Bakı-Quzanlı-Ağdam Muğam Mərkəzi marşrutundan telefonumda qalan qeydlər Featured

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Səadət Məmmədovanın Ağdam Muğam Mərkəzinin açılışı mərasimi barədə Bakı-Ağdam yol qeydlərini bölüşür.

 

Ağdamda, Mərzilidə çəkilişdə idim. Elə çəkilişin ortasında Ağdam İcra Hakimiyyətindən zəng gəldi. Dedilər ki, rəsmi tədbir olacaq, sizi də dəvət edirik, şəxsiyyət vəsiqənizi göndərə bilərsinizmi? Dərhal göndərdim. Təəccübləndim və mat qaldım…Çünki neçə ilin tanınmış jurnalistiyəm, məhz Ağdamla bağlı layihəm var, daim Qarabağ mövsuzunda işləyirəm, amma Ağdam İcra hakimiyyəti birinci dəfə idi ki, məni itirib axtarırdı…Tədbirin adını demədilər, intizarda qaldım….

Çəkilişim bitəndən sonra tədbir haqda məlumat topladım. Həyacanlandım, həvəsləndim və səbirsizləndim…

 

Həmin vaxt gəlib çatdı. “Mayın 9-da saat 11.30-da Bakıda Funikulyorun yanında olun” elanı verildi. 

Mən, bacım Vüsalə, Ağdamın keçmiş mədəniyyət şöbəsinin müdiri və eks millət vəkili Çimnaz Əliyeva toplanma və dərdləşmə məntəqəsinə gələndə ancaq Molla Arif burada idi. Papağını dəyişmişdi deyə əvvəl tanımadım, sonra gülüşündən anladım. Uzun zamandır bir-birini görməyən insanlar gəldikcə qucaqlaşmağa, dərdləşməyə başladılar. Elə ona görə bu yerə dərdləşmə məntəqəsi deyirəm…

 

Avtobusa qalxıb yerimizi rahatladıq. Bir qədərdən sonra əlində siyahı olan məsul təşkilatçılar gəlib davamiyyəti yoxladılar və bacımla mənim digər avtobusa keçməyimi xahiş etdilər. Qonaqlar avtobuslar üzrə də dəqiq bölünmüşdü…

Dəyişdiyimiz avtobusda yerimizi tutduq, bizdən sonra jurnalist Firuzə Nadir gəlib yanımızdakı sırada əyləşdi. Aparıcı Səyyarə Səyyaf da gəldi. Salamlaşıb Firuzənin arxasındakı sırada oturdu. Dörd xanım jurnalist avtobusun mərkəz nöqtəsində təzəcə yerləşmişdik ki, yazıçı Mustafa Çəmənli gəldi. Dördümüzü də bir yerə görüb qaşını alnına doğru qaldırdı və həyəcanla dedi:

-Boooyyy, Allah sən saxla…

Gülükdük və birdən duruxduq:

-Niyə Mustafa müəllim, nə oldu?

Mustafa müəllim  dedi:

-Heszat, elə sevindim…Hamınızı bir yerdə gördüm, Allah haqqı ayrı cür sevindim ey….

Sonra bir-bir hərə öz yerinə keçdi. Öndə deputat və rektorlar, vəzifəlilər oturmuşdu…Yol boyu maraqlı söhbətlər gedirdi. 

Bizim arxamızdakı oturacaqda əyləşən professor Cahangir Məmmədli yanındakı ilə yol boyu yorulmadan elmi söhbətlər etdi, universitetdən, tələbələrdən, müdafiələrdən danışdı. Maşallah olsun onun zehninə və enerjisinə…Gözəl gətirməyim, amma heyran qaldım…

 

