“Səsin niyyəti” - HEKAYƏ Featured

“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yeni yazdığı “Səsin niyyəti” hekayəsini təqdim edir.

 

- Gərək əlimi başıma yığıb sənə bir telefon alım, Papa canı düz deyirəm... 

Bir əli ilə yuxarıdan sallanan tutacaqdan tutmuş, digər əlində qaloş boyda telefonla hündürdən elə danışırdı ki, sanki təkdir, heç kim yanında yoxdur. Telefon tutmuş arıq, nisbətən qırışmış əlinin qəribə qarışıq rəngi vardı. Dırnaqlarına nəsə xallı uzun bir şey keçirmişdi, kəklik yumurtası qabığına oxşasa da, qartal caynağı formasında idi...

 

Boz simasına yabanı olan qabardılmış dodaqlarının arasından çıxan çox gənc, məlahətli, zərif səslə davam edirdi:

- Çox darıxmışam sənin üçün. Gələn həftə mütləq görüşək. Sənin telinə dünya dəyməz... Yox, bu həftə mümkün deyil, gələn həftəyə söz verirəm...

Avtobus basabas idi. Bir ahıl nənə mindi, kart vurub, özünü birtəhər salona saldısa da, əlindəki diyircəkli yol çantasını xeyli əziyyətlə çəkib yanına gətirdi. Əlində yekə bir telefonda “İqra” oynayan 5-6 –cı sinif çagirdinə baxmağa başladı. Uşaq iki nəfərlik yerdə yayxanıb oturmuş, yanına da çantasını qoymuşdu. Başı elə qarışmışdı ki, elə bil avtobusda deyil, yolda bahalı xarici maşın sürür. “Peşəkarlıqla” oyunun içinə girmişdi.

 Nənə o uşağın qoluna barmağıyla toxunaraq, mülayim, nəsihətvari səslə:

- Bala çantanı götür, bura ikinəfərlik oturacaqdır. – dedi.

  Uşaq çox diqqətlə yolda “maşınını” sürürdü, nənəni təbii ki, eşitmirdi, “qəza” edə bilərdi. Nənə ikinci dəfə ona eyni qaydada müraciət edib, uşağın yanında, ayaq üstə, kürəyində çantası olan və ondan bir-iki yaş kiçik olan digər oğlanı göstərdi:

- Qoy bu uşaq da yanında otursun.

- Yox oturmaq istəmirəm... – Bu uşaq da əlindəki telefondan başını qaldırmadan dedi. 

O da “qəza” edəciyindən qorxurdu. Amma tez-tez “qəza” edirdi. Görünür diqqəti başqa yerdə, aləmdə idi.

Nənə üçüncü dəfə uşaqlara nəsə deyəndə, telefonla danışan zərifsəsli qadın ona tərs-təsr baxıb:

- Oturmaq istəmir, əl çəkin də.- dedi.

 Onun səsinin tonu, rəngi, musiqisi, elə dəyişdi ki, elə bil zərif bir qız, adamyeyən quleybanıya çevrildi...

İnsan boyunu, rəngini, sifət qurluşunu, lap dirsəyinin formasını, demək olar ki, heç nəyini səsi qədər tez, geniş diapozonda, mələkdən şeytana qədər dəyişə bilməzmiş...

Nənə daha heç nə demədi. Sakitcə pərt olmuş baxışlarını avtobusun pəncərəsindən çölə atdı, xəyalən isə, salonu tərk edib bəlkə də bu aləmdən qaçıb uzaqlaşırdı, keçmişə, gəncliyinə, o dövrlərə çıxıb getdi... Ona avtobusa minməkdə mane olan andıra qalmış təkərli çantasını, qalın “Balonkasını” da adamların arasına atdı...

- Düzünü de görüm, ac deyilsən, canım? 

Qadının səsi yenə qayalıqlarda uçuşan zərif səsli quşların səsinə bənzədi. Danışıq tərzi, gülüşlərini isə zornan çiçəklərə qonan kəpənəklər kimi xəfif etməyə çalışsa da, bacarmadı, bal, nektar yığan eşşək arılarının dızıltısna bənzədi. 

- Sağ ol, canım, gələn həftə mütləq görüşəcəyik, mən çox darıxmışam... Sağ ol, öpdüm.

Ayaq üstə dayanan oğlan tez-tez “qəza” etdiyi “maşından” düşüb, başını telefondan yuxarı qaldıraraq şübhəli səs tonuyla soruşdu:

- Ana, atamla danışırdın? Nə deyirdi, işdən gəlib? 

Qadından indi çıxan səsin rəngi, musiqisi, qoxusu qədər insanı həyatdan iyrəndirən ikinci bir şey ola bilməzdi.

- Heç... Deyirdi evdəyəm, sizi gözləyirəm...

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.