Super User

Super User

Çərşənbə axşamı, 04 Fevral 2025 11:46

Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində Azərbaycanın turizm imkanları nümayiş etdirilib.

 

Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları” QSC və ölkəni təmsil edən altı turizm şirkətinin iştirak etdiyi sərgidə stend ziyarətçilərinə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi və mədəni abidələr, milli mətbəx, turizm marşrutları və müasir turizm infrastrukturu barədə məlumat verilib.

 

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmid “Destinasiyaların yenidən təyin edilməsi: Dayanıqlı turizm və davamlı gələcək” adlı panel müzakirəsində, eləcə də İslam Ticarət və İnkişaf Palatası (ICCD) tərəfindən təşkil edilən “Dayanıqlı Turizm Forumu”nda çıxış edərək, Azərbaycanın dayanıqlı turizm təcrübələri və turizm sahəsində dövlət-özəl tərəfdaşlığı mövzularında ətraflı danışıb.

 

Qeyd edək ki, AZAL tərəfindən Pakistanın İslamabad və Lahor şəhərlərindən Bakıya birbaşa uçuşlar həyata keçirilir. 2024-cü ildə Azərbaycana səfər edən Pakistan vətəndaşlarının sayı 80 min 924 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 47 faiz artım deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Çərşənbə axşamı, 04 Fevral 2025 07:00

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək SƏRƏNCAM

2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Sərəncam imzalayıb.

 

Sərəncama əsasən Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Sərəncamda qeyd edilib ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 2023-cü ildə 3, 2024-cü ildə 21 film çəkilib. Hazırda 26 filmin istehsalı davam etdirilir.

 

AzərTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli nazirliyin 2023–2024-cü illərdəki fəaliyyətinə dair geniş kollegiya iclasında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən teatr xadimlərinin maddi rifahının, teatrların maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində diqqətəlayiq işlər görülüb.

 

“Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli”, Şuşa Dövlət Musiqili Dram Teatrına “aparıcı”, Beynəlxalq Muğam Mərkəzinə isə “beynəlxalq” statusu verilib. Həmçinin bölgələrdə mədəni iştirakçılığın səviyyəsinin artırılmasına da diqqət yetirilib. 2023-cü ildə “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası” yaradılıb, - deyə o əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

İncəsənət məktəblərinin kadr təminatının yaxşılaşdırılması ilə bağlı müəllimlərin, direktor və direktor müavinlərinin işə qəbulunda yeni yanaşmalar tətbiq edilir, bu proses elektron qaydada, müsabiqə yolu ilə həyata keçirilir. Yeni işə qəbul olunmuş müəllimlərin 65 faizi ali ixtisas təhsillidir. Mədəniyyət sahəsi üzrə ali təhsillilərin sayı 2023-cü illə müqayisədə 4,13 faiz artıb. Bu, davamlı olan bir prosesdir və hədəfimiz bu rəqəmi daha da artırmaqdır.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Nazirliyin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclasında çıxışı zamanı deyib.

 

Nazir diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi bədii təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsini də diqqətdə saxlayır. Bu məqsədlə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulur.

 

Muzeylər və rəsm qalereyalarının fəaliyyətindən danışan nazir deyib ki, "Deloitte" şirkəti tərəfindən Azərbaycan Dövlət Rəsm Qalereyasının reyestri və rəqəmsal arxivi yaradılıb. Şirkət tərəfindən, eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində əsərlərin sayımı və barkodlaşdırılması üzrə işlər davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Növbəti dəfə ölkəmizdə “Gənclər günü” qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə hər il olduğu kimi yenə də bir qrup gənci mükafatlandırdı. 

 

2020-ci il sentyabrın 27-də başlanan və böyük qələbəmizlə başa çatan 44 günlük Şanlı Vətən Müharibəsindən sonra Azərbaycan gənclərinin özlərinə inamı daha da artdı. Bunu gənc jurnalist, AzərTAC-ın Video informasiya şöbəsinin əməkdaşı Fərid Səlimovla söhbətimizdə bir daha hiss elədim. 

