Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhəmməd Hadinin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir...

 

***

Ey Vətən!.. Səni sevmək deyilmi imanım?..

 

***

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət...

Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?

 

***

Dedim şeytana rəhmət Adəm övladı görən gündən...

 

***

Edin nuri təməddünlə münəvvər qəlbü vicdanı.

 

***

Bən idrak etmədim, dünyaya gəlməkdən nədir hikmət,

Yaratmaqda nədir hikmət bizi, sübhanə, bilməm ki?!

 

***

Qaldıq əlində bir sürü ərbabi-vəhşətin...

 

***

Məfkurə yolunda tökülən qan hədər olmaz.

 

        “Ədəbiyyat və incəsənət”

         (06.03.2026)

 

 

Cümə, 06 Mart 2026 17:12

Daş dələr ahım oxu....

 (Yazıçı Meyxoş Abdullahın “Əsir qadın” əsərinin dəhşət doğuran  faciəsi)

 

Qənbər Ağayev,

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. “Ədəbiyyat və incəsənət”

 

 

 “Əsir qadın” romanının ilk səhifələrini oxuyanda faciənin dəhşətinin hələ qarşıda olduğunu hiss etdim. Əsərin qəhrəmani Səidənin bənzərsiz faciəsinin bənzərinin  olmayacağını öncədən duydum. Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” və atam əvəzi böyük qardaşım Fərzalının “Yüz il firavan yaşa, bir gün zəlalət çəksən bəs edər” fikirləri, ruhumu silkələdi. Ancaq başqa səhifələrə keçəndə Səidənin ərşə bülənd olan ahına nə ad qoyum, sualı qarşısında aciz qaldım.

 

         Dünya ədəbiyyatının faciə əsərlərini yaddaşımdan keçirəndə, böyük Füzulinin “Daş dələr ahım oxu” fikri, Səidənin faciəsinin, yazıçı Meyxoş Abdullahın qələmində anatomiyasının və fəlsəfəsinin dərinliyini əks etdirən, elə daş dələn ifadəsiylə eyniləşdirdim!..

         “Əsir qadın!..” Yüz minlərin bir ailənin timsalında faciə dramı. XX əsrin doxsanıncı illərin əvvələrində erməni faşizminin Azərbaycan xalqının taleyində yaratdığı növbəti vəhşətin canlı faciəsi. Əsərdən qandondiran parçalar: -

         ... “Elə bu vaxt güclü partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Düşmənlər komanı mühasirəy alırlar. Gözlərimi açanda həyat yoldaşım Əlini qan içində çabalayan gördüm. Onun sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. O, sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi. Onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı.

         Ərim isə susurdu. O bizi qorxutmamaq üçün canını dişinə tutub birtəhər dözürdü. Əlinin başını dizimin üstünə qoyub hönkürdüm.

         Küləşin üstünə düşüb qalmış südəmər uşaq da, dayanmadan qışqırırdı. Onun səsini sanki eşitmirdim.

         Komaya onbeş nəfərə yaxın erməni faşisti daxil oldu. Onlardan biri çəkməsinin dabanı ilə Əlinin yaralı qolunun üstünə qoyub təpiklədi. Əli güclə eşidiləcək səslə ufuldadı.”

         “Ali...Ali... – deyə ermənilərdən birisi onu tanıyaraq  üzünə baxıb qışqırdı.

         Dəstənin komandiri kəmərindən bıçağı çıxarıb, başına yüksək məbləğdə  pul qoyulan Azərbaycan zabitinin, Əlinin başını soyuqqanlıqla kəsdi. Əlinin başı bədənindən üzüləndən sonra, onun başsız bədəni yerdə çabalamağa başladı. Qucağımdakı uşaq, elə bil bunları “duyurmuş kimi” qışqıraraq fəryad qoparırdı”.

         Bir az bundan öncə; - “görəsən bundan da artıq vəhşət varmı?” sualımın cavabı, islam dünyasının matəm saxladığı Kərbəlada baş verən İmam Hüseyn müsibəti, Qarabağ torpağında, Vətənini qoruyan Əlinin taleyində təkrar olunurdu. Səidənin isə qucağında körpəsi əsir aparılır.           - “Oradan uzaqlaşdıqca dönüb geri baxırdım. Ərimin başsız bədəninin torpaq üzərində get-gedə kiçildiyini görürdüm”.

         Bu anda Səidənin təsəllisi Kərbəla müsibətini də qat-qat üstələyir; - “Böyürümcə yeriyən erməni əsgərinin əlində ərimin qanlı başı yırğalanırdı. Mən o kəsilmiş başa baxıb azacıq da olsa təsəlli tapırdım. Düşünürdüm ki, Əli bizimlə birlikdə  gedir”.

          Düşmənlərdən daha bir qandonduran vəhşilik:

         - “Bu anda düşmənlərdən biri Əlinin qanlı başını götürüb ağlayan körpənin başının üstündə saxladı və gülə-gülə:

         - “Ağlama it küçüyü... Bax, xoxan gəlib səni yeyər”. Uşaq isə ağlamağına davam edirdi. Erməni bu dəfə kəsilmiş başın saçlarından yapışaraq, başdan süzülən qanı uşağın geniş açılmış ağzına axıtdı. Körpə bərk acdığından ağzına tökülən laxtalanmış qanı acgözlülüklə soraraq səsini kəsdi”.

         Romandakı bu sətirləri oxuduqca, Bermut üçbucağının ölüm maqnitinə düşmüş kimi dərya ilə səma arasında qalmışdım. Vətənini qoruyan əsgərin, Əlinin hünərinə, dözümünə heyran qalmamaq mümkün deyil. Ərini və körpəsini qoruyan Səidənin göylərə bülənd olan fəryadına qan ağlayırdım. Üç aylıq körpənin ata-anasının faciəsini hiss edib qışqırığının görünməyən tüstüsünün altında köz kimi yanırdım. Və bu faciənin real mənzərəsini yaradan ustadın qələminə; - heyran ey qələm!.. - deyirdim. Fikirləşirdim, görəsən, bundan da artıq dəhşət varmı?!

         Hiss-həyacan bir oxucu kimi məni boğur. Fikirləşirəm. Allah eləməmiş, Səidənin başına bir iş gəlsəydi, Azərbaycan ədəbi nəsrində dünyaya məlum olmayan yeni erməni faşist işgəncələrini bəşərə çatdıracaq əsər yarımçıq qalmazdımı?!.. Əgər belə olsaydı, dünya ədəbiyyatında faciə janrında yazılmış romanların zirvəsində duracaq “Əsir qadın” kimi bir əsər, yəqin ki, yarımçıq qalardı.

         İstedadlı və zəkalı sənətkarlar zamana və məkana sığmır. Romanın müəllifi Meyxoş Abdullah da bu keyfiyyəti ilə tarixləşir. Hadisələrin arxasında sənətkarlıqla drijorluq edən  yazıçının məharəti heyrət doğurur.

         Əsərdə psixoloji fəlsəfənin dərinliyi o həddə çatır ki, səbrli oxucu uzun müddət bu dərinlikdən çıxa bilmir. Əsərdə baş verən hadisələri yazıçı sadəcə nəql eləmir. Real durumun ən gizli detallarını məharətlə incələyir və təhlildən keçirir ki, bu da böyük istedaddan xəbər verir.          Əsərin sujet xətti bir ailənin faciəsi üzərində qurulur və bütün əsirlərin faciəsini ümumiləşdirir. Romanı oxuduqca insanın qəzəbini alovlandırır, onu; - qisas...qisas... - deyə intiqama səsləyir. Həm də, bu yazıçının söz xatirinə çağrışı deyil, faciə  səhnələrinin təqdimatıdır.

