
Super User
AÇIQ PORTFEL – Avropa Birliyində minimal əməkhaqqına görə Lüksemburq birincidir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda ən çox sevilən filmlərdən biri olan “Şərikli çörək”də bu məşhur kəlmələr hamıya tanışdır: “Baden-Badenin mavi gecələr. Fransız xalqı kef eləyir”. Sovet rejiminin qatı senzurası şəraitində Azərbaycan kinematoqrafiyası bu yolla Avropadakı həyat şəraitinin daha üstün olmasını diqqətə çatdırırdı.
Bu gün də Avropada həyat şəraiti postsovet ölkələrindəkindən daha üstündür. Avropada minimal əməkhaqqı əksər Avropa Birliyinə (AB) üzv ölkələr və namizəd ölkələrdə inflyasiyadan daha sürətli artır, bu da bütün regionda real gəlirlərin artmasına səbəb olub. Euronews Business bazar günü bu dəyişiklikləri analiz etdi, biz də bu məlumatları sizlərə əlçatımlı edirik.
Avropanın fərqli-fərqli ölkələrində minimum əməkhaqqı çalışanların həyat səviyyəsinin əhəmiyyətli dərəcədə fərqləndiyinə sübutdur. 2025-ci ilin yanvarı ilə bağlı olaraq, 22 araşdırılan AB ölkəsindən 10-da aylıq minimum əməkhaqqı 1000 avro səviyyəsindən aşağıdır.
Bu fərq alqı-satqı gücü paritetinə (PPP) görə hesablandıqda azalır, amma əhəmiyyətli fərqlər qalır. Məsələn, Almaniyada minimum əməkhaqqı Bolqarıstandan iki dəfə çoxdur.
Bəs Avropada minimum əməkhaqqı göstəricisi ilə insanlar nə qədər qazanır? Hansı ölkələrdə ən yüksək və ən aşağı minimum əməkhaqqı mövcuddur? Nominal əməkhaqqı ilə PPP-yə görə əməkhaqqı müqayisə edildikdə necə dəyişir?
Avropa Statistika Bürosunun məlumatlarına görə, 2025-ci ilin yanvarına qədər AB-də minimum aylıq əməkhaqqı Bolqarıstanda 551 avrodan, Lüksemburqda isə 2638 avroya qədər dəyişir. AB-yə namizəd ölkələri də nəzərə alsaq, onda ən aşağı minimum əməkhaqqı cəmi 285 avro təşkil edən Moldovadadır.
AB-nin 27 üzv dövlətindən 22-də minimum əməkhaqqı mövcuddur, amma Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə minimum əməkhaqqı yoxdur. Buna görə də bu müqayisədə əsasən 22 ölkə və məlumatları olan namizəd ölkələrə diqqət yetirilir.
Avrostat ümumiyyətlə minimum maaşları üç kateqoriyada incələyir:
Qrup 1: Aylıq 1500 avrodan yuxarı
Bu qrupa daxildir: Lüksemburq (2638 avro), İrlandiya (2282 avro), Niderland (2193 avro), Almaniya (2161 avro), Belçika (2070 avro) və Fransa (1802 avro).
Bu qrupda aylıq 1500 avrodan yüksək minimum maaşlar olan ölkələr daxildir, amma yalnız Fransa 2000 avroya çatmır. Digər bütün ölkələr bu həddi keçib ki, bu da fərqin artdığını göstərir. Ən yaxın izləyicisi olan İspaniya isə 1323 avro ilə gəlir, amma onun yenilənmiş göstəricisi hələ açıqlanmayıb.
Qrup 2: 1000-1500 avro arası
İspaniya (1323 avro), Slovenya (1254 avro), Polşa (1091 avro), Litva (1038 avro), Portuqaliya (1015 avro) və Kipr (1000 avro) "orta" qrupdadır. 2024-cü ilin iyulunda burada yalnız iki ölkə var idi, amma minimum əməkhaqqının yaxın zamanda artırılması ilə bu qrup xeyli genişlənib.
Qrup 3: 1000 avrodan aşağı
Bu ən böyük qrupdur və burada AB-nin 10 üzv ölkəsi və bütün namizəd ölkələr daxildir. Bu qrupda Xorvatiya (970 avro), Yunanıstan (968 avro), Malta (961 avro), Estoniya (886 avro), Çexiya (826 avro), Slovakiya (816 avro) və Rumıniya (814 avro) nisbətən yaxşı vəziyyətdədir, onların minimum əməkhaqqı 800 avrodan yuxarıdır.
AB-yə namizəd ölkələr arasında isə ən yüksək minimum əməkhaqqına malik olan Türkiyədir – 708 avro ilə, Türkiyə hətta iki AB üzv ölkəsini – Macarıstanı (707 avro) və Bolqarıstanı (551 avro) belə geridə qoyur.
Xatırladaq ki, Azərbaycanda minimum əməkhaqqı 1 yanvar 2025-ci il tarixindən yüksəldilibdir və hazırda 400 manat təşkil edir. Bu, təqribən 225 avrodur.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Sürəyya Bəylərbəyovadan Esmira Fuada qədər
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənətə
Qadın yazarlar - onlar həqiqətən də bədii ədəbiyyata, publisistikaya rəng qatırlar, ortaya kişilərdən fərqli - daha duyğusal, daha emosional yazılar qoyurlar. Bu gün onlardan ikisi barədə söz açmaq istəyirəm. Çünki hər ikisinin doğum günüdür.
SÜRƏYYA BƏYLƏRBƏYOVA
Tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sürəyyə Bəylərbəyova 1897-ci il fevralın 3-də müəllim ailəsində anadan olub. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılıb. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirib, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edib. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olub, burada ictimai əsasla işləyib, həm də stenoqrafçı kursunda oxuyub.
1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edib. İlk tərcümələri A.Bartonun əsərləri olub. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayıb.
Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə edib, beləliklə, bədii tərcümə ustalarına kömək edib. M.S.Ordubadinin "Dumanlı Təbriz" romanını, A.Şaiqin, Mir Cəlalın hekayələrini, C.Cabbarlının "1905-ci ildə", "Od gəlini" pyeslərini, M.İbrahimovun "Həyat" pyesini, "Azərbaycan nağılları"nı, S.Vurğunun "Vaqif", "Fərhad və Şirin" mənzum dramlarını rus dilinə tərcümə edib.
