Super User
Ədibin Evi çox həssas bir mövzunu müzakirəyə çıxardı
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün həmişə qonaq-qaralı, tədbirli, görüşlü olan “Ədibin Evi”ndə növbəti bir tədbir - “Rəqəmsal mühitdə qadın hekayələri” adlı müzakirə keçirildi. Mətbuat və ədəbi dairələrin nümayəndələri, eləcə də blogerlərin iştirak etdiyi, ASAN Radio və TV-nin direktoru, tanınmış aparıcı Emin Musəvinin moderatorluğu ilə keçən tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 25 noyabr -10 dekabr tarixlərində təşkil edilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində baş tuturdu.
Mövzu ilə bağlı iştirakçılarla fikirlərini Əməkdar jurnalist Flora Xəlilzadə və ADA Universitetinin media eksperti Lalə Kişiyeva bölüşdülər.
Flora Xəlilzadə Mir Cəlal ocağının ona çox əziz olduğunu dilə gətirərək vaxtilə ona dərs deyən görkəmli Azərbaycan yazıçısı, tənqidçisi və pedaqoqunu gender bərabərliyinə qatqı verməkdə nümunə gəitrdi, onun həm əsərlərində tərənnüm etdiyi, həm də özünün yaşadığı və tələbələrinə təlqin etdiyi dəyərlərindən danışdı, dedi ki, Mir Cəlal müəllim qız tələbələrinə daim qayğı ilə yanaşır, bizi oğlan qrup yoldaşlarımıza bir növ tapşırardı, hamımıza bərabər imkanlar yaratmağa çalışardı.
Əlbəttə ki, gender bərabərliyi yolunda elə bunlar cəsarətli cəhdlər hesab oluna bilər.
Flora xanım həm də qadın hüquqsuzluğu ilə mübarizədə bədii ədəbiyyatın görkəmli rolunu da qeyd etdi, bunu “Əlfi Qasımovun “Adilənin taleyi” romanından gətirdiyi müqayisəli təhlillə diqqətə çatdırdı. Həm də vurğuladı ki, medianın gender stereotiplərinin yaradılması və ya dəyişdirilməsində, eləcə də gənc nəslin formalaşmasında əvəzsiz rolu var.
Lalə Kişiyeva gender nəzəriyyələrinə əsaslanaraq cəmiyyətdə dəyişən meyillər, burada informasiya texnologiyalarının rolundan bəhs etdi. Tədqiqatlara əsasən Azərbaycanda qadınlarla bağlı onlayn mühitdə ictimai münasibətdə pozitiv dəyişiklikləri qeyd edən media eksperti qadınlar barədə “uğur hekayələrinin” sayının artdığını bildirdi və bu işıqlandırmanın davamlı olmasının vacibliyini qeyd etdi. Beynəlxalq təcrübəyə, habelə dərs dediyi ADA universiteti tələbələrinə yönəli müşahidələrinə istinadən natiq bildirdi ki, fərdlər müxtəlif olduğu kimi dünyagörüşləri də müxtəlifdir, eləcə də mühit fərqləri də nəzərəçarpandır. Bu səbəbdən də qadın xoşbəxtliyi tam subyektiv amillərə söykənir.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehralıyeva gender bərabərsizliyi anlamına ümumi baxışla qiymət verdi, xüsusən gənc nəslin təlim-tərbiyəsinə önəm verilməsinə diqqət çəkdi, ailə institutunun təkmil olmasının faydalarına toxundu, sosial mediadakı bəzən olduqca gərəksiz mövzuların trenddə olması gerçəkliyində rəhbərlik etdiyi qurumun bu sayaq tədbirlərlə cəmiyyətin diqqətini cəlb etmək istəklərini dilə gətirdi.
Yazıçı-publisist Aqşin Yenisey Fransa təcrübəsi ilə hətta demkratik ölkələrdə belə qadına qarşı şiddətin olması faktlarını bu məsələni şərq-qərb qarşıdurması kimi qələmə verməyin uğursuzluğuna isbat olaraq gətirdi, eyni zamanda qadın azadlığının çağdaş postfeminizm dövründən sonrakı daha radikal dönəmə adlaya biləcəyi, qadınların daha kişilərlə bərabərləşməyi deyil, onları ötüb keçmək istəmələri ilə yeni şəraitə qədəm qoyacağı ehtimalını dilə gətirdi.
“Rəqəmsal mühitdə qadın hekayələri” adlı müzakirə interaktiv şəkildə davam edərək müasir Azərbaycan ədəbi və media mühitinə təsir edən amilləri nəzərdən keçirdi. Fikir bildirən hər kəs mövzu ilə bağlı narahatçılığını dilə gətirsə də sonda həm də nikbin olduğunu, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inamını da izhar etdi.