 

Jurnalist olmağı arzulayırdım

 

Fərid İlham oğlu Səlimov əslən Kəlbəcər rayonundandır. O, 2002-ci il aprelin 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Laçın rayon 15 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. Onun ailəsi Kəlbəcər rayonunun Çıraq kəndindən keçmiş məcburi köçkündür. Fərid deyir ki, məktəbdə sinif yoldaşlarının çoxu məcburi köçkün idi. Onlar yay tətilini baba evində keçirə bilməyən bir nəsil kimi böyüyüblər.  Amma o inanırdı ki, bir gün doğma yurduna – Kəlbəcərə qayıdacaq... Fərid deyir ki, həmişə məktəbdən evə qayıdanda çalışırdım, elə edirdim ki, televiziyada axşam xəbərlərini izləyə bilim. Bu vərdişim mənim gözümdə əlində mikrafon xəbər çatdıran jurnalistləri qəhrəmana çevirmişdi, böyüyüb jurnalist olmağı arzulayırdım. Ali məktəbə qəbul zamanı Sumqayıt Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) fakultəsinə qəbul olundum. Birinci kursu başa vurmamış qərar verdim ki, mən mütləq jurnalist olmalıyam. Ona görə də, elə ilk kursun sonunda Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin  jurnalistika (tədris ingilis dili) ixtisasına qəbul olundum. Artıq bütün daşlar yerinə otururdu elə bil, dərslər mənə daha maraqlı gəlirdi. 

 

AZTV-də sevdiyin işin çətinlikləri ilə tanış oldum

 

3-cü kursda oxuyanda Azərbaycan Televiziyasında ilk təcrübəyə başladım. O zaman AZTV-də “Çıxışa doğru” adlı bir veriliş yayımlanırdı. O veriliş üçün müxbirlik edirdim. Həmin vaxtlar mənə çox maraqlı gələn sahənin çətinlikləri ilə tanış oldum. İlk çəkilişim bugünkü kimi yadımdadır. Həmin gün Elmlər Akademiyasının qarşısında insanlarla sorğu aparmalıydım. Mikrafonu görənlər elə qaçırdı ki, bizdən. Amma çətin olsa da o gün verilən tapşırığı yerinə yetirdim. 9 aylıq təcrübə dövründə dövlət televiziyamız olan AZTV-dən çox şey öyrəndim. “Jurnalist kimdir?”, “ Necə maraqlı mövzu tapmaq olar?”, “Xəbərin doğruluğunu necə bilməliyik?” kimi sualların cavabını qismən də olsa öyrəndim.

 

AzərTAC-da işimin necə məsuliyyətli olduğunu anladım 

 

 Fərid deyir ki, 4-cü kursun sonunda qocaman agentlik olan AZƏRTAC-a yolum düşdü. Qeyd edir ki, bu il 105 yaşı tamam olacaq bu agentliyin tarixi nə qədər qədim olsa da, müasirliyin tələblərinə gözəl cavab verir. Burada 1 ay 15 günlük təcrübədən sonra rəsmi olaraq Video informasiya şöbəsində işə başladım. AzərTAC dövlətin rəsmi informasiyalarının dərc olunduğu agentlik olduğundan burada işim daha da məsuliyyətli idi. Sözün əsl mənasında xəbər dəqiqliyin süzgəcindən keçməli idi. İşimi sevirdim, buna görə də xoşbəxt idim. Məncə, əsas şərt də elə budur. Xoşbəxt olmaq üçün sevdiyin işi görməlisən... 

 

Ən sevdiyim reportajım... 

 

Fərid bildirir ki, çalışdığı müddət ərzində bir çox videoreportajlar hazırlayıb. Amma onların arasında ən sevdiyi reportajı atası və nənəsi ilə  birlikdə Kəlbəcəri ziyarət etməyi və doğmalarının yurduna qovuşduğu o unudulmaz anları kameranın yaddaşına köçürmək olub. O gün 3 nəslin nümayəndəsi Kəlbəcərə yollanıb. Nənəm, atam və mən. Viran qalan doğma yurdu görəndə nənəm gənclik illərindən, atam uşaqlığından danışırdı. Hər kəs qürurluydu. Mən də bir gənc olaraq həyatda ən qürurlu anımı yaşadım bəlkə də, o gün Ali Baş Komadanımızla qürur duydum, dövlətimizlə, ordumuzla fəxr elədim... 