Vüsalə vaxt tapmışkən sağlam qidalanma mövzusunda ChatGBT ilə söhbət edirdi və məni arıqlatmaq üçün ondan məsləhətlər alırdı. Mənim də başım sağ tərəfdən dəhliz qonşumla yeyib-içməyi sevən ərəblər haqda söhbətə qarışmışdı…Sağ cinahda həmsöhbətim rəhmətlik Xuraman Abbasovanın qızı Aida xanım idi. O ərəbşünasdır, ciddi alimdir, çox savadlı və kübar bir xanımdır. Söhbətimiz yaman yaxşı tutmuşdu…Ərəblərin dilindən, milli xüsusiyyətlərindən tutmuş İspaniyadakı ərəb izlərinə qədər hər şeydən danışdıq…Axırda da onun Amerikadan aldığı nəfis kolyesinin tərifi ilə söhbəti yekunlaşdırdıq.

 

Arxa tərəfdən Abdal Qəhrəmanın səsi gəlirdi. Fasiləsiz nitq söyləyirdi, həm də uca səslə…Bu müddətdə dövlət başçısına yazdığı şeri əzbərləsəydi, vallah daha yaxşı olardı…Prezidentin qarşısında şeiri kağızdan oxumazdı…Ağdam cammatı demişkən, məndən inciməsin eeey, çox istədiyimdən deyirəm…

 

Rey Kərimoğlu bir yerdə qərar tuta bilmirdi, avtobusu aşağı-yuxarı gəzərək hamı ilə söhbətləşir, xəbərləşir, gündəmi müzakirə edirdi…Bizimlə də oğlu Qayanın Şıxbabalı sərgüzəştlərindən danışdı. Deyir ki, dağılmış evimizin salamat divarına boya ilə öz adını yazıb…

 

Boran müəllim də gəzib söhbətləşməyi sevir. Hamı ilə danışdı, sıra mənə çatanda tarixdən danışdı:

-Ay Səadət xanım, Baxşeyiş bayaq deyirdi ki, sən Ağdamda türk əsgərlərin məzarları haqda araşdırma aparmısan. Nəsə əldə edə bildin?

Dedim ki, yox, Boran müəllim, araşdırmam bir yerə varmadı. Bu haqda mənə yaşlı insanlar öz ata-babalarından eşitdiyini danışmışdı, Muradbəyli, Şelli, Güllücə qəbiristanlıqlarında bu qədirlər olub. Onların Ağdama 1918-ci ildə gəldiyi və ölənlərin də bir neçə kənddə dəfn olunmasını deyirlər, amma mən Ağdamda 1918-ci ildən qalmış türk əsgərlərinin məzarları haqda heç bir mənbədə informasiyaya rast gələ bilmədim. Siz tapsanız, mənə də deyin… 

 

Çay fasiləsinə dayandıq…

Yanımdan keçənlərin çoxu “sən də məni çəhmədin dana” deyib incikliyini izhar edirdi… BSU rektoru Anar Nağıyev şirin təbəssümlə mənə baxıb Şəfəq Mehralıyevaya nəsə demək istəyəndə dərhal özümü yetirdim:

-Anar müəlim, sizin Novruzlu kəndi hələ minalıdır, təmizlənəndə sizi də çəkəcəyəm…

Anar müəllim “Səadət xanım adı çəkiləndə söhbətin nədən gedəcəyini artıq bilir” deyib ürəkdən güldü, biz də ona qoşulduq…Özü kimi pozitiv insan çətin tapılar…Çox hörmətim var ona - həm Novruzlu balası kimi, həm ziyalı kimi, həm rektor kimi, həm də “Qarabağ” azarkeşi kimi…

 

Başımı saga çöndərən Habil Qurbanov da mənə eyni eyhamı vurdu:

-Hamını çəkdin, mən qaldım, evimizi də sökdülər, yeri parka düşür…

 

Hərçənd Habil müəllimi “Hasarın o üzündəkilər”də çəkmişdim, amma ata yurdunda tarixə düşməyi arzulayırmış….

