İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Soljenitsınin bütün fəaliyyəti sovet rejiminə meydan oxumaq olub və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolub. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də dövləti cinayətkar kimi həbs edilib, sovet vətəndaşlığından çıxarılıb, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunub.
Yazıçı, dramaturq, tarixçi və filosof Aleksandr İsayeviç Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınan nümayəndəsidir. O, 11 dekabr 1918ci ildə Şimali Qafqazda, pravoslav yaşam tərzinə və patriarxal ənənələrə üstünlük verən rus ailəsində doğulub. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəxt təsadüf nəticəsində həlak olub. Anasının və nənəsinin himayəsində böyüyüb.
Rostov universitetinin riyaziyyat fakültəsində təhsil alıb, Moskva fəlsəfə, ədəbiyyat və tarix institutunu qiyabi bitirib. Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən A.Soljenitsın da səfərbərliyə alınıb. Öz arzusu ilə zabit hazırlayan qısa müddətli kursları bitirib. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçib, kapitan rütbəsinə qədər yüksəlib, iki ordenlə təltif edilib.
Lakin 1945-ci ilin fevralında ordunun xüsusi xidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsxanasına gətirilib. Səbəb hərbi senzuranın əlinə düşmüş şəxsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baxımından qəbuledilməz ifadələr işlədib
O, üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib, bir müddət Moskvada saxlandıqdan sonra "şaraşkaya" – məhbusların intellektual əməyindən sui-istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülüb. Riyaziyyatçı diplomu həyatını xilas edib. Cəzasının qalan hissəsini Qazaxıstanda, Ekibastuz duz mədənlərində çəkib.
Stalinin vəfatı günü azadlığa çıxan Soljenitsın həbsxanada dəhşətli xəstəliyə — mədə xərçənginə tutulub. Tezliklə öləcəyi gözlənilirdi. Lakin hamının təəccübünə baxmayaraq Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalıb. Müəllif həyatının bu dövrünü "Xərçəng gövdəsi" romanında təsvir edib. 1956-cı ilə qədər Soljenitsın Sibirdə yaşayıb.
XX qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət almış və Mərkəzi Rusiyaya, Ryazana köçüb. Hələ müharibədən əvvəl Rusiya tarixi ilə bağlı böyük epik roman üçün material toplamağa başlasa da, Soljenitsının ilk mətbu əsəri məhbəs həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povesti olub.
Baş redaktor V.Tvardovskinin səyi nəticəsində əsər "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görüb. Onun çapına isə əlyazmasını şəxsən oxuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan N.S.Xruşşov icazə verib. 1962-ci ildə keçmiş məhbus A.Soljenitsın SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilib.
Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M.Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirib. Əsər hətta 1963-cü ildə ədəbiyyat və incəsənət sahəsində Lenin mükafatına təqdim olunub. Lakin təbii ki, Soljenitsın bu mükafatı ala bilməyib.
60-cı illərin əvvəllərində o, "Novıy mir"də daha bir neçə hekayə dərc etdirib. Xruşşovun məcburi istefasından sonra bir hekayəsinin çapı istisna olunmaqla Soljenitsını mətbuata yaxın buraxmayıblar. Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub mətbuatda yazıçının əleyhinə geniş böhtan kampaniyası başlanmasına səbəb olub.
1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejimin özbaşınalıqlarına qarşı çevrilən "Xərçəng gövdəsi", "Birinci dairədə" kimi romanlarının özündən xəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirib. 1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilməyib.
Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" Nobelə layiq bilib. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olub. Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi.
Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraxılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçib. Onun mükafatın Moskvadakı İsveç səfirliyində təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etməyib
Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bildi. Yazıçı mühüm əsərlərindən birini — "QULAQ arxipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırıb. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim xüsusi xidmət orqanlarının diqqət mərkəzində olub.
1973-cü ildə DTK onun köməkçilərindən birini — E.Voronyanskayanı dindirib və nəticədə "QULAQ arxipelaqı"nın nüsxələrindən birini ələ keçirməyə müvəffəq olub. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoyub. Həmin vaxta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin xaricdə çapına rəsmən razılıq verib.
1973-cü ilfevralın 12-də AFR-ə deportasiyaolunandan sonra ikinci arvadı N.Svetlovaya üç uşağı ilə birlikdə sonradan ərinə qoşulmağa izin verilib.
İki il Sürixdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Vermont ştatına köçüb və burada məskunlaşıb. 1973-cü il martın 3-də Sürixdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və velikorus şovinizmində ittiham olunmasına əsas verib. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı
Velikorus millətçiliyi qoxusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmayıb. Çox qısa müddətdə əsl simasını üzə çıxardığına və Qərb dəyərlərinə qarşı çevrilən bir sıra çıxış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandıranlar da tapılıb. Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsına münasibət də kökündən dəyişilib.
1990-cı ildə vətəndaşlığı bərpa olunub, "QULAQ arxipelaqı" romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb. 1992-ci ildə ABŞ-də rəsmi səfərdə olan Rusiya prezidenti B.Yeltsin Soljenitsınla görüşərək Rusiyanın tarixi keçmişi və gələcək inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparıb. Həmin görüşdə yazıçıya vətənə qayıtmaq təklifi olunub
Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2"-də mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırıb. 1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka uçub. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıdıb. Bundan sonra Rusiyada Soljenitsın kultu başlanıb.
1997-ci ildə o, Rusiya EA-nın həqiqi üzvü seçilib, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medal ilə mükafatlandırılıb. Yazıçının ölkənin ali mükafatı — Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmayıb.
2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olub. Yazıçı da öz növbəsində, adını daşıyan ədəbi mükafat təsis edib. XX yüzilliyin əvvəllərində Lev Tolstoyun Rusiyanın mədəni və mənəvi həyatında oynadığı rolu aradan yüz il keçəndən sonra Soljenitsının öz üzərinə götürdüyünü müşahidə etmək o qədər də çətin deyildi. Bunu isə Rusiya cəmiyyətində hamı eyni məmnunluqla qarşılamırdı.
Başqa bir dissident yazıçı – Vladimir Voynoviç "Moskva-2042" romanında ad çəkməsə də Rusiyanı yenidən qurmaq istəyən Soljenitsının satirik obrazını yaradıb. Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul olurdu.
Soljenitsın yaradıcılığının tədqiqatçılarından Milovan Cilasın (Yuqoslaviya) fikrincə, o, "rus mədəniyyəti və şüurunda yaranan boşluğu doldurmuş, Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çexov, Qorki kimi müəlliflərin əsərlərində Rusiyanın bütün dünyaya nümayiş etdirilən ruhunu özünə qaytarmışdır". Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)