1934-cü ildən vəfat edənə qədər Azərbaycan Yazıçılar İttifaqında çalışıb. 1941–45-ci illərdə illər İkinci Dünya müharibəsində "Fədakar əməyə görə" medalı ilə təltif edilib.
Tərcümə kitabları:
1. A.Barto. "Qardaşlar"
2. S.Fedarçenko "Sonunu kim tapa bilər?"
3. A.Barto "1 may"
4. A. və R.Barto "Ağlağan qız"
Sürəyya xanım 1977-ci ildə martın 14-də vəfat edib. Allah rəhmət eləsin, Amin!
ESMİRA FUAD
Filologiya elmləri doktoru Esmira Fuad 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub.
Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyib.
Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir.
O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuadön 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu"na, Almaniyanın Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun isə "Xocalı soyqırımı"na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.
2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultaylarına nümayəndə seçilib. Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib.
Elmi əsərləri:
1. Şəhriyar poeziyasında xalq həyatı
2. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı)
3. Əgər bir ömrüm də olsaydı
4. Ağ üzlü Qara Moşu
5. Azərbaycan xalça sənətinin Kamili
6. Dünyaya naxış insanlar
7. Söz sərrafı Şəhriyar
8. Sözə sevdalılar
9. Quba və qubalılar (həmmüəllif)
10. Zakir Bağırov-90. O, həyata yalnız xeyirxah işlər görmək üçün gəlmişdi.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Esmira xanıma Allah xeyirli ömür nəsib etsin. Amin!
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
MİLLİ QƏHRƏMANLARIMIZ - Şahin Tağıyev
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Şahin Tağıyevın bu gün doğum günüdür. Quru Qoşunları mənsubu, Polkovnik-leytenant Şahin Tağıyevin 76 yaşı tamam olur.
O, 3 fevral 1949-cu il Tərtər rayonunda doğulub. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Udmurt vilayətinə göndərilib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub.
Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.
1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan təxris olunub.
2001-ci ildən İsveçdə mühacirətdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
BİRİ İKİSİNDƏ – Qəndab Əliyevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Qəndab Əliyevanın şeirləri təqdim edilir,
***
Pəncərənin o üzündə
günəş.
Barmaqlarımın kölgəsi
uzanar divarlarda.
Tanış xətlər,
əyri cizgilər.
Yarımçıq adam.
Ağzı əyilmiş gülməkdən.
Günün
Gün ortası
Qırıq güzgü.
Bir uşaq, bir ana,
əlində dondurma.
Çarpaz kəsim donun
üst cibində
iki-üç çəyirdək.
Qırıq səslərin
yerüstü dalğada axması
günortanın ensiz dərinliyinə.
İki masa,
təqvim,
İyirminin qırmızı haləsi.
Yeraltından çıxan
marşrutların
sonuncu dayanacaq nöqtəsi.
***
Adam balası kimi
darıxmaq necə olur?
Qucaqlayıb yastığı
Ağlamırsan
hönkür-hönkür.
Əllərinin arxası ilə
silib göz yaşını
örtmürsən pəncərəni.
İki ev o tərəfdə
ağlayan körpənin
səs-küyünə
üşüyürsən.
Yığılmırsan
asta-asta içinə.
Adam balası kimi
darıxmaq necə olur?
Üç-beş sısqa ümiddən
gizildəmir qulaqların.
Üzü qışdan bəri
əzizlədiyin
tənha günlərinin
dizlərinə
başını qoyub
irəli-geri
saymırsan.
Adam balası kimi
darıxmaq necə olur?
***
Damaqdakı tamın
qoxusuna çökmək.
Yaşıl ot olmaq
başlanmayan sevdaların
qəhredici süqutundan.
Toxuna bilmək
buludların
çəhrayı köynəyinə.
Bir hava çalmaq –
olsun
“Uzundərə”
Heç vaxt olmayan
Evlərin
Pəncərələrindən
Atılmaq ölümə.
***
Sükutun dibində
İtən küçənin,
boydan-boya,
səsdən-səsə
keçən küçənin
üç-beş kəlmədən
qalan nə varsa,
əridi ruhunda,
söndü ruhunda.
Bir cüt mavi işıq
çəkildi bətnə.
Su tək cilvələnən
qırıq güzgüdə
yad işıqlar doldu
yad könüllərə.
Qonşular
bağladı qapılarını.
Bir daha, bir daha
keçmərəm ordan,
Bax bu yer haqqı,
Bu Allah haqqı...
***
Bir gün mütləq
gizlində qalmış arzuların
cibə sığışmayan əlləri
açılacaq zəncirdən.
Bir gün mütləq
qapı kandarları
xoşbəxt olmaq boyda
başqa dərdləri olmayan
adamların ayaq izlərini
daşıyacaq.
Bir gün mütləq
günəş gözlü uşaqlar doğulacaq.
Bir gün mütləq
yetməyəcək ovuc içi boyda
xoşbəxtlik
dahası varkən.
***
Qaranlığın o üzündə
Yandı işıqlar,
Sarı işıqlar.
Diksindi təklik.
Zol-zol
Yayıldı tənəklərə.
Eyvanın məhəccərini,
Güldandakı gülü
Böldü ikiyə.
Qadının
Şalında oynadı.
İtlər hürdü,
Ulduzlar parladı.
Qəriblik axdı
Eyvandan.
Qadın
Şalına daha bərk sarıldı.
Üzündə-gözündə
Oynayan işıqları
Sıxdı barmaqları.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Vətən sevgisi imandandır - MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şəhidlər ölməz!
Vətən bölünməz!
Vətəninə bağlı olan, Birinci Qarabağ müharibəsi şəhidi Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur.
1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır, yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir.
Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşür. Vuruşur və qarşı tərəfi də itkilərə uğratmasına baxmayaraq həlak olur.
O, Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır.
