Azərbaycan dili milli mədəniyyətimizin və mənəvi yaddaşımızın əbədi daşıyıcısıdır Featured

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.

“Ədəbiyyat və incəsənət”

 

Hər bir xalqın milli varlığını, mənəvi köklərini yaşadan və onu bəşər sivilizasiyasında fərqləndirən başlıca dəyər onun ana dilidir. Tarixi təcrübə göstərir ki, dövlətlərin sərhədləri dəyişə, ictimai-siyasi formasiyalar bir-birini əvəz edə bilər; lakin xalqın dili yaşadığı müddətdə onun milli kimliyi, tarixi yaddaşı və mənəvi genofondu da sarsılmaz qalır.

 

Azərbaycan dili də əsrlər boyu xalqımızın keçdiyi şərəfli inkişaf yolunun, yaratdığı zəngin mədəniyyətin və formalaşdırdığı milli özünüdərk sisteminin ən etibarlı, əbədi daşıyıcısı olmuşdur.

Bu baxımdan ana dilimiz təkcə gündəlik ünsiyyət vasitəsi deyil, xalqımızın mənəvi dünyasını, estetik düşüncəsini, bədii təfəkkürünü və milli özünüdərkini yaşadan müqəddəs bir xəzinədir. Müstəqil Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutan 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də məhz bu ali mənəvi dəyərlərə ehtiramın parlaq təzahürüdür. Bu əlamətdar gün yalnız bir əlifbanın və ya dilin bayramı deyil; o, həm də milli mədəniyyətimizin, sarsılmaz dövlətçilik ənənələrimizin və mənəvi bütövlüyümüzün təntənəsidir. Çünki dil olmadan nə milli ədəbiyyat, nə teatr və musiqi, nə də xalqın kollektiv tarixi yaddaşı varlığını qoruya bilər.

Azərbaycan dili əsrlər boyu bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirərək xalqımızın zəngin mədəni irsini bu günümüzə qədər yaşatmışdır. Soydaşlarımızın yaratdığı "Kitabi-Dədə Qorqud" dastanı, poetik irsimiz, aşıq sənəti, muğam fəlsəfəsi, bayatılar, atalar sözləri, əfsanə və rəvayətlər dilimizin tükənməz bədii ifadə imkanlarının parlaq nümunələridir. Dilimizdəki hər bir sözün, ifadənin arxasında xalqın tarixi həyat tərzi, dünyagörüşü, mənəvi dəyərləri və estetik təfəkkürü dayanır. Bu mənada dil təkcə leksik sözlər toplusu deyil, canlı bir mədəniyyət sistemidir. Məhz buna görə də dili qorumaq, əslində, milli mədəniyyətin və ruhi varlığın özünü qorumaq deməkdi.

Azərbaycan tarixində əlifba islahatları və maarifçilik hərəkatı yalnız yazının dəyişdirilməsi kimi deyil, bütövlükdə cəmiyyətin yenilənməsinə və milli inkişafa xidmət edən böyük bir tərəqqi proqramı kimi qiymətləndirilmişdir. XIX əsrdə Mirzə Fətəli Axundzadənin irəli sürdüyü əlifba islahatı ideyası xalqın kütləvi savadlanmasına, elmi biliklərin yayılmasına və milli mədəniyyətin inkişafına yönəlmiş ilk möhtəşəm maarifçilik təşəbbüsü idi. Onun bu ideyalarını sonralar Məhəmməd ağa Şahtaxtlı, Fərhad Ağazadə və digər ziyalılar davam etdirərək Azərbaycan cəmiyyətində yeni əlifbanın tətbiqi istiqamətində mühüm fəaliyyət göstərmişlər. Bu ziyalıların əsas məqsədi yalnız grafik formanı dəyişmək deyil, xalqı elmə yaxınlaşdırmaq, milli mədəniyyəti yüksəltmək və dünya sivilizasiyası ilə əlaqələri möhkəmləndirmək idi.

Bu maarifçilik dalğasında görkəmli ziyalı Fərhad Ağazadənin fədakar fəaliyyəti xüsusilə təqdirəşayəndir. Əlifba islahatını milli tərəqqinin əsas hərəkətverici qüvvəsi sayan F.Ağazadə latın qrafikasına keçidi təhsilin, elmin və mədəniyyətin sıçrayışlı inkişafı üçün əvəzsiz vasitə hesab edirdi. O, özünün dərin məzmunlu məqalə və çıxışlarında əlifbanın sadələşdirilməsinin kütləvi savadlanmaya, kitab nəşrinin vüsət almasına, milli mətbuatın tərəqqisinə və cəmiyyətin mənəvi yüksəlişinə güclü təkan verəcəyini elmi şəkildə əsaslandırırdı. Bu baxımdan Fərhad Ağazadənin irsi təkcə dilçilik salnaməmizdə deyil, bütövlükdə Azərbaycan mədəniyyəti və maarifçilik tarixində həlledici mərhələ kimi dəyərləndirilməlidir.