İştirakçılar və dinləyicilər daha sonra isti çay və şirniyyat masası arxasında ünsiyyəti davam etdirdilər.
Bəli, rəqəmsal mühitdə qadın hekayələri müxtəlifdir. Yetər ki, bu müxtəliflikdə qara deyil, al-əlvan rənglər daha üstün olsunlar.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Türk dünyası məşhurları - Tomris Xatun
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları haqqında olan layihəsində bügünkü söhbətimiz Tomris Xatun barədədir.
Tomris Xatun (e.ə. VI əsr) türk tarixinin ən məşhur qadın hökmdarlarından biridir. O, Sak (Massaget) tayfalarının kraliçası olmuş və dövrünün ən güclü imperatoru sayılan İran hökmdarı I Kirə qarşı göstərdiyi qəhrəmanlıqla tarixə adını qızıl hərflərlə yazdırmışdır.
Tomris Xatun ədalətli və ağıllı bir hökmdar kimi tanınırdı. O, həm dövlət idarəçiliyində, həm də hərbi strategiyada böyük ustalıq göstərmişdir. I Kir Sak torpaqlarını ələ keçirmək üçün hiyləgərcəsinə plan hazırladıqda, Tomris onun qarşısına məhz öz ordusunun başında çıxmışdı. Kirin ordusu ilk döyüşdə hiylə ilə uğur qazansa da, Tomris Xatun xalqının intiqamını almaq üçün yenidən güclü bir hücuma keçmiş və tarixdə “Massaget–Pers döyüşü” kimi tanınan həmin savaşda Kirin ordusunu məğlub etmişdir.
Əfsanəyə görə, Tomris döyüşdən sonra Kirin cəsədini tapdırıb qanla dolu bir qaba atdıraraq demişdi:
“Doğrusu, sən doyunca qan içməyi sevirdin – indi doyunca iç!”
Bu hadisə yalnız bir qələbə deyildi – türk qadınının savaş iradəsi, liderlik gücü və dövlətçilik qabiliyyətinin simvoluna çevrildi.
Tomris Xatun bu gün də türk xalqlarında azadlıq, cəsarət, iradə və qürur rəmzi kimi xatırlanır. O, həm tarix, həm ədəbiyyat, həm də mədəniyyət sahəsində böyük ilham mənbəyidir.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Türkiyə ağır sənayəsində ilk sahibkar Naxçıvanlı qadın
Səriyyə Salahova,
Naxçıvan televiziyasının redaktoru, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan qadını tarixən müdrik zəkası, mehribanlığı, qayğıkeşliyi, bacarığı, əməksevərliyi, sədaqət və vətənpərvərliyi ilə daima sevilib, seçilib. Nəsilbənəsil davam edən bu ənənə bu gün də gənclər arasında yaşadılır. Elə bu ənənənin davamçısı olan, Türkiyə ağır sənayəsində ilk sahibkar hərbçi Naxçıvanlı qadınla oxucuları tanış edək.
Bildirim ki, təsadüfən tanışdığım müsahibim iş bacarığı və mükafatları ilə gündəm olmaq istəmirdi. Onunla qısa söhbətdən sonra bir jurnalist olaraq sizin fəaliyyətinizi yazmalı və gəncliyə nümunə olaraq göstərmək istədiyimi bildirdim. Hazırda Türkiyənin paytaxtı Ankara şəhərində yaşayan, 2020-ci ildən “Nikhas Makina Endüstri” müəssisənin sahibi olan Nilufər Sadiqovayla telefon vasitəsilə əlaqə saxladıq.
Müsahibim Nilufər Sadıqova 1985-ci ildə Naxçıvan şəhərində anadan olduğunu, 7 nömrəli tam orta məktəbdə təhsil aldığını bildirir.