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Allah rəhmət eləsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Musiqisi Tofiq Quliyevindir
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, konsertdə bəstəkarın ən populyar mahnıları teatrın instrumental ansamblının müşayiəti ilə solistlərin ifasında səsləndirilib. Ansamblın bədii rəhbəri Mirxalid Salayevdir.
Teatrın solistləri bəstəkarın əbədiyaşar mahnılarını ifa edərək konsertə gələnlərə nostalji, eyni zamanda, xoş anlar bəxş ediblər. Bir-birindən maraqlı ifalar Tofiq Quliev musiqisinin əsrarəngizliyini bir daha nümayiş etdirmiş olub.
Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətində estrada-caz musiqisinin təməlini qoyaraq, yeni səhifə açmış korifey sənətkardır. O, Azərbaycan professional musiqi ənənələrinin Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş istiqamətinin davamçısı olmaqla bərabər, yeni bir musiqi-mədəni janrın – estrada və caz musiqisinin, ilk Azərbaycan Dövlət Caz Orkestrinin yaradıcısıdır. Beş musiqili komediya , valslar, fortepiano üçün prelüd, variasiyalar, eyni zamanda, bir çox kino musiqilərinin müəllifi olan görkəmli bəstəkar estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı mahnıları əbədiyaşardır. Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Görkəmli bəstəkarın mahnıları hələ neçə-neçə qərinələr sonra da sevgi və maraqla dinləniləcək.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Vətən borcu”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (1942-2003)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Vətən borcu” şeirini təqdim edəcəyik.
VƏTƏN BORCU
Ürəyində vətən varsa
Güc olacaq qollarında.
Hara getsən, hara varsan
Şam yanacaq yollarında.
Nə hikmətdir, bu nə sirdir?
Bir nemətdir vətən eşqi.
Qanımız da vətən deyir,
Canımız da vətən deyir.
Borc bir olur, ya da iki,
Borc sözündə alver vardır.
Borc sözündə qiymət, çəki...
Borc alanın yeri dardır.
Əsgər getsən,
sən bir yoxla,
Əsgər getmək güc deyildir.
Əsgər getsən,
yadda saxla;
Əsgər getmək borc deyildir.
Ürəyi tox, amalı tox
İnsan olan nə böyükdür.
Vətən borcu əsgərlik yox,
Vətən borcu ömürlükdür.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
TMİF təqdim edir - Əlibek Segebay: “Türk ədəbiyyatının akademik dəyərini artırmaq lazımdır”
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə təqdim etdiyi Türk mədəniyyətinin ünlüləri layihəsində bu gün sizlər tanınmış qazax yazarı Əlibek Şegebayla müsahibəylə tanış olacaqsınız.
Erkinbek SERİKBAY, “Ədəbiyyat və incəsənət” portalının Qazaxıstan təmsilçisi
-Hörmətli Əlibek Şegebay, “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün sizi daha yaxından tanıya bilərikmi?
-Əlibek Şegebay 1974-cü il martın 11-də Türküstan vilayətinin Şardara rayonunun Sütkənd kəndində anadan olub. O, Əl-Farabi adına Qazax Milli Universitetinin Jurnalistika fakültəsini bitirib. 1997-ci ildə M. Auezovun 100 illiyinə həsr olunmuş Qazax Milli Universitetində keçirilən tələbə-gənclərin şeir müsabiqəsində baş mükafata layiq görülüb. 1998-ci ildə Respublika “Jalyn” jurnalında dərc olunan şeirlər toplusuna görə T. Aybergenov adına mükafat alıb. 2002-ci ildə Astana şəhərində keçirilən beynəlxalq “Şabıt” festivalının laureatı olub. Yaradıcılıq uğurlarına görə 2004-cü ildə Qazaxıstan Gənclər İttifaqının “Serper” mükafatına layiq görülüb. 2016-cı ildə beynəlxalq “Atatürk” medalı ilə təltif edilib. 2020-ci ildə Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi ilə milli mənəviyyata göstərdiyi xüsusi töhfələrə görə “Abay” yubiley medalı ilə mükafatlandırılıb. 2022-ci ildə “Aq Jauın” adlı şeirlər kitabına görə Qazaxıstan Yazıçılar İttifaqı tərəfindən təsis edilən beynəlxalq “Alaş” ədəbiyyat mükafatının laureatı olub. 2001-ci ildən Qazaxıstan Yazıçılar İttifaqının üzvüdür. Şeirləri bir sıra poeziya antologiyalarına daxil edilib. O, “Alakeuım”, “Əynəkə tüskən Ay säule”, “Aq qauırsın”, “Aq jauın” və “Könilimnin köktemi” adlı şeir kitablarının müəllifidir.
-Ədəbiyyat vasitəsilə türkdilli xalqların dünyaya təsirini artırmaq üçün hansı təkliflər irəli sürərdiniz?
-Ədəbiyyat və mədəniyyət insanları birləşdirir, qarşılıqlı anlaşma və dostluq yaradır. Buna görə də türkdilli xalqların dünyaya təsirini artırmaq üçün ədəbiyyat mühüm vasitədir. Bu baxımdan bir sıra təkliflər irəli sürmək olar:
Türk ədəbiyyatını geniş tanıtmaq üçün beynəlxalq kitab sərgilərində və festivallarında iştirak etmək. Bu yolla digər ölkələrin oxucularına türkdilli xalqların ədəbiyyatının dərinliyi və zənginliyi nümayiş etdirilə bilər. Ədəbi əsərlər geniş şəkildə tərcümə olunmalı və beynəlxalq səviyyədə nəşr edilməlidir.
Türk dillərindəki klassik və müasir ədəbi əsərlərin digər dillərə tərcüməsi. Xüsusilə ingilis, ispan, fransız və çin dillərinə tərcümə edərək türk ədəbiyyatının dünya səhnəsində tanınmasına töhfə vermək mümkündür.
Türk dünyasının ədəbiyyatına həsr olunmuş beynəlxalq festivallar və sərgilər təşkil etmək. Bu tədbirlər yazıçıları və oxucuları bir araya gətirərək ədəbi birliklər formalaşdırar və müxtəlif mədəniyyətlər arasında əlaqələri möhkəmləndirər.