Dil və mədəniyyət bir-biri ilə qırılmaz tellərlə bağlı olan, bir-birini tamamlayan ali məfhumlardır. Xalqın əsrlər boyu yaratdığı hər bir mədəni sərvət məhz dilin sehrli gücü vasitəsilə yaşayır və nəsillərdən-nəsillərə ötürülür. Azərbaycan xalqının minilliklərdən süzülüb gələn zəngin folkloru, qədim dastanları, mərasim mədəniyyəti, aşıq sənəti, muğam dünyası və klassik poeziyası ana dilimizin qoruyucu zirehi sayəsində öz ilkin orijinallığını saxlamışdır. Təsadüfi deyil ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi Siyahısına daxil edilmiş muğamımız, aşıq sənətimiz və digər incilərimiz məhz Azərbaycan dilinin zənginliyi fonunda öz haqiqi estetik dəyərini tapır. Dastanın canlı dili, xanəndənin ifa etdiyi qəzəl, aşığın saz üstündə pıçıldadığı qoşma və gəraylı milli ruhumuzun əbədi yaşarlıq rəmzidir.

Dil milli mədəniyyəti yalnız gələcək nəsillərə ötürən sipər deyil, həm də onu daim yeniləyən və zənginləşdirən canlı hərəkətverici qüvvədir. Ədəbiyyatdan teatra, kinodan musiqi və təsviri sənətə qədər mədəniyyətin hər bir qolu məhz dilin verdiyi estetik ruh vasitəsilə formalaşır. Azərbaycan dilinin tükənməz leksik ehtiyatı və bədii ifadə vüsəti əsrlər boyu nəhəng sənətkarların irsində öz parlaq əksini tapmışdır. Nəsimi fəlsəfəsinin dərinliyi, Füzuli lirizminin həzinliyi, Vaqif realizminin sadəliyi, Axundzadə dramının kəsəri, Cəlil Məmmədquluzadə satirasının hikməti, Hüseyn Cavid romantizminin əzəməti və Cəfər Cabbarlı dramaturgiyasının alovlu pafosu ana dilimizin ifadə qüdrətinin zirvəsidir. Bu dahi fərdlərin bəşəriyyətə bəxş etdiyi sənət inciləri təkcə ədəbi irs deyil, milli-mənəvi varlığımızın daimi pasportudur.

Azərbaycan teatrı ana dilimizin bədii və estetik imkanlarının qorunub yaşatıldığı, cilalandığı mühüm sənət məbədidir. Səhnədən ucalan hər bir kəlmə tamaşaçıya sadəcə bədii mətn kimi deyil; milli ruhun, mənəvi dəyərlərin və estetik təfəkkürün canlı daşıyıcısı kimi təsir edir. Aktyorun səlist nitqi, dramaturqun zəngin dili və rejissorun səhnə yozumu bir araya gələrək milli mədəniyyətimizin canlı təcəssümünə çevrilir. Bu mənada Azərbaycan teatrının keçdiyi şərəfli yol eyni zamanda ana dilimizin cilalanması və zənginləşməsi tarixidir. Milli dramaturgiyanın təşəkkülü, akademik səhnə nitqinin formalaşması və aktyorluq məktəbinin inkişafı dilimizin ifadə vüsətini artıraraq ona yeni nəfəs bəxş etmişdir.

Çağdaş dövrümüzdə də milli teatr, kino, televiziya və digər yaradıcı sahələr Azərbaycan dilinin saflığının qorunması, onun tətbiq dairəsinin genişlənməsi yönündə strateji bir missiya həyata keçirir. Xüsusilə yetişməkdə olan gənc nəslin milli özünüdərk və mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında audiovisual sənətlərin və səhnə mədəniyyətinin rolu əvəzsizdir. Tamaşaçı səhnədən və ya ekrandan yalnız bədii süjeti izləmir; o, ana dilimizin estetik ahəngini, musiqisini və ifadə zənginliyini qəlbi ilə duyaraq öz köklərinə, milli-mədəni kimliyinə daha da qırılmaz tellərlə bağlanır.