-Ailəmiz hərbçi ailəsi olub. Mən atamın sənətini seçərək, sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə verdim. Qəbul olduqdan sonra, burada istekam ixtisası üzrə hərbi təhsil aldım. Hərbi təhsilimi bitirdikdən sonra iki il Bakıdakı “N” saylı hərbi hissənin istehkam bölüyündə xidmət etməyə başladım. Sonra öz istəyimlə Naxçıvana təyinat aldım. Burada baş leytenant rütbəsində xidmət göstərdikdən sonra öz ərizəmlə işdən azad edildim. 3 il Bakı şəhərində müxtəlif sahələrdə işlədim. Həmin müddətdə mənə Türkiyə universitetlərində magistratura təhsili almaq imkanı yarandı. Mən seçimimi Hacəttəpə universitetinə edərək, Xarici Ticarətin İdarə Edilməsi bölümündə təhsil almağa başladım. Bu illər ərzində ancaq sənaye sahəsində, istehsalat bölməsində çalışdım. Lunapark atraksiyonlarını istehsal edib xaricə satışını təşkil edirdim. Satış zamanı xaricə gedib, quraşdırma və təfil vermə işləri ilə məşğul olurdum. Universitetdən məzun olanadək müxtəlif iş yerlərində çalışdım. Fəaliyyət göstərdiyinm müəssisədə 3 teknikada 6 nəfər çalışırdı. Beş il burada işlədiyim dövrdə 16 texnika, 30 işçi olmuşduq. Çünki buraya hərbi müdafiyə sənayesini də əlavə etdilər. Zireh tanklara ehtiyat hissələri istehsal edirdik. Hər bir detala xüsusi diqqət edir, maraqla öyrənirdim. Sifarişlər veriləndə texnikaların zirehlərin hansı hissələrində istifadə edildiyini qədiqliklə baxaraq öyrənirdim. Bütün bu təcrübələr məni belə bir qənaətə gətirdi ki, bu işi daha özüm də edə bilərəm. Əvvəlcə bu işi təkbaşıma görməyə başladım. Burada mənə bu güvəni verən mühəndislər də oldu. Onların mənim bu işi bacaraq əminliyini vermələri məni daha cəsarətləndirdi. Bir avadanlıqla öz müəssisəmi qurdum və işləyə-işləyə 10 avadanlığa çatdırmağı bacardım. Müəssisədə hazırda özümlə bərabər, altı nəfər işləyir. Onlara işçi kimi deyil, ailəm kimi münasibət bəsləyirəm.
Müsahibim bildirir ki, arzuları çoxdur, ancaq ən böyük arzusu bu müəssisənin bir filialını Naxçıvanda yaratmaqdır.
-Demək olar ki, bunun üçün mən orda torpaq sahəsi alıb artıq bir çox işlər görmüşəm. “Nikhas Makina Endüstri” müəssisənin filialı “Nikhas” MMC şirkəti Naxçıvanda açmaqda məqsədim əsasən, gəncləri texnika öyrənməyə cəlb etməkdir. Burada da ehtiyat hissələrlə bərabər, ehtiyac duyulan metallar istehsal etməkdir. Təbii ki, bu arzumda mənə kömək olan, dəstək verən mühəndis yoldaşlarım var.
İnanıram ki, Naxçıvanda çox bacarıqlı gənclər var. Onlar sadəcə məlumatsızdırlar. Tövsüyə edirəm ki, gənclər Tiktok və Instagram səhifələrində vaxt keçirərək gələcəklərini məhv etməsinlər. Texnologiya öyrənməyə, bu sahədə biliklərini artırmağa yönəltsinlər. Mən bu gün tək qadın olaraq bunu bacara bilirəmsə, əmin olsunlar ki, onlarda bacaracaqlar. Hər zaman yeni nələrisə öyrənməyə həvəs göstərsinlər. Əzmkar və mübariz olsunlar. Çünki, texnologiya maraq göstərən hər 10 gəncdən biri istehsalçı olsa, bu gələcəkdə onun müəssisəsində bir çox insanın işlə təmin olması, eyni zamanda yeni istehsalçıların yaranması deməkdir, bu da inkişafa aparan əsas yoldur.
Bilirsiniz, mən hərbçiyəm və mənim işlədiyim taborda iş yoldaşlarımın çoxu Vətən müharibəsində şəhid olublar. Onlar vətən torpaqlarını bütövləşdirmək üçün canlarından keçiblər. Ancaq mən bunu etməmişəm. Ona görə, İnşallah Naxçıvanda fəaliyyət göstərəcək şirkətimi təmamilə gənclərə və şəhid övladlarına ithaf edəcəyəm. Onlar bu müəssisədən nələrisə öyrənsə, bununla da mən vətənə olan xidmət borcumu yerinə yetirmiş olaram.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Müharibə illəriydi, teatrda işə qəbul olundu...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
87 il ömür sürdü, onun 70-ni teatra və kinoya həsr edib...
Bu gün anadan olmasının 107-ci ilini qeyd etdiyimiz Gülxar Həsənovanın həyat və yaradıcılıq yoluna bir tamaşa edək.
Gülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olub. Bakı Teatr Texnikumunda oxuyub, Azərbaycan Dövlət Universitetini bitirib. Gülxar Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb.
O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olub.
Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən Gülxar Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib.