Türk xalqlarının yazıçıları və şairləri arasındamədəni mübadiləni təşviq etmək. Beynəlxalq ədəbiyyat proqramları və yaradıcılıq tədbirləri təşkil etməklə yazıçılara öz baxışlarını və ədəbi ənənələrini digər ölkələrdə tanıtmaq üçün geniş imkanlar yaradılmalıdır.
Türk ədəbiyyatı haqqında beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaq və onları dərsliklərdə və mətbuatda yaymaq. Bu, türk ədəbiyyatının akademik dəyərini artıracaq və onun dünya ədəbiyyatına verdiyi töhfəni nümayiş etdirəcək.
Türk dillərindəki ədəbi əsərlərin yayımlandığı beynəlxalq ədəbi jurnallar və onlayn platformalar yaratmaq və inkişaf etdirmək. Fərqli ölkələrdən yazıçı və oxucular cəlb etməklə türk ədəbiyyatının populyarlığını artırmaq mümkündür.
Türk ədəbiyyatının əsasında filmlər və teatr tamaşaları hazırlamaq və onları dünyaya tanıtmaq. Kino və teatr qlobal mədəniyyətin əsas sahələrindən biridir. Türk ədəbiyyatının dəyərli əsərlərinin bu sahələrdə tanıdılması onun təsirini artırmağa kömək edəcəkdir.
Bu təkliflərin həyata keçirilməsi türkdilli xalqların ədəbiyyatını qlobal mədəniyyətə daha çox inteqrasiya edəcək və türk dünyasının təsirini gücləndirəcəkdir.
-Türk dünyasında ortaq dəyərləri təbliğ etmək üçün hansı ədəbi və mədəni layihələri həyata keçirmək lazımdır?
-Türk dünyasında ortaq dəyərləri təbliğ etmək üçün ilk növbədə ədəbi və mədəni layihələrin həyata keçirilməsi mühüm rol oynayır. Bu layihələr türk xalqlarının ortaq mədəniyyəti və tarixini tanıtmağa, milli birliyi möhkəmləndirməyə və dünya miqyasında türk mədəniyyətinin nüfuzunu artırmağa yönəlməlidir. Bu məqsədlərə nail olmaq üçün ilk növbədə türk xalqlarının ədəbi əsərlərindən seçilmiş antologiyalar tərtib edilməli və dünya auditoriyasına yönəlmiş tərcümələr əlavə olunmalıdır. Bu antologiyalar türk ədəbiyyatının müxtəlif janrlarını, ənənələrini və ortaq mövzularını nümayiş etdirmək imkanı verəcəkdir. Burada hər xalqın özünəməxsus xüsusiyyətləri və unikal dəyərləri əks olunacaq, eyni zamanda ortaq dəyərlər müəyyənləşdiriləcəkdir.
Türkdilli ölkələrdə ədəbiyyat, incəsənət, musiqi, kino, xalq sənəti və digər mədəni sahələr üzrə beynəlxalq festivallar təşkil etmək də vacibdir. Bu festivallar türk mədəniyyətini geniş şəkildə tanıtmağın və digər xalqlara təqdim etməyin ən effektiv yollarından biri ola bilər. Eyni zamanda, müxtəlif ölkələrin mədəniyyət nümayəndələri fikir mübadiləsi apararaq yeni ideyalar və yaradıcılıq təşəbbüslərini həyata keçirmək imkanı əldə edərlər. Türk xalqlarının yazıçı və şairləri üçün müxtəlif səviyyələrdə yaradıcılıq tədbirləri təşkil olunsa, onlar öz əsərlərini yazmaq və ortaq layihələr üzərində işləmək imkanı əldə edərlər. Belə layihələr türk dünyasının ədəbiyyat və mədəniyyətini yaxınlaşdıracaq, ortaq mövzularda əsərlərin yaranmasına zəmin yaradacaqdır. Bundan əlavə, türk dünyasının ortaq tarixi və mədəni irsini araşdıran elmi layihələr də təşkil olunmalıdır. Bu layihələr türk xalqlarının ortaq ənənələrini, dil və mədəni əlaqələrini araşdıraraq onları vahid tarixi miras kimi təqdim edəcəkdir. Ali təhsil müəssisələri və elmi tədqiqat mərkəzlərində bu istiqamətdə konfranslar və simpoziumlar təşkil etmək mümkündür. Əgər türk dillərində çəkilmiş filmlər və ədəbi əsərlər dünya səviyyəsində tanıdılması üçün xüsusi müsabiqələr keçirilsə, türk dünyasının kino və ədəbiyyat nümunələri beynəlxalq səviyyədə tanınar və mədəniyyətlərarası dialoqa töhfə verər. Bu kontekstdə türk dünyasının ortaq dəyərlərini təbliğ edən incəsənət və ədəbiyyatın rəqəmsal formatda sərgilərini, kitab və məlumat bazalarını ehtiva edən mobil tətbiqlər və onlayn platformalar yaratmaq da mühüm addımlardan biri ola bilər. Belə layihələr dünyanın istənilən nöqtəsində olan insanlara türk mədəniyyətinə çıxış imkanı verəcəkdir. Bundan başqa, türk xalqlarının şifahi xalq ədəbiyyatı və folklorunu toplayaraq elmi tədqiqatlar aparmaq və beynəlxalq səviyyədə yayımlamaq da vacib tədbirlərdən biridir. Bu, türk xalqlarının ortaq mədəni irsini və milli xüsusiyyətlərini nümayiş etdirərək müxtəlif xalqların mədəniyyətini bir-birinə yaxınlaşdıracaqdır. Həmçinin qardaş ölkələr arasında gənclər üçün mədəni mübadilə proqramları, yay düşərgələri və təhsil layihələri təşkil etmək də faydalı ola bilər. Bu proqramlar çərçivəsində gənclər türk dünyasının ortaq dəyərləri və mədəni irsi haqqında bilik əldə edər, eyni zamanda yeni dostlar qazanaraq mədəniyyətlərarası anlaşmanı inkişaf etdirərlər. Belə fundamental layihələr türk dünyasının ortaq dəyərlərini təbliğ edərək digər xalqlarla qarşılıqlı mədəni əlaqələri möhkəmləndirəcəkdir. Eyni zamanda, türk xalqlarının birliyini və millətlərarası əməkdaşlığını gücləndirməyə də töhfə verəcəkdir.