         Səidə çox ağır və təhlükəli məqamlarla (bütün əsirlik dövründə) ölümlə üz-üzə qalır. Fikirimcə Allah Səidəni ona görə saxlayır ki, ermənilərdən çəkdiyi əzabları zəmanəyə danışıb yaddaşları oyatsın. Yazıçı Səidəni Azərbaycan-Şərq Dünya ədəbiyyatında yeni faciə obrazı kimi təqdim edir. Bu müstəvidə, yazıçı, həm də,  ermənilərin dünyaya hələ məlum olmayan  işgəncə üsullarını təqdim edir. Ermənistan, - daşı da, torpağı da, adama qənim kəsilən bir yer. Göz qırpımında onlarla Səidə kimiləri və əsirləri uf demədən didib parçalayan mühit. Erməni zabiti olan “Ohan” obrazı tipikləşdirilmiş erməni xislətinin əzazil ünsürüdür.

         Əsərin dili ayrıca təqdimata layiqdir. Sadəliyi, oxucunun qəlbini ehtizasa  gətirməsi, ayrı-ayrı parçaların poetik  təsiri və yaddaşa höpmasına heyran qalırsan.

         ... Səidənin körpəsi ölür. O dərin iztirab keçirir: - “O gecə səhərə qədər oğlumu qucağımdan yerə qoymayaraq, ana-bala baş-başa verərək dərdləşdik... Ona arzularımı, istəklərimi danışdım. Məni bu qərib yerdə, düşmənlərin arasında tək qoyduğuna görə, onu qınadım. – Biz belə danışmamışdıq, - dedim, oğul. Sən ananı beləcə tərk edib gedirsən? Bu boyda dünyada  bircə ümid yerim, bircə təsəllim sən idin, ay oğul. Sən də anana beləmi dönük çıxdın?!- deyib, hönkür-hönkür ağladım. “Daş dələn ah...” Bu aha başqa nə ad vermək olar? Söz acizdir.

         Dünya nəsrinin şah əsəri L. Tolstoyun “Hərb və Sülh”, F. Dostoyevskinin “Alçaldılmış və təhqir edlimişlər” əsərlərində, V.Şekspirin faciə dramlarında fiziki ölümlər, mənəvi işgəncələr hakimdirsə, yazıçı Meyxoş Abdullahın “Əsir qadın” əsəri, həm mənəvi, həm fiziki, həm də, ağıla gələn və gəlməyən işgəncələrlə müşaiyət olunur. Səidə hər üç işgəncənin dəhşətini “yaşayır”. Müəllif də bu dəhşətləri Səidə ilə birlikdə çəkir.

         Meyxoş Abdullah dünya ədəbiyyatında faciə janrında bənzəri olmayan bir əsər  ortalığa qoymuşdur. Əsərin təsiri o qədər güclüdür ki, oxucu qəti əmin olur ki, qiyamt qopsa belə, “Əsir qadın” romanının baş əzabkeşinin faciəsini yer üzündən silməyə gücü çatmayacaq. Həyat büsbütün məhv olsa da, dünya yenidən yaransa da, mələkləri belə ağladan Səidə kədəri insanlıq tarixinin əbədi acısı olaraq qalacaqdır.

         Füzuli dədə  “Leyli Məcnun” poemasını yazanda, özündən dörd əsr əvvəl yaşamış ustadı Nizami Gəncəvinin qarşısında imtahana çıxdı. Yazdı və nöqtəni qoyanda “İnşallah ki, qalibəm mən!..” - dedi. Ədəbiyyatda qəzəl kimi çətin janrın əlçatmaz pramidasını yaradan dahi, bizim günlərdə yaşayan yazıçı Meyxoş Abdullahın “Əsir qadın”ını oxusaydı, faciəvi əsərlərin zirvəsində duran bu romanın müəllifinə “inşallah ki, qalibsən sən!..” - deyərdi.

         Füzuli dədənin zamanəsini yandıran  “Daş dələr ahım oxu” kədəri, dörd əsrdən artıq yol gəlib Meyxoş Abdullahın qələmində əsrin ən böyük faciəsini yaşamış Səidənin taleyinə yazıldı, Füzuli kədərini Füzuli qüdrətində.

          Səidənin sözlə ifadə edilməsi mümkün olmayan faciəsini, “Sözün qəlbində gizlənmiş /bütün dahilərin eşqi, göyün eşqi, yerin eşqi". (S. Vurgun), sözün tilisimi ilə  yaradandan vergili  olan Meyxoş Abdullah qələminə heyrət etməmək mümkün deyil. Pərvanə şam üstündə necə yanırsa, yazıçı  “Əsir qadın” əsəri üstündə də beləcə yanır.

         Xatırlatma: 

-  Əziz oxucu “Əsir qadın” romanına (206 səhifədir) elə özü həcimdə  resenziya yazılmalıdır ki, onu tam təqdim edəsən. Mən əsərin bir hissəsini təhlilə gətirdim. Oxu, yadda saxla və gələcək nəslə ötür. Onu da fikirləşirəm ki, yazıçı Səidənin bu cəhənnəm əzabını qələmə alanda necə dözüb? Belə qənaətə gəldim ki, bu, yaradanın Meyxoş Abdullaha peyğənbərlərə göndərilən bir kitab timsalıdır. Seçilmiş bəndəsi Meyxoşa, səhvən yaratdığı  ermənini bəşərə tanıtmaq fürsəti verib. Səidənin çəkdiyi əzabı, söylədiyi faciə səhnələrini qələmə alanda  müəllifə dözüm verib. Deyib ki, yaz, yer üzünün insanlarına xatırlat ki, onların yanında adam cilidində erməni adlı bir iblis də var. Onu da xatırlat ki, mənim yaratdığım iblis, şeytan erməni vəhşiliklərinə mətəəl qalır.

         Səidənin faciəsini yazıçı yaranışa üsyan məqamında heyrətedici sənətkarlıqla təqdim edir. Sanki bu vəhşətin içindən Səidə yox yazıçı özü keçib.

 

         “Əsir qadın”əsərində yazıçının idealı:

         - Ayıq olun, insanlar, bu dünyada erməni adlı kabus var.

 

         Sənətkarlıq:

         Yazıçının qəhrəmanı ilə etik dialoqu, müsahib mədəniyyəti məktəb yaratmaq nümunəsidir.

         - Əsərin sujet xəttinin sadəliyindən dərin fəlsəfi xətt keçir.

         - Əsərin dili – nəsrin poeziyası kimi oxunur.

         - Estetik hiss-həyacan. Vətən... Vətən... Vətən... əhvallı hayqırımı. Düşüncə, özünüdərk əsərdə bu yazıçının idealıdır.

         - Yazıçı Səidə obrazında Azərbaycan qadınının  vətənpərvərlik abidəsini yaradır.

         - Əsər, “Qarabağnamə” nin qızıl səhifəsi, - yeni faciə fəlsəfəsidir.

         - Əsərdə Meyxoş Abdullah “Yazıçı əxlaqı”nın yeni institutunu yaradır.

         Əsər azərbaycanlı ailənin erməni faşizm tərəfindən məruz qaldığı  bəşəri faciəni dünyaya ünvanlayır.

         - Füzuli kədərini, Füzuli qüdrətində yaşadan sənətkar.

         - Hər bir obrazın bitkin təqdimatı sənətkarlıqla müşayət olunur.

         - Əsərin konkret zamanı yoxdur bütün zamanların yaddaşıdır.

 

              Haşiyə:

         “Xəyalım məni 3 il əvvələ apardı... Yazıçı Meyxoş Abdullaha zəng vurub əsərdəki xalça barədə ondan soruşuram. - “Səidənin anasının cehizidir!.. - dedi. - Ohan Səidənin ata-anasını öldürüb, evi yağmalayıb, yandırdıqdan sonra, atasının tüfəngini, anasının xalçasını öz evinə aparmışdı. Səidə əsirlikdən qurtulduqdan sonra, xalçanı Stavropola gələndə özü ilə bərabər gətirmişdi”.

         Susuram... Daha heç nə soruşmuram...

         Xəyal məni ikinci dünya müharibəsi illərinə aparır. “Atam 1943-cü ildə  orduya çağrılır. Anam köməksiz, maddi imkansız və üç körpə uşaqla qalır. Evimiz “Təzəkənd” adlı yerdə daş üstə  güney və qüzeyə açılan qapılar  və hər iki tərəf  balkonlu dörd otaqlı ev.