Filmoqrafiya
- Böyük ömrün anları (film, 2006)
- Gecə qatarında qətl (film, 1990)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- Məkanın melodiyası (film, 2004)
- Min birinci söz (film, 1997)
- Son tamaşa (film, 1989)
- Yollar görüşəndə... (film, 1979
Təltifləri
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
- "Şöhrət" ordeni — 9 dekabr 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Gülxar Həsənova 30 mart 2005-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
"Dənizi verdim ki, sənə hədiyyə, gəldiyim sahilə gələsən bir də" - Nəbi Xəzrinin doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi çoxşaxəli fəaliyyət yolu keçmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin doğum günüdür.
Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub.
Orta məktəbi bitirdikdən sonra İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edib. 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilib. Ordudan tərxis olunduqdan sonra o, bir müddət "Kommunist" qəzetində korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb.
1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırıb və onu Yazıçılar İttifaqına üzv qəbul edib.
Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edib. Dava böyüyüb və dekanın şairi universitetdən qovması ilə nəticələnib. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olublar
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışıb.
Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurub və beş övladı dünyaya gəlib. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişib.
1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunub. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri təxəllüsünü götürüb.
2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirib və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişib, 1-ci Fəxri Xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Lütviyar İmanovdan sonra ən yaxşı Koroğlu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, o, gənc olsa da Koroğlu obrazını mükəmməl yaradaraq sevildi. Hazırda musiqimizə töhfələr verməkdədir. Heydər Əliyev Sarayında, Gəncə Dövlət Filarmoniyasındakı yorulmaz fəaliyyəti, ardınca Bülbül vokal məktəbini yaratması onun uğurlarındandır.
Bu gün onun dğum günüdür.
Ramil Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlayıb. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış edib. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlayıb.
Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirib.
İlk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olub. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt edib. Ramil Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında, müsabiqələrdə Azərbaycanı təmsil edib və beynəlxalq müsabiqələr laureatı olub.
İfaçının repertuarında xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, italyan, ispan, fransız, ingilis, türk və rus klassiklərinin əsərləri yer alıb. Ramil Qasımov eyni zamanda dirijor olaraq də fəaliyyət göstərib. O, dirijor kimi 2017-ci ildə keçirilən Üzeyir Hacıbəyli Beynalxalq musiqi festivalında dünya və Azərbaycan klassik nümunələrini orkestrin müşayiəti ilə dirijorluq edib
Operalar
- Üzeyir Hacıbəyovun "Koroğlu" operasında — Koroğlu
- Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında — Əsgər
- Ramiz Mustafayevin "Vaqif" operasında — Vaqif
- Fikrət Əmirovun "Sevil" operasında — Balaş
- Firəngiz Əlizadənin "İntizar" operasında — Arif
Mükafatları
- Azərbaycan Mədəniyyət Assosasiyası - Fəxri Fərman
- "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medal
- Azərbaycan Respublikasının "Əməkdar artisti" adına layiq görülüb
- "Fədai" medalı
- "Veteran həmrəyliyi" medalı
- Macarıstanın "Qızıl Ləyaqət Xaçı" mükafatı
- FHN Mülki Müdafiə Qoşunları — Fəxri Fərman
- Hərbi Dəniz Qüvvələri Komandanlığı - Fəxri Fərman
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Dərin, əhatəli ağıl və sirayətedici hissiyat…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Səlim Babullaoğllunun lirikası diskursivdir, analitikdir, geniş nəfəsə malikdir, hikmət ənginliklərinə baş vurur, diqqəti detallarda cəmləşdirir və bir qayda olaraq böyük poetik formalar ("Avqust", "IX hissə", "Oğlumla söhbət", "Ata və uşaqlar") şəklini alır ki, hissələr dərin, əhatəli ağıl və sirayətedici hissiyatla birləşir, refleksiyaya bariz meylli koqnitiv impulslarla cilalanır.
(Marqareta Kurtesku
Yazıçı, filologiya elmləri doktoru, Bels Universitetinin professor. Rumıniya)
Bu gün çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, yeni dalğa şeirinin öncüllərindən biri Səlim Babullaoğlunun doğum günüdür.
Həmin qadına məktub
Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.
Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.
İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.
O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.
Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.
Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.
Fərqli yazır, heç kəsəs bənzəmir, adi təsvirlərlə əsla kifayətlənməz, mütləq hansısa fikirləri ixrac edər, nəyəsə diqqət cəmləyər, nəsə verməyə çalışar. Onun üçün poeziya – sadəcə heca və qafiyə uyğunluğu deyil.
Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub.
Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997–2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub.
"Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016) olub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib
Səlim Babullaoğlu 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Birliyin İdarə heyətinin üzvüdür. 2004–2014-cü illərdə AYB nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin, "DƏB" (Dünya Ədəbiyyatından Books) və "Yeni DƏB" kitab seriyasının baş redaktoru, 2014–2021-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, 2021-ci ildən indiyədək AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, birliyin Qəbul Komissiyasının sədridir.