-Adı dünyaya məşhur olan Abay Qunanbayulının "Qara sözlərini" poeziya dilinə tərcümə etməyiniz ədəbiyyatda diqqətçəkən hadisə oldu. Bu çətin addımı atmağa sizi nə vadar etdi, bu yolda hansı mərhələlərdən keçdiniz?
-Abayın “Qara sözləri” öz dövrünün sosial problemlərini, insan və cəmiyyətin, ruhaniyyət və materializmin toqquşmasını, insanın daxili aləminin mürəkkəbliyini açan mühüm əsərdir. Bu əsərlər təkcə müəyyən bir dövrə aid deyil, ümumiyyətlə, bəşəriyyətin əbədi sualları və axtarışları haqqında deyilmiş fəlsəfi fikirlərdir.Abay Qunanbayulının “Qara sözlərini” poeziya dilinə tərcümə etmək mənim üçün ədəbiyyat aləmində xüsusi və mürəkkəb bir addım oldu. Bu qərarı qəbul etməyimin bir neçə səbəbi var. Abay təkcə qazax ədəbiyyatının deyil, ümumiyyətlə, bəşəriyyətin mənəvi dəyərlər xəzinəsinin ən qiymətli incilərindən biridir. Onun “Qara sözləri” təkcə bilik və ağıl mənbəyi deyil, insan həyatının mənasını və məqsədini anlamağa yönəlmiş dərin fəlsəfi düşüncələrdir.Mənim üçün Abayın “Qara sözləri” öz sadəliyi və dərin mənası ilə hər bir insanın qəlbinə yol tapan bir əsərdir. Buna görə də, bu sözləri poeziya dilinə çevirməklə onları yalnız düşüncə səviyyəsində deyil, həm də emosional və estetik səviyyədə çatdırmağı hədəflədim.Abayın “Qara sözləri” əsasən dərin fəlsəfi məzmunu, insanın mənəvi ehtiyacları və cəmiyyətin mənzərəsi ilə bağlıdırsa, onun şeirlərində bu fikirlər poeziyanın daxili ahəngi, hiss və duyğularla qovuşaraq xüsusi bir ifadə forması qazanır. Tərcümə zamanı bu iki üslub arasındakı sərhədi aşaraq fikrin sadəliyini qorumağa və eyni zamanda poeziyanın ritmik gücünü də nəzərdən qaçırmamağa çalışdım.Hər bir “Qara sözü” poeziya dilinə çevirmək böyük məsuliyyət tələb edir. Çünki Abayın fikirləri sadə dillə ifadə olunsa da, onlar olduqca dərin və çoxqatlıdır. Mənim məqsədim bu sadəliyi poeziyanın dili ilə ötürmək idi.
“Qara sözləri” poeziya dilinə tərcümə edərkən yalnız linqvistik tərcümə ilə kifayətlənmədim, əsərin daxili mənasını və emosional qatını dərindən araşdırmağa və ona yaradıcı yanaşmağa çalışdım. Hər bir “Qara sözün” özünəməxsus fəlsəfi məğzi və cəmiyyətlə bağlı mülahizələri var. Bu səbəbdən poeziyada bu fikirləri yenidən və müasir üslubda təqdim etməyə cəhd etdim. Abayın “Qara sözlərində” hər bir cümlə poetik bir gücə malikdir və mən bu poetik elementləri poeziya dili ilə ifadə etməyə çalışdım.Abayın yaradıcılığında “Qara sözlər” və şeirlər arasında sıx bağlılıq var. Onun şeirləri — onun emosional və lirik dünyasıdırsa, “Qara sözlər” həmin dünyanın fəlsəfi düşüncələri, insan və cəmiyyət haqqında mülahizələridir. Mənim məqsədim bu iki ifadə formasını birləşdirərək Abayın bədii irsini yeni bir aspektdən təqdim etmək idi.“Qara sözlər” və poeziya arasındakı incə məqamları anlamaq və bunu tərcümədə əks etdirmək çətin bir işdir. Lakin bu, mənə Abayın düşüncələrini daha dərindən dərk etməyə və onu bədii ifadə vasitələri ilə oxuculara çatdırmağa imkan verdi.Nəticə etibarilə, Abayın “Qara sözlərini” poeziya dilinə çevirmək mənim üçün böyük bir yaradıcı axtarış oldu. Bu təcrübə məni Abayın yaradıcılığını daha dərindən öyrənməyə və qazax ədəbiyyatının qiymətli irsini yeni baxış bucağından təqdim etməyə istiqamətləndirdi. İnanıram ki, bu iş Abayın “Qara sözlərinin” aktuallığını qoruyub saxlamasına və zaman və məkan anlayışından asılı olmayaraq hər bir insanın qəlbinə yol tapmasına xidmət edəcək.
-Türk xalqlarının birliyi və əməkdaşlığını gücləndirməkdə ədəbiyyat və mədəniyyətin rolu nədir?
