MÜTLƏQ OXUYUN! - Və sən içində olduğun qaranlığı, içində olmadığın işıqla axtarırsan… Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bir oğlan "dostları" ilə parka gedir. Sakit, dərin nəfəs alır, ilk dəfə o zəhrimardan çəkir. Qorxur, amma büruzə vermir. Bir az sonra gülür, sərbəstdir, ürəyi bulanır. Evə dönəndə anası "nə olub, oğlum?" soruşur. O isə "heç nə" cavabını verir. Və bu cavabla bir cəmiyyət daha yalanın içində yaşamağa davam edir.

 

Blokların arasında satılır bu zəhər. Həmişə eyni adamlar. Başları aşağı, cibləri dolu. Arxalarında duran baronu heç kim görmür. O, çoxdan qalstuk taxıb, bina tikir, sponsor olur, qəzetlərə müsahibə verir. “Bu millətin gəncləri bizim gələcəyimizdir,” deyir. Eyni anda onun payladığı tozla başqa bir gənc öz gələcəyini yerə sərir.

Kanal açırsan, müğənnilər, reytinq, rəng. Amma bir gəncin başında qopan tufan, sadəcə kriminal xəbər blokunda beş saniyəlik “qanunsuz narkotik istifadə” adı ilə keçir. O gənc artıq yoxdur. Amma efirdəki aparıcının makiyajı yerindədir.

İllərdir biz bu sistemə “nə edə bilərik ki?” deyə susuruq. Bütün bu ölüm, bu çürümə, bu səssiz üsyan… bizim bu “heç nə edə bilməməyimizdən” doğur.

Bu yazı, bir mühakimə deyil. Bir monoloqdur. Qanunların, məktəblərin, televiziyaların, cəmiyyətin və hətta bəlkə də sənin susduğu yerdə başlayır.

Narkomaniya bir xəstəlik deyil, bir bəhanədir. Ruhun üzərinə örtülmüş kədərdən, unudulmaq istəyindən, hisslərini susdurmaq üçün yaradılmış saxta cənnətdən başqa bir şey deyil. İnsan öz ağrısını dinləməkdən qaçanda, ağrının səsini boğmaq üçün iynəyə, tüstüyə, toza sığınır. Amma unutduğumuz bir həqiqət var ki, hansısa bir maddə, səni özündən uzaqlaşdırırsa, əslində səni azad etmir, səni zəncirləyir.

Bəziləri azadlıq deyə çəkir, bəziləri dostları ilə "əyləncə" üçün başlayır, digərləri isə yaşadığı boşluğun içinə bir şey tökmək istəyir. Lakin bu boşluq nə iynə ilə dolur, nə də tüstü ilə. Boşluq yalnız mənanın doğulduğu yerdə çəkilir. Və mənasız bir həyatın tək məkanı qaranlıqdır. Narkotik isə bu qaranlığa müvəqqəti bir işıq təklif edir. Yanıldıcı, yalancı bir işıq. Sonda o işığın da sönməsi ilə insan öz kölgəsindən qorxmağa başlayır.

 

Cəmiyyət susur. Valideynlər bilməməzlikdən gəlir. Məktəblər tərbiyə yox, əzbərlətmə mərkəzləridir. Gənclər isə itmiş bir nəsil kimi, ekranda gördüyü həyatı yaşamaq istəyir. Lakin ekranlarda göstərilən həyat içi boş, amma rəngli bir yalandır. Əsl həyatın içində əzab var, ağrı var, amma bu ağrının içində də həqiqət yatır. İnsan əgər ağrısını yaşaya bilirsə, insanlığını da qoruyur. Amma narkotik ağrını oğurlayır və bununla birlikdə ruhu da.