GUAM ölkələri yazıçılarının könüllü PenGUAM təşkilatının sədri olub (2008–2010), Qırğızısan və Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvü, Bişkek PEN Mərkəzinin üzvüdür (2006-cı ildən). Prezident təqaüdçüsüdür (2008). Bir çox milli və əcnəbi ədəbiyyat ödüllərinə layiq görülüb. "DƏB", "Yeni DƏB", "ATV Kitab", "525 kitab" seriyalarının yaradıcısı, "Xalq əmanəti" (Xalq Bank) seriyasının redaktoru olub, 200-dən artıq kitabın tərtibçisi, redaktoru, tərcüməçisi və naşiridir.
Şeir kitabları
- Tənha
- Polkovnikə heç kim yazmır.
- On (E. Zalla birlikdə)
- Kapellhausda bir axşam (E. Zal və E. Hüseynbəyli ilə birlikdə)
- İlyas Göçmənin şəkil dəftəri. (kitabın ilk nəşri "2000–2010-cu illərdə çap olunan ən yaxşı şeir kitabları"nın beşliyinə düşüb)
Esse, publisistika, ədəbiyyatşünaslıq kitabları
- Ədəbi söhbətlər (2011)
- Sənət əsirliyində (2012)
- Ədəbi yuxular (2016)
- Doktor Qarayev (2004, 2019)
- Diktor (diktor Rafiq Hüseynov barədə, 2006)
- Xatirələr: memar Rasim Əliyev (2017)
Mükafatları
- Tərcümələrə görə "Ulus" qəzetinin "Nar budağı" mükafatı (Bakı, 2001)
- "İlin tərcüməçisi" — İ. Brodskidən tərcümələrə görə (Gənclər və İdman Nazirliyi, Bakı, 2001)
- Yeni Yazarlar və Sənətçilər Qurumunun Milli Kitab Mükafatı (2003, 2004)
- İLESAM təşkilatının keçirdiyi M. Füzuli Beynəlxalq Poeziya Müsabiqəsinin Jüri Ödülü (Türkiyə, Ankara, 2004)
- "Dünya ədəbiyyatı" dərgisinin nəşrinə görə "Qızıl Qlobus" mükafatı (Bakı, 2005)
- Art Salı Sənət-Foto Qrupunun mükafatı (Türkiyə, İstanbul, 2006)
- İstanbul Qəbzə Bələdiyyəsinin mükafatı (2006)
- Qırğızıstan Yazıçılar İttifaqının "Qızıl Qələm" mükafatı (Bişkek, 2006)
Biz Səlim Babullaoğlunu – gözəl şairimizi Redaksiyamız adından səmimi təbrik edir, daha çox yazıb-yaratmasını, həmişə diqqətdə olmasını, daim sevilməsini arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Nəğmə dolu ürək...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rəsul Rza, Əli Kərim, İbrahim Göyçaylı... və İskəndər Coşqun – bu şairləri birləşdirən nədir? Onların hər birinin əslən Göyçaydan olmaları.
Poeziyalarında da nəsə bir oxşarlıq duymaq olar...
İskəndər Coşqun 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulub. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxıb. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olub, 1955-ci ildə oranı bitirib. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləyib.
22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun "Komsomol poeması" əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.
2024-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Göyçay Ensiklopediyası"nın davamı olaraq İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edilib.
Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Maraqlı söhbətlər Rentgen və tələbələri
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir dəfə məşhur alman fiziki, Nobel mükafatı laureatı Vilhelm Rentgen tələbələrinə Leyden qabı ilə təcrübələr nümayiş etdirirdi. Arayış üçün qeyd edək ki, Leyden bankası Hollandiyanın Leyden şəhərində ixtira edilmiş və banka formasında olmaqla, dünyanın ilk elektrik kondensatorudur. Bu cihaz böyük elektrik yüklərinin yığılmasına və saxlanmasına imkan verirdi.
Professor Rentgen tələbələrinə məlumat verərək deyir:
-Siz bu Leyden bankası ilə çox, daha çox diqqətli davranmalısınız! Əgər orada kifayət qədər elektrik yükü yığılarsa, dövrədə yaranan qısaqapanma ilə hətta bir öküzü belə öldürmək mümkündür.
Alim hamıya daha aydın olsun və mühazirəsini kifayət qədər səmərəli şəkildə yekunlaşdırmaq məqsədi ilə, cihazın elektrik yükünü boşaltmağı fədakarcasına öz üzərində sınaqdan keçirir. Bu zaman güclü bir şıqqıltı eşidən Rentgen instinktiv olaraq tez əlini geri çəkir, nəfəsini tutur. Bir qədər sonra tələbələrdən soruşur:
-Hə, gördünüzmü? Bu qədər... İndi nə baş verdiyini kim izah edə bilər?