Sadir müəllim də məni yüngülcə qınadı: “O boyda işlər görmüşəm, heç məni danışdırmamısan”…

Bir sözlə hamı özünü “Ağdam və mən”də görmək istəyir… Qınamıram. Haqlıdırlar. Amma onlar çoxdur, mən tək…Çatdırmıram…

Bax beləcə deyə-gülə, şad-xürrəm gəlib çatdıq Quzanlıya. Hamımızdan koronavisa qarşı test götürüldü. Sonra yollandıq axşam yeməyinə…Dedilər, İcra hakimiyyəti yaxşı hazırlıq görüb….

Fikirləşdim ki, mən bu layihəni işlədiyim 4 il ərzində Quzanlıda nə qalmağa otel, nə də ürəyimcə restoran tapmışam…Görəsən bizi hara aparacaqlar?!…

Xınıdırıstanda çox kreativ adı olan bir şadlıq evi varmış: GOLD MƏTİN. Bizim üçün qonaqlıq burada verilirdi… Rəsmi adı axşam yeməyi olsa da, yerli ləhcədə buna qonaqlıq deyirlər… 

İçəri girməzdən öncə təklif gəldi ki, icra başçısı ilə bir kollektiv xatirə şəkli çəkdirək. Ümumiyyətlə, bəndəniz nəinki ilk dəfə idi Ağdamın icra başçısı Vaqif müəllimlə şəkil çəkdirirdi, ümumiyyətlə birinci dəfə onunla üzbəüz görüşürdü…

Qonaqları sadə və xoşsifətlə qarşılayırdı…

İcra hakimiyyəti insafən “Qold Mətin”də çox ləyaxlı yeyib-içmək təşkil etmişdi. Bu illər ərzində ilk dəfə Ağdam İcra hakimiyətinin sırfasının qırağında oturmuşdum. Bir dəfə qonaq evində mənə qalmağa yer verməmişdilər. Acığım tutmuşdu, asıb-kəsən status yazmışdım…Sonra barışdıq. Zatən azad edilmiş ərazilərdə otel çoxaldı, daha Quzanlıya və icra hakimiyyətinə möhtac qalmadıq…

 

Sizə danışım “Qold Mətin”dəki qonaqlıqdan. Bahooooo… Orqanik bir kənd süfrəsi-dadlı pendir, tər və gözəl qoxulu göyərtilər, təzə salat, çolpa soyutması, təndir çörəyi, yaxşı lülə, qəşəng tikə, canım sizə desin, evdə bişib gətirilmiş boyanalı aş kənd çolpası ilə….Bəh-bəh… Ağdamda evdə sizə yaxşı süfrəni necə açardılarsa, bax o qabiliyyətdə süfrə idi… Hamısı dadlı-ləzzətli, qulluq da ki, necə lazımdır… Restoran əhli əldən-ayaqdan getmişdi… Başçı özü yuxarı başqa oturmuşdumu ya nə idi, ta bilmirəm… Amma hamının arzu və istəyinin üzərində tək-tək əsirdilər… Mən yuxa istədim. Ofsiant dedi yoxdur… Dedim, yaxşı, nooolar, canın sağ olsun… 5 dəqiqə sonra başqa ofsiant mənə ayrıca boşqabda yuxa gətirdi və üzr istədi ki, o uşaq bilməyib, bağışlayın. 

 

Qoy bunu da deyim. İndi təzə dəb düşüb, rayonda restoranlarda yuxanı dörd yerə bölüb süfrəyə gətirirlər… Ay restoran kollektivi, yuxanı bölməyin, bəlkə biri (elə mən özüm) dürmək düzəldib yemək istəyir, kəsilmiş yuxa ilə necə düzəltsin… 

 

Süfrəyə verdikləri boyanalı aş bir az soyuq idi. Dedilər evdə dəmlənib, bura gələnədək bir az soyuyub. Aş gələndə hamı eyni anda soruşdu ki, qatıq yoxdurmu??!! Masamıza baxan oğlan dedi ki, 30 yaşım var, ilk dəfədir eşidirəm ki, boyanalı aş qatıqla yeyilir. Hamı bir ağızdan Mustafa müəllimin sözünü dedi: “Boooy, Allah sən saxla”… Yaşlılar dərhal gəncin Qarabağdan olub-olmaması ilə maraqlandılar, qarabağlı imiş… Niyə onların evində boyanalı aş qatıqla yeyilmir, anlamadıq… Kütləvi məzəmmətin yekunu belə oldu ki, qaqa, sən nəsə düzgün boyana plov yeməmisən. Rey abi nə desə yaxşıdır: 

