Sevin, sevilin, sevgi ilə qalın Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevgi ruhun qidasıdır. Görmürük, toxuna bilmirik, onu hiss edə bilirik. Sevgi ülvi hissdir. O, yalnız iki insan arasında olan münasibətə deyilmir, ana - ataya olan bağlılıq, bacı - qardaş, dost - tanış arasında olan hisslər, eləcə Vətənə, cəmiyyətə olan məhəbbət də sevgidir. 

 

İnsanları bir-birinə yaxınlaşdıran sevgi mehribanlıq yaradır. O, olan yerdə mərhəmət, qayğı, hörmət, anlayış olur. İnsana səbrli olmağı öyrədir, fədakarlığın əsasında durur. 

Onun olmadığı yerdə nifrət, əsəb, narahatlıq, qısqanclıq var olur. Sevgi mühüm bir anlayışdır, bütün gözəl şeylərin sütununu təşkil edir. Ailədə sevgi görməyən biri kənarda sevgi axtarır, buna görə də insana qayğı ilk öncə ailədə başlamalıdır. Ata və ana övladına sevgi verdikcə bu uşaqda özünə inam yaradır, gələcəyi gözəl olur. 

 

Uşaq olarkən yıxıldıqda analarımızın bizi sakitləşdirən baxışlarında idi sevgi. Ana sevgisi dərin və qoruyucu bir hissdir. Deyilir ki insanı danışmaq üçün yox, anlamaq üçün dinləyin. Sənin onu başa düşməyində sevgidir. Sevgi həm də biri üçün xəbəri olmadan dua etməkdir. 

 

Dostlar arasında olan sevgi isə çətin günlərdə arxa - dayaq olur. Sonradan tanıdığım 3 dost var idi. Hər il saat 12 olanda bir - birlərinin evinə gedər, doğum günlərini birlikdə qeyd edərdilər.  Biri Şəhid oldu, bu isə onlar üçün geriyə baxdıqda ən gözəl xatirələrdən birinə çevrildi. Şəhidimiz Vətənə borcunu yerinə yetirmək üçün əsgərlikdə olduğu zaman dostunun ad günü idi. Şəhidimizin ona olan sevgisinə görə əsgərlikdən 3 günlük məzuniyyət götürür və Bakıya gəlir, dostunun ad gününü 3 dost birlikdə qeyd edirlər. Onları bir-birlərinə yaxınlaşdıran mənəvi dəyər idi sevgi.

Əsl sevgi qarşılıqsız olur. Allah'a, Vətənə sevgi kimi. Necə ki igidlər uğrunda canını fəda edəndə hər daim bir cümlə səslənir - "Vətən sağ olsun".

 

Birinə sevgi paylaşdıqca o çoxalır. Qüvvətli bir hissdir. İnsanların həyatına rəng qatır, onları xoşbəxt edir, o, bir həyat fəlsəfəsidir.

 

*Bəzən sevgi şeirlərdə öz əksini tapır*

 

Gecələri ulduz sayaraq yarın gəlməyini gözləyən, Behcətabad xatirəsini yazan bir Şəhriyar var idi. O ki sevgiyə sübut idi. 

 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

 

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

 

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

 

*Sevgi həm də dərin bir bağlılıq idi*

 

Repressiya qurbanı olan yoldaşı Əhmədə olan dərin bağlılığına görə hər cür çətinliyə dözən, Qazaxıstanın Akmola düşərgəsinə sürgün edilmiş Şükriyənin münasibətində idi sevgi. Əhmədin də eyni ilə Şükriyyəsinə olan sevgisi və bu sevgi hissləri ilə yazdığı “Şükriyyə taleyim” şeiri 

 

Bir gülsən, dərmişəm gənclik bağından,

Bir gülü, çiçəyi dərmərəm sənsiz.

Kam aldın ömrümün oğlan çağından,

Bir bağa, bağçaya girmərəm sənsiz.

 

Sonatək göllərdə üzsən də mənsiz,

Quş olub göylərdə süzsən də mənsiz,

Sən Əsli qalsan da, dözsən də mənsiz,

Alışıb yanaram mən Kərəm sənsiz!

 

Şükriyyə taleyim, şükür Xudaya

Gördüyüm doğrumu, yoxsa pək röya?!

Dolub ürəyimə bu dadlı xülya,

Şirin günlərimi sürmərəm sənsiz!

 

Əvət, bu sevdanın səfası çoxdur,

Sevdasız həyatın mənası yoxdur!

Gözlərin yıldızdır, kipriyin oxdur,

Ürək qubar olar - can verəm sənsiz...

 

*Şəhriyar və Pəri kimi, Əhməd və Şükriyyə kimi indi isə bəhs edim Dilbər və Mikayılın möhtəşəm tanışlıq və sevgi həyatından*

 

Dilbərin doğmaca əmisi İdris Axundzadə, bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə onun həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu olur. Həmin gün Müşfiq onun arxasında oturur və   nların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub". 

Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində. 

 

*Dilbər və Mikayılın başının üzərini alan qara buludlar*

 

Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox” deyirdi.

 

*Qızları Leyla Axundzadənin dilindən*

 

Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim.

 

*Möcüzə*

 

Müşfiqi aparanda masanın üzərində “Dilbərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab - əziyyətlər görmüş Dilbər Axundzadə Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab əziyyətlər çəkmişdi. Leyla xanımın dilindən :Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilirdi... 

 

Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

                                       Dilbər Axundzadə

 

Sevginin ən yüksək mərtəbəsi isə eşqdir. Eşq isə yalnız Allah'a məxsusdu. Rəbb'ə olan eşq sevginin ən üstün mərtəbəsidir. Ondan başqa hər şey bir gün var oluşunu itirir:

 

"Ya Baki Entel Baki - Əbədi olan yalnızca Allah'dır (cc) və Allah'ın (cc) xaricindəki hər şey bir gün sona çatacaqdır". Allah'a həmd olsun, Rəsulu Məhəmməd Mustafa'ya salavat və salam olsun.

 

Sevin, sevilin, sevgi ilə qalın, Vətənimin gözəl insanları.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.