-Türk xalqlarının birliyi və əməkdaşlığını gücləndirməkdə ədəbiyyat və mədəniyyətin rolu xüsusi və vacibdir. Ədəbiyyat və mədəniyyət — xalqlar arasında əlaqələri gücləndirməyə, ortaq dəyərləri anlamağa və ortaq tarixi təbliğ etməyə imkan verən güclü alətlərdir. Türk xalqlarının birliyi və əməkdaşlığını gücləndirməkdə onların rolunu bir neçə mühüm aspektdən araşdırmaq olar.Ədəbiyyat və mədəniyyət hər bir xalqın ortaq tarixi və mədəni irsini təbliğ edir. Türk xalqlarının hər birinin özünəməxsus adət-ənənələri, dili və dini olsa da, onların arasında ortaq tarixi əlaqələr və mədəni təsirlər çoxdur. Ədəbiyyat əsərləri və folklor irsi bu ortaq kökləri göstərərək birliyi gücləndirməyə kömək edir. Türk xalqlarının klassik ədəbiyyatı, folkloru və mifologiyası — bu millətlərin ortaq mədəniyyətinin aynasıdır.Türk dilləri bir-birinə bənzəyir və bir çox türk xalqlarının dilləri bir-birini başa düşməyə imkan verir. Bu dil yaxınlığı ədəbiyyat sahəsində də mühüm rol oynayır, çünki əsərləri tərcümə etmək, ortaq dildə yaradıcılıq əlaqələri qurmaq türk xalqları arasında mədəni dialoqu gücləndirir. Tərcümə işi — ədəbiyyat və mədəniyyət vasitəsilə türk xalqlarının bir-birilə əlaqə qurmasına imkan verir.Türk xalqlarının mənəvi və mədəni liderləri, o cümlədən Əbəy Qunanbəyli, Nizami Gəncəvi, Əhməd Yəsəvi kimi şəxsiyyətlər öz yaradıcılığında ortaq ideyaları və dəyərləri təbliğ ediblər. Bu əsərlər — türk dünyasının birliyini gücləndirmək üçün qiymətli xəzinədir. Bu şəxslərin əsərləri bütün türk xalqlarına ortaq mənəvi qida verərək bir-birini anlamaq və hörmət etmək yolunda mühüm rol oynayır.Ədəbiyyat və incəsənət xalqları bir-birinə yaxınlaşdıran sülh və dostluq alətidir. Türk xalqlarının ortaq mədəniyyətində sülh, dostluq, hörmət kimi dəyərlər həmişə yüksək qiymətləndirilib. Ədəbiyyat və mədəniyyət bu dəyərləri nümayiş etdirərək xalqlar arasında dərin mənəvi əlaqəni gücləndirir.Müasir ədəbiyyat və mədəniyyət türk xalqlarının qarşılıqlı birliyini gücləndirməkdə yeni imkanlar açır. Türk dillərindəki müasir əsərlər və media layihələri türk dünyasının birləşməsinə kömək edir. Məsələn, türk dillərində nəşr olunan kitablar və filmlər digər türk xalqlarına da tanıdılır, ortaq mövzular və ideyalar təqdim olunur. Beləliklə, müasir mədəni məhsullar türk xalqlarının birliyinə yeni töhfə verir.Türk xalqlarının ədəbiyyatı və mədəniyyəti gənclərə ortaq dəyərləri başa salır və onları milli birliyə, dostluğa tərbiyə edir. Bu baxımdan məktəblərdə və universitetlərdə türk xalqlarının ədəbiyyatı və mədəniyyətinin öyrənilməsini təşviq etmək vacibdir. Gənclər arasında mədəni əlaqələri gücləndirmək, onların türk dünyasının zəngin irsi ilə tanış edilməsi gələcəkdə bu xalqların əməkdaşlığının təməlini qoymağa kömək edəcək.Ədəbiyyat və mədəniyyət türk xalqlarının birliyi və əməkdaşlığını gücləndirməkdə böyük rol oynayır. Onlar qardaş xalqlar arasında anlaşma və hörmətin formalaşmasına, ortaq tarixi və mədəniyyəti təbliğ etməyə imkan verir. Türk dünyasının yaradıcı imkanlarını birgə istifadə etməklə dünya səviyyəsində türk xalqlarının mədəni təsirini artırmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Bakıda III Beynəlxalq keramika duet-simpoziumu keçirilir
Bakıda III Beynəlxalq keramika duet-simpoziumu keçirilir. Simpoziumda Azərbaycanın tanınmış keramikaçısı və heykəltaraşı Mir Teymur Məmmədov və britaniyalı keramikaçı İrina Denev iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu gün - fevralın 3-də heykəltaraşlar öz əsərlərini Bakıda geniş ictimaiyyətə təqdim edəcəklər.
Layihənin müəllifi Mir Teymur Məmmədovdur. İlk iki simpozium çərçivəsində Bakıya Qazaxıstan və Moldovadan keramikaçılar - Artyom Qorislavets və Valentin Rusu gəliblər. Simpoziumun əsas ideyası təcrübə mübadiləsi və ünsiyyətdir.
İrina Denev ilk dəfədir ki, Azərbaycandadır. Bakının, xüsusən də onun tarixi hissəsi olan İçərişəhərin gözəlliyi onu heyran edir. “İçərişəhər məni heyran edir. Böyük bir müasir şəhərdə özünəməxsus mədəniyyəti və həyat tərzi olan kiçik bir qala şəhərinin olması çox heyrətamizdir. Bakı sözün əsl mənasında Xəzər dənizinin ətri ilə doyub. Hər səhər İçərişəhərdəki eyvana qalxaraq Köhnə Şəhərin və Xəzər dənizinin mənzərəsini seyr edirəm.
Simpozium çox canlı keçir, biz bütün günü işləyirik. Keramika ən gözlənilməz materialdır, ona görə də sərgidə nə qədər əsərimi nümayiş etdirəcəyimi hələ dəqiq deyə bilmərəm. Üç heykəl hazırladım. Biz bişməmiş gildən hazırlanmış bir parça təqdim edə bilərik”, – deyə İrina Denev vurğulayır.
Fevralın 4-də Londonda İrina Denevin fərdi sərgisi açılacaq. O, Britaniya paytaxtında yaşayır və işləyir. İrina Denev 20 ildən artıqdır ki, artefaktlar əsasında xüsusi texnikalardan istifadə edərək sənət əsərləri yaradır. Öz bədii üslubunu axtaran İrina qədim və ənənəvi əl heykəltaraşlıq üsullarını öyrənib. Onun əsərləri ağır görmə qüsurlu rəssamın şəxsi səyahətinin kövrəkliyini əks etdirir. İrina genetik xəstəlik nəticəsində sol gözündə görmə qabiliyyətini itirib, sağ gözündə isə dar və məhdud görmə sahəsi yalnız kiçik bir “pəncərə” qoyur və onun vasitəsilə hələ də dünyanın gözəlliyini görə bilir. Sənətkar vaza formasında təqdim olunan insan bədəni şəklində həssas və toxunma heykəlləri yaradır. Onun əsərlərinin boyasız səthi insan ruhunun saf mahiyyətini təcəssüm etdirən çılpaq dəri fakturasını xatırladır. Vaza insan bədənini simvolizə edir, dünyanın müqəddəs başlanğıcını, ürəyin döyündüyü canlı vücudu və damarları təcəssüm etdirir.