Azərbaycan dilinin milli dövlətçilik təfəkküründə və idarəçilik sistemində layiq olduğu ali mövqeyə yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliyi və xilaskarlıq missiyası ilə bağlıdır. XX əsrin 70-ci illərindən etibarən milli özünüdərkin dirçəldilməsi kursunda ana dilinə xüsusi diqqət ayrılması strateji bir addım idi. Xüsusilə 1978-ci ildə, Sovet rejiminin mürəkkəb və ideoloji baxımdan həssas ictimai-siyasi şəraitində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsi milli maraqlarımızın qorunmasına hesablanmış böyük bir tarixi qəhrəmanlıq idi. Bu qərar xalqımızın milli-mədəni kimliyinin qorunub saxlanılmasına, gələcək müstəqilliyimizə möhkəm bünövrə olunmasına və dilimizin ictimai-siyasi həyatda nüfuzunun misilsiz dərəcədə artmasına imkan verdi.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin inkişafı keyfiyyətcə bütöv bir yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin müəllifliyi və təşəbbüsü ilə imzalanan fərman və sərəncamlar ana dilimizin hüquqi statusunu sarsılmaz əsaslarla möhkəmləndirdi. Xüsusən də Azərbaycan əlifbasının latın qrafikası əsasında bərpası sadəcə bir yazı sisteminin dəyişdirilməsi deyil, milli hafizənin, tarixi varislik prinsipinin və müasir sivilizasiyaya inteqrasiyanın parlaq təcəssümü idi. Latın qrafikasına qətiyyətli keçid Azərbaycan elminə, təhsilinə, poliqrafiyasına, kütləvi informasiya vasitələrinə və bütövlükdə milli mədəniyyətimizin intibahına yeni üfüqlər bəxş etdi.

Bu strateji dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla və ardıcıllıqla davam etdirilir. Dövlət dilinin tətbiq sahələrinin genişləndirilməsi, ana dilimizin saflığının gözlənilməsi, rəqəmsal və elektron informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı kütləvi nəşrlərin artırılması, zəngin klassik ədəbi irsimizin yenidən işıq üzü görməsi və elektron kitabxanalara inteqrasiyası dövlətimizin mədəniyyət siyasətinin ana xəttini təşkil edir. Müasir Azərbaycan dili artıq yalnız dövlət idarəçiliyində deyil, elmin, təhsilin, diplomatiyanın və qlobal informasiya şəbəkəsinin nüfuzlu ünsiyyət dilinə çevrilmişdir.

Ana dilinin saflığını və zənginliyini qorumaq yalnız dilçi alimlərin və ya filoloqların peşə vəzifəsi deyil. Bu, geniş mənada mədəniyyət xadimlərinin, qələm sahiblərinin, jurnalistlərin, teatr və kino xadimlərinin, bəstəkarların, pedaqoqların — bir sözlə, hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin qarşısında duran müqəddəs mənəvi borcdur. Çünki milli mədəniyyətimiz məhz dilin canlı nəfəsi ilə yaşayır. Yazılan hər bir dəyərli kitab, səhnəyə gətirilən hər bir tamaşa, çəkilən hər bir ekran əsəri və bəstələnən hər bir nəğmə Azərbaycan dilinin əbədi yaşamasına, onun bədii ucalığına xidmət edən mənəvi töhfədir.

Bu kontekstdə teatr sənətinin üzərinə düşən mənəvi missiya xüsusilə əvəzsizdir. Teatr təkcə bədii-estetik hadisə deyil, həm də milli mənəviyyatımızın və dil mədəniyyətimizin canlı məktəbidir. Dramaturgiyada işlənən kəsərli söz, aktyorun akademik səhnə nitqi və obrazların koloritli dili tamaşaçının estetik zövqünü cilalamaqla yanaşı, onda ana dilinə ehtiram hissini də dərinləşdirir. Təsadüfi deyil ki, milli teatr məktəbimizin korifeyləri səhnə nitqinin saflığını, düzgün tələffüz qaydalarını və ədəbi dil normalarını sənətin ən ali şərti saymışlar. Bu zəngin ənənə günümüzdə də fəal şəkildə yaşadılır və gənc aktyor kadrlarının yetişdirilməsində fundamental prinsip kimi rəhbər tutulur.

Azərbaycanın ən qədim mədəniyyət və sivilizasiya ocaqlarından biri olan Naxçıvan ana dilimizin yaşadılması, cilalanması və gələcək nəsillərə ötürülməsi işində müstəsna xidmətlər göstərmişdir. Bu diyarın zəngin ədəbi-mədəni mühiti, köklü teatr ənənələri, zəngin folkloru, el aşıqlarının poetik mirası və tarixi maarifçilik hərəkatı dilimizin saflığının qorunmasında əvəzsiz rol oynamışdır. Ələlxüsus, bölgədə fəaliyyət göstərən təhsil ocaqları, elm və mədəniyyət müəssisələri onilliklər boyu ana dilimizin zəngin estetik imkanlarını, orfoepiya normalarını və ifadə qüdrətini gənc nəsillərə aşılamaqla dilimizin saflığını hifz edən qala rolunu oynamışdır.