Narkomaniya bir fərdin deyil, bütün bir cəmiyyətin aynasıdır. Bir ölkədə narkotik istifadə edənlərin sayı çoxalırsa, bu, yalnız şəxsi zəiflik deyil, sistemin, ailənin, təhsilin, məscidin və məhkəmənin çöküşüdür. İnsanların bu qədər darıxdığı bir cəmiyyətdə, ən böyük təhlükə narkotik deyil, ümidsizlikdir. Çünki ümid olmayan yerdə, ölüm belə şirin görünür.

Odur ki, narkomaniya ilə mübarizə iynəni qadağan etməklə deyil, insan ruhunu sağaltmaqla başlar. Qanunlarla yox, şəfqətlə. Təzyiqlə yox, anlayışla. İnsan öz içindəki boşluğu dərk etdikcə, onu doldurmaq üçün iynəyə ehtiyac duymayacaq. Əgər bu nəsil öz ağrısını qucaqlamağı bacarsa, gələcək nəsil daha az iynə, daha çox ümidlə böyüyər.

 

Bəziləri birinci dəfə çəkəndə sadəcə maraqdan çəkir. Deyir, “nə olar ki, bir dəfədən?” Amma unutduqları şey var. Bəzi qapılar var ki, bir dəfə açıldımı, içindəki qaranlıq səni geri buraxmaz. O deyilən "bir dəfə" tabuta çaxılan ilk mismardır. Elə bil otağa girirsən, işıq yandırırsan, amma işıq yoxdu. Və sən içində olduğun qaranlığı, içində olmadığın işıqla axtarırsan.

Dostlarla başlayan “əyləncə” gecələri, sonradan tək adamlıq kabuslara çevrilir. Əvvəlcə bir az gülürsən, zarafatlar eləyirsən, özünü bir film qəhrəmanı kimi hiss edirsən. Sonra qəfil səhnə dəyişir. Hamı gedir, sükut qalır. Və sən başlayırsan özündən gizlənməyə – amma haraya gedirsənsə, özünü də aparırsan. Ən dəhşətlisi isə bundan xəbərin olmur.

 

Ən qaranlıq an? Sənin üçün artıq səhərin, axşamın fərq etmədiyi andır. Pəncərədən günəş düşür, amma içində qaranlıq elə qalır. Bədən canlı, ruh torpaqdadır. Hər qullam bir dua kimidir, amma Tanrı cavab vermir artıq. Çünki sən öz tanrını dəyişdirmisən. O indi bir paketdə, bir şprisdə, bir barmaq ucu qədər tozdadır.

 Cəmiyyət isə səssizdir. Hamı görür, heç kim baxmır. Valideynlər övladlarını "dərslərin necədir?"  deyə yox, "nə içirsən, harada gəzirsən?" deyə soruşurlar. Məktəblər uşaqlara tənəffüs vermədən dərslər öyrədir, amma yaşamaq dərsi hələ də proqramda yoxdur. Və gənclər həyatı Google ilə öyrənib TikTok-la unudan bir nəsil olur. Onlar hiss etməkdən qorxurlar. Çünki hiss edən adam ağrı çəkir. Ağrını öldürmək üçün də adam özünü öldürməyə başlayır yavaş-yavaş, hissə-hissə.

 

Narkomaniya bir seçim deyil, bir çarəsizlik fısıltısıdır. Bəziləri bu fısıltını eşidib dözür, bəziləri onu boğmaq üçün daha dərin çəkir. Amma bilmək lazım olan odur ki, heç bir tüstü içində itmiş bir uşağın hayqırtısını susdura bilməz. Və heç bir damar, itmiş bir ruhun yerini tutmaz.

 Bu işin arxasında təkcə ağrılar yox, pullar da var. Küçədə bir iynə ilə titrəyən o uşaq sistemin ən altda qalanıdır. Ən yuxarıda isə kostyumlu baronlar var. Onlar heç vaxt çəkməzlər. Onlar gülərüzlə "əməkdaşlıq" edərlər, gündəlik milyonları cəmiyyətin qanına zəhər kimi yeridərlər.