-Yox ey, qaqa… Mən məkir ağdamlıyam ey, qatıq olmasa, bu aşı yemərəm… 

Qaqa da ərinmədi, gənc ofsiantı göndərib, qatıq aldırdı, süfrəyə gətirdi. Nəhayət Rey abi boyanalı aşı üsulunca yedi…

 

Çay istədik…

Qatıq almağa gedən, bayaqdan bizim üçün canfəşanlıq edən gənc adam çayı süzəndə masadan kimsə “bu çay milsəner görüf???” sualını verdi…Milsəner dövrünü görməyən gənc anlamadı, izah etdilər ki, çay çox rəngsizdir. Getdi təzəsini dəmləməyə…

 

Maraqlı söhbətlər edirdik…Baxşeyiş müəllim masamızda Qarabağ ləhcəsinə xarakterik sözlərin yarışını keçirirdi…

Söhbətin və yemək-içməyin şirin yerində təzə çay gəldi. Həmin oğlan çayı birinci mənə süzdü… Nə desə yaxşıdır???!!! Əhvalımın möhtəşəm modunda ofsiant maaa “bibi” deməzmi…

-İndi çay yaxşıdır, bibi???

Çaya baxdım, ofsianta baxdım. Dedim bayaqkından babatdır, amma yaxşı döyül….

Fikir vermişəm, rayon uşaqları “xanım” xitabını bilmir ya da sevmirlər, onlara görə özündən böyük hər bir qadın “bibi”dir…

Yüz faiz bizim masaya baxanlar sonra yığılıb dedi-qodumuzu ediblər ki, bunlara da heszat bəyəndirmək olmur.

Amma bunların hamısı məkirlikdən deyildi, xoşbəxtlikdən idi-Ağdama gedirdik…

 

Bu yerdə kimdən deyim, Rəşad Məciddən…Mədəniyyət Nazirliyinin heyətində gedib Ağdam şəhərinə, düz bizim məhlədə, qəşəngcə “Aghdam city hotel”də yerləşib. Ofsiant mənə “bibi” deyəndə mısmırığımı töküb telefona baxarkən gördüm ki, başqan ilk dəfə Ağdamda gecələməsi haqda status yazıb…Məhləmizdə gecələməsinə həsəd apardım…Səhərəcən Bərdədə oteldə gözümə yuxu getmədi. Yazdım ki, sübhdən durub günəşə baxın, görün heç o cür günəş görmüsünüz??!!

Səhər rastlaşanda görəcəm ki, Rəşad müəllim yaman kövrəlib-uzun illərdən sonra ilk dəfə doğma şəhərdə gecələməyin duyğusallığı içindədir. Bircə kəlmə dedi ki, Günəşi Gördüm, şəklini də çəkdim…

Nə isə… 

 

Səhər 7-də Quzanlıda İcra hakimiyyətinin qarşısında toplanmalı idi. Dağılışdıq qalacağımız ünvanlara, yatan yatdı, yatmayanlar da mənim kimi saat 3-dən başladı bayram bəzəyinə… Geyindik, bəzəndik, süsləndik, Quzanlıda avtobuslara minib yola düşdük bizim məhləyə… Bizim məhlə ona görə deyirəm ki, Ağdam Muğam Mərkəzi də “Aghdam city hotel” kimi bizim məhlədə tikilib…

Gəldik çatdıq…Hava çox isti idi, binaya girməyə tələsdik…

 

Bacımla məni ilk özəl salamlayan Mədəniyyət naziri Adil Kərimli oldu. Əsalətinə dərin rəğbət bəslədiyimiz Adil müəllim bizimlə görüşüb təbrikləşəndən sonra soruşdu ki, necədir, xoşunuza gəlirmi? Dedik əlbəttə, Muğam Mərkəzi məhləmizin gözəlliyinə gözəllik qatır.

