"Açar" qısametrajlı bədii filmi ilə tarix yazdı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında söhbət açacağım şəxsin kino sahəsindəki uğurları çox diqqətşəkəndir. Hətta deyərdim ki inanılmazdır.

O, 2014-cü ildən kino yaradıcılığı ilə məşğuldur, 9 bədii, sənədli və animasiya filmində, "Mozalan" kinojurnalının 4 nömrəsində redaktor, ssenari müəllifi və rejissor kimi fəaliyyət göstərib.  Ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Açar" qısametrajlı bədii filmi "Oskar" və BAFTA-ya birbaşa vəsiqə qazandıran nüfuzlu beynəlxalq kino festivallarında, o cümlədən Niderland, Böyük Britaniya, Fransa, İtaliya, Bolqarıstan, İsveç, Rumıniya, Şimali Makedoniya, Türkiyə, Hindistan kimi ölkələrdə keçirilən 20-dən artıq festivalda iştirak edərək, müxtəlif mükafatlara layiq görülüb.

 

Hələ bu harasıdır?

“Oscar” və “Emmi” mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-nin qısametrajlı filmlərin distribusiyası üzrə ixtisaslaşmış nüfuzlu "7 Palms Entertainment" şirkəti tərəfindən 2023-cü ildə “Açar” filminin beynəlxalq yayım hüquqları alınıb. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribusiyası həyata keçirilərək “Bolt+” (İngiltərə), “rlaxx TV” (Almaniya), “VlDAA SA” (Niderland), “Weyyak TV” (BƏƏ) kimi məşhur onlayn televiziyalara filmin yayımı ilə əlaqədar lisenziyalar verilib.

Bəli, söhbət Elşad Ərşadoğludan gedir.

Elşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2004–2008-ci illərdə bakalavr, 2009–2011-ci illərdə magistr təhsili alıb. 2008–2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

 

1998-ci ildə bədii yaradıcılığa başlayıb, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət" və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edib.  Şeirləri italyan, rus, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada, Rusiyada, Özbəkistanda və Türkiyədə çap olunub

Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olub, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunub. 2008–2010-cu illərdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərib, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olub.

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014-cü ildən isə Birliyin İdarə Heyətinin üzvüdür. 2014–2019-cu illərdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri olub.

2012-ci ildən Mədəniyyət Nazirliyində çalışır.

Kino uöurları barədə isə artıq danışmışam.

 

Filmoqrafiya

- Qafqaza qayıdış — redaktor

- Gəlin, birgə öyrənək. Rənglər— mahnı mətninin müəllifi

- Xəlvətdə qalmış müdrik — redaktor

- Qara bağ — redaktor

- Gəlin, birgə öyrənək. Rəqəmlər — mahnı mətninin müəllifi

- Növbə -  ssenari müəllifi

- Taksi— ssenari müəllifi

- Gediş haqqı — ssenari müəllifi

 

Mükafatları

- Azərbaycan Respublikası Prezidentinin təqaüdü

- Gənclər və İdman Nazirliyinin "Gənclər Mükafatı" (ədəbiyyat sahəsindəki xidmətlərinə görə)

- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.