 Bir uşağın damarına girən narkotik, əvvəlcə hansısa ölkənin sərhədindən keçir. Kimlər görməlidilərsə görməzdən gələrlər. Sonra o maddə bölünür: 5 qram, 10 qram, 1 blok... Hər biri bir nəfərin ruhunu satmaq deməkdir. Satıcılar "bariqa" adlanır. Amma bu adın altında gizlənən insanlıq çoxdan ölüb. Onlar artıq satmır, sadəcə can alırlar, bir az ucuz, bir az səssiz.

 Hər mübadilə, hər "paylaşım" bir körpənin yetim qalması, bir ananın göz yaşları, bir atasının övladının üzünü torpaqda görməsi deməkdir. Amma heç kim bu tərəfi çəkmir, göstərmir. Filmlərdə "cool" göstərilən maddələr, reallıqda kəllə sümüyünü çürüdür. Amma ekranda tüstü romantik görünür. Reallıqda isə o tüstünün içində bir bədən çürüyür, sükut içində.

 

Ən pisi də nədir bilirsən? Bu sistemin tək çarəsi onun işləməsidir. Nə qədər çox insan asılıdırsa, o qədər pul qazanılır. Yəni bu sistem sənə yaşamağı öyrətmək istəmir, sadəcə daha yavaş ölməyini istəyir. Çünki yavaş ölüm daha çox qazanc deməkdir.

Bəzən bir uşaq bir doza üçün cibindəki son qəpiyi verir. Bəzən bir qız təkcə doza üçün öz bədənini satır. Və bir bariqa, bu görüntüləri görə-görə gülümsəyir. Çünki o artıq hiss etmir. O artıq yalnız qazanc görür.

Baronlar isə çoxdan izlərini itirib. Onlar elə yerlərdə yaşayır ki, ağrı onların küçəsindən keçmir. Onlar üçün narkotik sadəcə statistikadır. Sənin ölümün, onların portfelindəki faiz azalımıdır.

Kütləvi informasiya vasitələri, yəni qəzetlər, televiziyalar, saytlar, sosial media əvvəllər həqiqəti göstərmək üçün var idi. İndi isə həqiqəti gizlətməyin daha ağıllı yollarını tapmaq üçün yarışırlar. Göstərilən o rəngli kliplər, "cool" serial personajları, içki masasında siqaret tüstüsü içində "azad ruhlar" - bunlar təsadüfi deyil. Zəhəri sənə şərabla, musiqi ilə sevgi adı altında təqdim edirlər. Çünki bu formada daha tez qəbul olunur.

Bir narkotik baronu ilə bağlı heç sənədli film görmüsən? Ya da bir "bariqa"nın hansı məmurla əlaqəsi olduğuna dair canlı yayım? Yox. Amma bir gəncin həbs xəbəri dərhal manşetə çıxır. "Narkotiklə tutulan şəxs" adı, şəkli, bütün həyatı ifşa... Bəs o gəncə həmin zəhəri satanlar? Onların şəkli niyə görünmür? Çünki bəzən həmin şəkilləri çəkən kameralar elə onların nəzarətində olur.

Jurnalist var ki, bu sistemi açmaq istəyir. Amma ya susdurulur, ya da "başqa mövzulara yönləndirilir". Sponsor itkisi, təzyiqlər, hətta fiziki təhdidlər. Nəticədə, efirdə sadəcə səssiz statistikalar qalır: "bu il narkotiklə bağlı həbslər artıb". Sanki bu, təkcə rəqəmdir. Amma o rəqəmlərin içində ölən arzular, itən uşaqlar, parçalanmış ailələr var.

Kütləvi informasiya vasitələri cəmiyyətin aynası deyil artıq. Onlar sadəcə pərdədilər. Sistemin qaranlıq tərəfini gizlədən, kütlənin gözünə nur salan pərdə. İnsanlar televizora baxır və öz ağrılarını unudur. Unudarkən də ölür. Amma bu ölüm daha səssiz, daha uzun və daha qazanclı olur.