Bu arada görməyənlər üçün deyim ki, Ağdam Muğam Mərkəzində Heydər Əliyevin Mərkəzinin memarlıq üslubuna bir qədər bənzərlik var – fasadda və foyedə əsasən ağ rənglərdən istifadə, zalın işlədiyi rəng və material və s. 

Ağdam Müğam Mərkəzinin açılışına gəlmişdik…Bu, Ağdama doğma səslərin qayıtmasının təntənəsi idi…Bu, Qarabağın mühüm şəhərindən dünyaya Zəfər və Sülh, Mədəniyyət və Hüzur səslənişi idi…

 

Konsertə hamınız dəfələrlə baxmısınız. İfalardan, ssenaridən, təşkilatçılıqdan danışmayacam. Amma onu deyim ki, hamı kövrəlmişdi. Prezident İlham Əliyev özü 2 dəfə kövrəldi - uşaqlar “Qarabağ şikəstəsi” oxuyanda və binanın qarşısında yenidən “Qarabağ” mahnısı səslənəndə…

Dövlət başçısının hər kəsə göstərdiyi diqqət və şəfqəti diqqətlə izləyirdim. Şəhid valideyni ilə görüşdü, çempion Ceyhun Məmmədovu xüsusilə salamladı, balacalara yenidən nəvaziş göstərərək yaşlarını belə soruşdu. Qazilərlə məxsusi görüşdü və foto çəkdirdi. Abdal Qəhrəman “cənab prezident, ömrümün axırında…Allaha yalvarmışam ki, o kişi ilə görüşə bilim” deyib o qədər hay-küyün içində ucadan səslənməsinə də səs verdi və şairin oxuduğu şeiri axıradək səbrlə dinlədi....

 

Prezident o boyda qarışıq, səs-küylü ortamda necə də diqqət göstərə bilir hər məqama. Vallah bu kişi rəhmətlik atası kimi fenomenal diqqət və yaddaş sahibidir. Yaxından izləyə bilən insanlar deyir ki, Prezident İlham Əliyev avtomobilinə minərkən yenidən qayıdıb yanaşı dayanan icra başçısı Vaqif Həsənov və Aqil Abbasla şəkil çəkdirib. Aqil Abbasla qucaqlaşıb, öpüşüb-görüşüb və “Aqil müəllim mənim qardaşımdır” deyib. 

 

Cənab Prezident maşına minib gedəndən sonra da Muğam Mərkəzinin qarşısında eyforiya idi. Hava isti, sıxlıq, tünlükdə tərpənmək olmurdu, sevinmək səsləri bir-birinə qarışmışdı… Hamı “Ağdam Muğam Mərkəzi” yazısının qaşısında şəkil çəkdirməyə növbəyə düzülmüşdü, tanıyan-tanımayan hər kəs biri-biri ilə şəkil çəkdirirdi, təbrikləşirdi…Lap köhnə el bayramlarında olduğu kimi.

 

Mən o anda ətrafa, məhləmizə, İmarətə boylandım. Elə hiss etdim ki, bu günü görməyənlərin, nakam ağdamlıların hamısının ruhu yanımızdadır. Elə hiss etdim ki, sonuncu dəfə İmarətdə baxdığı “Xarı bülbül”dən sonra heç bir konsertə getməyən, ömrü bu günədək gəlib çatmayan ağdam sakinlərinin hamısı o zalda oturub balaca Əhədin şikəstə hayqırtısını dinləyir…

Zala girə bilməyənlər də qıraqdan boylanır, o vaxtlar İmarətdə yer tapmayıb hasarın üstündən, ağacın başından konsertə baxanlar kimi…

Bu günü görməyənlərin hamısının ruhu şad olsun….

Qovuşdurana şükür!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.