Aktotı Raimkulova Qırğız Respublikasının Mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ilə görüşüb Featured

12 may 2025-ci il tarixindəTürk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulovanın Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ilə görüşü baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, görüş zamanı Aktotı Raimkulova Mirbek Mambetaliyevi nazir vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi altında Qırğızıstanın türk mədəni dialoqunun möhkəmləndirilməsi sahəsində fəal və təşəbbüskar rol oynayacağına əminliyini bildirib.

Tərəflər Fond tərəfindən qırğız xalqının ümumtürk irsinin ayrılmaz hissəsi olan mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələri müsbət dəyərləndiriblər.

Aktotı Raimkulova qeyd edib ki, 2024-cü il ərzində Fond Qırğızıstanda bir sıra əhəmiyyətli təşəbbüsləri həyata keçirib. Bunlara: Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi, şairin “Zamandan zamana” şeirlər toplusunun qırğız və Azərbaycan dillərində nəşri, Türk Dövlətləri Sammiti çərçivəsində Mahmud Kaşğarinin “Divani Lüğət-it-Türk” əsərinə həsr olunmuş sərginin təşkili, Jusup Balasagın adına Kırğız Milli Universiteti nəzdində Türk Mirası Mərkəzinin yaradılması və onun müasir multimediyalı avadanlıqla təchiz edilməsi, eləcə də Parisdəki YUNESKO-nun mənzil qərargahında “Divani Lüğət-it-Türk” əsərinin 950 illiyinə həsr olunmuş beynəlxalq konfransın uğurla keçirilməsi daxildir.

Fondun Prezidenti, həmçinin 2025-ci il üçün Qırğızıstanla bağlı nəzərdə tutulan layihələr barədə də məlumat verib. Xüsusilə, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qırmızı Çay qədim şəhərinin mühafizəsi və muzeyləşdirilməsi üzrə üçillik layihənin başlanacağı və bu layihə üçün yalnız 2025-ci il üzrə maliyyələşmənin 2 milyon som həcmində olacağı qeyd edilib.

Aktotı Raimkulova Fondun əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu təsdiqləyib və Nazirliyə Fondun təşəbbüslərinə verdiyi daimi dəstəyə, türk mədəni irsinin qorunması və tanıdılmasına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Görüşün sonunda Fondun prezidenti Aktotı Raimkulova nazir Mirbek Mambetaliyevi Fondun baş qərargahını münasib bir vaxtda ziyarət etməyə və uzunmüddətli əməkdaşlıq gündəliyinin müzakirəsinə dəvət edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.