Tələbələr çaşqın halda bir-birlərinə baxaraq, susurlar... Nəhayət onlardan biri özündə cəsarət tapıb, ayağa qalxaraq deyir:
-İki şeydən biri, cənab professor... Ya sizin öküzün öldürülməsi ilə bağlı ifadəniz bir qədər şişirdilib, ya da siz öküzdən qat-qat sağlamsınız!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)
Hökumət-adam - Fətəli xan Xoyskinin 150 illiyinə
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
İstiqlal Bəyannaməsinə imza atan, Ana dilini dövlət dili elan edən Hökumət-adam
Tərcümeyi-halı ilə tarix yaratmaq, mənsub olduğu millətin haqq səsinə dönmək, milli mücahid ömrü sürmək hər kəsin alın yazısı, Tanrıdan tale payı olmur. Xoy və Şəki xanlarının soyundan gələn, Rusiya Dumasının üzvü, Bakı Dumasının rəhbəri, İstiqlal Bəyannaməsinə imza atan, Milli Şuranın qurucularından biri, Milli Hökumətin başçısı kimi cəsarətli qərarlar alan Fətəli xan Xoyski belə qüdrətli simalardan, milli məfkurədən milli dövlətçiliyə yol gələn tarixi şəxsiyyətlərdəndir. Adı Milli dövlətçilik və İstiqlal tariximizə həkk olunan Fətəli xan Xoyski təkcə Cümhuriyyət qurucularının sırasında yer almadı.
Dövlət aparatının qurulması, ayrı-ayrı nazirliklərin və qurumların təşkil edilməsi üçün mühüm qərarlara imza atdı. Məhz onun rəhbərlik etdiyi hökumətin zamanında Milli Ordu quruldu. Ana dili dövlət dili elan olundu. Azərbaycanın dövlət bayrağının təsis edilməsi haqqında qərar qəbul edildi. Azərbaycan Parlamanı- Məclisi-məbusan, Şərqin ilk dünyəvi tədris mərkəzi Bakı Universiteti fəaliyyətə başladı. Gəncənin tarixi adı bərpa edildi. İstiqlaliyyətimizi dünyaya bəyan edən Fətəli xan Xoyski onun tanınmasını Məclisi-məbusana yetirən hökumət başçısı kimi də ruhumuzun qida yeri oldu.
Çarizmin aqrar məsələnin həllində müstəmləkəçilik siyasəti yeritməsinə yol vermək olmaz!
Bütün ruhu duyğuları ilə Azərbaycan olan, mütəfəkkir dövlət xadimi kimi ilklərə imza atan, xarakterin gücü, iradənin əyilməzliyi ilə bir hökumət başcısı kimi edilməsi mümkün olmayanları gerçəyə çevirən Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxada – indiki Şəki şəhərində anadan oldu. Tərcümeyi-halını istinad edərək qeyd edə bilərik ki, “1803-1806-cı illərdə Azərbaycanı işğal edən rus ordusunun komandanı general Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim edib. Elə həmin dövrdən bu nəsil Rusiyanın müstəmləkəsi olan Azərbaycanda Xoyski soyadı ilə məşhurlaşıb. Fətəli xan Xoyski təhsilini Gəncə gimnaziyasında başa vurduqdan sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1897-ci ildə universiteti birinci dərəcəli diplomla bitirib və həmin ilin avqust ayında Tiflis Məhkəmə Palatası sədrinin əmrilə Gəncə Dairə Məhkəməsində əmək fəaliyyətinə başlayıb. Hüquqşünas kimi fəaliyyət göstərdiyi illərdə millət, məmləkət sevgisi ilə Qafqaz-Azərbaycan türklərinin etimadını qazanıb. Bu etimadın nəticəsi olaraq Fətəli xan Xoyski 1907-ci ildə Gəncə Quberniyasından II Dövlət Dumasına deputat seçilib və Dumanın müsəlman fraksiyasına daxil olub. Dumadakı fəaliyyətində xüsusilə aqrar məsələ və onun həlli yolları haqqında fikirləri böyük əhəmiyyətə malik olub. Xoyski öz çıxış və təkliflərində çarizmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyasəti yeritməsini pisləyib və sübut edib ki, bu məsələdə yerli xalqların hüquqlarının bundan sonra da tapdanmasına heç bir vəchlə yol vermək olmaz və çarizmin köçürmə siyasəti torpaq məsələsi ədalətli həllini tapana qədər dayandırılmalıdır”.