          Bu kənddə yeni ailə quran gənclərin də sanballı evləri var. Kişilər hamısı müharibəyə cəlb olunur. Hamısının da gənc arvadları və körpə uşaqları başsız qalır. Təzəkənd kişisiz qalır.          Ailələri köhnə kəndə qohumlarının yanına qayıdır. Biz də köhnə kəndə qayıdıb, ana babam Nuruş kişinin əl damına yığışırıq. Bir-iki həftə keçir, Təzəkənddəki evimiz yanır. Anamın cehizlik xalçası da içində, hər şey kül olur. Anam üç il cəhənnəmi ayaqlayır. Üç ildən sonra 1946-cı ildə atam müharibədən qayıdır. Doqquz gündən sonra, anam elə Səidə yaşında vəfat edir. Oxşar talelər. Bir cehiz xalçası cəbhədən min kilometrlərlə uzaqda  alman faşizminin müharibə alovunda yandı, bir cehiz xalçası isə erməni faşizminin qurbanı olmuş  ananın, əsir qızının  cənazəsinə büküldü.

         - Faciəli xatirə məni dondurub. Bir müddət susuram.

         - Qənbər müəllim sizə nə oldu? Meyxoşun səsindən ayılıram və bu da “Əsir qadın” nın son faciəsi”.

              “Vətəni sevmək imandandır” – deyib peyğənbərimiz. Azərbaycan Şərq və Dünya ədəbiyyatının ən müqəddəs mövzusu Vətəndi. Bütün sənətkarların, şairlərin, yazıçıların, rəssamların, bəstəkarların, heykəltaraşların ilhamının baş mövzusu Vətən olub.

 

         …Vətənpərvərlik.

         Səidənin  Vətən torpağına qovuşmaq həsrəti dünya ədəbiyyatında bu mövzuda yazılmış hər hansı bir tərənnüm təhlil, təsvir təqdimatın fövqündədir.

         Yazıçı qələmində, elə yazıçıya ünvanlanmış kiçicik bir məktubun məzmunu bir epopeya əsərə bərabərdir.

         Hər hansı insan əhvalına təsir edən sözləri seçsəm belə, yazıçının Səidənin məktubunu oxuyandan sonar keçirtdiyi əhvalı təsvir edə bilməyəcəyim üçün, söz ustadının öz sözlərinə söykəndim: - “Məktubu oxuyandan sonar gözyaşlarımı saxlaya bilməyib hönkür-hönkür ağladım. Mən ömrüm boyu belə bir ağrıyla rastlaşmamışdım. Bu ağrı yox, sadəcə olaraq bir cəhənnəm əzabi idi”...

 

              Bu da əsərin kulminasiya nöqtəsi…

         “Təyyarə Vətənin hava sərhədini keçəndə təyyarənin yük yerindən salona doğru bənovşəyi rəngdə bir parça bulud axını gəldi… Həmin bənövşəyi rəngli bulud axınının təyyarənin salonunda görünməsiylə, gözdən itməsi ildırımsürətindən də ani oldu. Salondakıların hamısı heyrət və qorxu içində bir-birlərinin üzünə baxdılar.

         Mən də yaranmış vəziyyətdən qorxu hissi keçirtdim. Ürəyim həyacandan əsim-əsim əsirdi.

         Özümə gələndə isə anladım ki, bu bənövşəyi rəngli bir parça bulud, Səidənin vətən torpağına qovuşan narahat və nigaran ruhudur…”

         “Narahat” və “nigaran” ruhun ədəbi və əbədi heykəlini ucaldan ustad. Briliyant hərflərlə yazılmış İnsan, Xalqının layiqli ziyalısı, dövlətinə ürəkdən bağlı vətəndaş!... Əminəm ki, nə vaxtsa Milli ruhlu bədii təfəkkürlü bir heykəltaraş, bədii qəhrəmanın Səidə ilə sənin qoşa monumentini yaradıb əsrlərin və nəsillərin yaddaşına ərmağan edəcəkdir!..

 

                Sonda:

         Müəllifin Vətənpərvərliyinə, uzaqgörənliyinə heyrət etməyə bilmirsən. Qələbədən 11 il öncə yazdığı “Əsir qadın” romanının epiqrafı:   

       “… Ey, Soydaşım!.. Ey, Həmvətənim!..  Nə qədər çətin  də olsa etiraf  etməliyik ki, biz  savaşda  təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsirliyində neçə-neçə qız və gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələr çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır, ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir. Yalnız bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib təmizləyə bilər.

         Öldürsək, - namusumuzu, öləriksə, özümüzü gələcək nəsillərin qınağından və xəcalətindən xilas edə bilərik!...”

         Budur yazıçı gücü, yazıçı böyüklüyü, yazıçı uzaqgörənliyi və yazıçı inamı...

                                                                                                                                            

         P.S. Ədəbiyyatımızda “Əsir qadın” kimi möhtəşəm bir əsərin müəllifi Meyxoş Abdullaha İlahi bir hörmətlə!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

          

 

 

Elşən Təhməzov, “Ədəbiyyat və incəsənət”

 

 

Amma yenə bu millətim

zülmlərdən qorxmadı heç,

dayanmadı, durmadı heç.

Öz kökünə dayandı o,

qeyrətinə sığındı o.

 

Azərbaycan ədəbiyyatında xalqın tarixi yaddaşını, ağrısını və iradəsini poetik dilin gücü ilə ifadə edən əsərlər xüsusi yer tutur. Bu baxımdan Nəsir Qədirlinin “Qisas” poeması yalnız bir bədii əsər deyil, milli yaddaşın fəryadı, tarixin ittiham aktı və gələcəyə ünvanlanmış çağırış manifestidir. Bu poema həm ədəbi-estetik, həm fəlsəfi, həm də siyasi-ictimai məzmun baxımından çoxqatlı struktura malikdir. O, oxucunu təkcə duyğulandırmır, həm də düşündürür, silkələyir və mövqe tələb edir.

 

Nəsir Qədirli (Xankişiyev Nəsir Famil oğlu) 1956-cı il 11 yanvar tarixində Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olmuşdur.

"Dünya məni aldadıb", "Həqiqətlər, gümanlar","Qisas", "Məndəki Mən", "Qana bələnmiş torpaq", "Üşüyən fikirlər, kövrək sətirlər" və.s bədii kitablarının müəllifidir. Uzun müddət ADU-da yüksək vəzifələrdə çalışmışdır. Hal-hazırda müəllim kimi fəaliyyət göstərir. Filologiya üzrə elmlər namizədi və dosentdir.

"Qisas" poeması şairin eyniadlı kitabının özəyini təşkil edən əsərlərdən biridir. Sərbəst vəzndə qələmə alınmış əsərin oxunuşu axıcıdır. Forma xüsusiyyətləri oxucunu əsəri oxumağa vadar edir. Ümumi ideya və mövzu xəttinə isə nəzər yetirsək görürük ki, poemanın mərkəzində iki əsrlik əsarət, işğal, qırğın və soyqırımı motivi dayanır. Müəllif “İki yüz il – iki əsr, xalqım olub əsir-yesir” misraları ilə əsərin tarixi miqyasını müəyyənləşdirir. Burada zaman sadəcə xronoloji ölçü deyil, kollektiv ağrının davamlılığının göstəricisidir.

 

Gah şimaldan,

gah cənubdan,

hücum çəkib

qarı düşman.

 

Şimaldan və cənubdan gələn hücumlar, “qarı düşmən” obrazı, işğalçıların birinin gedib digərinin gəlməsi – bütün bunlar tarix boyu təkrarlanan faciəvi dövriliyin rəmzidir. Bu təkrarlanma oxucuda yığılan enerjinin partlayışa çevrilməsi təəssüratı yaradır.

