Hər 3 ölkədə ehtiramla anılır Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O həm Azərbaycan, həm Türkiyə, həm Rusiya musiqisinə layiqli töhfələr verib. Ona görə də hər üç ölkədə adı ehtiramla çəkilir.

Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan dirijoru, xormeyster  Ləman Atakişiyeva barədə danışıram.

Doğum günündə.

 

Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbdə alıb, 1951-ci ildə buranı bitirib. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolovanın sinfini bitirib.

1955-ci ilin mayında A. Yurlov tərəfindən təşkil olunan II mahnı bayramının baş dirijoru təyin olunub. 1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlayıb və 1961-ci ildə baş müəllim vəzifəsinə keçib. Həmin il konservatoriyanın nəzdində yeni yaradılan opera studiyasında işləməyə başlayıb və 12 il ərzində studiyanın xoruna rəhbərlik edib.

Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib. 1976-cı ildə yaradılan Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilib.

 Kollektivlə birlikdə çox sayda qastrol səfərlərində olub, çox saylı konsertlərlə çıxış edib. Ləman Atakişiyeva 1981-ci ildə Atatürk adına İstanbul Opera və Balet Teatrına baş xormeyster vəzifəsinə dəvət olunub və üç sezon ərzində burada 10-dan artıq rus və qərb bəstəkarlarının əsərlərini hazırlayıb.

 O, türk bəstəkarı Adnan Sayqunun "Dastan" adlanan və Atatürkə həsr olunan irimiqyaslı vokal-simfonik əsəri üzərində işləyib. Bakıya qayıtdıqdan sonra pedaqoji fəaliyyətilə yanaşı bir il ərzində Azərbaycan Dövlət opera və balet teatrında baş xormeyster vəzifəsində işləyib. Sonralar yalnız pedaqoji fəaliyyətlə məşğul olub.

1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib. 2001-ci ildə Rusiyanın Xor Sənəti Akademiyasının dəvətilə Moskva şəhərinə köçüb və orada 2010-cu ilə qədər çalışaraq bir çox xormeyster hazırlayıb. 2015-ci ildə vəfat  edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.