Dumanın Qafqazlıların hüquqlarının müdafiəçisinə çevrilən üzvü
Tarixi mənbələrə istinad edərək onuda qeyd edə bilərik ki, Fətəli xan Xoyski deputat səlahiyyətlərindən istifadə edərək Dumada təkcə aqrar məsələləri qaldırmaqla kifayətlənməyib, həmkarları ilə birlikdə Rusiyanın müdafiə nazirinə sorğu göndərərək hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş edib. Xoyski eyni zamanda mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına layihə təqdim edib. Fətəli xan Xoyski mənsub olduğu millətin mənafeyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirmək üçün Duma tribunasından məharətlə istifadə edib. Bu sahədə əldə etdiyi təcrübə və nailiyyət Fətəli xan Xoyskinin sonrakı siyasi fəaliyyətində silinməz izlər qoyub. 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəlcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmayan, xalq arasında böyük nüfuz qazanan Fətəli xan Xoyskinin həyatında 1917-1920-ci illər mühüm və önəmli yer tutur. Belə ki, 1917-ci ilin fevralın da Rusiyada başlayan inqilab bütün imperiyada, o cümlədən Azərbaycanın şimalında da təbəddülatlar yaradır. Çar Rusyasının süqutu digər əyalətlər kimi Azərbaycan xalqının da siyasi taleyini müəyyənləşdirmək üçün imkanlar açır. Bu dönəmdə ən vacib məsələlərdən biri də ölkənin siyasi mənzərəsini dəyişən Liderlərin önə çıxması idi. Tərəddüt etmədən qeyd edə bilərik ki, bu qüdrətli liderlərdən biri də Fətəli xan Xoyski olmuşdur. Fevral inqilabından sonra ardıcıl siyasi fəaliyyətə başlayan Xoyski Milli Müsəlman Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Ümumqafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.
“Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birilə sıx bağlıdır”
Çar Rusiyası süquta uğradıqdan sonra 1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yarandı. Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan Xoyski idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olub. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan etdikdə isə məsələyə münasibət bildirən Xoyski bu gün də kəsərini itirməyən tarixi bir kəlam işlədib: “Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birilə sıx bağlıdır. Onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır”.
Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdı. Onların arasında Fərəli xan Xoyski də vardı. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyəti bəyan olundu. İstiqlalını bəyan edən dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olduğu illərdə ölkəni ləyaqətlə idarə edib şərəflə təmsil edən Fətəli xan Xoyski gətirildi.
Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik əsaslar üzərində qurulan dövlət yaradıldı
Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycan bununla da, Şərqdə ilk olaraq dini deyil, demokratik əsaslar üzərində qurulan dövlətə- Azərbaycan Xalq Cümhuriyyətinə imza atdı. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Məhəməmədhəsən Hacinski, İsa bəy Hacinski, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Xudadat bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Məlikaslanov, Xudadat bəy Məlikyeqanov kimi qüdrətli liderlərin qurduğu Cümhuriyyətin hökumət başçısı kimi tarix yaradan “Fətəli xan Xoyski və onun silahdaşları həmin dövrdə Azərbaycan xalqı, dövləti üçün mümkün olan nə idisə, onu da etdilər. Bunların sırasında ən alisi Azərbaycan Cumhuriyyətinin istiqlalı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli xan Xoyski bununla bağlı çıxışında sonsuz qürur və vüqar hissi ilə qeyd edirdi: “Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi ki, İstiqlalımıza nail olaq, dövlətimizi, parlamanımızı quraq. Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası olan müstəqil bir dövlətdir... Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti”.
Hökumət bütün dövlət müəssisələrini, məhkəmələri və məktəbləri milliləşdirilməklə tarixi ədaləti bərpa etdi
Fətəli xan Xoyski baş nazir seçildiyi gündən Cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması üçün əlindən gələni əsirgəmədi. Azərbaycan Milli Şurası və Milli Hökuməti siyasi fəaliyyətinin Tiflis mərhələsindən sonra Gəncəyə köçdü. “Fətəli xan Xoyski Azərbaycanın istiqlaliyyəti, bir dövlət kimi inkişafı uğrunda mübarizə aparmağı özünün əsas vəzifəsi olaraq bəyan etdi. O, Gəncədə dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə məşğul oldu. Xoyskinin başçılıq etdiyi hökumət taleyüklü qərarları ilə Milli Şuranın vəzifəsini üzərinə almaqda haqlı olduğunu sübut etdi. 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət edən hökumətin qərarında qeyd edilirdi: “Hökumətin ən yaxın və önəmli vəzifəsi bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir”. İyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edən hökumət, iyunun 24-də Azərbaycan dövlət bayrağı haqqında qərar qəbul etməklə kifayətlənmədi. İyunun 27-də Ana dilimizi dövlət dili elan etdi.