Mənim babalarımın hər ikisinin evi Kəlbəcərin Çıraq kəndindəydi. Həmin evləri eyni vaxtda rahat görə biləcəyim bir yüksəklik tapdım. Ora çıxıb o iki evə doyunca baxdım. Mən bu evləri görməyin xəyalını hələ məktəb vaxtından qurmuşdum. Mənim “ev” deməyimə baxmayın, onlardan yerdə ancaq daşlar qalmışdı... Amma indi bu torpaqlarda evlərimiz yenidən tikilir. Kəlbəcər yenidən qurulur. Bu torpaqlara qayıdan hər bir sakin ora yeni bir nəfəs verir. İşimlə əlaqədar demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə olmuşam. Doğma yurdun hər yanı ayrı bir gözəlliklərlə doludur. Burada həmsöhbət olduğum insanlar da çox mehriban və istiqanlıdırlar... 

 

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

 

Onunla gənclər günündə görüşürdük. Fərid deyir ki, bu gün mən bir gənc kimi çox qürurluyam. Dövlətimizin dəstəyini daima hiss etmişəm, buna bir çox misallar çəkə bilərəm. Məsələn, mən ali məktəbdə ödənişli ixtisasda oxuyanda bu xərc dövlət tərəfindən qarşılanıb. Ali Baş Komandanımızın gənclərimizə böyük qayğısı, bu sahədə yürütdüyü  siyasətin nəticəsidir ki, mən 4-cü kursu bitirən kimi özümə belə iş tapa bilmişəm. Bu siyahını çox uzatmaq olar. Düşünürəm ki, hər bir Azərbaycan gənci azərbaycanlı olduğu üçün fəxr etməlidir. 

Ən böyük arzum gündən-günə gözəlləşən doğma torpaqlarımızda aparılan quruculuq işlərindən süjet və reportajlar hazırlamaq və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.

Yolun açıq olsun, Fərid balamız!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Sırdaş

Təbriz

 

 

BİLMƏSƏN DƏ, BİLMƏMİSƏN!

 

Varlığına bürünmüşəm,

Bilməsən də, bilməmisən!

Sevincindir işim, peşəm

Bilməsən də bilməmisən!

 

Xımında odlu ad mənəm,

Ağzında tamlı dad mənəm,

Uçmağına qanad mənəm,

Bilməsən də, bilməmisən!

 

Sıtqadığın duadayam,

Hər atdığın davadayam,

Sığındığın yuvadayam,

Bilməsən də, bilməmisən!

 

Sonunda son yolun mənəm,

Son çəkilən qolun mənəm,

Sağın mənəm, solun mənəm,

Bilməsən də, bilməmisən!

 

Bayıldıcı laylayınam,

Taleyinəm, bal ayınam,

Yaslı-yaslı naynayınam,

Bilməsən də, bilməmisən!

 

Söz verib, söz saxlayıram,

İlqarı düz saxlayıram,

Son günə üz saxlayıram

Bilməsən də, bilməmisən!

Kim bilib ki, sən biləsən?!..

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Çərşənbə axşamı, 04 Fevral 2025 16:06

SƏSSİZ SƏTİRLƏR – “Sonsuzluğa doğru”

 Nərmin İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Göy üzündə səssizcə dolaşan buludlar, sanki torpağın içində gizlənmiş hekayələrə şahid idi. Məzarın önündə əsən külək narın yağış damcılarını ləçəklərin üstünə daşıyırdı. O gül qan rəngində idi – şəhidlərin susqun, amma əbədi xatirəsinin simvolu kimi.

 

Məzar daşındakı yazı sadə idi, lakin əvəzolunmaz bir əmanət kimi görünürdü. Ad, tarix və bircə cümlə: “Bu torpaq üçün.”

 

Bir uşaq xiyaban boyunca qaçaraq məzarların arasından keçdi. Qorxusuz, günahsız, azad... Böyüklərdən biri sakitcə onu səslədi:

– Burda qaçmaq olmaz, oğlum. Şəhidlər yatır.

Uşaq arxaya dönüb gülümsədi:

– Amma onlar indi göy üzündədirlər, elə deyilmi?

Hər kəs donub qaldı. Uşağın sadə sözlərində sirrli bir hikmət vardı. Kimsə nə deyəcəyini bilmədi. Sanki o kiçik bədən böyük həqiqətləri anlamaq üçün gəlmişdi.

 

Məzarların arxasında yaşlı bir qadın dayanmışdı. Onun baxışları uzaqlara,heç kəsin görə bilmədiyi bir məkana zillənmişdi. Gözləri qəhərdən dolmuş, amma təbəssümü əskik olmamışdı. Əlində sıxdığı nimdaş dəsmaldan süzülən səmimi bir pıçıltı eşidildi:

– Siz getdiniz ki, biz yaşayaq. Amma indi siz bizim içimizdə yaşayırsınız...