Əsərin əsas ideyası isə aydındır: tarixi ədalətsizliyin cavabsız qalmaması, milli ləyaqətin bərpası və qisasın labüdlüyü. Lakin burada “Qisas” anlayışı təkcə emosional intiqam deyil, o, haqqın bərpası, milli kimliyin qorunması və tarixi ədalətin təmin olunması kimi təqdim edilir.

 

Yenə itim, yenə ölüm,

bu xalq olub bölüm-bölüm.

Qanı axıb bu millətin

haqsız yerə neçə kərə.

Sığmayıbdır bu haqsızlıq

yerə, göyə.

 

Poemada konkret coğrafi məkanların sadalanması – Şamaxı, Quba, Lənkəran, Bakı, Zəngəzur, Qarabağ və xüsusilə Xocalı nümunənin bədii əsər olmaqla yanaşı, sənədli yaddaş funksiyası daşıdığını da göstərir. Toponimlərin əhəmiyyəti poemanın digər misralarında daha aydın özünü büruzə verir. Tarixin müxtəlif qatlarına varan şair burada Azərbaycan tarixinin gerçəkliklərini oxucuya çatdırır. Poemada təkcə bir dövr yox müxtəlif tarixi hadisələr qabardılır. Bu adlar həm də sadəcə fon deyil, onlar kollektiv travmanın koordinatlarıdır. Müəllif tarixi faktları emosional çalarla təqdim edir, lakin mətnin içində soyqırımı, deportasiya, sürgün, repressiya kimi anlayışların elmi-siyasi alt qatları da sezilir. “Kulak”, “qaçaq” kimi ifadələr sovet repressiyalarına işarədir. “Sibir” motivi isə sürgün və məhv siyasətinin simvoludur. Təkcə işğal və meydanda baş verən proseslər yox, həm də xalqımıza hər mənada göstərilmiş təzyiqdən bəhs olunur. Təkcə poetik emosiyanın məhsulu, həm də tarixi şüurun ədəbi formasını özündə əks etdirir.

 

Bu qanların cavabı yox,

qisası yox, əvəzi yox,

Bu millətə arxa duran

kimsəsi yox, dayağı yox,

Haqsızlığı ölçmək üçün

bir mizanlı tərəzi yox.

 

“Qisas” poemasının bədii güclərindən biri də təkrir və hiss-həyəcan üzərində qurulmasıdır. “Qisas deyir, qisas, qisas" ritmik və psixoloji təsir yaradır. Bu təkrarlar oxucunun şüurunda döyünən bir ürək kimi səslənir, həmçinin bədii təsvir və ifadə vasitələrindən yerində istifadə olunmuşdur.

“Qisas yatıb ürəklərdə, damarlarda laxtalanıb” -  burada qisas bioloji bir varlıq kimi təqdim edilir. Bu da əsərin müxtəlif aspektlərdən psixoloji, mənəvi, bioloji amil kəsb etdiyinin göstəricisidir.

“Qan muzeyi, can muzeyi” – kütləvi məzarlıqların ironik şəkildə “Muzey” adlandırılması ağrılı bir effekt yaradır.

“Şüşə kimi parça-parça, çilik-çilik çilikləndik” – alliterasiya və fonetik təkrar parçalanma hissini gücləndirir. Səslənmə funksiyasını genişləndirir.

Mətnin dili sərt, birbaşa və emosionaldır. Müəllif estetik bəzəklərdən çox, sözün təsir gücünə arxalanır. Burada poetik gözəllik ağrının içindən doğur. Əsər realist üslubda yazılıb, lakin romantik hisslərə də rast gəlmək mümkündür.

 

Bir düşmənim

olaydı kaş!

Çəkinməzdim,

ağrınmazdım,

qürur ilə bu düşmənin

ayağına qoyardım baş.

Bir düşmənim

olaydı kaş!

Nəsli-kökü bəlli düşmən,

qırx ayaqlı, əlli düşmən.

 

Bu misralarda müəyyən kinayə və eyhamı da başa düşmək mümkündür, el arasında ehtiyatsız və güvənilməyən dostdansa, mərd düşmənin üstün tutulması bu əsərdə öz əksini bariz formada tapmışdır.

Ədalət dilemması ilə dolu poemanın fəlsəfi mərkəzi “Qisas” anlayışının mahiyyətindədir. Qisas burada şəxsi intiqam yox, kollektiv ədalət tələbidir.

Müəllif “Silahsıza əl qaldırmaq – bir qəbahət!” deyərək etik sərhədi müəyyənləşdirir. Bu misralar göstərir ki, şair üçün mübarizə namərdliyə qarşıdır, insanlığa qarşı deyil. Deməli, qisas anlayışı humanist çərçivədə təqdim olunur: ədalətə söykənən, amma zəifə qarşı yönəlməyən bir mübarizə. Nəsir Qədirlinin bu poemasında da qisas anlayışı humanist çərçivədə ədalət axtarışıdır. Əsərin digər misralarında bu daha rahat duyulur.

 

Bir cüt dığa, bir cüt harsın!

Bəs bu qisas necə olsun?

Bu qisası dığalardan,

yersiz, soysuz yağılardan,

kim istəsin, kimlər alsın?

 

“Göydə Allah, yerdə insan” ifadəsi isə metafizik və dünyəvi ədalətin birləşməsini simvollaşdırır. Burada həm ilahi hökm, həm də insan məsuliyyəti vurğulanır.

Psixoloji dinamikada verilən poema oxucunu sakit müşahidəçi mövqeyində saxlamır. O, çağırır, silkələyir.

“Daha bəsdir” nidaları psixoloji qırılma nöqtəsidir. Uzun illər susmuş, gözləmiş, ləngimiş xalqın səbir kasası dolur. Emosional dinamika mərhələli şəkildə artır:

1. Keçmişin təsviri – ağrı və kədər

2. İndiki vəziyyətin təhlili – qəzəb və etiraz

3. Gələcəyə çağırış – ümid və qərarlılıq

 

Bu struktur oxucuda silkələnmə yaradır: əvvəl ağrı ilə yüklənir, sonra isə azadlıq və güc hissi ilə yoğrulur.

Əsərin digər hissələrində də şair öz etiraz hissini nəzərə çarpacaq dərəcədə qələmə verir, düşmən millətinin sərt formada xarakterini açır.

 

Bu millətin tayfası yox,

zatı qırıq bir kimsənə,

qatır kimi mayası yox.

Bu millətin özü budur,

astarı bu, üzü budur,

 

Tarixin müxtəlif mərhələlərində Azərbaycana qarşı həyata keçirilən soyqırımı və faciələrə müəllif hayqırtı ilə toxunur.

 

Bu qırğınlar, bu soyğunlar,

qanlar töküb, canlar alıb,

yüzminlərlə Türkün oğlu

qanlarına qəltan olub.

Qırğın olub, soyğun olub,

axan sular qanla dolub:

körpə qanı, uşaq qanı,

bu qırğında qan verməyən

insan hanı?

 

Əsəri oxuduqca şahidi olduğumuz məqamlar daha da artır, incələməli, yenidən mütaliə eləməli olduğumuz hissələr özünü parlaq formada büruzə verir. Təbii ki, əsərdə Azərbaycanın uğurlarından da bəhs olunur. Belə ki bayrağımızın uca zirvələrdə dalğalanması, siyasi arenalardakı uğurumuz da poemada öz əksini tapır.

 

Göyün yeddi qatınadək

ucalıbdır bayrağımız,

Böyük-böyük məclislərdən

gəlir bizim sorağımız.

Var içində millətlərin

öz imzamız, öz adımız.

 

Milli birlik ideyası ilə zəngin poemanın son hissəsində müəllif müasir dövlətçilik ideyasına keçir. “Azərbaycan-Türkiyə” birliyi vurğulanır, “İki dövlət bir millət” konsepsiyası səslənir. Burada Azərbaycan və Türkiyə arasında qardaşlıq ideyası milli gücün dayağı kimi təqdim olunur.

 

Bütün dünya bilir ki, biz,

iki dövlət, bir millətik.