Gil, bir material olaraq, İrina tərəfindən ilkinliyin simvolu, dünyanın yaradılmasından bəri mövcud olan material kimi qəbul edilir. Bu, ilk və ən qədim material, həyatın mənşəyinin və canlıların qayıtdığı yerin rəmzidir.
Hazırkı simpozium “Mən görürəm və hiss edirəm” mövzusuna həsr olunub.
Mir Teymur Məmmədov deyir: “Gil canlı və ruhu olan unikal materialdır. O, təkcə Yer kürəsi haqqında məlumatları özündə saxlamır, həm də ünsiyyət vasitəsidir. Dünyanın müxtəlif ölkələrinə getmişəm, tanınmış, təcrübəli keramikaçılarla ünsiyyətdə olmuşam, onlarla işləmişəm, bir çox simpoziumlarda iştirak etmişəm və əminliklə deyə bilərəm ki, həmfikirlərin, xoşbəxt və öz sənəti ilə fədakarlıqla məşğul olanların arasında olanda dil maneələri aradan qalxır. Bu, onların sevimli sənəti ilə bağlı söhbətlərdə təbii haldır. “İncəsənət sərhəd tanımır və hüdudsuzdur”, -deyə Mir Teymur Məmmədov qeyd edir.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
PLAGİAT? - Məşhur “Necəsən” şeirinin müəllifi kimdir?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir neçə gündür ki, şair İbrahim İlyaslının müəllifi olduğu və ölkədə kifayət qədər populyar olan, bədii qiraətçilərin həvəslə səsləndirdiyi “Necəsən” şeirinin başı cəncəldədir. Belə ki, sovetlər dönəmində tanınan, amma günümüzdə əsla gözə dəyməyən şair Bəhlul Ataxallı şeirin ondan oğurlandığını iddia edərək İbrahim İlyaslını plagiatlıqda günahlandırır.
Şair Bəhlul Ataxallı özünün “Facebook” səhifəsindəki paylaşımda yazır: “2005-ci ildə dərc edilən “Məhəbbətin söz heykəli” kitabımda “Necəsən” adlı şeirim işıq üzü gördü. Həmin şeir “İncəsənət” jurnalının 5-ci nömrəsində də dərc edildi və bundan sonra müxtəlif mətbu orqanlarda və poeziyasevərlər tərəfindən kifayət qədər yayıldı. Şair, Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbərli İbrahim İlyaslının 2011-ci ildə çap olunmuş “Yuxuma söykənmiş adam” kitabında eyni mövzulu, eyni rədifli, eyni qafiyəli, hətta mənim şeirimlə eyni adı, eyni ovqatı əks etdirən şeirini oxudum. Şeir tamamilə mənim şeirimin variantı idi. Bu məsələylə bağlı təxminən iki il əvvəl İbrahim İlyaslının “Facebook” sosial şəbəkəsindəki səhifəsinə yazsam da mənə cavab vermədi və hətta yazdığımı sildi. Az zaman içərisində əsli mənə aid olan “Necəsən” şeiri İbrahim İlyaslı adına kütləvi şəkildə yayınlandı. 29 yanvar 2025-ci ildə İbrahim İlyaslıya telefon açdım, “Necəsən” şeirini ilk dəfə nə vaxt çap etdirdiyini soruşdum və bu şeirin mənə məxsus olduğunu bildirdim. O isə məni böyük aqressiya ilə qarşıladı, hətta adına, imzasına, statusuna yaraşmayan tərzdə, küçə söyüşləri ilə mənə cavab qaytardı”.
Bəhlul Ataxallı videoçıxışında məsələnin araşdırılması, hüquqi qiymət alması və özünün müəllif hüququnun, şərəf və ləyaqətinin müdafiəsi üçün aidiyyatı orqanlara müraciət etdiyini də qeyd edir.
İnid isə gəlin hər iki müəllifin şeirlərinə nəzər yetirək:
NECƏSƏN, Bəhlul Ataxallı
Soran varmı əhvalını
Ay müşkül halım, necəsən?
Ay gözümdən daşan qəmim,
Artan məlalım, necəsən?
Bu eşq səni yora-yora,
Öz səbrimdən çəkdi dara.
Ay dəymişi dura-dura,
Tökülən kalım, necəsən?
Ayaz oldu qara düşdün,
İsti gəldi, qora düşdün!
Səkə-səkə tora düşdün
Kəklik amalım, necəsən?
Şırım köksüm bənzər şuma,
Söz mənzilim uçuq koma.
Ay məni döndərən muma
Pətəyim, balım necəsən?
Püskürərdin odlu-odlu,
Dillənərdin dadlı-dadlı.
Sinəm altda ilham adlı,
Olub-qalanım necəsən?
Ağayana ola-ola,
Eşq önündə döndü qula.
Hamıdan doğma Bəhlula
Hamıdan zalim, necəsən?
NECƏSƏN, İbrahim İlyaslı
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
İndi isə qələm əhlinin bu konfliktə münasibətini diqqətinizə çatdırmaq istəyirəm.
Ədalət Bədirxanov:
“Mən indi şeirin hər ikisin oxudum. Ən azından özüm üçün aydınlaşdırdim. Düşünürəm ki, şeirlər fərqlidir. Hər kəs öz şeirinin müəllifidir.
1961-ci ildə (mənim 8 yaşım olanda) rəhmətlik Aşıq Hüseyn Cavan Laçın rayonunun Kamallı kəndinə kolxozçulara konsert verməyə gəlmişdi. İki saz aşığı və bir balabançı. İlk açılışda balabançıya dedilər sən hansı aşığın tərəfindəsən. O isə iki aşığın arasında dayanmışdı. Qollarını sağa və sola açaraq dedi: Sən tərəf. Tamaşaçılar bir az da gülüşdü.
