Həm rəssamlıq, həm musiqi məktəbində oxuyan Yalıncıq Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O özünə peşə kimi həm rəssamlığı, həm musiqini, həm aktyorluğu seçmişdi. Sonda hansı sahədə daha çox parladı? Sualın cavabı mətndə.

 

Azərbaycan Respublikasının Əməkdar Artisti Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib.

İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub, Şövkət Məmmədovanın tələbəsi olub. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edib.

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa edib. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxuyub. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır.

Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. Teatrda işləməklə yanaşı Ə. Haqverdiyev 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışıb.

O, geniş konsert proqramları ilə çıxış edərək Çaykovski, Musorçeki, Şuman və başqa bəstəkarların kamera-vokal musiqilərini uğurla ifa edib. Keçmiş SSRİ məkanında dəfələrlə onun yaradıcılıq gecələri keçirilib.

Kinoda Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud” filmindəki Yalıncıq obrazı olsa da, deyilənə görə özü həmin rola çəkilməyinə peşman olub.

Bunu aktyorun bacısı da xatirələrində təsdiqləyib: "O filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu “Yalıncıq” deyib çağırırdılar, bu da qardaşıma pis təsir edirdi”.

Əli Haqverdiyev iki dəfə evlənib. Birinci ailəsindən övladı olmadığı üçün 1990-cı ildə ikinci dəfə ailə qurur. Bu evliliyindən Fərhad adlı oğlu dünyaya gəlir. Rumıniyada rəssamlıq təhsili alan Fərhad da rəssam kimi fəaliyyət göstərir.

 

Filmoqrafiya

- Dədə Qorqud

- Şir evdən getdi

- Üzeyir ömrü

- Özgə ömür

 

Teatr rolları

1. Üzeyir Hacıbəyov — "Arşın mal alan" — Sultan bəy

2. Şarl Quno — "Faust" — Mefistofel

3. Cüzeppe Verdi — "Riqoletto" — Riqoletto

4. Cüzeppe Verdi — "Otello" — Yaqo

5. Cakomo Puççini — "Toska" — Skarpio

6. Aleksandr Borodin — "Knyaz İqor" — Qalitski

7. Jorj Bize — "Karmen" — Eskamilyo

8. Cüzeppe Verdi — "Trubadur" — Fernando

 

1992-ci il sentyabrın 14-də isə gözlənilmədən Əli Haqverdiyevin ömrü yarıda qırılır. 53 yaşında onu itirəcəyinə kim inanardı ki?

Bacısı Zemfira Qafarova müsahibələrinin birində bu haqda deyir:

“Biz onda Buzovnadakı bağımızda dincəlirdik. Əli də sentyabrda həftəsonu bağa gəlmişdi. Axşamdan yağış yağmışdı. Ayın 14-də Əli səhər tezdən dedi ki, gedib dənizdə çimmək istəyir. O, üzməyi gözəl bacarırdı. Gözlədik, gəlmədi. Oğlanlarım dənizə Əlini axtarmağa getdilər. Sən demə, o, heç dənizə çatmayıbmış. Qayaların yanında nəm qumun üstünə yüksək gərginlikli elektrik xətti qırılıb düşübmüş. Əli ayağını həmin yerə basan kimi tok vurmuş, yerindəcə qalmışdı. Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam şəkər xəstəliyi tapdı, 1994-cü ildə o da bu dünyadan getdi”.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.