əməldə bir, işdə birik,

Azərbaycan-Türkiyəyik.

Birlikdədir dayağımız,

enməz bir də bayrağımız.

Həqiqətin haqq yoludur,

məsləkimiz, amalımız.

Günəş kimi parlamada,

açılmada sabahımız.

Sülh hayqırır sənətimiz,

Həm nəğməmiz, həm türkümüz.

Qanad çalır, pərvazlanır,

Kəhkəşanda peyklərimiz.

Halal olsun, bu dövləti

quranlara!

Bu dövlətin təməlini

belə möhkəm qoyanlara!

Rəhmət olsun! Rəhmət olsun!

Ulu Heydər babamıza!

işıq saçmış öz zəkası,

hikmətiylə yolumuza.

 

Eyni zamanda, “Ulu Heydər babamıza” misrası ilə Heydər Əliyevə istinad edilir. Bu istinad siyasi liderin dövlət quruculuğundakı rolunu vurğulayır və poemaya çağdaş siyasi kontekst əlavə edir.

Beləliklə, qisas ideyası xaotik yox, dövlətçilik çərçivəsində təqdim olunur. Azərbaycan və Türkiyə birliyi yüksək səviyyədə tərənnüm olunur, oxucular üçün poema həm də iki dövlət üçün qardaşlıq rəmzidir.

“Qisas” poeması yaddaşdan gələcəyə uzanan manifestdir.

Nəsir Qədirlinin əsəri emosional bir çağırış olmaqla yanaşı, milli kimliyin poetik manifestidir. O, tarixi faciələri unutmamağa, amma eyni zamanda zəifliyə qapılmamağa səsləyir.

Bu əsər oxucunu həm ağladır, həm qürurlandırır, həm də məsuliyyət hissi aşılayır. Qisas burada nifrətin yox, haqqın bərpasının adıdır.

Poemanın sonunda səslənən “Heç nə görmək istəmirəm… qisas alın, qisas, qisas” misraları artıq fərdi bir istək deyil, kollektiv şüurun hökmünə çevrilir.

Bu qəbildəndir ki, istedadlı şairin arzuları reallaşdı və o qisas alındı. Əsər 44 günlük Vətən müharibəsindən əvvəl yazılmışdır, elə bu nöqteyi-nəzərdən ədəbiyyat nümayəndəsinin hissləri, arzuları, duyğuları, yaşadığı sarsıntılar, buna rəğmən gələcəyə inam, vətənə güvən hissi özünü bərqərar etdi və xalqın qisası alındı. Torpaqların işğaldan azad olunmasında istedadlı şair Nəsir Qədirlinin "Qisas" poemasının danılmaz rolu vardır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

 

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Dövr dəyişir. Hər kəs günün nəbzini tutmağa çalışır. Oturub çay içərkən, uzanıb istirahət edərkən işıqpulu, qazpulu ödəyə bilirik. Hələ bu harasıdır ki, geyinmək istədiyimiz paltarın rəngini, ölçüsünü, formasını seçib ala bilirik. Bu baxımdan satıcılar da çox əziyyət çəkmir. On dəfə geyinib-soyunan müştərilərlə üz-göz olmurlar. Alan razı, satan razı. Bir-birini görmədən rahat alış-veriş edir, bir-birini yormurlar.

 

Əslində məqsədim diqqəti başqa yerə çəkməkdi. Demək olar ki, insan artıq rahatlıqla bütün kommunal və digər gündəlik tələbatlarını elektron şəkildə ödəyə bilir. Maraqlı bir sual çıxır bu zaman ortaya. Niyə insan həyat yoldaşını da elektron qaydada, dəqiq meyarlarla seçə bilmir?

Təsəvvür edin göz rəngi, boy, maraq dairəsi, bürcü və təhsilini və sair seçirsən, kriteriyaları təsdiqləyirsən və uyğun gələn şəxsə avtomatik mesaj göndərilir. Sanki bir sifariş forması doldurursan və sistem sənə ən uyğun namizədi təqdim edir. Hər ay həm sənə, həm də seçdiyin insana güncəllənmə gəlir və performansı daha da yüksəlir. Çoxları indi xısın-xısın gülür. Amma əmin olun ki, bu seçim göz qırpımı qədər yaxınımızda. 

Əvvəllər tanışlıqlar ailə, qohum, qonşu vasitəsilə baş tuturdusa, sonra universitet tanışlıqları, iş yeri münasibətləri ön plana keçdi. İndi isə sosial şəbəkələr, tanışlıq platformaları gündəmi zəbt edib. Artıq insanlar bir-birini real həyatdan çox, profil şəkillərindən və bioqrafiya sətrlərindən tanıyır. Bir neçə foto, bir neçə status, bir neçə ortaq maraq və qərar verilir ki, uyğundur. Amma arada incə bir fərq var. İnsan özünü təqdim etdiyi kimidir, olduğu kimi yox. Çalışır ki, ilk mərhələdə ən yaxşı tərəfini göstərsin. Tünd xasiyyət, əsəb, eqo, səbir çatışmazlığı isə zamanla üzə çıxır. Məhz bu səbəbdən qurulan münasibətlər çox vaxt gözləntilərlə reallıq arasında sıxışıb qalır.

Texnologiyanın inkişaf istiqamətinə nəzər yetirdikdə görürük ki, süni intellekt artıq insan davranışlarını təhlil edir. Sosial şəbəkələr bizim nəyi bəyəndiyimizi, nəyi izlədiyimizi, hansı mövzulara reaksiya verdiyimizi bilir. Reklamlar qarşımıza təsadüfi çıxmır. Alqoritm bizi əməlli-başlı tanıyır. Yaxın gələcəkdə ehtimal ki, insanların səs tonu, emosional reaksiyaları, maraq dairəsi, həyat tərzi, analiz ediləcək. Təyin edilmiş bu analizin nəticəsinə əsasən məlumat bazasında uyğunluq faizi hesablanacaq. 

Təsəvvür edin ki, sistemə daxil olub qeyd edirsiniz ki, sakit xarakterli, ailəyə bağlı, ali təhsilli, incə ruhlu, müəyyən dəyərlərə sahib bir insan axtarıram. Sistem isə seçdiyiniz bu namizədlərin ən uyğununu milyonlarla insan arasından seçərək sizə təqdim edir. 

XXI əsr bizi hədsiz sürətli olmağa öyrətdi. Sözümüz çevriləndə inciyir, sifariş gecikəndə əsəbləşir, wifi olmayanda səbirsizləşir və narahat oluruq. Bu da istər-istəməz münasibətlərə təsir edir. Halbuki münasibət zaman tələb edir. 

Elektron seçim imkanları bəlkə də gələcəkdə daha uyğun insanları bir araya gətirəcək. Əmin olun ki, yaxın gələcəkdə sevginin də alqoritmi yazılacaq. Uyğunluq faizləri hesablanacaq. Sistem sizin üçün ən uyğun namizəd tapıldı mesajı göndərəcək.

İnkaredilməz haldır ki, elektron dünya hər kəsə rahatlıq zövqü verir. Buna baxmayaraq incə münasibətlər məsuliyyət tələb edir. Və nə qədər texnologiya inkişaf etsə də, sevginin əsas proqram təminatı yenə də ürək olacaq. Ürəyi olan hər kəsə eşq olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

Aygün Bayramlı, “Ədəbiyyat və İncəsənət”

 

Səslər müxtəlifdir. Hər səsin öz çaları, öz rəngi və öz adamı var. Səs insanla birgə doğulur, dünyaya gəldiyi andan özü kimi körpə olur. Sonra insa. böyüdükcə səsi də onunla birgə böyüyür. Yaşa dolduqca həyatın çətinini, keçməkeçini görür. Səs də bu yollardan keçir. İnsanın taleyi onun səsində də duyulur. Çünki insan həm də duyğulardan ibarətdir. Səs də həmçinin.