Bu dövrdə Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli Hökumətinin ən mühüm vəzifələrindən biri də 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlı oldu. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıdakı mart soyqırımı zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilən vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmaq məsələsi idi.”
1918-ci il avqustun 30-da isə Xoyski hökuməti 1806-cı ildə çar Rusiyası tərəfindən ləğv edilən Gəncə şəhərinin adını bərpa etməklə tarixi ədaləti yerinə qoydu.
“Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq!”
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərliyilə Azərbaycan hökuməti Bakıya köçdü. Bakıda əmin-amanlıq yaratmağa başladı. Bu vaxt Bakı əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, qanunsuzluqdan, milli zəmində adam öldürülməsindən böyük əziyyət çəkmiş və öz şəhərində qaçqın vəziyyətə düşmüşdü. Xoyski hökuməti belə bir vəziyyəti aradan qaldırmaq və əhalini əmin-amanlığa çıxarmaq məqsədilə şəhər zəhmətkeşlərinə məlumatla müraciət etdi. 1918-ci il sentyabrın 18-də Fətəli xan Xoyskinin imzası ilə “Azərbaycan Respublikası hökumətinin məlumatı” elan edildi. Məlumatda qeyd edilirdi: “Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcək. Soyğunçular, adam öldürənlər və ümumiyyətlə belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü belə veriləcəkdir”.
Xosykinin Tomsonla apardığı danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi...
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı XKS-nin qəbul etdiyi bütün dekret və qanunları ləğv etdi, özünün sosial islahatlarını həyata keçirməyə və Azərbaycanın bütün ərazisində hakimiyyətini bərpa etməyə başladı. “Fəqət Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq şəraitlə üzləşməli oldu. Fətəli xan Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gələn və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-daşnak qüvvələrindən azad edən türk hərbi hissələri Mondros sazişinə görə Azərbaycandan çıxmalı oldu. Onları ingilislər əvəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnakların təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. Fətəli xan Xoyskinin Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi və Fətəli xanın başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi”.
Xoyski: Aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərtilə baş tuta bilər
Cümhuriyyət zamanı ölkənin istiqlaliyyətinə əsas təhlükə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhd edir, 1919-cu il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına bu məzmunda bir nota göndərir: “Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərtilə baş tuta bilər”. Bu nota Fətəli xan Xoyskinin ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərir. Həmin notadan bir neçə ay sonra, “1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq ölkəmizə hücum edirlər.”
Xoyski Vətənini tərk edərək Gürcüstana getməyə məcbur olur. Amma terrordan xilas ola bilmir. 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları – Nemezis təşkilatının üzvləri tərəfindən qətlə yetirilir. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də Şəhid Baş naziri kimitarixəyazılır.
Dövlət Bayrağının təsis edildiyi məqamdan Bayraq Gününə və Bayraq Meydanına...
Tiflisdə Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundazadənin, İstiqlal Bəyannaməsini parkinson xəstəliyinə baxmayaraq titrək əlləri ilə yazan, Məclisi-məbusanın sədr müavini kimi Əlimərdan bəy Topçubaşov ölkənin müstəqilliyinin tanıdılması üçün Parisdə olarkən onu uğurla əvəz edən Həsən bəy Ağayevlə birlikdə torpaq müqəddəsliyinə qovuşan Fətəli xan Xoyskinin ruhu 70 illik intizardan sonra hüzura qovuşub. 1991-ci ildə Müstəqillik Aktına imza atan Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin “Azərbaycan müstəqildir, azaddır, özü öz taleyinin sahibidir!” nidası ilə ən yeni Azərbaycanın memarı, mənsub olduğu milləti Xudafərin körpüsündə, Şuşa qalasında bayrağa döndərən Liderin-Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, fərman və sərəncamları ilə tarix yaradır, daha işıqlı sabahlara inamla addımlayır.
2025-ci il milli dövlətçilik tariximizə “Suverenlik və Konstitusiya ili” kimi daxil oldu. O, yaddaşlara həm də Fətəli xan Xoyskinin 150 illik yubiley ili kimi yazıldı. Hər iki sərəncamın bir ünvanı vardı: Azərbaycanda Bayraq Gününü təsis edən, Bayraq Meydanını quran Prezident İlham Əliyev! Bu Xalq Cümhuriyyəti zamanı özgürlüyün rəmzi olan Azərbaycan Bayrağının təsis edilməsi haqqında qərar alan Milli Hökumətin başçısının - Fətəli xan Xoyskinin ruhunu şad edən ən ali, müqəddəs məqamlardandır! Hür doğulub, hür yaşamaqdan, tarix yaradan Liderlərin törəsi olmaqdan böyük səadət varmı?!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