Ən böyük zəhər, damardan deyil. Ekrandan vurulur. O da yavaş-yavaş öldürür. Özünü azad hiss edən, amma əslində proqramlaşdırılmış tamaşaçılar yaradır. Və beləliklə sistem tam işləyir. Narkotik istehsal olunur, yayılır, çəkilir, sonra da haqqında danışılır. Amma həqiqətlər heç vaxt göstərilmir.

Narkotik maddələr bir dövr film ekranlarında cinayət idi, indi isə "yaradıcılığın ilham mənbəyi", "bohem həyat tərzi" kimi göstərilir. Bir musiqi videosunda, tər basmış bir qız tüstü verərkən yavaş kadrda kameraya baxır. Arxa planda depresiv ritmlə səslənən bir musiqi: "I’m lost in the smoke again..."

Bu artıq təsadüf deyil. Bu, dizayn olunmuş alqıdır. Bir gənc ekran qarşısında oturub bu videonu izləyir və içindəki ağrının, tənhalığın bir "cool" yolu olduğunu düşünür. Çünki musiqi, klip, reklam hamısı ona deyir: "Sən ağrıyırsan? Bu normaldır. Sadəcə tüstüylə yatışdır, dərmanla rənglə."

 Əslində isə həmin sənətçilərin çoxu o videoları yazarkən belə çəkmirlər. Onlar sadəcə bir brenddir, satılırlar. Onların menecerləri, produksiya komandaları, prodüserləri bilir ki, narkotik "image"dir. Pislik yox, moda halına salınıb.

Reklam dünyası isə daha iyrənc oynayır. Bir içki markası, öz afişasında qaranlıqda parlayan neon işıqla "azadlıq" sözünü yazır. O işığın fonunda gənclər gülür, öpüşür, içir, çəkir... Sən "bunu içsən, azad olacaqsan" mesajı alırsan. Amma həqiqət odur ki, sən o içkini içəndə azadlıq deyil, öz ağrının həbsxanasına bir qapı daha bağlamış olursan.

 

Moda belə eyni oyundadır. Tüstülü gözlük, "cringe" stil, yırtıq geyimlər… Hamısı pozğunluğun estetikaya çevrilməsidir. İndi pozğunluq satılır. Və insanlar, daha doğrusu gənclər, ağrılarından utanmaq əvəzinə, onu nümayişə çıxarırlar. Hisslər, dərdlər, asılılıqlar brend halına gətirilir. Nəticədə, sən "ağrılı olmaqla" deyil, "ağrını göstərməklə" məşhurlaşırsan.

Və bir sual çıxır ortaya. "Bu necə bir sənətdir?"

Bu sənət deyil. Bu, ticarətdir. Bu, bir xalqın depressiyasından pul qazanmaqdır. Ən çirkin istismar növüdür... Ruhun istismarı.

Bu sistemin ən qorxunc tərəfi nə iynə, nə də zəhərdir. Ən qorxunc olan hamının susmasıdır. Ana susur, çünki bilmək istəmir. Ata susur, çünki utancdan nə deyəcəyini bilmir. Müəllim susur, çünki “bu, mənlik deyil” deyir. Həkim susur, çünki dərdin kökü dərin, maaşı isə azdır. Jurnalist susur, çünki reallığı yazsa, sabah işsiz qalacaq. Ruhani susur, çünki minbərdən düşəndə baronun əlini sıxmaq məcburiyyətində qalır…

Və beləliklə, bir nəsil ölür. Qışqıra-qışqıra yox, susa-susa. Qəbiristanlıqlar səssizdir, elə bu sistem də. Çünki səssiz ölüm daha az narahatlıq doğurur. Cəmiyyət isə bu səssizliyin içində özünü rahat hiss edir. Sanki bir kollektiv yalanın içində nəfəs alır: “bizim uşaqlar elə etməz...”, “bir dəfədir, keçər...”, “məni maraqlandırmır...”