 

Flora Kərimova yaşananların, həyatın keçməkeçinin, tarixin, duyğuların aynasıdır. Bu səs ruhumuzun yaddaşına həkk olan səsdir. Hər eşidiləndə təkcə notları duymursan, həm də zamanın yaddaşını, bir xalqın ruhunu hiss etdiyin sehirli bir aləmə düşürsən. Bu səsdə hər kəs öz taleyini yaşayır, hər kəs öz hekayəsini tapır. Bu səs həm həzindir, həm güclü, həm dramatik, həm ilhamverici. Bu səs bəzən dərin kədər gətirir insana, amma bəzən dəniz olmağa, günəş olmağa, nəğmə olmağa səsləyir səni. Bəzən böyüdür insanı qocaman insana dönüşdürür, bəzən lap körpə uşaq edir insanı. Çünki onun səsini təkcə eşitmirsən, bütün varlığınla hiss edirsən. Flora Kərimova səsinin sərhəddi yoxdur. Bu səs həm də gələcəyin ümidini yaradır. Onun səsi dalğalanır, qəlbimizin sahillərini titrədir, ən gizlin hisslərimizi oyadır.

Flora Kərimovanın səsində həm də milli ruh da yaşayır. Buna görə də xalqımızın əsrlərlə qoruyub saxladığı şedevr mahnılar, əsərlər, milli musiqimizin davamlılığını, inkişafını, zənginləşməsini qoruyur. O, hər notda bir tarix yaradır. Bu səs həm də gələcəyə ən dəyərli mirasdır. Flora Kərimova səsi xalqımızın sənət xəzinəsində daim var olacaq. Və hər gələcək nəsil bu səsin aliliyini, bənzərsizliyini duyaraq ilhamla yaşayacaq.

Tarixin, zamanın, arzuların, hisslərin aynası olan səsin sahibi — canlı əfsanəmiz Flora Kərimovaya sevgilərlə!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

 

Rəqsanə Babayeva,

dəbiyyatvə İncəsənət" Beyləqanİmişlitəmsilçisi,

BeyləqanrayonMədəniyyətMərkəzininrejissoru, "Gənclik" xalqteatrınınrəhbəri,"Haberdili.com"-unAzərbaycan nümayəndəsi

 

Mədəniyyət anlayışı yalnız incəsənət, ədəbiyyat və ya folklor nümunələri ilə məhdudlaşmır; o, cəmiyyətin düşüncə tərzini, davranış modellərini, sosial münasibətlər sistemini və dəyərlər iyerarxiyasını özündə birləşdirən geniş bir məfhumdur. Bu geniş sistemin mərkəzində isə mentalitet dayanır. Mentalitet bir xalqın tarixən formalaşmış dünyagörüşü, həyat fəlsəfəsi, yaxşı ilə pisi ayırdetmə meyarı, münasibət və reaksiya mexanizmləridir. O, həm fərdi, həm də kollektiv səviyyədə qərarvermə prosesinə təsir göstərir.

 

Son illərdə qloballaşma, texnoloji inqilab və kütləvi informasiya vasitələrinin sürətli yayılması nəticəsində mentalitet məsələsi daha da aktuallaşmışdır. Bir tərəfdən, dəyişən dünya reallıqları yeni davranış modelləri və dəyərlər sistemi formalaşdırır; digər tərəfdən isə cəmiyyətin müəyyən hissəsində milli-mənəvi dəyərlərin aşınması ilə bağlı narahatlıq artır. Məhz bu kontekstdə mədəniyyətdə mentalitet problemi elmi-metodik baxımdan təhlil olunmağa ehtiyac duyur.

Bu məqalənin məqsədi mentalitet anlayışının mahiyyətini açıqlamaq, onun Azərbaycan cəmiyyətində tarixən oynadığı rolu göstərmək, müasir dövrdə dəyişdirilməyə cəhd olunan mentalitet elementlərini təhlil etmək və müsbət mental dəyərlərin qorunmasının vacibliyini əsaslandırmaqdır. Tədqiqatda müqayisəli təhlil, sosiomədəni yanaşma və müşahidə metodlarından istifadə olunmuşdur. Məqalədə mövqe aydındır: xalqın müsbət mental xüsusiyyətlərinin qorunması vacibdir, eyni zamanda gündəlik həyatı əsassız şəkildə çətinləşdirən və inkişafı ləngidən stereotiplərin isə elmi əsaslarla yenidən nəzərdən keçirilməsi mümkündür.

 

Mentalitet anlayışının elmi mahiyyəti

Mentalitet termini sosial elmlərdə kollektiv şüurun sabit xüsusiyyətlərini ifadə etmək üçün istifadə olunur. O, bir xalqın tarixi yaddaşı, dini və əxlaqi təsəvvürləri, ailə modeli, cəmiyyət daxilində münasibətlərin forması və sosial rolların bölgüsü ilə sıx bağlıdır. Mentalitet dəyişməz və donmuş bir sistem deyil; o, zamanla transformasiya olunur, lakin bu transformasiya adətən tədrici və daxili inkişaf yolu ilə baş verir.

Azərbaycan cəmiyyətində mentalitetin əsas sütunları ailə institutuna hörmət, böyüyə ehtiram, qonaqpərvərlik, namus və qeyrət anlayışları, kollektiv məsuliyyət hissi, torpağa və vətənə bağlılıq kimi dəyərlərdir. Bu xüsusiyyətlər yüzilliklər boyu formalaşmış və xalqın həyat tərzini müəyyən etmişdir. Onların bir çoxu sosial sabitliyin təmin olunmasında mühüm rol oynamışdır.

Mentalitetin elmi təhlili göstərir ki, o, sosial davranışların tənzimləyicisi kimi çıxış edir. Qanun və rəsmi qaydalar cəmiyyətin hüquqi çərçivəsini müəyyənləşdirsə də, gündəlik münasibətlərdə insanların davranışına daha çox təsir edən amil məhz mental dəyərlərdir. Məsələn, ailə daxilində qərarların kollektiv şəkildə qəbul edilməsi, böyüklərin fikrinin nəzərə alınması yazılmamış, lakin güclü sosial norma kimi fəaliyyət göstərir.

 

Tarixi kontekstdə Azərbaycan mentaliteti

Azərbaycan coğrafiyası müxtəlif mədəniyyətlərin qovşağında yerləşmişdir. Tarix boyu burada Şərq və Qərb sivilizasiyalarının təsiri hiss olunmuşdur. Buna baxmayaraq, xalq öz əsas mental sütunlarını qoruyub saxlamışdır. Kənd icma münasibətləri, el-oba ənənələri, toy və yas mərasimlərinin sosial funksiyası, nəsil bağlarının güclü olması kimi amillər cəmiyyətin daxili birliyini möhkəmləndirmişdir.

Ailə modeli mentalitetin əsas dayağı olmuşdur. Ailə yalnız iqtisadi və bioloji birlik deyil, həm də mənəvi məktəb rolunu oynamışdır. Uşaqların tərbiyəsində valideynlərlə yanaşı nənə-baba və digər qohumlar da iştirak etmişdir. Bu kollektiv tərbiyə modeli fərddə həm məsuliyyət, həm də sosial bağlılıq hissi formalaşdırmışdır.

Eyni zamanda, mentalitetin müəyyən elementləri zamanla dəyişmişdir. Məsələn, qadının cəmiyyətdə rolu tarixi mərhələlərə uyğun olaraq transformasiya olunmuş, təhsilə və ictimai fəaliyyətə çıxışı genişlənmişdir. Bu dəyişikliklər mentalitetin əsas dəyərlərini dağıtmamış, əksinə, onları yeni reallıqlara uyğunlaşdırmışdır.

 

Qloballaşma və dəyişdirilməyə cəhd olunan mentalitet

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı nəticəsində gənclər fərqli mədəniyyətlərlə birbaşa təmasda olur. Sosial şəbəkələr, xarici media məhsulları və populyar mədəniyyət nümunələri yeni həyat tərzlərini cazibədar şəkildə təqdim edir. Bu prosesin müsbət tərəfi dünyagörüşünün genişlənməsi olsa da, mənfi tərəfi milli dəyərlərin ikinci plana keçməsi riskidir.