İndi əzizlərim, şeirin başlığı balabançı kimi eynidir və təkdir.
Yazan şairlər isə saz aşıqları kimi iki hörmətli şairlərimizdir.
Mən sözümü dedim... qalanını siz düzəldin. Burada qəbahət görmürəm. Sağ olun. Müzakirə eyləmək ədəb və əxlaqdan irəli gəlir.”
Şərafəddin İlkin:
“Fərqli şeirlərdi. Burda qeyri-adi heç nə yoxdur. Tarix boyu belə oxşar şeirlər yazılıb. Molla Pənah Vaqiflə Qasım bəy Zakirin "Durnalar" şeiri bir-birindən demək olar ki, fərqlənmir. Belə çıxır ki, onlardan biri oğru olub?
Eyni rədifli şeirdi. Amma "oğruluqdan" söhbət belə gedə bilməz. Sadəcə, İbrahim müəllimin "bazarı" yaxşı olub. Şeiri geniş oxucu kütləsi qarşısına çıxara bilib.
Hər iki müəllifə uğurlar arzulayıram.”
Qurban Bayramov:
“Hər iki şeiri oxudum... İkisi də eyni rədifdə yazılmış yaxşı şeirlərdir... Burada dava lazım deyil... Klassik poeziyada, aşıq şeirlərində onlarla eyni rədifli şeirlər var... Poeziyada bu qəbul olunmuş örnəkdir...”
Faiq Hüseynbəyli:
“Mən "Necəsən?" rədifli şeiri 2002 ci ildə yazmışam, 2004 cü ildə kitabımda nəşr etdirmişəm. İbrahim İlyaslı üstünü toz basmış onlarla, bəlkə də yüzlərlə bu rədifdə olan şeirlərə nəfəsiylə üfürüb, tozdan xilas edib, ruh verib. Şeir kimin imzasında oxucuya yetişirsə, vasitəçi odur. Ibrahim sadəcə "Necəsən?" sualına öz cavabını ortaya qoyub, oxucu görüb, eşidib, duyub, bəyənib. Plagiatı mən də sevmirəm. Oxşarlığı isə qəbul edirəm. Bu şeirlərdə sadəcə oxşarlıq var. Oxşarlıq elm sahələrində də var. Ədəbiyyatda isə daha çoxdur. "Necəsən?" rədifinin ilkin mənbəsini bilmədən İbrahimi plagiatda suçlamaq olmaz. Bəlkə də, bilmədiyimiz elə bir ilkin mənbə var ki, ondan sonra gələnlər hamısı oxşardır, qərəzli formada desək, "plagiatdır". Bu mövzuda çox nümunələr gətirib, müqayislər aparmaq olar. İndiki müasir ədəbiyyatın, xüsusilə orta yaşlı və gənclərin yaradıcılığı demək olar ki, Türkiyə türkcəsində olan mahnı sözlərini xatırladır. Sözümün qısası, möhür kimdədirsə, söz haqqı onundur. İbrahim hələ ki, möhür vurub. Vurulan möhürlər yeni qanuna, sərəncama qədər qüvvədədir. "Necəsən?" rədifli, daha gözəl ifadələrlə zəngin olan bir şeir oxumaq diləyi ilə bu kiçik rəyə nöqtə qoyuram.”
Yazıçı Varis isə incə yumorla mübahisəyə bu cür şərh verir:
“Eyni addan başqa bu iki şeiri heç nə birləşdirmir. “Necəsən” sözünü məgər Bəhlul Ataxallı patentləşdirib ki, indi İbrahim İlyaslını plagiatlıqda ittiham edir? Tam absurd bir ittihamdlr.
Ona qalanda Aşıq Alı da 19-cu əsrdə bir “Necəsən” yazıb. Bəhlul Ataxallı da Aşıq Alıdan plagiat edib?
Bu mövzuda debat açmaq tam yersizir.
Yeri gəlmişkən, şeirdə təkrar olunan yeganə ifadə “pətəyim-balım” ifadəsidir. Bu isə, Bəhlul Ataxallının deyil, Ümumdünya Arıçılıq və Balçılıq Təşkilatının kompitensiyasındadır.”
Və nəhayət, İbrahim İlyaslının özünün münasibətinə toxunaq. Şair “Necəsən” adında daha bir şeir ortaya çıxararaq bu mübahisənin necə də əsassız olduğunu isbatlayır:
“Ruhun şad olsun, Sənəm xanım! Mənim yazdığım "Necəsən" gəraylısı sənin qələmindən "Mən barışdım taleyimlə zor ilə" deyə bir ah kimi qopan bu qoşmanın yanında xeyli sönük görsənir!
NECƏSƏN, Sənəm Səbayıl
Öz evimdə ürəyimi üşüdən,
Özgə evdə odum, qorum, necəsən?
Qəlb evimin qapısını açmağa,
Yad əlində tək açarım, necəsən?
Xoşbəxtsənmi indi özgə yar ilə,
Mən barışdım taleyimlə zor ilə,
Hərdən məni ara , axtar, sor elə,
Güvənc yerim, iftixarım, necəsən?
Özün yoxsan, intizarın mənimdi,
Xatirələr dincliyimə qənimdi,
Öz evimin qonağıyam mən indi,
Haradasan, yoxum, varım, necəsən?
Köçüm gedir duyğuların köçündə,
Dünya olub sən boyda, sən biçimdə,
Kəcavəyəm - dərd oturub içimdə,
Əldən gedən ixtiyarım, necəsən?
Könlüm quşu yad budağa qonmadı,
Dilbilməzi ha qandırdım, qanmadı,
Əldən düşdüm, daha tabım qalmadı,
Əl çatmayan arzularım, necəsən?
Qəmim səni qəmxar seçdi, bilmədin,
Qəmdən mənə paltar biçdi, bilmədin,
Ayım, ilim necə keçdi, bilmədin,
Unutqanım, biilqarım, necəsən?
Niyə yada salmırsan heç Sənəmi?
Azmı bildin mənə olan sitəmi?
Yoxsa mənə qənim çıxdın səndəmi?
Ay zülümüm, zülümkarım, necəsən?
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)