Tony Bennett - XX və XXI əsrin ən görkəmli caz və pop ifaçılarından biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tony Bennett (əsl adı Anthony Dominick Benedetto) XX və XXI əsrin ən görkəmli caz və ənənəvi pop müğənnilərindən biri hesab olunur. Bu 3 avqust günüdə dünya musiqisevərləri istiyə baxmayaraq mütləq onu yad edəcək, onunla bağlı yerlərə baş çəkəcəklər. Axı bu gün onun tam 100 illik yubileyidir.

 

O, 3 avqust 1926-cı ildə ABŞ-ın Nyu-York şəhərinin Kuins rayonunda anadan olub. Səkkiz onillikdən çox davam edən musiqi karyerası ərzində o, klassik Amerika mahnılarının ən böyük ifaçılarından biri kimi tanınıb.

İtalyan əsilli ailədə böyüyüb. Atası John Benedetto ərzaq mağazasında işləyib. Anası Anna Suraci tikişçi olub. Atasını 10 yaşında itirib və ailəsinin dolanışığı üçün erkən yaşlardan işləməyə başlayıb. Tony kiçik yaşlarından qəzet satıb, restoranlarda işləyib, müxtəlif xırda işlərlə ailəsinə kömək edib. 1944-cü ildə ABŞ ordusuna çağırılıb. 1945-ci ildə Almaniyada döyüşlərdə iştirak edib. O, sonralar müsahibələrində müharibə haqqında deyirdi:

"Müharibə insanın görə biləcəyi ən dəhşətli şeydir."

Müharibədən sonra sülh tərəfdarı olub, vokal təhsili alaraq peşəkar musiqi karyerasına başlayıb. American Theatre Wing-də təhsil alıb. Bel canto vokal texnikasını öyrənib. Kiçik klublarda oxumağa başlayıb. 1949-cu ildə məşhur komediya ustası Bob Hope onu kəşf edib. Səhnə adı olaraq Tony Bennett adını seçib. Bundan sonra Bennett Columbia Records ilə müqavilə bağlayıb

1951-ci ildə "Because of You" mahnısı ilə ilk böyük uğurunu qazanıb. ABŞ hit-paradında birinci olub. Ardınca "Rags to Riches" kimi hitlər gəlib. 1962-ci ildə səsləndirdiyi "I Left My Heart in San Francisco" mahnısı onun simvoluna çevrilib. Bu mahnı iki Grammy mükafatı qazanıb və Amerika musiqisinin klassikləri sırasına daxil olub. Cold, Cold Heart, Blue Velvet, Rags to Riches mahnıları onu ölkənin ən məşhur müğənnilərindən birinə çevirib.

Tony Bennett Frank Sinatra, Ella Fitzgerald və Nat King Cole kimi sənətkarlarla birlikdə Amerika caz və ənənəvi pop musiqisinin ən böyük simalarından biri sayılır. Güclü səsi, emosional ifası və klassik repertuarı sayəsində dünya musiqi tarixində silinməz iz qoyub. Frank Sinatra Tony Bennett haqqında deyib:

"Biznesdə ən yaxşı müğənni Tony Bennettdir."

Bu, Bennett üçün ən böyük komplimentlərdən biri hesab olunur. Tony Bennett təkcə müğənni deyil, həm də peşəkar rəssam olub. New York School of Industrial Art məktəbində oxuyub. Hətta bəzi tənqidçilər onu peşəkar rəssam kimi də yüksək qiymətləndirirdilər. O, əsərlərini Anthony Benedetto imzası ilə təqdim edib. Rəsmləri ABŞ-ın müxtəlif muzey və qalereyalarında nümayiş etdirilib.

1970ci illərdə Rok musiqisinin yüksəlişi səbəbindən satışları azalıb. Bu dövrdə: maddi problemlər yaşayıb, vergi borcları yaranıb, narkotik asılılığı ilə mübarizə aparıb. Sonralar bütün bunlardan xilas olub. 1980-ci illərdə oğlu Danny Bennett onun meneceri olub. Danny: imicini yeniləyib, gənclərə tanıdıb, MTV-də çıxışlarını təşkil edib. Bu qərar Tony Bennettin ikinci dəfə dünya şöhrəti qazanmasına səbəb olub.

2016-cı ildə ona Alzheimer xəstəliyi diaqnozu qoyulsa da, bir neçə il səhnədə çıxış etməyə davam edib. Son konsertlərini Lady Gaga ilə birlikdə verib və 2021-ci ildə səhnədən ayrılıb.

Lady Gaga onun haqqında demişdi:

"Tony mənim müəllimim idi."

 

Mükafatları

- 20 Grammy mükafatı

- Grammy Lifetime Achievement Award

- 2 Emmy mükafatı

- Kennedy Center Honors

- NEA Jazz Master

- Gershwin Prize

- ABŞ Milli İncəsənət Medalı

 

Satış rekordları

 

- 70-dən çox albom

- 50 milyondan çox satılan albom

- 80 ildən artıq davam edən karyera

- Həm gənc, həm də yaşlı nəsillər tərəfindən sevilən nadir sənətçilərdən biri

 

Maraqlı faktlar

1. Səhnəyə çıxmazdan əvvəl həmişə dərin nəfəs məşqləri edib.

2. Siqaret çəkməyi uzun illər əvvəl tərgitmişdi və səsini qorumağa xüsusi diqqət yetirib.

3. Pablo Picasso, Duke Ellington və Frank Sinatra kimi məşhur şəxslərlə tanış olub.

4. Musiqi ilə yanaşı rəssamlıq onun ən böyük həvəsi idi.

5. 90 yaşından sonra da yeni albomlar yazdıraraq Grammy mükafatı qazanan ən yaşlı ifaçılardan biri olub.

 

Tony Bennett həm caz, həm də ənənəvi pop musiqisinin tarixində özünəməxsus yeri olan sənətkardır. Səsinin zərifliyi, klassik mahnıları yaşatması və gənc nəsillərlə əməkdaşlıq etməsi onu musiqi dünyasının ən nüfuzlu və uzunömürlü ifaçılarından birinə çevirib.

 Həyat yoldaşı Susan Bennett ilə birlikdə Exploring the Arts adlı fond yaradıb. Fond dövlət məktəblərində incəsənət təhsilini dəstəkləyib, minlərlə şagirdə yardım göstərib. Tony Bennett 21 iyul 2023-cü ildə, 97 yaşına bir neçə həftə qalmış vəfat edib. Ölümündən sonra ABŞ prezidenti, sənətçilər və dünya mediası onun musiqi irsinə yüksək qiymət verib.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.