 

Hamının təəccübünə rəğmən uzaqdan, göy üzündə qartal görünməyə başladı. Şəhərə da qartal uçub gələrmiş...

Qartal yaxınlaşdı. Onun qanadları xiyaban boyunca bir kölgə saldı. Külək sakitləşdi. Sanki bir şey demək istəyirdi.

Qartal dövrə vurub gözdən itdi. Yerə düşən tək bir lələkdə bu sözlər gizlənmişdi: “Qoruyun, yoxsa geri qayıtmayacağıq.”

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Çərşənbə axşamı, 04 Fevral 2025 15:34

Tərəvəzçilikdən general-mayorluğadək

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Doğum günü olan hərbçilərimizdən daşırıq, onlardan biri - Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir. 

 

12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir.

 

1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir. Ona 1979-cu ildə podpolkovnik rütbəsi verilmişdir. Baş Qərargah Akademiyasında çalışmışdır. 

 

Mükafatları

 

1. Üçüncü dərəcəli "SSRİ-də Vətənə xidmətə görə" kavaler

2. "Əfqanıstanda İgidliyə görə" ordeni

3. 13 medal

 

1989-cu il bir noyabr tarixli qərarı ilə general-mayor rütbəsi ilə təltif olunan Məmmədov 14 iyul 2023-cü ildə, 81 yaşında,  vəfat etmişdir. Allah rəhmət eləsin Amin!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Neçə gün öncə Təbriz şəhərində Əxtər nəşriyyatı tərəfindən “Himcim” adlı hekayələr kitabı çap olundu. 

 

Kitabın yazarından daha öncə “Mənim adım Lalədir”, “Cücələr”, “Çadralı Leyla” uşaqlar üçün şeir kitabı kimi həmin naşirlə, bir də “Şayna” adında yeniyetmələr üçün düz yazı povesti yayımlanmışdır. 

Qeyd etmək lazımdır ki, Şəhram Gülkarın öz yazılarından əvvəl həm Azərbaycan, həm Türkiyə yazıçılarından, şairlərindən çoxlu kitablar, antologiyalar köçürüb çevirmişdir. 

“Himcim” kitabının üz qabığını Muğanın daha öncədən sürreal işlər üzərə neçə kitabı basılmış dəyərli dizayner Rəhim Kuhi işləmişdir. 

Kitab 48 hekayədən ibarət, 132 səhifədə çap olunubdur.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Zamanın içində itib-batan bir kölgə kimiyəm. Mən varam, amma eyni zamanda yoxam. Həyatımın səhifələrində o qədər silinmiş cümlələr var ki, bəzən nədən başladığımı belə xatırlamıram. Sonuncu dəfə dərsdən qaçıb, döyüldüyüm günlə bu gün arasında nə qədər zaman keçib? Bir neçə il? Yox, sanki sadəcə bir neçə gün. Sanki gözlərimi bir anlıq qırpmışam və birdən-birə yetkinliyin ağır yükü çiyinlərimə çöküb.

 

Uşaqlıq dediyimiz o çağın içindəki saf məsumluqdan indi nə qalıb? Qarla oynamaqdan donmuş barmaqlarım, palçıqda batan dizlərim, azad və çılğın qəhqəhələrim... Hamısı bir zamanlar mənim idi. Və indi bunların hamısını unutmağa məcburam. Çünki böyümək belə tələb edir. Çünki böyümək, əslində, ruhunu kiçiltməkdir. Böyümək – addım-addım ölümü tanımaq, həyatın soyuq nəfəsini daha dərindən hiss etməkdir.

Amma kim tələsdirirdi ki, məni? Kim əlimdən tutub çəkirdi o məsumluqdan, o saf uşaq dünyasından? Kim dedi ki, yaşamaq böyüməkdir, böyümək isə yaşamaq? Axı mən bilə-bilə böyük danışmışdım. "Mən böyüyəcəm!" deyəndə nə bilim ki, böyümək, sadəcə, daha çox yorulmaqdır. Daha az gülümsəməkdir. Daha az inanmaqdır. Daha çox sınmaqdır.