Son illərdə ailə münasibətlərində fərdiyyətçiliyin artması, kollektiv məsuliyyət hissinin zəifləməsi, ənənəvi mərasimlərin kommersiyalaşması kimi meyillər müşahidə olunur. Bəzi hallarda “müasirlik” adı altında köklü adət-ənənələrə istehza ilə yanaşılır. Halbuki mentalitet yalnız keçmişin qalığı deyil, cəmiyyətin özünüidentifikasiya mexanizmidir.

Dəyişdirilməyə cəhd olunan əsas sahələrdən biri ailə institutudur. Qərb fərdiyyətçiliyi modelinin mexaniki şəkildə tətbiqi bəzən ailədaxili bağların zəifləməsinə gətirib çıxarır. Digər bir sahə isə dil və ünsiyyət mədəniyyətidir. Gənclər arasında ana dilində ifadə imkanlarının daralması, xarici sözlərin həddindən artıq istifadəsi mental identikliyin zəifləməsi riskini yaradır.

 

Gəncliyin mövqeyi və sosial transformasiya

Bugünkü gənclik ziddiyyətli bir situasiyada yaşayır. Bir tərəfdən, qlobal dünyaya inteqrasiya etmək, yeni bilik və bacarıqlar əldə etmək arzusu var; digər tərəfdən isə ailə və cəmiyyətin ondan gözləntiləri mövcuddur. Bu iki istiqamət arasında balans tapmaq asan deyil.

Gənclərin bir qismi mentaliteti inkişafın qarşısını alan məhdudiyyət kimi qəbul edir. Onların fikrincə, bəzi sosial stereotiplər fərdi azadlığı və yaradıcılığı məhdudlaşdırır. Digər qisim isə milli-mənəvi dəyərlərin qorunmasını prioritet sayır və sürətli dəyişikliklərə ehtiyatla yanaşır. Hər iki mövqenin elmi əsaslarla təhlili vacibdir.

Burada əsas məsələ mentalitetin hansı elementlərinin qorunmalı, hansılarının isə yenidən qiymətləndirilməli olduğunu müəyyənləşdirməkdir. Məsələn, böyüyə hörmət və ailə bağlarının güclü olması müsbət sosial kapital yaradır. Lakin bəzi hallarda cəmiyyətin əsassız qınaq mexanizmi fərdin psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Deməli, müsbət mental dəyərlərin qorunması ilə yanaşı, gündəlik həyatı çətinləşdirən stereotiplərin elmi diskussiya müstəvisində müzakirəsi mümkündür.

 

Mentalitetin yaşayış tərzinə təsiri

Mentalitet insanların gündəlik həyatına birbaşa təsir göstərir. Qonaqpərvərlik ənənəsi sosial əlaqələri möhkəmləndirir, kollektivçilik isə çətin anlarda qarşılıqlı dəstək mexanizmini işə salır. Eyni zamanda, bəzi hallarda sosial rəyin həddindən artıq önəmli sayılması fərdi qərarların qəbulunu çətinləşdirə bilər.

Toy və yas mərasimlərinin miqyası, sosial statusun nümayişi, “el nə deyər” prinsipi kimi amillər iqtisadi və psixoloji yük yarada bilər. Bu kimi hallarda mentalitetin mahiyyətini deyil, onun ifrat formalarını tənqid etmək daha məqsədəuyğundur. Çünki problemin mənbəyi dəyərin özü deyil, onun yanlış tətbiqidir.

 

Müsbət mental dəyərlərin qorunmasının zəruriliyi

Milli kimlik yalnız pasport və ya hüquqi statusla müəyyənləşmir; o, ilk növbədə, mənəvi dəyərlərlə formalaşır. Müsbət mental xüsusiyyətlərin qorunması cəmiyyətin sosial birliyini və davamlılığını təmin edir. Ailə institutunun möhkəmliyi, böyüyə hörmət, qonaqpərvərlik, vətənə bağlılıq kimi dəyərlər sosial sabitliyin dayaqlarıdır.

Bu dəyərlərin zəifləməsi cəmiyyətdə atomlaşma prosesini sürətləndirə, fərdlər arasında etimad böhranı yarada bilər. Sosial etimadın azalması isə iqtisadi və siyasi institutlara da təsir göstərir. Buna görə mentalitetin qorunması yalnız mədəni məsələ deyil, həm də sosial inkişaf strategiyasının tərkib hissəsidir.

Mədəniyyətdə mentalitet problemi sadə “köhnə ilə yeninin mübarizəsi” kimi təqdim edilə bilməz. Bu, daha çox tarazlıq axtarışıdır. Qloballaşma şəraitində milli dəyərlərin qorunması ilə açıq dünyaya inteqrasiya arasında balans tapmaq əsas vəzifədir.

Elmi-metodik baxımdan aşağıdakı istiqamətlər təklif olunur:

Təhsil sistemində milli-mənəvi dəyərlərin müasir metodlarla tədrisi.

Gənclərlə açıq dialoq platformalarının yaradılması.

Medianın milli mentalitetin müsbət nümunələrini təşviq etməsi.

Adət-ənənələrin mahiyyətinin qorunması, lakin ifrat və sosial yük yaradan formaların tədricən sadələşdirilməsi.

Beləliklə, mentaliteti qorumaq geriliyə qapanmaq demək deyil; əksinə, öz kimliyini itirmədən inkişaf etmək deməkdir. Müsbət mental dəyərlərimizi yaşatmaq, onları müasir dövrün reallıqları ilə uyğunlaşdırmaq və gələcək nəsillərə ötürmək hər birimizin mədəni məsuliyyətidir. Bu məsuliyyət yalnız fərdi seçim deyil, həm də milli varlığın davamlılığının təminatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

 

Cümə, 06 Mart 2026 11:28

Ölüm saçan yol

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

  

Sakitcə oturmuşdum, maşının pəncərəsindən çöldəki mənzərəni seyr edirdim. Yaşadığım yer bir pəncərənin güzgüsündə əks olunacaq qədər kiçikdir. Ancaq içinə sığmayan bir doğmalıq var ki, hər addımda, hər nəfəsdə mənimlədir.

 

Bu an nəfəsimin daraldığını hiss etdim. Gördüyüm mənzərə qarşısında donub qalmışdım. Nə deməyə bir söz, nə də baxışlarımı gizlətməyə cəsarətim var idi. Eşitdiyim yeganə şey təcili yardım və “Yolu bağlamayın!” deyən polis əməkdaşlarının səsi idi. Bir dəqiqədə gördüklərim isə bir səhifəyə sığmayan hekayə qədər çox idi.

O gün anladım ki, bəzi yollar insanı uzaqlara aparır, geri dönməsi mümkün olmayan uzaqlara

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu çox sevirlər. Çağdaş dövr bəstəkarlarımız arasında xüsusi yerə malikdir. Həm simfonik əsərlər yazır, həm mahnı janrında parlayır.

Söhbət Gövhər Həsənzadədən gedir.

 

Gövhər Həsənzadə 6 mart 1969-cu ildə Bakıda, ziyalı ailəsində anadan olub. Atası Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışıb, anası isə filoloqdur. 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə, 1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olub.

1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarix fakültəsinə müsabiqəsiz daxil olub. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən alıb. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub.

Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alıb və 1993-cü ildə həmin təhsil ocağını bitirib. Gövhər Həsənzadə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilib və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Gövhər Həsənzadə təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir.

O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılan 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni (1996), "Olimpiada yolları" himni (1996), "Biz varıq"(BMT Azərbaycan nümayəndəliyi) himni, "Sən qalib gələcəksən" (2008), "Sən azərbaycanlısan"(2013) kimi layihələrin müəllifidir.

2008-ci ildə Azərbaycanı ilk dəfə təmil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırıb

Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "In-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışıb. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır.

Gövhər Həsənzadə Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1998-ci ildən MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin, 2013-cü ildən ARAF-ın (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 2019-cu ildən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür.