Əslində hamı bilir. Amma bilirmiş kimi davranmaq məsuliyyət, susmaq isə rahatlıq gətirir. Ona görə bu dövran davam edir.

Və bəlkə də ən sonda bu sual qalır. 

Biz nə vaxtsa bu sükutu pozmağa cürət edəcəyikmi? Yoxsa qaranlıqda qulaqları batıran bu səssizlik, bir xalqın kollektiv məhvinin fon musiqisinə çevriləcək?

 

Zəhər damarlarda deyil, artıq dildədir. Amma dil danışmır. Və biz də bu danışmayan dillərlə öz məhkumluğumuza şeir yazırıq.

 Mən bir dəfə susdum. İçimdəki səs qışqırırdı, amma mən başımı çevirdim. Dedim, "mənlik deyil". O an başladı hər şey. Susqunluq zənciri. Bir ucu məktəbdə, bir ucu evdə, bir ucu məsciddə, bir ucu baronun stolunun üstündə uzanan bir zəncir...

 Narkotik haqqında danışmaq olmur bizdə. Çünki bizdə həqiqəti demək təhqir sayılır. Əgər deyirsənsə ki, küçədə uşaqlar zəhər satır, cavab verirlər: “Boş ver, sən özünə bax.” Mən də baxdım özümə. Yad bir sima gördüm, dostum. İçi dolu suallar, boş cavablarla. Bəzən, ağrını ancaq ağrıyanlar anlayır. Mən də o ağrını içində çürüdənlərdən biri olmuşam. Özüm çəkmədim, amma çoxunun niyə çəkdiyini başa düşdüm. Çünki bu cəmiyyət bəzən insanı o qədər sıxır ki, nəfəs almaq belə günah sayılır.

 Bu yalan sistem hamının maska taxdığı, amma heç kimin səni görmədiyi bir tamaşadır. Təhsil ocağlarında “təhsil” adıyla beyinlər əzbərlərlə yüklənir, amma bir tələbə dərs arası tualetdə iynə vuranda, müəllim yalnız jurnal doldurur. Evdə ata-ana uşağa telefon alıb, özünü məsuliyyətdən azad edir. Valideynlik borcunu Wi-Fi şifrəsini verərək bitirənlər, görəsən sonra övladının gözlərindəki tüstünü niyə görə bilmir?

 Hər tərəfdə reklamlar, kliplər, seriallar. Hamısı eyni mesajı verir: "Hiss edirsənsə, zəifsən. Unut, əylən, çək, iç.." Və sən inanırsan, çünki hiss etdiyini demək olmur. Bizi hisslərimizdən utanmağa öyrədiblər. Amma insanı narkotikə aparan ilk şey, hisslərinin yada salınmamasıdır.

Mən danışıram, çünki hamı susur. Mən baxıram, çünki digərləri gözlərini yumub. Mən yazıram, çünki bu zəhərin tək antidotu həqiqətdir. Çünki baronlar, pul mübadilələri, Kütləvi informasiya vasitələrinin lal izləməsi, hamısı bu sükutun içində yaşayıb boy atır.

Mən istəmirəm növbəti nəsil də bu səssizliyə doğulsun. Mən istəmirəm bir gəncin daha, öz boşluğunu tüstüylə doldurmaq istəyərkən uçuruma yuvarlanmasını seyr edək.

Və əgər mənim bu sözlərim bir nəfərin qaranlıq otağında bir kibrit işığı yandıracaqsa, deməli, bu məqalə susqun bir millətin sinəsində kiçik bir titrəyiş yaratdı.

Çünki mən danışıram. Mən artıq susmuram.

Adım Harundur. Mən sağ qaldım. Danışmaq üçün...

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.