziləri onun davranışlarını, yazılarını və fikirlərini qeyri-adi hesab edərək lağa qoysa da, əslində, onun fərqliliyi sənətinə verilən dəyərdən xəbər verir. Onun yazdığı şeirlər və musiqilər bəzən çox dərin mənaları ehtiva etdiyi üçün hər kəs tərəfindən anlaşılan olmur. Lakin bu, onun sənətinin özünəməxsusluğunu göstərir. Fərqli olmaq və bu fərqliliyi qorumaq hər sənətkarın bacaracağı bir iş deyil. Elza Seyidcahan isə öz unikallığını qorumağı bacaran, eyni zamanda yaradıcılığı ilə daim təəccübləndirən bir sənətkardır.

"Yalvarıram" kimi mahnılar, əslində, onun sənətinin ciddiliyini və duyğularının gücünü əks etdirir. Belə əsərlər, Elza Seyidcahanın musiqisinin sadəcə melodik bir təcrübə olmadığını, həm də insan ruhuna toxunan bir sənət nümunəsi olduğunu sübut edir. Onun fərqli olması, sənətindəki rəngarəngliyi və sərbəstliyi ilə bağlıdır. O, heç vaxt standartların arxasında gizlənmir, əksinə, hər zaman öz yaradıcılığını orijinal şəkildə ifadə etməyi seçir.Elza Seyidcahanın yaradıcılığı, onun sənətkarlığını yanlış qiymətləndirənlər üçün belə, əslində düşündürücü bir nümunədir. "Yalvarıram" mahnısında olduğu kimi, o, hər dəfə dinləyicilərini öz iç dünyasına doğru bir səyahətə çıxarır. Belə mahnılar, onun sənətindəki səmimiyyəti və emosiya dolu dünyasını daha aydın şəkildə göstərir. O, Azərbaycan mədəniyyətində müasirlik və ənənəni öz üslubunda birləşdirərək bu sənətə fərqli bir nəfəs gətirir.

  

Sizə təqdim etdiyim linkdən keçid edərək Elza xanımın bu möhtəşəm ifasını dinləyə bilərsiniz. Xoş dinləmələr arzu edirəm.

 

https://youtu.be/q0TVOcgqt8o?si=xhGFLamRputO7fFh

 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.