2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir. Gövhər Həsənzadə 2023-cü il tarixdə keçirilmiş Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Assambleyasının növbəti iclasında yetkilliklə Konfederasiyasının (AHTK) Baş Direktoru vəzifəsinə seçilib. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.

 

Bəstələdiyi mahnılar

"Yerli müğənnilər tərəfindən ifa olunanlar"

- Get

- Nəydi

- Anladım sonunda

- Mən səni deyə - deyə

- Olanlar Oldu

- Bahar çiçəyi

- Bir də

- Deyirlər ki

- Gözəlim

 

"Xarici müğənnilər tərəfindən ifa olunanlar"

1. Git

2. Tek senin uğrunda

3. Yar aman yar

4. Masal bu ya

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"İbrahim Zeynalovun abidələri və layihələri bir-birindən forma müxtəlifliyi, əldə olunmuş quruluşların təkrarlanmaması cəhdi ilə fərqlənir. Onun abidələrinin təsir effekti - tamaşaçıya yaxınlıq, fiqur və postament ölçülərinin düşünülmüş uzlaşdırılmasındadır.  Çox vaxt abidə hazırlanmazdan öncə portret üzərində iş gedir, heykəltaraş məhz burda gələcək monumental obrazın cizgilərini müəyyənləşdirir. Beləliklə, heykəltaraşın yaratdığı abidələr yüksək idealı, yaradıcı şəxsiyyətin möhtəşəmliyini və gözəlliyini təsdiqləyən monumental obrazın yaradıcılıq axtarışları ənənələrini izləməyə imkan verir. Bu ənənələrin ideya zəminindən onun formal əlamətləri də yaranır" - Sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova yazır bunları.

 

İbrahim Zeynalov 1934-cü il dekabrın 27-də Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarından sənətə olan böyük marağı onu natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1956-cı ildə məktəbin heykəltaraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirib.

 1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirib, 1971–1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973–1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.  1962-ci ildə institutun heykəltaraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıdıb və bütün ömrünü heykəltaraşlıq sənətinə həsr edib. Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməyib.

Özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf edib. Azərbaycanda milli heykəltaraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olub. Onun monumental heykəl, büst-portret və digər heykəltaraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltaraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk edib

 

Təltif və mükafatları

- SSRİ Dövlət mükafatı — Bakıdakı 26 Bakı komissarı abidəsi üçün

- Azərbaycan SSR Dövlət mükafatı — Naxçıvan şəhərində V. İ. Lеnin mеmorialı üçün

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

 

Düzdür, bugünkü baxışlarımız bizi 26 Bakı komissarından, Lenindən itələyir, onlar bir vaxtlar sitayiş edilənlər idilərsə indisə düşmən sayılırlar. Amma konyektura, dövr, məcburiyyət, bilməzlik kimi faktorlar var ortada.

İbrahim Zeynalov 6 mart 2008-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çox maraqlı bir şəxs barəsində danışacağıq. Qəribə tale, dəyərli həyat yolu, əzmkarlıq və mübarizlik... Bunları özündə birləşdirən nasir, dramaturq, publisist, tərcüməçi Yusif Əzimzadə.

 

Yusif Əzimzadə 1917-ci il fevralın 22-də Bakıda fəhlə ailəsində doğulub. Natamam orta məktəbi bitirib N.Nərimanov adına sənaye texnikumunun elektrik-mexanika şöbəsində təhsil alıb. Həm də Bakı şəhər rayonlarının elektrik yarımstansiyalarında işləyib. Tələbə ikən öz şeirlərini "Ədəbiyyat qəzeti"ndə, "Gənc işçi", "Yeni yol" və "Azərbaycan gəncləri"ndə müntəzəm çap etdirib.

Onun əsərləri müstəsna hallarda "Ə.Yusif", yaxud "Y.Əhədoğlu" imzaları ilə çap olunub. Bakı hərbi məktəbini leytenant rütbəsi ilə bitirib. Qərbi Ukraynanın azad olunmasında, ağ finlərə qarşı döyüşlərdə iştirak edib. 1940-cı ildə xəstəliyinə görə tərxis olunub iki il "Abşeron kolxozçusu" qəzeti redaksiyasında ədəbi işçi, katib, 1942-1944-cü illərdə isə "Ədəbiyyat qəzeti"ndə, "İnqilab və mədəniyyət" jurnalında ədəbi işçi, nəsr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan KP MK yanında Partiya tarixi İnstitutunun "Böyük Vətən müharibəsi" şöbəsində baş elmi işçi (1944-1945), M.Qorki adına Bakı Gənc Tamaşaçılar Teatrında ədəbi hissənin şöbə müdiri (1945-1947), "İnqilab və mədəniyyət" jurnalında tənqid şöbəsinin müdiri (1948-1951), Azərnəşr və Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinin redaktoru (1951-1952), "İnqilab və mədəniyyət" jurnalı, sonra "Ədəbiyyat qəzeti" redaksiyalarında məsul katib olub.

Bakı şəhəri və 26 Bakı komissarı adına rayon Sovetinin deputatı seçilib. "Anacan" pyesinə görə musiqili teatrların ümumittifaq festivalının laureatı diplomuna layiq görülüb. Keçmiş SSRİ respublikalarının teatrlarında "Çiçəklər səltənəti", "Anacan", "Nəsrəddin", "Aprel səhəri" və "Qonşular" dram əsərləri səhnəyə qoyulub. Onun tərcümə etdiyi pyeslər (Konstantin Simonovun "Rus məsələsi", Sergey Mixalkovun "Qırmızı qalstuk", Y.Soloviçin "Qəribə dilənçi", O.Bodıkovun "Qaraqum faciəsi", Ş.Xusainovun "Anam gəldi") Azərbaycan teatrlarında səhnələşdirilib

"Pravda", "İzvestiya", "Trud" və "Literaturnaya qazeta" kimi mərkəzi qəzetlərdə müntəzəm çıxış edib. Ümumittifaq Yazıçılar İttifaqının V qurultayına nümayəndə seçilib. Moldaviyada Azərbaycan mədəniyyəti günlərində (1960), Bryansk, Voroşilovqrad və Qərbi Sibirin Tümen vilayətində Sovet ədəbiyyatı günlərində (1970, 1973, 1974) iştirak edib. SSRİ medalları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub. 1984-cü il mart ayının 6-da Bakıda vəfat edib.

 

Əsərləri

1.Partizan oğlu

2. İlk görüş

3. Onun həyatı (Sosialist Qəhrəmanı usta Baba Pirməmməd haqqında sənədli povest)

4. Görüşdən sonra

5. Üç bayram

6. Bakının işıqları

7. Yenə görüşəcəyik (roman)

8. Murad dayının xatirələri

9. Xatırlayacaqsan

10.Anacan (pyeslər)

 

Tərcümələri

Ruscadan

1. O.Qonçar. Qızıl Praqa. Bakı: Azərnəşr, 1950, 150 səh.

2. İ.Osipov. Yeddi gəmi adası. Bakı: Azərnəşr, 1951, 135 səh.

3. V.Popova. Aydın sahil. Bakı: Azərnəşr, 1952, 252 səh.

4. İ.Osipov. Xəzər çağırır. Bakı: Azərnəşr, 1953, 190 səh.

5. E.Qrin. Cənub küləyi. Bakı: Azərnəşr, 1954, 146 səh.

6. L.Tolstoy. Saxta kulon. Bakı: Uşaqgəncnəşr, 1960, 88 səh.

7. F.M.Dostoyevski. Bəyaz gecələr. Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.

8. İ.S.Turgenev. Yakov Pasınkov. Bakı: Azərnəşr, 1968, 41 səh.

9. C.London. Dəmirdaban. Bakı: Gənclik, 1971, 280 səh.

10. A.N.Ostrovski. Öz adamımızdır, düzəlişərik. Bakı: Azərnəşr, 1973, 46 səh.

11. Skandinav dastanları. Bakı: Gənclik, 1974, 245 səh.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.