Naxçıvanda təhsil və mədəniyyətin bu möhkəm vəhdətinin, dilimizə xidmət missiyasının ən bariz nümunəsi isə Naxçıvan Dövlət Universitetidir. Ali təhsil ocağında teatr sənəti və mədəniyyət sahəsində həyata keçirilən tədris-yaradıcılıq mühiti xüsusi təqdirə layiqdir. Universitet nəzdində fəaliyyət göstərən Tələbə Teatr Studiyası, aktyorluq sənəti üzrə akademik təhsil prosesi, ərsəyə gələn səhnə əsərləri və yaradıcı layihələr gənclərdə ana dilimizə sonsuz sevgi, səhnə nitqinə yüksək məsuliyyət və milli dəyərlərə sədaqət ruhu aşılayır. Universitet səhnəsində işıq üzü görən hər bir tamaşa və səslənən hər bir bədii kəlmə Azərbaycan dilinin incəliyini, musiqisini və tükənməz ifadə gücünü ortaya qoyaraq milli mədəniyyətimizin təbliğinə böyük xidmət edir.

Qloballaşmanın vüsət aldığı, rəqəmsal texnologiyaların sürətlə dəyişdiyi və informasion sərhədlərin itdyi müasir dövrdə ana dilimizin qarşısında tamamilə yeni çağırışlar dayanır. Özgə dillərin ekspansiyası, sosial media məkanında jargon və qeyri-ədəbi leksikanın tüğyan etməsi, alınma sözlərin yersiz və nəzarətsiz işlədilməsi Azərbaycan dilinin saflığını qorumaq zərurətini həyati məsələyə çevirir. Belə bir həssas mərhələdə dil mədəniyyətinin yüksəldilməsi, böyüyən nəslin ədəbi dil normalarına sədaqət ruhunda aşılanması milli-mənəvi təhlükəsizliyimizin strateji prioritetidir. Bu taleyüklü missiyada ailədən və məktəbdən tutmuş universitelərə, mədəniyyət məbədlərinə və media resurslarına qədər hər bir sosial təsisat eyni dərəcədə məsuliyyət daşıyır.

Azərbaycan dili əsrlərin sınaqlarından keçərək xalqımızın zəngin mənəvi irsini, milli ruhi-əxlaqi dəyərlərini qoruyub bu günümüzə çatdırmışdır. Bu müqəddəs amanəti və bəşəri irsi gələcək nəsillərə saf, toxunulmaz şəkildə ötürmək hər birimizin üzərinə düşən taleyüklü bir tarixi missiyadır. Çünki dil sadəcə keçmişimizin hikmətli yadigarı deyil, həm də milli varlığımızın və gələcəyimizin ən etibarlı zəmanətidir. Ana dilimizə bəslənilən sonsuz sevgi və ehtiram milli dövlətçiliyimizə, zəngin mədəni irsimizə və sarsılmaz tarixi hafizəmizə olan sədaqətin ali təsdiqidir

Sabah - 1 Avqust günü Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təntənəsini yaşayarkən biz yalnız ana dilimizin keçdiyi əzəmətli tarixi inkişaf yolunu xatırlamırıq. Bu əlamətdar gündə eyni zamanda xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəniyyətə, milli-mənəvi dəyərlər sisteminə, ölməz ədəbi irsimizə və sarsılmaz dövlətçilik ənənələrimizə olan sonsuz ehtiramımızı nümayiş etdiririk. Çünki Azərbaycan dili bütün bu misilsiz mənəvi sərvətləri öz qucağında yaşadan və gələcəyə daşıyan ən etibarlı, tükənməz mədəniyyət xəzinəsidir.

Dil xalqın tarixi yaddaşı, mədəniyyətin canlı nəfəsi, müstəqil dövlətçiliyin sarsılmaz dayağıdır. Ana dilimizi saf şəkildə qoruyub yaşatmaq isə yalnız bu günümüzün deyil, gələcək nəsillərin də önündə ən müqəddəs, şərəfli vətəndaşlıq borcumuzdur. Azərbaycan dili çağladıqca milli mədəniyyətimiz də yaşayacaq, xalqımızın mənəvi-ruhsal varlığı və dövlətçilik ənənələri əbədiyyətə qədər öz zəfər qüdrətini saxlayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.