İndi isə çatmıram. Yetmirəm. Düşürəm. Həyatın üzümə çırpdığı soyuq qapılardan bir-bir keçməyə çalışıram, amma hər addımda bir az daha yıxılıram. Mən çox böyük danışmışam, amma heç vaxt düşünməmişəm ki, böyümək bu qədər çətin olacaq. O vaxtlar uşaq idim, heç nə bilmirdim. İndi isə hər şeyi bilirəm, amma bilməmək istəyirəm. Həyatın mənə verdiyi bütün o çirkli həqiqətləri qusmaq istəyirəm. Çünki bilmək yüklənməkdir. Çünki bilmək, bəzən, yaşamaqdan da ağırdır.

Fikirlər beynimdə bir girdab kimi fırlanır. Hara gəlib hara gedirəm, bilmirəm. İllər keçdikcə insanın fikirləri özünə yad olur. Bir vaxtlar inandığım şeylər indi mənə axmaqca gəlir. Bəzən öz-özümə deyirəm: "Mən bu idimmi?" Gülməli və acı bir sualdır. Çünki cavabını verə bilmirəm. Cavab axtarmaq da, əslində, boşunadır. Yağışın alnıma düşən damcıları fikirlərimi dondurur, sonra süzülüb bədənimə axır, mənə yenidən varlığımı xatırladır. Mən buradayam. Amma bəzən elə gəlir ki, yoxam.

Çarə varmı? Təbii ki, yox. Çarə, bəlkə də, bu sualları verməməkdir. Amma insan sualsız yaşaya bilmir. Mənim edəcək çox işim var. Amma elə bil ki, mən yoxam. Ya da mən varam, amma mən deyiləm. Hərdən düşünürəm ki, bəlkə də, mən bir xəyalam. Bir vaxtlar var olub indi itib-batan bir kölgə.

Mən kimisə üzmək istəmirəm. Heç vaxt istəməmişəm. Amma bəzən elə hiss edirəm ki, mən özüm bir kədərəm. İnsanlar məni oxuyanda, dinləyəndə içlərində bir qırıq qüssə doğulur. Mən kiməm? Niyə buradayam? Və hara gedirəm? Bu sualların cavablarını axtara-axtara yaşamaq yorucudur.

Allahım, sən onsuz da, hər şeyi bilirsən. Bəlkə də, cavabların səndədir. Bəlkə də, mən sənin varlığının içində bir toz zərrəsiyəm. Amma sən bilirsən ki, mən tək deyiləm. Mən sənin bir parçanam. Və məni unutma. Mən unutduğum hər şeyi yenidən xatırlamaq istəyirəm. Mən yaşamaq istəyirəm, amma elə bir həyat ki, içində sualların cavabı olsun. Mən bilmək istəyirəm, amma elə bir bilik ki, içində sakitlik olsun. Mən var olmaq istəyirəm, amma elə bir varlıq ki, içində yoxluq qorxusu olmasın.

Bəlkə də, bunların heç biri olmayacaq. Amma yenə də, mən sənin qapının astanasında durmuşam, gözləyirəm. Çünki içimdə hələ də bir ümid var. Çünki mən, hər şeyə baxmayaraq, bir gün cavabların tapılacağına inanmaq istəyirəm.

Bəlkə bir gün tapacağam. Bəlkə bir gün anlayacağam. Amma indiyə qədər yalnız bildiyim bir şey var – mən böyümək istəmişdim. Heç bilməmişdim ki, böyümək bu qədər çətin, bu qədər soyuq, bu qədər ağır olacaq.

Amma bəlkə də, elə böyümək dedikləri budur – soyuqla isinişmək, ağırlığa alışmaq, qaranlığa baxıb işıq olduğunu xatırlamaq. Bəlkə də, insan bir ömür boyu düşdüyünü zənn edərkən əslində yuxarı qalxır. Bəlkə də, biz həyatı baş-ayaq görürük.

Yağış alnıma düşür, süzülür, torpağa qarışır. Bəlkə də, mən də eləyəm – fikirlərim süzülüb gedir, xatirələrim torpağa qarışır. Amma sonra? Bəlkə də, torpağa düşən hər damcı sabah bir çiçəyə can verir. Bəlkə də, itirdiklərimiz bir gün başqa bir yerdə, başqa bir zamanda bizə geri qayıdır.

Bəlkə də, həyat heç vaxt tam başa düşülmək üçün deyil. Bəlkə biz sadəcə onu hiss etməliyik, bir musiqi kimi, bir külək kimi, bir yağış damcısı kimi. Bəlkə də, böyümək – cavab tapmaq yox, sualların içində rahat olmaqdır..

 

Mən hələ də buradayam. Və bəlkə, bu da yetər.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.